Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-778/2022 16.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcu, kiçik iddia) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, Yevlax Rayon Məhkəməsinin 2(039)-595/2022 saylı, 09 mart 2022-ci il tаrixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ASC Cavabdeh qarşı Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 2019-cu il 23 oktyabr tarixli 02/00025861 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1,204 manat borcun və 32.04 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 2019-cu il 23 oktyabr tarixli 02/00025861 nömrəli operativ lizinq müqaviləsinə əsasən bir ədəd Belarus-1221 markalı traktor ona istifadəyə verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 02/00025861 nömrəli müqaviləyə əsasən 1,204 manat öhdəlikdən heç bir ödəniş edilməmiş, 1,204 manat borc qalmışdır. Lakin, cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığı üçün iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etmiş, ancaq cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə iddiaçıya olan borcunu ödəməkdən yayınmışdır. Belə ki, bağlanmış müqavilənin cavabdeh lizinq ödənişlərini müqavilə (İstifadə) müddəti ərzində bu müqavilənin bəndinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh İddiaçı ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Birinci instansiya məhkəməsində icraat Yevlax Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2(039)-595/2022 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 2019-cu il 23 oktyabr tarixli 02/00025861 nömrəli operativ lizinq müqaviləsi üzrə 1,204 manat borc, habelə 32.04 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 1236 (bir min iki yüz otuz altı) manat 04 (dörd) qəpiyin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 23 oktyabr 2019-cu il 02/00025861 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1,204 manat dəyərində bir ədəd Belarus-1221 markalı traktor ona istifadəyə verilmişdir Maliyyə arayışından müəyyən olunur ki, qeyd edilən müqavilə üzrə 25 yanvar 2022-ci il tarixə 1,204.00 AZN qalıq borc yaranmışdır. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Mövcud sübutlarla cavabdehin lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməməsi nəticəsində iddia tələbində qeyd edilən borcun yaranması təsdiq olunur, bu, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə üzrə öhdəliklərdən irəli gəlir və qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab etmişdir ki, iddiaçının tələbi əsaslıdır. Tələb edilən əsas və faiz borcunun düzgün hesablanmadığına dair sübutlar müəyyən edilməmiş, cavabdeh buna etiraz etməmişdir. Məhkəmə, mülki qanunvericiliyin qeyd olunan normalarının tələblərini rəhbər tutaraq belə qənaətə gəlmişdir ki, iddia təmin edilməli, yaranmış borc, habelə məhkəmə xərclərinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 284-1, 284-5.3, 385.1, 747.1, 748-1.12.4, 748.2.1, 748.2.3, 748.7.1, 748.10.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, İddiaçı ASC tərəfindən Cavabdeh qarşı kredit müqaviləsinə görə borcun ödənilməsi tələbi Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə 1236 manat pul məbləği onun xeyrinə təmin edilmişdir. Məhkəmə tələbə sadələşdirilmiş icraat qaydasında baxmışdır. O, tələbdən xəbərdar edilməmişdir. Çünki hərbiçi olduğundan, dislakasiya yerində yaşayır. İcra məmuru çağırmayana qədər bu qərardan xəbəri olmayıb. Qətnaməni xx.xx.2022-ci ildə poçtla almışdır. Borc məbləği ona aid deyil. Bu idarə ilə lizinq müqaviləsi bağlamamışdır. Bu səbəbdən də müqavilənin əslini tələb edir. Onun tərəfindən iddiaçı ilə heç bir xx.xx.2019cu il tarixli lizinq müqaviləsi bağlanmayıb. O, hərbiçidir. Həmin tarixdə onun harada olmağını işi ona deyir. Qeyd olunan belə bir müqaviləni o bağlamamışdır. Müqavilə saxtalaşdırılıb, üzərinə əsassız olaraq 1204 manat borc və 32 manat dövlət rüsumu yazılıb. Ona heç bir traktor icarəyə verilməyib. Bu şəkildə insanları aldatmaq olmaz. O, qəti şəkildə məhkəməyə rəsmən etiraz edərək bu halın araşdırılmasını, əsassız qətnamənin ləğvini istəyir. Məhkəmə prosessual hüquq normalarını pozmuşdur. İstinad edilən mübahisə ilə bağlı onu normal qaydada məlumatlandırmamışdır. Nəticədə əleyhinə qərar qəbul etməklə məhkəmə əsassız olmuşdur. Bütün bunlarda ədalətsiz bir qərarın qəbul edilməsinə səbəb olmaqla qeyd edilən hüquq normalarının pozulmasına səbəb olmuşdur. Ən öncə lizinq müqaviləsinin əsli məhkəməyə gətirilməlidir. Müqavilədəki imzanın məxsusluğu müəyyən edilməlidir. Prosesin onun iştirakı ilə keçirilməsi və mübahisənin obyektiv həlli qanuna uyğun olaraq araşdırılmalıdır. Məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun deyildir. Məhkəmə qətnaməyə təsirdən müqavilənin dəqiqləşdirilməsi ilə bağlı heç bir tədbir görməmiş, məhkəmə müqavilənin əslini tələb etməmiş və bildirilşin onun tərəfindən alınmağını müəyyən etmədən, mübahisəni heç olmasa telefonla belə dəqiqləşdirmədən üzərinə əsassız olaraq borc məbləği qoymuşdur. O, prosesdə olmamışdır. Lazımınca məlumatlanmadığı üçün məhkəməyə etiraz verə bilməmişdir. Hərbiçidir. Müqavilə bağlanan müddətə nəzər yetirilsə görsənir ki, o, hərbiçi olduğu üçün bu müqaviləni bağlaya bilməmişdir. Bu səbəbdən də müqavilənin əsli məhkəməyə gətirilməli imza ilə bağlı ekspertiza keçirilməli və obyektiv araşdırma aparılmalıdır. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(039)- 595/2022 saylı qətnaməsinin ləğv edilməsinə, iddianın rədd edilməsinə dair yeni məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-2.1-ci maddəsinə əsasən Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748-2.3-cü maddəsinə əsasən Lizinq verən bu Məcəllənin 748-1.11ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 394-1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Apellyator apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin 09 mart 2022-ci il tаrixli, 2(039)-595/2022 saylı qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Tələb qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 09 mart 2022-ci il tаrixli, 2(039)-595/2022 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 23 oktyabr 2019-cu il 02/00025861 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1,204 manat dəyərində bir ədəd Belarus-1221 markalı traktor ona istifadəyə verilmişdir. Maliyyə arayışından müəyyən olunur ki, qeyd edilən müqavilə üzrə 25 yanvar 2022-ci il tarixə 1,204.00 manat qalıq borc yaranmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Apellyator məhkəmə iclası barədə ona məlumat verilmədiyini bildirmişdir. Kollegiya apellyatorun yuxarıda qeyd edilmiş dəlilləri ilə razılaşmır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin tələbləri pozulmamışdır. Cavabdehə bildiriş göndərilmiş, o, bildirişi rəsmi olaraq qəbul etmiş (səh.11), lakin məhkəməyə əsaslandırılmış etiraz təqdim edilməmişdir. Beləliklə birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə baxışı keçirilmədən, iş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş sübutlar yetərli hesab edilərək, qətnamə qəbul edilmişdir. Apellyator apellyasiya şikayətinin dəlillərində tələbdən xəbərdar edilmədiyini, hərbiçi olduğundan, dislakasiya yerində yaşadığını, icra məmuru çağırmayana qədər bu qərardan xəbəri olmadığını, qətnaməni xx.xx.2022-ci ildə poçtla aldığını, borc məbləğinin ona aid olmadığını bildirmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. Belə ki, apellyator şikayətində müqavilənin onunla bağlanılmadığını və həmin müddətində onun dislakasiya yerində yaşadığını bildirsə də, o, bununla bağlı məhkəmə kollegiyasına heç bir sənəd təqdim etməmişdir. Məhkəmə işə yalnız sübutlar əsasında baxır. Cavabdehin dəlilləri o halda əsaslı sayıla bilərdi ki, iddiaçı cavabdehlə arasında müqavilənin bağlanmadığını və onun işi ilə əlaqədar bağlana bilmədiyini sübut etmiş olsun. Məhkəmə yalnız cavabdehin izahatına əsaslanaraq həmin halları müəyyən olunmuş saya bilməz, çünki cavabdeh işin nəticəsində maraqlıdır. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətində qeyd olunmuş dəlillər birinci instansiya məhkəməsinin mülki iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, apellyasiya şikayətinin dəlilləri cavabdeh tərəfindən əsaslandırılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Yevlax Rayon Məhkəməsinin 09 mart 2022-ci il tаrixli, 2(039)-595/2022 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 09 mart 2022-ci il tаrixli, 2(039)-595/2022 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-778/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-778/2022
16.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver