Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-698/2021 04.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli 2(051)-1896/2020 nömrəli qətnaməsindən cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ələkbər Hüseynov) xx xxxxxx 2020-cu il tarixli 2(051)-1896/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddiası təmin edilərək «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin 233/Ş saylı xx xxxxxxx 2020-ci il tarixli əmrinin ləğv edilməsi, İddiaçı «xxxx» MMC-nə nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər işinə bərpa edilməsi, İddiaçı xx xxxxxxx 2020-ci il tarixdən başlayaraq işə bərpa edildiyi günədək məcburi iş buraxdığı günlər üçün əmək haqqı hesablanıb ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra cavabdeh və ya “xxxx” MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək «xxxx» MMC-nin onun işdən azad edilməsi barədə xx.xx.2020-ci il tarixli əmrinin etibarsız sayılması, onun nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər kimi işə bərpa olunmağı və məcburi işburaxma dövrü üçün əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, o, 1997-ci ildən etibarən «xxxx» MMC-də nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər kimi işləyirdi. Beyin atrofiyası diaqnozu ilə xx xxxxxxxx 2020-ci il tarixdə stasionar müalicə olmaqla Mingəçevir şəhər xəstəxanasında müalicə almışdır. xx xxxxxxxx 2020-ci il tarixdə Ermənistan Respublikasının Azərbaycan Respublikasına hücumu ilə ölkədə yaranmış vəziyyətlə əlaqədar xx xxxxxxxx 2020-ci ildə onu xəstəxanadan çıxarmışlar ki, ev şəraitində müalicəsini davam etdirsin. O, evdə müalicə aldığı müddətdə onun xəbəri olmadan xəstəxana onun xəstəlik vərəqini xx xxxxxxx 2020ci ildə bağlamış və bu barədə ona məlumat verməmişlər. Ev şəraitində müalicəsi başa çatdıqdan sonra xx xxxxxxx 2020-ci ildə xəbərdar olmuşdur ki, xəstəlik vərəqəsi xx xxxxxxx 2020-ci ildən bağlanıb. O, xəstəlik vərəqələrini götürüb dərhal işə getmiş, həmin vaxt müdiriyyət ona 10 gün iş buraxmanın başqa cürə sənədləşdirilə bilməyəcəyini bildirib ona işdən çıxma və işəgirmə barədə ərizə yazmasını bildiriblər. Onlar onu əvvəlki tarixə işdən çıxarıb, sonra da işə bərpa etməli idilər. O, onlara inanıb işdən çıxarması barədə ərizə yazmışdır. Ancaq işə qayıtmadığını gördükdə işdənçıxma barədə ərizədə işdənçıxma tarixini göstərmədiyindən və bu səbəbdən 1 ay ərzində ərizəsini geri götürə biləcəyi hüququnun olduğundan, yerinə isə yeni işçi götürülmədiyindən xx xxxxxxx 2020-ci ildə işdənçıxma barədə ərizənin etibarsız sayılması barədə müdiriyyətə rəsmi teleqram vurmuşdur. Hazırkı müddətə qədər müdiriyyət işdənçıxma barədə əmrin surətini və əmək kitabçasını ona verməmişdir. Bu barədə verdiyi ərizələrə isə imtina verilmişdir. Müdiriyyət ona ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubunda məlumat vermişdir ki, onun təşəbbüsü ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən 69-cu maddənin tələblərinə riayət edilməklə onunla bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. O, işdənçıxma barədə ərizədə müddət göstərməmişdir. Müdriyyət isə onun yerinə işçi götürülməsi barədə ona xəbərdarlıq verməmiş, o isə işdən azad olunması barədə ərizənin etibarsız sayılması barədə ərizə vermişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı vəkili X1 Abbasovanın izahatına uyğun izahat verərək iddianın təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 07 dekabr 2020-cu il tarixli 2(051)- 1896/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri “xxxx” MMC apellyasiya şikayəti verərək Mingəçevir Şəhər Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli 2(051)-1896/2020 nömrəli qətnaməsinin ləğv olunması, iddia tələbinin rədd edilməsi, habelə işəgötürənin işçi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli əmrinin qüvvədə saxlanılmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına və cavabdehin nümayəndəsi tərəfindən məhkəmənin hazırlıq iclası zamanı etirazla birlikdə təqdim etdiyi sənədlərə, ümumiyyətlə işin faktiki hallarına düzgün qiymət verməmiş və nəticədə cavabdehin hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilərək Mingəçevir Şəhər Məhkəməsinin 07 dekabr 2020-cu il tarixli 2(051)-1896/2020 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və vəkili X5 birinci instansiya məhkəməsinin iclasında verdikləri izahatın məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və Mingəçevir Şəhər Məhkəməsinin 07 dekabr 2020-cu il tarixli 2(051)-1896/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Xəstənin stasionar tibbi kartasından Çıxarışdan görünür ki, İddiaçı xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə kimi “Xroniki beyin qan dövranının pozğunluğu. Piyli heparfoz xroniki daşlı xolesistit. Talasemiya daşıyıcılığı əlamətləri hipotireoz yüksək dərəcəli miopiya” diaqnozu ilə müalicə olunmuşdur. “xxxx” MMC-yə ünvanlanan xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, İddiaçı xx.xx.2020-ci ildən öz təşəbbüsü ilə işdən azad edilməsini xahiş etmişdir. “xxxx” MMC-nin “Əmək müqaviləsinə xitam verilməsi haqqında” 233/Ş saylı xx xxxxxxx 2020-ci il tarixli əmrindən görünür ki, İstilik Ölçü Cihazları və Avtomatika sexinin elektrik stansiyasının avtomatika və ölçmə cihazlarını təmir və xidmət edən elektrik çilingəri vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə xx xxxxxxx 2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (İşçinin öz təşəbbüsü ilə) xitam verilmişdir. İddiaçı ilə olan əmək müqaviləsinə xx xxxxxxx 2020-ci il tarixdən xitam verilməsi “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsinin Bildirişi” və həmin bildirişin qeydiyyata alınmasına dair Məlumat ilə də təsdiq olunur. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildiriş elektron informasiya sistemində xx.xx.2020-ci il tarixdə qeydə alınmış və imzalanmışdır. İddiaçı tərəfindən “xxxx” MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli teleqramın surətindən görünür ki, o, İstilik Ölçü Cihazları və Avtomatika sexinin elektrik stansiyasının avtomatika və ölçmə cihazlarını təmir və xidmət edən elektrik çilingəridir. xx.xx.2020-ci il tarixdə işdən çıxarılmağı barədə ərizə yazmışdır. Hal-hazırda işdən çıxarılması barədə ərizəsinin etibarsız hesab edilməsi və əmək fəaliyyətinə başlamasına şərait yaradılması barədə göstəriş verilməsini xahiş edir. “xxxx” ASC “xxxx” MMC-nin İddiaçı xx.xx.2020-ci il tarixli teleqramına cavab olaraq ünvanlanmış xx.xx.2020-ci il tarixli 100/01-07-12 №li məktubdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən, 69-cu maddəsinin tələblərinə riayət edilməklə xx.xx.2020-ci il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü hissəsinə əsasən hazırda onun xahişinin nəzərə alıması mümkün deyil. Çünki teleqramın hazırda qeyd edilən iş üzrə heç bir hüquqi qüvvəsi yoxdur. İddiaçı məxsus ИТ-İ ******* nömrəli Əmək kütabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə “xxxx” MMC-in 233/Ş saylı xx xxxxxxx 2020-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (işçinin öz təşəbbüsü ilə) xitam verilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin gerçək hallarından görünür ki, İddiaçı 1997-ci ildən etibarən “xxxx” MMC-də işləyir. İddiaçı xx.xx.2020-ci ildə ərizə yazaraq işdən çıxarılmasını xahiş etmiş, müəssisənin rəhbərliyi tərəfindən elə həmin gün, yəni xx.xx.2020-ci il tarixdə onun işdən çıxarılması barədə əmr verilmiş və sözügedən əmr xx.xx.2020-ci il tarixdə elektron informasiya sistemində qeydə alınmışdır. İddiaçı “xxxx” MMC-yə xx.xx.2020-ci il tarixli teleqram ünvanlayaraq İstilik Ölçü Cihazları və Avtomatika sexinin elektrik stansiyasının avtomatika və ölçmə cihazlarını təmir və xidmət edən elektrik çilingəri işlədiyini, xx.xx.2020-ci il tarixdə işdən çıxarılmağı barədə ərizə yazdığını, hal-hazırda işdən çıxarılması barədə ərizəsinin etibarsız hesab edilməsi və əmək fəaliyyətinə başlaması barədə göstəriş verilməsini xahiş etmişdir. Lakin müəssisəninn rəhbərliyi onun teleqramında göstərdiklərini nəzərə almamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 14-cü maddəsində göstərilmişdir ki, əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınması, işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını, əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. 68.1-ci maddəsinə görə, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68.2-ci maddəsinin a) bəndinə görə, əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. 69.1-ci maddəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69.2-ci maddəsinə əsasən, ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 69.3-cü maddəsinə əsasən, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. 69.4-cü maddəsinə əsasən, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. 69.5-ci maddəsinə görə, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. 69.7-ci maddəsinə görə, işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Göründüyü kimi, İddiaçı xx.xx.2020-ci ildə işdən çıxması barədə ərizə yazsa da, bundan beş gün sonra, yəni xx.xx.2020-ci ildə ərizəsinin etibarsız hesab edilməsi barədə işəgötürənə rəsmi qaydada məlumat vermişdir. Həmin müddətdə onun yerinə yeni işçi götürülməmiş, vəzifə vakant olmuşdur. Yəni, işəgötürən Əmək Məcəlləsinin 69.4-cü maddəsinin tələbinə uyğun olaraq, həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmişdir. Lakin müəssisənin rəhbərliyi buna baxmayaraq iddiaçının xahişini nəzərə almayaraq onu əvvəlki vəzifəsinə bərpa etməmişdir. Əksinə, ərizəsində göstərdiyi gün dərhal işdən azad edilərək əmək müqaviləsinə xitam verilməsi haqqında mübahisələndirilən əmr verilmişdir. Əmək Məcəlləsinin 69.4-cü maddəsində də göstərildiyi kimi “işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər”. Bu müddəa işçinin hüquqlarının üstün tutulmasından və onun iş yerinin dəyişdirilməsi üçün ona qanunvericiliklə müddət verilməsindən ibarətdir. Lakin cavabdeh tərəfindən iddiaçıya münasibətdə bir təqvim ayı xəbərdarlıq müddəti (Əmək Məcəlləsinin 69.1-ci maddəsi) gözlənilmədən o işdən azad edilmişdir. Cavabdeh müəssisə iddiaçıya münasibətdə bir təqvim ayı xəbərdarlıq müddətinin gözlənilməməsini onun ərizəsində xx.xx.2020-ci il tarixdə işdən çıxarılmasını xahiş etməsi ilə əsaslandırır. Lakin cavabdeh bu zaman Əmək Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini nəzərə almamışdır. Belə ki, Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Göründüyü kimi, Əmək Məcəlləsinin 69.3-cü maddəsində hansı hallarda bir təqvim ayı xəbərdarlıq müddəti gözlənilmədən işçinin əmək müqaviləsinin ərizəsində göstərdiyi gün ləğv edilə bilməsi sadalanmışdır. Lakin İddiaçı ərizəsində göstərdiyi gün işdən çıxarılması üçün həmin halların (yaşa, əlilliyə görə əmək pensiyasına çıxması, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olması, yeni yaşayış yerinə köçməsi, başqa işəgötürənlə əmək müqaviləsi bağlaması, seksual qısnamaya məruz qalması) heç biri mövcud olmamışdır. Cavabdeh müəssisə isə Əmək Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini pozaraq ərizəsində göstərdiyi gün onun əmək müqaviləsinə xitam vermişdir. Kollegiyanın qənaətinə görə, «xxxx» MMC tərəfindən İddiaçı ilə əmək müqaviləsinə xitam verilən zaman əmək qanunvericiliyinin tələbləri yuxarıda göstərilən qaydada pozulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 288-ci maddəsinin tələbinə görə, əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi zamanı yaranan fərdi əmək münasibətlərinin həlli həmin Məcəllə ilə nizama salınır. 292-ci maddəsinin 2-ci hissəsinə əsasən, işçi pozulmuş hüquqlarının bərpa edilməsi barədə məhkəməyə müraciət edə bilər. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi tələbini də təmin etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsində göstərilir ki, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə ... çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mülki mübahisə üzrə hüquqi mövqeyi ilə razılaşır. Kollegiyaya görə, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir. Cavabdehin apellyasiya şikayəti əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. X8 Məhkəməsi “X2rşı” xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və X8 Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tərəf öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. X8 Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyasiya şikayəti təmin edilməməli və Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli 2(051)-1896/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 07 dekabr 2020-cu il tarixli 2(051)-1896/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə iddiaçı və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2(107)-698/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-698/2021
04.03.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver