Məhkəmə qərarları › İş №2(107)-784/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-784/2023

08.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-784/2023 08.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Qəbələ rayonu icra və probasiya şöbəsinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə və Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili X2, cavabdeh Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə4 iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) cavabdehlər Qəbələ rayonu icra və probasiya şöbəsinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə və Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipotekaya xitam verilməsi” tələbinə dair mülki işi üzrə Qəbələ Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyаlı, ******* №li çıxarışla müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan Qəbələ şəhəri, Pastar Məhəlləsində yerləşən 19 nömrəli fərdi yaşayış evi (0,06 ha torpaq sahəsi ilə birlikdə) Cavabdeh2 ASC Qəbələ Regional filialının xeyrinə ipoteka ilə yüklü edilmiş və yüklülük daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının170 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qəbələ Rayon Məhkəməsinin 24 yanvar 2011-ci il tarixli, 2(025)- 22/2011 nömrəli qətnaməsi ilə Cavabdeh2 ASC-nin “Qəbələ” Regional filialı ilə İddiaçı arasında bağlanmış 17 iyun 2008-ci il tarixli kredit müqaviləsinə xitam verilməsi, kredit müqaviləsi üzrə 68.000 manat əsas borc, 32.500 manat faiz borcu və 2.000 manat məbləğində dəbbə pulu borcu, cəmi 102.500 manatborcun cavabdeh İddiaçı məxsus olan Qəbələ şəhəri Pastar məhəlləsində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı yaşayış sahəsi 101,28 kv.m, köməkçi sahəsi 126,06 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın qiymətləndirilməklə açıq hərrac vasitəsilə satılması, evdə qeydiyyatda olan və yaşayan şəxslərin evdən çıxarılması, satışdan əldə olunan vəsaitin borcun həcmi məbləğində Cavabdeh2 ASC-yə ödənilməsi qət edilmişdir. Qəbələ Rayon Məhkəməsinin 24 yanvar 2011-ci il tarixli, 2(025)- 22/2011 nömrəli qətnaməsi 28 fevral 2011-ci il tarixdə icraya yönəldirlmişdir. Qəbələ rayon icra qrupunun icra məmuru Asif Mustafayev tərəfindən Qəbələ Rayon Məhkəməsinin 24 yanvar 2011-ci il tarixli, 2(025)- 22/2011 nömrəli icra sənədi üzrə 05 sentyabr 2011-ci il tarixində icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İcra məmuru Asif Mustafayevin 03 oktyabr 2011-ci il tarixli “Qiymətləndiricinin dəvət edilməsi haqqında” qərarına əsasən borclu İddiaçı məxsus Qəbələ şəhəri Pastar məhəlləsində yerləşən 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin qiymətləndirilməsi üçün mütəxəssis dəvət edilməsi qərara alınmışdır. "xxxx" MMC-nin 04 oktyabr 2012-ci il tarixli “Əmlakın Qiymətləndirilməsinin Nəticələri Haqqında” Hesabata əsasən İddiaçı məxsus Qəbələ şəhəri Pastar məhəlləsində yerləşən 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 80.000 manat müəyyən edilmişdir. Qəbələ rayon icra qrupu tərəfindən "xxxx"nə ünvanlanmış sifariş məktubundan görünür ki, Qəbələ Rayon Məhkəməsinin 24 yanvar 2011-ci il tarixli, 2(025)-22/2011 nömrəli icra sənədinin icrası ilə əlaqədar İddiaçı məxsus Qəbələ şəhəri Pastar məhəlləsində yerləşən 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin satışının təşkil edilməsi xahiş olunmuşdur. "xxxx" MMC tərəfindən Qəbələ rayon icra qrupuna, "xxxx" ASC-yə və İddiaçı ünvanlanmış 27 aprel 2015-ci il tarixli, 895 nömrəli bildirişdən görünür ki, Qəbələ şəhəri, Pastar məhəlləsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 80.000 manat müəyyən edilməklə hərracın keçirilməsi 29 may 2015-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. "xxxx" MMC tərəfindən Qəbələ rayon icra qrupuna, "xxxx" ASC-yə və İddiaçı ünvanlanmış 01 iyun 2015-ci il tarixli, 1266 nömrəli bildirişdən görünür ki, Qəbələ şəhəri, Pastar məhəlləsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 68.000 min manat müəyyən edilməklə hərracın keçirilməsi 03 iyul 2015-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. "xxxx" MMC tərəfindən Qəbələ rayon icra qrupuna və "xxxx" ASC-yə ünvanlanmış 05 oktyabr 2015-ci il tarixli, 2389 nömrəli bildirişlə ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin satılmadığı bildirilmişdir. Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh1nə ünvanlanmış 24 iyun 2021-ci il tarixli məktubdan görünür ki, cavabdeh İddiaçı məxsus ipoteka predmeti olan Qəbələ rayon, Pastar məhəlləsində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 102.28 kv.m yaşayış evinə yönəldilməsinə dair Qəbələ Rayon Məhkəməsinin 24 yanvar 2011-ci il tarixli, 2(025)- 22/2011 nömrəli icra vərəqəsinə əsasən ipoteka predmetinin balansda olması haqqında məlumat aşkar edilməmişdir. Cavabdeh1 icra məmuru Nümayəndə3 30 iyul 2021-ci il tarixli qərarı ilə Qəbələ Rayon Məhkəməsinin 24 yanvar 2011-ci il tarixli, 2(025)-22/2011 nömrəli icra sənədi “İcra haqqında” Qanunun 23.1.4 və 53.3-cü maddələrinə əsasən Qəbələ Rayon Məhkəməsinə qaytarılmışdır. Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsinin Rayon Məhkəməsinə təqdim etdiyi "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 08 iyul 2015-ci il tarixli məktubun fotosurətinin məzmununa görə, Qəbələ rayon İcra Qrupunun 194/11 saylı, xx.xx.2015-ci il tarixli sifarişinə əsasən açıq hərracda satışa çıxarılmış İddiaçı məxsus ipoteka ilə yüklü edilmiş Qəbələ şəhəri, Pastar məhəlləsində 0,06 ha torpaq sahəsində yerləşən 101,28 kv.m köməkçi sahəsi, 126,06 kv.m yaşayış sahəsi olan 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin əldə edilməsinə dair təklif Bank tərəfindən qəbul edilmişdir. Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsinin Rayon Məhkəməsinə təqdim etdiyi 30 iyul 2015-ci il tarixli, Y- 299 nömrəli hərracın nəticələri haqqında yekun protokolun fotosurətində qeyd olunanlara görə, İddiaçı məxsus Qəbələ şəhəri, Pastar məhəlləsində yerləşən 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi əmlakın ilkin hərrac qiyməti 80.000 manat, əmlakın təkrar hərracdakı satış qiyməti 50.000 manat olmaqla Cavabdeh2 ASC-yə satılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Qəbələ şəhəri, Pastar məhəlləsi 19 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair ipotekaya (0,06 ha torpaq sahəsi ilə birlikdə) xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)- 22/2021 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin "Qəbələ" regional filialı ilə İddiaçı arasında bağlanmış 17 iyun 2018-ci il tarixli kredit müqaviləsinə xitam verilmiş, kredit müqaviləsi üzrə 68.000 manat əsas, 32.500 manat manat faiz borcu və 2.000 manat məbləğində dəbbə borcu, cəmi 102.300 manat borcun İddiaçı məxsus olan Qəbələ şəhəri Pastar məhəlləsində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 101.28 m2, köməkçi sahə 126.06 m2 olan fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın qiymətləndirilməklə açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə olunana vəsaitin borcun həmin məbləğdə "xxxx" ASC-yə ödənilməsi qərara alınmışdır. Qəbələ Rayon Məhkəməsinin 2(025)-22/2021 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsi icra edilməsi üçün Qəbələ rayon icra qrupuna (Cavabdeh1nə) göndərilmiş və qrupun icra məmuru Asif Mustafayevin xx.xx.2011-ci il tarixli qərarı ilə icra vərəqəsi üzrə icraata başlanılmışdır. Qəbələ rayon icra qrupu tərəfindən icra vərəqəsi üzrə ipoteka predmeti olan əmlakın qiymətləndirilməsi üçün xx.xx.2011-ci il tarixdə “qiymətləndiricinin dəvət edilməsi haqqında" qərar qəbul edilərək icra edilməsi üçün qiymətləndirici "xxxx" MMC-yə göndərilmişdir. "xxxx" MMC tərəfəndən ipoteka predmeti 80.000 manat dəyərində qiymətləndirilmişdir. İddiaçıa məxsus olan Qəbələ şəhəri Pastar məhəlləsində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 101.28 m2, köməkçi sahə 126.06 m2 olan fərdi yaşayış evinin hərracda satışının təşkil edilməsi məqsədi ilə Qəbələ rayon icra qrupu tərəfindən xx.xx.2015-ci il tarixdə "xxxx" MMC-yə sifariş verilmişdir. "xxxx" MMC-nin 895 saylı, xx.xx.2015-ci il tarixli "bildiriş" məktubuna əsasən Qəbələ rayon icra qrupunun sifarişi əsasında əmlakın ilkin satış qiyməti 80.000 manat olmaqla satılması üçün xx.xx.2015-ci il tarixdə hərrac təyin edilmişdir. Həmin hərrac təşkilatının 1266 saylı, xx.xx.2015-ci il tarixli "bildiriş" məktubuna əsasən ipoteka predmeti olan əmlakın 68.000 manata satılması üçün xx.xx.2015-ci il tarixə ikinci hərracın keçirilməsi nəzərdə tutulmuşdur. “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi" MMC-nin 2389 saylı, xx.xx.2015-ci il tarixli məktubuna əsasən İddiaçı məxsus olan Qəbələ şəhəri Pastar məhəlləsi 19 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin satışı məqsədi ilə təşkil edilmiş hərraclar iştirakçı olmadığı üçün baş tutmamışdır. Həmin məktubun surətinin "xxxx" ASC-yə göndərildiyi qeyd edilmişdir. Eyni zamanda Cavabdeh1 sorğusu əsasında Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedici X1 tərəfindən verilmiş **********074 saylı, xx.xx.2021-ci il tarixli məktuba əsasən İddiaçı məxsus olan Qəbələ şəhəri Pastar məhəlləsində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin bankın balansında olması barədə məlumat aşkar edilməmişdir. Cavabdeh1 xx.xx.2021-ci il tarixli qərarı ilə icra sənədi üzrə əmlak tələbkar tərəfindən əldə edilmədiyi üçün "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinə əsasən Qəbələ rayon məhkəməsinin 2(025)-22/2021 saylı. xx.xx.2011-ci il tarixli icra vərəqəsi icrasız Qəbələ Rayon Məhkəməsinə qaytarılmışdır. “İpoteka haqqında” Qanunun tələblərinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Cavabdeh Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh2 ASC arasında xx.xx.2008-ci il tarixində 68.000 manat məbləğində pulun verilməsinə dair kredit müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin təminatı olaraq İddiaçı özünə məxsus olan Qəbələ şəhəri, Pastar məhəlləsində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı yaşayış sahəsi 101,28 kv.m, köməkçi sahəsi 126,06 kv.m olan fərdi yaşayış evini Bank qarşısında ipoteka ilə yüklü etmişdir. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Bank hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Qəbələ Rayon Məhkəməsinin 2(025)-22/2021 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə bankın iddiası təmin olunmuş, İddiaçı cəmi 102,300 manat borcun tutulması və tutmanın ipoteka predmeti olan Qəbələ şəhəri, Pastar məhəlləsində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 101,28 kv.m, köməkçi sahəsi 126,06 kv.m olan fərdi yaşayıış evinə yönəldilməsi qət edilmişdir. Cavabdeh1 qərarı ilə icra icraatı başlanılmışdır və əmlak satılması üçün hərraca çıxarılmışdır. "xxxx" MMC tərəfindən xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixində hərrac keçirilmişdir və hərracın nəticələrinə uyğun olaraq əmlak alınması üçün xx.xx.2015ci il tarixində Banka təklif edilmişdir. Bank xx.xx.2015-ci il tarixli "xxxx" MMC-yə müraciət edərək əmlakı qəbul etdiyini bildirmişdir. Əmlak İxtiaslaşdırılmış Hərrac Mərkəzi” MMC ilə Cavabdeh2 ASC arasında Y-299 saylı protokol imzalanmışdır və əmlak Bank tərəfindən alınmışdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi xüsusatlar öz təsdiqini tapmır. Belə ki, keçirilmiş hərrac nəticəsində əmlak Bank tərəfindən müqavilə qüvvəsinə malik olan protokol vasitəsilə əldə edilmişdir. Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktub barədə isə Bank ümumiyyətlə məlumatlı deyildir. Bank əmlakı əldə etmişdir, hərrac təşkilatı və icra şöbəsinin protokol imzalandıqdan sonrakı hərəkətlərindən məlumatı olmamışdır. Odur ki, iddianın rədd edilməsini xahiş edirlər. Qəbələ Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(025)- 346/2023 nömrəli iş üzrə qəbul etdiyi 14 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim A.Əliyev) iddia tələbinin rədd edilməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinad edərək belə qənaətə gəlmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi, yəni ipotekaya xitam verilmə əsası kimi Cavabdeh1 xx.xx.2021-ci il tarixli qərarı ilə icra sənədi üzrə əmlakın tələbkar tərəfindən ikinci hərrac keçirildikdən sonra əldə edilməməsini göstərir. Lakin iş materiallarına cavabdeh Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən əlavə edilmiş Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” Hərracın nəticələri haqqında yekun 30 iyul 2015-ci il tarixli, Y-299 nömrəli protokoldan görünür ki, İddiaçı məxsus Qəbələ şəhəri, Pastar məhəlləsində yerləşən 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi əmlakın ilkin hərrac qiyməti 80.000 manat, əmlakın təkrar hərracdakı satış qiyməti 50.000 manat olmaqla Cavabdeh2 ASC-yə satılmışdır Rayon Məhkəməsi mövqeyini “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli Qərarına, “İpoteka haqqında” Qanunun 43.4, 43.5, 43.7, 43.8, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İş materiallarında cavadehin təqdim etdiyi sübut mötəbər sübut deyildir. Cavabdeh Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun təqdim etdiyi vizual olaraq “hərracın yekunları barədə” protokolun fotosurəti kimi təqdim etdiyi sənədin həqiqiliyi sübut edilməmiş və məhkəmə tərəfindən ona istinad edilməməlidir. Məhkəməyə təqdim edilmiş “hərracın yekunları barədə” protokolun fotosurətində icra orqanın təsdiqi üçün hissə ayrılmasına baxmayaraq onun Cavabdeh1 məsul şəxsi tərəfindən imzalanmaması və möhürlə təsdiq edilməməsi, o cümlədən Cavabdeh2 ASC-tərəfindən möhürlə təsdiq edilməməsi onun mötəbərliyini şübhə altına alan digər bir məqamdır. Həmçinin cavabdeh Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu belə bir protokolun mövcudluğu şəraitində əldə edə biləcəyi hüquqlara uyğun hərəkətlər etməmiş, icra şöbəsinin sorğularına cavab məktublarında qətnamə üzrə məbləği tam olaraq tələb etmiş, əmlakın əldə edilməsi barədə məlumat təqdim etməmiş və əmlakın əldə edilməməsinin yaratdığı hüququ nəticələrə uyğun olaraq icra şöbəsinin "İcra haqqında" Azərbaycan respublikası Qanununun 53.3-cü maddəsinə əsasən qəbul etdiyi qərardan qanunla müəyyən edilmiş müddətdə məhkəməyə şikayət verməmiş və qərara etiraz bildirməmişdir. Bununla da ləğvedici “hərracın yekunları barədə” protokolun surətinin həqiqi sənədlə müşayiət edildiyinə dair özü belə əminlik ifadə edə bilməmişdir. MPM 89-cu maddəsində göstərilmişdir ki, yazili sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir. Yuxarıda da qeyd edildiyi kimi, Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən “hərracın yekunları barədə” protokol olaraq təqdim edilmiş sənəd orjinal olmamış və ya qanunla müəyyən edilmiş qaydada surəti təsdiq edilməmişdir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən təqdim edilmiş “hərracın yekunları barədə” protokolun fotosurətinin hüquqlar yarada və hüquqlara xitam verə biləcək xüsusiyyətlərə malik olmaması nəzərə alınmadan məhkəmə belə bir protokolun olmasına dair faktiki olaraq mülahizə irəli sürmüşdür. Protokolun mövcudluğunu ləğvedici qurum sübut edə bilməmişdir. Məhkəmə təşkil edilmiş hər iki hərrac baş tutmadıqdan sonra ipoteka predmeti olan əmlakın əldə edilməməsinə dair hərrac təşkilatının məktubunu, cavabdeh Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən icra sənədi üzrə borc məbləğinin qətnamədə göstərilən tam məbləğdə tələb etməsini (əmlak əldə edilsəydi borc məbləği əldə edilmə dəyərində azalmalı idi) və hərracın yekunları barədə sorğulara mahiyyəti üzrə cavab verməkdən yayınmasını, sübut olaraq təqdim etdiyi sənədlərin həqiqiliyinin ləğvedici tərəfindən təsdiq edilə bilinmədiyini nəzərə almamışdır. Eyni zamanda cavabdeh kreditorun ləğvedicisi icra şöbəsinin "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinə əsasən qəbul etdiyi “tələbin yönəldiliyi əmlakın tələbkar tərəfindən əldə edilməməsinə görə icra sənədinin geri qaytarılması barədə” qərarını mübahisələndirməyi faktiki olaraq əhəmiyyətli və ya əsaslı hesab etməmişdir. Cavabdeh Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu “hərracın yekunları barədə” protokolun əslini və ya qanunla müəyyən edilmiş qaydada təsdiq edilmiş surətini təqdim etmək iqtidarında olmamış, məhkəmə bu faktı nəzərə almamışdır. Məhkəmə sübut edilməmiş hallara əsasən qərar qəbul etmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayətinə qarşı etirazının iddia tələbinin etirazın dəlillərinə uyğun əsaslandırmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən iddiaçı və onun vəkili X3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat vermişdirlər. Apellyasiya baxışının iclasında iştirak edən cavabdeh Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə4 iddia tələbinə etirazın dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra - Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən və qətnamənin tam ləğvi xahiş edildiyindən məhkəmə aktının əsaslılığı və qanuniliyi tam yoxlanılmışdır. Tətbiq edilən hüquq “İpoteka haqqında” Qanun Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir(28 dekabr 2018-ci il tarixli dəyişikliyə qədər qüvvədə olan). Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır(28 dekabr 2018-ci il tarixli dəyişikliyə qədər qüvvədə olan). Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər(28 dekabr 2018-ci il tarixli dəyişikliyə qədər qüvvədə olan). Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Qərarı 2-ci bənd: “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. 3-cü bənd: İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Maddə 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Maddə 89.4. Sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir. Maddə 217.1. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi hazırki iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan sənədərdən müəyyən olunur ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrası ilə bağlı Qəbələ Rayon İcra Qrupunun 194/11 saylı, 10 aprel 2015-ci il tarixli sifarişinə əsasən "xxxx" MMC tərəfindən mübahisə predmeti olan ipoteka predmetinin hərracdan satılması proseduruna başlanılmış, ipoteka predmetinin ilkin satış qiyməti 80.000 manat olmaqla 29 may 2015-ci il tarixdə ilk hərrac keçirilmiş, lakin hərrac baş tutmamışdır. Bu səbəbdən də ipoteka predmetinin ilkin satış qiyməti 68.000 manat müəyyən edilməklə 03 iyul 2015-ci il tarixə təkrar hərrac təyin edilmiş, təkrar hərrac da baş tutmamışdır. İpoteka predmetinin hərracdan satılması zamanı qanun pozuntusuna yol verilməmiş, hər iki hərrac Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin müvafiq bəndlərinə uyğun olaraq keçirilmişdir. Yuxarıda qeyd olunan işin halları tərəflər arasında mübahisə doğurmur. İşin mübahisə doğurmayan digər halı təkrar hərracın baş tutmaması və ipoteka predmetinin "xxxx" ASC-yə təklif etməsi barədə Hərrac Mərkəzinin tərəflərə məlumat verməsidir. Tərəflər arasında mübahisə doğuran yeganə hal, ipoteka predmeti ilə bağlı Hərrac Mərkəzi və "xxxx" ASC tərəfindən hərracın nəticələri haqqında yekun protokolun (alğısatqı müqaviləsinin) imzalanmasıdır. Belə ki, cavabdehin nümayəndəsinin Rayon Məhkəməsinə "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 08 iyul 2015-ci il tarixli məktubun fotosurətini və 30 iyul 2015ci il tarixli, Y-299 nömrəli hərracın nəticələri haqqında yekun protokolun fotosurətini (əksər məlumatlar oxunmur) təqdim edərək, bildirmişdir ki, mübahisəli fərdi yaşayış evinin təkrar hərracdan satışı baş tutmadığına görə, Bank evin alınması barədə təklifi qəbul etmiş və bu barədə yekun protokol imzalanmışdır. Məhkəmə hesab edir ki, cavabdehin nümayəndəsinin təqdim etdiyi həmin sənədlərin həqiqiliyinə əsaslı şübhələr olduğuna görə, bu sənədlər mötəbər sübut kimi qəbul edilməməlidir. Belə ki, Məhkəmə qeyd edir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Həm də nəzərə alınmalıdır ki, iş üçün əhəmiyyət kəsb edən sübutların qiymətləndirilməsi iş üzrə toplanmış sübutetmə materialının qanunun tələbinə uyğunluğunun, tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məzmunu işin faktiki hallarına uyğun olmayan məlumatlardan təşkil edilən sübutlar əsasında çıxarılmış qətnamə isə əsaslı hesab edilə bilməz. Hazırki mülki işin apellyasiya instansiyası məhkəməsində baxılması zamanı Məhkəmə tərəfindən cavabdehin nümayəndəsinə 30 iyul 2015-ci il tarixli, Y-299 nömrəli hərracın nəticələri haqqında yekun protokolun əslinin təqdim edilməsi təklif edilmiş, lakin nümayəndə həmin sənədin əslini məhkəməyə təqdim etməmiş və bunu sənədin əslinin tapılmaması ilə izah etmişdir. Bununla bağlı Məhkəmə bildirir ki, "xxxx" ASC lizenziya əsasında preşəkar formada fəaliyyət göstərən kredit təşkilatı olduğu üçün bütün maliyyə və digər bank sənədləri, o cümlədən hərracdan alınmış və balansa götürülümüş daşınmaz əmlaklarla bağlı sənədlər onun arxivində saxlanılmalıdır və saxlanılır. Bu səbəbdən hazırda bu kimi sənədlərin əslinin tapılmaması barədə nümayəndənin bildirdikləri inandırıcı görünmür. Nümayəndənin təqdim etdiyi həmin sənədlərin həqiqiliyinin şübhə doğurduğu digər hal isə işdə olan digər sənədlər və mübahisəli ipoteka predmetinin balansa götürülməməsi barədə cavabdehin Cavabdeh1nə ünvanlandığı məktubudur. Belə ki, X4 rayon icra qrupuna və "xxxx" ASC-yə ünvanlandığı 2389 nömrəli, 05 oktyabr 2015-ci il tarixli məktubda göstərilir ki, mübahisəli fərdi yaşayş evinin harracdan satışı baş tutmamışdır. Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1nə ünvanlanladığı 24 iyun 2021-ci il tarixli məktubunda bildirir ki, borcun yönəldildiyi və İddiaçı məxsus ipoteka predmeti olan mübahisəli fərdi yaşayış evinin Bankın balansında olması haqqında məlumat aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, "xxxx" ASC fərdi yaşayış evinin qəbulu ilə bağlı Hərrac Mərkəzinin təklifini 2015-ci ildə qəbul edərək, bununla bağlı yekun protokol imzaladığını iddia etsə də, o, keçən müddət ərzində həmin danışmaz əmlakı balansa götürməmiş, ev üzərində mülkiyyət hüqunu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmamışdır. Bu baxımdan Məhkəmə hesab edir ki, cavabdeh hazırki mülki mübahisəni öz xeyrinə həll etmək üçün məhkəməyə həqiqətə uyğun olmayan məlumatlar vermiş, sənədlər təqdim etmişdir. Bundan başqa, işə apellyasiya qaydasında baxılması zamanı cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, onun təmsil etdiyi təşkilat Hərrac Mərkəzinə qarşı “ipoteka predmetinə dair alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbi barədə” iddia ərizəsi ilə müvafiq kommersiya məhkəməsinə müraciət etmək niyyətindədir. Məhkəmə hesab edir ki, cavabdehin nümayəndəsinin izahatında bildirdikləri də bir daha təsdiq edir ki, ilkin və təkrar hərracda satışı baş tutmamış mübahisəli fərdi yaşayış evinin əldə edilməsini Hərrac Mərkəzi "xxxx" ASC-yə təklif etsə də, Bank həmin əmlakın əldə edilməsi ilə bağlı alğı-satqı müqaviləsinə bərabər tutulan hərracın yekunlarına dair protokol imzalamamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 04/2022 №-li, xx.xx.2022-ci il tarixli qərarında aşağıdakı hüquqi mövqe ifadə olunmuşdur: “ “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən ipotekaya xitam verilmənin təkrar hərracın baş tutmamış elan edilməsindən 30 təqvim günü ərzində əldə edilməməsi şərti ilə bağlı isə qeyd edilməlidir ki, bu şərt özü-özlüyündə 2 məsələyə aydınlıq gətirilməsini tələb edir: 30 günlük müddətin axımının başlanması anı və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilmə qaydası. Bununla bağlı ilk növbədə qeyd edilməlidir ki, təkrar hərracın baş tutmaması barədə elan verildikdən sonra əmlakın əldə edilməsi üçün ipoteka saxlayana ayrıca sənəd şəklində təklifin göndərilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, “İpoteka haqqında” Qanunun 43.7-1-ci və 43.8-ci maddələrinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. “İpoteka haqqında” Qanunun 43.1-ci maddəsində deyilir ki, hərracın təşkilatçısı hərraca iki nəfərdən az alıcı gəldikdə, hərracın iştirakçısı olmadıqda, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə, hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə (bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın) hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsini həmin Qanunun 43.1-ci maddəsinin məzmunu baxımından təhlil etdikdə belə qənaət hasil olur ki, təkrar hərracın baş tutmamış elan edilməsi anı hərrac təşkilatının media subyektlərində və özünün rəsmi internet saytında bununla bağlı məlumatı dərc etdirdiyi gün hesab olunur və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün nəzərdə tutulmuş 30 günlük müddət növbəti gündən (Mülki Məcəllə, Maddə 368) hesablanmağa başlayır. O da nəzərə alınmalıdır ki, ipoteka predmetini əldə etmə müddəti hüququn mahiyyətinə uyğun olaraq kəsici müddətdir. Çünki, ipoteka saxlayan təkrar hərracın baş tutmadığı elan edildikdən sonra 30 gün ərzində bu imkandan istifadə etməzsə həm predmeti əldə etmək, həm də ipoteka hüququnu itirir. Odur ki, ipoteka saxlayan müvafiq elanın dərc olunduğu vaxtdan keçən 30 gün ərzində ipoteka predmetini əldə etməlidir. Beləliklə, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən, ipoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməməsi ipotekaya xitam verilməsi üçün qanuni əsas yaradır. Bununla bağlı tərəflər arasında mübahisə olduqda ipotekaya xitam verilməsi haqqında məhkəmədə iddia qaldırıla bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilmə qaydası ilə bağlı isə ilk növbədə qeyd edilməlidir ki, qanunverici hərracdan əmlakın əldə edilməsinin əsas qaydası kimi hərracın nəticələrinə dair müqavilə qüvvəli yekun protokolun imzalanmasını nəzərdə tutmuşdur. Belə ki, Mülki Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Qanunverici “İpoteka haqqında” Qanunun 42.6-cı maddəsi ilə ipoteka predmetinin hərracdan əldə edilməsi üçün də eyni qaydanı müəyyən etmişdir. Xüsusi ilə vurğulanmalıdır ki, hərracdan ipoteka predmeti olan və yaxud olmayan əmlakın əldə edilməsi qaydası qanunvericilikdə aydın şəklildə tənzimlənsə də, “İpoteka haqqında” Qanunun ilkin redaksiyasında ipoteka saxlayanın təkrar hərracın baş tutmamış elan edilməsindən sonra ipoteka predmetini əldə etməsi qaydası müəyyən edilməmişdi. Lakin sonradan həmin qanuna edilmiş dəyişikliklə belə əldə etmə də əmlakın hərracdan əldə edilməsinə dair müəyyən edilmiş ümumi qaydaya uyğun nizamlanmışdır. Belə ki, “İpoteka haqqında” Qanuna 2021-ci il 25 may tarixli 327-VİQD nömrəli Qanunla əlavə edilmiş yeni 43.7-1-ci maddəyə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayır və bu protokol müqavilə qüvvəsinə malikdir. Göründüyü kimi, qanunverici təkrar hərrac baş tutmamış elan edildikdən sonra ipoteka predmetinin əldə etməyə müstəsna hüququ olan ipoteka saxlayanın həmin əmlakı əldə etməsi ilə bağlı xüsusi qaydasını əmlakın ümumi qaydada hərracdan əldə edilməsi ilə eyniləşdirmişdir. Qanunvericinin mövqeyinə görə ipoteka predmetinin əldə edilməsi və bununla bağlı iradə ifadəsi hər hansı bir təklif məktubu və ya onun cavablandırılması ilə deyil, məhz tərəflər arasında təkrar hərracın baş tutmamış elan edildikdən 30 təqvim günü ərzində bununla bağlı müqavilə qüvvəsinə malik protokolun imzalanması ilə şərtləndirilmişdir”. Göründüyü kimi, Qanun ipoteka predmetinin əldə edilməsi və bununla bağlı iradə ifadəsini yalnız və yalnız tərəflər arasında təkrar hərracın baş tutmamış elan edildikdən 30 təqvim günü ərzində bununla bağlı müqavilə qüvvəsinə malik protokolun imzalanması ilə şərtləndirmişdir. Lakin iş məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “İpoteka haqqında” Qanun ilə ona verilmiş hüquqlardan istifadə etməmiş, hərraca çıxarılmış ipoteka predmetini təkrar hərrac baş tutulmadığı elan edildikdən sonra 30 təqvim günü ərzində əldə edilməsi barədə müqavilə qüvvəsinə malik protokolu imzalamamışdır. Belə olan halda, Məhkəmə hesab edir ki, "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, iddiaçıya məxsus fərdi yaşayış evi(evin yerləşdiyi 0,06 ha torpaq sahəsi ilə birlikdə) üzərində olan ipotekaya xitam verilməsini tələb etməkdə haqlıdır. İddia əsaslıdır və təmin edilməlidir. Lakin işə baxmış Rayon Məhkəməsi tərəflər arasındakı münasibətlərə düzgün qiymət vermədən, işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan, iş üzrə maddi və prosesssual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, iddia əsaslıdır. Rayon Məhkəməsi iddianı əsassız hesab edərək təmin etməməklə iş üzrə səhv nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakter daşımır, dəlillər əsaslıdır. Odur ki, Məhkəmə, MPM-nin 385-ci maddəsinin tələblərini nəzərə alaraq və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Qəbələ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 aprel 2023-cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Qəbələ rayonu icra və probasiya şöbəsinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə və Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipotekaya xitam verilməsi” tələbinə dair iddiası təmin edilsin. İddiaçı mülkiyyətində olan Qəbələ şəhəri, Pastar məhəlləsi 19 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair ipotekaya (0,06 ha torpaq sahəsi ilə birlikdə)xitam verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar