Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-768/2020 21.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(046)-44/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş аpelyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin (hakim Zəfər Quliyev) xx xxxxxx 2020-ci il tarixli 2(046)-44/2020 nömrəli qətnaməsi iləiddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dairiddiаsı təmin edilərək JN-2xx xxx 40808018 seriyalı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Göyçay rayonu Qızılağac kəndində yerləşən iddiaçılar İddiaçı1, İddiaçı2 və onların ailə üzvlərinə məxsus olan 4.85 ha torpaq sahəsinin 2.60 ha hissəsinin Cavabdeh tərəfindən boşaldılması qət edilmişdir. İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra iddiaçı və ya İddiaçı1, İddiaçı2) iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) zəbt etdiyi onun və ailə üzvlərinin mülkiyyətində olan 2.60 ha torpaq sahəsinin boşaldılmasına və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Göyçay rayon X3 xx xxx 1999-cu il tarixli 50 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün ona və ailə üzvlərinə 4.85 hektar torpaq sahəsi verilmişdir. Bu torpaq sahəsinə dair JN-234 seriyalı kod sayı 40808018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Torpaq sahəsi mülkiyyətlərinə verildikdən sonra təyinatı üzrə istifadə edib, kənd təsərrüfatı məhsulları əkib-becərmişlər. Sonradan şəxsi işləri ilə bağlı həmin torpaq sahəsinə gedib gələ bilməmişlər. Bundan istifadə edən cavabdeh heç bir qanuni əsası olmadan mülkiyyətlərində olan və Göyçay rayonu Şəkili kəndi ərazisində yerləşən 2.60 hektar torpaq sahəsini zəbt etmişdir. Cavabdeh hal-hazırda da ona və ailə üzvlərinə məxsus torpaq sahəsindən hüquq müəyyən edici sənədlər olmadan istifadə edir. Bu hərəkətlərinin qeyri-qanuni olması ilə bağlı bələdiyyə tərəfindən dəfələrlə cavabdehə şifahi qaydada xəbərdarlıq olunmasına baxmayaraq, heç bir nəticəsi olmamış, bu günədək ona və ailə üzvlərinə məxsus torpaq sahəsini boşaltmamışdır. Hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən öncə, cavabdehə zəbt etdiyi torpaq sahəsindən çıxmasını bildirdikdə, sonuncu qəti şəkildə torpaq sahəsindən çıxmayacağını demişdir. Bu səbəbdən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində izahat verən İddiaçı2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində izahat verən Cavabdeh iddia tələbini qəbul etməmiş və bildirmişdir ki, iddiaçıların tələb etdiyi torpaq sahəsi uzun müddətdir ki, onun istifadəsindədir. O, həmin torpaq sahəsinə xeyli vəsait sərf edərək qulluq etmişdir. Bundan əlavə Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşları bu ərazinin rəqəmsal xəritəsinin hazırlanması üzrə işlər apararkən istifadəsində olan torpaq sahələrinin ona veriləcəyini bildirmişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, JN-264 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən iddiaçıların və onların ailə üzvlərinin xüsusi mülkiyyətində olan Göyçay rayonu Qızılağac kəndində yerləşən iki hissəli 4,85 ha torpaq sahəsinin (264L çevrədə göstərilən) 2.60 ha hissəsi naturada cavabdeh tərəfindən istifadə edilir. Göyçay rayonu ərazisində rəqəmsal xəritənin hazırlanması üzrə işlər aparılsa da, lakin bu iş hələ başa çatmamış və təsdiq olunmamışdır. Bundan əlavə Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşları ərazinin rəqəmsal xəritəsinin hazırlanması üzrə işlər apararkən torpaq sahələrinin hər hansı şəxslərə verilməsi ilə bağlı söz və ya fikir bildirməmiş, bunu edə də bilməzlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, o, Qızılağac bələdiyyəsinin sədridir. Göyçay rayonu Qızılağac, Şəkili və Mollahacılı kəndi ərazisində rəqəmsal xəritənin hazırlanması üzrə işlər aparılır, lakin tam başa çatmamış və təsdiq olunmamışdır. Ona görə də bu xəritəyə istinad oluna bilməz. Mübahisəli torpaq sahəsi qüvvədə olan xəritə və sxemə əsasən “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən iddiaçıların və onların ailə üzvlərinin xüsusi mülkiyyətindədir. Lakin cavabdeh tərəfindən uzun müddətdir ki, isitifadə edilir. Cavabdehə 273 nömrəli Dövlət Aktına əsasən aqrar islahatda torpaq payı verilmişdir. O, arayışında Cavabdeh və onun qardaşına verilmiş torpaq payı barədə məlumat vermişdir. Arayışında ərazi barədə məlumatı təsdiq olunmamış rəqəmsal xəritə məlumatlarına əsasən verməsi düzgün deyildir. İş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(046)-44/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və onun pozulmuş hüquqlarının bərpa edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Göyçay Rayon Məhkəməsi qanunsuz qətnamə çıxararkən, onun məhkəmə iclasında iddia tələbini qəbul etməməyini və bildirməyini ki, iddiaçıların tələb etdiyi torpaq sahəsi uzun müddətdir ki, onun istifadəsindədir və həmin torpaq sahəsinə xeyli vəsait sərf etmiş, aqrotexniki qulluq etmiş, torpaqyanı sahənin hər tərəfini kolla tutmuş, mineral gübrələrdən istifadə etmiş, peyin şirəsi vermiş, hazırda ona 1999-cu ildə X9 qərarı ilə tanıdılan torpaq sahəsinin bir hissəsində dənli bitki olan taxıl, qalan hissəsində isə mal yemi olan yonca bitkisi əkmişdir. Bütün bunlara da küllü miqdarda vəsait sərf etmişdir. Bundan əlavə Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşları bu ərazinin rəqəmsal xəritəsinin hazırlanması üzrə işlər apararkən istifadəsində olan torpaq sahələrinin ona veriləcəyini bildirməyini məhkəmə qanunsuz olaraq nəzərə almamışdır. O, iddiaçılardan torpağa çəkdiyi 8000 (səkkiz min) manat təzminat istəyir, məhkəmə qətnaməsinin qət etdi hissəsində göstərilən 10 manat dövlət rusumu, mütəxəssis rəyinin verilməsinə çəkilmiş 125 manat 34 qəpik və 100 manat məbləğində ekspert təhqiqatının aparilmasına çəkilmiş xərclərlə tam olaraq razı deyil və həmin məbləğləri apellyasiya şikayəti təmin olunandan sonra iddiaçılardan tələb edəcək. Qızılağac Bələdiyyəsinin arayışına əsasən həmin torpaq sahəsinin ona məxsus olması barədə sənəd təqdim edilib. Həmin sənədi o, Göyçay Rayon Məhkəməsinə təqdim etmişdir. Lakin bunu da məhkəmə qanunsuz olaraq nəzərə almamışdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(046)-44/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 və İddiaçı2 apelyasiya şikayətinin dəlillərinin əsassız olduğu üçün təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(046)-44/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: xx.xx.2019-cu il tarixli bank qəbzinə əsasən iddiaçılar iddia ərizəsinin verilməsi ilə əlaqədar dövlət büdcəsinə 10 manat dövlət rüsümu ödəmişdir. JN-2xx xxx 40808018 seriyalı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Göyçay rayonu Qızılağac kəndində yerləşən 4.85 ha torpaq sahəsi X12, Babayevə Şövkət Babək qızı, İddiaçı1, İddiaçı2, X13, X5 məxsusdur. AZ-İ 856615 nömrəli xx.xx.2017-ci il tarixli Ölüm haqqında şəhadətnaməyə əsasən X12 xx.xx.2005-ci ildə Göyçay rayonunda vəfat etmişdir. xx.xx.2018-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X6 vərəsələri arvadı Babayevə Şövkət Babək qızı, övladları İddiaçı1, İddiaçı2, X13, X7r və miras əmlak Göyçay rayonu Qızılağac kəndində yerləşən 4.85 ha torpaq sahəsində mərhum X10 məxsus olan paydan ibarətdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli rəyinə əsasən JN264 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən iddiaçıların və onların ailə üzvlərinin xüsusi mülkiyyətində olan Göyçay rayonu Qızılağac kəndində yerləşən iki hissəli 4,85 ha torpaq sahəsinin (264L çevrədə göstərilən) 2.60 ha hissəsi naturada cavabdeh tərəfindən istifadə edilir. Aparılmış tədqiqatın dəyəri 125 manat 34 qəpik təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli rəyinə əsasən mütəxəssis rəyinə əlavə olunmuş sxemdən görünür ki, JN-264 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən iddiaçıların və onların ailə üzvlərinin xüsusi mülkiyyətində olan Göyçay rayonu Qızılağac kəndində yerləşən iki hissəli 4,85 ha torpaq sahəsinin (264L çevrədə göstərilən) 2.60 ha hissəsi naturada cavabdeh (Cavabdeh) tərəfindən istifadə edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır. İşingerçəkhalı ondanibarətdirki, Göyçay rayonu Qızılağac kəndində yerləşən 4.85 ha torpaq sahəsi iddiaçıların və onların anası Babayevə Şövkət Babək qızının, qardaşları X8 və X2 ümumi birgə mülkiyyətindədir. Mütəxəssis və ekspert rəylərinə əsasən iddiaçıların təqdim etdiyi Dövlət Aktı əsasında verilmiş (ümumi sahəsi 4.85 ha) torpaq sahəsinin 2.60 ha hissəsi Cavabdeh tərəfindən zəbt olunaraq naturada istifadə olunur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “mübahisəli torpaq sahəsinin cavabdehin istifadəsinə verilməsi tərəflər arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan və notarial qaydada təsdiq olunan müvafiq müqavilə əsasında həyata keçirilməmiş, onun istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Ona görə də torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə dövlət təminat vermir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin olunmalı, JN-2xx xxx 40808018 seriyalı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Göyçay rayonu Qızılağac kəndində yerləşən iddiaçılar İddiaçı1 və İddiaçı2 və onların ailə üzvlərinə məxsus olan 4.85 ha torpaq sahəsinin 2.60 ha hissəsi Cavabdeh tərəfindən boşaldılmalıdır.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 222.1-ci maddəsinə görə, əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. 222.2-ci maddəsinə görə, birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 67-ci maddəsinin 1-ci və 4-cü bəndlərinə görə, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. AzərbaycanRespublikasıMülkiProsessualMəcəlləsinin101.3-cümaddəsinə əsasən,ekspertinrəyiməhkəmədətədqiqolunurvədigərsübutlarlayanaşı qiymətləndirilir. Kollegiya hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyasının fikrincə birinci instansiya məhkəməsi hazırkı iş üzrə ekspert rəyini sübut kimi qəbul etməkdə haqlı olmuşdur. Cavabdeh tərəf iddia tələbinin əsassız olması, mübahisəli torpaq sahəsinin onun mülkiyyətində olması haqqında hər hansı sübutu nə birinci instansiya məhkəməsinə, nə də məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Kollegiyaya görə, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir. Cavabdehin apellyasiya şikayəti əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. X15 Məhkəməsi “X1” qarşı xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və X15 Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçıların üzərinə düşür. İddiaçı tərəf öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməməli və Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(046)-44/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(046)-44/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2(107)-768/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-768/2020
21.05.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver