Məhkəmə qərarları › İş №2(107)-746/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-746/2020

10.03.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-746/2020 10.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; Ərizəçi - Ərizəçi iştirakı ilə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(037)-369/2019 saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Dövlət X9 İsmayıllı rayon şöbəsi tərəfindən verilmiş apelyasiya şikаyətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(037)-369/2019 saylı qətnaməsi ilə (hakim Rəfayel Şirinov) ərizə təmin edilmiş, Ərizəçi 1971-ci ilin yanvar ayından 1975-ci ilin noyabr ayınadək və 1978-ci ilin yanvar ayından 1988-ci ilin dekabr ayının sonunadək Ermənistan Respublikası Vardenis rayon Qoşabulaq kənd “Qoşabulaq” kolxozunda çoban işləməsi faktının müəyyən edilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyаsının xx xxxxxx 2019-cu il tarixli, 2(107)-2223/2019 saylı qətnaməsi ilə maraqlı şəxs Dövlət X9 İsmayıllı rayon şöbəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli, 2(037)-369/2019 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, Ərizəçi 1971-ci ilin yanvar ayından 1975-ci ilin noyabr ayınadək və 1978-ci ilin yanvar ayından 1988-ci ilin dekabr ayının sonunadək Ermənistan Respublikası Vardenis rayon Qoşabulaq kənd “Qoşabulaq” kolxozunda çoban işləməsi faktının müəyyən edilməsinə dair ərizəsinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(102)-8047/2019 saylı qərarı ilə Ərizəçi Hüseyn oğlunun kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyаsının xx xxxxxx 2019cu il tarixli, 2(107)-2223/2019 saylı qətnaməsi ləğv edilmiş və işin yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşin halları: Ərizəçi (bundan sonra ərizəçi) məhkəməyə müraciət edərək 1971-ci ilin yanvar ayından 1975-ci ilin noyabr ayınadək və 1978-ci ilin yanvar ayından 1988-ci ilin dekabr ayının sonunadək Ermənistan Respublikası Vardenis rayon Qoşabulaq kənd “Qoşabulaq” kolxozunda çoban işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək göstərmişdir ki, o, 1955-ci ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1971-ci ilin yanvar ayından 1975-ci ilin noyabr ayınadək Ermənistan Respublikasının Vardenis rayon Qoşabulaq kənd “Qoşabulaq” kolxozunda çoban işləmişdir. 1975-ci ilin noyabr ayında hərbi xidmətə getmiş, 1977-ci ilin dekabr ayında hərbi xidmətdən qayıtmışdır. Hərbi xidmətdən qayıtdıqdan sonra 1978-ci ilin yanvar ayından 1988-ci ilin dekabr ayının sonunadək göstərilən kolxozda çoban kimi əmək fəaliyyətini davam etdirmişdir. Məlum hadisələrlə bağlı 1989-cu ilin yanvar ayının əvvəlindən məcburi köçkün düşərək İsmayıllı rayonun Soltankənd kəndində məskunlaşmışdır. Hal-hazırda da həmin kənddə yaşayır. Məcburi köçkün düşərkən özü ilə heç bir sənəd götürə bilməmişdir. İşlədiyi dövrlərə dair əmək kitabçası olmadığından həmin illərin iş stajının qanunvercilikdə nəzərdə tutulmuş qaydada onun sosial sığorta stajı kimi istifadəsinə maneəçilik yaradır. Göstərdiyi illərdə “Qoşabulaq” kolxozunda işləməsi faktının müəyyən edilməsi yalnız məhkəmə qətnaməsi əsasında mümkündür. Ona görə də ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında maraqlı tərəf Azərbaycan Respublikası Dövlət X9 İsmayıllı rayon şöbəsinin nümayəndəsi X11 iş üzrə hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi və məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, ərizəçi 1971-ci ilin yanvar ayından 1975-ci ilin noyabr ayınadək və 1978-ci ilin yanvar ayından 1988-ci ilin dekabr ayının sonunadək Ermənistan Respublikası Vardenis rayon Qoşabulaq kənd “Qoşabulaq” kolxozunda çoban işləməsi ilə bağlı əmək stajının sosial sığorta stajı kimi nəzərə alınmasını xahiş etmişdir. Lakin ərizəçi əmək kitabçasını təqdim etməmişdir. “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığorta olunanların sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Ərizəçinin əmək kitabçası olmadığından onun göstərilən illərdə həmin kolxozda işlədiyi dövrlərin sosial sığorta stajı kimi nəzərə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət X9 İsmayıllı rayon şöbəsi apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri: Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, ərizəçi 1971-ci ilin yanvar ayından 1975-ci ilin noyabr ayınadək və 1978-ci ilin yanvar ayından 1988-ci ilin dekabr ayının sonunadək Ermənistan Respublikası Vardenis rayon Qoşabulaq kənd “Qoşabulaq” kolxozunda çoban işləməsi ilə bağlı əmək stajının sosial sığorta stajı kimi nəzərə alınmasını xahiş etmişdir. Lakin ərizəçi əmək kitabçasını təqdim etməmişdir. “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(037)- 369/2019 saylı qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi apelyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi və İsmayıllı Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(037)-369/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Azərbaycan Respublikası Dövlət X9 İsmayıllı rayon şöbəsi məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli, 2(037)- 369/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X3 birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsinə uyğun ifadə verərək bildirmişdir ki, o, 1956-cı ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuşdur. Məlum hadisələrdən sonra qaçqın düşərək İsmayıllı rayonun Soltankənd kəndi ərazisində məskunlaşmışdır. Ərizəçini Ermənistan Respublikasında yaşadıqları vaxtlardan tanıyır. Belə ki, ərizəçi onun həmyerlisi və iş yoldaşı olmuşdur. O, Vardenis rayon “Qoşabulaq” kolxozunda sürücü, ərizəçi isə çoban işləmişlər. Ərizəçi də digər həmyerliləri kimi məlum hadisələrlə əlaqədar ailə üzvləri ilə birlikdə İsmayıllı rayonun Soltankənd kəndi ərazisinə köçmüşdür. O, ərizəçinin 1971-ci ilin yanvar ayından 1975-ci ilin noyabr ayınadək və 1978-ci ilin yanvar ayından 1988-ci ilin dekabr ayının sonunadək Ermənistan Respublikası Vardenis rayon Qoşabulaq kənd “Qoşabulaq” kolxozunda çoban işləməsi işləməsi faktını təsdiq edir. Əlavə olaraq bildirmişdir ki, qaçqın düşüərkə əmək kitаbçаsı özündə оlduğu üçün оnu gətirə bilmişdir.Həmin vаxt Qоşаbulаq kоlxоzunun sədri əvvəlcə Ənvər Nuriyev, sоnrа isə Əli Həsənоv və başqaları оlmuşlar.Kolxozun qoyunçuluq fermasının briqаdiri Əli Dаvudоv оlub. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X4 və Süleymanov Telman oğlu da əvvəlki şahid X1 ifadəsinə uyğun ifadə vermişlər. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, 1956-cı ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş, məlum hadisələrdən sonra məcburi köçkün düşərək İsmayıllı rayonun Soltankənd kəndi ərazisində məskunlaşmışdır. Ərizəçini Ermənistan Respublikası ərazisində yaşadıqları vaxtlardan tanıyır. Ərizəçi 1971-ci ilin yanvar ayından 1975-ci ilin noyabr ayınadək onunla birlikdə Vardenis rayon Qoşabulaq kənd “Qoşabulaq” kolxozunda çoban işləmişdir. Ərizəçi 1975-1977-ci illərdə hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra 1978-ci ilin yanvar ayından 1988-ci ilin dekabr ayının sonunadək göstərilən kolxozda əmək fəaliyyətini çoban kimi davam etdirmişdir. Ərizəçinin göstərilən illərdə Ermənistan Respublikası Vardenis rayon “Qoşabulaq” kolxozunda çoban işləməsi faktını təsdiq edir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, 1939-cu ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş, məlum hadisələrdən sonra məcburi köçkün düşərək İsmayıllı rayonun Soltankənd kəndi ərazisində məskunlaşmışdır. Ərizəçi onunla birlikdə Vardenis rayon “Qoşabulaq” kolxozunda çoban işləmişdir. O, ərizəçinin 1971-ci ilin yanvar ayından 1975-ci ilin noyabr ayınadək və 1978-ci ilin yanvar ayından 1988-ci ilin dekabr ayının sonunadək Ermənistan Respublikası Vardenis rayon Qoşabulaq kənd “Qoşabulaq” kolxozunda çoban işləməsi faktını təsdiq edir. İş materiallarına əlavə edilmiş ərizəçiyə məxsus AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, o, xx xxxxxx 1955-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuşdur və İsmayıllı rayon Polis Şöbəsi tərəfindən ona xx xxxxxxxx 2005-ci il tarixdə Ərizəçi adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. İş materiallarına əlavə edilmiş İsmayıllı rayon İHB-nın Soltankənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş 71 nömrəli arayışdan görünür ki, ərizəçi İsmayıllı rayonun Soltankənd kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. İş materiallarına əlavə edilmiş ərizəçiyə məxsus H3 ******* nömrəli hərbi biletin surətindən görünür ki, ərizəçi xx xxxxxx 1975-ci il tarixdən xx xxxxxx 1977-ci il tarixədək keçmiş sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. İş materiallarına əlavə edilmiş şahid X2 məxsus İsmayıllı rayon Polis Şöbəsi tərəfindən xx xxx 2008-ci il tarixdə verilmiş AZE 06253743 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, o, xx xxxxxx 1951-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuşdur və İsmayıllı rayonun Soltankənd kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş şahid X5 məxsus İsmayıllı rayon Polis Şöbəsi tərəfindən xx xxxxxxx 2010-cı il tarixdə verilmiş AZE 08401958 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, o, xx xxxxxx 1956-cı il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuşdur və İsmayıllı rayonun Soltankənd kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş şahid X6 məxsus İsmayıllı rayon Polis Şöbəsi tərəfindən xx xxxxxxx 2005-ci il tarixdə verilmiş AZE 04218336 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, o, xx xxxxxxx 1939-cu il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuşdur və İsmayıllı rayonun Soltankənd kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş şahid X2 məxsus APM ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, Ermənistan Respublikası Vardenis rayon Qoşabulaq kolxozunda işləmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, ərizəçi 1955-ci ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş, orta məktəbi bitirdikdən sonra 1971-ci ilin yanvar ayından 1975-ci ilin noyabr ayınadək Ermənistan Respublikasının Vardenis rayon Qoşabulaq kənd “Qoşabulaq” kolxozunda çoban işləmişdir. 1975-ci ilin noyabr ayında hərbi xidmətə getmiş, 1977-ci ilin dekabr ayında hərbi xidmətdən qayıtdıqdan sonra 1978-ci ilin yanvar ayından 1988-ci ilin dekabr ayının sonunadək “Qoşabulaq” kolxozunda çoban işləmişdir. Məlum hadisələrlə bağlı məcburi köçkün düşərək İsmayıllı rayonun Soltankənd kəndində məskunlaşmış, hazırda da orada yaşayır. Ərizəçinin 1971-ci ilin yanvar ayından 1975-ci ilin noyabr ayınadək və 1978-ci ilin yanvar ayından 1988-ci ilin dekabr ayının sonunadək Ermənistan Respublikası Vardenis rayon Qoşabulaq kənd “Qoşabulaq” kolxozunda çoban işləməsinə dair əmək kitabçası yoxdur. Onun həmin illərdə Vardenis rayon “Qoşabulaq” kolxozunda işləməsi faktının müəyyən edilməsi yalnız məhkəmə qətnaməsi əsasında mümkündür. Ərizəçi ərizəsində bu faktın tanınmasının ona yaşa görə pensiya təyin edilməsi üçün lazım olduğunu qeyd etmişdir. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; Göründüyü kimi, qüvvədə olan qaydalara əsasən yalnız əmək fəaliyyətinə dair sənədlər üzrlü səbəblərdən təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, əmək stajı məhkəmə qaydasında müəyyən edilə bilər. Hazırkı iş üzrə ərizəçinin əmək fəaliyyətinə dair sənədləri üzürlü səbəbdən yəni milli münaqişə ilə bağlı Ermənistan Respublikasını tərk etmək məcburiyyətində qaldığına görə təqdim edə bilməməsi və həmin sənədləri başqa qaydada almağın mümkün olmaması aşkardır və bu fakt yalnız məhkəmə qaydasında müəyyən edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin istinad etdiyi həmin sənədlərin surətləri mülki iş materiallarına əlavə edilmişdir Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsininbəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 08 saylı qərarının 13.4-cü bəndinə əsasən, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilibedilməməsinə xüsusi diqqət yetirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 104.1-cü maddəsinə əsasən şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Göründüyü kimi, şahid ifadələri sübutların bir növüdür və ərizəçinin tələbini təsdiq etmək üçün şahid ifadələri də sübut hesab olunur və digər sübut növlərinin şahid ifadəsindən üstünlüyü qanunvericiliklə müəyyən edilməmişdir. Mülki Prossesual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli, 2(037)-369/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Azərbaycan Respublikası Dövlət X9 İsmayıllı rayon şöbəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli, 2(037)-369/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən ərizəçi və maraqlı şəxs tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Mirbahəddin Hüseynov Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar