Məhkəmə qərarları › İş №2(107)-760/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-760/2023

04.07.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-760/2023 04.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı əmrin qanunsuz hesab edilərək ləğv edilməsi və s. tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə (Açar sözlər: əmrin qanunsuz hesab edilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı əmrin qanunsuz hesab edilərək ləğv edilməsi və s. tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2(063)- 91/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları

1. İddiaçı 06 oktyabr 2019-cu ildə Cavabdeh MMC müəssisəsində təsərrüfat şöbəsində qabyuyan vəzifəsində işləməyə başlamışdır. 05 may 2022-ci il tarixli, İA 087/22 nömrəli əmrə əsasən barəsində olan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə) xitam verilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı cavabdehə qarşı əmrin qanunsuz hesab edilərək ləğv edilməsi və s. tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən onun barəsində tətbiq edilən 05 may 2022-ci il tarixli, İA 087/22 nömrəli əmrin qanunsuz hesab edilərək əmrin ləğv edilməsi və bu barədə əmək kitabçasındakı qeydin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, onun öz işinə bərpa olunması və 05 may 2022-ci il tarixdən işə bərpa olunan tarixədək məcburi iş buraxmağa görə əmək haqqının hesablanılaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı məhkəmə iclasında iddianın təmin olunmasını xahiş etdi və izahatında göstərdi ki, o, 06 oktyabr 2019-cu ildə Cavabdeh MMC (Mərcan quş əti emalı) müəssisəsində təsərrüfat şöbəsində qabyuyan vəzifəsində işləməyə başlamışdır. Əmək müqaviləsinə uyğun olaraq 2 il yarım işlədiyi müddətdə öz vəzifəsini layiqincə yerinə yetirmiş və ona heç bir irad olmamışdır. İş şəraiti ağır olmasına baxmayaraq hər gün saat səhər 00:30-dan gecə 00:30-a kimi, hətta bəzən daha artıq saat, gecə 1-3-ə kimi işləmişdir. Yəni iş vaxtından da artıq müddətə işləmiş, heç vaxt şikayətlənməmişdir. 2019cu ilin iyun ayında həyat yoldaşı bədbəxt hadisə nəticəsində vəfat etmişdir. Buna görə də o, ailəsinin tələbatlarını qarşılamaq, xüsusilə də tələbə olan oğlu və qızının təhsilini davam etdirməsi üçün “Mərcan” müəssisəsində işləməyə başlamış və hər cür çətinliyə dözmüşdür, çünki övladları üçün həm ata, həm də ana olmalı idi. 29 aprel 2022-ci il tarixdə “Ramazan bayramı” günü “Mərcan” quş əti müəssisəsində işçilərə “ehsan” verilirdi. Hərbi xidmətdə olan oğlunu fikirləşdiyinə görə öz vəzifəsini yerinə yetirmiş, digər işləri görüb aşbaza da köməklik etmişdir. Dərddən və yorğunluqdan gün ərzində heç nə yeməmişdir. Gecə evə gedəndə aşbaz demişdir ki, “Zeynəb bu gün heç nə yeməmisən, heç olmasa bişmiş kişmiş qalıb, ondan evə apar ehsandır yeyərsən”. Onlar pul qoyub xurma almışlar, ondan 10 dənə, əlavə olaraq evdə bişirib yeməsi üçün 500 qrama yaxın düyü vermişdir. O, həmin ərzaqları çantasına qoymuş, müəssisənin həyətində onları saxlayıb çantalarını yoxladılar. Hamısının çantasından çıxan ərzaqlara görə onlara izahat yazdırdılar. 04 may 2022-ci il tarixdə ona günün sonuna qədər işləyəcəyi, sabahdan isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunması bildirilmişdir. 13 may 2022-ci il tarixdə ona əmək kitabçasının götürülməsi ilə əlaqədar işdən mobil telefon nömrəsinə “sms” gəlmiş və gedib əmək kitabçası və əmrin surətini götürmüşdür. Qanunsuz olaraq işdən çıxarıldığına görə aidiyyəti dövlət orqanlarına müraciət etmişdir. 20 may 2022-ci il tarixdə X1muşdur. Cavabdeh MMC-nin baş idarəsindən iyun ayının əvvəllərində 2 nəfər nümayəndə müraciətilə əlaqədar evlərinə gəlmiş, baş vermiş hadisənin təfərrüatları barəsində ona suallar vermişlər, o isə sualları cavablandırmışdır, ona araşdırıb nəticəsi barədə məlumat veriləcəyi bildirilmiş, lakin heç bir məlumat verilməmişdir. Müraciətinin qanunauyğun həllini tapması məqsədilə müvafiq məhkəməyə müraciət etmək üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 5-ci hissəsinə və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 15 iyul 2022-ci il tarixində ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin əmək mübahisəsi heç bir həllini tapmamışdır. 05 may 2022-ci il tarixli əmrə əsasən əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə) xitam verilmişdir. Onun işdən çıxarılmağı qanunsuzdur. Ona görə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinə görə əmək funksiyası-əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur. Əmək müqaviləsinə əsasən o, “qabyuyan” vəzifəsinə təyin edilmişdir. Belə hesab edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olmağı qanunsuz və əsassızdır. Ona görə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin ikinci hissəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bir şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürən, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarını və qanunla qorunan mənafeyinə hər hansı formada ziyan dəymiş olsun. Yəni, işçinin əmək funksiyası dedikdə, əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə, ixtisas yaxud peşə üzrə yerinə yetirilməli olduğu xidmətlərin dairəsi anlaşılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin ikinci hissəsinə görə qanunvericilik əmək müqaviləsinin ləğv edilməsi üçün aşağıdakı şərtləri müəyyən etmişdir. 1. İşçi öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirməməlidir. O, öz əmək funksiyasını yerinə yetirib səhər saat 08:30-dan 00:30-a kimi səliqə ilə iş yerinin təmizliyini saxlamış, qabları təmiz yumuşdur. O heç bir səhlənkarlığa və etinasızlığa yol verməmişdir.

2. İşçinin bu hərəkətləri nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının norma ahəngi pozulmalıdır. Göründüyü kimi nə işin, nə də əmək və icra intizamının normal ahəngi pozulan heç bir əməl olmamışdır. 3. İşçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarının və qanunla qorunan mənafelərinə hər hansı fomada ziyan dəyməlidir. Onun yuduğu qablara görə heç kimə fiziki, maddi və mənəvi ziyan dəyməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsində isə əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar müəyyən olunmuşdur. 72-ci maddənin “c” bəndində göstərilir ki, əmək vəzifələrinin kobud şəkildə “təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurulduqda” əmək müqaviləsinə xitam verilə bilər. İşçinin təqsirli hərəkəti dedikdə, işçinin qəsdən və ya ehtiyatsızlıq formasında əmək vəzifələrini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi başa düşülür. Həmçinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə çıxarılmağı insan olaraq hüquq və azadlıqlarımın məhdudlaşmasına səbəb olur. Reallıqdır ki, müvafiq maddə ilə işdən çıxarılmış işçi gələcək əmək fəaliyyətində yeni iş tapmaqda çətinliklə qarşılaşır. Bu isə hüququn ümumi prinsiplərindən “mütənasiblik”, “ədalətlilik” prinsiplərinə ziddir. Mütənasiblik prinsipi insan hüquqları ilə bağlı normaların ayrılmaz tərkib hissəsidir. Məhkəmə qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdır. Həmçinin, əmək qanunvericiliyi işçiyə intizam tənbehi verildiyi halda belə, işçi üçün həvəsləndirmə tədbirlərinin tətbiqini və mükafatlandırmanı nəzərdə tutur. Ehsan sayılan yeməyi üçün nəzərdə tutulan ərzağı götürməsi əmək müqaviləsinə xitam verilməsi ilə nəticələnməsi heç bir hüquq məntiqinə sığmır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Müvafiq maddənin 2-ci hissəsində müvafiq intizam tənbehləri göstərilməkdədir və bunlardan biri əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etməkdir. 3-cü hissəsində isə qeyd olunmuşdur ki, işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Cavabdeh MMC tərəfindən isə müvafiq maddənin tətbiqi nəzərə alınmamış və qanunsuz olaraq işdən çıxarılmışdır. Həmçinin, işəgötürən səhər 08:30-dan gecə 00:30-a qədər işləməklərini heç vaxt qiymətləndirməmişdir. 29 aprel 2022-ci ildə “Ramazan” bayramı günü işçilərə “ehsan” verilirdi. Ona “ehsan” verilən yeməkdən yemədiyinə görə aşbaz ona bir stəkan bişmiş kişmiş, 500 qram düyü vermiş, onları götürmüşdür, xurmanı isə özləri almışdılar. Göründüyü kimi işəgötürənə onun götürdüyü ərzaqlar elə bir ziyan vumamışdır. Ziyanın məbləğinin bayram günü verilən ehsandan hesablanması ağır nəticələrə səbəb olmamışdır. Bayam günü “ehsan” verilməsəydi o bütün günü heç nə yemədiyi həmin 1 stəkan bişmiş kişmiş və 500 qram düyünü götürməzdi. Bu onun əmək müqaviləsi üzrə öhdəliyini pozmur, yəni bunların onun əmək funksiyasına heç bir aidiyyəti yoxdur və bu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə çıxarılmağı üçün əsas təşkil etmir. Mülki iş üzrə cavabdeh tərəfindən 20 dekabr 2022-ci il tarixdə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə Ucar Rayon Məhkəməsinə müraciət edilmişdir. Belə ki, 05 may 2022-ci il tarixli əmrə əsasən barəsində olan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə) xitam verilmişdir. 13 may 2022-ci il tarixdə ona əmək kitabçasının götürülməsi ilə əlaqədar işdən mobil telefon nömrəsinə “sms” gəlmiş və 2 gün sonra gedib əmək kitabçasını və əmrin surətini götürmüşdür. İlk öncə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. X3 13 may 2022-ci il tarixli məktubuna əsasən 20 may 2022-ci il tarixdə qəbul edilmişdir. 19 may 2022-ci il tarixdə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə uyğun olaraq Cavabdeh MMC-yə mediasiya prosesinin tətbiqi barədə təklif göndərmiş, yəni bu tarixdən etibarən iddia müddətinin axımı dayandırılmışdır. Cavabdeh MMC tərəfindən təklif 25 may 2022-ci il tarixində qəbul edilmiş, lakin təklifə heç bir cavab verilməmişdir. 07 iyun 2022-ci il tarixdə Mediasiya Şurasına müraciət etmiş, 08 iyun 2022-ci il tarixdə göndərilmişdir. 21 iyun 2022-ci il tarixdə mediasiyaya dəvət məktubu ona göndərilmiş və 15 iyul 2022-ci il tarixdə ilkin mediasiya sessiyasının davam etdirilə bilməməsi barədə ona arayış təqdim edilmişdir. Tərəfindən bu hissəyə qədər heç bir müddət ötürülməmişdir, halbuki cavabdeh mediasiyaya müraciəti zamanı müddətin ötürülməsini göstərmişdir. Məhkəməyə müraciət zamanı üzrlü səbəbdən müddət ötürülmüşdür. Arayışı aldıqdan sonra hüquqi savadı olmadığı üçün Bakıdan olan bir vəkildən hüquqi məsləhət almış, müvafiq iddia ərizəsi ilə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinə müraciət etməyi bildirmişdir. Ona məsləhət verən vəkil isə səhv istiqamət vermiş, o isə həmin müddətdə vəkilin səhv dediyini bilməmişdir və bilmək iqtidarında deyildir, buna görə vəkilə arxayın olmuşdur. Belə ki, vəkil məhkəmə prosesi üçün rüsum ödənilməsini demiş, lakin həmin müddətdə maddi imkanı olmadığından və məhkəməyə müraciət üçün iddia müddəti olduğunu bilmədiyindən, ödənişi gec ödədiyindən, ona ərizəni 20 sentyabr 2022-ci il tarixdə vermiş və o, 20 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli qərardadına əsasən ərazi aidiyyət qaydaları pozulduğu üçün iddia ərizəsinin surəti geri qaytarılmışdır. 10 oktyabr 2022-ci il tarixdə poçt vasitəsilə qəbul etmiş, lakin təkcə qərardad göndərilmişdir, Nizami Rayon Məhkəməsi ilə əlaqə saxladıqdan sonra sənədləri göndərmişlər. Nizami Rayon Məhkəməsinin qərardadını oxuyanda artıq səhv edib iddia ərizəsini ora göndərdiklərini başa düşmüş və orada hazırkı iddia ilə Ucar Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. Onda vəkilin ona səhv hüquqi yardım göstərdiyini başa düşmüş, daha vəkillə əlaqə saxlamamışdır. Maddi imkanı olmadığından heç bir vəkildən hüquqi yardım ala bilməmişdir, çünki ödənişli olacağını bilirdi. Həmin iddia ərizəsini 27 oktyabr 2022-ci il tarixdə Ucar Rayon Məhkəməsinə göndərmişdir. Ucar Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli qərardadına əsasən iddia ərizəsi və digər sənədlər ona geri qaytarılmışdır. Müvafiq qərardadda iddia ərizəsində nöqsanların olduğunu gördükdən sonra bir daha əmin olmuşdur ki, vəkil ona tamamilə səhv iddia ərizəsi yazmışdır. 14 noyabr 2022-ci il tarixdə Ucar Rayon Məhkəməsinin qərardadını aldıqdan sonra artıq məcbur idi ki, maddi cəhətdən ona çox çətin olsa da ödənişli hüquqi yardım alsın. Çünki iddia ərizəsi səhv yazılmışdı, müvafiq qərardadda göstərildiyi kimi iddia ərizəsinin forması və məzmununa riayət edilməmişdir. Başqa vəkil vasitəsilə hüquqi yardım aldıqdan sonra vəkil iddia ərizəsini tamamilə dəyişdirmişdir. Həmçinin vəkil bildirmişdir ki, əvvəlki iddia ərizəsində yanlış olaraq qüvvədən düşmüş “Əmək müqaviləsinin bağlanmasını, dəyişdirilməsini və xitamını nizama salan əmək qanunvericiliyinin tətbiqinin məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 dekabr 1993-cü il tarixli qərarına istinad edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin altıncı hissəsinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 382-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək müqaviləsinə qanunsuz olaraq xitam verildikdən sonra göründüyü kimi (iddia ərizəsinin verilməsində çətinlik) xeyli maddi və mənəvi çətinliklərlə üzləşmişdir. Bu sadəcə fərd olaraq onun deyil, ailəsinin də çətinliyinə səbəb olmuşdur. Lakin ədalət mühakiməsinin gücünə və ədalətin qalib gələcəyinə inanır. Faktiki halları və qanunvericiliyin müvafiq maddələrini, onun hüquqi savadının olmaması, hüquqi yardım göstərilməsi üçün maddi imkanının olmaması hallarını nəzərə alıb üzrlü səbəbdən ötürülmüş iddia müddətini bərpa edərək işə mahiyyəti üzrə baxılmasını xahiş edir. Əlavə olaraq bildirdi ki, maddi cəhətdən imkanı olmadığından mediasiyaya vaxtında müraciət etməmişdir.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.

5. Cavabdeh nümayəndəsi məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə, habelə iddiaya qarşı etiraz göndərmişdir. Ərizədə və etirazda göstərilmişdir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin tələblərinə görə fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddia ərizəsində də qeyd edildiyi kimi, iddiaçı 05 may 2022-ci il tarixdə işdən azad edilmişdir. İddiaçı əmr verildiyi gündən təxminən 7 ay keçdikdən sonra 23 noyabr 2022-ci il tarixində məhkəməyə müraciət etmişdir. Şəxs mediasiyaya müraciət etdikdə belə artıq iddia müddətini ötürmüşdür, daha sonra Nizami Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmə səlahiyyətli olmadığı üçün iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul edilmişdir. Nizami Rayon Məhkəməsi tərəfindən 2(007)-3150/2022 nömrəli həmin qərardad 30 sentyabr 2022-ci il tarixində qəbul edilmişdir. İddiaçı həmçinin bu qərardaddan sonrakı müddət ərzində də iddia müddətini ötürmüşdür. Ona görə də hesab edirlər ki, icraatda baxılan hazırkı mülki iş üzrə iddia müddətinin tətbiq edilməsi zəruridir. Qeyd edilənlərdən tam aydın olur ki, iddiaçı tərəfindən əmək mübahisəsi üzrə məhkəməyə müraciət edilərkən qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti heç bir üzrlü səbəb olmadan ötürülmüşdür. Ona görə də mülki iş üzrə iddia müddəti ötürüldüyünə görə iddiadan imtina edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. İddiaçı ilkin olaraq 20 sentyabr 2022-ci il tarixində Nizami Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 30 sentyabr 2022-ci il tarixli qərardadına əsasən ərazi aidiyyəti qaydaları pozulduğu üçün ərizə geri qaytarılmışdır. İddiaçının 23 noyabr 2022-ci il tarixli iddia ərizəsi Ucar Rayon Məhkəməsində icraata qəbul olduqdan sonra cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə Ucar Rayon Məhkəməsinə 20 dekabr 2022-ci il tarixli, APC-227/2022 nömrəli ərizə ünvanlamışdır. İddiaçı bununla razılaşmayaraq iddia müddətinin bərpası barədə məhkəməyə yenidən müraciət etmişdir. İddiaçıya özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi, habelə əmək vəzifələrini kobud şəkildə pozduğu üçün dəfələrlə yazılı və şifahi şəkildə xəbərdarlıqlar olunmuş və təsərrüfat şöbəsinin rəhbərinin təqdimatı əsasında iddiaçının izahatı alınmışdır. Həmçinin, iddiaçı 01 may 2022-ci il tarixli izahatında da heç kimdən icazə almadan mətbəxdən ərzaq oğurladığını etiraf etmişdir. İddiaçı 15 iyul 2022-ci il tarixli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış”ın alınmasından sonra 20 sentyabr 2022-ci ildə Nizami Rayon Məhkəməsinə, Ucar Rayon Məhkəməsinə isə 23 noyabr 2022ci il tarixində müraciət etmişdir. İddiaçı 2 mülki iş üzrə hər iki məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüşdür. Ona görə də, iddiaçının iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş olunmuşdur.

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 05 may 2022-ci il tarixli əmrlə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilmiş və o həmin əmrlə tanış olmuşdur, iddiaçı əmək mübahisəsi ilə bağlı mediasiya sessiyasında iştirak etmiş, bununla bağlı 15 iyul 2022-ci il tarixli “ilkin mediasiya prosesindən sonra prosesin davam etdirilə bilməməsi barədə” arayış verilmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı qanunvericilikdə nəzərədə tutulmuş müddəti ötürdükdən sonra əmək mübahisəsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı 20 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə, iddia ərizəsi geri qaytarıldıqdan sonra isə Ucar Rayon Məhkəməsinə müraciət etmişdir. Bununla da hazırkı tələb üzrə iddia müddəti keçmişdir, iddia müddətinin tətbiq edilməsi barədə cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə ərizə göndərilmişdir, buna görə də iddia təmin edilməməlidir. Eyni zamanda, iddiaçı məhkəmə iclasında müddətin ötürülməsini etiraf etmiş, iddia müddətinin bərpası barədə ərizə vermiş, müddətin ötürülməsinin üzrlü səbəbdən olmasını göstərsə də müddətin üzrlü səbəbdən ötürülməsi məhkəmə iclasında müəyyən edilməmişdir.

7. Ucar Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2(063)-91/2023 nömrəli qətnaməsi ilə (hakim Hilal Xəlilov) İddiaçı Cavabdehnə qarşı əmrin qanunsuz hesab edilərək ləğv edilməsi və s. tələbi barədə iddiasının təmin edilməməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.2, 2.3, 372.2 və 375.2-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

9. İş materiallarında olan ******* nömrəli əmək kitabçasının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 06 oktyabr 2019-cu il tarixli, 468/k nömrəli əmrlə Cavabdehnə “qabyuyan” vəzifəsinə təyin edilmiş, 05 may 2022-ci il tarixli, İA-087/22 nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 05 may 2022-ci il tarixindən əmək müqaviləsi ləğv edilmişdir.

10. İş materiallarında olan Cavabdeh direktorunun 05 may 2022-ci il tarixli, İA-087/22 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı təsərrufat şöbəsinin qabyuyanı ilə bağlanılmış əmək müqaviləsinə 05 may 2022-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə) xitam verilmişdir.

11. İşdə olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3150/2022 nömrəli, 30 sentyabr 2022-ci il tarixli qərardadının surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, məcburi iş buraxmağa görə əmək haqqının ona ödənilməsi” tələbi barədə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, iddiaçıya hazırkı tələb ilə bağlı Ucar Rayon Məhkəməsinə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır.

12. İşdə olan Ucar Rayon Məhkəməsinin 2(063)-1140/2022 nömrəli, 01 noyabr 2022ci il tarixli qərardadının surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi və s. tələbi barədə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, İddiaçı iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmamasının izah edilməsi qərara alınmışdır.

13. İşdə olan AZE seriyalı, 17655361 nömrəli şəxsiyyət vəsiqəsinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı, Ucar şəhəri, Həbibi küçəsi, ev 8-də qeydiyyatdadır.

14. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

15. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, ərizəsində o kifayət qədər faktları əsaslandırdığına və sübutları əlavə etməyinə baxmayaraq məhkəmə bunu nəzərə almamış, işə tam, hərtərəfli və obyektiv baxmamış, sübutlara düzgün qiymət verməmişdir. Məhkəməyə müraciət zamanı üzrlü səbəbdən müddət ötürülmüşdür. Arayışı aldıqdan sonra hüquqi savadı olmadığı üçün Bakıdan olan bir vəkildən hüquqi məsləhət almışdır. Vəkil isə müvafiq iddia ərizəsi ilə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinə müraciət etməyini bildirdi. Ona məsləhət verən vəkil isə səhv istiqamət verdi, vəkilə arxayın olduğunu bildirdi. Belə ki məhkəmə prosesi üçün rüsum ödənilməsini vəkil ona demiş, lakin həmin müddətdə maddi imkanı olmadığından və məhkəməyə müraciət üçün iddia müddəti olduğunu bilmədiyindən ödənişi gec ödədiyindən ona ərizəni xx.xx.2022-ci il tarixdə verdi və o xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinə müraciət etdi. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən ərazi aidiyyət qaydaları pozulduğu üçün iddia ərizəsinin surəti geri qaytarıldı. xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə qəbul etdi, lakin təkcə qərardad göndərilmişdi, Nizami Rayon Məhkəməsi ilə əlaqə saxladıqdan sonra sənədləri göndərdilər. Nizami Rayon Məhkəməsinin qərardadını oxuyanda artıq səhv edib ora göndərdiyini başa düşdü və orda hazırkı iddia ilə Ucar Rayon Məhkəməsinə müraciət etmək hüququnu izah edirdi. Onda vəkilin ona səhv hüquqi yardım göstərdiyini başa düşdü, daha onunla əlaqə saxlamadı. Maddi imkanı olmadığından heç bir vəkildən hüquqi yardım ala bilmədi, çünki ödənişli olacağını bilirdi.

16. Həmin idda ərizəsini xx.xx.2022-ci il tarixdə Ucar Rayon Məhkəməsinə göndərdi. Ucar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddia ərizəsi və digər sənədlər ona geri qaytarılmışdır. Müvafiq qərardadda iddia ərizəsində nöqsanların olduğunu gördükdən sonra bir daha əmin oldu ki, vəkil ona tamamilə səhv iddia ərizəsi yazıb. xx.xx.2022-ci il tarixdə Ucar Rayon Məhkəməsinin qərardadını aldıqdan sonra artıq məcbur idi ki, maddi cəhətdən ona çox çətin olsa da ödənişli hüquqi yardım almalıdır. Çünki iddia ərizəsi səhv yazılmışdı, müvafiq qərardadda göstərildiyi kimi iddia ərizəsinin forması və məzmununa riayət edilməmişdir. Başqa vəkil vasitəsilə hüquqi yardım aldıqdan sonra vəkil iddia ərizəsini tamamilə dəyişdirdi. Həmçinin vəkil bildirdi ki, öncə danışdığı əvvəlki iddia ərizəsində yanlış olaraq qüvvədən düşmüş “Əmək müqaviləsinin bağlanmasını, dəyişdirilməsini və xitamını nizama salan əmək qanunvericiliyinin tətbiqinin məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 1993-cü il 28 dekabr tarixli qərarına istinad etmişdir (məhkəməyə əlavə olunan sənədlərdə də bu var).

17. Onun müddəti ötürməyi savadsızlıq, yanlış hüquqi yardım alma və maddi imkansız, köməksiz durumda olmağı səbəbindən olmuşdur, lakin Ucar Rayon Məhkəməsi bunu nəzərə almamışdır. Halbuki yuxarıda qeyd etdiyi kimi ona düzgün hüquqi yardım verilmiş olsaydı bu vəziyyət yaranmazdı. Maddi imkansızlıq və öhdəsində olan 2 övladla onun çətinliyi onsuz da çoxdur. Bu bəhanə deyil, real obyektiv səbəbdir və hər insanın başına gələ bilər və yuxarıda iki hüquqi halı göstərmişdir ki, faktiki olaraq başına gəlibdir. Hər peşənin sahibi öz ixtisasını bilir və ona etimad olunur ki, o öz sahəsini bilir, o da vəkilə müraciət etmiş və vəkil onu yanlış yönləndirmişdir, o öncədən bunu planlaşdıra bilməzdi ki, vəkil onu səhv yönləndirəcək, səhv məlumat verəcək. Məlumat isə həm şifahi, həm də yazılı olaraq ərizəsində öz əksini tapmışdır. Bunu öyrəndiyi andan etibarən isə vəkili dəyişmişdir. Neçə vaxtdır artıq işsizdir, o maddə ilə işdən çıxdığına görə də onu işə götürmürlər. Köməksiz vəziyyətdə olmağı, savadsızlıq ucbatından başına gələnlər, həmçinin müddətin az ötürülməsi məhkəmə tərəfindən üzrlü səbəb kimi sayılmamış və pozulmuş hüququnun müdafiəsi üçün ona şərait yaradılmamışdır. Müddətlər üzrlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. O, obyektiv səbəblərdən dolayı müddəti üzrlü səbəbdən ötürmüşdür.

18. Ona görə də, Ucar Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2(063)- 1/2023 nömrəli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

21. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ucar Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2(063)-91/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 2.2-ci maddəsinə əsasən mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

23. Azərbaycan Respublikası Əmək Məcəlləsi: 46-cı maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. 292-ci maddəsinin 1-ci hissəsinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. 294-cü maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün-işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

24. Qərarlar: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir; birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür-ümumi və xüsusi; ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil, xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısadılmış və ya uzadılmış ola bilər. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 375-ci maddəsinin tələblərinə riayət edilməsi məhkəmələrin mülki işlərin baxılmasında və həll edilməsində müasir məhkəmə icraatının mahiyyətini cəmləşdirən qanunvericiliyin qanunçuluq və dispozitivlik prinsiplərinə əməl etməsini əks etdirir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında göstərilir ki, atılmalı olan formal adımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsi”nə dair 03 iyun 2013-cü il tarixli Qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarı (bax: bənd 31)

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

26. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

27. İddiaçı 14 fevral 2023-cü il tarixli, 2(063)-91/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı iddia müddəti tətbiq etməklə rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

29. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində bu qətnamənin 15-17-ci bəndlərində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, iddiaçının iddia müddətinin üzrlü sbəbdən ötürülmüş hesab edilməsi ilə bağlı dəlilləri əsasən üç arqument - vəkilin ona yanlış hüquqi xidmət göstərməsi; əvvəlcə başqa məhkəməyə müraciət etmiş olması; və hüquqi savadsızlığı ilə əsaslandırılmışdır. İş materiallarından görünür ki, 05 may 2022-ci il tarixli əmrlə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir və iddiaçının işdən azad olunduqdan sonra əmək kitabçasını 15 may 2022-ci il tarixdə aldığı işin mübahisəsiz halıdır. İddiaçı 20 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə, iddia ərizəsi geri qaytarıldıqdan sonra isə 24 noyabr 2022-ci ildə Ucar Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, hazırki iş üzrə iddiaçının hazırki tələblə məhkəməyə müraciət etmək üçün iddia müddəti 15 iyun 2022-ci ildə başa çatmışdır. İddiaçının məhkəməyə iddia tələbi ilə ilk müraciəti isə 20 sentyabr 2022-ci ildə olmuşdur. Beləliklə, iddiaçının vəkilin yanlış hüquqi xidmət göstərməsi və əvvəlcə başqa məhkəməyə müraciət etməsi ilə bağlı dəlilləri əsassızdır. Belə ki, həmin hallar baş verməzdən öncə artıq iddia müddəti ötürülmüşdü. İddiaçının apellyasiya şikayətinin onun hüquqi savadsızlığına görə iddia müddətinin mövcudluğundan xəbərdar olmaması ilə bağlı dəlillərinə gəldikdə isə kollegiya qeyd edir ki, qanunu bilməmək məsuliyyətdən azad etmədiyindən iddia müddətinin mövcudluğunu bilməmək də həmin müddətin ötürülməsinin üzrlü hesab edilməsi üçün əsas ola bilməz. O cümlədən, məhkəmə kollegiyası qeyd edir ki, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh mübahisəyə iddia müddətinin tətbiq olunması barədə ərzə təqdim edərək, iddianın rədd olunmasını xahiş etmiş, iddiaçı tərəfindən isə buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət verilməmişdir.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir.

31. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

32. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı iddia müddəti tətbiq etməklə rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ucar Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2(063)-91/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ucar Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2(063)-91/2023 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar