Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-753/2024 03.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, X4 qızının katibliyi ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı “yaşayış evinə dair mülkiyyət hüququ üzrə ona sahiblik, ondan istifadə etmək, barəsində sərəncam vermək faktının müəyyən edilməsi və əmlakların çıxarılaraq evin boşaldılması” tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları “Torpaqların alğı-satqısına dair” 30 noyabr 2007-ci il tarixli aktla müəyyən olunur ki, cavabdeh 2007-ci ilin noyabr ayında Ağsu rayonu Ağsu bələdiyyəsinə torpaq sahəsi almaq barədə müraciət etmiş, ərizəyə bələdiyyə orqanının iclasında baxılmış, cavabdehə 30 noyabr 2007-ci il tarixdə 500 manat pul müqabilində 0,05 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Ağsu rayonu Ağsu Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 14 saylı iclasının protokolundan çıxarışa əsasən müəyyən olunur ki, cavabdehin müraciəti nəzərə alınaraq fərdi yaşayış evi tikdirmək üçün cavabdehə Ağsu şəhərinin M.Ə.Rəsulzadə küçəsində yerləşən keçmiş limonad sexinin qərb tərəfindən 0,05 ha həyətyanı torpaq sahəsi satılmışdır. Ağsu Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli rəydə göstərilmişdir ki, cavabdehə fərdi yaşayış evinin tikintisinə görə Ağsu şəhərinin M.Ə.Rsulzadə küçəsində yerləşən keçmiş limonad sexinin qərb tərəfindən 0,05 ha ölçüdə həyətyanı torpaq sahəsi üçün “Şəhərsalmanın əsasları haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Əsasnamənin şərtlərinə uyğun olaraq müvafiq tikintilərin altına torpaq sahələrinin ayrılmasına Ağsu Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsi etiraz etmir. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində, keçmiş limonad sexinin qərbində yerləşən birmərtəbəli 3 yaşayış otağından - hamam, mətbəx, iki sanitar qovşaqdan, dəhlizdən, qarşısında bağlı navesdən ibarət ümumi sahəsi 155,3 kv.m. olan fərdi yaşayış evinin onun tərəfindən tikilməsi, həmin yaşayış evindən mülkiyyət hüququ üzrə istifadə, ona sahiblik və onun üzərində sərəncam vermək faktının müəyyən edilməsini, həmin yaşayış evindən cavabdehə məxsus ev avadanlıqlarının və əmlakların çıxarılaraq boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2007-ci ildə Ağsu şəhərinin mərkəzi hissələrindən övladlarına həyət tipli ev tikmək üçün torpaq sahəsi almaq istəmişdir. X2 torpaq almaq çətin olmuş, hər adama torpaq verilməmişdir. Həmin ildə torpaq almaq istəyi barədə çoxdan tanıdığı, münasibətlərinin çox yaxşı olduğu, əslən Şəki rayonundan olan, Ağsu Rayon Mərkəzi Xəstəxanasının cərrahı vəzifəsində işləyən Cavabdeh danışmış və ondan xahiş etmişdir ki, Ağsu Bələdiyyəsindən onun üçün öz adına beş sot torpaq sahəsi alaraq ona versin ki, o, imkanı olanda orada övladları üçün yaşayış evi tiksin. Cavabdeh onun xahişini nəzərə alıb Ağsu Bələdiyyəsinə onun adına torpaq sahəsi verilməsi üçün müraciət etmiş, müvafiq torpaq sənədləri hazırlanmış, aidiyyəti səlahiyyətli orqanlardan rəylər alınmış və həmin bələdiyyənin 30 noyabr 2007-ci il tarixli, 14 saylı qərarı ilə ona fərdi yaşayış evi tikmək üçün Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən, keçmiş limonad sexinin qərb tərəfindən 0,05 ha ölçüdə həyətyanı torpaq sahəsi ayrılmış və göstərilən tarixdən Cavabdeh həmin ölçüdə torpaq sahəsini könüllü olaraq onun istifadəsinə, sahibliyinə vermişdir. O, qeyd olunan torpaq sahəsini əvvəlcə daş hasara almış, lakin maddi imkansızlığına görə 2014-cü ilədək orada yaşayış evi tikə bilməmiş, yalnız 2014-cü ildə neçə illər ərzində topladığı vəsaitlə göstərilən torpaq sahəsində sahəsi 4x3 metr, 4x4 metr, 4x5 metr ölçülərdə 3 yaşayış otağından, hamam, mətbəx, iki sanitar qovşaqdan, dəhlizdən, qarşısında bağlı navesdən ibarət ümumi sahəsi 155,3 kv.m. olan fərdi yaşayış evi tikdirmişdir. Göstərilən yaşayış evinin tikilməsinə ustaların, fəhlələrin köməkliyi ilə bilavasitə özü rəhbərlik etmiş və tikintinin bilavasitə icraçısı olmuş, bunu yaxın qonşular, evin tikintisinə mal-material vermiş şəxslər, tikintidə işləmiş ustalar, fəhlələr və Cavabdeh özü də bilir. Öz vəsaiti hesabına tikdirdiyi, haqqında söhbət gedən fərdi yaşayış evi tikilib başa çatdıqdan, onu yaşamaq üçün yararlı vəziyyətə gətirdikdən sonra Cavabdeh ondan xahiş etmişdir ki, həmin evi müvəqqəti olaraq onun ailəsinin istifadəsinə versin, o, başqa yerdə kirayədə yaşamasın, ailəsi ilə birlikdə bu evdə yaşasın. O, Cavabdeh xahişini yerinə yetirməyə bilməzdi. Çünki Cavabdeh onun xahişi ilə öz adına torpaq sahəsini qeyd etdiyi kimi, bələdiyyədən alıb onun istifadə və sahibliyinə vermiş və o, orada hazırkı yaşayış evini tikmişdir. Ona görə də o, Cavabdeh təklifi ilə razılaşmışdır. Beləliklə Cavabdeh 2014-cü ilin axırlarında ev avadanlıqlarını, əmlaklarını və ailə üzvlərini onun tikdirdiyi Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində, keçmiş limonad sexinin qərb tərəfində yerləşən yaşayış evinə köçürmüş, Şəki rayonuna işə keçənədək orada yaşamış, bir neçə ildir ki, işini dəyişərək ailəsi ilə daimi yaşamaq üçün Şəki rayonuna getmiş, X3 X5 cərrahiyyə şöbəsində cərrah vəzifəsində işləyir. Cavabdeh öz rayonuna yaşamağa gedərkən ev avadanlıqlarını və digər əmlaklarını onun tikdiyi yuxarıda qeyd olunan evdə qoymuşdur. Dəfələrlə tələb və xahiş etməyinə baxmayaraq, hər dəfə bir bəhanə ilə əmlaklarını və ev avadanlıqlarını onun evindən çıxarmaqdan bu günədək yayınmaqda davam edir. O, Cavabdeh əmlaklarını onun tikdirdiyi həmin evdən çıxarmağını tələb etdiyinə görə son vaxtlar ondan inciməklə “torpağın sənədləri mənim adımadır, istəsəm evi də öz adıma sənədləşdirə bilərəm” deyərək ona ultimatum göndərir. Tikdirdiyi həmin yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sənədləri Cavabdeh adına olduğuna görə Cavabdeh, onun evini də öz adına asanlıqla sənədləşdirə bilər. Bundan başqa Cavabdeh adi qaydada onun adına olan torpaq sahəsində tikdiyi evi onun adına sənədləşdirmək üçün evin yerləşdiyi torpağın özünün inanaraq könüllü olaraq əvvəldən onda saxladığı hüquqmüəyyənedici sənədlərin əslini aidiyyəti səlahiyyətli orqana, yəni reyestr xidməti orqanına təqdim etmək üçün verməkdən uzun müddətdir ki, imtina edir. Belə olduğu halda, o, halal pulu ilə övladları üçün tikdiyi evi başqa qaydada, başqa yolla öz adına öz əmlakı kimi dövlət reyestrində qeydə aldıra bilməz. Halbuki, Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində, keçmiş limonad sexinin qərb tərəfində yerləşən 0,05 ha ölçüdə həyətyanı torpaq sahəsini 2007-ci ildən, onun üzərindəki evi isə 2014-cü ildən özü öz vəsaiti hesabına tikdirməklə mülkiyyətçi hüququ ilə idarə edir. Həmin daşınmaz əmlaklara sahiblik edir, onların barəsində sərəncam verir. Gələcəkdə göstərilən yaşayış evi üzərində mülkiyyət hüququnu həyata keçirməyinin mümkün olması, Cavabdeh onun öz vəsaiti hesabına özü tərəfindən tikilmiş evə yiyələnə bilməsinin qarşısının alınması üçün qeyd olunan yaşayış evinin onun tərəfindən tikilməsi, mülkiyyət hüququ üzrə ondan istifadə etmək, onun barəsində sərəncam vermək faktı hüquqi əhəmiyyətli olduğu üçün həmin faktın məhkəmə qaydasında müəyyən edilməsi onun üçün çox vacib və zəruridir. Cavabdeh yaxşılıq edib müvəqqəti olaraq yaşamağa buraxdığı halal pulu və zəhməti ilə tikdirdiyi həmin yaşayış evindən öz əmlaklarını və ev avadanlıqlarını könüllü olaraq çıxarmadığına, evi boşaltmadığına görə birinci iddia tələbi, yəni, qeyd olunan ünvanda yerləşən yaşayış evinin onun tərəfindən tikilməsi və s. faktı məhkəmə tərəfindən müəyyən edildikdən sonra həmin cavabdehin əmlaklar və ev avadanlıqları göstərilən evdən məhkəmə qaydasında məcburi qaydada çıxarıla bilər. Cavabdeh iddia tələbinə münasibət bildirərək qeyd etmişdir ki, o, 2007-ci il tarixdə Ağsu Rayon Mərkəzi Xəstəxanasında işləməyə gəlmiş, tanışı olan İddiaçı ona ev tikmək üçün Ağsu Bələdiyyəsindən torpaq almaq istədiyini, lakin ona torpaq verilmədiyini, bu səbəbdən, Bələdiyyədən torpaq sahəsini öz adına (cavabdehin) almasını xahiş etmişdir. O, torpaq sahəsini alaraq öz adına rəsmiləşdirmişdir. Daha sonra, iddiaçı həmin torpaq sahəsində ev tikmişdir. O da iddiaçıya ailəsi ilə birlikdə həmin evdə yaşamaq istədiyini bildirmiş, iddiaçı onun ailəsi ilə həmin evdə yaşamasına razılıq vermişdir. Şəki Şəhər Xəstəxanasında işləməyə gedənə kimi həmin evdə yaşamışdır. Hazırda da əşyaları həmin evdədir. Fərdi yaşayış evi iddiaçı tərəfindən tikilmişdir. Bu səbəbdən, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraata iddia tələbinin “Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində, keçmiş limonad sexinin qərbində yerləşən birmərtəbəli 3 yaşayış otağından - hamam, mətbəx, iki sanitar qovşaqdan, dəhlizdən, qarşısında bağlı navesdən ibarət ümumi sahəsi 155,3 kv.m. olan fərdi yaşayış evinin onun tərəfindən tikilməsi” hissəsində xitam verilmişdir. Ağsu Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(016)-801/2023 nömrəli iş üzrə qəbul etdiyi 12 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim A.Əsgərov) İddiaçı Cavabdeh qarşı “yaşayış evinə dair mülkiyyət hüququ üzrə ona sahiblik, ondan istifadə etmək, barəsində sərəncam vermək faktının müəyyən edilməsi və əmlakların çıxarılaraq evin boşaldılması” tələbinə dair iddiasının təmin edilməməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, Ağsu Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 14 saylı protokol - qərarı ilə Bakı şəhər sakini Cavabdeh fərdi yaşayış evi tikdirmək üçün M.Ə.Rəsulzadə küçəsində yerləşən keçmiş limonad sexinin qərb tərəfindən 0,05 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən şəxs üçün o halda tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Hazırkı halda, Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində, keçmiş limonad sexinin qərbində yerləşən birmərtəbəli 3 yaşayış otağından ibarət ümumi sahəsi 155,3 m2 olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. Fərdi yaşayış evinin iddiaçı tərəfindən tikilməsi onun həmin yaşayış evinə mülkiyyət hüququnun əldə edilməsi üçün əsas deyil. Bu səbəbdən, məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi “fərdi yaşayış evindən mülkiyyət hüququ üzrə istifadə, ona sahiblik və onun üzərində sərəncam vermək faktının müəyyən edilməsi” hissəsində təmin edilə bilməz. Məhkəmə iddia tələbinin “həmin yaşayış evindən cavabdehə məxsus ev avadanlıqlarının və əmlakların çıxarılaraq boşaldılması” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi “fərdi yaşayış evindən mülkiyyət hüququ üzrə istifadə, ona sahiblik və onun üzərində sərəncam vermək faktının müəyyən edilməsi” hissəsində təmin olunmadığından, həmin hissədə də iddia təmin edilməməlidir. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.2, 180.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Dəlilləri iddia tələbinin dəlilləri ilə eyni olan apellyasiya şikayətində əlavə olaraq bildirilmişdir ki, məhkəmənin təmin etmədiyi iddia tələbi mülkiyyət hüququnun əmələ gəlməsindən, dəyişməsindən və xitamından, eləcə də özbaşına tikiliyə mülkiyyət hüququnun tanınmasından ibarət deyildir. Digər bir tərəfdən iddiaçı tərəfindən tikilməsi faktının müəyyən edilməsini xahiş etdiyi ev səlahiyyətli dövlət orqanlarının qüvvədə olan qanuni rəylərinə əsasən səlahiyyətli bələdiyyə qərarı ilə tikinti aparılması məqsədi ilə verilmiş torpaq sahəsində tikilmişdirsə və şəhərsalma norma və qaydalarına uyğun tikilmişdirsə, şəhərin baş planını pozmursa və s. həmin ev niyə görə özbaşına tikili hesab olunmalıdır. Qətnamədə əsaslar kimi istinad olunan maddi hüquq normaları düzgün olmayaraq işin həllinə tətbiq edilmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və birinci instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Mülkiyyət 13.3.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ 29.3.Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 29.4.Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi hazırki iş üzrə düzgün nəticəyə gədmişdir. Belə ki, işdə olan sənədlərə və tərəflərin verdikləri məlumatlara əsasən məlum olur ki, Ağsu Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 14 saylı protokol - qərarı ilə hazırki iş üzrə Cavabdeh fərdi yaşayış evi tikdirmək üçün Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən keçmiş limonad sexinin qərb tərəfindən 0,05 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Hazırda iddiaçı, həmin torpaq sahəsi üzərində mövcud olan və tərəflərin bildirdiklərinə görə iddiaçının vəsaiti hesabına tikilən tikinti üzərində mülkiyyət hüququnun tanınmasını tələb edir. Məhkəmə mövcud mübahisənin həlli ilə bağlı bildirir ki, Mülki Məcəllənin “Mülkiyyət hüququnun əldə edilməsi və itirilməsi” adlanan 9-cu fəslinin 1-ci paraqrafı ilə daşınmaz əşyalara mülkiyyət hüququnun əldə edilməsi qaydaları tənzimlənmişdir. Həmin paraqrafda yer alan 180-cı maddəyə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Göründüyü kimi, qanunverici özbaşına tikililərə dair hüquqi tənzimləmə qaydalarını təsbit edərək onun üzərində mülkiyyət hüququnun yaranması şərtlərini müəyyən etmişdir. Bunlara tikinti aparılan torpaq sahəsinin tikən şəxsin mülkiyyətində olması, tikilinin saxlanılmasının digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmaması və ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə yaratmamasıdır. Bu şərtlərdən birinin mövcud olmaması məhkəmələr tərəfindən özbaşına tikili üzərində mülkiyyət hüququnun tanınmasını istisna edir. Göstərilən şərtlər mövcud olarsa, məhkəmə özbaşına tikili üzərində mülkiyyət hüququnu tanıya bilər və belə tanıma Mülki Məcəllənin 139-1.1.4-cü maddəsinə uyğun olaraq, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsası təşkil edir. Lakin hazırki iş üzrə müəyyən edilir ki, Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində, keçmiş limonad sexinin qərbində inşa edilən birmərtəbəli 3 yaşayış otağından ibarət ümumi sahəsi 155,3 kv.m olan tikilinin yerləşdiyi 0,05 ha torpaq sahəsi cavabdehin qanuni sahibliyindədir. Sözügedən tikilinin fərdi yaşayış evinin iddiaçı tərəfindən tikilməsi onun həmin yaşayış evinə mülkiyyət hüququnun əldə edilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, “fərdi yaşayış evindən mülkiyyət hüququ üzrə istifadə, ona sahiblik və onun üzərində sərəncam vermək faktının müəyyən edilməsi” barədə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, yuxarıda qeyd olunan tələb təmin edilmədiyi üçün həmin tələbdən irəli gələn digər tələb - “fərdi yaşayış evindən cavabdehə məxsus ev avadanlıqlarının və əmlakların çıxarılaraq evin boşaldılması” barədə tələb də təmin edilə bilməz. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Ağsu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 sentyabr 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(107)-753/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-753/2024
03.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver