Məhkəmə qərarları › İş №2(107)-772/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-772/2025

03.09.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-772/2025 03.09.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh1 qarşı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: mənzilin boşaldılaraq təhvil verilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Musayev Taleh Valeh oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh1 qarşı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, 2(025)- 164/2025 nömrəli qətnaməsindən maraqlarına toxunan şəxs Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Qəbələ rayonu ərazisində məcburi köçkünlər üçün salınmış 350 ailəlik Zarağan-2 qəsəbəsi, bina 3-də yerləşən 39 nömrəli mənzil Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən 12 mart 2010-cu il tarixli 117 nömrəli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Laçın rayonundan məcburi köçkün Cavabdeh1 və onun ailə üzvlərinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”na uyğun olaraq Cavabdeh1 Laçın rayonu, Qarıkaha kəndində yerləşən 748 kodlu evi tam təmir edilərək ona təhvil verilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti Cavabdeh1 qarşı “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbi barədə iddia qaldıraraq Qəbələ rayonu 350 ailəlik Zarağan-2 qəsəbəsində yerləşən 3 nömrəli evin 39 nömrəli mənzilinə dair Cavabdeh1 ilə AR Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti arasında bağlanmış 12 mart 2010-cu il tarixli 117 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, Qəbələ rayonu 350 ailəlik Zarağan-2 qəsəbəsi, 3 nömrəli evin 39 nömrəli mənzilindən Cavabdeh1 və onun ailə üzvləri, X5 və Cavabdeh2 çıxarılması və mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, Qəbələ rayonu ərazisində məcburi köçkünlər üçün salınmış 350 ailəlik Zarağan-2 qəsəbəsi, bina 3-də yerləşən 39 nömrəli mənzil Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən 12 mart 2010-cu il tarixli 117 nömrəli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Laçın rayonundan məcburi köçkün Cavabdeh1 və onun ailə üzvlərinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”na uyğun olaraq Qəbələ rayonu, 350 ailəlik Zarağan-2 qəsəbəsi, bina 3, mənzil 39-da məskunlaşmış Cavabdeh1 Laçın rayonu, Qarıkaha kəndində yerləşən 748 kodlu evi tam təmir edilərək ona təhvil verilmişdir. Cavabdeh1 Laçın rayonu, Qarıkaha kəndində yerləşən 748 kodlu evi təhvil almasına baxmayaraq Qəbələ rayonu 350 ailəlik Zarağan-2 qəsəbəsi, 3 nömrəli evin 39 nömrəli mənzilini boşaldaraq təhvil verməkdən imtina etmişdir. Ona görə də, Qəbələ rayonu 350 ailəlik Zarağan-2 qəsəbəsi, 3 nömrəli evin 39 nömrəli mənzilinə dair Cavabdeh1 ilə AR Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti arasında bağlanmış 12 mart 2010-cu il tarixli 117 nömrəli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, Qəbələ rayonu 350 ailəlik Zarağan-2 qəsəbəsi, 3 nömrəli evin 39 nömrəli mənzilindən Cavabdeh1 və onun ailə üzvləri, X5 və Cavabdeh2 çıxarılması və mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi” barədə iddia qaldırılmışdır.

4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”na uyğun olaraq Qəbələ rayonu, 350 ailəlik Zarağan-2 qəsəbəsi, bina 3, mənzil 39-da məskunlaşmış Cavabdeh1 ailə üzvləri ilə birlikdə Laçın rayonu, Qarıkaha kəndində yerləşən 748 kodlu evlə təmin edilərək köçürülməsi təşkil olunduğundan onunla Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti arasında bağlanmış 12 mart 2010-cu il tarixli 117 nömrəli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməli, Qəbələ rayonu 350 ailəlik Zarağan-2 qəsəbəsi, bina 3-də yerləşən 39 nömrəli mənzildən Cavabdeh1 ailə üzvləri (X5 və Cavabdeh2) ilə birlikdə çıxarılmalı və mənzil boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməlidir.

5. Qəbələ Rayon Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, 2(025)-164/2025 nömrəli qətnaməsi ilə (hakim Ülvi Qənbərov) iddia təmin olunmuş, Cavabdeh1 ilə Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti arasında bağlanmış 12 mart 2010-cu il tarixli 117 nömrəli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlər, Cavabdeh1, X5 və Cavabdeh2 Qəbələ rayonu, Zarağan-2 qəsəbəsi, ev 3-də yerləşən 39 nömrəli məzilindən çıxarılması və mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 82, 91, 98, 99, 100 və 102-ci maddələrinə istinad etmişdir.

7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: 12 mart 2010-cu il tarixli, 117 nömrəli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi xx.xx.2024-cü il tarixli “Təmir – bərpa olunan evlər haqqında akt” Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Qəbələ rayonu Mənzil Kommunal İstismar Sahəsi tərəfindən Cavabdeh1 göndərilmiş xx.xx.2023-cü il tarixli bildiriş

8. Qətnаmədən nаrаzı qаlаn maraqlarına toxunan şəxs Cavabdeh3 аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

9. Maraqlarına toxunan şəxs Cavabdeh3 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, onların uzun müddət yaşadığı mənzildən tam yaşayış hüququ təmin edilmədiyindən, yəni yaşadığı rayonda tibbi yardımdan, təsərrüfatdan, digər təminatlardan, digər yaşayış ərazisində problem olmadan təmin edilmədiyinə görə müvəqqəti də olsa hələ yaşadığı mənzildə yaşamağ zərurətindədirlər. Dədə-baba yurduna qayıtmağın əleyhinə deyil, lakin Qəbələ rayonu, Zarağan-2 qəsəbəsi, 3 nömrəli evin 39 nömrəli mənzilində yaşamağının əsas səbəbi yaşlı şəxs olduğundan səhhətində tez-tez pozulmalar olur ki, hazırda yaşadığı rayonda tibbi müalicə almağında hər hansı problemlər olmayır. Lakin köçərək gedib yaşadığı yurdunda isə hələ ki, bu sahədə çətinliklər vardır və ixtisaslı həkimlər çatışmayır, hətta yox dərəcəsindədir. Digər tərəfdən hazırda müvəqqəti yaşadığı rayonda təsərrüratı vardır ki, daimi olaraq köçüb getsə, baxmasa, nəticədə müəyyən miqdarda maddi ziyan dəyəcəkdir. Ona görə də, bir müddət məskunlaşdığı mənzildə qalmaq məcburiyyətindədir. Hesab edir ki, bu vəziyyətdə birdəfəlik olaraq Laçın rayonu, Qarıkaha kəndində yaşamağı ərazidə bütün yaşamaq üçün lazım olan şərait olduqda mümkündü, bu vəziyyət isə yəqin 1 il ərzində tam aradan qaldırılaraq normal yaşamaq şəraiti olacaqdır. Ona görə bir müddət təxminən 1 ilə kimi də məskunlaşdığı mənzildə yaşamağına razılıq verilməlidi. Ona görə də hesab edir ki, məhkəmə qətnamə çıxararkən qeyd etdiyi faktiki halları nəzərə almamışdır.

10. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, 2(025)- 164/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, 2(025)-164/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

13. Cavabdeh1 və maraqlarına toxunan şəxs apellyator Cavabdeh3 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 82.3-cü maddəsinə əsasən kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. 91.1.5-ci maddəsinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. 91.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 98.2-ci maddəsinə əsasən Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. 99.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. 99.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. 99.6-ci maddəsinə əsasən Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. 100.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi istənilən vaxt xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsini ləğv edilə bilər. 100.3-cü maddəsinə əsasən kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. 102.1-ci maddəsinə əsasən Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

16. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

17. Maraqlarına toxunan şəxs Qəbələ Rayon Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, 2(025)-164/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

19. Məhkəmə kollegiyası maraqlarına toxunan şəxsin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz.

20. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri) Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 127, həmçinin Azərbaycan Respblikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) 6-cı maddəsinə, habelə Azərbaycan Respublikası MPM-nin 9 və 14-cü maddələrinə əsasən məhkəmə işdə tərəf deyildir və hər hansı işə baxılmasında arbitr funksiyasını daşıyır. Məhkəmə tərəfləri təmsil etmək və onların adından hər hansı prosessual hərəkəti etmək, o cümlədən sübut toplamaq səlahiyyətinə malik deyildir. Məhkəmənin əsas vəzifəsi ədalətli məhkəmə araşdırmasını təmin etməkdir ki, bu da tərəflər üçün ilkin şərtlərin bərabərliyini, yəni işdə iştirak edən şəxslərə öz işlərini aparmaq üçün bərabər imkanlar yaradılmasını və çəkişmə prinsipinin bərqərar edilməsini ehtiva edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar verir. Hazırki işdən görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”na uyğun olaraq Qəbələ rayonu, 350 ailəlik Zarağan-2 qəsəbəsi, bina 3, mənzil 39-da məskunlaşmış Cavabdeh1 ailə üzvləri ilə birlikdə Laçın rayonu, Qarıkaha kəndində yerləşən 748 kodlu evlə təmin edilərək köçürülməsi təşkil olunmuşdur. Apellyasiya şikayətində Laçın rayonunda tibbi müalicə almağında problemlər olması ilə bağlı göstərilənlərə münasibətdə kollegiya qeyd edir ki, işğaldan azad olunmuş ərazilərdə tibbi xidmətin təmin olunması Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın məqsədlərindəndir. Bundan başqa, bu sahədə hər hansı problemlər və onların həmin ərazidə yaşamağı mümkünsüz etməsi ilə bağlı kollegiyaya heç bir sübut və ya dəlil təqdim edilməmişdir. Apellyasiya şikayətində apellyatorun və ailəsinin yaşlı olmaları, həmçinin Qəbələ rayonunda təsərrüfatlarının olması ilə bağlı göstərilənlərə gəldikdə kollegiya qeyd edir ki, bu hallar məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıdışının istisna edilməsinə əsas hesab edilə bilməz

21. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

22. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn maraqlarına toxunan şəxs Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, 2(025)-164/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Maraqlarına toxunan şəxs Cavabdeh3 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, 2(025)-164/2025 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar