Məhkəmə qərarları › İş №2(107)-751/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-751/2023

17.08.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-751/2023 17.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzildə yaşamağa mane olan hərəkətlərə son qoyulması, mənzilin boşaldılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- mənzildə yaşamağa mane olan hərəkətlərə son qoyulması, mənzilin boşaldılması, subyektiv hüquq, 3-cü şəxs) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X6 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi İddiaçı, Cavabdeh və nümayəndəsi, həmçinin vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildə yaşamağa mane olan hərəkətlərə son qoyulması, mənzilin boşaldılması” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 6 aprel 2023-cü il tarixli, 2(051)-613/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilinə daxil olmağına və orada yaşamağına mane olan hərəkətlərin qadağan edilməsi, cavabdehin ailə üzvlərinin və əşyalarının həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ona 15 fevral 1980-ci il tarixdə Mingəçevir şəhər XDS İcraiyyə komitəsinin, arxiv fondunun sənədlərinə əsasən ev bölgüsü aparılaraq, 297 saylı Qərara əsasən Mingəçevir şəhəri, H.Əliyev prospektində 76 nömrəli binanın 51 nömrəli mənzili verilmişdir, əvvəl oradan ona 2 otaqlı 32, 78 kv.m-lik mənzil verilsə də, sonradan onu Maraqlı şəxsnə çağıraraq xahiş etmişlər ki evini rus qadınına məxsus digər 2 otaqlı məhləli ev ilə dəyişsin. Ona görə ki, həmin rus qadının yoldaşı erməni olub və ölüb, indi də qonşu uşaqlar onu daşlayır, o da qorxudan çölə çıxa bilmir. Onun da həmin qadına yazığı gəldiyi üçün mənzilini dəyişmişdir. Ona verilən evi də kredit alaraq təmir etdirmişdir. Hazırda XDS İcraiyyə komitəsinin arxiv fondunun sənədlərinə əsasən ev bölgüsü aparılaraq onların 297 saylı Qərarına əsasən verilən Mingəçevir şəhəri, H.Əliyev prospektində 76 nömrəli evin 51 nömrəli mənzilinin qaytarılmasını istəyir. Hazırda orada Cavabdeh yaşayır. Hesab edir ki, cavabdeh və ailə üzvləri əşyalarla birgə həmin evdən çıxarılmalıdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin 6 aprel 2023-cü il tarixli, 2(051)-613/2023 saylı qətnaməsi ilə (hakim N.Paşayev) iddianın təmin edilməmisi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Mingəçevir şəhəri, Lenin (indiki H.Əliyev) prospektindəki 76 nömrəli evin 51 nömrəli mənzili Mingəçevir şəhər X11 İcraiyyə Komitəsinin 15 fevral 1980-ci il tarixli 68 nömrəli qərarı ilə üç nəfər ailə tərkibi ilə İddiaçı verilmişdir. Mingəçevir şəhər XDS İcraiyyə komitəsinin 15 fevral 1980-ci il tarixli, 68 saylı qərarı ilə İddiaçı adına ev bölgüsü qeyd edilmişdir. Mingəçevir şəhər X11 İcraiyyə Komitəsinin 27 iyul 1989-cu il tarixli 297 nömrəli qərarı ilə iddiaçı həmin mənzili hal-hazırda yaşadığı M.Müşfiq küçəsindəki 7 nömrəli evin 2 nömrəli mənzilin sahibi X13 ilə dəyişmişdir. Daha sonra həmin mənzil X5 tərəfindən Cavabdeh satılmışdır. Cavabdeh isə həmin mənzili X2. Hazırda həmin mənzil X7 mülkiyyətindədir. Bununla belə iddiaçı hazırda həmin mənzilə daxil olmağına və yaşamağına mane olan hərəkətlərin qadağan edilməsini, həmçinin cavabdehin və onun ailə üzvlərinin əşyaları ilə birlikdə həmin mənzildən çıxarılmasını tələb edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Mingəçevir şəhəri, Lenin (indiki H.Əliyev) prospektindəki 76 nömrəli evin 51 nömrəli mənzili Mingəçevir şəhər X11 İcraiyyə Komitəsinin 15 fevral 1980-ci il tarixli 68 nömrəli qərarı ilə üç nəfər ailə tərkibi ilə İddiaçı verilmişdir. Mingəçevir şəhər XDS İcraiyyə komitəsinin 15 fevral 1980-ci il tarixli, 68 saylı qərarı ilə İddiaçı adına ev bölgüsü qeyd edilmişdir. Mingəçevir şəhər X11 İcraiyyə Komitəsinin 27 iyul 1989-cu il tarixli 297 nömrəli qərarı ilə iddiaçı həmin mənzili hal-hazırda yaşadığı M.Müşfiq küçəsindəki 7 nömrəli evin 2 nömrəli mənzilin sahibi X13 ilə dəyişmişdir. Daha sonra həmin mənzil X5 tərəfindən Cavabdeh satılmışdır. Cavabdeh isə həmin mənzili X2. Hazırda həmin mənzil X7 mülkiyyətindədir. Bununla belə iddiaçı hazırda həmin mənzilə daxil olmağına və yaşamağına maneə olan hərəkətlərin qadağan edilməsini, həmçinin cavabdehin və onun ailə üzvlərinin əşyaları ilə birlikdə həmin mənzildən çıxarılmasını tələb edir. İşin müəyyən edilmiş hallarına görə iddiaçı mülkiyyətçi olmadığına görə hazırkı iddia tələbini irəli sürməkdə subyektiv hüquqa malik olmamış, yəni subyektiv hüququn birinci elementi olan hüquqi ixtiyar yaranmamış, subyektiv hüququn ikinci və üçüncü elementləri isə birinci elementin mövcudluğu ilə bağlı olduğundan, iddiaçının cavabdehdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu hal isə onu deməyə əsas verir ki, iddiaçının hazırkı iddianı irəli sürərkən subyektiv hüququ mövcud olmamışdır. Belə olan halda birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008–ci il tarixli Qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 5.1 və 218.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, ona 15 fevral 1980-ci il tarixdə Mingəçevir şəhər XDS İcraiyyə komitəsinin arxiv fondunun sənədlərinə əsasən ev bölgüsü aparılaraq onların 297 saylı Qərarına əsasən Mingəçevir şəhəri, H.Əliyev prospektində k 76 nömrəli evin 51 nömrəli mənzili verilmişdir. Əvvəl oradan ona 2 otaqlı 32, 78 kv.m-lik mənzil verilsə də, sonradan onu İcra Hakimiyyətinə çağırdılar, xahiş elədilər ki, evini rus qadınına məxsus digər 2 otaqlı məhləli ev ilə dəyişdirsin. Bu məsələdə sənədləşmə işlərini Nəsirova Gülzar aparmışdır. Orderi də o vermişdir. O, da həmin erməniyə yazığı gəldiyindən evi dəyişmiş, evi dəyişəndə də o vaxtkı raspalkom Adil Məmmədovun təkidi ilə dəyişmişdir. Ona verilən evi də təmir etdirmiş, 4 dəfə kredit götürmüşdür. İndi o, XDS İcraiyyə komitəsinin arxiv fondunun sənədlərinə əsasən ev bölgüsü aparılaraq onların 297 saylı Qərarına əsasən verilən Mingəçevir şəhəri, H.Əliyev prospektində 76 nömrəli evin 51 nömrəli mənzilinin qaytarılmasını istəyir. Hazırda orada Cavabdeh yaşayır. Onun iddiasına görə ev Sədaqətindir. O, tələb edir ki, ailə üzvləri ilə, əşyalarla birgə həmin evdən çıxarılsınlar. MPM-nin 88-ci maddəsi ilə “Məhkəmə sübutlara оbyektiv, qərəzsiz, hərtərəfli və tam baхdıqdan sоnra həmin sübutlara tətbiq edilməli hüquq nоrmalarına müvafiq оlaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyən edilmiş qüvvəsi yохdur. Birinci instansiyası məhkəməsi tərəfindən iş üzrə sübutlar düzgün qiymətləndirilməmişdir. Ona görə də Mingəçevir Şəhər Məhkəməsinin 6 aprel 2023-cü il tarixli, 2(051)-613/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh nümayəndəsi, həmçinin vəkili Vəkil məhkəməyə etiraz ərizəsi göndərərək qeyd etmişdir ki, iddia tələbi tam qanunsuz və əsassızdır. İddianın heç bir hüquqi əsası yoxdur. İddiaçı iddia ərizəsində özüdə etiraf etmişdir ki, ona XDS-nin qərarı ilə ev verilmiş, sonradan həmin ev dəyişdirilmiş və başqa şəxsə verilmişdir. Mənzil Cavabdeh tərəfindən xx.xx.2022-ci ildə X3 alınmış, xx.xx.2023-cü il tarixdə isə X1. Hazırda nə sözügedən iddianın nə də həmin mənzilin cavabdehə heç bir hüquqi aiddiyyatı yoxdur. Bundan əlavə iddiaçının hüquqi anlamda heç bir əsası yoxdur. Belə ki, iddiaçının heç vaxt mülkiyyət hüquqları olmamış və onun Mingəçevir şəhəri H.Əliyev prospekti 76 saylı evin, 51 saylı mənzilinə münasibətdə hər hansı sərəncam və ya istifadə hüquqları yoxdur. Uzun illər əvvəl satılmış və ya dəyişdirilmiş mənzilə görə onun və ya digər mülkiyyətçilərin hüquqlarının pozulması qanunsuzdur. Bu cür iddialar yalnız onun hüquqlarımı pozur və məhkəmələrin əlavə yüklənməsinə səbəb olur. Bundan əlavə mülkiyyət hüquqları toxunulmazdır və digər əmlak hüquqlarından daha üstün tutulur. Ona görə də onun mülkiyyət hüquqları üstün hüquq kimi götürülməli, mənzili satmağına baxmayaraq mülkiyyət hüquqlarının üstünlüyü nəzərə alınmalıdır. Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsi tam əsaslıdır. Belə ki, məhkəmə iclaslarında dəfələrlə sözügedən iş üzrə araşdırma aparılmış və iddiaçının tələbinin əsassız olması öz əksini tapmışdır. İddiçı nə məhkəmə iclasında, nə də apelyasiya şikayətində tələbini əsaslandırmamış və yalnız söz toplusundan ibarət şikayət yazmaqla öz tələbini əsaslandırmağa çalışmışdır. Bundan əlavə iddiaçı MM-nin 228-ci maddəsini göstərsə də həmin maddənin ona heç bir aiddiyyatı yoxdur. Sözügedən hüquq mülkiyyətçilərə aiddir və onunla bağlı qanunvericiliyi sadalamağa ehtiyac yoxdur. Odur ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə etiraz ərizəsi göndərərək qeyd etmişdir ki, İddiaçı Cavabdeh, Maraqlı şəxsnə qarşı “mənzildə yaşamağa mane olan hərəkətlərə son qoyulması, mənzilin boşaldılması” tələbinə dair mülki iş üzrə Mingəçevir şəhər Məhkəməsinin 06 aprel 2023-cü il tarixli 2(051)-613/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti ilə tanış olub hesab edirlər ki, İddiaçı tələbi və apellyasiya şikayətinin dəlilləri əsassızdır. Vətəndaş Camalova X10 şəhəri H.Əliyev prospektindəki 76 nömrəli evin iki otaqlı 51 nömrəli mənzilinin ona qaytarılması ilə bağlı bilavasitə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ünvanına ərizə ilə müraciət etmiş, onun ərizəsi xx.xx.2022-ci il tarixdə baxılması üçün şəhər İcra Hakimiyyətinə daxil olmuş və baxılmışdır. Müəyyən edilmişdir ki, şəhərin Lenin (indiki H.Əliyev) prospektindəki 76 nömrəli evin iki otaqlı, yaşayış sahəsi 32,78 kv.metr olan 51 nömrəli mənzili Mingəçevir şəhəri X11 İcraiyyə Komitəsinin 15 fevral 1980-ci il tarixli 68 nömrəli qərarı ilə üç nəfər ailə tərkibi ilə İddiaçı verilmişdir. Mingəçevir şəhər X11 İcraiyyə Komitəsinin 27 iyul 1989-cu il tarixli 297 nömrəli qərarı ilə İddiaçı həmin mənzili hal-hazırda yaşadığı M.Müşfiq küçəsindəki 7 nömrəli evin 2 otaqlı 2 nömrəli mənzili ilə vətəndaş X13 ilə dəyişmişdir. Bununla da o, H.Əliyev prospektindəki 76 nömrəli evin 51 nömrəli mənzilinə olan hüquqlarını itirmişdir. Müraciətlə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə şifahi sorğu edilmiş və xidmətdən cavab verilmişdir ki, Mingəçevir şəhəri H.Əliyev prospekti ev 76 mənzil 51 xidmətin elektron baza sistemində xüsusi mənzil kimi qeyd edilib və mənzilin mülkiyyətçisi X5 göstərilmişdir. Göründüyü kimi vətəndaş İddiaçı Mingəçevir şəhəri H.Əliyev prospektindəki 76 nömrəli evin 51-ci mənzilinə heç bir hüququ yoxdur. Qeyd olunanlara əsasən hesab edirlər ki, Mingəçevir Məhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-613/2023 saylı qətnaməsi əsaslıdır və Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasından qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etmişlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 6 aprel 2023-cü il tarixli, 2(051)-613/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və nümayəndəsi, həmçinin vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini və Mingəçevir Şəhər Məhkəməsinin 6 aprel 2023-cü il tarixli, 2(051)-613/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarı; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətlərindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir. Mingəçevir Şəhər Məhkəməsinin 6 aprel 2023-cü il tarixli, 2(051)-613/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə apellyasiya şikayətinin dəlilləri həddində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 6 aprel 2023-cü il tarixli, 2(051)-613/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Mingəçevir şəhəri, Lenin (indiki H.Əliyev) prospektindəki 76 nömrəli evin 51 nömrəli mənzili Mingəçevir şəhər X11 İcraiyyə Komitəsinin 15 fevral 1980-ci il tarixli 68 nömrəli qərarı ilə üç nəfər ailə tərkibi ilə İddiaçı verilmişdir. Mingəçevir şəhər XDS İcraiyyə komitəsinin 15 fevral 1980-ci il tarixli, 68 saylı qərarı ilə İddiaçı adına ev bölgüsü qeyd edilmişdir. Mingəçevir şəhər X11 İcraiyyə Komitəsinin 27 iyul 1989-cu il tarixli 297 nömrəli qərarı ilə iddiaçı həmin mənzili hal-hazırda yaşadığı M.Müşfiq küçəsindəki 7 nömrəli evin 2 nömrəli mənzilin sahibi X13 ilə dəyişmişdir. Daha sonra həmin mənzil X5 tərəfindən Cavabdeh satılmışdır. Cavabdeh isə həmin mənzili X2. Hazırda həmin mənzil X7 mülkiyyətindədir. Bununla belə iddiaçı hazırda həmin mənzilə daxil olmağına və yaşamağına maneə olan hərəkətlərin qadağan edilməsini, həmçinin cavabdehin və onun ailə üzvlərinin əşyaları ilə birlikdə həmin mənzildən çıxarılmasını tələb edir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin bu dəlili əsassızdır və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Birinci instansiya məhkəməsi iddianı əsassız sayarkən eyni vaxtda Azərbaycan Respublikası Mülki Məcəllənin mülkiyyət hüququn müdafiəsi ilə bağlı 157.2-ci maddəsinə, həmçinin Avropa Məhkəməsinin mülkiyyət hüququ ilə bağlı presedent hüququna istinad etmişdir. Mülki hüquq münasibətlərində iddiaçı cavabdehdən, yəni hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərini tənzim edən qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. İşdə olan Mingəçevir Şəhər XDS İK tərəfindən xx.xx.1980-ci il tarixdə verilmiş 68 saylı qərardan çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri, H.Əliyev prospektində 76 nömrəli evin 51 nömrəli mənzili İddiaçı verilmişdir. İşdə olan Mingəçevir Şəhər XDS İK tərəfindən xx.xx.1989-cu il tarixdə verilmiş 297 saylı qərardan çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri, H.Əliyev prospektində 76 nömrəli evin 51 nömrəli mənzili X14 verilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı ünvanlanmış 1788 saylı məktubdan görünür ki, şəhərin Lenin (indiki H.Əliyev) prospektindəki 76 nömrəli evin iki otaqlı, yaşayış sahəsi 32,78 kv.metr olan 51 nömrəli mənzili Mingəçevir şəhər X11 icraiyyə Komitəsinin 15 fevral 1980-ci il tarixli 68 nömrəli qərarı ilə üç nəfər ailə tərkibi ilə İddiaçı verilmiş, Mingəçevir şəhər X11 İcraiyyə Komitəsinin 27 iyul 1989-cu il tarixli 297 nömrəli qərarı ilə İddiaçı həmin mənzili hal-hazırda yaşadığı M.Müşfiq küçəsindəki 7 nömrəli evin 2 otaqlı 2 nömrəli mənzili ilə vətəndaş X13 ilə dəyişmişdir. İşdə olan Maraqlı şəxs İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli 1612 saylı məktubdan görünür ki, şəhərin H.Əliyev prospektindəki 76 nömrəli evin yerləşdiyi əraziyə xidmət göstərən 4 nömrəli Mənzil İstismar Sahəsinin arxiv sənədlərindən müəyyən edilmişdir ki, H.Əliyev prospektindəki 76 nömrəli evin 51 nömrəli mənzili xx.xx.1996-ci il tarixdə 1467 nömrəli qeydiyyat vəsiqəsinə əsasən vətəndaş X15 tərəfindən xüsusiləşdirilmiş, vətəndaş X15 xx.xx.2004-cü il tarixdə mənzili vətəndaş X4 vəsiyyət etmişdir. İşdə olan Maraqlı şəxs İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli 1886 saylı məktubdan görünür ki, S. Camalovanın müraciəti ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə şifahi sorğu edilmiş və xidmətdən cavab verilmişdir ki, Mingəçevir şəhəri H.Əliyev prospekti, ev 76 ,mənzil 51 xidmətin elektron baza sistemində xüsusi mənzil kimi qeyd edilib və mənzilin mülkiyyətçisi X5 göstərilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X5 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzili Cavabdeh satmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzili X2. İşdə olan daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-532/2023 saylı məktubundan görünür ki, Mingəçevir şəhəri, H.Əliyev prospekti, 76 saylı evin 51 saylı mənzili üzərində X7 mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda onun mülkiyyətindədir. Məhkəmə kollegiyası, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavadehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub–olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə tətbiq olunan normada göstərilən şərtlər cavabdehə münasibətdə nə məcmu halında, nə də ayrı-ayrılıqda mövcud olmamışdır. Belə ki, iddiaçının mübahisəli mənzil üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınmamış, eləcə də mübahisəli mənzil hazırda cavabdehin istifadəsində və sahibliyində deyildir. Həmin mənzil mülkiyyət ilə başqa şəxsə məxsusdur. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki vəziyyətdə iddia irəli sürməkdə subyektiv hüquqa malik olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008–ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyinə əsasən, subyektiv mənada hüquq normativ–hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Ona görə də kollegiya hesab edir ki, şikayət bu hissədə də əsassızıdır. Beləliklə məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətində qeyd edilən dəlillərlə razılaşmır və hesab edir ki əsassızdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 6 aprel 2023-cü il tarixli, 2(051)-613/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 6 aprel 2023-cü il tarixli, 2(051)-613/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar