Məhkəmə qərarları › İş №2(107)-708/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-708/2021

22.04.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-708/2021 22.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X15 oğlunun katibliyi ilə, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli 2(046)-61/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) xx xxxxxx 2020-cu il tarixli 2(046)-61/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair iddiаsı təmin edilərək Göyçay rayonu Üngütlü kəndində yerləşən JN-902 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçının qanuni sahibliyində olan 0.26 ha torpaq sahəsinin 0.09 ha hissəsindən Cavabdeh3, 0.12 ha hissəsindən Cavabdeh2, eləcə də xx.xx.2018-ci il tarixli RX ******* nömrəli çıxarışla iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.65 ha torpaq sahəsinin 0.07 ha hissəsindən Cavabdeh1 və 0.15 ha hissəsindən Cavabdeh2 çıxarılması qət edilmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 (bundan sonra cavabdeh və ya Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2) qarşı iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək, Göyçay rayon Üngütlü kəndində yerləşən mərhum oğlu X4 miras qalmış 0.26 ha və ailə üzvləri ilə birlikdə mülkiyyətinə verilmiş 0.6502 ha torpaq sahələrindən cavabdehlər Cavabdeh1 və X5 çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi (vəkili) X7 iddianı müdafiə edərək göstərmişdir ki, Göyçay rayonu Aqrar İslahat Komissiyasının xx xxxx 1998-ci il tarixli 39 nömrəli qərarı ilə Göyçay rayonu Potu kəndində iddiaçının mərhum oğlu X11 0,26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Torpaq sahəsinə mərhum oğlunun mülkiyyət hüququnu Torpağın mülkiyyətə verilməsinə dair JN-902 saylı dövlət aktı(kod ********) təsdiq edir. Bundan başqa iddiaçının və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Göyçay rayonu Potu kəndində 0,6502 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüququ xx xxxx 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 1998-ci ildə torpaq sahələri mülkiyyətinə veriləndən sonra naturada yerini dəqiqləşdirmək istəyərkən torpaq sahələrinin rayonun Çərəkə kəndi ərazisində yerləşdiyini öyrənmişdir. İddiaçının ailə vəziyyətilə əlaqədar Çərəkə kəndinə gedib-gəlməyi qeyri-mümkün olduğundan torpaq sahəsindən istifadə edə bilməmişdir. Təxminən iki il əvvəl iddiaçıya məlum olub ki, torpaq sahəsinin rayonun Çərəkə kəndi ərazisində yerləşməsi yalan məlumatdır və Göyçay rayonu Potu inzibati ərazi dairəsinin Üngütlü kəndində yerləşən torpaq sahəsi cavabdehlər tərəfindən zəbt olunaraq istifadə edilir. İddiaçının mərhum oğlu X4 miras qalan 0,26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında sənəd almaq istəsə də, torpaq sahəsi cavabdehlər tərəfindən hasarlanıb istifadə edildiyi üçün torpaq sahəsinin yerini müəyyən etməli olan mütəxəssislər əraziyə daxil ola bilməmişlər. Cavabdehlərdən torpaq sahələrinin qaytarılmasını tələb etsə də, heç bir müsbət nəticəsi olmamış və pozulmuş hüquqlarının bərpası məqsədi ilə məhkəmədə iddia qaldırmaq qərarına gəlmişdir. Cavabdehlər onun mülkiyyətində olan və mərhum oğlundan miras qalmış torpaq sahəsindən qanunsuz istifadə edir və bununla da onun mülkiyyət hüququnu pozurlar. Yəni mülkiyyətində olan, habelə miras kimi faktiki qəbul etdiyi torpaq sahəsindən istifadə edə bilmir, ona sahiblik edə bilmir. Məhkəmə baxışı zamanı məlum olmuşdur ki, 0.26 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh2, 0.65 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə edir. Buna görə də iddia tələbinin təmin olunması, qeyd etdiyi cavabdehlərin iddiaçının mülkiyyətində olan torpaq sahələrindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən Cavabdeh1 və Cavabdeh2 iddianı qəbul etməyərək izahatlarında göstərmişlər ki, iddiaçıya məxsus torpaq sahələrini zəbt etməmişlər. Buna görə də iddianın rədd edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasında mütəxəssis qismində izahat vermiş Ağsu Layihə Tədqiqat İdarəsinin sahə rəisi X1 göstərmişdir ki, hazırkı iş üzrə verilmiş mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərildiyi kimi iddiaçıya məxsus 0.6502 ha və iddiaçının oğlundan miras qalmış torpaq sahələri cavabdehlər tərəfindən naturada istifadə edilir. İş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli 2(046)-61/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti verərək Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-61/2020 saylı qətnaməsinin Cavabdeh1 münasibətdə iddia tələbinin təmin edilməsinə dair hissəsində ləğv edərək, iddia tələbinin həmin hissədə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Göyçay Rayon Məhkəməsinin qətnaməsi ədalətsizdir, işin faktiki hallarına uyğun deyildir, həmin qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən apellyasiya qaydasında tamamilə ləğv olunmalı, iddia tələbinin əsassız olması və rədd edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Belə ki, məhkəmə qətnamə qəbul edən zaman qətnaməni Torpağa Mülkiyyət Hüququna Dair JN-902 saylı Dövlət Aktında əsasən İddiaçı sahibliyinə verilmiş Göyçay rayonu Hüngütlü kəndində yerləşən 0.26 ha, eləcədə xx.xx.2018-ci il tarixli RX ******* nömrəli çıxarışla iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.65 ha torpaq sahəsi verilməsinə, mülki işə əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti “xxxx” MMC Ağsu Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli mütəxəssis rəyləri və sxemlərinə, həmçinin məhkəmə tikinti- texniki ekspertizasının xx.xx.2019-cu il tarixli 23242 saylı və xx.xx.2020-ci il tarixli 5285 saylı rəylərinə istinad etməklə əsaslandırmağa çalışmışdır. Lakin iş materiallarından da göründüyü kımı məhkəmə tərəfindən istinad olunmuş mütəxəssis və ekspert rəyləri mötəbər sayıla bilməz, həmin rəylər özlüyündə mübahisəlidir. Belə ki, mütəxəssis öz rəyində X6 ilə naturadakı vəziyyət arasında uyğunsuzluq olduğundan JN-902 nömrəli ‘Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında göstərilən konfiqurasiya faktiki naturada olan vəziyyəti əks etdirmədiyini və dəqiq yerini (kv.m) müəyyən etmək mümkün olmadığını göstərməsinə baxmayaraq mütəxəssis rəyinə əlavə edilmiş sxemdən JN-902 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən iddiaçının sahibliyində olan 0.26 ha torpaq sahəsinin 0.09 hissəsini Cavabdeh3, 012 ha hissəsini Cavabdeh2, eləcədə iddiaçının və ailəsinin mülkiyyətinə verilmiş 0.65 torpaq sahəsinin 0.07 ha hissəsini Cavabdeh1 və 0.15 ha hadək hissəsinin Cavabdeh2 tərəfindən istifadə edildiyi göstərilmişdir. Göründüyü kimi, mütəxəssis tərəfindən aparılmış tədqiqat nəticəsində verilmiş mütəxəssis rəyi və həmin rəyə əlavə edilmiş sxem arasında kobud ziddiyyət vardır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki hal aydınlaşdırılmadan düzgün olmayan, əsassız qətnamə qəbul edilmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş xx xxxxxx 2018-ci il tarixli aktdan da göründüyü kimi Torpaq İslahatı zamanı Cavabdeh1 1990-cı ildən istifadəsində olan torpaq sahəsinin 0,06 hektarı həyətyanı və 0,79 hektarı zəbt yazılaraq ona verilmiş pay torpağından çıxılmış və JN-1209 nömrəli dövlət aktı ilə Nümayəndə 0,27 ha pay torpağı verilmişdir. Yuxarıda göstərilmiş aktdan da göründüyü kimi Cavabdeh1 istifadəsində hər hansı ölçüdə artıq torpaq sahəsi yoxdur. Buna görə də qətnamə işin faktiki hallarına uyğun deyildir, maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması ilə qəbul edildiyindən apellyasiya qaydasında ləğv olunmalı, iddia tələbinin əsassız olması barədə yeni qətnamə qəbul olunmalıdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 izahatında apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli 2(046)-61/2020 nömrəli qətnaməsinin ona münasibətdə iddia tələbinin təmin edilməsinə dair hissəsində ləğv edərək, iddia tələbinin həmin hissədə təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (oğlu) X14 izahatında apellyasiya şikayətinin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli 2(046)-61/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 və Cavabdeh2 qanuni qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı və nümayəndəsi (vəkili) X7 məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiya məhkəməsinin qərarını hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli 2(046)-61/2020 nömrəli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin Cavabdeh1 münasibətdə iddia tələbinin təmin edilməsinə dair hissəsində ləğv edilərək, iddia tələbinin həmin hissədə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər cavabdehlər isə qətnamədən apellyasiya şikayəti verməmişlər. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Göyçay rayon İHB-nın Potu kənd İnzibati Ərazi Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 485 saylı arayışdan görünür ki, X8 vərəsələri anası İddiaçı və qardaşı X12r. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı xx.xx.2018-ci il tarixli çıxarışdan görünür ki, X9, X2 və İddiaçı ümumi birgə mülkiyyətinə Göyçay rayonu Potu kəndində yerləşən 0.6502 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti “xxxx” MMC Ağsu Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli rəylər və sxemlər mülki işə əlavə edilmişdir. Mübahisəli torpaq sahəsinin inventarlaşdırılmasına dair mütəxəssisin rəylərinin verilməsi üçün xərci 106.80 manat təşkil edir. Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2019-cu il tarixli 23242 saylı və xx.xx.2020-ci il tarixli 5285 saylı rəylərindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində “xxxx” MMC-nin Ağsu LTİ-nin mütəxəssis rəyinə əsasən, elektron kadastr bazası məlumatları bazasında araşdırılan zaman məlum olmuşdur ki, X6 ilə faktiki istifadə vəziyyəti arasında uyğunsuzluq mövcuddur. JN-902 nömrəli ‘Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli xx.xx.2018-ci il tarixli çıxarışda göstərilən torpaq sahələrinin konfiqurasiyası faktiki naturada olan vəziyyəti əks etdirmir və dəqiq yerini (kv.m) müəyyən etmək mümkün deyildir. Lakin ekspertizaya təqdim olunmuş mütəxəssis rəyinə əlavə edilmiş sxemdən görünür ki, JN-902 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən iddiaçının mülkiyyətində olan 0,26 ha torpaq sahəsinin 0,09 ha-dək hissəsindən Cavabdeh3, 0,12 ha-dək hissəsindən isə Cavabdeh2 istifadə edir. xx.xx.2018-ci il tarixli RX ******* nömrəli çıxarışla iddiaçının mülkiyyətinə verilmiş 0,65 ha torpaq sahəsinin 0,07 ha-dək hissəsindən Cavabdeh1, 0.15 ha-dək hissəsindən isə Cavabdeh2 tərəfindən istifadə edilməsi müəyyən edilmişdir. Aparılmış ekspertizanın dəyəri 200 manat təşkil edir. İşin gerçək halı ondan ibarətdir ki, Göyçay rayonu Aqrar İslahat Komissiyasının xx xxxx 1998-ci il tarixli 39 nömrəli qərarı ilə Göyçay rayonu Potu kəndində iddiaçının mərhum oğlu X11 0,26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Torpaq sahəsinə iddiaçının mərhum oğlunun mülkiyyət hüququnu Torpağın mülkiyyətə verilməsinə dair JN-902 saylı dövlət aktı (kod ********) təsdiq edir. Bundan başqa iddiaçının özünün və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə rayonun Potu kəndində 0,6502 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüququ xx xxxx 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 1998-ci ildə torpaq sahəsi mülkiyyətlərinə veriləndən sonra naturada yerini dəqiqləşdirmək istəyərkən torpaq sahəsinin rayonun Çərəkə kəndi ərazisində yerləşdiyi onlara bildirilmişdir. Ailə vəziyyətilə əlaqədar Çərəkə kəndinə gedib-gəlməyi mümkün olmadığından torpaq sahəsindən istifadə edə bilməmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, torpaq sahəsi rayonun Çərəkə kəndi ərazisində yox, Potu inzibati ərazi dairəsinin Üngütlü kəndində yerləşir. Həmin torpaq sahəsi cavabdehlər tərəfindən zəbt olunaraq istifadə edilir. Ona məlum olmuşdur ki, həmin torpaq sahələrinin 0.26 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh2, 0.65 ha torpaq sahəsindən isə Cavabdeh1 və Cavabdeh2 istifadə edirlər. Buna görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bu faktlar iş üzrə keçirilmiş ekspertiza rəyləri ilə təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. “X3rşı işi üzrə” xx xxxxxx 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Kollegiya hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyasının fikrincə birinci instansiya məhkəməsi hazırkı iş üzrə ekspert rəyini sübut kimi qəbul etməkdə haqlı olmuşdur. Cavabdeh1 iddia tələbinin əsassız olması, mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olmaması, həmin torpaq sahəsinin ona məxsus olmasına dair hər hansı mötəbər sübutu nə birinci instansiya məhkəməsinə, nə də məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 3-cü bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 158.2-ci maddəsinə görə, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 157.8-ci maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. “Torpаq qаnunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri hаqqındа” Azərbаycаn Respublikаsı Ali Məhkəməsi Plenumunun 14 fevrаl 2003-cü il tаrixli, 2 №-li qərаrının 3-cü bəndinə görə torpаq sаhəsi ilə əlаqədаr mübаhisələrə bаxıldıqdа hər şeydən əvvəl torpаq sаhəsinin hüquqi stаtusu müəyyən edilməlidir. Torpаq sаhəsinin hüquqi stаtusu onun məqsədli təyinаtını (kənd təsərrüfаtı təyinаtlа, su fondu, ehtiyаt fondu və s.), torpаq sаhəsi üzərində hüququn formаsını (mülkiyyət, istifаdə, icаrə), hаbelə torpаq sаhəsindən istifаdəyə dаir müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Qərаrın 6-cı bəndinə əsаsən Azərbаycаn Respublikаsı Torpаq Məcəlləsinin 78-ci və Mülki Məcəlləsinin 139-cu mаddələrinə müvаfiq olаrаq torpаq sаhələri üzərində hüquqlаrın dövlət qeydiyyаtı məcburidir. Torpаq üzərində hüquqlаr (mülkiyyət hüququ, istifаdə hüququ, icаrə hüququ), hаbelə аlqı-sаtqı, ipotekа, bаğışlаmа müqаvilələri, torpаqlа bаğlı digər əqdlər və vərəsəlik hüquq hаqqındа şəhаdətnаmə dövlət torpаq kаdаstrındа və dövlət torpаq reyestrində qeydiyyаtа аlınmаlıdır. Torpаq sаhəsi üzərində hüquqlаr həmin hüquqlаrı təsbit edən müvаfiq sənədlərlə (torpаğа mülkiyyət hüququnа dаir dövlət аktı, torpаqdаn dаimi istifаdə hüququnа dаir dövlət аktı, torpаqdаn müvəqqəti istifаdə hüququnа dаir şəhаdətnаmə, torpаğın mülkiyyətə verilməsinə dаir şəhаdətnаmə) rəsmiləşdirilir. Bu sənədlər olmаdаn torpаğа yiyələnmək torpаğı özbаşınа tutmа kimi qiymətləndirilir. Dövlət аktı və şəhаdətnаmə ilə əldə edilmiş hüquqlаr müvаfiq icrа hаkimiyyəti orqаnındа dаşınmаz əmlаkın dövlət reyestrində qeydiyyаtdаn keçdikdən sonrа yаrаnmış hesаb edilir. Torpаq Məcəlləsinin 67-ci mаddəsinin 4-cü hissəsinə müvаfiq olаrаq, dövlət torpаq sаhələri üzərində qeydiyyаtdаn keçməmiş hüquqlаrın müdаfiəsinə və toxunulmаzlığınа təminаt vermir. Azərbаycаn Respublikаsı Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və yuxarıda qeyd olunan mülki qanunvericilik normalarına əsaslanaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının iradəsinin ziddinə olaraq onun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsini cavabdehlərin zəbt etməsi həmin daşınmaz əmlaka olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir, bu torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehlərin hərəkətləri iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Kollegiyaya görə, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir. Cavabdehin apellyasiya şikayəti əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. Qeyd olunmalıdır ki, iddiaçı mərhum oğlu X4 miras qalmış 0.26 ha və ailə üzvləri ilə birlikdə mülkiyyətinə verilmiş 0.6502 ha torpaq sahələrindən cavabdehlərin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi isə JN-902 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçının qanuni sahibliyində olan 0.26 ha torpaq sahəsinin 0.09 ha hissəsindən Cavabdeh3, 0.12 ha hissəsindən Cavabdeh2, eləcə də xx.xx.2018-ci il tarixli RX ******* nömrəli çıxarışla iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.65 ha torpaq sahəsinin 0.07 ha hissəsindən Cavabdeh1 və 0.15 ha hissəsindən Cavabdeh2 çıxarılmasını qət etmişdir. Göründüyü kimi, məhkəmə cavabdehlərin JN-902 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçının qanuni sahibliyində olan 0.26 ha torpaq sahəsinin hamısından yox, zəbt edilmiş 0.09 ha + 0.12 ha = 0.21 ha hissəsindən, eləcə də xx.xx.2018-ci il tarixli RX ******* nömrəli çıxarışda göstərilən 0.65 ha torpaq sahəsinin zəbt edilmiş 0.07 ha + 0.15 ha = 0.22 ha hissəsindən çıxarılmalarını qət etmişdir. Yəni iddia tələbi əslində qismən təmin edildiyi halda qətnamənin nəticə hissəsində “iddia təmin edlsin” ifadəsi yazılmışdır. Bununla bağlı kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edildiyini göstərməsə də, qətnamənin nəticə hissəsində cavabdehlərin zəbt etdikləri və iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hansı hissəsindən çıxmalı olduqlarını, həmin torpaq sahəsinin ölçülərini dəqiq göstərmişdir. Ona görə də kollegiyaya görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin formal mülahizələrə görə ləğv edilməsinə və ya dəyişdirilməsinə zərurət yoxdur. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tərəf öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyasiya şikayəti təmin edilməməli və Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(046)-61/2020 nömrəli qətnaməsinin mübahisələndirilən, yəni xx.xx.2018-ci il tarixli RX ******* nömrəli çıxarışla iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.65 ha torpaq sahəsinin 0.07 ha hissəsindən Cavabdeh1 çıxarılması hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(046)-61/2020 nömrəli qətnaməsinin mübahisələndirilən, yəni Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixli RX ******* nömrəli çıxarışla iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.65 ha torpaq sahəsinin 0.07 ha hissəsindən Cavabdeh1 çıxarılması hissəsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar