Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-707/2020 03.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçı - İddiaçı; Cavabdeh - Cavabdeh iştirakı ilə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-1040/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-1040/2019 saylı qətnaməsi ilə (hakim Tural Həsənov) İddiaçı Cavabdeh qarşı köçürülmənin kompensasiya ilə əvəz olunması tələbinə dair iddiasının təmin edilməməsi, 10 manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh Muğanlı kəndində yerləşən 96 kv.m. olan evinə köçürülməsinə dair qətnaməsinə əsasən evə köçürülmənin 2200 manat kompensasiya ilə əvəz olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 2013-cü il tarixdə nikahlarını rəsmi surətdə qeyd etdirməklə cavabdehlə ailə həyatı qurmuşdur. Cavabdehlə birlikdə yaşadıqları müddətdə onların üç uşağı anadan olmuşdur. Uşaqlar hal-hazırda cavabdehin himayəsində yaşayırlar. Cavabdehlə aralarında olan nikah məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. Cavabdeh hazırda uşaqları ilə bilrikdə atasının evində yaşayır. Zaqatala Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin uşaqları ilə birlikdə həmin evə köçürülməsi qət edilmişdir. Lakin buna baxmayaraq onların bir evdə yaşamaları qeyri-mümkündür. O, cavabdehə bunun müqabilində kompensasiya ödəməklə evə köçürülməsini əvəz etmək istəyir. Onların yaşadıqları Muğanlı kəndində kirayədə yaşamaq haqqı 40-50 manatdır. Buna görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа İddiaçı və onun nümayəndəsi X3 iddia ərizəsini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişlər ki, evin hazırda bazar qiymətini təqdim etmir. Çünki, kompensasiya evin qiyməti ilə deyil, evə çəkilən xərclərlə müəyyən olunmalıdır. Evə çəkilən xərc isə 5467 manatdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclаsındа Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, cavabdehə xx xxxxxx 2013-cü il tarixdə rəsmi nikahla gəlin kimi qaynatasının evinə ərə köçmüşdür. 2016-cı ilin aprel ayında həyat yoldaşı və iki uşağı ilə birlikdə kirayə çıxmışdırlar. 2018-ci ilin mart ayına kimi kirayə tutduqları mənzildə yaşamışlar və üçüncü övladları həmin evdə anadan olmuşdur. xx xxxx 2018-ci ildə öz tikdirdikləri evə köçmüşlər. xx xxxxxx 2018-ci ildə evdən çıxarılaraq atası evinə getmişdir. Həmin tarixədək yoldaşı və 3 uşağı ilə birgə həmin mübahisə predmeti olan evdə yaşamışlar. Nikahları 2018-ci ilin noyabr ayında məhkəmə qərarı ilə pozulmuşdur. Uşaqlar özünün himayəsində yaşayır. Cavabdehlə evləndikdən sonra cavabdehin mülkiyyətində olan və Muğanlı kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsində ümumi sahəsi 96 kvm olan ev tikmişlər. Evin tikintisinə 2013-cü ildə başlayaraq, 2018-ci ilin mart ayında evin tikintisini tamamlayıb, evə köçərək yaşamağa başlamışlar. Evin tikilməsində onun və atasının çox böyük zəhmətləri olmuşdur. Həmin ev birgə nikahda əldə olunmuş əmlak hesab olunur. Onun əşyaları da həmin evdə yerləşir. Lakin cavabdeh onu və uşaqlarını özünün tikdiyi evdə yaşamağa qoymur, evdən çıxarmışdır. Məhkəmənin qətnaməsi ilə o və uşaqları həmin evə köçürülmüşdür. O, iddiada qeyd edilən kompensasiya məbləği ilə razı deyil. 2200 manat hazırkı bazar qiymətlərinə uyğun deyil. İddianı qəbul etmir. Ona görə də, iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktı qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən İddiaçı apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsini əsassız hesab edir. Belə ki, mübahisəsi gedən evin reyestrdən çıxarışı, texniki pasportu (kupçası) yoxdur. Evin yerləşdiyi torpaq sahəsinin də reyestrdən çıxarışı, torpaq sahəsinin plan və ölçüsü sənədi yoxdur. X1 2004-cü ildə ona bələdiyyəyə pul ödəməklə 0.12 ha torpaq sahəsi almışdır. Lakin maddi imkanı aşağı olduğuna görə həmin torpaq sahəsini öz adına rəsmiləşdirməmişdir. 2007-ci ildə atası həmin 0.12 ha torpaq sahəsində öz vəsaiti hesabına fərdi yaşayış evinin kürsü hissəsini tikmişdir. 2012-ci ildə isə evin divarları və dam örtüyü tamamilə tikilib qurtarmışdır. Lakin 2012-ci ildən 2018-ci ilin yanvar ayına kimi evin içərisi təmir edilməmişdir. 2018-ci il yanvar ayında atası həmin evin bir otağını təmir etdirərək onu ailəsi ilə birlikdə həmin evə köçürmüşdür. Bu barədə xx xxxxx 2019-cu il tarixli Zaqatala RİH Muğanlı İƏD üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş akt vardır. O, 2013-cü ilin noyabr ayında Cavabdeh ilə ailə həyatı qurmuşdur. Ailə qurmadan öncəki 2012-ci il tarixdə evi tikili vəziyyətdə idi. Lakin təmir olunmamışdı. O, ailəsi ilə birlikdə təxminən 2 il 6 ay müddətində atasına məxsus evdə yaşamışdır. Bundan sonra təxminən 1 il 10 ay müddətində kirayə mənzillərdə ailəsi ilə birlikdə yaşamışdır. 2018-ci ilin mart ayında isə mübahisəsi gedən evə ailəsi ilə birlikdə köçmüşdür. Lakin icra nümayəndəsi saxta bir arayış vermişdir ki, həmin ev nikahdan sonra tikilmişdir. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-1040/2019 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-1040/2019 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli, 2(033)-1040/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas Azadlıqların Müdafiəsi HaqqındaKonvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)- 1040/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlаvə edilmiş Zaqatala Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(033)- 464/2019 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilərək iddiaçı Cavabdeh, himayəsində olan azyaşlı uşaqları ilə birlikdə Zaqatala rayonu Muğanlı kəndində yerləşən, İddiaçı məxsus 0,12 ha həyətyanı torpaq sahəsində ümumi sahəsi 96 kv.m. olan yaşayış evinə köçürülməsi qət edilmişdir. İş materiallarına əlаvə edilmiş Zaqatala RİHB-nın Muğanlı kənd İƏD-si üzrə nümayəndəsinin xx xxxx 2019-cu il tarixli 69 nömrəli arayışından görünür ki, nümayəndəliyin ərazisində kirayəçilər kirayədə 1 aylıq 40-50 manata qalırlar. İş materiallarına əlаvə edilmiş Zaqatala RİHB-nın Muğanlı kənd İƏD-si üzrə nümayəndəsinin xx xxxxxxx 2019-cu il tarixli 469 nömrəli arayışından görünür ki, İddiaçı tikilmiş ev X2 vəsaiti hesabına inşa edilmişdir. Tikilmiş evə 5467 manat xərc çəkilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Zaqatala Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(033)- 464/2019 nömrəli qətnaməsinə əsasən iddia təmin edilərək iddiaçı Cavabdeh, himayəsində olan azyaşlı uşaqları ilə birlikdə Zaqatala rayonu Muğanlı kəndində yerləşən, İddiaçı məxsus 0,12 ha həyətyanı torpaq sahəsində ümumi sahəsi 96 kv.m. olan yaşayış evinə köçürülməsi qət edilmişdir. Cavabdehin cehiz əşyaları həmin ünvandadır. Aralarında olan ailə münasibəti pozulduğuna görə onların birgə yaşaması mümkün olmadığı üçün İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Ədаlət mühаkiməsinin həyаtа kеçirilməsi zаmаnı «İnsаn hüquqlаrının və əsаs azаdlıqlаrın müdаfiəsi hаqqındа» Аvrоpа Kоnvеnsiyаsı müddəаlаrının və İnsаn Hüquqlаrı üzrə Аvrоpа Məhkəməsi prеsеdеntlərinin tətbiqi hаqqındа Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsi Plеnumunun 30 mаrt 2006-cı il tаriхli qərаrındа göstərilir ki, Аzərbаycаn Rеspublikаsı «İnsаn hüquqlаrının və əsаs azаdlıqlаrın müdаfiəsi hаqqındа» Аvrоpа Kоnvеnsiyаsının iştirаkçısı və оnu rаtifikаsiyа еtmiş dövlət kimi 2002-ci il аprеl аyının 15dən Kоnvеnisyа və оnun prоtоkоllаrının təfsiri və tətbiqi məsələlri üzrə İnsаn hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsinin yurisdiksiyаsının məcburiliyini tаnıyır. Аzərbаycаn Rеspublikаsı Kоnvеnsiyаnı rаtifikаsiyа еtdiyi dövrdən sоnrа yurisdiksiyаsı аltındа оlаn insаnlаrın Kоnvеnsiyаdа nəzərdə tutulаn hüquqlаrını təmin еtməlidir. İnsаn hüquqlаrının və əsаs azаdllıqlаrın müdаfiəsi hаqqındа Kоnvеnsiyаsının 46-cı mаddəsinə əsаsən Аvrоpа Məhkəməsinin qərаrlаrı bu Kоnvеnsiyаnı rаtifikаsiyа еtmiş dövlətlər üçün məcburidir. İnsаn hüquqlаrının və əsаs azаdlıqlаrın müdаfiəsi hаqqındа Kоnvеnsiyаnın (Аvrоpа Kоnvеnsiyаsı) 1 sаylı prоtоkоlunun 1-ci mаddəsində dеyilir ki, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаnеəsiz həyаtа kеçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn «mülkiyyət» və «əmlаk» аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir. «Thе Trаktоrеr İsvеçə qаrşı» məhkəmə işində Аvrоpа Məhkəməsi vurğulаmışdır ki, ərizəçinin tоrpаğа istifаdə hüququ və gələcəkdə оndаn fаydа götürməsi bаrədə gözləntiləri də mülkiyyət hüququnu təşkil еdir və bu hüquq Аvrоpа Kоnvеnsiyаsının 1 sаylı prоtоkоlunun 1-ci mаddəsinin (mülkiyyət hüququ) müdаfiə dаirəsinə düşür. «Pаyn Vеlli dеvеlоpmеnts Ltd» şirkəti İrlаndiyаyа qаrşı işdə Аvrоpа İnsаn hüquqlаrı Məhkəməsi qərаrа аlmışdır ki, müəyyən hаllаrın bаş vеrəcəyini hüquqа uyğun gözləmə 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin müdаfiə еtdiyi hüquq, yəni mülkiyyət hüququ sаyılа bilər. Həmin işdə ərizəçi tоrpаq sаhəsi аlmış və оrаdа tikinti həyаtа kеçirməyi plаnlаşdırmışdı. Аvrоpа Məhkəməsi tikintini həyаtа kеçirilməsinə mаnеəni 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin pоzuntusu kimi qiymətləndirmişdir. X6 Hüquqları Məhkəməsi «Önər Yıldız Türkiyəyə qarşı» işi üzrə xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər. Avropa Məhkəməsi «Akimova Azərbaycana qarşı» qərarında eyni mövqedən çıxış edərək, ərizəçinin mənzilə olan hüququnun müvafiq qeydiyyata alınmaması onu mülkiyyət kimi tanınması üçün maneə hesab etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı Zaqatala rayon Muğanlı bələdiyyəsi tərəfindən verilmiş Zaqatala rayonu Muğanlı kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində inşa etdiyi ümumi sahəsi 96 kv.m olan yaşayış evinə onun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, İddiaçı qeyd olunan daşınmaz əmlaklara “gözlənilən mülkiyyət hüququ” vardır. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə görə, Konsitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxxxx 2007-ci il tarixli qərarda Konstitusiya Məhkəməsi Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin tətbiq edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Qərarın məzmunundan göründüyü kimi, kompensasiya institutu istifadə hüququna malik şəxsin mənzilin bölünməsi və ya onun dəyərindən payın hüquq verməsə də, onun yaşayış hüququnun təminatlı şəkildə qorunmasını təmin edir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumu hesab edir ki, yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilən şəxsə təklif edilən kompensasiya elə bir məbləğdə olmalıdır ki, istifadə hüququna malik olan şəxs bu məbləğin hesabına müəyyən müddət daxilində və davamlı surətdə əvvəlki mənzilə xas olan şəraitdə yaşamaq imkanı əldə etsin. Bu baxımdan “müəyyən müddət daxilində” ifadələrinə hüquqi müəyyənlik prinsipi nəzərə alınmaqla hüquqi aydınlıq gətirilməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, hazırkı iddia tələbi cavabdehə münasibətdə onu ehtiva edir ki, qanunvericliklə müəyyən edilmiş qaydada mənzildən istifadə hüququ əldə etmiş və kompensasiya verməklə onun hüququnun xitam verilməsinə dair iddia olmasaydı cavabdehin istifadə hüququ daimi xarakter daşıyacaqdır. Yəni mübahisəli mənzildən onun istifadə hüququ müvvəqəti deyil, daimi xarakter daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, “müəyyən müddət daxilində” anlayışı onu göstərir ki, istifadə hüququna xitam verilən cаvаbdeh Cavabdeh bu müddət bitən ana qədər özünü yaşayış sahəsi ilə təmin etməlidir və yaxud kompensasiya məbləği ilə əhatə edilən müddət bitdikdən sonra kirayədə qalmağa maddi imkanı olmalıdır. Əks təqdirdə məhkəmə tərəfindən qəbul edilən qətnamə ilə müəyyən edilən və kompensasiya ilə əhatə edilən müddət bitdikdən sonra şəxsin özünü yaşayış sahəsi ilə təmin edə bilməməsi, onun hər hansı bir yaşayış sahəsi olmadan mövcud olması ilə, yaxud, faktiki olaraq həmin şəxlərin yaşayış hüquqlarının məhkəmə qaydasına pozulması ilə nəticələnir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı, qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Cavabdehin mülkiyyətində və ya istifadəsində başqa yaşayış sahəsi və ya torpaq sahəsi yoxdur. Cavabdeh məhkəmə kollegiyasının iclasında iddiaçının təklif etdiyi 3500 manat məbləğə razı olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin himayəsində iki az yaşlı uşaq olduğuna görə də üç nəfərin müəyyən müddətə və davamlı surətdə yaşaması üçün yetərli deyildir. Digər tərəfdən, Azərbaycan Respublikası Konustitusiyasının 43-cü maddəsinin tələbinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi mülkiyyətçiyə kompensasiya verməklə onun xüsusi mülkiyyətinə olan mənzildən istifadə hüquqlarına malik olan şəxslərin istifadə hüququna xitam vermə səlahiyyəti versə də, Konstitusiyanın 43-cü maddənin təfsiri digər məsələlərlə yanaşı həmçinin hazırkı işə münasibətə onu ehtiva edir ki, verilən kompensasiya ilə özünün başqa bir yaşayış səviyyəsi ilə təmin edə bilsin və yaxud kompensasiya ilə əhatə edilən müddət bitdikdən sonra onun özünü başqa bir yaşayış sahəsi ilə təmin etmək imkanı olsun. Belə ki, Konstitusiyanın 43-cü maddəsinin məzmuna görə dövlət nəinki hər bir şəxsin yaşadığı mənzildən qanunsuz məhrum edilməsini qadağan edir, hətta yaşayış binasının və evlərin tikintisinə rəvac verməklə onların mənzil hüququnu gerçəkləşdirir. Bu baxımdan cаvаbdeh Cavabdeh kompensasiya məbləği hesabına mübahisəli mənzildən olan daimi istifadə hüququnun başqa bir yaşayış sahəsində müddətli istifadə hüququ ilə əvəz edilməsi, bu məbləğ qutardıqdan sonra onların ümumiyətlə hər hansı bir yaşayış sahəsinə malik olmaması cavabdehin faktiki olaraq yaşadığı mənzildən qanunsuz məhrum edilməsi anlamına gəlir. Bu isə iddia tələbinin əsassızlığını təsdiq edir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normasının tələblərini hazırkı mübahisəli hüquq münasibətlərinə tətbiq edib, iddiaçının dəlillərini araşdırıb, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında şərh edilən məcburi göstərişləri nəzərə alıb, hesab edir ki, cavabdehin iki uşağı ilə birlikdə mübahisəli evdən istifadə hüququna 3500 manat məbləğində kompensasiya ödənilməklə xitam verilməsi üçün kifayət qədər faktiki əsaslar olmadığından iddia tələbi qeyd edilən əsaslarla təmin edilə bilməz. Məhkəmə kollegiyası iddia tələbinə münasibət bildirərək qeyd edir ki, kompensasiyanın məbləği müəyyən edilərkən cavabdehin mənafeyi ilə yanaşı iddiaçının da mənafeyi, mənzildən istifadə hüququna xitam verildikdən sonrakı vəziyyəti, başqa yerdə yaşayış sahəsinə malik olmaması, kompensasiya aldıqdan sonra yaşayış sahəsi ilıə təmin olunmaq imkanı nəzərə alınmalıdır. Ona görə də qanunvericilik bazar qiyməti ilə müvafiq kompensasiyanın verilməsi tələbini qoymuşdur ki, müəyyən edilən kompensasiya istifadə hüququna mütənasib olsun, kompensasiya alanın hüquqi vəziyyətini ağırlaşdırmasın. İddiaçı tərəfindən təklif edilən 3500 manat kompensasiya hazırkı bazar iqtisadiyyatında olan tələb və təklifə uyğun deyildir. Ona görə də iddianın təmin edilərək cavabdehə həmin məbləğdə kompensasiya verilməklə yaşadığı mənzildən məhrum edilməsi ədalətsiz olardı. Belə ki, iddiaçı tərəfindən məhkəmə kollegiyasının iclasında təklif olunan 3500 manat kompensasiya mülkiyyətçinin hesabına istifadəçilərə, yəni cavabdehə davamlı surətdə və ya müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı verməsi üçün kifayət deyildir və təklif edilən məbləğ evdən istifadə hüquqlarına xitam verilməsinin əvəzində adekvat məbləğ sayıla bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə kollegiyasının iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin xx xxxxxx 2006-cı il tarixli qərarı). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların 8 mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuş, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-1040/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-1040/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Mirbahəddin Hüseynov Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(107)-707/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-707/2020
03.03.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver