Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-723/2023 22.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcunun tutulması, tutmanin ipoteka predmetinə yönəldilməsi, sübutetmə yükü, ekspertiza məsələləri) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2(046)-25/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı LPO İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh kredit müqaviləsi üzrə 59206 manat əsas borcu, 2750 manat faiz borcu olmaqla, cəmi 61956 manat kredit borcu, 30 manat dövlət rüsumunun, bildirişlərin qeydə alınması üçün 31 manat dövlət rüsumunun, sənədlərin notarial qaydada təsdiqi üçün ödənilmiş 19.80 manat xidmət haqqının tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda 0.02283 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 213.1 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evi satıldıqdan 1 ay sonra onun həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 2 avqust 2018-ci il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə kreditin yenidən rəsmiləşdirilməsi üçün 300 (üç yüz) ay müddətinə, illik 6 faiz hesablanmaqla 60000 manat məbləğində kredit verilmişdir. Cavabdehlə bank arasında bağlanmış 2 avqust 2018-ci il tarixli kredit müqaviləsinin təminatı qismində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən, Cavabdeh xüsusi mülkiyyət hüququ əsasında məxsus Göyçay şəhəri, 8 Mart küçəsi, dalan 1 ünvanında istifadədə olan 0.02283 torpaq sahəsində yerləşən ümumi sahəsi 213.1 kvadrat metr olan 6 nömrəli fərdi yaşayış evi banka ipotekaya qoyulmuş. Bu barədə cavabdehlə 2 avqust 2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi bağlanmış və buna əsasən AR ƏMDK yanında DƏDRX tərəfindən həmin müqavilə qeydiyyata alınaraq, qeyd olunan orqan tərəfindən qeydiyyat tarixi xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli ipoteka yüklülüyünə dair çıxarış verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməmiş, iddiaçıya kredit razılaşması üzrə cəmi 61956 manat kredit borcu qalmışdır. Cavabdehə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq müqavilədən irəli gələn öhdəlikləri icra etməmişdir. Bundan başqa, iddiaçı məhkəməyə müraciət edərəkən 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 31 manat dövlət rüsumu və 19.80 manat xidmət haqqı ödəmişdir. Buna görə də məhkəmədən xahiş etmişdir ki, tələbin təmin edilməsi barədə qətnamə qəbul edilsin. Birinci instansiya məhkəməsində icraat Göyçay Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2(046)-25/2022 saylı qətnaməsi (hakim İ.Fəttahov) ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh kredit müqaviləsi üzrə 59206 manat əsas borc, 2750 manat faiz borcu olmaqla, cəmi 61956 manat kredit borcunun, 30 manat dövlət rüsumunun, bildirişlərin qeydə alınması üçün 31 manat dövlət rüsumunun, sənədlərin notarial qaydada təsdiqi üçün ödənilmiş 19.80 manat xidmət haqqının tutularaq LPO İddiaçı ASC-nin xeyrinə verilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus ünvan 2 ünvanda 0.02283 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evi açıq hərracda satılaraq əldə edilmiş vəsaitdən cavabdehin banka olan kredit borcunun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 90000 manat məbləğində müəyyən edilməsi və açıq hərracda satıldıqdan sonra 1 ay ərzində boşaldılması, iş üzrə ekspertiza xərci olan 165 manat məbləğində pulun Cavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; LPO İddiaçı ASC ilə Cavabdeh arasında illik 6 faiz olmaqla 300 ay müddətinə, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 60000 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmış, həmin müqavilənin təminatı kimi Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanda 0.02283 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi LPO İddiaçı ASC ilə Cavabdeh bağladığı kredit müqaviləsinin təminatı kimi iddiaçınin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit razılaşması üzrə kredit borcunu iddiaçıya qaytarmadığına görə LPO İddiaçı ASC həmin borcun ipoteka ilə yüklü edilmiş Cavabdeh ünvan 2 ünvanda 0.02283 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini açıq hərracda satılaraq əldə edilən vəsaitdən kredit borcunun ödənilməsini və həmin fərdi yaşayış evinin boşaldılmasını tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia təmin edilməli, Cavabdeh kredit müqaviləsi üzrə 59206 manat əsas borc, 2750 manat faiz borcu olmaqla, cəmi 61956 manat kredit borcu, 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 31 manat dövlət rüsumu, sənədlərin notarial qaydada təsdiqi üçün ödənilmiş 19.80 manat xidmət haqqı tutulmalı, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus ünvan 2 ünvanda 0.02283 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməli, fərdi yaşayış evinin ilkin satış qiyməti 90000 manat məbləğində müəyyən edilməli, fərdi yaşayış evi hərracda satılaraq iddiaçıya olan borc ödənilməli, fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra 1 ay müddətinə həmin fərdi yaşayış evi boşaldılmalıdır. İş üzrə ekspertiza xərcləri olan 165 manat məbləğində pul Cavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Eyni zamanda birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1 və 448.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları; Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(046)-25/2022 nömrəli qətnaməsi ilə ondan kredit müqaviləsi üzrə 59206 manat əsas borc, 2750 manat faiz borcu olmaqla, cəmi 61956 manat kredit borcu, 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 31 manat dövlət rüsumu, sənədlərin notarial qaydada təsdiqi üçün ödənilmiş 19.80 manat xidmət haqqı tutularaq LPO İddiaçı ASC-nin xeyrinə verilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus ünvan 2 ünvanda 0.02283 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evi açıq hərracda satılaraq əldə edilmiş vəsaitdən cavabdehin banka olan kredit borcunun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 90000 manat məbləğində müəyyən edilməsi və açıq hərracda satıldıqdan sonra 1 ay ərzində boşaldılması qət edilmişdir. Lakin işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən ünvan 2 ünvanda 0.02283 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini ipoteka ilə yüklü edilməsinə dair xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinin etibarlı olub-olmaması müəyyən edilməmişdir. Göründüyü kimi, məhkəmə maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, nəticədə xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinin etibarlı olub-olmaması müəyyən edilməmişdir. Bununla da məhkəmə Mülki Məcəllənin 337.1-ci maddəsinin və Mülki Məcəllənin 339-cı maddəsinin tətbiqində səhvə yol vermişdir. Odur ki, Göyçay Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2(046)-25/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamənin çıxarılamsını xahiş etmişdir. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmaqlarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının hazırkı iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəmə kollegiyasına məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1- ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2- ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: Həmin Məcəllənin 14.2.1- ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Belə ki, cavabdeh Göyçay Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2(046)-25/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamənin çıxarılamasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Göyçay Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2(046)-25/2022 saylı qətnaməsini mübahisələndirilən hissədə apellyasiya şikayətinin həcmində yoxlayır Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2(046)-25/2022 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. Belə ki, cavabdehin dəlilləri formal mülahizələrə əsaslanır və heç bir hüquqi əsası yoxdur. Kollegiyanın iclasında müəyyən edildi ki, AtaBank” ASC ilə Cavabdeh arasında bağlanmış 2 avqust 2018-ci il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə kreditin yenidən rəsmiləşdirilməsi üçün 300 (üç yüz) ay müddətinə, illik 6 faiz hesablanmaqla 60000 manat məbləğində kredit verilmişdir. Cavabdehlə bank arasında bağlanmış 2 avqust 2018-ci il tarixli kredit müqaviləsinin təminatı qismində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən, Cavabdeh xüsusi mülkiyyət hüququ əsasında məxsus Göyçay şəhəri, 8 Mart küçəsi, dalan 1 ünvanında istifadədə olan 0.02283 torpaq sahəsində yerləşən ümumi sahəsi 213.1 kvadrat metr olan 6 nömrəli fərdi yaşayış evi banka ipotekaya qoyulmuş. Bu barədə cavabdehlə 2 avqust 2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi bağlanmış və buna əsasən AR ƏMDK yanında DƏDRX tərəfindən həmin müqavilə qeydiyyata alınaraq, qeyd olunan orqan tərəfindən qeydiyyat tarixi xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli ipoteka yüklülüyünə dair çıxarış verilmişdir. Apellyator verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən Göyçay şəhəri, 8 Mart küçəsi, dalan 1 ünvanında istifadədə olan 0.02283 torpaq sahəsində yerləşən fərdi yaşayış evini ipoteka ilə yüklü edilməsinə dair xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinin etibarlı olub-olmaması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası apellyatorun bu dəlili ilə razılaşmır. İstənilən bir tələblə bağlı iddia icraatının ən əsas və vacib vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının məhkəmə tərəfindən müəyyən olunması vəzifəsidir (MPM.m.2.1, 5.1). Məhkəmə bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Çünki məhkəmələrin ən əsas və ümdə vəzifəsi pozulmuş hüquqların bərpasını təmin etməkdir. Hüququn pozulubpozulmadığı isə qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilir. Bu səbəblə də müqaviləyə istinad olunaraq hər hansı bir tələb irəli sürüldüyü təqdirdə, məhkəmə icraatının ilk vəzifəsi və aydınlıq gətirməsi lazım gələn xüsusat həmin müqavilənin etibarlı olub-olmadığının müəyyənləşdirilməsidir. Çünki iddia tələbinin əsaslandığı müqavilənin etibarsız olması birbaşa həmin müqavilə üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə haqq (hüquq) və öhdəliyin yaranmadığını göstərir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, LPO İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi Cavabdeh ilə ipoteka müqaviləsi bağlanmış, Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanda 0.02283 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh məxsus ünvan 2 ünvanda 0.02283 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2018-ci il tarixdə ipoteka müqaviləsi bağlanarkən Göyçay Rayon Notariat Kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş və müqaviləni tərəflər, eyni zamanda Cavabdeh şəxsən özü imza etmişdir. Digər tərəfdən kollegiya qeyd edir ki, apellyator verdiyi apellyasiya şikayətində ipoteka müqaviləsinin nəyə görə etibarsız hesab edilməsini əsaslandırmamışdır. Yəni hansı səbəblə (müqavilədəki imzanın ona məxsus olmamaması, ipoteka müqaviləsinin notarial qaydada təsdiq edilməməsi və s.) əsaslar üzrə. Kollegiyanın qənaətinə görə apellyator xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair hər hansı sübut növü məhkəmə kollegiyasına təqdim etməmişdir. Buna görə də məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətində qeyd edilən dəlillər ilə razılaşmır və hesab edir ki, şikayət əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Göyçay Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2(046)-25/2022 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2(046)-25/2022 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-723/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-723/2023
22.06.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver