Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-716/2022 24.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair (Açar sözlər: mənzilə köçürülmə) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(039)-428/2021 nömrəli qətnaməsindən Cavabdeh vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 168640 №li nikah pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah qeydi 01.08.2013- cu il tarixdə ləğv edilmişdir 2.Şəki Apellyasiya Məhkəməsinin 19.05.2021-ci il tarixli, 2(107)-648/2021 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, Yevlax şəhəri Pişəvəri küçəsi 3A nömrəli binanın 5 saylı mənzilinə İddiaçı istifadə hüququ yaranmışdır. Bu səbəbdən həmin mənzildən İddiaçı istifadə hüququna xitam verilməsi barədə Cavabdeh iddiası təmin edilməmişdir. 3.Şəki Apellyasiya Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2(107)-716/2022 nömrəli qərardadı ilə Cavabdeh vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(039)-428/2021 nömrəli qətnaməsi iddianın təmin olunmuş “İddiaçı Yevlax şəhəri Pişəvəri küçəsi 3A nömrəli binanın 5 saylı mənzilinə istifadə hüququnun tanınması” hissəsində ləğv edilərək, bu hissədə mülki iş üzrə icraata xitam verilmişdir. 4.Qərardad onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə İddiaçı mübahisəsi gedən Yevlax şəhəri Pişəvəri küçəsi 3A nömrəli binanın 5 saylı mənzilinə istifadə hüququ Şəki Apellyasiya Məhkəməsinin 19.05.2021-ci il tarixli, 2(107)-648/2021 saylı qətnaməsi ilə müəyyən edildiyindən, hazırki tələb üzrə işə yenidən məhkəmə qaydasında baxılması və yenidən hüquqi qiymət verilməsi düzgün olmazdı. Çünki tərəflər arasında olan mübahisənin bu hissəsi artıq qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
5.İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestiri Xidmətinin 30.10.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışı ilə cavabdehin mülkiyyətində olan Yevlax şəhəri Pişəvəri küçəsi 3A nömrəli binanın 5 saylı mənzilinə onun istifadə hüququnun tanınması və həmin evə köçürülməyinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 6.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə nikaha daxil olaraq ailə qurmuşlar. Uzun müddət ər-arvad olaraq yaşamışlar. Aralarında olan nikah qeydi artıq pozulmuşdur. Onun şəxsiyyət vəsiqəsindən göründüyü kimi o, Yevlax şəhəri Pişəvəri küçəsi 3A, mənzil 5-də daimi qeydiyyatdadır. Həmin ev Yevlax şəhəri İcra Hakimiyyətinin 04.04.2008-ci il tarixli, 31 nömrəli orderi ilə Yevlax şəhəri 2 saylı Mənzil Təmir İstismar sahəsinin 20.10.2008-ci il tarixli 1420 saylı, F-2 arayışı və Yevlax rayon 1 saylı Notariat Kontorunun 24.10.2008-ci il tarixli 7E-11-5253 reyestr nömrəli razılıq ərizəsinə əsasən 30.10.2008-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestirində Cavabdeh adına rəsmiləşmişdir. Münasibətləri pisləşdiyindən cavabdehlə boşanmış, cavabdeh isə birgə mülkiyyəti qeyri-rəsmi əsaslarla öz adına sənədləşdirmişdir. Onun mənzildən istifadə hüququ var. Həmin mənzilə istifadə hüququnun tanınmasını və həmin evə köçürülməyini istəyir. 7.Yevlax Rayon Məhkəməsinin (hakim G.Cavadova) 22 oktyabr 2021-ci il tarixli, 2(039)-428/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək İddiaçı Yevlax şəhəri Pişəvəri küçəsi 3A nömrəli binanın 5 saylı mənzilinə istifadə hüququnun tanınması və İddiaçı həmin evə köçürülməsi qət edilmişdir. 8.Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Şəki Apellyasiya Məhkəməsinin 19.05.2021-ci il tarixli, 2(107)- 648/2021 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, Yevlax şəhəri Pişəvəri küçəsi 3A nömrəli binanın 5 saylı mənzilinə İddiaçı istifadə hüququ yaranmışdır. Bu səbəbdən həmin mənzildən İddiaçı istifadə hüququna xitam verilməsi barədə Cavabdeh iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
9. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
10. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan Cavabdeh vəkili Vəkil apellyasiya şikayəti vermişdir. 11 Cavabdeh vəkili Vəkil apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, lərin birgə nikah müddətində əldə etdikləri əmlak deyildir. Həmin mənzili Cavabdeh əvəzsiz olaraq əldə etmişdir, yəni həmin mənzil Cavabdeh mülkiyyətinə özəlləşdirmə yolu ilə keçmişdir. Tərəflər – İddiaçı və Cavabdeh artıq uzun illərdir ki, rəsmi olaraq boşandıqlarından və 10 ildən artıqdir ki, İddiaçı həmin mənzildə yaşamadığından , İddiaçı iddiası əsassızdır. İş materiallarında qeydə alınmış xronoloji ardıcıllığı Məhkəmə Kollegiyasının nəzərinə çatdırmaq istəyirəm: Tərəflər rəsmi nikah münasibətində olmuşlar. Tərəflərin birgə nikahdan övladları olmamışdır. Tərəflər qarşılıqlı razılaşma əsasında boşanmışlar. İddianın predmetini təşkil edən mənzil tərəflərin birgə nikah müddətində əldə etdikləri əmlak , o cümlədən İddiaçı ümumi birgə mülkiyyətinə daxil olan əmlak deyildir. İddiaçı 10 ildən artıqdır ki, həmin mənzili tərk etmişdir , başqa qadınla ailə həyatı qurmuşdur, başqa ünvanda yaşayır , daimi yaşayış yeri vardır. İddiaçı iddia tələbini irəli sürməyə dair iddia müddətini ötürmüşdür. Qətnamə qəbul edilərkən aşağıdakı maddi hüquq normaları pozulmuşdur: Əslində , mübahisəyə Azərbaycan Respublikası mülki məcəlləsinin 152.1- ci maddəsinə və 152.5- ci maddəsinə əsasən hüquqi qiymət verilməlidir. Məhkəmə iş materiallarında olan sübutlara obyektiv qiymət verməmişdir. Belə ki, mülki iş üzrə məhkəmə iclasında yuxarıda qeyd edilən hallar , işin faktiki halları dəfələrlə Məhkəmənin nəzərinə çatdırılmışdır. Məhkəmə hansı səbəbdən iş materiallarında olan bu sübutlara obyektiv qiymət verməmiş və bununla da MPM –nin 88- ci maddəsinin tələbləri pozulmuşdur. Qeyd edilənlərə əsasən Yevlax Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(039)-428 /2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 12.Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər səbəb və mümkünsüzlüyü barədə məlumat verməməklə məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
Tətbiq edilən hüquq
14.Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. 15.“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun 21 dekabr 2012-ci il tarixli qərarına əsasən özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinin həmin mənzilin onlardan birinin mülkiyyətinə verilməsi haqqında razılığının olması, onların həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilə bilməz. 16.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına uyğun olaraq 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1. və 228.2. maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
17. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş) 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.
54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını, (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanma köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
123-cü maddəsinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibuluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.
18.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin;
372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayətindən görünür ki, apellyator Yevlax Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(039)-428/2021 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 20.Ona görə də kollegiya Yevlax Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(039)-428/2021 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21.Hazırki iş üzrə iddia tələbinin ifadə tərzindən və mahiyyətindən görünür ki, tələb iki hissədən ibarət olmaqla, birinci tələb mübahisəli mənzilə istifadə hüququnun tanınması, ikinci tələb isə həmin mənzilə köçürülmədən ibarətdir.
22. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2(107)-716/2022 nömrəli qərardadı ilə Yevlax Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(039)-428/2021 nömrəli qətnaməsi iddianın təmin olunmuş “İddiaçı Yevlax şəhəri Pişəvəri küçəsi 3A nömrəli binanın 5 saylı mənzilinə istifadə hüququnun tanınması” hissəsində ləğv edilərək, bu hissədə mülki iş üzrə icraata xitam verildiyindən, iddia tələbinin yalnız mübahisəli mənzilə köçürülməsi hissəsinə hüquqi qiymət veriləcəkdir.
23. Kollegiya iddia tələbinin ikinci hissəsi, yəni mübahisəli mənzilə köçürülmə hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşsa da, hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi “İddiaçı Yevlax şəhəri Pişəvəri küçəsi 3A nömrəli binanın 5 saylı mənzilinə köçürülməsi” hissəsində təmin edilməlidir.
24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırsa da, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlsə də, tətbiq edilməli olan maddi hüquq normasını göstərməmişdir. 25.MPM-in 385.1.1-ci maddəsinin tələbinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
26. Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin bu hissədə ləğv olunması üçün əsaslı olsa da, rədd olunması üçün əsaslı deyil.
27. Belə ki, işin faktiki halları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MH seriyalı, ******* №li, 30.10.2008-ci il tarixli çıxarışdan görünür ki, Yevlax şəhəri, Pişəvəri küçəsində istifadədə olan 0,094 ha torpaq sahəsində yerləşən 3A nömrəli, 1 mərtəbəli binanın 5-ci girişində, 1-ci mərtəbəsində, 138,79 kv.m ümumi, 95,5 kv.m yaşayış sahəsində ibarət 3 otaqlı 5 nömrəli mənzil tam mülkiyyət hüquq üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 161 nömrəli vərəqində qeydiyyata alınmışıdır.
28. Məhkəmə kollegiyasının tədqiqi nəticəsində müəyyən edildi ki, Yevlax şəhəri Pişəvəri küçəsi 3A, 5 nömrəli mənzil (mübahisəli mənzil) Yevlax şəhər İcra Hakimiyyətinin 04 aprel 2008-ci il tarixli, 31 nömrəli orderi ilə İddiaçı (hazırkı iş üzrə cavabdeh) və onun arvadı Cavabdeh (hazırkı iş üzrə iddiaçı) istifadəsinə verilmişdir. Cavabdeh İddiaçı 24.10.2008-ci il tarixdə mübahisəli evin iddiaçı Cavabdeh adına özəlləşdirilməsinə razılıq vermişdir. Beləliklə, mübahisəli evə 30.10.2008-ci ildə iddiaçı Cavabdeh mülkiyyət hüququ qeydə alınmışdır.
29. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun 21 dekabr 2012-ci il tarixli qərarına əsasən özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinin həmin mənzilin onlardan birinin mülkiyyətinə verilməsi haqqında razılığının olması, onların həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilə bilməz.
30. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. 31.Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi.
32. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və arvadının müdaxiləsi nəticəsində yaşadığı evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun, qarşı tərəfin isə həmin yaşayış yeri ilə bağlı hər hansı hüququ olmasın. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır.
33. Beləliklə, göründüyü kimi iddia üzrə cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuş, pozuntunun nəticələri də hal-hazıra kimi davam edir. Kollegiya qeyd edir ki, əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər.
34. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir.
35. Kollegiya onu da qeyd edir ki, mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində sonradan cavabdehin adına qeydə alınması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcud olmuş, iddiaçı və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunmuşdur. Onlar mübahisəli evdə normal şərtlər daxilində yaşadıqlarından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının evə köçürülməsindən evin birgə mülkiyyət olmamasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, iddia üzrə cavabdeh (o cümlədən apellyatora) münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər.
36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə İddiaçı Cavabdeh qarşı iddia tələbi “30.10.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə cavabdehin mülkiyyətində olan Yevlax şəhəri Pişəvəri küçəsi 3A nömrəli binanın 5 saylı mənzilinə köçürülməsi” hissəsində təmin edilməlidir.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin Yevlax Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(039)-428/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə (mənzilə köçürülmə hissəsində) ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi bu hissədə təmin edilsin. İddiaçı 30.10.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışı ilə Cavabdeh məxsus olan Yevlax şəhəri Pişəvəri küçəsi 3A nömrəli binanın 5 saylı mənzilinə köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti (elektron kabinet və vəkil vasitəsilə) verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Ayaz Mahmudov