Məhkəmə qərarları › İş №2(107)-755/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-755/2025

09.09.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-755/2025 09.09.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (açar sözlər: Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Sadiqov Zülfüqar Əhməd oğlu və X1 ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı, Cavabdeh - Cavabdeh3 və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “qanunsuz tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma (boşaldılma) tələbinə dair” mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 08 may 2025-ci il tаrixli, e-2(033)-128/2025 saylı qətnаməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İş materiallarında olan Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 23 sentyabr 2024-cü il olan Çıxarışın surətindən görünür ki, Zaqatala şəhəru Səməd Vurğun küçəsində yerləşən 0,0466 ha yaşayış məntəqələrinin təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 465 nömrəli reyestr kitabının 86 nömrəli vərəqində qeydiyyata alınmışdır.

2. İş materiallarında olan “Azəriqaz” İB Zaqatala Regional qaz İstismarı İdarəsinin 30 aprel 2025-ci il tarixli arayışından görünür ki, Zaqatala şəhəri F.Əmirov küçəsində yerləşən qeyri-yaşayış sahəsinin sahibi Cavabdeh3 məxsus müəssisə Zaqatala xidməti sahəsi üzrə qeyri-əhali sektorunda **********00069 saylı kod altında 11 iyul 2017-ci il tarixdən qeydiyyatdadır.

3. İş materiallarında olan 29 aprel 2025-ci il tarixli 850414ŞBN:44531104 saylı abonent kartından görünür ki, Cavabdeh3 yaşadığı Zaqatala rayonu Qazangül qəsəbəsində yerləşən 35 saylı evdə 14 iyul 2021-ci il tarixdə SMART CSS markalı 241406 nömrəli su sayğacı quraşdırılmış və 20 may 2021-ci il tarixdə müqavilə bağlanmışdır. Onun 2025-ci il üzrə 518 manat borcu yaranmışdır.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə müvafiq sorğular verilmiş və həmin sorğulara cavab olaraq 08 sentyabr 2025-ci il tarixli, 3-21-3-47/2-3191/2025 saylı məktuba əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki; - Zaqatala şəhəri, S.Vurğun küçəsində inşa edilmiş qeyri-yaşayış tikilisinin ölçüləri 223 kv.m olmaqla İddiaçı mülkiyətində olan 0.0466 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir.

II. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlərə qarşı “qanunsuz tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbi”nə dair iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətində olan Zaqatala rayonu, Səməd Vurğun küçəsində yerləşən 0,0466 ha torpaq sahəsindən əmlakları ilə birlikdə çıxarılması (boşaldılması) və həmin torpaq sahəsi üzərində tikilmiş qanunsuz tikilinin cavabdehlərin hesabına sökülməsi, həmçinin iddia ərizəsinin verilməsi üçün tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat pulun cavabdehlərdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun mülkiyyətində Zaqatala rayonu, S.Vurğun küçəsində yerləşən ümumi sahəsi 0.0466 ha olan torpaq sahəsi vardır. Qeyd olunan əmlak üzərində onun mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ********** nömrəli “Hüquqların X2 daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilmişdir. Lakin buna baxmayaraq cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 hal-hazıradək onun mülkiyyətində olan Zaqatala rayonu, S.Vurğun küçəsində yerləşən 0,0466 ha torpaq sahəsindən çıxmamaqdadırlar. Bundan əlavə onlar ona məxsus torpaq sahəsi üzərində qanunsuz tikili tikdirmişdir. Nəticədə, onun cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı mülkiyyətində olan Zaqatala rayonu, S.Vurğun küçəsində yerləşən 0,0466 ha torpaq sahəsindən çıxarılma və həmin torpaq sahəsi üzərində tikilmiş qanunsuz tikilinin cavabdehin öz hesabına sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, hal-hazırda cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 onun mülkiyyətində olan Zaqatala rayonu, S.Vurğun küçəsində yerləşən 0,0466 ha torpaq sahəsindən çıxmayaraq faktiki olaraq onun mülkiyyət hüququnu pozmaqda davam edirlər. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətində olan Zaqatala rayonu, S.Vurğun küçəsində yerləşən 0,0466 ha torpaq sahəsinə daxil olmasının qarşısını almaqla bərabər orada qanunsuz olaraq çörəkbirişmə sexini işlətməkdədirlər. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində onun Azərbaycan Repsublikasının Konstitusiyasının 13 və 29-cu maddələri ilə qorunan mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur ki, nəticədə o hazırkı tələblə aidiyyatı üzrə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

7. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, onu mübahisəli torpaq sahəsindən əmlakı ilə bilrikdə çıxarılmasını istəyirlər. Onu aldadıb sənədə imza etdirmişlər. Belə ki, onu Asan xidmət mərkəzinə aparıb başqa sənədlərlə bilrikdə həmin sənədə imza çəkdirmişlər. Mübahisəli torpaq sahəsinin iddiaçının adına necə rəsmiləşdirilməsini bilmir. İddiaçını heç tanımır və bir dəfə də olsun onu görməmişdir. Obyekt və 10 sot torpaq sahəsi Qəmər adlı şəxsə məxsus olmuşdur. Lakin iddiaçının mülkiyyətində olan Zaqatala rayonu, S.Vurğun küçəsində yerləşən 0,0466 ha torpaq sahəsindəki çörəkbişirmə sexi ona məxsus olmuşdur. Həmin sexi o, uzun müddət əvvəl öz vəsaiti hesabına tikdirmişdir. Torpaq satılarkən ona söz vermişdirlər ki, çörəkbişirmə sexinin yerləşdiyi torpaq sahəsini onun adına keçirəcəklər. Çörəkbişirmə sexi əvvəlcədən mövcud olmuş, orada qaz sayğacı da quraşdırılmış və o, hər ay ödənişlər etmişdir. Qaz sayğacı onun obyektinə 2017-ci ildə quraşdırılmışdır. Makler tərəfindən mübahisəli torpaq sahəsi iddiaçının adına rəsmiləşdirilmişdir ki, o torpaq sahəsi ilə heç bir şey edə bilməsin. Məhkəmə gedişatında makler onunla danışıq aparmış və həmin sahənin onun adına rəsmiləşdirilməsinə söz vermişdir. Tikilinin çıxarışı yoxdur. Tikilinin ölçüləri 12 metrin 20 metrədir və onun sahəsi 200 kv.m olar. Mübahisəli torpaq sahəsində ferma olmuşdur və o 2006-cı illərdə orada toyuq saxlamışdır. İddianın rədd edilməsi barədə qətnamə çıarılmasını xahiş etmişdir.

8. İddiaçı birinci instansiya məhkəməsinə ərizə ünvanlayaraq işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü olması barədə heç bir sənəd təqdim etməmişlər. Məhkəmə işə iddiaçı və həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

9. Zaqatala Rayon Məhkəməsinin (hakim Vüqar Məmmədov) 08 may 2025-ci il tаrixli, e-2(033)-128/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 23 sentyabr 2024-cü il olan Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Zaqatala şəhəri Səməd Vurğun küçəsində yerləşən 0,0466 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin tikinti altında olmayan hissəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əmlakları ilə birlikdə çıxarılmaları, İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun 50 (əlli) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada tutularaq iddiaçıya ödənilməsi, qalan 50 (əlli) manat iddiaçının özünə aid edilməsi, iddia tələbinın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmə belə qənaətə gəlmişdir ki, iş üzrə sübutlarla cavabdehlərin sonradan mülkiyyətçi hüquqları iddiaçıya keçmiş 0,0466 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsini özbaşına zəbt etmələrini və ya əvvəlki mülkiyyətçinin razılığı ilə istifadə etmələrini müəyyən etmək mümkün olmasa da, iddiaçının öz əmlakına başqa şəxslərin sahibliyinə yol verməmək, özünə məxsus olan torpaq sahəsindən sərbəst, maneəsiz istifadə və sahiblik etmək hüquqları olduğundan, iddia tələbi cavabdehlərin iddiaçıya məxsus olan torpaq sahəsinin tikinti altında olmayan hissəsindən əmlakları ilə birlikdə çıxarılmalarına dair hissədə təmin edilməlidir.

11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı torpaq sahəsinə mülkiyyət hüququnu əldə edərkən tikilinin mövcudluğundan xəbərdar olmaqla mülkiyyət hüququnun pozulmasından da məlumatlı olmuşdur. Lakin torpaq sahəsini yüklü olduğunu bilərək etiraz etmədən qəbul etmişdir. İnşaatına pul vəsaiti xərclənən və qazanc əldə etmək məqsədi ilə istifadə edilən tikinti cavabdehlər üçün iqtisadi dəyərə malikdir. Bundan başqa, hazırda cavabdehlər həmin tikilidən çörəkbirişmə sexi olaraq istifadə etsələr də, iddiaçı onların tikilidən çıxarılmalarını tələb etmir. Cavabdehlər oradan çıxarılmadan isə tikilinin sökülməsi mümkün deyil. Belə olan halda, onlar üçün iqtisadi dəyərə malik tikinti cavabdehlər oradan çıxarılmadan və onlara kompensasiya ödənilmədən sökülə bilməz. Odur ki, iddia tələbi cavabdehlərin torpaq sahəsinin tikinti altında olan hissəsindən çıxarılmalarına, torpaq sahəsi üzərində tikilmiş qanunsuz tikilinin cavabdehlərin hesabına sökülməsinə dair hissədə rədd edilməlidir.

12. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 152.5 və 157.2-ci, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84cü maddəsinin 1-ci hissəsinə, 84-cü maddəsinin 3-cü hissəsinə və 111-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

13. Qətnаmədən nаrаzı qаlаn İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir.

III. Apellyasiya instansiya məhkəməsində icraat

a) apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Məhkəməsi iddiaçının Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə qorunan mülkiyyət hüququnu kobud şəkildə pozmuşdur. Belə ki, iş materiallarından göründüyü kimi, Zaqatala Rayon Məhkəməsi iddiaçının mülkiyyət hüququnu kobud surətdə pozaraq hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 23 sentyabr 2024-cü il olan Çıxarışa əsasən iddiaçıya məxsus olan Zaqatala şəhəru Səməd Vurğun küçəsində yerləşən 0,0466 ha yaşayış məntəqələrinin təyinatlı torpaq sahəsindən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 əmlakları ilə birlikdə çıxarılması (boşaldılması) və həmin torpaq sahəsi üzərində yerləşən qanunsuz tikilinin sökülməsi hissəsində təmin etməmişdir. Zaqatala Rayon Məhkəməsinin iş üzrə çıxarılmış qətnaməsi qanunsuz, ədalətsiz və əsassızdır. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşısında mülki hüquq münasibətlərindən irəli gələn heç bir öhdəliyi yoxdur. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, sübutlara düzgün hüquqi qiymət verməmişdir: İş üzrə cavabdehlərdən Cavabdeh3 Zaqatala rayon Məhkəməsində qeyd etdiyi xüsusatlar həqiqəti əks etdirmir. Belə ki, mən həmin torpaq sahəsini qanunvericiliyə uyğun qaydada əldə etmişəm. Məhkəmə materiallarına göz gəzdirsək bu günki gündə də sözügedən torpaq sahəsinin onun mülkiyyətində olmasına dair sənədlər mövcuddur. Bununlada Zaqatala Rayon Məhkəməsi çox təəssüf ki, sözügedən torpaq sahəsinin ona məxsus olması barədə tərəfimdən məhkəməyə təqdim edilmiş sənədləri nəzərə almadan absurd, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Ümumiyətlə işin araşdırılmasını lazımı qaydada həyata keçirməmiş, mötəbər sübutların olmasına baxmayaraq iddianı tam olaraq təmin etməmiş və qanunsuz qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhəkəməsin 08 may 2025-ci il tаrixli, e-2(033)-128/2025 saylı qətnaməsinin qismən, yəni iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və həmin hissədədə iddianın tam olaraq təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

16. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Zaqatala Rayon Məhəkəməsin 08 may 2025-ci il tаrixli, e-2(033)-128/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, Cavabdeh3 göstərdikləri ilə bağlı izah edir ki, mübahisə predmeti olan tikili illər öncə cavabdehin mülkiyyətində olan mübahisəli torpaq sahəsində tikilmişdir. Bankdan götürülmüş kreditin təminatı olaraq cavabdehin mülkiyyətində olan yaşayış evi və evin yerləşdiyi həmin torpaq sahəsi ipoteka ilə yüklü edilmiş, tutmanın ipoteka predmetinə yönəldilməsi nəticəsində həmin ev torpaq sahəsi ilə birlikdə bankın mülkiyyətinə keçirilmişdir. Aparılmış danışıqlar nəticəsində bank həmin evi və evin yerləşdiiiyi torpaq sahəsini yenidən cavabdehə satılmasına razılıq vermişdir. Sonradan cavabdehin məlumatı olmadan sözügedən əmlak bank tərəfindən digər şəxsə satılmışdır. Belə ki, torpaq sahəsi bankda girovda olan zaman bankın prokurorluğa müraciəti əsasında aparılmış araşdırma zamanı Cavabdeh3 prokurorluğa dəvət olunmuş və ona bildirilmişdir ki, o, banka 50000 manatı ödəsə, bank onun evini geri qaytaracaqdır. Cavabdeh3 da 10000 manatın ödənilməsi barədə qəbzi müstəntiqə təqdim etdikdən sonra bank razılaşır ki, qalıq 40000 manatı cavabdeh hissə-hissə ödəyəcəkdir. Bununla da prokurorluqda araşdırma yekunlaşmışdır. Lakin qeyd olunan şifahi razılığa baxmayaraq, bank gözləməmiş və razılaşmadan 1 ay sonra torpaq sahəsini evlə birlikdə digər şəxsə 50000 manata satmışdır. Həmin şəxs aldığı torpaq sahəsinin 2 sot hissəsini evlə birlikdə 50000 manata cavabdehə, qalıq ərazi isə zamanla bir neçə hissələrə bölüb müxtəlif şəxslərə satılmışdır. Beləliklə, girov qoyulmamışdan əvvəl cavabdehin mülkiyyətində olan illərdir istifadə etdiyi torpaq sahəsinin müəyyən hissəsi evlə birlikdə yenidən onun özünə satılmışdır. Həmin vaxtlar cavabdehin orada çörəkbişirmə sexi və mağazası artıq fəaliyyət göstərirdi, qaz və işıq çəkdirilmişdir. Mübahisəli əmlakı bankdan alan şəxs orada tikinti işlərinə başladıqdan sonra cavabdeh həmin alqı-satqı müqaviləsini mübahisələndirərək Zaqatala Rayon Məhkəməsinə müraciət etmiş və bildirmişdir ki, onun istifadə etdiyi girovda olan əmlak məlumatı olmadan bank tərəfindən digər şəxsə satılmış və həmin şəxs də tikinti işləri aparır. Həmin iş üzrə məhkəmə icraatı zamanı tikinti işləri məhkəmə qərarı ilə dayandırılmışdır. Buna görə həmin iş üzrə qarşı tərəf Cavabdeh3 3 sot yeri təklif etmişdir ki, o, qalan hissədə aparılan tikinti işlərinə maneələr törətməsin. Cavabdeh3 da bununla bağlı ASAN xidmət mərkəzində mübahisəli torpaq sahəsi ilə bağlı heç bir tələbinin olmadığı barədə ərizə yazmışdır. Bundan sonra həmin şəxslər cavabdehi aldatmışdır və tikinti işlərinə davam etmişlər. Cavabdeh də ASAN xidmət mərkəzinə təkrarən müraciət edərək ilk ərizəsindən imtina etmişdir. Beləliklə, mübahisəli torpaq sahəsinin bir hissəsində bankdan alan şəxs tərəfindən tikinti işləri yekunlaşır və həmin hissə tikinti ilə birlikdə üçüncü şəxsə satılmış, Cavabdeh3 isə 3 sot ərazi qalmışdır. Oranın da Cavabdeh3 satılmaına söz verilsə də, nəticədə İddiaçı satılmış və hazırkı mübahisə yaranmışdır. Əlavə olaraq da qeyd edir ki, cavabdeh həmin ərazidə 2005-ci ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, əmlak isə 2009-cu ildə girov qoyulmuşdur. Yəni əmlak girov qoyulan zaman cavabdehin artıq VÖEN-i var idi və o, qanuni əsaslarla özünə məxsus torpaq sahəsində tikinti işləri aparmışdır. Bu səbəbdən də tikili qanuni olduğuna görə icra hakimiyyətinin memarlıq şöbəsindən və ya digər səlahiyyətli orqanlardan heç bir etiraz daxil olmamış, oraya qaz, işıq və su çəkdirilmişdir. Göstərilənlərə əsasən şikayətin təmin edilməməsini, Zaqatala Rayon Məhəkəməsin 08 may 2025-ci il tаrixli, e-2(033)-128/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

16. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

17. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. İş üzrə iddiaçı tərəf birinci instansiya instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin edilməyən hissəsində mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası:

19. Maddə 13. Mülkiyyət

İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

20. Maddə 29. Mülkiyyət hüququ

İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. (...) İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. ...

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

22. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

23. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

Azərbaycan Respublikası Torpaq Məcəlləsi

24. Maddə 82. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar.

25. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

26. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

27. Maddə 111.2. Özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

33. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

34. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir.

38. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

39. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

40. Müəyyən edilmişdir ki, Cavabdeh3 mülkiyyətində Zaqatala şəhəru Səməd Vurğun küçəsində həyətyanı torpaq sahəsi və həmin topaq sahəsində inşa edilmiş yaşayış evi olmuşdur. Cavabdeh həmin torpaq sahəsində digər tikililərlə yanaşı mübahisə predmeti olan qeyri-yaşayış sahəsi tikmişdir. Cavabdehlər həmin tikilidə əvvəllər toyuq-cücə saxlamış, sonradan isə çörək bişirmə sexi kimi istifadə etmişdir. Sonradan cavabdeh mülkiyyətində olan həmin torpaq sahəsini və üzərində yerləşən yaşayış evini bankdan götürülmüş kreditin təminatı olaraq ipoteka ilə yüklü etmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini icra edə bilmədiyinə görə tutma ipoteka predmeti olan əmlaka yönəldilmiş, nəticədə həmin əmlak bankın mülkiyyətinə keçmişdir. Bank həmin əmlakı əvvəlcə başqa şəxsə satmış, həmin şəxs aldığı torpaq sahəsinin 0,02 ha hissəsini evlə birlikdə 50000 manata cavabdehə, qalıq torpaq ərazisi isə zamanla bir neçə hissələrə bölüb müxtəlif şəxslərə satmışdır. Mübahisəli torpaq sahəsinin bir hissəsində bankdan alan şəxs tərəfindən tikinti işləri aparılmış və həmin hissə tikinti ilə birlikdə digər üçüncü şəxsə satılmış, Cavabdeh3 isə 0,03 ərazi qalmışdır. Torpaq sahəsinin yerdə qalan hissəsi İddiaçı satılmış və hazırkı mübahisə yaranmışdır. İddiaçı hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etmiş, işə mahiyyəti üzrə baxan Zaqatala Rayon Məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir.

41. Apellyasiya şikayətinin də başlıca dəlili torpaq sahəsi üzərində tikilinin sökülməsi barədədir.

42. Müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, Zaqatala şəhəri Səməd Vurğun küçəsində yerləşən 0,0466 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi xx.xx.2024-cü il tarixdən tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Torpaq sahəsinin bir hissəsi tikinti altında, digər hissəsi isə tikintidən kənarda yerləşir

43. İddiaçı tələbini xüsusi mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsi və həmin torpaq sahəsində qanunsuz tikili tikdirərək çörəkbişirmə sexi kimi istifadə etmələri, onun torpaq sahəsindən sahiblik və istifadəsinə maneələr yaratmaları ilə əsaslandırsa da, yanaşı yoxlanılmış sübutlarla müəyyən edilmişdir ki, sökülməsi tələb olunan tikili mübahisəli torpaq sahəsinin bir hissəsində yerləşir və iddiaçının həmin torpaq sahəsini əldə etməsindən əvvəl mövcuddur və cavabdehlər həmin tikilidən çörəkbirişmə sexi olaraq istifadə edirlər. İddiaçı torpaq sahəsini cavabdehlərin çörəkbişirmə sexindən istifadələrinə hər hansı etiraz etmədən, cavabdehlərin tikilidəki fəaliyyətinə son qoyulmasını, tikilidən çıxarılmalarını tələb etmədən mövcud vəziyyətdə əldə etmişdir.

44. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı tikilinin sökülməsinə dair hissəsini onun mövcudluğunun mülkiyyət hüquqlarını pozması ilə əsaslandırsa da, o, torpaq sahəsinə mülkiyyət hüququnu əldə edərkən tikilinin mövcudluğundan xəbərdar olmaqla mülkiyyət hüququnun pozulmasından da məlumatlı olmuşdur. Lakin torpaq sahəsini yüklü olduğunu bilərək etiraz etmədən qəbul etmişdir. İnşaatına pul vəsaiti xərclənən və qazanc əldə etmək məqsədi ilə istifadə edilən tikinti cavabdehlər üçün iqtisadi dəyərə malikdir. Bundan başqa, hazırda cavabdehlər həmin tikilidən çörəkbirişmə sexi olaraq istifadə etsələr də, iddiaçı onların tikilidən çıxarılmalarını tələb etmir. Cavabdehlər oradan çıxarılmadan isə tikilinin sökülməsi mümkün deyil. Belə olan halda, onlar üçün iqtisadi dəyərə malik tikinti cavabdehlər oradan çıxarılmadan və onlara kompensasiya ödənilmədən sökülə bilməz.

45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

46. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir.

47. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

48. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun

49. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

50. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

51. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 08 may 2025-ci il tаrixli, e-2(033)-128/2025 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 08 may 2025-ci il tаrixli, e-2(033)-128/2025 saylı qətnаməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar