Məhkəmə qərarları › İş №2(107)-779/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-779/2020

18.06.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-779/2020 18.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli 2(039)-757/2019 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin (hakim Ruslan Əlizadə) xx xxxxxx 2019-ci il tаrixli 2(039)-757/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı iddiası təmin edilərək ünvan 1 saylı ünvanda yerləşən və Cavabdeh mülkiyyətində olan iki mərtəbəli fərdi yaşayış evinin arxa fasad hissəsində qonşusu İddiaçı mülkiyyətində olan həyətyanı sahəyə və fərdi evlərinə baxan hissəsində inşa edilmiş nəfəsliklərin bağlanılması qət edilmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) ünvan 1 ünvanında qanunsuz inşa etdirdiyi iki mərtəbədən ibarət tikili tikinti norma və qaydalarına uyğun olmadığından, eləcə də onun və digər ailə üzvlərinin hüquqları ciddi şəkildə pozulduğundan və həyatlarına real təhlükə olduğundan həmin qanunsuz tikilinin cavabdehin öz hesabına sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında qanunsuz inşa etdirdiyi iki mərtəbədən ibarət evin onların həyətinə baxan, nəfəslik-pəncərənin qoyulmasında onların razılığı olmadığından və tikili tikinti norma və qaydalarına uyğun olmadığından, eləcə də onun və digər ailə üzvlərinin hüquqları ciddi şəkildə pozulduğundan nəfəslik-pəncərənin bağlanmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, uzun müddətdir ki, ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 2 ünvanındakı mənzillərində ciddi qorxu altındadılar. Onun, digər ailə üzvlərinin, xüsusilə azyaşlı nəvələrinin həyatı təhlükədədir. Buna səbəb qonşu Cavabdeh tam onların həyətinın divarına bitişik qanunsuz tikili aparmasıdır. Belə ki, o, həmin tikilini heç bir qanuni sənəd olmadan, tikinti norma və qaydalarına uyğun gəlməyən qaydada aparmış və bununla əlaqədar dəfələrlə aralarında mübahisələr baş vermişdir. Sonuncu dəfə isə Cavabdeh ona qarşı xüsusi qərəzçilik göstərərək heç bir zərurət olmadan həmin qanunsuz tikilinin onların həyətinə baxan hissəsində dağıdıb nəfəslik-pəncərə qoydurub. Hazırda həmin qanunsuz tikilinin daşları sökülmək üzrədir, bir xeyli daş-kəsəkdə sökülüb onların həyətinə tökülmüşdür. Onu əsas narahat edən nəvələrinin həyətdə oynadıqları vaxt həmin daşların onların üzərinə düşə bilməsidir. Bu səbəbdən də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-ci il tаrixli 2(039)-757/2019 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, məhkəmə mülkiyyətçi kimi onun mülkiyyət hüquqlarına əsassız olaraq məhdudiyyət qoyub. Bütün bunları onun mülkiyyət üzərində hüquqlarını pozmaqla edib. İddiaçının özünün heç bir fərdi yaşayış evinə dair çıxarışı möcvud deyil. Əldə etdiyi çıxarış yalnız torpağa münasibətdədir. Özünə aid hüquq müəyyən edici sənədlər qeyrinormal olduğu halda normal hüquqi sənədlərə məxsus olan fərdi yaşayış evinə əsassız olaraq iddia qaldırıb. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-ci il tаrixli 2(039)-757/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin dəlillərinin əsassız olduğu üçün təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-ci il tаrixli 2(039)-757/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası onun iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx xxx 2011-ci il tarixdə verilmiş MA seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 saylı ünvanda İddiaçı mülkiyyətində olan və 0,04441 hektar həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 215.91 kv.m., yaşayış sahəsi 80.05 kv.m. olan iki mərtəbəli fərdi yaşayış evi vardır. DİN-nin BPQMİ-nin MAPS şöbəsinin xx xxxxxx 2019-cu il tarixli arayışından məlum olur ki, Cavabdeh xx xxxxxx 1976-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri C.Mustafayev küçəsi mənzil 107-də qeydiyyatdadır. Səyyar Asan tərəfindən xx xxxxxx 2016-cı il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxx 1949-cu il tarixdə Yevlax şəhərində anadan olmaqla Yevlax şəhəri Ceyhun Mustafayev küçəsi ev 105-də qeydiyyatdadır. Yevlax Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi tərəfindən xx xxxx 2019cu il tarixdə verilmiş 07 saylı məktubdan görünür ki, vətəndaş Cavabdeh inşa etdiyi iki mərtəbəli yaşayış binasının arxa fasad hissəsindən qonşusu İddiaçı mülkiyyətində olan həyətyanı sahəyə və fərdi evlərinə baxan hissəsindən nəfəslik üçün boşluq açaraq istifadə edir. Vətəndaş ona məxsus fərdi yaşayış evinin arxa hissəsindən istər pəncərə, istərsə də nəfəslik üçün nəzərdə tutulan pəncərə boşluğunu, yalnız qonşunun notarial qaydada razılığı əsasında aça bilər. Cavabdeh açdığı nəfəslik, qonşuluq münasibətləri gözlənilmədiyi üçün qanunsuz hesab edilir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 12064 saylı rəyindən görünür ki, Cavabdeh ünvan 1 saylı ünvanda inşa etdirdiyi iki mərtəbədən ibarət yaşayış evinin iddiaçının yaşayış evinə tərəf açılan nəfəslik-pəncərənin yerinin dəyişdirilməsi mümkündür. Bunun üçün, cavabdehin yaşayış evinin otağından iddiaçının evinə tərəf açılan nəfəslik-pəncərə bağlanaraq, otağının havalandırılması və təbii işığın düşməsinin təmin olunması məqsədilə, otağın arakəsmələri üzərində pəncərə boşluqlarının açılması məqsədə müvafiq hesab olunur. Birinci instansiya məhkəməsi iddianı təmin edərək göstərmişdir ki, “tərəflər qonşudular. Cavabdeh inşa etdiyi iki mərtəbəli yaşayış binasının arxa fasad hissəsindən qonşusu İddiaçı mülkiyyətində olan həyətyanı sahəyə və fərdi evlərinə baxan hissəsindən nəfəslik üçün boşluq açaraq istifadə edir. Cavabdeh məxsus fərdi yaşayış evinin arxa hissəsindən pəncərə-nəfəslik üçün nəzərdə tutulan pəncərə boşluğunu, yalnız qonşunun notarial qaydada razılığı əsasında aça bilər. Açılan nəfəslik pəncərənin yerinin dəyişdirilməsi mümkündür.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.4-cü maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 172.2-ci maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. 180.4-cü maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 69.4 və 69.5.1-ci maddələrinin tələbinə görə, ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir və ara məsafəsi divar hündürlüyünün 0,6 hissəsi qədər olmalıdır. 69.7.1, 69.7.3 və 69.7.4-cü maddələrinə görə, mövcud tikililərlə həmsərhəd torpaqlarda inşası planlaşdırılan tikinti obyektlərinin xarici divarları və hissələri arasında, obyektlərin təyinatından asılı olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilmiş ara məsafələrin saxlanılması, layihəçilərin təklifi nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında obyektlərin tikintisinin yanaşı sərhəddəki ortaq divar və ya iki paralel divar vasitəsilə həyata keçirilməsinin mümkünlüyü və yeni tikiləcək obyektlərin divarının qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə mövcud olan binanın divarına birləşdirilməsinin mümkünlüyü yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərindən biridir. 70.1-ci maddəsinə görə, tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə bu Məcəllənin 69.4-cü maddəsində müəyyən olunmuş məsafə şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri nəzərə alınmaqla azaldıla bilər. Bu halda qonşu sərhəddəki tikintidə layihə ilə nəzərdə tutulmayan boşluq olmamalıdır. Tərəflərdən biri bu qaydalara zidd olaraq, insolyasiya və təbii işıqlandırma şəraiti yaratmaq məqsədilə pəncərə boşluqları və ya digər boşluqlar aça bilməz. 72.1-ci maddəsinə görə qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. İstinad edilən qanunvericilik normalarından göründüyü kimi, qonşu sərhəddəki tikintidə layihə ilə nəzərdə tutulmayan boşluq olmamalıdır. Tərəflərdən biri bu qaydalara zidd olaraq, insolyasiya və təbii işıqlandırma şəraiti yaratmaq məqsədilə pəncərə boşluqları və ya digər boşluqlar aça bilməz. Cavabdeh isə bütün bunlara əməl etməmiş, qonşusu İddiaçı ilə həyətin sərhədində olan hasara bitişik inşa etdirdiyi yaşayış evinin arxa, yəni İddiaçı həyətinə və evinə tərəf baxan hissəsində sonuncunun razılığı olmadan nəfəslik-pəncərə açmış, bununla da qanunvericiliyin tələbini pozmuşdur. Cavabdeh etdiyi hərəkəti evinin işıqlandırılması zəruriliyi ilə əsaslandırır. Lakin ekspert rəyindən görünür ki, Cavabdeh yaşayış evinin otağından iddiaçının evinə tərəf açılan nəfəslik-pəncərə bağlanaraq, otağının havalandırılması və təbii işığın düşməsinin təmin olunması məqsədilə, otağın arakəsmələri üzərində pəncərə boşluqlarının açılması məqsədə uyğundur. Göründüyü kimi, cavabdeh iddiaçının hüquqlarını pozmadan evinin otaqlarının havalandırılmasını və təbii işığın düşməsini təmin edə bilər. Cavabdeh apelyasiya şikayətində göstərir ki, “İddiaçının özünün heç bir fərdi yaşayış evinə dair çıxarışı möcvud deyil. Əldə etdiyi çıxarış yalnız torpağa münasibətdədir. Özünə aid hüquq müəyyən edici sənədlər qeyri-normal olduğu halda normal hüquqi sənədlərə məxsus olan fərdi yaşayış evinə əsassız olaraq iddia qaldırıb.” Bununla bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx xxx 2011-ci il tarixdə verilmiş MA seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 saylı ünvanda İddiaçı mülkiyyətində olan və 0,04441 hektar həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 215.91 kv.m., yaşayış sahəsi 80.05 kv.m. olan iki mərtəbəli fərdi yaşayış evi vardır. Göründüyü kimi, apelyasiya şikayətinin dəlilləri əsassızdır. Cavabdehin apelyasiya şikayəti əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. X2 Məhkəməsi “X1” qarşı xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və X2 Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişlər. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. X2 Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsassız hesab edir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apelyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpelyаsiyа şikayəti təmin edilməməli və Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-ci il tаrixli2(039)-757/2019 nömrəliqətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş аpelyаsiyа şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-ci il tаrixli 2(039)-757/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar