Məhkəmə qərarları › İş №2(107)-729/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-729/2021

11.02.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-729/2021 11.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Salmanov Əli Sabir oğlunun katibliyi ilə İddiaçılar Əhmədova (Süleymanova) Kəmalə Mövlüd qızının və Əhmədzadə (Süleymanova) Aşurey Şaban qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ümumi birgə mülkiyyətdə olan kənd təsərrüfatı və həyətyanı təyinatlı torpaq sahələri üzərində payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-141/2020 nömrəli qətnaməsindən Maraqlı şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçılar Əhmədova (Süleymanova) Kəmalə Mövlüd qızı və Əhmədzadə (Süleymanova) Aşurey Şaban qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əhmədova (Süleymanova) Kəmalə Mövlüd qızı, Əhmədzadə (Süleymanova) Aşurey Şaban qızı və Cavabdeh1 ümumi birgə mülkiyyətində olan 91,13,0 kv.m kənd təsərüffatı təyinatlı torpaq sahəsində, İddiaçı1 və İddiaçı2 isə 0,21 ha həyətyanı torpaq sahəsində isə İddiaçı2 payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(033)-141/2020 saylı qətnaməsi (hakim T. Həsənov) ilə iddia ərizəsi təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrində 39 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********98-10301 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh1, X2, X3 və X1 məxsus Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0.1931 ha həyətyanı torpaq sahəsindən iddiaçı Əhmədzadə (Süleymanova) Aşurey Şaban qızının 1/4 hissədən ibarət olmaqla payının müəyyən edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrində 111 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********91 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh1, iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,9113 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən (əkin) iddiaçı Əhmədova (Süleymanova) Kəmalə Mövlüd qızının 1/3 hissədən və iddiaçı Əhmədzadə (Süleymanova) Aşurey Şaban qızının 1/3 hissədən ibarət olmaqla paylarının müəyyən edilməsi, İddiaçı2 tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(033)-141/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Аpelyаsiyа Məhkəməsinin Mülki kоllegiyаsının xx xxxx 2020-ci il tarixli, 2(107)- 1004/2020 nömrəli qətnaməsinə əsasən iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmədən Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(033)-141/2020 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnması qət edilmişdir. İddiaçılar Əhmədova (Süleymanova) Kəmalə Mövlüd qızının və Əhmədzadə (Süleymanova) Aşurey Şaban qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ümumi birgə mülkiyyətdə olan kənd təsərrüfatı və həyətyanı təyinatlı torpaq sahələri üzərində payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-141/2020 nömrəli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs1 yenidən apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Məhkəmə kollegiyası təqdim olunmuş apellyasiya şikayətini iş materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, hazırki iş üzrə apellyasiya şikayəti qeyrimümkün hesab edilməlidir. Bununla bağlı kollegiya aşağıdakıları qeyd edir. Belə ki, mülki işin materialları araşdırılarkən müəyyən olunur ki, iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-141/2020 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermiş və Şəki Аpelyаsiyа Məhkəməsinin Mülki kоllegiyаsının xx xxxx 2020-ci il tarixli, 2(107)-1004/2020 nömrəli qətnaməsi ilə iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmədən Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(033)-141/2020 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. Həmin qətnamədən kassasiya şikayəti verilməmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)- 141/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi xx.xx.2020-ci il tarixdə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 46-cı maddəsinə əsasən tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir. Həmin Məcəllənin 47.2-ci maddaəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə qərarlarından şikayət etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinin tələbinə görə həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Qanunvericiliyin yuxarıda göstərilən müddəalarının mənasından da göründüyü kimi qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Lakin təqdim olunmuş iş materiallarından göründüyü kimi Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-141/2020 nömrəli qətnaməsi artıq qanuni qüvvəyə minmiş, hətta Zaqatala Rayon Məhkəməsinin 2(033)-141/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi icra edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi İdarəsinə göndərilmişdir. Kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Hətta ilkin mərhələdə mümkün sayılmış apellyasiya şikayəti, aparılmış araşdırmalar zamanı sonradan da qəbul olunmamış hesab oluna və qeyri-mümkün sayıla bilər. Mülki mühakimə icraatının hamılıqla qəbul edilmiş prosessual qənaət prinsipi də bunu tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair xx xxxxxxx 2020-ci il tarixli Qərardadına əsasən məhkəmə tərkibinin mövqeyi ondan ibarət olmuşdur ki;

41. Qeyd edilənlər baxımından məhkəmə tərkibi belə qənaətə gəlir ki, məhkəmələrin eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam, yaxud müəyyən hissədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının mübahisənin digər tərəfinin şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, bu şikayətlərə baxılması yolverilməz hesab edilməklə geri qaytarılmalıdır.

42. Məhkəmə tərkibi qeyd edir ki, şikayətin bu əsasla geri qaytarılması apellyasiya instansiyası məhkəmələri tərəfindən şikayətin mümkünlüyünün yoxlanılması mərhələsində, onun qeyri-mümkün hesab edilməsinə dair qərardadın qəbulu yolu ilə, kassasiya instansiyası məhkəməsi tərəfindən isə şikayətin icraata qəbulu mərhələsində şikayətin icraata qəbulundan imtina haqqında qərardadın qəbulu yolu ilə həyata keçirilməlidir. Qərardadın 44-cü bəndində həmçinin qeyd edilmiuşdir ki, apellyasiya instansiyası məhkəməsi qeyri-mümkünlük haqqında qərardadı qəbul etməklə yanaşı, şikayət verən tərəfə mübahisələndirmək istədiyi həmin hissənin kassasiya qaydasında yoxlanılmadığı halda kassasiya şikayəti vermək hüququnu izah etməlidir. Belə ki, hər bir halda apellyasiya instansiyası məhkəməsi özünün qanuni qüvvədə olan və mübahisələndirilməyən qətnaməsi mövcud olduğu halda işə eyni hissədə digər tərəfin şikayəti əsasında yenidən baxmaqla həmin qətnamə ilə müəyyən edilmiş halları təkzib edə biləcək yeni qətnamə çıxarmaq imkanına malik olmadığından, həmin iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız kassasiya instansiyası məhkəməsində mübahisələndirilə bilər. Çünki, məhkəmənin qəbul etdiyi qərarın hüquqa zidd olduğunu və onun qanuni qüvvəsini itirməsini yalnız qanunla müəyyən edilmiş qaydada müvafiq yuxarı instansiya məhkəməsi müəyyən edə bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.İbrahimovanın şikayəti üzrə 2017-ci il 08 iyun tarixli Qərarı). Həmin qərardadın nəticə hissəsinin 3-cü bəndinə görə məhkəmə aktlarının apelyasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş apelyasiya şikayəti (və ya şikayətləri) apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən qeyri-mümkün hesab edilməlidir. Beləlilkə, məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, hazırki halda apellyasiya instansiyası məhkəməsi özünün qanuni qüvvədə olan və mübahisələndirilməyən qətnaməsi mövcud olduğundan işə eyni hissədə digər tərəfin şikayəti əsasında yenidən baxmaqla həmin qətnamə ilə müəyyən edilmiş halları təkzib edə biləcək yeni qətnamə çıxarmaq imkanına malik olmadığından, həmin iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız kassasiya instansiyası məhkəməsində mübahisələndirilə bilər. Belə ki, yuxarıda qeyd edildiyi kimi məhkəmənin qəbul etdiyi qərarın hüquqa zidd olduğunu və onun qanuni qüvvəsini itirməsini yalnız qanunla müəyyən edilmiş qaydada müvafiq yuxarı instansiya məhkəməsi müəyyən edə bilər. Odur ki, hazırki apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və maraqlarına toxunan şəxs Maraqlı şəxs1 Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətaməsindən kassasiya şikayəti vermək hüququ izah edilməlidir. Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-368-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-141/2020 nömrəli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması yolverilməz (qeyri-mümkün) hesab edilməklə geri qaytarılsın. Qərardaddan tərəflər onu aldıqdan sonra 10 (on) gün müddətinə Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar