Məhkəmə qərarları › İş №2(107)-76/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-76/2025

03.06.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-76/2025 03.06.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 Məmmədli qızı və Cavabdeh2 qarşı “torpaq sahəsinə girişin qarşısına özbaşına basdırılmış dirəklərin çıxarılması, məftil torun sökülməsi və su kanalının doldurularaq torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Yoldan istifadəyə maneənin aradan qaldırılması) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X5 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Məmmədli qızı və Cavabdeh2 qarşı “torpaq sahəsinə girişin qarşısına özbaşına basdırılmış dirəklərin çıxarılması, məftil torun sökülməsi və su kanalının doldurularaq torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli e-2(033)-404/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı cavabdehlər Cavabdeh1 Məmmədli qızı və Cavabdeh2 qarşı “torpaq sahəsinə girişin qarşısına özbaşına basdırılmış dirəklərin çıxarılması, məftil torun sökülməsi və su kanalının doldurularaq torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəsaiti hesabına torpaq sahələrinə girişin qarşısına özbaşına basdırdıqları dirəklərin çıxarılması, məftil torun sökülməsi, su kanalının doldurularaq torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması və cavadehlərdən müştərək qaydada ödənilmiş 100 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Zaqatala rayonu Əliabad qəsəbəsi ərazisində yerləşən, xx.xx.2023-cü il tarixli, **********06 reyestr nömrəli “Çıxarış” əsasında mülkiyyətində olan ona məxsus 0.05 hektar torpaq sahəsinin giriş qapısının qarşısına cavabdehlər 2023-cü ilin fevral ayında özbaşına dirəklər basdırmış, dəmir tor və su kanalı çəkdirərək torpaq sahəsinə sərbəst gediş-gəlişlərinə, eləcə də sahəyə avtomaşın və traktor kimi nəqliyyat vasitələrinin daxil olmasına maneə yaratmışlar. Onun fərdi yaşayış evinə və onunla üzbəüz olan pay torpaq sahəsinə gedən dalandakı yol Əliabad bələdiyyəsinə məxsus olduğundan o Əliabad bələdiyyəsinin sədrinə və ərazinin sahə müvəkkilinə şifahi müraciət edərək, cavabdehlər tərəfindən özbaşına torpaq sahəsinə giriş-çıxışa yaradılan maneənin aradan qaldırılmasını xahiş etmişdir. Lakin onlar tərəfindən torpaq sahələrinə sərbəst giriş-çıxışa yaradılmış maneənin aradan qaldırılması ilə bağlı hər-hansı bir tədbir görülməmişdir. Bu səbəbdən də hazırkı tələblə məhkəməyə müraciət etməli olmuşdur.

Birinci instansiya məhkəməsində icraat

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X11 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa oxşar izahat verdi və əlavə olaraq göstərdi ki, iddiaçının həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün yol olsa da, pay torpaq sahəsinə bir giriş yolu vardır, hansı ki, cavabdehlər tərəfindən həmin girişin qarşısında dirəklər basdırılmışdır. İddiaçı, mülkiyyətində olan pay torpaq sahəsinə olan giriş-çıxış yolundan sərbəst istifadə etmək istəyir. Həmin giriş-çıxış yolu dədə-baba dövründən mövcud olmuşdur. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək göstərdi ki, iddiaçının torpaq sahəsinə başqa yerdən girişçıxış yolu var. O, hətta öz həyətyani torpaq sahəsində icazəsiz ev inşa edərkən həyətinə həmin giriş yoldan traktor və yük maşınları girmişdir. İddiaçının mübahisələndirdiyi giriş yolunda əvvəllər çəpər olmuşdur. Orada qapı olmamışdır. O, heç bir kanal qazmayıb və məftil tor çəkməyib, onun basdırdığı dirəklərin iddiaçıya heç bir maneəsi yoxdur.İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

5. 18 mart 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə başqa yerdən giriş-çıxış üçün qapısı var. İddiaçı istəsə həmin yerdən traktor və digər yük maşınlarının həyətə giriş üçün yol aça bilər. Lakin iddiaçı onlarla prinsip apararaq onların torpaq sahələrinin qarşısındakı yoldan istifadə etmək istəyir. Bundan başqa iddiaçı su kanalının bağlanması tələb edir. Lakin həmin kanal bağlanarsa yağış suları onların həyətinə dolar və həyəti yarasız hala sala bilər. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, sonrakı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

7. Zaqatala Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli e-2(033)-404/2024 nömrəli qətnaməsi ilə (hakim Vüqar Məmmədov) İddiaçı cavabdehlər Cavabdeh1 Məmmədli qızı və Cavabdeh2 qarşı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəsaiti hesabına torpaq sahələrinə girişin qarşısına özbaşına basdırdıqları dirəklərin çıxarılması, məftil torun sökülməsi, su kanalının doldurularaq torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddiasının rədd edilməsi, iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 100 (bir yüz) manatın iddiaçının özünə aid edilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, müəyyənləşdirilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur.

Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehlərin 2023-cü ilin fevral ayından ona məxsus 0.05 hektar torpaq sahəsinin giriş qapısının qarşısına özbaşına dirəklər basdırması, dəmir tor və su kanalı çəkdirərək torpaq sahəsinə sərbəst gediş-gəlişlərinə, eləcə də sahəyə avtomaşın və traktor kimi nəqliyyat vasitələrinin daxil olmasına maneə yaratdıqlarını iddia etsə də, 0.05 hektar torpaq sahəsinə gediş-gəliş yоlunun dirəklərin basdırıldığı, dəmir tor və su kanalının çəkdirildiyi və iddiaçıya maneələr yaratdığı yerdən оlması barədə sübut təqdim etməmişdir.

10. İş üzrə keçirilmiş yerli baxış nəticəsində müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən ikisi dəmir olmaqla dörd ədəd taxtadan dirəklər basdırılaraq onların ortasında ağac əkilmişdir, dirəklər arasında məftil torun şəkilməsində məqsəd yeni əkilmiş ağacın mühafizə olunması olmuşdur. Dirəklərin iddiaçının qapısına giriş-çıxışın məhdudlaşdırması halı müəyyən olunmamışdır, əksinə dirəklər iddiaçının öz qapaıana yaxın məsafədə basdırılmışdır, qapının qarşısında su kanalının qazılması halı isə müəyyən olunmamışdır.

11. İş üzrə sübutlarla, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən iddiaçıya məxsus 0,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yоlunun dirəklərin basdırıldığı, dəmir tor və su kanalının çəkdirildiyi yerdən оlması halı təsdiq edilməmişdir

12. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya məxsus 0,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yоlunun dirəklərin basdırıldığı, dəmir tor və su kanalının çəkdirildiyi yerdən оlması, bununla da, cavabdehlər tərəfindən iddiaçıya 0,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair mülkiyyətçi hüququnu həyata keçirməkdə maneələrin törədilməsi sübut edilmədiyindən, iddia təmin edilə bilməz.

13. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir

14. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4-cü maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84, 111-ci maddələrinə, Azərbaycan Respublikası MPM-nin 9.1, 14.2, 77.1, 88, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

15. Məhkəmənin adı çəkilən qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti vermişdir.

Apellyasiya instansiyası məhkəməsindəki icraat:

a)Apellyasiya şikayətinin dəlilləri

16. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işin faktiki hallarından görünür ki, iddiaçının həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün yol olsa da, pay torpaq sahəsinə bir giriş yolu vardır, hansı ki, cavabdehlər tərəfindən həmin girişin qarşısında dirəklər basdırılmışdır. İddiaçı, mülkiyyətində olan pay torpaq sahəsinə olan giriş-çıxış yolundan sərbəst istifadə etmək istəyir. Həmin giriş-çıxış yolu çox əvvəldən mövcud olmuşdur. Hər iki cavabdeh dolayısı ilə iddianı etiraf edirlər.

17. Hazırkı vəziyyətdə cavabdehlərin hərəkətləri iddiaçıya öz torpaq sahəsindən istifadə etməsinə maneçilik törətməklə onun hüququnu müəyyən dərəcədə pozur. Yəni, cavabdehlərə məxsus dirəklərin mövcudluğu torpaq sahəsindən (əmlakından) istifadəsini məhdudlaşdırır. Belə olan halda sözügedən təsirlər adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədləri aşdığından, təsirə məruz qalan iddiaçı bilavasitə öz torpaq sahəsindən istifadə etməyə maneçilik törədən və onun hüququnu əhəmiyyətli dərəcədə pozan dirəklərin sökülməsini, yolun kəsilməsinə səbəb olan kanalın bağlanmasını cavabdehlərdən tələb etməkdə haqlıdır.

18. MPM-nin 9.3-cü maddəsində məhkəmənin üzərinə bir çox vəzifələrin qoyulduğu görsənir. Lakin bu işdə məhkəmə həmin vəzifələri yalnız cavabdehin mövqeyinə münasibətdə icra edərək qanusuz qətnamə qəbul etmişdir. Əraziyə yerində baxış keçirərkən mövcud olan maneələri gördüyü halda cavabdehlər tərəfindən heç bir maneə yaradılmaması qənatinə gəlmişdir.

19. Göründüyü kimi iddiaçının tələbinin əsasını cavabdehlər tıərəfindən yaradılan maneələri aradan qaldırılması, yolun açılması təşkil edir ki, bu faktı düzgün realizə etmək üçün məhkəmə ekspertizası təyin etmədən düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmənin qətnaməsi və qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır.

20. MPM-nin 217.1-ci maddəsinin tələbləri də məhkəmənin üzərinə kifayət qədər vəzifələr qoyur ki, hazırkı işdə bu tələblərə də əməl olunmamışdır. Belə ki, işdə kifayət qədər qanun pozuntusuna dəlalət edən sübutlar, ekspert rəyi olmasına baxmayaraq məhkəmə bu hallara əhəmiyyət verməmişdir.

21. Odur ki, Zaqatala Rayon Məhkəməsinin e-2(033)-404/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlillər

22. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

24. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş İddiaçı nümayəndəsi X11 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. O, həmçinin izahatında cavabdehlərin iddiaçının mülkiyyətində olan torpaq sahəsinə girişdəki darvazanın qarşısından çəkdikləri su kanalının iddiaçının mülkiyyətində olan torpaq sahəsinə daxil olmasına maneçilik yaratmasına baxmayaraq, iddiaçının həmin kanala boru qoyulmaqla mülkiyyətində olan torpaq sahəsinə daxil olmaq imkanlarının olması nəzərə alınaraq, yəni iddiaçı tərəfin su kanalına boru qoyulması şərti ilə həmin kanalın doldurularaq torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılmasına dair hissədə iddia tələbini müdafiə etmədiyini göstərmişdir.

25. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdehlər Cavabdeh1 Məmmədli qızının və Cavabdeh2 vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli e-2(033)-404/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Zaqatala rayonu Əliabad bələdiyyəsinin nümayəndəsi X1 birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı tərəfin verdiyi apellyasiya şikayəti üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. O, həmçinin izahatında mübahisəli ərazidə 20 ildən də əvvəl cavabdehlər tərəfindən yolda yerləşən su artezianından həyətə boru vasitəsi ilə çəkilmiş suyun axıdılması məqsədi ilə mübahisəli su arxının çəkildiyini, su arxının üzərində boru olmadığı halda həmin arxdan iddiaçının mülkiyyətində olan torpaq sahəsinə daxil olmasına maneçiliyin yaranacağını göstərmişdir.

27. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq İddiaçı, iddiaçının nümayəndəsi X11, cavabdehlər Cavabdeh1 Məmmədli qızı və Cavabdeh2, cavabdehlərin vəkili Vəkil2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Zaqatala rayonu Əliabad bələdiyyəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdehlərin vəkili Vəkil2 məhkəmə kollegiyasına göndərdiyi vəsatətində 03 iyun 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etsə də, işdə iştirak edən şəxslər, həmçinin iddiaçının nümayəndəsi gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər.

29. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin; 18-ci maddəsinə görə, şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edlir və ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatinin ödənilməsinə xidmət edən digər obyektlər altindakİ torpaq sahələri yaşayiş məntəqələrinin torpaqlarinin tərkibinə daxildir. 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağandır və özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

30. “X3rşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.

31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.1-ci maddəsinə əsasən məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

32. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

35. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğvini xahiş etdiyindən məhkəmə kollegiyası Zaqatala Rayon Məhkəməsinin e-2(033)-404/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır.

37. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

38. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Zaqatala rayonu Əliabad qəsəbəsi ərazisində yerləşən 0.05 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Həmin torpaq sahəsinin ümumi istifadədə olan yola çıxış hissəsində dəmir darvaza quraşdırılmışdır. Dəmir darvazanın qarşısında, yəni ictimai yolun kənarında cavabdehlərin həyətlərindən çıxan suyun axıdılması üçün 20 ildən də əvvəl çəkilmiş su kanalı (arxı) mövcuddur. Həmçinin ictimai yolda, iddiaçının mülkiyyətində olan həyətə giriş darvazasının qarşısında cavabdehlər tərəfindən bitkilər əkilmiş, həmin bitkilərin ətrafında dirəklər basdırılmaqla, dirəklərin ətrafı dəmir torla bərkidilmişdir.

39. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadığından, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun olmadığından, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulduğundan Zaqatala Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli e-2(033)-404/2024 nömrəli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilməlidir.

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının tələbi üzrə faktın düzgün realizə edilməsi üçün məhkəmənin ekspertiza təyin etmədən düzgün olmayan nəticəyə gəlməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

41. Göründüyü kimi qanunverici mülki iş üzrə ekspertiza təyin edilib-edilməməsini məhkəmənin üzərinə bir vəzifə olaraq qoymamışdır. Ona hüquq kimi tanımışdır. Buna baxmayaraq iş üzrə obyektiv və hərtərəfli araşdırmanın aparılmasını təmin etmək məqsədi ilə məhkəmə kollegiyasının 29 oktyabr 2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti texniki ekspertizası təyin edilmiş, qərardadın icrası üzrə Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş 07 mart 2025-ci il tarixli 10/1086 nömrəli rəy mülki iş materiallarına əlavə edilmişdir.

42. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 07 mart 2025-ci il tarixli 10/1086 nömrəli ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur:

43. Daşınmaz Əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli,**********06 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0.05 ha torpaq sahəsinin sənəddə göstərilmiş koordinatları müəyyən edilmişdir.

44. Daşınmaz Əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli.**********06 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0.05 ha torpaq sahəsinin sənəddə göstərilmiş koordinatları müəyyən edildikdən sonra, onun naturada ölçüləri müəyyən edildikdən sonra, onun naturada ölçüləri 0.18 ha hektardır.

45. Daşınmaz Əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli,**********06 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0.05 ha torpaq sahəsinə sənəd üzrə yol sahəsi (sahələri) nəzərdə tutulmuşdur və həmin yolun yerləşmə vəziyyəti, ölçüləri mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı-3 də göstərilmişdir.

46. Daşınmaz Əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli,**********06 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0.05 ha torpaq sahəsinə sənəd üzrə yol sahəsinin 7 kv.m hissəsi cavabdeh tərəfindən istifadə edilir.

47. Cavabdehlər tərəfindən İddiaçı mülkiyyətində olan 0.05 ha torpaq sahəsinə giriş qapısının yaxınlığında basdırlımış dirəklər İddiaçı mülkiyyətində olan Zaqatala rayonu Əliabad qəsəbsində 0.05 ha torpaq sahəsinə sənəd üzrə nəzərdə tutulmuş yol sahəsinin üzərində yaxud ondan kənarda yerləşir. Giriş qapısının yanında basdırlımış dirəklərin yerləşmə vəziyyəti mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı 3-də göstərilmişdir.

48. Qərardadın 6-cı sualının cavablandırılması mühəndis-texniki ekspertizalar şöbəsinin həll etdiyi məsələlər dairəsinə aid olmadığından həmin sual üzrə tədqiqat aparılmadı.

49. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin pay torpaq sahəsinə bir giriş yolunun olması, cavabdehlər tərəfindən həmin girişin qarşısında dirəklərin basdırılması, hazırkı vəziyyətdə cavabdehlərin hərəkətlərinin iddiaçıya öz torpaq sahəsindən istifadə etməsinə maneçilik törətməklə onun hüququnu müəyyən dərəcədə pozması, cavabdehlərə məxsus dirəklərin mövcudluğunun torpaq sahəsindən (əmlakından) istifadəsini məhdudlaşdırmasına dair dəlilləri ilə razılaşaraq qeyd edir ki, işdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin 17 dekabr 2024-cü il tarixli mütəxəssis rəyinə əlavə olan 1, 2 və 3 nömrəli planlardan müəyyən edildiyi kimi iddiaçının mülkiyyətində olan 0.05 ha torpaq sahəsinə yalnız mübahisəli ərazidən yol sahəsi nəzərdə tutulmuşdur.

50. Həmçinin iddiaçının mülkiyyətində olan 0.05 ha torpaq sahəsi ilə mübahisəli yol sahəsi arasında kiçik ölçüdə bələdiyyə torpaq sahəsinin mövcudluğu, həmin torpaq sahəsinin də iddiaçının zəbtində olmasının müəyyən edilməsinə baxmayaraq, məhkəmə kollegiyası tərəfindən mübahisəli əraziyə yerində baxış keçirilməsində iştirak etmiş Zaqatala rayonu Əliabad bələdiyyəsinin sədri X10 iddiaçı tərəfindən mülkiyyətində olan 0.05 ha torpaq sahəsinin qarşısında yerləşən bələdiyyə torpaq sahəsindən keçməklə mübahisəli ictimai yoldan istifadə edilməsinə Zaqatala rayonu Əliabad bələdiyyəsinin etirazının olmadığını göstərmişdir.

51. Məhkəmə kollegiyası qeyd etməyi vacib hesab edir ki, mütəxəssis və ekspertiza tədqiqatları ilə yanaşı məhkəmə kollegiyası tərəfindən mübahisəli əraziyə yerində baxış keçirilərkən həqiqətən də cavabdehlər tərəfindən iddiaçının mülkiyyətində olan 0.05 ha torpaq sahəsinin qarşısında, ictimai yolda basdırılmış dirəklərin iddiaçıya öz torpaq sahəsindən istifadə etməsinə maneçilik törətməsi, həmin dirəklərin mövcudluğunun mülkiyyətində olan 0.05 ha torpaq sahəsindən iddiaçının istifadə imkanlarını məhdudlaşdırması halları öz təsdiqini tapmışdır.

52. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə tikinti-texniki ekspertizasının 07 mart 2025-ci il tarixli 10/1086 nömrəli ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, bununla bağlı sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmə kollegiyasının qərardadı əsasında keçirilmiş ekspertizanın 07 mart 2025-ci il tarixli 10/1086 nömrəli rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

53. Məhkəmə kollegiyası qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin 17 dekabr 2024-cü il tarixli mütəxəssis rəyinə əsaslanmaqla tərtib edilmiş 07 mart 2025-ci il tarixli 10/1086 nömrəli ekspert rəyində kollegiyanın 5-ci sualına cavab olaraq qeyd edilmiş dirəklərin iddiaçının mülkiyyətində olan 0.05 ha torpaq sahəsinə sənəd üzrə nəzərdə tutulmuş yol sahəsinin üzərində yaxud ondan kənarda yerləşməsi cümləsindəki yaxud ondan kənarda yerləşmə hissəsi texniki yanlışlıq kimi qəbul edilməlidir.

54. Belə ki, 07 mart 2025-ci il tarixli 10/1086 nömrəli ekspert rəyinin tərtib edilməsində istinad edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin 17 dekabr 2024-cü il tarixli mütəxəssis rəyində eyni suala cavab olaraq cavabdehlər tərəfindən İddiaçı mülkiyyətində olan 0.05 ha torpaq sahəsinə giriş qapısının yaxınlığında basdırlımış dirəklərin İddiaçı mülkiyyətində olan Zaqatala rayonu Əliabad qəsəbsində 0.05 ha torpaq sahəsinə sənəd üzrə nəzərdə tutulmuş yol sahəsinin üzərində yerləşdiyi qeyd edilmişdir.

55. Göründüyü kimi cavabdehlər tərəfindən dirəklərin məhz ictimai yolda və iddiaçının mülkiyyətində olan torpaq sahəsinə giriş darvzasının qarşısında basdırılması, həmin dirəklərin dəmir torla əhatəyə alınması müəyyən edildiyi halda birinci instansiya məhkəməsinin 0.05 hektar torpaq sahəsinə gediş-gəliş yоlunun dirəklərin basdırıldığı, dəmir torun çəkdirildiyi, iddiaçıya maneələr yaratdığı yerdən оlması barədə sübutun təqdim edilməməsi, iş üzrə sübutlarla, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən iddiaçıya məxsus 0,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yоlunun dirəklərin basdırıldığı, dəmir torun çəkdirildiyi yerdən оlması halının təsdiq edilməməsinə dair apardığı əsaslandırma və buna dair gəldiyi nəticə MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinin tələblərinə cavab vermir.

56. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi su kanalının doldurularaq torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılmalı olmasına dair hissədə iddianın rədd edilməli olmasında doğru mövqedən çıxış etsə də, həmin hissədə birinci instansiya məhkəməsinin apardığı əsaslandırma işin hallarına uyğun olmamışdır.

57. Halbuki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Eyni zamanda MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.

58. İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normaları, onların dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz.

59. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).

60. Birinci instansiya məhkəməsi su kanalının doldurularaq torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılmasına dair hissədə iddianın rədd edilməli olmasını 0.05 hektar torpaq sahəsinə gediş-gəliş yоlunun su kanalının çəkdirildiyi və iddiaçıya maneələr yaratdığı yerdən оlması barədə sübut təqdim edilməməsi, iş üzrə keçirilmiş yerli baxış nəticəsində qapının qarşısında su kanalının qazılması halının müəyyən olunmaması, iddiaçıya məxsus 0,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yоlunun su kanalının çəkdirildiyi yerdən оlması halının təsdiq edilməməsi ilə əsaslandırsa da, mütəxəssis və ekspertiza tədqiqatları ilə, məhkəmə kollegiyası tərəfindən mübahisəli əraziyə yerində baxış keçirilməsi nəticəsində su kanalının (arxının) mübahisəli yol sahəsinin kənarında yerləşməsi, iddiaçının mülkiyyətində olan 0.05 ha torpaq sahəsinə daxil olması üçün quraşdırılmış darvazanın qarşısından keçməsi, kanala (arxa) boru, yaxud da üzərinə hər hansı bir əlavə vasitə qoyulmayacağı halda həmin arxdan keçməklə iddiaçının mülkiyyətində olan torpaq sahəsinə daxil olmada çətinliklərin olması müəyyən edilmişdir.

61. Lakin su kanalı (arxı) üzrə məhkəmə kollegiyasının iclasında müəyyən razılıq nümayiş etdirən iddiaçının nümayəndəsi həmin kanalın (arxın) doldurulması hissəsində iddia tələbini müdafiə etməməklə, arxa borunun qoyulması ilə arxın saxlanılmasına etiraz etməmişdir.

62. İddia tələbi həmin hissədə müdafiə edilməməklə yanaşı, su kanalının (arxının) 20 ildən də əvvəl cavabdeh tərəfin həyətindən suyun axıdılması üçün çəkilməsi, onun çəkildiyi zaman iddiaçı tərəfin buna etirazını bildirməməsi, hazırda da da həmin arx vasitəsi ilə suyun axıdılması zərurəti nəzərə alınaraq, iddia tələbinin su kanalının doldurularaq torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması hissəsinin təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir.

63. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin e- 2(033)-404/2024 nömrəli, 06 iyun 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdehlər Cavabdeh1 Məmmədli qızı və Cavabdeh2 qarşı “torpaq sahəsinə girişin qarşısına özbaşına basdırılmış dirəklərin çıxarılması, məftil torun sökülməsi və su kanalının doldurularaq torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddiası qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəsaiti hesabına daşınmaz əmlakın dövlət reyestrindən 30 may 2023-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0.05 ha torpaq sahəsinin giriş qapısının qarşısına özbaşına basdırdıqları dirəklər çıxarılmalı, məftil tor sökülməli, cavadehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilmiş 100 manat dövlət rüsumunun 50 manatı alınaraq İddiaçı verilməli, iddianın qalan hisssəsi təmin edilməməli, ödənilmiş 100 manat dövlət rüsumunun 50 manatı isə iddiaçının özünə aid edilməlidir.

63. Həmçinin məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 manat ekspertiza xərcinin 50 manatı İddiaçı, 50 manatı isə cavabdehlər Cavabdeh1 Məmmədli qızından və Cavabdeh2 müştərək qaydada tutulub dövlət büdcəsinə (Az.MEM VÖEN **********, X2, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ22 hesaba) ödənilməlidir.

64. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin e-2(033)-404/2024 nömrəli, 06 iyun 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 Məmmədli qızı və Cavabdeh2 qarşı “torpaq sahəsinə girişin qarşısına özbaşına basdırılmış dirəklərin çıxarılması, məftil torun sökülməsi və su kanalının doldurularaq torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəsaiti hesabına daşınmaz əmlakın dövlət reyestrindən 30 may 2023-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0.05 ha torpaq sahəsinin giriş qarşısının qarşısına özbaşına basdırdıqları dirəklər çıxarılsın, məftil tor sökülsün. Cavadehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilmiş 100 manat dövlət rüsumunun 50 manatı alınaraq İddiaçı verilsin. İddianın qalan hisssəsi təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumunun 50 manatı isə iddiaçının özünə aid edilsin. Məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 manat ekspertiza xərcinin 50 manatı İddiaçı, 50 manatı isə cavabdehlər Cavabdeh1 Məmmədli qızından və Cavabdeh2 müştərək qaydada tutulub dövlət büdcəsinə (Az.MEM VÖEN **********, X2, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ22 hesaba) ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar