Məhkəmə qərarları › İş №2(107)-710/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-710/2020

27.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-710/2020 27.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Hüseynov Mirbahəddin Mirdamət oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(075)-2242/2019 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş аpelyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Elçin Mehdiyev) xx xxxxxx 2019-cu il tarixli 2(075)-2242/2019 nömrəli qətnaməsi iləİddiaçı Cavabdeh qarşı “63800 manat pulun, əldən çıxmış faydanın əvəzi olaraq 20000 manatın və dövlət büdcəsinə ödənilmiş 30 manatın cavabdehdən tutularaq ödənilməsi” tələbinə dairiddiаsı qismən təmin edilərək Cavabdeh 63800 manat və iddia ərizəsi ilə bağlı dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmiş, iddianın qalan hissəsi təmin edilməmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) ona verilməli olan 63800 manatın, əldən çıxmış faydanın əvəzi olaraq 20000 manatın və dövlət büdcəsinə ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh etibarından suiistifadə edərək onun 63800 manat pulunu almış və geri qaytarmamışdır. O, bununla bağlı aidiyyəti üzrə şikayət etmiş və şikayət üzrə araşdırma aparılmışdır. Cavabdehin barəsində ona qarşı etdiyi həmin dələduzluq əməlinə görə Azərbaycan Respublikası CM-in 178.3.2ci maddəsi ilə cinayət işi başlanılıb Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmünə əsasən Cavabdeh CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Qeyd edilən hökmdən də görünür ki, həmin cinayət işinə məhkəmədə baxılarkən cavabdeh etibarından sui-istifadə edərək onun 63800 manat pulunu ələ keçirdiyini etiraf etmiş və həmin pulu qaytaracağına söz vermişdir. Lakin cavabdeh bu günədək onun pulundan hər hansı bir hissə qaytarmamışdır. Beləliklə hüquqları tamamilə kobud surətdə pozulmuş və cavabdeh göstərilən pulu könüllü olaraq mənə qaytarmaqdan yayınır. Eyni zamanda o, cavabdehdən pulunu vaxtında ala bilmədiyindən onun bu qədər müddətdə qazana biləcəyi 20000 manat fayda əlindən çıxmışdır. Ona görə də cavabdeh tərəfindən ona verilməli olan 63800 manatın, əldən çıxmış faydanın əvəzi olaraq 20000 manatın və dövlət büdcəsinə ödədiyi 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində izahat verən Cavabdeh izahatında göstərmişdir ki, onun barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü qanuni qüvvəsini almışdır. O, İddiaçı oğlunu Rusiya Federasiyasında instituta qəbul etdirməli idi. Lakin o, iddiaçının uşağının Bakı Dövlət Universitetinə yerinin dəyişdirilməsini üzərinə götürməmişdir. Buna görə də İddiaçı ona bu məsələnin həll edilməsi üçün adam tapmasını xahiş etmişdir. O, bu işlə məşğul olmaq üçün Tural adlı şəxsi tapmış və Turalı iddiaçı ilə tanış etmişdir. İddiaçı hissə-hissə olmaqla, ona cəmi 48800 manat pul göndərmiş və o, həmin pulları Tural adlı şəxsə vermişdir. 2016-cı ildə İddiaçı ona Şəki şəhərində Sərxan Musayevlə birlikdə 5000 manat vermiş və o da həmin pulla İddiaçı oğlunu Dağıstan Respublikasında instituta qoymuşdur. İddiaçının 5000 manatı Sərxanda olmuş, 5000 manatı isə İddiaçı özü Sani adlı şəxsə təqdim etmək üçün Turala vermişdir. O, həmin işlərdə vasitəçi olmuşdur. Onun İddiaçı borcu yoxdur. Ona İddiaçı verdiyi 48800 manatı isə o, Turala vermişdir. Göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(075)-2242/2019 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini birinci instansiya məhkəməsində verdiyi izahatının dəlillərinə uyğun əsaslandırmışdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(075)-2242/2019 nömrəli qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. AzərbaycanRespublikasınınMülkiProsessualMəcəlləsinin (bundansonra Azərbaycan RespublikasınınMPM və ya MPM) 185.1-cimaddəsində göstərilirki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. AzərbaycanRespublikasınınMPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası İddiaçı iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 1(101)-246/2018 nömrəli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli xx xxxx 2017-ci il tarixdən hesablanmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə qarşılıqlı araşdırıb cavabdehin izahatını dinləyərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 1(101)-246/2018 nömrəli hökmündən görünür ki, Cavabdeh tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı İddiaçı ümumilikdə 63800 manat məbləğində pulunu alıb ələ keçirərək zərər çəkmiş şəxs İddiaçı külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Həmin hökmün məzmununda əksini tapmış Cavabdeh ifadəsindən görünür ki, o, İddiaçı 63800 manat məbləğində pul almasını təsdiq etmişdir. Cavabdeh törətdiyi həmin cinayət əməlinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 1(101)-246/2018 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökm qanuni qüvvəsini almışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh İddiaçı pul vəsaitini dələduzluq yolu ilə talamaqla ona maddi ziyan vurmuşdur. Cavabdeh tərəfindən İddiaçı taladığı həmin pul məbləğlərinin iddiaçıya geri qaytarılmasını təsdiq edə biləcək heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Ona görə də İddiaçı Cavabdeh 63800 manat məbləğində pulun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. MPM-in 82.4-cü maddəsinə əsasən, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Kollegiyaya görə, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir. Cavabdehin apellyasiya şikayəti əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. X2 Məhkəməsi “X1” qarşı xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və X2 Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(075)-2242/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(075)-2242/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar