Məhkəmə qərarları › İş №2(107)-772/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-772/2021

25.05.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-772/2021 25.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7, iddiaçılar İddiaçı1, İddiaçı2 Hümmət qızı, Ramazanova (Hətəmova) Günay Nəriman qızı, Sadıqova (Hətəmova) Məryət Nəriman qızı, onların vəkili X3, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Qax Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli 2(024)-250/2019 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 Hümmət qızı, Ramazanova (Hətəmova) Günay Nəriman qızı, Sadıqova (Hətəmova) Məryət Nəriman qızı, İddiaçı5 və Cavabdeh1 tərəfindən verilmiş аpellyаsiyа şikаyətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 Hümmət qızı, Ramazanova (Hətəmova) Günay Nəriman qızı, Sadıqova (Hətəmova) Məryət Nəriman qızı, İddiaçı5 (bundan sonra iddiaçılar və ya İddiaçı1, İddiaçı2, İddiaçı3 (Hətəmova), İddiaçı4 (Hətəmova), İddiaçı5) iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 onlara məxsus olan Qax rayonunda yerləşən 1.91 ha torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin boşaldılaraq onlara təhvil verilməsi barədə ilk; Cavabdeh1 isə İddiaçı1, İddiaçı2 Hümmət qızı, Ramazanova (Hətəmova) Günay Nəriman qızı, Sadıqova (Hətəmova) Məryət Nəriman qızı və İddiaçı5 qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin olunması, İddiaçı1, X1, Ramazanova (Hətəmova) Günay Nəriman qızından, Sadıqova (Hətəmova) Məryət Nəriman qızından və İddiaçı5 onun xeyrinə 11 oktyabr 2002-ci il tarixində torpaq sahəsinə görə verdiyi 1.000.000 (bir milyon) manat, yəni 10.000 (on min) manat pulun geri qaytarılması, hər biri 200 (iki yüz) manat olmaqla 180 (bir yüz səksən) ədəd fındıq ağacına görə 36.000 (otuz altı min) manat, hər biri 100 (bir yüz) manat olmaqla 10 (on) ədəd qoz ağacına görə 1.000 (bir min) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə işə baxılıb qətnamə çıxarılana qədər iddiaçılar məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək Cavabdeh1 onlara məxsus olan Qax rayonunda yerləşən 10665.18 kv.m torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin boşaldılaraq onlara təhvil verilməsi və son iki il ərzində qanunsuz və iradələri ziddinə istifadə etdiyi torpaq sahəsindən gəlir olaraq əldə etiyi 34200 (otuz dörd min iki yüz) manat məbləğin ondan alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Qax Rayon Məhkəməsinin (hakim M.Qarayev) 10 dekabr 2019-cu il tarixli 2(024)- 250/2019 saylı qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh1 JN-0007 KOD 40311018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 Hümmət qızı, Ramazanova (Hətəmova) Günay Nəriman qızı, Sadıqova (Hətəmova) Məryət Nəriman qızı, İddiaçı5 ümumi birgə mülkiyyətində olan 10665.18 kv.m. torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin boşaldılaraq iddiaçılara təhvil verilməsi, son iki il ərzində qanunsuz istifadə etdiyi torpaq sahəsindən gəlir olaraq əldə etdiyi 20480 (iyirmi min dörd yüz səksən) manat məbləğin ilkin iddia üzrə Cavabdeh1 alınaraq iddiaçılara verilməsi, ilkin iddianın qalan hissəsinin rədd edilməsi; qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı1, X1, Ramazanova (Hətəmova) Günay Nəriman qızından, Sadıqova (Hətəmova) Məryət Nəriman qızından və İddiaçı5 Cavabdeh1 xeyrinə 180 (bir yüz səksən) ədəd fındıq ağacına görə 18000 (on səkkiz min) və 10 (on) ədəd qoz ağacına görə 1500 (bir min beş yüz) manat olmaqla, cəmi 19500 (on doqquz min beş yüz) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq Cavabdeh1 ödənilməsi, qarşılıqlı iddianın qalan hissəsinin rədd edilməsi, iş üzrə 50 (əlli) manat ekspertiza xərcinin ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, X1, Ramazanova (Hətəmova) Günay Nəriman qızından, Sadıqova (Hətəmova) Məryət Nəriman qızından və İddiaçı5 birgə qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, qətnamənin eyni anda icra edilməsi qət edilmişdir. Qax Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli 2(024)-250/2019 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 (Hətəmova), İddiaçı4 (Hətəmova) və İddiaçı5 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələblərinin tam təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Qax Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli 2(024)-250/2019 nömrəli qətnaməsindən Cavabdeh1 Apellyasiya şikayəti verərək qətnamənin ilkin iddianın təmin olunan hissəsində ləğv edilməsi, həmin hissədə ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-748/2020 nömrəli iş üzrə 04 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – G.Abbasov (sədrlik edən və məruzəçi), M.Hüseynov və R.Rəfiyev) iddiaçılar tərəfindən verilmiş аpelyаsiyа şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni qətnamənin nəticə hissəsində “qətnamə eyni anda icra edilsin” cümləsinə aid hissədə ləğv edilmiş və “qətnamə eyni anda icra edilsin” cümləsi qətnamədən xaric edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, cavabdehin аpelyаsiyа şikаyəti təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-748/2020 nömrəli iş üzrə 04 iyun 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 25 yanvar 2021-ci il tarixli, 2(102)-102/2021 nömrəli qərarı ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-748/2020 nömrəli iş üzrə 04 iyun 2020-ci il tarixli qətnaməsi qismən - ilkin iddia tələbi üzrə 20480 (iyirmi min dörd yüz səksən) manat pulun tutulması hissəsində ləğv edilmiş və həmin hissədə yenidən baxılması üçün iş Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin faktiki halları: İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qax Rayon Aqrar İslahat Komissiyasmın 30.07.1998-ci il tarixli 08 nömrəli qərarı ilə 1.91 ha (19140,55 kv.m.) təyinatı kənd təsərrüfatı məhsulları istehsalı üçün olan torpaq sahəsi iddiaçıların mülkiyyətinə verilmişdir. 11.10.2002-ci il tarixli müqaviləyə əsasən İddiaçı1 tərəfindən həmin torpaq sahəsinin 10665,18 kv.m. hissəsi cavabdehin icarəsinə verilmişdir. Cavabdeh 2017-ci ildə məhkəmədə iddia qaldıraraq alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsini məhkəmədən xahiş etmiş və bildirmişdir ki, həmin torpaq sahəsi ona İddiaçı1 tərəfindən satılmışdır. Qax Rayon Məhkəməsi tərəfindən həmin iddia tələbi təmin olunsa da, Şəki Apellyasiya Məhkəməsi tərəfindən həmin qətnamə ləğv edilmiş və yeni qəbul olunmuş qətnamə ilə iddia tələbi təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin həmin qətnaməsindən qarşı tərəfin verdiyi kassasiya şikayəti təmin olunmamış və qətnamə qüvvəsində saxlanılmışdır. Göründüyü kimi, mübahisəli torpaq sahəsi üzərində hüquqlara qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə münasibət bildirilmişdir. Lakin, buna baxmayaraq cavabdeh həmin torpaq sahəsindən könüllü olaraq çıxmaq istəmir və bunun da nəticəsində iddiaçıların qanunla qorunan hüquqları kobud şəkildə pozulur. Belə ki, mülkiyyətlərində olan torpaq sahəsindən nəinki təyinatı üzrə istifadə edə bilmir, hətta yanından keçə də bilmirlər. Həmin torpaq sahəsini təyinatı üzrə istifadə edərək kənd təsərrüfatını inkişaf etdirməklə bərabər xeyli gəlir də əldə edə bilmək imkanları hüququnun mümkün olduğu halda, cavabdehin özbaşınalığı ucbatından bunu faktiki həyata keçirə bilmirlər. Hansı ki, cavabdeh qanunsuz olaraq həmin torpaqdan illərdir ki, saysız-hesabsız gəlir əldə edir. Cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində iddiaçıların konstitusiya ilə qorunan hüquqları pozulmuş və onlar ciddi sıxıntılara məruz qalmışlar. Göstərilənlərə əsasən hesab edirlər ki, onların mülkiyyət hüququ məhdudlaşdırılmamalıdır, mülkiyyətlərində olan əmlakdan sərbəst və maneəsiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir. Buna görə də cavabdeh onlara məxsus olan mübahisəli torpaqdan çıxarılmalı və torpaq sahəsi boşaldılaraq onlara təhvil verilməlidir. Göstərdiklərinin nəzərə alınaraq məhkəmədən Cavabdeh1 onlara məxsus olan Qax rayonunda yerləşən 10665.18 kv.m. torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin boşaldılaraq onlara təhvil verilməsi və son iki il ərzində qanunsuz və iradəsi ziddinə istifadə etdiyi torpaq sahəsindən gəlir olaraq əldə etiyi 34200 (otuz dörd min iki yüz) manat məbləğin cavabdehdən alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh1 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, guya İddiaçı1 onunla 11.10.2002-ci il tarixli torpağın icarə müqaviləsini bağlamışdır. Halbuki, bu tamamilə yalandır. Belə ki, 11 oktyabr 2002-ci il tarixində Qax rayonu Aşağı Malax kənd sakini İddiaçı1 Qax RAİK-ın 30 iyul 1988-ci il tarixli 08 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 1665.18 kv.m. torpaq sahəsini ailə üzvlərinin razılığı ilə 11 oktyabr 2002-ci il tarixdə həmin vaxt qüvvədə olan pul vahidi ilə 1.000.000 (bir milyon) manat müqabilində ona satmışdır. Alqı-satqıya dair 11 oktyabr 2002-ci il tarixdə Qax rayonu X6 akt tərtib olunmuş və bələdiyyənin möhürü ilə təsdiq edilmişdir. Akta iddiaçılar İddiaçı1 və onun arvadı İddiaçı2 ilə yanaşı digər şəxslər də imza etmişlər. Alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq pul İddiaçı1 verilmiş və o torpaq sahəsini və həmin torpaq sahəsinə dair dövlət aktını ona vermişdir. Eyni zamanda aralarında razılaşmışlar ki, torpağın alqı-satqısına dair hüquqi sənədləri hazırlayıb notariat kontorunda təsdiq etdirsinlər. Lakin sonradan iddiaçı notariat kontoruna gəlmədiyindən torpaq sahəsinə dair aralarında bağlanmış alqı-satqı müqaviləsini rəsmiləşdirə bilməmişlər. İlk öncə onu qeyd edir ki, iddiaçının qeyd etdiyi müqavilə icarə deyil, torpağın alqı-satqı müqaviləsidir. Sual yaranır, əgər bu müqavilə icarə müqaviləsidirsə nə üçün məndən aylıq icarə haqqını tələb etmirdi? Nə üçün 17 (on yeddi) il müddətində bircə dəfə olsun torpağı geri tələb etməklə bağlı məhkəməyə müraciət etməyib? Əgər sözügedən torpaq sahəsi ona icarəyə verilmişdirsə iddiaçı ona aylıq ödədiyi ödənişi təsdiq edən sənədi məhkəməyə təqdim edə bilərdi. Göründüyü kimi yazılanlar tamamilə yalandır. Sözügedən torpaq sahəsini İddiaçı1 11 oktyabr 2002-ci ildə aldığı müddətdən indiyə kimi 180 (bir yüz səksən) ədəd fındıq ağacı, 10 (on) ədəd qoz ağacı bazardan alaraq həmin torpaq sahəsində əkib böyütmüşdür. Həmin torpaq sahəsini o 11 oktyabr 2002-ci il tarixdə alanda torpaq sahəsi boş olmuş, torpaqda bir ədəd olsun belə ağac olmamışdır. O, ağaclara qulluq etmək üçün su xəttlərinin çəkilməsi və eyni zamanda ağaclara müxtəlif qurd və ya digər bitki məhv edən həşəratlar əleyhinə olan dərmanlar alaraq həmin ağaclara gündəlik qulluq göstərmişdir. Eyni zamanda ağacların diblərinin yumşaldılması, budanması və s. kimi işləri gördürmək üçün o və ailə üzvləri zəhmət sərf etmiş və indi də edirlər. Onu da qeyd etmək istəyir ki, ondan torpaq tələb edən iddiaçılardan onun xeyrinə 11 oktyabr 2002-ci il tarixində 1.000.000 (bir milyon) manat, yəni 10.000 (on min) manat torpaq sahəsinə görə verdiyi pulun, hər biri 200 (iki yüz) manat olmaqla 180 (bir yüz səksən) ədəd fındıq ağacına görə 36.000 (otuz altı min) manat, hər biri 100 (bir yüz) manat olmaqla 10 (on) ədəd qoz ağacına görə 1000 (bir min) manat pul alınaraq ona ödənilməlidir. Eyni zamanda onu da qeyd etmək istəyir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi 30.10.2018-ci il tarixli 2(102)-7064/2018 saylı qərarında da qeyd etmişdir ki, o mübahisəli torpaq sahəsində əkdiyi ağacların və oranı yararlı hala salmaq üçün çəkdiyi məsrəflərin əvəzini geri tələb edə bilər. Göstərdiklərini nəzərə alaraq məhkəmədən ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin olunması, ilkin iddia üzə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlərdən onun xeyrinə 11 oktyabr 2002-ci il tarixində torpaq sahəsinə görə verdiyi 1.000.000 (bir milyon) manat, yəni 10.000 (on min) manat pulun geri qaytarılması, hər biri 200 (iki yüz) manat olmaqla 180 (bir yüz səksən) ədəd fındıq ağacına görə 36.000 (otuz altı min) manat, hər biri 100 (bir yüz) manat olmaqla 10 (on) ədəd qoz ağacına görə 1000 (bir min) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 tərəfindən verilmiş Apellyasiya şikаyəti qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandirilmiş və qeyd edilmişdir ki, Qax Rayon Məhkəməsində mülki işə ədalətli şəkildə baxılmamış və nəticədə əsassız bir nəticəyə gəlinmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin müvafiq qərardadı ilə ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, 180 (bir yüz səksən) ədəd fındıq ağacına görə 18000 (on səkkiz min) və 10 (on) ədəd qoz ağacına görə 1500 (bir min beş yüz) manat olmaqla, cəmi 19500 (on doqquz min beş yüz) manat qiymət qoyulmuşdur. Lakin Qax Rayon Məhkəməsinin hakimi iddia tələbindən kənara çıxaraq, ilkin iddianı təmin edərkən ondan iddiaçıların xeyrinə 20480 (iyirmi min dörd yüz səksən) manat pulun tutulmasını da qət etmişdir. Bu tamamilə gülünc və səhv yanaşmadır. Əvvəla qeyd edir ki, iş materiallarında torpaq sahəsinin onun son iki il ərzində qanunsuz istifadə etdiyini sübut edəcək heç bir sübut yoxdur. Bundan başqa, ilkin iddiaçıların ondan son iki il ərzində qanunsuz və iradələri ziddinə istifadə etdiyi torpaq sahəsindən gəlir əldə etdiyi 34200 manat pul tələb etməsindən qətnamə ilə tanış olanda xəbəri olmuşdur. Qax Rayon Məhkəməsini hakimi Malik Qarayev iddiaçılar tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə eyni zamanda 10.12.2019-cu il tarixli (qətnamə də həmin gün çıxarıldı) “xxxx” MMC-in arayışı ilə onu rəsmi olaraq tanış etməmiş, hətta məhkəmə iclasında da işə əlavə edilmiş sözügedən sənədləri elan etməməklə qanunvericiliyin tələblərini kobud şəkildə pozmuş, ədalətli araşdırmanı düzgün həyata keçirməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsi 30.10.2018-ci il tarixli 2(1020-7064/2018 saylı qərarında qeyd etmişdir ki, o, mübahisəli torpaq sahəsində əkdiyi ağacların və oranı yararlı hala saldığı üçün çəkdiyi məsrəflərin əvəzini mülkiyyətçilərdən geri tələb edə bilər. Hesab edir ki, qarşılıqlı iddia təmin edilməyən hissədə də tam təmin edilməlidir. İşdə olan sübutlarla da təsdiq olunur ki, həqiqətən Qax rayonu Aşağı Malax kənd sakini X2 Qax RAİK-nin 30 iyul 1988-ci il tarixli 08 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 1665.18 kv.m. torpaq sahəsini ailə üzvlərinin razılığı ilə 11 oktyabr 2002-ci il tarixdə həmin vaxt qüvvədə olan pul vahidi ilə 1.000.000 (bir milyon) manat müqabilində almışdır. Lakin Qax Rayon Məhkəməsi qeyd etdiyi bu xüsusatlara heç bir hüquqi qiymət verməmiş, onun vermiş olduğu 1.000.000 (bir milyon) manat, yəni 10.000 (on min) manat pulun nə üçün alınıb ona verilmədiyini əsalandırmamışdır. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi 20.480 manat pulun Cavabdeh1 tutulması hissəsində maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Ali Məhkəmənin qərarında da göstərildiyi kimi Mülki Məcəllənin 157.5-ci maddəsi bu mübahisəyə düzgün tətbiq edilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni 20.480 manat pulun Cavabdeh1 tutulması hissəsində ləğv edilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək, sonda apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 Hümmət qızı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək, sonda apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Ramazanova (Hətəmova) Günay Nəriman qızı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin qəbul etmədiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Sadıqova (Hətəmova) Məryət Nəriman qızı da Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin qəbul etmədiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların vəkili X8 cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, Ali Məhkəmə öz qərarında Mülki Məcəllənin 157.5-ci maddəsinin bu mübahisəyə düzgün tətbiq edilməməsi dedikdə, yalnız 2017-2018-ci illəri nəzərdə tutmuşdur. Hesab edir ki, mübahisənin bu hissəsi “kompensasiya institutu” ilə əlaqəli qiymətləndirilməli və anoloji olaraq həmin institutdan irəli gələn məsələlər bu mübahisəyə tətbiq olunmalıdır. Yəni hazırki məhkəmə mərhələsində iddianın ziyanla bağlı hissəsi dəyişdirilərək, dəymiş ziyan 2019-2020-ci illər üzrə hesablanmalıdır. Göründüyü kimi cavabdeh qeyd olunan torpaq sahəsindən çıxmamaqla əsassız yerə həmin torpaqdan bəhər (qazanc) əldə edir. Qeyd olunanları nəzərə apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasının tarixi, vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı5 və Cavabdeh1 nümayəndəsi Cavabdeh2 Alşan oğlu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbdən olması barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 25 yanvar 2021-ci il tarixli, 2(102)-102/2021 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-748/2020 nömrəli iş üzrə 04 iyun 2020-ci il tarixli qətnaməsi qismən - ilkin iddia tələbi üzrə 20480 (iyirmi min dörd yüz səksən) manat pulun tutulması hissəsində ləğv edildiyindən və həmin hissədə yenidən baxılması üçün iş Şəki Apellyasiya Məhkəməsinə göndərildiyindən yeni məhkəmə araşdırması da yalnız həmin hissədə aparılmalıdır. Digər hissələr üzrə araşdırma aparılmır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, işdə iştirak edən şəxsin izahatlarını iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli və Qax Rayon Məhkəməsinin 10 dekabr 2019cu il tarixli 2(024)-250/2019 saylı qətnaməsi qismən ləğv edilərək, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməlidir. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: JN-0007 KOD 40311018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, həmin akta əsasən kənd təsərrüfatı məhsullarının istehsali üçün nəzərdə tutulan 1.91 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2 Hümmət qızı, X5, X4 və İddiaçı5 ümumibirgə mülkiyyətindədir. Qax Rayon Məhkəməsinin 06 iyul 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 iddiası təmin edilərək İddiaçı1 ilə Cavabdeh1 arasında Qax rayonu Qanlıqobu adlanan ərazidə yerləşən JN 0007 KOD 40311018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı üzrə 10665.18 kv.m. kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısına dair 11.10.2002-ci il tarixdə X6 bağlanmış müqavilə bağlanmış hesab edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 noyabr 2017-ci il tarixli 2(107)2102/2017 saylı qətnaməsinin surətindən görünür ki, Qax Rayon Məhkəməsinin 06 iyul 2017-ci il tarixli qətnaməsi baxılmış Apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 mart 2018-ci il tarixli 2(102)1977/2018 saylı qətnaməsinin surətindən görünür ki, kassasiya şikayəti qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 noyabr 2017-ci il tarixli 2(107)2102/2017 saylı qətnaməsi ləğv edilərək iş baxılması üçün yenidən həmin məhkəməyə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyun 2018-ci il tarixli 2(107)1522/2018 saylı qətnaməsinin surətindən görünür ki, Qax Rayon Məhkəməsinin 06 iyul 2017-ci il tarixli 2(024)-709 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmış, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi”nə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2018-ci il tarixli 2(102)7064/2018 saylı qərarının surətindən görünür ki, Cavabdeh1 oğlu və vəkili Vəkil kassasiya şikayəti təmin edilməyərək iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyun 2018-ci il tarixli 2(107)1522/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 oktyabr 2019-cu il tarixli 18899 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinın Qax rayon Aqrar İnkişaf Mərkəzi tərəfindən tərtib edilmiş 03.09.2019-cu il tarixli Aktdan istifadə edilməklə 180 ədəd məhsuldarlığı 10-15 kq olan fındıq topasının (kolu) orta bazar dəyəri 18000 manat, 10 ədəd məhsuldarlığı 13 kq olan qoz ağacının orta bazar dəyəri 1500 manat təşkil edir. “xxxx” MMC-nin 10 dekabr 2019-cu il tarixli 9 saylı arayışından görünür ki, hazırda bazarda 1 kq qabıqlı fındığın orta bazar qiyməti 4.5 (dörd manat əlli qəpik) manat və 1 kq qabıqlı qozun orta bazar qiyməti 4 (dörd) manatdır. Seriya AZE № 0*******, ********, ********, ********, ******** saylı şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 (Hətəmova), İddiaçı4 (Hətəmova) və İddiaçı5 Qax rayonu Aşağı Malax kəndində qeydiyyatdadırlar. Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 Bakı şəhəri Nizami rayonu R.Ağayev küçəsi ev 21-də qeydiyyatdadır. 10.05.2019-cu il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 10 manat dövlət rüsumu ödəmişdir. 12.03.2019-cu il tarixli № ********* saylı ödəniş qəbzindən görünür ki, iddiaçılar məhkəmədə iddia qaldırmaq üçün 10 manat dövlət rüsumu ödəmişlər. Apellyasiya instansiya məhkəməsi yuxarıda göstərilən hallarla bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də Ali Məhkəmənin yuxarıda göstərilən tövsiyyə və göstərişlərini nəzərə alan apellyasiya məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. Bu halda xüsusi ilə qeyd edilməlidir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən yenidən işə baxılarkən apellyasiya şikayətinin dəlilləri ilə yanaşı, yuxarı instansiya məhkəməsinin ləğv edib, yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilən hissəsində də araşdırma aparılmalı və həmin qərarda qeyd olunan tövsiyyə və göstərişlərə xüsusi diqqət yetirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbаycаn Respublikаsı Ali Məhkəməsinin Mülki Kollegiyаsının 25 yanvar 2021-ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-748/2020 nömrəli iş üzrə 04 iyun 2020-ci il tarixli qətnaməsi qismən ilkin iddia tələbi üzrə 20480 (iyirmi min dörd yüz səksən) manat pulun tutulması hissəsində ləğv edilib həmin hissədə yenidən baxılması üçün iş Şəki Apellyasiya Məhkəməsinə göndərilərkən, işə yenidən baxan məhkəmə üçün müvafiq göstərişlər müəyyən edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiya məhkəmə kollegiyasının gəldiyi nəticə ilə tam razılaşmayaraq qeyd etməyi zəruri hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi MPM-in 77.1-ci maddəsinin tələbini pozaraq, torpaq sahəsinin 15 illik müddətə icarəyə verilmədiyini sübut etmək yükünü cavabdehin üzərinə qoymuş, iddiaçı tərəfin hər hansı sübut təqdim etməməsinə baxmayaraq istinad olunan əsasla həmin halı sübuta yetirilmiş hesab etmiş və yalnız iddiaçıların bildirdiyi əsasında 2017-ci ildə icarənin müddəti bitdiyi barədə qənaətə gəlmişdir. Halbuki, MPM-in 9.3 və 14.2-ci maddələrinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 106-cı maddəsinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları o zaman sübut kimi qəbul edilə bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla öz təsdiqini tapmış olsun, yaxud qarşı tərəf həmin halları mübahisələndirməsin. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi cavabdehin “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” haqqında iddia ilə Qax Rayon Məhkəməsində iddia qaldırmaqla həmin vaxtdan mübahisəli torpaq sahəsindən istifadəsinin qanunsuz olduğunu bildiyi barədə Mülki Məcəllənin 157.5-ci maddəsinə uyğun olmayan nəticəyə gəlmişdir. Belə ki, cavabdeh 2017-ci ildə məhkəmədə qaldırdığı iddia ərizəsini onunla əsaslandırmışdır ki, əslində 2002-ci ildə mübahisəli torpaq sahəsini əvəzli şəkildə iddiaçılardan əldə etmiş və həmin dövrdən əmlaka fasiləsiz və etirazsız sahiblik etmişdir. Həmin iddia ilkin olaraq birinci instansiya məhkəməsi tərəfindən təmin edilmiş və apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmış, yalnız kassasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilib yeni baxışa göndərildikdən sonra Şəki Apellyasiya Məhkəməsinin 13.06.2018-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmiş və sonuncu qətnamə Ali Məhkəmənin 30.10.2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Həmçinin məhkəmələr iddianı Cavabdeh1 tələbini təsdiq edən sübut kimi məhkəməyə təqdim etdiyi aktın kserosurət olması, həmçinin həmin tarixdə torpaq mülkiyyətçilərindən bir neçəsinin yetkinlik yaşına çatmadığı və həmin şəxslərin mübahisəyə baxılarkən işə cəlb olunmadığı ilə əsaslandırmışlar. Bu baxımdan məhz cavabdehin təşəbbüsü ilə başlanmış və cavabdehlərin (hazırkı iş üzrə iddiaçların) torpağın qanunsuz sahiblikdən qaytarılması barədə tələb irəli sürmədikləri həmin mülki işə istinadla cavabdehin 2017-ci ildən mübahisəli torpaq sahəsi üzərində sahibliyinin qanunsuz olduğunu bildiyi barədə birmənalı qənaət Mülki Məcəllənin 157.5-ci maddəsinə uyğun hesab edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi yenidən işə baxarkən hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çaışmışdır. İşin həqiqi hallarından, tərəflərin izahatından və işdə olan sübutların bilavasitə tədqiqi zamanı müəyyən edildi ki, JN-0007 KOD 40311018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qax rayonu Qaşqaçay kəndi ərazisində yerləşən və kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş 1.91 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3 (Hətəmova), İddiaçı4 (Hətəmova) və İddiaçı5 ümumibirgə mülkiyyətinə verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyun 2018-ci il tarixli 2(107)-1522/2018 saylı qətnaməsinə əsasən Qax Rayon Məhkəməsinin 06 iyul 2017-ci il tarixli 2(024)-709 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmış, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi”nə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2018-ci il tarili qərarına əsasən Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti təmin edilməyərək iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçılar hazırkı iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət etmişlər. Məhəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin qətnaməsi ilkin iddia tələbi üzrə 20480 manat pulun tutulması hissəsində maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İşə baxmış birinci instansiya məhkəməsi həmin hissədə iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 157.5-ci maddəsinə istinad etmişdir. Lakin kollegiya bununla razılaşmır. Belə ki, qeyd olunan maddənin məzmununa əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər. Vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Bu baxımdan əmlakın başqasının sahiblikdən geri qaytarılması barədə iddialarla yanaşı, cavabdehin götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılması və ya əvəzinin ödənilməsi tələbi də irəli sürümüşdürsə, mübahisənin həlli üçün ilk növbədə əmlakı istifadə edən şəxsin sahibliyinin qanunsuz olduğunu bilib (vicdansız sahib), bilmədiyi (vicdanlı sahib), habelə vicanlı sahibin bu barədə nə vaxtdan məlumatlı olduğu, yaxud mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini nə vaxt aldığı aydınlaşdırılmalıdır. İşin faktiki halından göründüyü kimi cavabdehin iddiaçılara məxsus əmlakdan 2002-ci ildən qarşılıqlı razılıq əsasında istifadə etdiyi mübahisə olunmayan halıdır. İddiaçılar mübahisəli torpaq sahəsini həmin ildə cavabdehə 15 illik icarəyə verdiklərini, cavabdeh isə torpaq sahəsini əvəzli şəkildə əldə etdiyini (aldığını) bildirir. Birinci instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçılarla cavabdehin arasında sözügedən torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsinin bağlanmadığı müəyyən edildiyi halda iddiaçıların torpaq sahəsini 2002-ci ildə 15 il müddətinə cavabdehə icarəyə vermələri haqqında bildirdikləri əsaslı hesab edilməlidir. Çünki, cavabdeh bunun əksini sübut edə bilmir. Məhkəmə, həmçinin hesab etmişdir ki, iddiaçıların bildirdiyinə görə 2017-ci ildə icarənin müddəti bitmiş, həmin vaxtdan cavabdehlə aralarında məhkəmə mübahisələri başlamışdır. Cavabdehin “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” haqqında iddiası Qax Rayon Məhkəməsində 2017-ci ildə qaldırılmışdır və həmin vaxtdan cavabdeh iddiaçılara məxsus torpaq sahəsindən istifadəsinin qanunsuz olduğunu bilmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçıların həmin torpaq sahəsindən cavabdehin son iki ildə götürdüyü gəlirləri tələb etmələri barədə iddiaları əsaslıdır. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən müqavilə müddəalarında və maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması üçün iddia tələbinin qanuni əsasını təşkil edən müqavilə və ya qanun normalarının, o cümlədən, mübahisəyə tətbiq edilməli olan digər maddi hüquq normalarının müəyyənləşdirilməsi vacib əhəmiyyətə malikdir. Baxılan iş üzrə cavabdeh mübahisəli torpaq sahəsinin icarəyə verildiyi faktını etiraf etmədiyi (mübahisələndirdiyi) üçün həmin halı sübut etmək yükü iddiaçı tərəfin üzərində olmuşdur. Cavabdehin iştirak etdiyi başqa mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə tərəflər arasında torpaq sahəsinin alqı-satqısına dair etibarlı müqaviləninin bağlanmadığının müəyyən edilməsi də iddiaçıları bu halı sübut etmək yükündən azad etmir. Çünki tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanmaması mübahsəli sahənin icarəyə verildiyi barədə birmənalı qənaət üçün əsas ola bilməz. Buna baxmayaraq birinci instansiya məhkəməsi MPM-in 77.1-ci maddəsinin tələbini pozaraq, torpaq sahəsinin 15 illik müddətə icarəyə verilmədiyini sübut etmək yükünü cavabdehin üzərinə qoymuş, iddiaçı tərəfin hər hansı sübut təqdim etməməsinə baxmayaraq istinad olunan əsasla həmin halı sübuta yetirilmiş hesab etmiş və yalnız iddiaçıların bildirdiyi əsasında 2017-ci ildə icarənin müddəti bitdiyi barədə qənaətə gəlmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi cavabdehin “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” haqqında iddia ilə Qax Rayon Məhkəməsində iddia qaldırmaqla həmin vaxtdan mübahisəli torpaq sahəsindən istifadəsinin qanunsuz olduğunu bildiyi barədə Mülki Məcəllənin 157.5-ci maddəsinə uyğun olmayan nəticəyə gəlmişdir. Belə ki, cavabdeh 2017-ci ildə məhkəmədə qaldırdığı iddia ərizəsini onunla əsaslandırmışdır ki, əslində 2002-ci ildə mübahisəli torpaq sahəsini əvəzli şəkildə iddiaçılardan əldə etmiş və həmin dövrdən əmlaka fasiləsiz və etirazsız sahiblik etmişdir. Həmin iddia ilkin olaraq birinci instansiya məhkəməsi tərəfindən təmin edilmiş və apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmış, yalnız kassasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilib yeni baxışa göndərildikdən sonra Şəki Apellyasiya Məhkəməsinin 13.06.2018-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmiş və sonuncu qətnamə Ali Məhkəmənin 30.10.2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bu baxımdan məhz cavabdehin təşəbbüsü ilə başlanmış və cavabdehlərin (hazırkı iş üzrə iddiaçların) torpağın qanunsuz sahiblikdən qaytarılması barədə tələb irəli sürmədikləri həmin mülki işə istinadla cavabdehin 2017-ci ildən mübahisəli torpaq sahəsi üzərində sahibliyinin qanunsuz olduğunu bildiyi barədə birmənalı qənaət Mülki Məcəllənin 157.5-ci maddəsinə uyğun hesab edilə bilməz Mülki Məcəllə Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəz ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir (maddə 157.5). İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər (maddə 157.6). Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 157.7). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (maddə 1097.1). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1. və 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Beləliklə, işə yenidən baxan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. Buna görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Qax Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli 2(024)-250/2019 nömrəli qətnaməsi qismən, “son iki il ərzində qanunsuz istifadə etdiyi torpaq sahəsindən gəlir olaraq əldə etdiyi 20480 (iyirmi min dörd yüz səksən) manat məbləğin ilkin iddia üzrə Cavabdeh1 alınaraq iddiaçılara verilməsi” hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilsin. Qax Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2(024)-250/2019 nömrəli qətnaməsi qismən- “son iki il ərzində qanunsuz istifadə etdiyi torpaq sahəsindən gəlir olaraq əldə etdiyi 20480 (iyirmi min dörd yüz səksən) manat məbləğin ilkin iddia üzrə Cavabdeh1 alınaraq iddiaçılara verilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilməklə, ilk iddia tələbi bu hissədə təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar