Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-723/2020 05.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Hüseynov Mirbahəddin Mirdamət oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(019)-922/2019 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Zakir qızı tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Balakən Rayon Məhkəməsinin (hakim Zamin Tahirov) xx xxxxxx 2019-cu il tarixli 2(019)-922/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Zakir qızına qarşı “evə köçürülmə” tələbinə dair iddiası təmin edilərək İddiaçı uşaqları - xx xxx 2008-ci ildə doğulmuş X14 və xx xxxxxxxx 2011-ci ildə doğulmuş X12 ilə birlikdə Balakən rayonu Tülü kəndində yerləşən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Zakir qızına məxsus 99.6 kv.m sahədən ibarət fərdi yaşayış evinə köçürülməsiqət edilmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Zakir qızına (bundan sonra cavabdeh və ya Cavabdeh1, Cavabdeh2) qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən rayonu Tülü kəndində yerləşən Cavabdeh1 məxsus olan 1 mərtəbəli 3 otaqdan ibarət olan evə uşaqları ilə birlikdə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsinə yeni ərizə ilə müraciət edərək, onun azyaşlı uşaqları-xx xxx 2008-ci ildə doğulmuş X14 və xx xxxxxxxx 2011-ci ildə doğulmuş X12 ilə birlikdə Balakən rayonu Tülü kəndində yerləşən Cavabdeh1 və Cavabdeh2 məxsus 99.6 kv.metr yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM və ya MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən iddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, cavabdehlərin oğlu X15 ilə 2006-cı ildə qeyri-rəsmi nikahla evlənmiş, cavabdehlərin birgə nikah dövründə öz vəsaitləri hesabına tikdikləri Balakən rayonu Tülü kəndində yerləşən fərdi yaşayış evinə cavabdehlərin razılığı ilə gəlin köçmüş və cehiz əşyalarını da həmin evə gətirmişdir. Əfqan Əzimovla nikahlarını xx.xx.2008-ci ildə rəsmiləşdirmişlər. X15 ilə birgə nikahlarından xx.xx.2008-ci ildə X14 və xx.xx.2011-ci ildə X12 adında iki övladları doğulmuşdur. 2016-cı ilin martın 4-də əri X1 ağır yol qəzasında vəfat etmişdir. Bundan sonra da o, uşaqları ilə mübahisəli evdə yaşamışdır. Lakin cavabdehlər, yəni qayınatası Cavabdeh1 və qayınanası Cavabdeh2 onunla yola getməmiş, mübahisə etmiş, heç bir səbəb olmadan onu təhqir etmiş, evdən çıxmağını tələb etmişlər. xx.xx.2019-cu ildə cavabdehlər uşaqları ilə birlikdə onu evdən qovmuşlar. Həmin gündən Balakən rayonu Talalar kəndində valideynlərinin evində yaşayır. Ona məxsus cehiz və digər əşyaları, habelə uşaqların əşyaları mübahisəli evdədir. O, 2006-cı ildən xx.xx.2019-cu il tarixə kimi cavabdehlərin razılığı ilə mübahisəli evdə yaşamış, cavabdehlərin ailə üzvü kimi cavabdehlərlə ümumi təsərrüfat aparmış, qazancları və çıxarları, yemək-içməkləri bir olmuşdur. Özü və uşaqları cavabdehlərə məxsus həmin evdə qeydiyyatdadırlar. Uşaqları həmin mübahisəli evdə doğulub böyümüşlər. Hazırda cavabdehlər onu və uşaqları həmin evə buraxmırlar. Valideynlərinin evində yaşamaq üçün şəraiti yoxdur. Bu barədə kənd İƏD-nin nümayəndəsinə bildirmişdir. Hətta onu mübahisəli evə aparmış, cavabdehlərə qanunun tələbi izah edilmişdir. Onun həmin mübahisəli evə vərəsə olması izah edilmişdir. Buna baxmayaraq, cavabdehlər onu evə buraxmamışlar. Onun mərhum əri Əfqan Əzimovla rəsmi nikahı olmuşdur. O və uşaqları ərinə münasibətdə həmin əmlaka vərəsədirlər. Həmin evdə qeydiyyatdadırlar. Evin təmir bərpa işlərinə 15000 (on beş min) manat xərci çıxmışdır. Gələcəkdə evin hüquq müəyyənedici sənədini əldə etdikdən sonra vərəsəliklə bağlı iddiaları olacaqdır, hazırda evə köçürülməsini tələb edir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək təmin olunmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X5 izahatında tərəflərin azyaşlı uşaqlarının daimi yaşayış yerinin cavabdehlərə məxsus Balakən rayonu Tülü kəndində yerləşən mübahisəli ev olduğunu və həmin uşaqların başqa yaşayış yerlərinin olmadığını nəzərə alaraq, uşaqların mənafeyi naminə iddianın təmin olunmasını və uşaqların anaları ilə birlikdə mübahisəli evə köçürülməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində iş üzrə şahid qismində dindirilmiş X4 ifadə verərək göstərmişdir ki, İddiaçıX15 ilə 2006-cı ildə qeyri-rəsmi nikahla evləndiyini, cavabdehlərin birgə nikah dövründə əldə etdikləri Balakən rayonu Tülü kəndində yerləşən evinə onların razılığı ilə gəlin köçdüyünü, cehiz əşyalarını da həmin evə gətirdiyini, nikahlarını xx.xx.2008-ci ildə qeydə aldıqlarını, cavabdehlərin oğlu Əfqan ilə İddiaçı nikahlarından xx.xx.2008-cı ildə X14 və xx.xx.2011-ci ildə X12 adında iki uşaqlarının olduğunu, 2016-cı ilin martın 4-də Əfqanın keçirdiyi ağır yol qəzasında öldüyünü, bundan sonra da Şəlalənin uşaqları ilə mübahisəli evdə yaşadığını, lakin Cavabdeh1 və Cavabdeh2 Şəlalə ilə yola getmədiyini, onun evdən çıxmasını tələb etdiklərini, xx.xx.2019-cu ildə Əziz və Firəngizin Şəlaləni uşaqları ilə birlikdə evdən qovduqlarını, Şəlalənin uşaqları ilə həmin gündən Balakən rayonu Talalar kəndində valideynlərinin evində yaşadığını, Şəlaləyə məxsus cehiz və digər əşyalarının mübahisəli evdə qaldığını, Şəlalənin 2006-cı ildən xx.xx.2019-cu il tarixədək cavabdehlərin razılığı ilə mübahisəli evdə yaşadığını, cavabdehlərin ailə üzvü kimi cavabdehlərlə ümumi təsərrüfat apardığını, qazancları və çıxarlarının bir olduğunu, Şəlalənin özünün və uşaqlarının cavabdehlərə məxsus həmin evdə qeydiyyatda olduqlarını, uşaqlarının həmin mübahisəli evdə doğulduqlarını, hazırda Əziz və X3 və uşaqlarını həmin evə buraxmadıqlarını, Şəlalənin valideynlərinin evində yaşamaq üçün şəraitin olmadığını göstərmişdir. İş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(019)-922/2019 nömrəli qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(019)-922/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı cavabdehlərin mərhum oğlu Əfqanın arvadı olmuşdur. O, 2006-cı ildə mərhum Əfqan ilə qeyri-rəsmi olaraq evlənmiş, xx.xx.2008-ci ildə onlar arasında olan nikah münasibətləri rəsmiləşdirilmiş, həmin nikahdan 2 nəfər övladları dünyaya gəlmişdir. 2016-cı ilin mart ayının 4-ü iddiaçının əri vəfat etmiş, onlar arasında olan nikaha xitam verilmişdir. Bundan sonra, 4 il iddiaçı Cavabdeh1 mülkiyyətində olan mübahisəli evdə yaşamışdır. Həmin 4 il müddətində ilk öncə tərəflər mehriban yaşamış, daha sonra aralarında münasibətlər pozulmuşdur. Belə ki, Cavabdeh1 şəkərli diabet xəstəsidir, xəstəliyi ilə bağlı onda özünə qapanma yaranmış və əlavə yaşlılıq səbəbli aktiv hərəkətliliyi azalmışdır. Cavabdeh2 isə onkoloji xəstə olmaqla ağır əməliyyat keçirmişdir. Cavabdehlər əlilliyə görə əmək pensiyası alırlar və tək dolanacaq mənbələri onlara ödənilən həmin müavinətdən ibarətdir. İddiaçı zaman keçdikcə cavabdehlərin xəstəliyi və yaşlılığından istifadə edərək yaşadığı evin ona məxsus olmasını iddia etməyə başlamış, cavabdehlərə qulluq etməkdən imtina etmiş, hətta fiziki olaraq yaşayış evini iki hissəyə bölməklə yaşayışını cavabdehlərdən ayırmışdır. Onlar ayrı-ayrılıqda yeyib içməyə başlamış, hətta arsız iddiaçı yaşayış evini istədiyi zaman tərk edə biləcəyini, saatından asılı olmayaraq istədiyi vaxtda qayıda biləcəyini söyləmiş, bəzən günlərlə evə gəlməmiş, qayıdarkən öz ata evinə getdiyini bildirməklə kifayətlənmiş, bu barədə heç kimə izahat verməli olmadığını, ondan yeganə izahat ala biləcək insanın (ərinin) artıq həyatda olmadığını bildirmişdir. Zaman keçdikcə tərəflərin arasında olan bağlılıq və hörmət aradan götürülmüş, cavabdehlər və cavabdehlərin digər ailə üzvləri (oğlu və onun arvadı) ilə iddiaçı arasında mübahisələr yaranmış, iddiaçı onlara fiziki olaraq xəsarətlər yetirmiş, mübahisə nəticəsində onlar inzibati məsuliyyətə cəlb olunmuşlar. Sonuncu mübahisə zamanı iddiaçı uşaqları Əlağa və Zəhranı həmin evdə cavabdehlərin yanında qoyaraq yaşayış evini tərk etmiş, məhkəmə qaydasında onların iradəsinə zidd olaraq evi iki hissəyə böləcəyini, həmin evdə öz arzusuna uyğun yaşayacağını bildirmişdir. Cavabdehlər uşaqların öz yanında saxlamaqdan imtina etməmiş, lakin müavinət kartının onlara verilməsi barədə rayon icra hakimiyyəti başçısından kömək istəmişlər. Həmin hadisədən bir-iki gün keçməmiş, iddiaçı cavabdehlərin iradəsinə zidd olaraq yaşayış evinə gəlmiş, uşaqları zorla onlardan almış, daha sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(019)-922/2019 nömrəli qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi nəticəsində qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığmdan, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən və qətnamədə göstərilmiş nəticə işin hallarına uyğun gəlmədiyindən hesab edirik ki, məhkəmə qətnaməsi apellyasiya qaydasında ləğv edilməli və iddia tələbi rədd edilməlidir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və nümayəndəsi, eyni zamanda vəkili Nümayəndə izahatında apellyasiya şikayətinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(019)-922/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(019)- 922/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyası nümayəndəsinin iştirakını təmin etməmişdir. Məktub göndərərək işə onların iştirakı olmadan baxılmasını və müvafiq qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. AzərbaycanRespublikasınınMPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Məhkəmə kollegiyası onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Balakən rayonu Tülü kənd icra nümayəndəliyi tərəfindən xx xxxxx 2008-cü il tarixdə verilmiş AZ-İ seriyalı 388907 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X15 ilə X7rasında nikah Balakən rayonu Tülü kənd icra nümayəndəliyində xx xxxxx 2008-cü il tarixdə 13 nömrə ilə nikah qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Əzimova soyadı verilmişdir. AZE seriyalı ******** №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, Əzimova X9 rayonu Tülü kəndində qeydiyyata alınmışdır və onun yaşayış yeri Balakən rayonu Tülü kəndidir. Balakən Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxx 2008-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 124927 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx xxx 2008-cı ildə anadan olmuş, atası X15, anası İddiaçı yazılmışdır. Balakən Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxx 2011-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 747330 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx xxxxxxxx 2011-ci ildə anadan olmuş, atası X15, anası İddiaçı yazılmışdır. Balakən rayonu Tülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş 1317 nömrəli arayışda göstərilmişdir ki, İddiaçı 2006-cı ildə Cavabdeh1 məxsus 3 otaqlı evə gəlin köçüb, həmin evdə 2 övladı-oğlu X14 xx xxx 2008-ci ildə, qızı X12 xx xxxxxxxx 2011-ci ildə dünyaya gəlib, əri X15 2016-cı ildə vəfat etmişdir. xx xxxxxx 2019-cu ildə ailədə müəyyən problemlər olduğu üçün atası evində qalır. Ona aid cehiz əşyaları da mübahisəli evdədir. Balakən RİHB-nın Balakən rayonu Tülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2019-cu il tarixli 1348 №li arayışından görünür ki, Cavabdeh1 həqiqətən Balakən rayonu Tülü kənd sakinidir. 1982-ci ildə tikilmiş ev özünə məxsusdur. Onun Cavabdeh1 (özü), Cavabdeh2 Zakir qızı (arvadı), İddiaçı (gəlini), X14 (nəvəsi) və X6 (nəvəsi) ibarət ailəsi vardır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********68-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Tülü kəndində yerləşən fərdi yaşayış evi 28 №li reyestr kitabının 23 №li vərəqində xx.xx.2019-cu il tarixdə Cavabdeh1 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi idarəsi reyestr nömrəsi **********68-10301 olan, 280 invertar qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli Texniki Pasportdan görünür ki, Balakən rayonu Tülü kəndində yerləşən fərdi yaşayış evi Cavabdeh1 adına qeydiyyata alınmışdır. Balakən rayonu Tülü kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xx xxxx 2016-cı il tarixli AZ-İ 722943 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.2016-cı ildə ölmüşdür. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək göstərmişdir ki, “İddiaçı cavabdehlərə məxsus Balakən rayonu Tülü kəndində yerləşən fərdi yaşayış evinə cavabdehlərin razılığı ilə 2006-cı ildə gəlin köçərək, 2008-ci ildə isə cavabdehlərin oğlu Əfqan Əzimovla nikahını rəsmiləşdirərək, cavabdehlərin ailə üzvü olduğundan və cavabdehlərlə birlikdə yaşayıb ümumi təsərrüfat apardığından, iddiçı mübahisəli evə dair 2006-cı ildən cavabdehlərlə birlikdə faktiki sahiblik və istifadəni həyata keçirdiyindən, iddiaçının yetkinlik yaşına çatmayan uşaqları-X14 xx xxx 2008-ci il tarixdə və X12 xx xxxxxxxx 2011-ci il tarixdə həmin evdə doğulduqlarından və orada yaşadıqlarından, iddiaçının və onun uşaqlarının qeydiyyatda olduqları yer və daimi yaşayış yeri Balakən rayonu Tülü kəndində yerləşən cavabdehlərə məxsus fərdi yaşayış evi olduğundlan, İddiaçı uşaqları ilə yaşamaq üçün həmin evə köçürülməlidir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin gerçək halı ondan ibarətdir ki, iddiaçı cavabdehlərin oğlu X15 ilə 2006-cı ildə qeyri-rəsmi nikahla evlənmiş, cavabdehlərin birgə nikah dövründə inşa etdikləri Balakən rayonu Tülü kəndində yerləşən evinə cavabdehlərin razılığı ilə gəlin köçmüş və cehiz əşyalarını da həmin evə gətirmişdir. Şəlalə X2 ilə nikahlarını xx.xx.2008-ci ildə rəsmiləşdirmiş, onların birgə nikahından xx.xx.2008-cı ildə X14 və xx.xx.2011-ci ildə X12 adında iki övladları olmuşdur. 2016-cı ilin martın 4-də iddiaçının əri Əfqan keçirdiyi ağır yol qəzasında vəfat etmişdir. Bundan sonra da iddiaçı uşaqları ilə mübahisəli evdə yaşamaqda davam etmiş, cavabdehlər xx.xx.2019-cu ildə uşaqları ilə birlikdə iddiaçını evdən qovmuşlar. İddiaçı 2006-cı ildən xx.xx.2019-cu il tarixə kimi cavabdehlərin razılığı ilə mübahisəli evdə yaşamış, cavabdehlərin ailə üzvü kimi cavabdehlərlə ümumi təsərrüfat aparmış, qazancları və çıxarları, yemək-içməkləri bir olmuşdur. İddiaçının özü və uşaqları cavabdehlərə məxsus həmin evdə qeydiyyatdadırlar. Uşaqları həmin mübahisəli evdə doğulub, böyümüşlər. Hazırda cavabdehlər onu və uşaqları həmin evə buraxmırlar. İddiaçının daimi yaşayış yeri sözügedən evdir, onun əmlakı da həmin evdədir. Cavabdehlər iddiaçını evə buraxmadıqlarından o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı uşaqlarının, yəni xx xxx 2008-ci il tarixdə doğulmuş X14 və xx xxxxxxxx 2011-ci il tarixdə doğulmuş X8 qeydiyyatda olduqları yer və daimi yaşayış yeri Balakən rayonu Tülü kəndində yerləşən cavabdehlərə məxsus fərdi yaşayış evidir. İddiaçı və onun uşaqları iradələrindən asılı olmayaraq, həmin evdən istifadə edə bilmirlər, cavabdehlər tərəfindən onların həmin evə köçürülməsinə və həmin evdən istifadə etməsinə maneələr yaradılır. Kollegiya tərəfindən müəyyən edilmişdir ki, mübahisə predmeti olan 99.6 kv.metrlik ev 1982-ci ildə tikilmiş və birgə nikah dövründə birgə gəlirlər hesabına tikilən ev kimi cavabdehlərin ümumi sahiblik və istifadəsində olmuşdur. Sözügedən evə Cavabdeh1 xüsusi mülkiyyət hüquqları yalnız xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmış, o cümlədən evin yerləşdiyi 0,0525 ha torpaq sahəsi Cavabdeh2 Zakir qızı, Əzimova Könül Əziz qızı, X16 və X10 ümumi birgə mülkiyyət hüquqları xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 27-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır və əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edərsə o, yaşayış yerini itirmir. 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası MPM-in: 13.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 13.5-ci maddəsinə əsasən, belə normalar da olmadıqda məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür. 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarına əsasən 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Göründüyü kimi, tərəflər arasında mübahisəli hüquq münasibətləri 2006-cı ildə yarandığından və həmin vaxt mübahisəli Balakən rayonu Tülü kəndində yerləşən mübahisəli fərdi yaşayış evinə cavabdehlərin mülkiyət hüququ dövlət qeydiyyatına alınmadığından (Cavabdeh1 1982-ci ildə tikilmiş həmin evə mülkiyyət hüququ yalnız xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır) mübahisəyə qanunun analogiyası üzrə xx xxxxxxx 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (köhnə redaksiyada) 123-cü maddəsinin 1-ci hissəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Mənzil Məcəlləsinin (köhnə redaksiyada) 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (köhnə redaksiyada) 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (köhnə redaksiyada) 53-cü maddəsinin 3-cü hissəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (köhnə redaksiyada) 54-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri-tam həcmli fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1, 27.2 və 27.3-cü maddələrinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər; on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır; Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Göründüyü kimi, İddiaçı 2006-cı ildə mübahisəli evə heç bir qeyd-şərt göstərilmədən həmin evə faktik mülkiyyət hüquqları əsasında sahiblik və ondan istifadə edən cavabdehlərin razılığı ilə köçürülmüş, həmin şəxslərlə və orada yaşayan digər şəxslərlə birlikdə ümumi təsərrüfatı aparmaqla orada yaşamışdır. İddiaçının uşaqları da sözügedən evdə doğulub orada yaşamışlar. İddiaçı və onun uşaqlarının qeydiyyatda olduğu və daimi yaşadığı ünvan sözügedən ev olduğundan o, uşaqları Əlağa Əzimov və Zəhra Əzimova həmin evdə yaşamaq hüququ əldə etmişlər. Məhkəmə kollediyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu qeyd edir ki, məhkəmə kollegiyasının iclasında, eyni zamanda birinci instansiya məhkəməsinin iclasında tərəflərin verdikləri izahatlardan, iş materiallarından da göründüyü kimi, mübahisəli Balakən rayonu Tülü kəndində yerləşənmübahisə predmeti olan 99.6 kv.metrlik ev 1982-ci ildə tikilmiş və birgə nikah dövründə birgə gəlirlər hesabına tikilən ev kimi cavabdehlərin ümumi sahiblik və istifadəsində olmuşdur. Sözügedən ev Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********68-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli Çıxarışa ev 28 №li reyestr kitabının 23 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə Cavabdeh1 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı mübahisə predmeti olan Balakən rayonu Tülü kəndində yerləşən evə gəlin köçərkən, yəni 2006-cı ildə həmin evə dair hər hansı bir şəxsin mülkiyyət hüquqları qeydə alınmamışdır. Tərəflər 2006-cı ildən Balakən rayonu Tülü kəndində yerləşən 99.6 kv.metrlik yaşayış evində bərabər yaşamış, son illərdə yaranmış ailədaxili narazılıqlar səbəbindən iddiaçının həmin mənzildə yaşamasına cavabdehlər tərəfindən maneələr yaradılmış və o, iradəsinin ziddinə olaraq evdən getmək məcburiyyətində qalmışdır. Cavabdehlərin apellyasiya şikayəti əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdehlər də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehlərin göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməməli və Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(019)-922/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qətetdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Zakir qızı tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(019)-922/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2(107)-723/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-723/2020
05.03.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver