Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-70/2024 08.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçılar İddiaçı5, İddiaçı4, İddiaçı1, İddiaçı7, İddiaçı3, İddiaçı6 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, iddiaçılar İddiaçı5, İddiaçı4, Cavabdeh iştirakı ilə, iddiaçılar İddiaçı5, İddiaçı4, İddiaçı1, İddiaçı7, İddiaçı3, İddiaçı6 və İddiaçı2 (bundan sonra - iddiaçılar) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı “qanunsuz tikililərin sökülməsi, maneənin aradan qaldırılması, cavabdehin torpaqdan çıxarılması və torpaq sahəsinin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 03 may 2023-cü il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla müəyyən olunur ki, Zaqatala rayonu, Cimcimax kəndində yerləşən 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə iddiaçıların adına daşınmaz əmlakın dövlət reyestrində 197 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Zaqatala rayon Mamrux bələdiyyəsi ilə cavabdeh arasında bağlanmış “Torpaqların alğı-satqısına dair” aktla müəyyən olunur ki, Mamrux bələdiyyəsi ərazisində 0,12 ha torpaq sahəsinin cavabdehə satılması barədə bələdiyyə 12 dekabr 2006-ci il tarixli qərar qəbul etmişdir. Cavabdeh həmin torpaq sahəsinin dəyəri olaraq bələdiyyəyə 660 manat ödəniş etmişdir(qəbz № 088233). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/86 saylı, 06 mart 2023-cü il tarixli rəyindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 15 oktyabr 2020-ci il olan çıxarışa əsasən iddiaçıların ümumi birgə mülkiyyət hüququ üzrə mülkiyyətlərində olan 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdeh tərəfindən istifadə olunur. Birinci instansiya məhkəməsində icraat İddiaçılar cavabdehə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, Zaqatala rayonu Cimcimax kəndində yerləşən onlara məxsus qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il olan Çıxarışda qeyd olunmuş 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Cavabdeh tərəfindən qanunsuz aparmış tikililərin sökülməsi, cavabdehin torpaq sahəsindən çıxarılması və onların həmin torpaq sahəsinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçılar tələblərini onunla əsaslandırmışdırlar ki, onların xüsusi mülkiyyətlərində Zaqatala rayonu Cimcimax kəndində yerləşən 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri vardır. Həmin torpaq sahəsinin onların mülkiyyətində olmasını təsdiq edən Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il olan Çıxarış verilmişdir. Həmkəndliləri olan cavabdeh onlardan icazəsiz, qanunsuz olaraq həmin torpaq sahəsini zəbt edərək orada qanunsuz olaraq tikililər aparmış və onları həmin torpaq sahəsindən istifadə etməyə maneçilik yaratmışdır. Cavabdehə dəfələrlə qanunsuz tikililəri sökməyi və torpaq sahəsindən çıxması barədə xəbərdarlıq etsələr də, sonuncu bundan imtina etmişdir. Bu səbəbdən məhkəməyə müraciət etməli olmuşlar. Zaqatala Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-2(033)- 28/2023 nömrəli iş üzrə qəbul etdiyi 03 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim V.Məmmədov) iddia təmin edilmiş, Cavabdeh tərəfindən iddiaçılar İddiaçı5 Hüseyn oğlunun, İddiaçı4, İddiaçı1, İddiaçı3, İddiaçı6, İddiaçı7 və İddiaçı2 ümumi birgə mülkiyyətlərində olan Zaqatala rayonunun Cimcimax kəndində yerləşən 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsi, Cavabdeh iddiaçılar İddiaçı5 Hüseyn oğlunun, İddiaçı4, İddiaçı1, İddiaçı3, İddiaçı6, İddiaçı7 və İddiaçı2 ümumi birgə mülkiyyətində olan Zaqatala rayonunun Cimcimax kəndində yerləşən 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmaları və iddiaçıların həmin torpaq sahəsinə köçürülmələri qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/86 saylı, 06 mart 2023-cü il tarixli rəydən məlum olur ki, iddiaçıların mülkiyyətlərində olan 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdeh tərəfindən istifadə olunur. İddiaçılar Zaqatala rayonu, Cimcimax kəndində yerləşən 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçisidirlər və onların öz əmlakından öz istədikləri kimi istifadə etmək hüquqları vardır. Həmin torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilərək orada fərdi yaşayış evi inşa edilmişdir. Cavabdehin mübahisələndirilən torpaq sahəsi üzərində qanunla qorunan hər hansı hüququ əmələ gəlmədiyi halda başqasının mülkiyyətində olan zəbt edilmiş torpaq sahəsindən istifadə edir. Cavabdeh həmin torpaq sahəsini Zaqatala rayonu, Mamrux Bələdiyyəsindən alğısatqı yolu ilə aldığını bildirsə də, bunu təsdiq edən hər-hansı bir sənədin əslini və ya təsdiq olunmuş surətini sübut kimi məhkəməyə təqdim etməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, mülkiyyətçilərin özlərinə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsindən sərbəst və maneəsiz istifadə etmək hüquqları bərpa olunmalı, Cavabdeh tərəfindən iddiaçıların ümumi birgə mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş tikililər sökülməli, cavabdeh iddiaçıların ümumi birgə mülkiyyətində olan 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalı və onlar həmin torpaq sahəsinə köçürülməlidirlər. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1, 84.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 14.2, 77.1, 191.3, 217.3, 217.4, 217.8-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh bu torpaq sahəsindən 1984-cü ildən istifadə edir və 2006-cı ildə bu torpaq sahəsinə görə Mamrux bələdiyyəsinə 600 manat ödəniş etmişdir. Bu haqda bələdiyyə kitablarında müvafiq qeyd də aparılmışdır. Cavabdeh torpaq sahəsini hasara alıb tikinti də aparmışdır. 2012-ci ildə zəlzələ olan zaman cavabdehin evinin qəzalı olması barədə rəy də verilmişdir. Yəni dövlət orqanları da cavabdehin burada yaşamağını bilib cavabdehə belə bir rəy vermişlər. Həmin vaxt cavabdehə müvəqqəti olaraq çadır da ayrılmışdır. Sonradan cavabdeh evini bərpa edib orada yaşamaqda davam etmişdir. İddiaçılar tərəfindən məhkəmə təqdim olunmuş sənədlərdən görünür ki, bu torpaq sahəsi onlara 2003-cü ildə verilmiş və 2020-ci ildə bu torpaq sahəsinə çıxarış almışlar. Lakin bu torpaq sahəsi onlara 2003-cü ildə verilən zaman cavabdehin orada tikilisi olmuş və torpaq sahəsi hasara alınmışdır. Bunu torpaq sahəsi verilərkən nə üçün araşdırmamışlar. Çünki iddiaçılara verilən sənədlər formal olaraq verilmişdir. 2020-ci idə iddiaçılara çıxarış verilərkən ora Əmlak Komitəsi tərəfindən nümayəndə gəlib yerində çəkiliş edilməli olsaydı, bu sahədə tikili olduğu müəyyən olunardı və iddiaçılara sənəd verməkdən imtina olunmalı idi. Bundan əlavə 2006-cı ildə bu torpaq üçün cavabdeh 600 manat ödəniş etmişdir. Məhkəmə cavabdehin sənədlərini mötəbər saymayaraq araşdırmamış və təqdim etdiyi 088233 saylı kassa mədaxil order ilə bələdiyyəyə daxil olmuş pulun hara getdiyini belə araşdırmamışdır. Məhkəmə arxivdən alınmış arayışa istinad edərək cavabdehin torpaq barədə alğı-satqısının olmadığını bildirib iddianı təmin etmişdir. Məhkəmə dövlət arxivindən bu aktlar barədə müvafiq sənədləri belə tələb etməmişdir. Bundan əlavə bələdiyyədə yanğın olduğunu və sənədlərin yanmasını da məhkəmə bəhanə kimi göstərmişdir. Lakin o halı nəzərə almamışdır ki, mədaxil olunan məbləğ təkcə bələdiyyə sənədlərində deyil, digər yuxarı orqanlarda da qeydə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.6 maddəsinə əsasən əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktiki mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Qanunun bu tələbinə əsasən də cavabdehin həmin torpaqdan 1984-cü ildən istifadə istifadə etməyini nəzərə alıb bu torpaqa mülkiyyət hüququnun yarandığını da göstərə bilərdi. Bu torpaqda yaşamaqla oraya bütün kommunal xidmətlər də uzun müddətdir ki, cavabdehin adınadır. Bələdiyyə sənədlərinin tapılmaması və lazımınca axtarılmaması səbəbindən cavabdehin uzun müddət yaşadığı torpaqdan çıxarılmağı və tikilinin sökülməsi heç bir qanuna sığmır. Əgər bu torpaq sahəsi iddiaçılara 2003-cü ildən verilmişdisə, nə üçün bu illər ərzində onlar tərəfindən heç bir inzibati orqana şikayət verilməmişdir. İş üzrə dindirilmiş şahid belə bu torpağın alınmasını bildirmişdir. Məhkəmə həmin dövrdə bələdiyyə sədri işləmiş şəxsi də şahid kimi dindirməmişdir. Hansı ki, o bu işlərə daha çox aydınlıq gətirə bilərdi. Bütün bunlar onu göstərir ki, işə tam obyektiv baxılmamış, dərin araşdırma aparılmamış və belə bir qanunsuz qətnamə çıxarılmışdır. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçılar apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdirlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı5 və İddiaçı4 iddia tələbinin əsaslarına uyğun izahat vermişdirlər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdehin apellyasiya şikayətində Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməni tam mübahisələndirdiyindən Məhkəmə birinci instansiyası məhkəməsinin aktını tam yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə13.Mülkiyyət 13.3.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.Mülkiyyət hüququ 29.3.Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 29.4.Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə 111.Özbaşına tutulmuş (zəbt tedilmiş) torpaqların qaytarılması 111.1.Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2.Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının göstərdiyi faktiki hallar nəzərə alındıqda, tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 157.4-cü maddəsi nəzərdən keçirilməlidir. Mülkiyyətin müdafiəsini təmin edən bu normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün əşyanın mülkiyyətçisi olması, cavabdeh tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməsi və həmin maneələrin əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilməsi aşkar edilməlidir. Belə tələbin haqlı sayılması və təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən olunmalıdır. Zaqatala rayonu, Cimcimax kəndində yerləşən 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 110 saylı qərarı ilə iddiaçıların ümumi birgə mülkiyyətinə verilmiş və iddiaçılar bu hüquqlarını 15 oktyabr 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmışlar. Qeyd olunan hallar və həmin torpaq sahəsinin cavabdehin istifadəsində olması işin mübahisəsiz hallarıdır. Cavabdeh tərəfindən mübahisələndirilən hal bundan ibarətdir ki, o, mübahisəli torpaq sahəsini 2006-cı ildə Zaqatala rayon, Mamrux bələdiyyəsindən 660 manat ödəyərək almışdır, bələdiyyə ilə arasında alğı-satqı müqaviləsi bağlanmışdır və 2008-ci ildə həmin torpaq sahəsində ev tikmişdir. Həmin torpaq sahəsi 1984-cü ildən onun istifadəsində olmuşdur və həmin torpaq sahəsi qanunsuz olaraq iddiaçıların adına rəsmilləşdirilmişdir. Cavabdehin iddiaya etirazı və apellyasiya şikayətinin dəlili kimi qeyd etdiyi bu halla bağlı Məhkəmə bildirir ki, iş materiallarında olan Zaqatala rayonu Gözbarax Bələdiyyəsi tərəfindən verilmiş 21 fevral 2022-ci il tarixli, 23 saylı arayışından görünür ki, Cavabdeh ilə Zaqatala rayon, Mamrux Bələdiyyəsi arasında bağlanmış torpaqların alğı-satqısına dair aktın əsli və alğı-satqının qeydə alınmasına dair qeyd kitabı bələdiyyəyə verilməmişdir. 2015-ci ildə Mamrux bələdiyyəsi ləğv olunaraq Gözbarax bələdiyyəsinə birləşdiriləndə həmin kitablar Mamrux bələdiyyəsi tərəfindən Zaqatala rayonu Dövlət arxivinə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayon Dövlət Arxivi tərəfindən verilmiş 01 mart 2023-cü il tarixli, 16 saylı məktubdan müəyyən olunur ki, Zaqatala rayon Mamrux Bələdiyyəsinin inzibati binasında 19 fevral 2011-ci il tarixdə saat 04:26 radələrində baş vermiş yanğın nəticəsində Mamrux ələdiyyəsinə məxsus 2000-2010-cu illərə məxsus sənədlər yanaraq məhv olmuşdur. Bununla belə Mamrux bələdiyyəsi 2015-ci ildə ləğv olunaraq Gözbarax bələdiyyəsinə birləşdirilərkən Mamrux bələdiyyəsinə məxsus 2011-2014cü illərin arxiv sənələri Zaqatala rayon Dövlət Arxivinə təhvil verilmişdir. Odur ki, Cavabdeh ilə Zaqatala rayon Mamrux bələdiyyəsi arasında bağlanmış torpaqların alğı-satqısına dair aktın və həmin aktın qeydə alınmasına dair qeydiyyat kitabını məhkəməyə təqdim etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X1 Xidməti Zaqatala rayon X1 Hissəsinin 03 mart 2011-ci il tarixli, 106 saylı arayışından görünür ki, həqiqətən 19 fevral 2011-ci il tarixdə saat 04:26 radələrində bələdiyyə binasına məxsus inzibati binada yanğın hadisəsi baş vermişdir. Yanğın zamanı binanın üst örtüyünün ağac konstruktiv materialları, daxili əşyalar və bələdiyyəyə məxsus sənədlər yanaraq məhv olmuşdur. Məhkəmə 2006-cı ildə Mamrux bələdiyyəsi tərəfindən cavabdehə satılmış 0,12 ha torpaq sahəsinin iddiaçıların adına dövlət reyestrində qeydə alınmış 0,20 ha torpaq sahəsi ilə üst-üstə düşüb- düşməməsi halının müəyyən edilməsi, eyni zamanda cavabdehə satılmış 0,12 ha torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi məqsədi ilə məhkəmə tikintitexniki ekspertizası təyin etmiş və qərardadı icra edilməsi üçün(alğı-satqı müqaviləsi və ona əlavə edilmiş plan-cizgi sənədləri ilə birlikdə) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə göndərilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin 18 dekabr 2023-cü il tarixli, 3-21-3-47/2-4637/2023 saylı məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Zaqatala rayon Mamrux bələdiyyəsinin 12 dekabr 2006-cı il tarixli qərarı ilə Cavabdeh satılmış 0,12 ha torpaq sahəsinə dair həmin ərazinin ölçüləri və koordinatları təqdim edilmədiyinə görə 0,12 ha torpaq sahəsinin koordinatlarını və həmin torpaq sahəsinin iddiaçıların ümumi birgə mülkiyyətinə verilmiş 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşdüyünü müəyyən etmək mümkün olmamışdır. Cavabdeh apellyasiya şikayətində onu da qeyd edir ki, iddiaçıların adına qeydə alınmış torpaq sahəsini o, 1984-cü ildən istifadə edir və həmin torpaq sahəsi qanunsuz olaraq iddiaçıların mülkiyyətinə verilmişdir. Məhkəmə bildirir ki, iddiaçılara 0,20 ha torpaq sahəsi Zaqatala rayon Aqrar islahat komissiyasının xx.xx.2003-cü il tarixli, 110 saylı qərarına əsasən ayrılmışdır və həmin qərar əsasında iddiaçılar mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmışlar. Həmin qeydiyyat hazırda qüvvədədir, hər hansı səlahiyyətli orqan və ya məhkəmə tərəfindən ləğv edilməmiş və ya etibarsız sayılmamışdır. Göstərilənlərə əsasən müəyyən edilir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır və heç bir sübuta söykənmir. Sübuta söykənməyən dəlil isə əsaslı hesab edilə bilməz. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıların mülkiyyətlərindən istifadəsinə maneçilik yaradılmışdır. Bu maneənin aradan qadırılması üçün isə cavabdeh zəbt etdiyi sahədən çıxarılmalıdır. İddiaçıların cavabdehə qarşı torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz aparmış tikililərin sökülməsi, cavabdehin torpaq sahəsindən çıxarılması barədə irəli sürdüyü tələb, Rayon Məhkəməsinin bu tələbin təmin edilməsi barədə iş üzrə gəldiyi nəticə əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Lakin Məhkəmə onu da qeyd edir ki, Rayon Məhkəməsi iddia tələbinin “iddiaçıların torpaq sahəsinə köçürülməsi” hissəsini təmin etməkdə haqlı olmamışdır. Belə ki, yuxarıda istinad olunan maddi hüquq normalarının tələblərindən də göründüyü kimi iddiaçıların mülkiyyətçi kimi özlərinə məxsus torpaq sahəsinə dair istənilən sərəncam verə bilmək hüquqları vardır. Yəni, onsuz da cavabdehin torpaq sahəsindən çıxarılmasından sonra iddiaçıların özlərinə məxsus torpaq sahəsindən istədikləri kimi istifadə etmələrinə hər hansı maneə qalmır. Eyni zamanda iddiaçıların boş torpaq sahələrinə köçürülmələrinin özlüyündə tələb kimi qoyulmasını və həmin tələbin də təmin edilməsini Məhkəmə məqbul hesab etmir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, qətnamənin “iddiaçıların torpaq sahəsinə köçürülməsi” hissəsi istisna olmaqla, qalan hissədə ləğv edilməsi, habelə dəyişdirilməsi üçün başqa hər hansı əsaslar yoxdur. Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi “iddiaçıların həmin torpaq sahəsinə köçürülmələri” hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməli və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 03 may 2023-cü il tаrixli qətnaməsi qismən, “iddiaçıların həmin torpaq sahəsinə köçürülmələri” hissəsində ləğv edilsin və həmin hissədə iddia tələbi təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 03 may 2023-cü il tаrixli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(107)-70/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-70/2024
08.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver