Məhkəmə qərarları › İş №2(107)-77/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-77/2022

03.08.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-77/2022 03.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərin JN:0015 seriyalı, KOD ********* saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı üzrə ailəsinə verilmiş Qax rayonu Şotavar kəndində yerləşən 5.12 ha torpaq sahəsindən çıxarılmaları tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X14 qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı6, İddiaçı3, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərin JN:0015 seriyalı, KOD ********* saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı üzrə ailəsinə verilmiş Qax rayonu Şotavar kəndində yerləşən 5.12 ha torpaq sahəsindən çıxarılmaları tələbinə dair” mülki iş üzrə Qax Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2(024)-06/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları Qax rayonu Aqrar İslahatı Komissiyasının 28 dekabr 1997-ci il tarixli, 20 nömrəli qərarına əsasən JN:0015 seriyalı, KOD ********* saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə iddiaçılar X10, İddiaçı3, İddiaçı2 Emin oğlu, İddiaçı4 Emin oğlu, İddiaçı5 Emin oğlu və İddiaçı6 Emin oğluna Qax rayon Şotavar kəndində, cənub hissəsində fındıq ağacları yerləşən 5,12 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 Emin oğlu, İddiaçı4 Emin oğlu, İddiaçı5 Emin oğlu və İddiaçı6 Emin oğlu məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 JN:0015 seriyalı, KOD ********* saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı üzrə ailəsinə verilmiş Qax rayonu Şotavar kəndində yerləşən 5.12 ha torpaq sahəsindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı1, İddiaçı3, İddiaçı2 Emin oğlu, İddiaçı4 Emin oğlu, İddiaçı5 Emin oğlu və İddiaçı6 Emin oğlu iddia ərizəsində göstərmişlər ki, Qax rayonu Aqrar İslahatı Komissiyasının 28 dekabr 1997-ci il tarixli, 20 nömrəli qərarı ilə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Mülkiyyətlərində olan həmin torpaq sahəsi Qax rayon Şotavar kəndində yerləşir və 5,12 ha torpaq sahəsini təşkil edir. Torpaq sahəsinin cənub hissəsində fındıq ağacları vardır. Həmin fındıq ağacları cavabdehlərin istifadəsindədir. Cavabdehlər onlara həmin fındıq sahəsinin onların əmlak payına düşdüyünü bildirir. Fındıqları olan ərazi onların mülkiyyətində olan torpaq sahəsinə heç bir adiyyəti yoxdur. Bununla bağlı 2017-ci ilin sonlarında ƏMDK-nın Kadastr və Lahiyyə X11 şöbəsinə müraciət edərək onlara düşən pay torpaq sahəsinin (JN:0015 seriyalı, 40305028 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktı üzrə vürilmiş) naturada göstərilməsi və tanınması tərəflərindən xahiş olunmuşdur. Həmin təşkilatın mütəxəssisləri əraziyə gələrək müəyyən etmişlər ki, fındıq ərazisinin yerləşdiyi ərazi (torpaq sahəsi) aqrar islahat zamanı onların mülkiyyətlərinə verilmiş sahədir. Bundan sonra cavabdehlərdən dəfələrlə zəbt etdikləri, onların mülkiyyətlərində olan torpaq sahələrinin boşaldımasmı tələb etsələr də, cavabdehlər onların həmin torpaq sahələrindən istifadə etmələrinə maneə yaratmışlar. Belə ki, ƏMDKnin Kadastr Lahiyyə və X11 şöbəsinin mütəxəssisləri onların mülkiyyətlərində olan torpaq sahələrini ölçərək onun mərz nöqtələrini nişanlayaraq bizə göstərmişlər. Lakin cavabdehlər onların nişanlarını götürərək həmin ərazinin onlara məxsus olmasını iddia edir və bu gündə istifadə edirlər. Həmçinin qeyd edirlər ki, mülkiyyətlərində olan torpaq sahələrindən çıxarılması üçün bu ilin may-iyun aylarında Qax RPŞ-yə və DİN-nin 102 xidmətinə müraciət edərək cavabdehlərin həmin ərazilərdən çıxarılmasını xahiş etsələr də, Qax RPŞ-si müraciəti ilə bağlı yaranmış mübahisə mülki qaydada məhkəmə orqanlarının səlahiyyətinə aid olduğundan müraciət etmək hüquqlarının olması izah edilmişdir. Hesab edirlər ki, bu günədək cavabdehlər onların mülkiyyətlərində olan torpaq sahələrini boşaltmamış və bu qanunsuz hərəkətləri ilə onların mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşlar. Göstərdiklərini nəzərə alaraq məhkəmədən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 JN:0015 seriyalı, KOD ********* saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı üzrə ailələrinə verilmiş Qax rayonu Şotavar kəndində yerləşən 5.12 ha torpaq sahəsindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4. İddiaçı5 və İddiaçı6 iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 JN:0015 seriyalı, KOD ********* saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı üzrə ailəsinə verilmiş Qax rayonu Şotavar kəndində yerləşən 5.12 ha torpaq sahəsindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh1 məhkəmə iclasında izahat verərək göstərdi ki, iddia tələbi əsassızdır. Mübahisəli torpaq sahəsi onun atasına verilmişdir. İddiaçılar isə həmin torpaq sahəsinin onlara məxsus olduğunu söyləyirlər. İddiaçıların sənədində onlara məxsus olan əmlak torpaq sahəsi göstərilmişdir. Lakin mübahisəli ərazi isə fındıq bağıdır. Mübahisəli torpağa mülkiyyət hüququna dair onlara müvafiq sənədin verilməsi barədə aidiyyatı orqana müraciət etmişlər. Lakin hələlik həmin sənəd onlara verilməmişdir. İddianı qəbul etmir. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında izahat verərək göstərdi ki, o da iddianı qəbul etmir. Mübahisəli torpaq sahəsini zəbt etməmişdir. Həmin torpaq sahəsi aidiyyatı orqanlar tərəfindən onlara verilmişdir və uzun müddətdir ki, onların istifadəsindədir. Məhkəmədən iddianın rədd edilməsi batrədə qətnamə qəbul edilməsini xahiş etdi. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, JN-0015, KOD 40305028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Şotavar kəndində yerləşən 5.12 ha torpaq sahəsi İddiaçı1 və onun ailə üzvləri olan digər idddiaçıların ümumibirgə mülkiyyətinə verilmişdir. İddiaçı hazırda cavabehlərin JN:0015 seriyalı, KOD ********* saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı üzrə ailəsinə verilmiş Qax rayonu Şotavar kəndində yerləşən 5.12 ha torpaq sahəsindən çıxarılmasını xahiş edir. Hazırki iddia tələbinin düzgün həlli və qanuni qərar qəbul edilməsi üçün JN:0015 seriyalı, KOD ********* saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı5 və X8 mülkiyyətində olan Qax rayonu Şotavar kəndində yerləşən 5.12 ha torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunub-olunmamasının müəyyən edilməsi üçün xüsusi biliklərdən istifadə edilməsi zəruri olduğundan iş üzrə təkrar məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmiş və tədqiqatın aparılması üçün mübahisəli torpaq sahəsinə ekspert tərəfindən tərəflərin iştirakı ilə baxış keçirilmiş və ölçü işləri aparılmış, Azərbaycan Respublikası ‘'X1” ekspertləri qarşısında qoyulmuş sualları cavablandırmış, ekspertizanın 06 aprel 2021-ci il tarixli 138 saylı rəyinə əsasən mübahisəli ərazidə də konfiqurasiya fərqi olduğundan sözügedən JN-0015 seriyalı kod-403050028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 Emin oğlu, İddiaçı4 Emin oğlu, İddiaçı5 Emin oğlu, X9 mülkiyyətində olan Qax rayonu. Şotavar kəndində yerləşən 5.12 ha torpaq sahəsinin planşet əsasında (ərazinin ümumi xəritəsi-X4) naturaya nisbətdə müəyyən mühəndisi yerquruluşu işləri aparılaraq nəticə olaraq ümumi 5.12 ha təşkil edən faktiki torpaq sahəsinin olması müəyyən olunduğu, həmin torpaq sahəsinin cənub tərəfindən, fındıq kolları yerləşən 0.6763 ha hissəsi cavabdehlərin faktiki istifadəsində olduğu müəyyən edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı tələbində qismən haqlıdır. Eyni zamanda iş üzrə 300(əlli) manat və 50 (əlli) manat ekspertiza xərcləri cavabdehlərdən birgə qaydada alınaraq müvafiq hesaba ödənilməlidir. Qax Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2(024)-06/2021 nömrəli qətnaməsi ilə (hakim Malik Qarayev) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 JN:0015 seriyalı, KOD ********* saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı üzrə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 Emin oğlu, İddiaçı4 Emin oğlu, İddiaçı5 Emin oğlu və İddiaçı6 Emin oğluna məxsus Qax rayonu Şotavar kəndində yerləşən 5.12 ha torpaq sahəsinin cənub tərəfindən fındıq kolları yerləşən 0.6763 ha hissəsindən çıxarılmaları, iddianın qalan hissəsinin rədd edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada iş üzrə 300 (üç yüz) manat ekspertiza xərcinin alınıb ("xxxx" ASC-nin Sahil filialı, KOD 201218, VÖEN **********, SFİFT kod AİİBAZ2X, M/h AZ37NABZ********************, VÖEN **********, Hesab-AZ64AİİB400900C**********208) saylı, 50(əlli) manat ekspertiza xərcinin alınıb (Büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP(XİİS) hesabı, adı-X5, kodu 210005, VÖEN **********, Müxbir hesab-Az41NABZ**********00003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN **********, HesabAZ34CTRE********************) saylı hesaba və 60 (altmış) manat ekspertiza xərcinin alınıb Kapital bankın 1 saylı Xətai filialı, (KOD 200071, VOEN (bank) **********, Müxbir Hesab: AZ 37NABZ********************, SWİFT AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihe- Tedqiqat Mərkəzi MMC VOEN: **********, Hesab N: AZ23AİİB********************) saylı hesaba ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 157-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İş materiallarında olan JN-0015, KOD 40305028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Şotavar kəndində yerləşən 5.12 ha torpaq sahəsi İddiaçı1 və və onun ailə üzvləri olan digər idddiaçıların ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan Qax rayonu Şotavar kənd YAİK-nm 01 iyul 2000-ci il tarixli 02 nömrəli iclas protokolundan Qax rayon Dövlət Arxivinin 06 may 2020-ci il tarixli, 63/1 saylı Arxiv Çıxarışından görünür ki, Şotavar kəndində “Eşşək ölən” adlanan sahədəki ictimai fındıq bağında əmlak və torpaq payı olan subyektlərin siyahısının təsdiq edilməsi qərara alınmış və həmin siyahıda Cavabdeh2 0.57 ha torpaq sahəsi olması qeyd edilmişdir. İş materiallarında olan Qax rayon Dövlət Arxivinin 05 may 2020-ci il tarixli, 59/1 saylı Qax rayonu Şotavar kənd YAİK-nm 01 iyul 2000-ci il tarixli 02 N°-li iclas protokolundan Çıxarışından görünür ki, Şotavar kəndində “Eşşək ölən” adlanan sahədəki ictimai fındıq bağında əmlak və torpaq payı olan subyektlərin siyahısının təsdiq edilməsi qərara alınmış və həmin siyahıda X3 0.61 ha torpaq sahəsi olması qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia ərizəsinə etirazından görünür ki. onlar iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş materiallarında olan Seriya AZE N 0******* olan şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı1 Qax rayonu Şotavar kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Qax RİHB-nın Qorağan kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2020-ci il tarixli 276 saylı arayışından görünür ki, JN-0015, KOD 40305028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunan X10 ilə İddiaçı1 eyni şəxslərdir. İş materiallarına əlavə edilmiş Qax RİHB-nın Qorağan kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2020-ci il tarixli 275 saylı arayışından görünür ki, İddiaçı1 mülkiyyətində JN-0015, KOD 40305028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qax rayonu Şotavar kəndində 5.12 ha pay torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin naturada istifadəsi qonşularla mübahisəli olub İddiaçı1 tərəfindən istifadə olunmur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “X1” 06 aprel 2021-ci il tarixli 138 saylı Rəyindən görünür ki, mülki işin materiallarına əlavə edilən JN-0015 saylı Dövlət Aktının planşeti Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən köhnə koordinat sistemi olan Pulkovo-42 koordinat sistemində tərtib olunmuşdur. 2006-cı il tarixdən DƏDRX-i tərəfindən ərazinin ümumi elektron baza məlumat xəritəsi Yeni Beynəlxalq koordinat sistemi olan WGS-84 (UTM-38N) koordinat sistemində yığılmağa başlamışdır. Belə ki, Azərbaycan Respublikası üzrə bütün Dövlət Aktlarının və şəhadətnamələrin məlumatları yeni elektron məlumat bazasına inteqrasiya zamanı müəyyən koordinat sürüşmələri, planşet üzrə müvafiq torpaq sahələrinin naturadakı torpaq sahələrinə nisbətdə konfiqurasiya fərqlərinin yaranmasına gətirib çıxarmışdır. Məhz bu mübahisəli ərazidə də konfiqurasiya fərqi olduğundan sözügedən JN-0015 seriyalı kod-403050028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 Emin oğlu, İddiaçı4 Emin oğlu, İddiaçı5 Emin oğlu, X9 mülkiyyətində olan Qax rayonu, Şotavar kəndində yerləşən 5.12 ha torpaq sahəsinin planşet əsasında (ərazinin ümumi xəritəsi-X4) naturaya nisbətdə müəyyən mühəndisi yerquruluşu işləri aparılaraq nəticə olaraq ümumi sahəsi 5.12 ha təşkil edən faktiki torpaq sahəsinin olması müəyyən olunmuşdur. Həmin torpaq sahəsinin cənub tərəfindən fındıq kolları yerləşən 0.6763 ha hissəsi cavabdehlərin faktiki istifadəsində olduğu müəyyən edilmişdir. Rəyə ortofotoplan və baxış aktı əlavə olunur. İş materiallarına əlavə edilmiş "X7”nin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, iş üzrə ekspertiza xərci 300(üç yüz) manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, iş üzrə ekspertiza xərci 50(əlli) manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BPMQİ-nin MAPS şöbəsinin verdiyi xx.xx.2020-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh1 Qax rayonu Şotavar kəndində qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BPMQİ-nin MAPS şöbəsinin verdiyi xx.xx.2020-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh2 Qax rayonu Şotavar kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 noyabr 2020-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki LTİ-nin mühəndisi Eldar Həsilovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, JN-0015 seriyalı kod-403050028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 Emin oğlu, İddiaçı4 Emin oğlu, İddiaçı5 Emin oğlu, X9 mülkiyyətində olan Qax rayonu, Şotavar kəndində yerləşən 5.12 ha torpaq sahəsinin cizgilərdə göstərilən ölçülərlə naturada istifadə edilən torpaq sahəsinin konfiqurasiyası uyğun gəlmir. Həmin torpaq sahəsinin naturada istifadə qaydası elektron baza məlumatlarında göstərilən ölçülər mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. Qətnamədən narazı olan Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Azərbaycan Respublikası Qax Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(02xx-xx/2021 iş nömrəli qətnaməsini qanunsuz və əsassız hesab edir. Belə ki, məhkəmə hazırki qənaətə gəlməsinin əsası kimi, iş materiallarında olan 06 aprel 2021-ci il tarixli, 138 nömrəli ekspert rəyinə istinad etmişdir. Halbuki, həmin ekspert rəyi qanuni və əsaslı deyildir. Çünki, Qax rayonunun Şotavar kəndində torpaq islahatı aparılan zaman texniki səhvlərə yol verildiyi üçün, kənddə Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən dürüstləşmə işləri aparılmışdır. Həmin dürüstləşmə işlərinin nəticəsində iddiaçının iddia etdiyi torpaq sahəsinin mənim və digər cavabdehlərin mülkiyyətində olması müəyyən edilmişdir. İşin bu halını Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu etməklə müəyyən etmək mümkündür. Lakin, iş üzrə tədqiqat aparmış ekspert və mütəxəssislər Qax rayonunun Şotavar kəndində torpaq islahatı aparılan zaman yol verilmiş texniki səhvlərin aradan qaldırdması məqsədi ilə Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən aparılmış dürüstləşmə işlərinə ümumiyyətlə toxunmamışdırlar. İş materiallarında olan Qax rayonu, Şotavar kənd YAİK-nın 01 iyul 2000-ci il tarixli, 02 nömrəli iclas protokolundan çıxarışdan görünür ki, Şotavar kəndində "Eşşək ölən" adlanan sahədəki ictimai fındıq bağında əmlak və torpaq payı olan subyektlərin siyahısının təsdiq edilməsi qərara alınmış və həmin siyahıda onun 0,5761 ha torpaq sahəsi olmağı qeyd edilmişdir. Hesab edir ki, iş üzrə ədalətli qətnamə qəbul edilməsi üçün ilk əvvəl Qax rayonu Şotavar kəndində torpaq islahatı aparılan zaman yol verilmiş texniki səhvlərin aradan qaldırılması məqsədi ilə Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən aparılmış dürüstləşmə işləri və həmin dürüstləşmə nəticəsində iddiaçının iddia etdiyi torpaq sahəsinin kimin mülkiyyətində olması müəyyən edilməli və bundan sonra təkrar ekspertiza təyin edilməlidir. Ona görə də, Qax Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2(024)-06/2021 nömrəli qətnaməsinin iddianın təmin edildiyi hissədə ləğv edilməsini və iddianın həmin hissədə də təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birincinin verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1, İddiaçı6 və İddiaçı3 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Qax Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2(024)-06/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçılar İddiaçı2, İddiaçı4 və İddiaçı5 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Cavabdeh Qax Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2(024)-06/2021 nömrəli qətnaməsinin iddianın təmin edildiyi hissəsdə ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissədə yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 JN:0015 seriyalı, KOD ********* saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı üzrə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 Emin oğlu, İddiaçı4 Emin oğlu, İddiaçı5 Emin oğlu və İddiaçı6 Emin oğluna məxsus Qax rayonu Şotavar kəndində yerləşən 5.12 ha torpaq sahəsinin cənub tərəfindən fındıq kolları yerləşən 0.6763 ha hissəsindən çıxarılmalarına dair iddianın təmin edilmiş hissəsinin Cavabdeh1 naturada istifadə etdiyi 0.2196 ha hissəsində gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən həmin hissədə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “X1” 06 aprel 2021-ci il tarixli 138 saylı Rəyindən görünür ki, mülki işin materiallarına əlavə edilən JN-0015 saylı Dövlət Aktının planşeti Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən köhnə koordinat sistemi olan Pulkovo-42 koordinat sistemində tərtib olunmuşdur. 2006-cı il tarixdən DƏDRX-i tərəfindən ərazinin ümumi elektron baza məlumat xəritəsi Yeni Beynəlxalq koordinat sistemi olan WGS-84 (UTM-38N) koordinat sistemində yığılmağa başlamışdır. Belə ki, Azərbaycan Respublikası üzrə bütün Dövlət Aktlarının və şəhadətnamələrin məlumatları yeni elektron məlumat bazasına inteqrasiya zamanı müəyyən koordinat sürüşmələri, planşet üzrə müvafiq torpaq sahələrinin naturadakı torpaq sahələrinə nisbətdə konfiqurasiya fərqlərinin yaranmasına gətirib çıxarmışdır. Məhz bu mübahisəli ərazidə də konfiqurasiya fərqi olduğundan sözügedən JN-0015 seriyalı kod-403050028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 Emin oğlu, İddiaçı4 Emin oğlu, İddiaçı5 Emin oğlu, X9 mülkiyyətində olan Qax rayonu, Şotavar kəndində yerləşən 5.12 ha torpaq sahəsinin planşet əsasında (ərazinin ümumi xəritəsi-X4) naturaya nisbətdə müəyyən mühəndisi yerquruluşu işləri aparılaraq nəticə olaraq ümumi sahəsi 5.12 ha təşkil edən faktiki torpaq sahəsinin olması müəyyən olunmuşdur. Həmin torpaq sahəsinin cənub tərəfindən fındıq kolları yerləşən 0.6763 ha hissəsi cavabdehlərin faktiki istifadəsində olduğu müəyyən edilmişdir. Rəyə ortofotoplan və baxış aktı əlavə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 noyabr 2020-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki LTİ-nin mühəndisi Eldar Həsilovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, JN-0015 seriyalı kod-403050028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 Emin oğlu, İddiaçı4 Emin oğlu, İddiaçı5 Emin oğlu, X9 mülkiyyətində olan Qax rayonu, Şotavar kəndində yerləşən 5.12 ha torpaq sahəsinin cizgilərdə göstərilən ölçülərlə naturada istifadə edilən torpaq sahəsinin konfiqurasiyası uyğun gəlmir. Həmin torpaq sahəsinin naturada istifadə qaydası elektron baza məlumatlarında göstərilən ölçülər mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi rəyi əsas götürmüşdür. Lakin Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizası Mərkəzinin rəyləri sübut kimi qəbul edilə bilməz. Əvvəla ona görə ki, Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza fəaliyyəti ilə məşğul olması, habelə rəyi imzalamış ekspertlərin xüsusi bilik tələb olunan rəy vermə səlahiyyətləri iş materialları ilə müəyyən edilmir. Halbuki, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanunun 11-ci maddəsinə əsasən, məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün məhkəmə eksperti şəhadətnaməsini almalıdır. Şəhadətnamə almış şəxs barədə ətraflı məlumat müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərhal Məhkəmə Ekspertləri Reyestrinə daxil edilir. Şəxs yalnız şəhadətnamə aldıqdan və barəsində məlumat Reyestrə daxil edildikdən sonra məhkəmə eksperti qismində fəaliyyət göstərə bilər. Məhkəmə eksperti yalnız şəhadətnamədə qeyd edilən məhkəmə ekspertizası ixtisası (ixtisasları) üzrə ekspert rəyi verə bilər. İşə əlavə olunmuş ekspert rəyi bu tələblərə cavab vermir. Qeyd olunduğu kimi Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Bu baxımdan, ekspert rəyinin qiymətləndirilməsi zamanı ilk addım həmin rəyin məzmunu deyil, ekspertiza rəyini vermiş subyektin etkspertiza aparmaq səlahiyyəti araşdırılmalıdır. Əgər bu sualın cavabı mənfi olarsa, o halda ekspert rəyi sübut kimi hər hansı gücə malik olmayacaqdır və onun məzmununun araşdırılması əhəmiyyətsizdir. Ədliyyə Nazirliyindən məhkəməyə daxil olmuş 04 iyun 2021-ci il tarixli məktubda da yuxarıda qeyd olunanalarla bağlı göstərilmişdir ki, ölkə Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə verilmiş tapşırıqlara uyğun olaraq məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi məsələləri daim diqqət mərkəzində saxlanılır, o cümlədən özəl məhkəmə ekspertizası fəaliyyətinin təşkili üzrə ardıcıl tədbirlər görülür. Bununla bağlı “Məhkəmə ekspertizası fəaliyyəti haqqında" Qanuna əsaslı dəyişikliklər edilmiş, “Məhkəmə ekspertinin etik davranış kodeksi”, “Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrinin aparılması və yeni metodların həmin Reyestrə daxil edilməsi Qaydaları", həmçinin “Məhkəmə ekspertizasının metodik fondunun yaradılması və istifadəsi Qaydaları” Nazirlər Kabinetinin 2020-ci il 29 iyun tarixli qərarları ilə təsdiq olunmuş, digər normativ sənədlərin layihələrinə isə baxılmaqdadır. Qanunvericilikdəki yeniliklərə əsasən özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxs Ədliyyə Nazirliyinin təşkil etdiyi icbari təlimdə iştirak etməli, müsahibədən keçməli, özəl məhkəmə eksperti şəhadətnaməsi almalı və barəsində məlumatlar Məhkəmə Ekspertləri Reyestrinə daxil olunmalıdır. Hazırda Ədliyyə Nazirliyi tərəfindən bu sahədə zəruri hazırlıq işləri görülmüş və hüquqi tənzimlənmə məsələləri tam həllini tapdıqdan sonra ölkəmizdə özəl məhkəmə ekspertizası institutunun tətbiqi mümkün olacaqdır Lakin bu iş başa çatdırılmadığı və heç bir şəxsə özəl məhkəmə eksperti şəhadətnaməsi verilmədiyi halda ayrı-ayrı hüquqi şəxslər təsis olunaraq müvafiq səlahiyyətə malik olmayan şəxslər tərəfindən (bəzən əvvəllər əldə etdikləri məhkəmə eksperti ixtisası verilməsi barədə şəhadətnamələrdən istifadə edilməklə) müxtəlif məsələlərlə bağlı özəl məhkəmə ekspertizası rəyi kimi qələmə verilən sənədlər hazırlanır və məhkəmələrə təqdim olunur. Bildirilir ki, belə sənədlərin özəl məhkəmə ekspertizası rəyi kimi qəbul olunması qanunaziddir və onlardan məhkəmə icraatı çərçivəsində istifadə olunmasına yol verilmir. Şəki Apellyasiya Məhkəməsinin 13 yanvar 2022-ci il tаrixli, 2(107)-77/2022 nömrəli qərаrdаdına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 iyun 2022-ci il tarixli 10/3022 nömrəli ekspert rəyində göstərilmişdir: Mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən JN-0015 seriyalı kod-403050028 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 Emin oğlu, İddiaçı4 Emin oğlu, İddiaçı5 Emin oğlu, X9 mülkiyyətinə verilmiş Qax rayonu, Şotavar kəndidnə yerləşən 5.12 ha torpaq sahəsi rəsmi qaydada qeydiyyata alınmış cizgilər daxilində ölçüləri sxem 1-də göstərilmişdir, (sxem mütəxəssis rəyinə əlavə edilmişdir). Mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən Qax rayonu Şotavar kənd YAİK-nın 01 iyul 2000-ci il tarixli 02 nömrəli iclas protokolundan Qax rayon Dövlət Arxivinin 06 may 2020-ci il tarixli, 63/1 saylı Arxiv Çıxarışında göstərilən Şotavar kəndində “Eşşək ölən” adlanan sahədəki ictimai fındıq bağından Cavabdeh2 verilmiş 0.57 ha torpaq sahəsi və Qax rayon Dövlət Arxivinin 05 may 2020- ci il tarixli, 59/1 saylı Qax rayonu Şotavar kənd YAİK-nın 01 iyul 2000-ci il tarixli 02№-li iclas protokolundan Çıxarışda göstərilmiş Şotavr kəndində “Eşşək ölən” adlanan sahədəki ictimai fındıq bağından X6 verilmiş 0.61 ha torpaq sahələri elektron baza məlumatlarında rəsmi qaydada qeydiyyata alınmadığından, hər hansı bir hissəsinin üst-üstə düşməsi müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kolelgiyası qeyd edir ki, JN-0015 seriyalı kod-403050028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 Emin oğlu, İddiaçı4 Emin oğlu, İddiaçı5 Emin oğlu, X9 mülkiyyətində olan Qax rayonu, Şotavar kəndində yerləşən 5.12 ha torpaq sahəsinin cizgilərdə göstərilən ölçülərlə naturada istifadə edilən torpaq sahəsinin konfiqurasiyası uyğun gəlmir. Ekspert rəyinə əlavə edilmiş sxemlərdən görünür ki, cavabdehlərin istifadə etdiyi torpaq sahələri iddiaçıların faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşsə də, iddiaçıların mülkiyyətində olan, rəsmi olaraq qeydə alınmış cizgilərdə göstərilən torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçılar rəsmi olaraq qeydə alınmış cizgilərdə göstərilən əkin üçün nəzərdə tutulmuş torpaq sahəsindən deyil, ondan kənarda yerləşən fındıq bağları olan hissədən cavabdehlərin çıxarılmasını tələb etməkdə haqlı deyildir. Çünki, iddiaçıların mülkiyyətində olan torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi olduğu halda, cavabdehlərin istifadə etdikləri torpaq sahəsi fındıq bağından ibarətdir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdehlərdən yalnız biri - Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Digər cabandehlər məhkəmə qətnaməsinin mübahisələndirmədiyindən məhkəmə kollegiyası sonuncuların istifadəsində olan torpaq sahələri ilə bağlı hissədə araşdırma aparmamışdır. Beləliklə, məhkəmə kolelgiyası qərara gəlir ki, iddiaçılar Qax rayonu Şotavar kəndində yerləşən 5.12 ha torpaq sahəsinin cənub tərəfindən fındıq kolları yerləşən 0.2196 ha hissəsindən (koordinatları və döngə nöqtələri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərildiyi şəkildə) Cavabdeh1 çıxarılmasını tələb etməkdə haqlı olmamışlar və birinci instansiya məhkəməsi iddianı həmin hissədə təmin etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyasının araşdırmaları zamanı o da müəyyən edilmişdir ki, iddiaçılar iddia ərizəsində adına Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı tərtib edilmiş şəxsin adını İddiaçı1, onun ümumibirgə mülkiyyətçi olan oğlanlarının ata adını Emin kimi göstərsələr də, Dövlət Aktında “Əmin”in adı “Emin” kimi göstərilmişdir. Eyni zamanda, oğul iddiaçıların atalarının adı əslində “Əmin” olduğu halda, həmin Dövlət Aktında, həm də iddia ərizəsində “Emin” kimi qeyd edilmişdir. Adına Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı tərtib edilmiş şəxsin adının İddiaçı1 olması məsələsinə Qax RİHB-nın Qorağan kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2020-ci il tarixli 276 saylı arayışla aydınlıq gətirilmiş, eyni zamanda Qax Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli 2(024)- 06/2021 nömrəli qərardadı ilə qətnamədəki yanlışlıqlara düzəliş edilmişdir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini qət etməklə iddianın təmin olunmuş Qax rayonu Şotavar kəndində yerləşən 5.12 ha torpaq sahəsinin cənub tərəfindən fındıq kolları yerləşən 0.2196 ha hissəsindən (koordinatları və döngə nöqtələri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərildiyi şəkildə) Cavabdeh1 çıxarılması hissəsində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, həmin hissədə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilməli, Qax Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2(024)-06/2021 nömrəli qətnaməsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 JN:0015 seriyalı, KOD ********* saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı üzrə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı5 və İddiaçı6 məxsus Qax rayonu Şotavar kəndində yerləşən 5.12 ha torpaq sahəsinin cənub tərəfindən fındıq kolları yerləşən 0.6763 ha hissəsindən çıxarılmalarına dair iddianın təmin edilmiş hissəsinin Cavabdeh1 naturada istifadə etdiyi 0.2196 ha hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi Cavabdeh1 onun naturada istifadə etdiyi koordinatları M 1:5000 olmaqla (1) X 644845.4843 Y 4583887.8262, (2) X 644968.5861 Y 4583935.2069, (3) X 644961.2359 Y 4583951.1230, (4) X 644839.0831 Y 4583902.3508; döngə nöqtələri 1-2 arası məsafə 131.9 metr, 2-3 arası məsafə 17.5 metr, 3-4 arası məsafə 131.5 metr, 4-1 arası məsafə 15.9 metr olan 0.2196 ha hissədən çıxarılması hissəsində rədd edilməli, ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı5 və İddiaçı6 tutularaq dövlət büdcəsi hesabına keçirilməlidir. (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22). .Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. Qax Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2(024)-06/2021 nömrəli qətnaməsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 JN:0015 seriyalı, KOD ********* saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı üzrə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı5 və İddiaçı6 məxsus Qax rayonu Şotavar kəndində yerləşən 5.12 ha torpaq sahəsinin cənub tərəfindən fındıq kolları yerləşən 0.6763 ha hissəsindən çıxarılmalarına dair iddianın təmin edilmiş hissəsinin Cavabdeh1 naturada istifadə etdiyi 0.2196 ha hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi Cavabdeh1 onun naturada istifadə etdiyi koordinatları M 1:5000 olmaqla (1) X 644845.4843 Y 4583887.8262, (2) X 644968.5861 Y 4583935.2069, (3) X 644961.2359 Y 4583951.1230, (4) X 644839.0831 Y 4583902.3508; döngə nöqtələri 1-2 arası məsafə 131.9 metr, 2-3 arası məsafə 17.5 metr, 3-4 arası məsafə 131.5 metr, 4-1 arası məsafə 15.9 metr olan 0.2196 ha hissədən çıxarılması hissəsində rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı5 və İddiaçı6 tutularaq dövlət büdcəsi hesabına keçirilsin. (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Vəzirxan Məlikov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar