Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-747/2023 12.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 iştirakı ilə, Şəki Rayon Məhkəməsinin 10 may 2023-ci il tarixli, 2(075)-1333/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2023-cü il tarixli, 3-29/31-251K/2023 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə Şəki şəhər 22 saylı Körpələr Evi - uşaq bağçasının müdiri vəzifəsinə bərpa edilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Belə ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2023-cü il tarixli 3-29/3-1-251K/2023 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə Şəki şəhər 22 saylı Körpələr Evi - uşaq bağçasının müdiri vəzifəsinə bərpa edilməsini xahiş etsə də, iş materiallarına əlavə edilmiş əmrdən görünmüşdür ki, əmək müqaviləsini ləğv edən orqan olan cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhərində yerləşir. Belə olduğu halda iddia cavabdehin rəsmi qeydiyyata alındığı yerin məhkəməsinə verilməlidir. Şəki Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli, 2(075)-1333/2023 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2nə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı «əmrin ləğv edilməsi, işə bərpa» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Şəki Rayon Məhkəməsinin 10 may 2023-ci il tarixli, 2(075)-1333/2023 saylı qərardadından İddiaçı şikayət verərək, Şəki Rayon Məhkəməsinin 10 may 2023-ci il tarixli, 2(075)-1333/2023 saylı qərardadının ləğv edilməsi barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin yuxarıda qeyd edilən qərardadı qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Şəki Rayon Məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmaq mümkün deyil. Belə ki, Şəki Rayon Məhkəməsi xx.xx.2023cü il tarixli, 2(075)1333/2023 saylı qərardadının 1-ci vərəqinin sonuncu abzasının 2-ci cümləsində qeyd etmişdir ki, “İddiaçı işdən azad olma əmrini Elm və Təhsil Naziri verdiyi halda iş üzrə Şəki Regional Təhsil İdarəsi işə götürən və hazırki iş üzrə əmr verən orqan olmamaqla iddiaya cavab verməli olmadığından iddiaya Şəki Rayon Məhkəməsində baxılmamalıdır.” X2 İdarəsinin Əsasnaməsinin 4.1.4-cü bəndində qeyd edilmişdir ki, idarə təsdiq edilmiş nomenklatur çərçivəsində kadrları vəzifəyə təyin və ya vəzifədən azad etmək, onların barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada mükafatlandırma, həvəsləndirmə, və intizam tənbehi tədbirləri görmək hüququna malikdir. X2 İdarəsinin Əsasnaməsinin yuxarıda qeyd edilən bəndlərindən də müəyyən olunduğu kimi, kadrları vəzifəyə təyin və ya vəzifədən azad etmək idarənin hüququ, əmək münasibətlərinin rəsmiləşdirilməsində qanunvericiliyin tələblərinə riayət olunmasına, əmək müqaviləsi üzrə elektron bildirişlərin bir iş günü ərzində elektron informasiya sistemində qeydiyyata alınmasına nəzarəti təmin etmək isə idarənin vəzifəsidir. İddia ərizəsində X2 İdarəsini cavabdeh qismində göstərməyi düzgün olub-olmaması məsələsi hər bir halda tərəflərin çəkişmə prinsipinə riayət edilməklə işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində müzakirə edilməli idi. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 167.1.2 və 167.1.4-cü maddələrinə əsasən hakim tərəflərə təqdim olunmuş yazılı sənədləri tamamlamağı, zərurət olduqda təqdim olunmuş yazılı materiallarla bağlı izahlar verməyi, habelə iş üçün əhəmiyyətli olan sənədləri və digər sübutları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməyi təklif edir, birgə cavabdehlərin və birgə iddiaçıların və ya üçüncü şəxslərin işə daxil olması məsələsini, habelə əsl olmayan tərəfin əvəz edilməsi məsələsini həll edir. Birinci instansiya məhkəməsi isə ona qarşı qərəzli mövqe nümayiş etdirərək prosessual qanunvericiliyin tələblərini kobud surətdə pozmuşdur. Odur ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(075)-1333/2023 saylı qərardadı qanunsuz və əsassız olmaqla yanaşı, Azərbaycan Respublikası MPM-nin tələbləri kobud şəkildə pozulmaqla qəbul edildiyindən ləğv edilməlidir. Şəki Rayon Məhkəməsinin 19 may 2023-ci il tarixli, 2(075)-1333/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 10 may 2023-ci il tarixli, 2(075)-1333/2023 saylı qərardadı ləğv edilməli və Şəki Rayon Məhkəməsinin 10 may 2023-ci il tarixli, 2(075)-1333/2023 saylı qərardadından İddiaçı verdiyi şikayətə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yerləşdiyi qeydiyyat ünvanı Bakı şəhəri ərazisində yerləşdiyindən, hazırki iddia ərizəsinə ərazi aidiyyəti qaydalarına uyğun olaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalıdır. Kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini bu əsasla geri qaytarmaq barədə qərardad qəbul edərkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə maddi və prosessual hüquq normalarının pozulmasına yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin tələbinə görə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. İddia ərizəsindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin tələbinə riayət etməmiş, iddia bir neçə cavabdehə qarşı verilməsinə baxmayaraq onların hər birinə qarşı yönələn tələb barədə iddia ərizəsində hər hansı bir qeyd aparmamışdır. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi, yuxarıda qeyd edilən nörmalarda iddia ərizəsinin bu əsasla qaytarılması nəzərdə tutulmamışdır. İşin bu halı iddia tələbinin cavabdehlərdən birinə münasibətdə rədd edilməsi üçün əsas ola bilərdir. Ona görə də kollegiya hesab edir ki, Şəki Rayon Məhkəməsinin 10 may 2023-ci il tarixli, 2(075)-1333/2023 saylı qərardadı ləğv edilməli, yeni qərardad qəbul edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Şəki Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 395-400, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Şəki Rayon Məhkəməsinin 10 may 2023-ci il tarixli, 2(075)-1333/2023 saylı qərardadı ləğv edilsin. Yeni qərardad qəbul edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Şəki Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərаrdаddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-747/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-747/2023
12.06.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver