Məhkəmə qərarları › İş №2(107)-764/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-764/2022

31.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-764/2022 31.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kiçik iddia ərizəsinin geri qaytarılması) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 04 aprel 2022- ci il tarixli, 2(046)-1160/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 659 manat və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin (hakim İ.Fəttahov) 04 aprel 2022- ci il tarixli, 2(046)- 1160/2022 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin geri qaytarılması, İddiaçı göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququ izah edilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan İddiaçı şikayət verərək Göyçay Rayon Məhkəməsinin e- 2(046)-1160/2022 saylı 04 aprel 2022-ci il tarixli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(046)-1160/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən verilmiş tələbi təsdiq edən sənədləri təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edilir. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.2.4 və 284-4.1.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, ərizəyə Bakı şəhəri Binəqədi rayon 43-cü polis bölməsinə yazdığı şikayət ərizəsi, Polis bölməsində şikayəti üzrə bölmənin sahə rəisi Fərid Babayev tərəfindən aparılmış araşdırma nəticəsində barəsində şikayət olunan Cavabdeh bu şikayətlə əlaqədar alınmış izahatı və cavabdehin polis bölməsinə vermiş olduğu izahatında həqiqətən 659 manat borcunun etiraf olunasına dair izahatı rəsmi polis orqanı tərəfindən təsdiq edilmiş materialı əlavə edilmişdir. Hesab edir ki, iddia tələbini təsdiq edəcək bu sübuta məhkəmə hüquqi qiymət verməklə iddianı icraata qəbul etməlidir. Odur ki, hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər qanunsuz və əsassız olaraq geri qaytarılmışdır. Buna görə də şikayətinin təmin edilməsini xahiş etmişdir. b) Şikayəti qarşı etirazın dəlilləri Şikayətiə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-2-ci maddəsinə əsasən Kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. 284-3-cü maddəsinə əsasən Ərizə məhkəməyə ümumi qaydada verilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə həmin sistemdə qeydiyyatdan keçmiş mülki işlər üzrə işdə iştirak edən şəxslər, habelə kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilir. Ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə), cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları): iddiaçının tələbi və onun əsaslandığı hallar; tələbin əsaslığını təsdiq edən sənədlər, əmlakın verilməsi tələbləri üzrə tələb olunan əmlakın dəyərinə dair sübutlar; Əlavə edilən sənədlərin siyahısı. Ərizə ümumi qaydada verildikdə, iddiaçı və ya onun nümayəndəsi tərəfindən imzalanır və iddiaçının əsaslandığı sənədlər ona əlavə edilir. Nümayəndə tərəfindən verilən ərizəyə onun səlahiyyətlərini təsdiq edən sənəd də əlavə edilməlidir. Ərizə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərildikdə iddiaçının və ya onun nümayəndəsinin elektron imzası ilə təsdiq olunur. Ərizəyə əlavə edilən sənədlər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında təqdim edilir. Ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. 284-3.2.4-cü maddəsinə əsasən tələbin əsaslığını təsdiq edən sənədlər, əmlakın verilməsi tələbləri üzrə tələb olunan əmlakın dəyərinə dair sübutlar ərizədə göstərilməlidir. 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edilir. 284-4.1 və 284-4.1.3-cü maddələrinə əsasən verilmiş tələbi təsdiq edilən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədər qəbul olunmasından imtina edir. 284-4.2-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Göyçay Rayon Məhkəməsinin 04 aprel 2022- ci il tarixli, 2(046)-1160/2022 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir. Ona görə də kollegiya Göyçay Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 2(046)-1160/2022 nömrəli qərardadını tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası qərardaddan verilmiş şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli və iş üzrə Göyçay Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(046)- 1160/2022 nömrəli qərardadı ləğv edilməlidir. Belə ki, birinici instansiya məhkəməsi 04 aprel 2022- ci il tarixli, 2(046)-1160/2022 nömrəli qərardadını iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən verilmiş tələbi təsdiq edən sənədləri təqdim etməməsi ilə əlaqələndirərək geri qaytarsa da, həmin qərardaddan şikayət verilmək hüququnu tərəfə izah etmişdir. Halbuki, MPM-in 284-4.2-ci maddəsinə əsasən məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edirsə, ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Beləlilkə kollegiya belə qənaətə gəlir ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işlərə dair ərizənin qəbul olunmasından imtina edilməsi barədə qərardaddan şikayət verilməsi qanunvercilikdə nəzərdə tutulmadığından Göyçay Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, e-2(046)-1160/2022 saylı qərardadı ləğv edilərək, həmin məhkəmənin 04 aprel 2022-ci il tarixli, 2(046)-1160/2022 nömrəli qərardadından verilmiş şikayətə hüquqi qiymət verilməsi üçün Göyçay Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(046)-1160/2022 nömrəli qərardadı ləğv edilsin, həmin məhkəmənin 04 aprel 2022-ci il tarixli, 2(046)-1160/2022 nömrəli qərardadından verilmiş şikayətə hüquqi qiymət verilməsi üçün mülki iş Göyçay Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar