Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-697/2020 17.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-1652/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-1652/2019 saylı qətnaməsi ilə (hakim Ruslan Əlizadə) İddiaçı Cavabdeh qarşı kompensasiya vermə yolu ilə mənzilə köçürülmə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı «kompensasiya vermə yolu ilə mənzilə köçürülmə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2000 manat kompensasiya ödəməklə onun istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Yevlax şəhəri, Pişəvəri küçəsi bina 3B mənzil 1-də yerləşən fərdi yaşayış evinin tam müliyyətçisidir. Bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx xxxx 2010-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışı ilə həmin əmlak tam mülkiyyət hüququ üzrə onundur. O, hazırkı cavabdehlə əvvəllər birgə nikahda olmuşdur. Aralarında olan nikah qeydi pozulmuş, birgə yaşamırlar və münasibətləri çox pisdir. O yeni ailə qurduğundan birgə yaşamaları mümkün deyildir. Bu hal ciddi problemlər gətirəcəkdir. Cavabdeh var gücü ilə onun evinə daxil olmaq istəyir. Evin ümumi dəyəri maksimum 15000 manatdır. O, şəxsin evinə daxil olmadan ona kompensasiya ödəməklə mənzilə köçürülmə hüququna xitam verilməsini istəyir. Birinci instansiya məhkəməsinin iclаsındа Cavabdeh nümayəndəsi X1 məhkəmə iclasında iddianı qəbul etməyərək izah etdi ki, Cavabdeh ilə iddiaçı rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Birgə nikah dövründə sözügedən mənzili əldə etmişlər. Məhkəmə qətnaməsi ilə cavabdehin həmin mənzildə payı müəyyən edilmiş və həmin mənzilə köçürülməsi qət edilmişdir. Təklif olunan kompensasiya çox azdır. Ona görə də, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinə ərizə ünvanlayaraq göstərmişdir ki, iddianı qəbul etmir, iddiaçının təklif etdiyi məbləğ çox azdır. Evin dəyəri 30.000 manatdır. Evin yerləşdiyi ərazidə o, iki azyaşlı uşağı ilə birlikdə iddiaçının təklif etdiyi məbləğə yalnız bir neçə ay yaşaya bilər. Ona görə də iddianın rədd edilməsini və yaxud da 8000 manatın alınıb ona verilməsi barədə qərar qəbul edildikdən sonra o evdə yaşamaq hüququndan könüllü olaraq imtina edəcəyini bildirmişdir. Əks təqdirdə onun mübahisəli evdə yaşamaqdan başqa çarəsi yoxdur. Birinci instansiya məhkəməsində işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmışdır. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktı qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən İddiaçı apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırmışdır ki, cavabdehin məqsədi onun dincliyini pozmaqdır. Cavabdehlə onun münasibətləri tam pozulmuşdur. Hətta uşaqları da onun himayəsindədir. 3000 manat kompensasiya verilməklə cavabdehin evdən istifadə hüququna xitam verilməsi barədə qərar qəbul edilməlidir. Ona görə də, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-1652/2019 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları: İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqındaKonvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)- 1652/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlаvə edilmiş Asan-Bərdə tərəfindən xx xxxxxxx 2018-ci il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxxx 1979-cu il tarixdə Yevlax rayonu, Malbinəsi kəndində anadan olmaqla, Yevlax rayonu, Malbinəsi kəndində qeydiyyatdadır. İş materiallarına əlаvə edilmiş Yevlax şəhər 2 saylı Mənzil Təmir İstismar sahəsi tərəfindən xx xxx 2019-cu il tarixdə verilmiş 282 saylı arayışından məlum olur ki, Ağayev X2 şəhəri, Pişəvəri küçəsi bina 3B mənzil 1-də yaşayır. İş materiallarına əlаvə edilmiş Yevlax RPŞ-si tərəfindən xx xxxx 2013-cü il tarixdə verilmiş AZE seriyalı 13095209 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh xx xxxxx 1987-ci il tarixdə Yevlax şəhərində anadan olmaqla, Yevlax şəhəri, Pişəvəri küçəsi ev 3A, mənzil 7-də qeydiyyatdadır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə rəsmi nikah qeyd etdirməklə evlənərək ailə qurmuşlar. Ailə münasibətləri baş tutmadığından nikahları pozulmuşdur. Məhkəmə qərarları ilə cavabdehin iddiaçının mülkiyyətində olan Yevlax şəhəri, Pişəvəri küçəsi bina 3B mənzil 1-də yerləşən mənzildə istifadə hüququ tanınmış və onun iki uşağı ilə birlikdə həmin mənzilə köçürülməsi qət edilmişdir. İddiaçı cavabdehə 2000 manat kompensasiya verilməklə cavabdehin həmin mənzildən istidadə hüququna xitam verilməklə həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh 8000 manat kompensasiya verilməklə həmin evdən çıxarılmasına razı olduğunu bildirmiş, əks təqdirdə iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə görə, Konsitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxxxx 2007-ci il tarixli qərarda Konstitusiya Məhkəməsi Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin tətbiq edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Qərarın məzmunundan göründüyü kimi, kompensasiya institutu istifadə hüququna malik şəxsin mənzilin bölünməsi və ya onun dəyərindən payın hüquq verməsə də, onun yaşayış hüququnun təminatlı şəkildə qorunmasını təmin edir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumu hesab edir ki, yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilən şəxsə təklif edilən kompensasiya elə bir məbləğdə olmalıdır ki, istifadə hüququna malik olan şəxs bu məbləğin hesabına müəyyən müddət daxilində və davamlı surətdə əvvəlki mənzilə xas olan şəraitdə yaşamaq imkanı əldə etsin. Bu baxımdan “müəyyən müddət daxilində” ifadələrinə hüquqi müəyyənlik prinsipi nəzərə alınmaqla hüquqi aydınlıq gətirilməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, hazırkı iddia tələbi cavabdehə münasibətdə onu ehtiva edir ki, qanunvericliklə müəyyən edilmiş qaydada mənzildən istifadə hüququ əldə etmiş və kompensasiya verməklə onun hüququnun xitam verilməsinə dair iddia olmasaydı cavabdehin istifadə hüququ daimi xarakter daşıyacaqdır. Yəni mübahisəli mənzildən onun istifadə hüququ müvvəqəti deyil, daimi xarakter daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, “müəyyən müddət daxilində” anlayışı onu göstərir ki, istifadə hüququna xitam verilən cаvаbdeh Cavabdeh bu müddət bitən ana qədər özünü yaşayış sahəsi ilə təmin etməlidir və yaxud kompensasiya məbləği ilə əhatə edilən müddət bitdikdən sonra kirayədə qalmağa maddi imkanı olmalıdır. Əks təqdirdə məhkəmə tərəfindən qəbul edilən qətnamə ilə müəyyən edilən və kompensasiya ilə əhatə edilən müddət bitdikdən sonra şəxsin özünü yaşayış sahəsi ilə təmin edə bilməməsi, onun hər hansı bir yaşayış sahəsi olmadan mövcud olması ilə, yaxud, faktiki olaraq həmin şəxlərin yaşayış hüquqlarının məhkəmə qaydasına pozulması ilə nəticələnir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı, qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Cavabdehin mülkiyyətində və ya istifadəsində başqa yaşayış sahəsi və ya torpaq sahəsi yoxdur və o, birinci instansiya məhkəməsinə ünvanladığı ərizəsində iddiaçının təklif etdiyi 2000 manat məbləğə razı olmamışdır. Digər tərəfdən, Azərbaycan Respublikası Konustitusiyasının 43-cü maddəsinin tələbinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi mülkiyyətçiyə kompensasiya verməklə onun xüsusi mülkiyyətinə olan mənzildən istifadə hüquqlarına malik olan şəxslərin istifadə hüququna xitam vermə səlahiyyəti versə də, Konstitusiyanın 43-cü maddənin təfsiri digər məsələlərlə yanaşı həmçinin hazırkı işə münasibətə onu ehtiva edir ki, verilən kompensasiya ilə özünün başqa bir yaşayış səviyyəsi ilə təmin edə bilsin və yaxud kompensasiya ilə əhatə edilən müddət bitdikdən sonra onun özünü başqa bir yaşayış sahəsi ilə təmin etmək imkanı olsun. Belə ki, Konstitusiyanın 43-cü maddəsinin məzmuna görə dövlət nəinki hər bir şəxsin yaşadığı mənzildən qanunsuz məhrum edilməsini qadağan edir, hətta yaşayış binasının və evlərin tikintisinə rəvac verməklə onların mənzil hüququnu gerçəkləşdirir. Bu baxımdan cаvаbdeh Cavabdeh kompensasiya məbləği hesabına mübahisəli mənzildən olan daimi istifadə hüququnun başqa bir yaşayış sahəsində müddətli istifadə hüququ ilə əvəz edilməsi, bu məbləğ qutardıqdan sonra onların ümumiyətlə hər hansı bir yaşayış sahəsinə malik olmaması cavabdehin faktiki olaraq yaşadığı mənzildən qanunsuz məhrum edilməsi anlamına gəlir. Bu isə iddia tələbinin əsassızlığını təsdiq edir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normasının tələblərini hazırkı mübahisəli hüquq münasibətlərinə tətbiq edib, iddiaçının dəlillərini araşdırıb, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında şərh edilən məcburi göstərişləri nəzərə alıb, hesab edir ki, iddiaçı 2000 manat kompensasiya ilə cavabdehin mənzilə köçürülmə hüququna xitam verilməsini tələb etsə də, 2000 manat kompensasiya hazırkı bazar qiymətinə uyğun deyil. Cavabdehin köçrülməsinə xitam verilməsi təyin edilən kompensasiya hazırkı bazar qiymətinə uyğun olmalıdır. Həmçinin cavabdehə təklif edilən 2000 manat məbləği həmin cavabdehin davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitdə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün kifayət deyildir. Həm də nəzərə alınmalıdrı ki, iddiaçı 2000 manat kompensasiyanın yalnız bir nəfər üçün təklif edir. Cavabdehin himayəsində iki azyaşlı uşağın olmasını nəzərə almır. Odur ki, belə bir vəziyyətdə həmin məbləğin verilməsi ilə cavabdehin mübahisəli evə köçürülməsinə xitam verilməsi cavabdehin mənzil hüquqlarını pozmuş olacaqdır. Məhkəmə kollegiyası iddia tələbinə münasibət bildirərək qeyd edir ki, kompensasiyanın məbləği müəyyən edilərkən cavabdehin mənafeyi ilə yanaşı iddiaçının da mənafeyi, mənzildən istifadə hüququna xitam verildikdən sonrakı vəziyyəti, başqa yerdə yaşayış sahəsinə malik olmaması, kompensasiya aldıqdan sonra yaşayış sahəsi ilıə təmin olunmaq imkanı nəzərə alınmalıdır. Ona görə də qanunvericilik bazar qiyməti ilə müvafiq kompensasiyanın verilməsi tələbini qoymuşdur ki, müəyyən edilən kompensasiya istifadə hüququna mütənasib olsun, kompensasiya alanın hüquqi vəziyyətini ağırlaşdırmasın. İddiaçı tərəfindən təklif edilən 2000 manat kompensasiya hazırkı bazar iqtisadiyyatında olan tələb və təklifə uyğun deyildir. Ona görə də iddianın təmin edilərək cavabdehə həmin məbləğdə kompensasiya verilməklə yaşadığı mənzildən məhrum edilməsi ədalətsiz olardı. Belə ki, iddiaçı tərəfindən apelyasiya şikayətində təklif olunan 2000 manat kompensasiya mülkiyyətçinin hesabına istifadəçilərə, yəni cavabdehə davamlı surətdə və ya müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı verməsi üçün kifayət deyildir və təklif edilən məbləğ evdən istifadə hüquqlarına xitam verilməsinin əvəzində adekvat məbləğ sayıla bilməz. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayəti üzrə iki dəfə məhkəmə iclası təyin edilmiş, bu barədə tərəflər lazımi qaydada məlumatlandırılmasına baxmayarq heç bir üzrlü səbəb göstərmədən iştirak etməmişlər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, tərəflər bu mübahisənin onların mənafelərinə uyğun həll olunmasında maraqlı olmamışlar. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə kollegiyasının iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin xx xxxxxx 2006-cı il tarixli qərarı). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların 8 mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuş, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-1652/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-1652/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Mirbahəddin Hüseynov Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(107)-697/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-697/2020
17.03.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver