Məhkəmə qərarları › İş №2(107)-707/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-707/2021

22.04.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-707/2021 22.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X6 oğlunun katibliyi ilə, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli 2(046)-62/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh2 tərəfindən verilmiş аpellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) xx xxxxxx 2020-cu il tarixli 2(046)-62/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair iddiаsı təmin edilərək Göyçay rayonu Hüngütlü kəndində yerləşən JN-903 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.31 ha torpaq sahəsinin 0.19 ha hissəsindən Cavabdeh4 Balaəli oğlu, 0.03 ha hissəsindən Cavabdeh3, 0.43 ha hissəsindən Cavabdeh2, 0.04 ha hissəsindən Cavabdeh1 və 0.56 ha hissəsindən Cavabdeh5 çıxarılmaları qət edilmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 (bundan sonra cavabdeh və ya Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5) qarşı iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək, xüsusi mülkiyyətində olan və Göyçay rayon Hüngütlü kəndində yerləşən 1.31 ha torpaq sahəsindən cavabdehlərin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iddianı müdafiə edərək göstərmişdir ki, Göyçay rayonu Aqrar İslahat Komissiyasının xx xxxx 1998-ci il tarixli 39 nömrəli qərarı ilə Göyçay rayonu Potu kəndində iddiaçıya və ailə üzvlərinə 1,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Torpaq sahəsinə mülkiyyət hüquqlarını torpağın mülkiyyətə verilməsinə dair JN-903 saylı Dövlət Aktı (kod ********) təsdiq edir. 1998-ci ildə torpaq sahəsi mülkiyyətlərinə veriləndən sonra naturada yerini dəqiqləşdirmək istəyərkən torpaq sahələrinin rayonun Çərəkə kəndi ərazisində yerləşdiyini öyrənmişlər. İş və ailə vəziyyəti ilə əlaqədar Çərəkə kəndinə gedib-gəlməyi qeyri-mümkün olduğundan torpaq sahələrindən istifadə edə bilməmişlər. Təxminən iki il əvvəl onlara məlum olmuşdur ki, torpaq sahəsinin rayonun Çərəkə kəndi ərazisində yerləşməsi yalan məlumatdır və Göyçay rayonu Potu inzibati ərazi dairəsinin Hüngütlü kəndində yerləşən torpaq sahəsi cavabdehlər tərəfindən zəbt olunaraq istifadə edilir. Cavabdehlərdən torpaq sahələrinin qaytarılmasını tələb etsə də, heç bir müsbət nəticəsi olmamış və iddiaçı pozulmuş hüquqlarının bərpası məqsədi ilə məhkəmədə iddia qaldırmaq qərarına gəlmişdir. Cavabdehlər onun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsindən qanunsuz istifadə edir və bununla da onların mülkiyyət hüquqlarını pozurlar. Yəni onlar mülkiyyətlərində olan torpaq sahəsindən istifadə edə bilmir, ona sahiblik edə bilmirlər. Buna görə də əlavə Cavabdeh5 da işə cavabdeh kimi cəlb edilməsi, onun iddiaçıya məxsus 0.56 ha torpaq sahəsindən çıxarılması barədə vəsatətinin nəzərə alınmaqla iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, torpaq islahatları zamanı Hüngütlü kəndində adambaşına düşən pay torpaq sahəsinin norması 0.35 ha - 0.39 ha təşkil etdiyi halda, 4 nəfərdən ibarət ailəsinə cəmi 0.27 ha pay torpaq sahəsi verilmişdir. İslahat aparılarkən ailəsnin faktiki istifadəsində 0.79 ha həyətyanı torpaq sahəsi olmuşdur. Torpaq sahəsi 1990-cı ildən istifadəsindədir. Həmin torpaq sahəsi ailəsinə düşən pay torpaq sahəsindən çıxılaraq verilmişdir. Lakin pay torpaq sahəsinin əvəzinə verilmiş 0.79 ha həyətyanı torpaq sahəsi daşınmaz əmlakın məlumat bazasında qeyd olunsa da, torpaq sahəsi ilə bağlı ailəsinə hüquq müəyyən edici sənəd verilməmişdir. Respublika ərazisində bu cür halların çoxluğu nəzərə alınaraq Azərbaycan Respublikası Prezidenti tərəfindən ölkəmizdə “Torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi” qaydaları ilə bağlı xx xxxx 2016-cı il tarixdə Fərman imzalanmış və yerlərdə Fərmanın icrasına başlanılmışdır. Hüngütlü kəndində torpaqların, o cümlədən istifadələrində olan 0.79 ha torpaq sahəsinin elektron kadastr uçotu aparılaraq başa çatdırılmışdır. Torpaqların elektron kadastr uçotunun və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi işləri nəticəsində ailəsinə hüquq müəyyən edici sənədlər təqdim olunacaqdır. Buna görə də iddianın rədd edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Cavabdeh2 ilə eyni məzmunlu izahat vermişlər. Birinci instansiya məhkəməsinin iclasında izahat mütəxəssis qismində izahat vermiş Ağsu Layihə Tədqiqat İdarəsinin sahə rəisi X1 göstərmişdir ki, hazırkı iş üzrə verilmiş mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərildiyi kimi iddiaçıya məxsus 1.31 ha torpaq sahəsi cavabdehlər tərəfindən naturada istifadə edilir. İş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(046)-62/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti verərək Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-62/2020 saylı qətnaməsinin Cavabdeh2 münasibətdə iddia tələbinin təmin edilməsinə dair hissəsində ləğv edərək, iddia tələbinin həmin hissədə təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instаnsiyа məhkəməsinin qətnaməsi ədalətsizdir. Belə ki, məhkəmə tərəfindən istinad olunmuş mütəxəssis və ekspert rəyləri mötəbər sayıla bilməz, çünki həmin rəylər özlüyündə mübahisəlidir. Mütəxəssis öz rəyində X3 ilə naturadakı vəziyyət arasında uyğunsuzluq olduğundan JN-903 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında göstərilən konfiqurasiya faktiki naturada olan vəziyyəti əks etdirmədiyini və dəqiq yerini (kv.m) müəyyən etmək mümkün olmadığını göstərməsinə baxmayaraq mütəxəssis rəyinə əlavə edilmiş sxemdə JN-903 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən iddiaçının mülkiyyətində olan 1.31 ha torpaq sahəsinin 1.04 hektaradək hissəsinin Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 tərəfindən istifadə edildiyi göstərilmişdir. Göründüyü kimi mütəxəssis tərəfindən aparılmış tədqiqat nəticəsində verilmiş mütəxəssis rəyi və həmin rəyə əlavə edilmiş sxem arasında kobud ziddiyyət vardır. Ekspert isə qeyd edilən ziddiyyətli mütəxəssis rəyinə əsaslanaraq rəy vermişdir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 izahatında apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli 2(046)-62/2020 nömrəli qətnaməsinin ona münasibətdə iddia tələbinin təmin edilməsinə dair hissəsində ləğv edərək, iddia tələbinin həmin hissədə təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahatında apellyasiya şikayətinin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli 2(046)-62/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qanuni qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiya məhkəməsinin qərarını hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli 2(046)-62/2020 nömrəli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin Cavabdeh2 münasibətdə iddia tələbinin təmin edilməsinə dair hissəsində ləğv edilərək, iddia tələbinin həmin hissədə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər cavabdehlər isə qətnamədən apellyasiya şikayəti verməmişlər. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Torpağa mülkiyyət hüququna dair JN-903 saylı (KOD ********) Dövlət Aktından görünür ki, İddiaçı və ailə üzvlərinin mülkiyyətinə Göyçay rayonu Potu kəndində yerləşən 1.31 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti “xxxx” MMC Ağsu Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli rəylər və sxemlər mülki işə əlavə edilmişdir. Mübahisəli torpaq sahəsinin inventarlaşdırılmasına dair mütəxəssis rəylərinin verilməsi üçün xərcləri 444.76 manat təşkil edir. Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2019-cu il tarixli 23239 saylı və xx.xx.2020-ci il tarixli 5286 saylı rəylərindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan “xxxx MMC-nin Ağsu LTİ-nin mütəxəssis rəyinə əsasən, elektron kadastr bazası məlumatları bazasında araşdırma zamanı məlum olmuşdur ki, X3 ilə faktiki istifadə vəziyyəti arasında uyğunsuzluq mövcuddur. JN-903 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən konfiqurasiya faktiki naturada olan vəziyyəti əks etdirmir və dəqiq yerini (kv.m) müəyyən etmək mümkün deyildir. Lakin ekspertizaya təqdim olunmuş mütəxəssis rəyinə əlavə edilmiş sxemdən görünür ki, JN 903 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən iddiaçının mülkiyyətində olan 1.31 ha torpaq sahəsinin 0.19 ha-dək hissəsini Cavabdeh4 Balaəli oğlu, 0.03 ha-dək hissəsini Cavabdeh3, 0.43 ha-dək hissəsini Cavabdeh2, 0.04 ha-dək hissəsini Cavabdeh1, 0.56 ha-dək hissəsinin Cavabdeh5 tərəfindən istifadə edilməsi müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 200 manat təşkil edir. İşin gerçək halı ondan ibarətdir ki, Göyçay Rayon Aqrar İslahat Komissiyasının xx xxxx 1998-ci il tarixli 39 nömrəli qərarı ilə Göyçay rayonu Hüngütlü kəndində İddiaçı və ailə üzvlərinin mülkiyyətinə 1.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Torpaq sahəsinə mülkiyyət hüququnu iddiaçıının adına tərtib edilən Torpağın mülkiyyətə verilməsinə dair JN-903 saylı (KOD ********) Dövlət Aktı (kod ********) təsdiq edir. 1998-ci ildə torpaq sahəsi mülkiyyətlərinə veriləndən sonra iddiaçı naturada yerini dəqiqləşdirmək istəyərkən torpaq sahəsinin rayonun Çərəkə kəndi ərazisində yerləşdiyini öyrənmişdir. Ailə vəziyyətilə əlaqədar Çərəkə kəndinə gedib-gəlməyi mümkün olmadığından torpaq sahəsindən istifadə edə bilməmişdir. Təxminən iki il əvvəl iddiaçıya məlum olmuşdur ki, torpaq sahəsi Çərəkə kəndi ərazisində yox, rayonun Potu inzibati ərazi dairəsinin Hüngütlü kəndində yerləşir və onun torpaq sahəsini cavabdehlər zəbt edərək istifadə edirlər. Buna görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bu faktlar iş üzrə keçirilmiş ekspertiza rəyləri ilə təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. “X2rşı işi üzrə” xx xxxxxx 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Kollegiya hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyasının fikrincə birinci instansiya məhkəməsi hazırkı iş üzrə ekspert rəyini mötəbər sübut kimi qəbul etməkdə haqlı olmuşdur. Cavabdeh2 iddia tələbinin əsassız olması, mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olmaması, həmin torpaq sahəsinin ona məxsus olmasına dair hər hansı mötəbər sübutu nə birinci instansiya məhkəməsinə, nə də məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 3-cü bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “Torpаq qаnunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri hаqqındа” Azərbаycаn Respublikаsı Ali Məhkəməsi Plenumunun 14 fevrаl 2003-cü il tаrixli, 2 №-li qərаrının 3-cü bəndinə görə torpаq sаhəsi ilə əlаqədаr mübаhisələrə bаxıldıqdа hər şeydən əvvəl torpаq sаhəsinin hüquqi stаtusu müəyyən edilməlidir. Torpаq sаhəsinin hüquqi stаtusu onun məqsədli təyinаtını (kənd təsərrüfаtı təyinаtlа, su fondu, ehtiyаt fondu və s.), torpаq sаhəsi üzərində hüququn formаsını (mülkiyyət, istifаdə, icаrə), hаbelə torpаq sаhəsindən istifаdəyə dаir müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Qərаrın 6-cı bəndinə əsаsən Azərbаycаn Respublikаsı Torpаq Məcəlləsinin 78-ci və Mülki Məcəlləsinin 139-cu mаddələrinə müvаfiq olаrаq torpаq sаhələri üzərində hüquqlаrın dövlət qeydiyyаtı məcburidir. Torpаq üzərində hüquqlаr (mülkiyyət hüququ, istifаdə hüququ, icаrə hüququ), hаbelə аlqı-sаtqı, ipotekа, bаğışlаmа müqаvilələri, torpаqlа bаğlı digər əqdlər və vərəsəlik hüququ hаqqındа şəhаdətnаmə dövlət torpаq kаdаstrındа və dövlət torpаq reyestrində qeydiyyаtа аlınmаlıdır. Torpаq sаhəsi üzərində hüquqlаr həmin hüquqlаrı təsbit edən müvаfiq sənədlərlə (torpаğа mülkiyyət hüququnа dаir dövlət аktı, torpаqdаn dаimi istifаdə hüququnа dаir dövlət аktı, torpаqdаn müvəqqəti istifаdə hüququnа dаir şəhаdətnаmə, torpаğın mülkiyyətə verilməsinə dаir şəhаdətnаmə) rəsmiləşdirilir. Bu sənədlər olmаdаn torpаğа yiyələnmək torpаğı özbаşınа tutmа kimi qiymətləndirilir. Dövlət аktı və şəhаdətnаmə ilə əldə edilmiş hüquqlаr müvаfiq icrа hаkimiyyəti orqаnındа dаşınmаz əmlаkın dövlət reyestrində qeydiyyаtdаn keçdikdən sonrа yаrаnmış hesаb edilir. Torpаq Məcəlləsinin 67-ci mаddəsinin 4-cü hissəsinə müvаfiq olаrаq, dövlət torpаq sаhələri üzərində qeydiyyаtdаn keçməmiş hüquqlаrın müdаfiəsinə və toxunulmаzlığınа təminаt vermir. Azərbаycаn Respublikаsı Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və yuxarıda qeyd olunan mülki qanunvericilik normalarına əsaslanaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının iradəsinin ziddinə olaraq onun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsini cavabdehlərin zəbt etməsi həmin daşınmaz əmlaka olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir, bu torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehlərin hərəkətləri iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Qeyd olunmalıdır ki, iddiaçı Torpağa mülkiyyət hüququna dair JN-903 saylı (KOD ********) Dövlət Aktına əsasən mülkiyyətlərində olan 1.31 ha torpaq sahəsindən cavabdehlərin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi isə JN-903 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.31 ha torpaq sahəsinin 0.19 ha hissəsindən Cavabdeh4 Balaəli oğlu, 0.03 ha hissəsindən Cavabdeh3, 0.43 ha hissəsindən Cavabdeh2, 0.04 ha hissəsindən Cavabdeh1 və 0.56 ha hissəsindən Cavabdeh5 çıxarılmasını qət etmişdir. Göründüyü kimi, məhkəmə cavabdehlərin JN-903 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçının mülkiyyətində olan 1.31 ha torpaq sahəsinin hamısından yox, zəbt edilmiş 0.19 ha + 0.03 ha + 0.43 ha + 0.04 ha + 0.56 ha = 1.25 ha hissəsindən çıxarılmalarını qət etmişdir. Yəni iddia tələbi əslində qismən təmin edildiyi halda qətnamənin nəticə hissəsində “iddia təmin edlsin” ifadəsi yazılmışdır. Bununla bağlı kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edildiyini göstərməsə də, qətnamənin nəticə hissəsində cavabdehlərin zəbt etdikləri və iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hansı hissəsindən çıxmalı olduqlarını, həmin torpaq sahəsinin ölçülərini dəqiq göstərmişdir. Ona görə də kollegiyaya görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin formal mülahizələrə görə ləğv edilməsinə və ya dəyişdirilməsinə zərurət yoxdur. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tərəf öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyasiya şikayəti təmin edilməməli və Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(046)-62/2020 nömrəli qətnaməsinin mübahisələndirilən, yəni Göyçay rayonu Hüngütlü kəndində yerləşən JN- 903 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.31 ha torpaq sahəsinin 0.43 ha hissəsindən Cavabdeh2 çıxarılması hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(046)-62/2020 nömrəli qətnaməsinin mübahisələndirilən, yəni Göyçay rayonu Hüngütlü kəndində yerləşən JN- 903 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.31 ha torpaq sahəsinin 0.43 ha hissəsindən Cavabdeh2 çıxarılması hissəsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar