Məhkəmə qərarları › İş №2(107)-723/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-723/2025

15.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-723/2025 15.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Sadiqov Zülfüqar Əhməd oğlu və X1 ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılması tələbinə dair” mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 28 aprel 2025-ci il tаrixli, e-2(051)-436/2025 saylı qətnаməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İş materiallarında olan "xxxx" ASC-nin Yasamal filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********17 saylı tam kart müqaviləsinin 9.6-cı maddəsində qeyd edilir: Müştəri təsdiq edir ki, Standart şərtlərdə nəzərdə tutulmuş şərtlərlə texniki overdraft baş verdiyi təqdirdə mövcud kredit xəttinin müddəti çərçivəsində ABB tərəfindən birtərəfli qaydada texniki overdraft məbləği qədər kredit xətti məbləğinin artırılmasına, kredit xətti mövcud deyilsə, başlanılma (texniki overdraftın yarandığı gün) və bitmə tarixləri arasında ən azı 1 (bir) gün müddət saxlanılmaqla ABB tərəfindən birtərəfli qaydada texniki overdraft məbləği qədər kredit xətti təyin edilməsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 356-cı maddəsinin tələbləri nəzərə alınmaqla qabaqcadan razılıq verir. Müştəri bu razılığı heç bir halda ləğv etməyəcəyini bəyan edir.

2. İş materiallarında olan cavabdehə ünvanlanmış bildirişdən görünür ki, cavabdehə borcu xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur.

3. İş materiallarında olan əsassız varlanmanı əks etdirən arayışdan görünür ki, cavabdehin banka olan borcu 92.08 manat əsas borc, 4.46 manat faiz borcu olmaqla, cəmi 96.54 manat təşkil edir.

4. İş materiallarında olan hesab haqqında məlumatdan görünür ki, xx.xx.2024-cü il tarixində cavabdehin hesabında 2.61 manat vəsait olduğu halda 65.53 manat vəsaitdən istifadə etmiş, daha sonra xx.xx.2024-cü il tarixində 1.67 manat, 28.81 manat vəsaitdən istifadə etmişdir. xx.xx.2024-cü il tarixində 0.23 qəpik, xx.xx.2024-cü il tarixində 0.17 qəpik, xx.xx.2024-cü il tarixində 0.92 qəpik olmaqla, cəmi 1.32 manat məbləğində cavabdeh tərəfindən ödənişlər edilmişdir. Overdraft 92.08 manat göstərilmişdir.

II. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə əsas borc üzrə 92.08 manat, faiz borcu üzrə 4.46 manat (faiz dərəcəsi 5 % olmaqla), cəmi 96.54 manat borcun, o cümlədən 30 manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(051)-436/2025 saylı qərardadı ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat materialları iddia icraatına keçirilmişdir.

7. İddia tələbi belə əsaslandırılmışdır ki, "xxxx" ASCnin Yasamal filialı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli, BPM**********17 saylı tam kart müqaviləsi bağlanmışdır. Texniki overdraft - müştəriyə overdraftın təqdim edilməsi barədə tərəflər arasında razılaşma olmadığı halda tam kart vasitəsilə kart/cari hesabının qalığından artıq məbləğdə əməliyyatların aparılmasıdır. Adı çəkilən müqavilənin 9.6-cı maddəsində qeyd edilir: Müştəri təsdiq edir ki, Standart şərtlərdə nəzərdə tutulmuş şərtlərlə texniki overdraft baş verdiyi təqdirdə mövcud kredit xəttinin müddəti çərçivəsində ABB tərəfindən birtərəfli qaydada texniki overdraft məbləği qədər kredit xətti məbləğinin artırılmasına, kredit xətti mövcud deyilsə, başlanılma (texniki overdraftın yarandığı gün) və bitmə tarixləri arasında ən azı 1 (bir) gün müddət saxlanılmaqla ABB tərəfindən birtərəfli qaydada texniki overdraft məbləği qədər kredit xətti təyin edilməsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 356-cı maddəsinin tələbləri nəzərə alınmaqla qabaqcadan razılıq verir. Müştəri bu razılığı heç bir halda ləğv etməyəcəyini bəyan edir. Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlərin 1.11-ci maddəsi Texniki overdraft - Müştəriyə Overdraftın təqdim edilməsi barədə Müştərinin müraciəti olmadığı halda Ödəniş kartı/Əlavə kart vasitəsilə Kart hesabının qalığından artıq məbləğdə əməliyyatların, o cümlədən akseptsiz və ya təkrar silinmə, valyuta məzənnəsinin dəyişdirilməsi və ya digər texniki əməliyyatların aparılması və bunun nəticəsində hesabda yaranan mənfi qalıq həcmində pul vəsaitinin milli və xarici valyuta olmasından asılı olmayaraq illik maksimum 30% dərəcəsi ilə kreditləşdirilməsi. Texniki overdraft üzrə faizlərin hesablanmadığı güzəşt müddəti Texniki overdraftın yarandığı gündən 45 gün, faizlərin hesablandığı maksimum müddət çərçivəsi isə 46-120-ci günlər aralığı hesab olunur, 121-ci gündən etibarən faizlərin hesablanması dayandırılır. Standart Şərtlərin Kredit/Kredit xəttinə aid müddəaları Texniki overdraft üzrə kreditləşməyə də şamil edilir. Bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış sənədindən göründüyü kimi xx.xx.2024-cü il tarixində müştərinin hesabında 2.61 manat vəsait olduğu halda 65.53 manat vəsaitdən istifadə edərək, 62.92 manat əsassız olaraq varlanmışdır. Daha sonra xx.xx.2024-cü il tarixində 1.67 manat, 28.81 manat vəsaitdən istifadə edərək, 93.40 manat əsassız olaraq varlanmışdır. Eyni zamanda xx.xx.2024-cü il tarixində 0.23 qəpik, xx.xx.2024-cü il tarixində 0.17 qəpik, xx.xx.2024-cü il tarixində 0.92 qəpik olmaqla, cəmi 1.32 manat məbləğində müştəri tərəfindən ödənişlər edilmişdir. Bankın Yasamal filialı tərəfindən təqdim edilmiş xx.xx.2024cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh banka əsas borc üzrə 92.08 manat, faiz borcu üzrə 4.46 manat (faiz dərəcəsi 5 % olmaqla), cəmi 96.54 manat borcu mövcuddur. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh xx.xx.2024-cü il tarixində xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. İddia müddətinin buraxılması ilə bağlı qeyd etmişdir ki, iddia müddəti buraxılmamışdır. Belə ki, təqdim edilmiş hesabdan çıxarış sənədi və maliyyə arayışından göründüyü kimi texniki overdraft xx.xx.2024-cü il tarixində yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsində qeyd edilir: Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Göründüyü kimi əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin geri qaytarılmasına dair iddia tələbləri üzrə iddia müddəti 2 il təşkil edir. İddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında olan məhkəmə münasibəti kredit müqaviləsi ilə bağlı deyildir. xx.xx.2024-cü il tarixində texniki overdraft yaranmış, bank tərəfindən xx.xx.2025-ci il tarixində məhkəməyə müraciət edilmişdir. Göründüyü kimi qanunvericilikdə müəyyən edilmiş 2 illik iddia müddəti keçməmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış etiraz ərizələrində göstərilmişdir ki, 2024-cü ilin 09 yanvar tarixində supermarketdə alış-veriş etdikdən sonra ABB-nin əməkdaşı tərəfindən ona artıq pul köçürüldüyü barədə zəng gəldi. Bundan sonra onun kartında da vəsaiti var idi, o vəsaiti nağdlaşdırıb ailəsi üçün xərclədi. Bank hər hansısa əməliyyatda xəta edibsə, bu onun yox, birbaşa bu əməliyyatı həyata keçirən bank işçisinin təqsiridir. Bank özü bu pulu öz əməkdaşından tutmalı idi. Bu məsələnin bir tərəfidir. Onun hazırda ABB-dən istehlak krediti var və hər ay gecikmə olmadan ödəyir. ABB-dən onun adına heç bir kredit kartı olmamışdır. Halbuki kredit kartı üzrə əlavə olaraq ona faiz borcu da hesablanmışdır. Bank onun hüquqlarını kobud surətdə pozur. Ona guya dekabr ayında bildiriş göndərildiyi və onun bu bildirişə imza çəkdiyi qeyd olunub. Bildirir ki, bu tamamilə əsassızdır və belə bir şey olmamışdır. Ona göndərilən bildiriş rəsmi formada çatmamışdır. Qoşma şəklində poçt qəbzinə imza atılması barədə sənəd göstərilib, o onun imzası deyildir, saxtadır. Əgər zərurət görünürsə, ekspertiza təyin edilməsin, lakin işlədiyi üçün kağıza gedib qol çəkməyə zamanı yoxdur. Ona rəsmi bildiriş təqdim edilmədiyindən, hesab edir ki, məhkəmədən əvvəl pretenziya qaydasına əməl edilməmişdir. İddiaçının iddia etdiyi əsassız varlanma hadisəsinin baş verdiyi tarix 09 yanvar 2024-cü il tarixə təsadüf edir. Beləliklə, 13 yanvarda iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 745.4-cü maddəsinə əsasən Borcverənin kredit müqaviləsindən irəli gələn tələbləri üzrə iddia müddəti bir ildir. Buradan görünür ki, iddiaçı iddia müddətini bir ili ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Bank tərəfindən tətbiq olunan əlavə 4.46 manat faiz borcu tamamilə əsassızdır. Çünki onun kartı kredit kartı deyil, debet, yəni boş kart idi. Hazırda 500 manat əməkhaqqı alır. Hər ay 223 manat ABB kredit, 200 manata yaxın kirayə, yol xərci və digər xərcləri var. Eyni zamanda ahıl ana və atasına da yardım edir. Maddi vəziyyəti hazırda hər hansı əlavə ödənişin ondan tutulmasına imkan vermir. İddiaçının iddiası təmin olunduğu təqdirdə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşəcəkdir. Odur ki, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Birinci instansiya məhkəməsində işə tərəflərin iştirakı olmadan baxılmışdır.

10. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Nemət Paşayev) 28 aprel 2025-ci il tаrixli, e-2(051)-436/2025 saylı qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh 92.08 (doxsan iki manat, səkkiz qəpik) manat əsas, 4.46 (dörd manat, qırx altı qəpik) manat faiz borcu olmaqla, cəmi 96.54 (doxsan altı manat, əlli dörd qəpik) manat məbləğində pul alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməsi, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməsi, Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul və 0,40 (qırx qəpik) manat xidmət haqqı alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməsi qət edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 427.3, 1091.1, 1091.2, 1093.1, 1091.1, 1095-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

12. İş üzrə qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, ...09 yanvar 2024-cü il tarixində supermarketdə alışveriş etdikdən sonra ABB-nin əməkdaşı tərəfindən ona artıq pul köçürüldüyü barədə zəng gəlmişdir. Bundan sonra onun kartında da vəsaiti var idi o vəsaiti nağdlaşdırıb üçün xərcləmişdir. Bank hər hansısa əməliyyatda xəta edibsə bu onun yox birbaşa bu əməliyyatı həyata keçirən bank işçisiniz təqsiridir. Bank özü reqress qaydada bu pulu öz əməkdaşından tutmalı idi. Bu məsələnin bir tərəfidir. Bildirir ki, onun hazırda ABB-dən istehlak krediti var və hər ay gecikmə olmadan ödəyir. ABB-dən onun adına heçbir kredit kartı olmamışdır. Halbuki cavabdeh kredit kartı üzrə əlavə olaraq ona faiz borcu da hesablamışdır. Bu birbaşa qanunsuzluq və özbaşınalıqdır. Vətəndaş razılığı olmadan, müqavilələrlə xırda mikroskopla oxunmayacaq hərflərlə yazıblarsa, artıq buna deyəcək söz yoxdur, məhkəmənin hüquqi qiymət verəcəyi məsələdir. Bank vətəndaşları süründürür, onun kontitusion və digər hüquqları kobud surətdə pozur, hədələyir və s. İş üzrə onda kifayət qədər yazışmalar, ona məxsus olan tam kart debet kartının statusu(hansı ki bank onu bilərək özbaşına kredit kartına çevirib birbaşa) mövcuddur. Cavabdeh tərəfindən mənə guya dekabr ayında bildiriş göndərildiyi və mənim bu bildirişinə imza çəkdiyim qeyd olunub. Bildirir ki, bu tamamilə əsassızdır və belə bir şey olmamışdır. Cavabdeh tərəfindən göndərilən bildiriş ona rəsmi formada çatmamışdır. Qoşma şəklində poçt qəbzinə imza atılması barədə sənəd göstərilib, o onun imzası deyildir, saxtadır. Cavabdeh tərəfindən ona rəsmi bildiriş təqdim edilmədiyindən hesab edir ki, cavabdeh məhkəmədən əvvəl pretenziya qaydasına əməl etməmişdir. Çünki qanun qeyd edir ki, cavabdeh o bildirişi borcluya rəsmi təqdim etməli, borclu onunla tanış olmalı, xəbərnamədə imza olmalıdır. Bu cavabdehin iddiasının uğursuz olmasının və mümkün sayılmamasının 1-ci göstəricisidir. Göstərilənlərə əsasən Mingəçevir Şəhər Məhkəməsinin 28 aprel 2025-ci il tаrixli, e- 2(051)-436/2025 saylı qətnaməsinin ləğv olunaraq iddianın rədd edilməsi və ödənilmiş 15.40 dövlət rüsumunun iddiaçıdan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə yazılı etiraz daxilolmamışdır.

15. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Tərəflər hər biri ayrıayrılıqda məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə kollegiyasının iclasında iştirak etməyəcəklərini bildirmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

16. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

17. İş üzrə cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı verilmiş apellyasiya şikayətinə münasibətdə tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

18. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

20. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

21. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

22. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

23. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

24. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

25. Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

30. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

31. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

35. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin 28 aprel 2025-ci il tаrixli, e- 2(051)-436/2025 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

37. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

38. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

39. Müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixində cavabdehin hesabında 2.61 manat vəsait olduğu halda 65.53 manat vəsaitdən istifadə etmiş, daha sonra xx.xx.2024cü il tarixində 1.67 manat, 28.81 manat vəsaitdən istifadə etmişdir. xx.xx.2024-cü il tarixində 0.23 qəpik, xx.xx.2024-cü il tarixində 0.17 qəpik, xx.xx.2024-cü il tarixində 0.92 qəpik olmaqla, cəmi 1.32 manat məbləğində cavabdeh tərəfindən ödənişlər edilmişdir. Cavabdeh banka əsas borc üzrə 92.08 manat, faiz borcu üzrə 4.46 manat (faiz dərəcəsi 5 % olmaqla), cəmi 96.54 manat borcu yaranmışdır.

40. Göründüyü kimi "xxxx" ASC-nin Yasamal filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********17 saylı tam kart müqaviləsinin 9.6-cı maddəsində qeyd edilir: Müştəri təsdiq edir ki, Standart şərtlərdə nəzərdə tutulmuş şərtlərlə texniki overdraft baş verdiyi təqdirdə mövcud kredit xəttinin müddəti çərçivəsində ABB tərəfindən birtərəfli qaydada texniki overdraft məbləği qədər kredit xətti məbləğinin artırılmasına, kredit xətti mövcud deyilsə, başlanılma (texniki overdraftın yarandığı gün) və bitmə tarixləri arasında ən azı 1 (bir) gün müddət saxlanılmaqla ABB tərəfindən birtərəfli qaydada texniki overdraft məbləği qədər kredit xətti təyin edilməsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 356-cı maddəsinin tələbləri nəzərə alınmaqla qabaqcadan razılıq verir. Müştəri bu razılığı heç bir halda ləğv etməyəcəyini bəyan edir. xx.xx.2024-cü il tarixində cavabdehin hesabında 2.61 manat vəsait olduğu halda 65.53 manat vəsaitdən istifadə etmiş, daha sonra xx.xx.2024-cü il tarixində 1.67 manat, 28.81 manat vəsaitdən istifadə etmişdir. xx.xx.2024-cü il tarixində 0.23 qəpik, xx.xx.2024-cü il tarixində 0.17 qəpik, xx.xx.2024-cü il tarixində 0.92 qəpik olmaqla, cəmi 1.32 manat məbləğində cavabdeh tərəfindən ödənişlər edilmişdir. Texniki overdraft - müştəriyə overdraftın təqdim edilməsi barədə tərəflər arasında razılaşma olmadığı halda tam kart vasitəsilə kart/cari hesabının qalığından artıq məbləğdə əməliyyatların aparılmasıdır. Bu da o nəticəyə gəlməyə əsas verir ki, cavabdeh iddiaçının hesabına əsassız varlanmışdır.

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisəyə iddia müddətinin tətbiq edilməməsi barədə dəlilini əsassız sayaraq qeyd edir ki, hazırkı iddia tələbinə əsassız varlanma obyektini qaytarmaq üçün müddətin keçməsi şamil edilməməlidir. Belə ki, texniki overdraft xx.xx.2024-cü il tarixdə yaranmış, iddiaçı isə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir.

42. Kollegiya qeyd edir ki, cavabdeh iddiaya etirazında və apellyasiya şikayətində iddiaçının (ABB-nin) əməkdaşı tərəfindən onun kartına səhv olaraq artıq pulun köçürüldüyünü və karta köçürülmüş həmin vəsaiti nağdlaşdırıb xərclədiyini etiraf edir. Bankın əməliyyatı həyata keçirən əməkdaşın inzibati məsuliyətə cəlb etmək səlahiyyəti olsa da, cavabdeh ona artıq ödənilmiş vəsaiti (pulu) geri qaytarmaqda mükəlləf olmuş, lakin bunu etməmişdir.

43. Birinci instansiya məhkəməsi iddia müddətinin keçməsi ilə bağlı qeyd etmişdir ki, hazırkı iddia tələbinə əsassız varlanma obyektini qaytarmaq üçün müddətin keçməsi şamil edilməməlidir. Belə ki, texniki overdraft xx.xx.2024-cü il tarixdə yaranmış, iddiaçı isə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

44. Kollegiya birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşaraq əlavə olaraq qeyd edir ki, cavabdeh apellyasiya şikayətində Mülki Məcəllənin 745.4-cü maddəsinə istinad edərək borcverənin kredit müqaviləsindən irəli gələn tələbləri üzrə iddia müddəti bir il olduğunu, iddiaçının həmin müddəti ötürdükdən sonra sonra məhkəməyə müraciət etdiyini də göstərmişdir.

45. Kollegiya həmin dəlillə bağlı da qeyd edir ki, cavabdehin istinad etdiyi Mülki Məcəllənin 745.4-cü maddəsi 1 oktyabr 2023-cü il tarixdən qüvvəyə minmişdir. Tərəflər arasında hüquq (öhdəlik) münasibətləri isə həmin tarixdən əvvəl (xx.xx.2022-ci il) yaranmışdır.

46. Birinci instansiya məhkəməsi, həmçinin iddiaçının məhkəmədən əvvəl pretenziya qaydasına əməl etməməsi ilə bağlı cavabdehin etiraz ərizəsində istinad etdiyi dəlillərə münasibətdə qeyd etmişdir ki, cavabdeh öz etirazında ona rəsmi qaydada bildiriş göndərilməsini, iddia ərizəsinə əlavə edilmiş qəbzdə olan imzaının da onun tərəfindən icra edilməməsini göstərmişdir. Bununla belə cavabdeh öz etirazında bu halın xəttşünaslıq ekspertizası ilə aradan qaldırılmasını qeyd etmiş, lakin onun imza nümunələri vermək üçün vaxtının olmamasına görə ekspertiza təyin edilməsini xahiş etməmişdir. Bununla belə məhkəmə cavabdeh tərəfə məhkəmə iclasında iştirak etməsinin zəruriliyini bildirsə də, cavabdeh işə onun iştirakı olmadan iddia müddətini tətbiq etməklə baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə bildirişin alınmasına dair iddia ərizəsinə əlavə edilmiş qəbzi, iddiaçının məhkəmədən əvvəl pretenziya qaydasına əməl etməsini təsdiq edən sübut kimi qiymətləndirmişdir. Ona görə də cavabdehin etiraz ərizəsində istinad etdiyi dəlillər əsaslı deyildir.

47. Cavabdeh apellyasiya şikayətində də həmin dəlili qabartsa da, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.

48. Kollegiya birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyirazılaşaraq, həmi dəlili əsassız sayır. Belə ki, qanunun tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (bax: 26-cı bənd).

49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

50. Məhkəmə kollegiyası apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlili ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur.

51. Ona görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir.

52. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.

53. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

54. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

55. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 28 aprel 2025-ci il tаrixli, e- 2(051)-436/2025 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

56. Qətnamənin mübahisələndirilən hissəsi beş min manatdan az təşkil etdiyindən hazırkı qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 28 aprel 2025-ci il tаrixli, e-2(051)-436/2025 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar