Məhkəmə qərarları › İş №2(107)-786/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-786/2021

25.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-786/2021 25.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2(051)-207/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən yaşayış mənzilinə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin (hakim H.Mirzəliyev) 03 fevral 2021-ci il tarixli, 2(051)-207/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam veriməsi” tələbinə dair iddia tələbi təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Mingəçevir Şəhər Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2(051)-207/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, cavabdeh X5 Mingəçevir şəhər Y.Muradov küçəsi 39 saylı evin 27 saylı mənzildən istifadə hüququna xitam verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Mingəçevir şəhəri Yaşar Muradov küçəsi ev 39 mənzil 27 mülkiyyət hüququ əsasında onun adına 15 noyabr 2001-ci il tarixdə qeydiyyat vəsiqəsində qeydə alınmışdır. Həmin mənzili notariat qaydasında təsdiqlənmiş sənədlər əsasında mənzil sahibi mülkiyyət hüquqi şəxsin X2 bütövlükdə əvəzsiz həmin mənzili 05 noyabr 2001-ci il tarixdə bağlanmış müqavilə əsasında almışdır. İddiaçının bütövlükdə məxsus olan mülkiyyətində olan mübahisəli mənzilə mülkiyyətçinin razılığı olmadan cavabdehin köçürülməsinə, mənzilə istifadə hüququnun yaranmasına, mənzilin sahibi mülkiyyətçi İddiaçıla bağlanmış, notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmamışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırılmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununlada işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Ona görə də Mingəçevir Şəhər Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2(051)-207/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, cavabdeh X5 Mingəçevir şəhər Y.Muradov küçəsi 39 saylı evin 27 saylı mənzilindən istifadə hüququna xitam verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçı onun bacısı olmasına baxmayaraq münasibətləri pisdir. Birinci instansiya məhkəməsi hazırki iş üzrə düzgün araşdırma aparmamış, Ali Məhkəmənin qərarlarına əhəmiyyət verməmişdir. O, həmin mənzili Valeriy adlı şəxsdən almış, mülkiyyətçisi də özüdür. Cavabdehin qeyd olunan mənzilə heç bir hüququ yoxdur. Belə ki, cavabdehin həmin mənzilə istifadə hüqunun tanınması barədə Mingəçevir Şəhər Məhkəməsinin 2010-cu il tarixli qətnaməsi tam qanunsuzdur. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq, iddianın təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, onun mübahisəli mənzilə istifadə hüququnun tanınması barədə qüvvədə olan qətnamə olmasına baxmayaraq, iddiaçı onu həmin mənzilə buraxmır. O, neçə illərdir ki, iddiaçının müdaxiləsi nəticəsində həmin mənzilə daxil ola bilmir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2(051)-207/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; 29 oktyabr 2020- ci il tarixli, MİS 9 nömrəli arayışından görünür ki, Cavabdeh Y.Muradov küçəsi 39 saylı evin 27 saylı mənzilində yaşayıb. O, 1997-ci ildən hal-hazıradək bu ünvanda qeydiyyatdadır. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 15 noyabr 2001-ci il tarixdə 4807 invertar nömrə ilə verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Mingəçevir şəhər Y.Muradov küçəsi 39 saylı evin 27 saylı mənzili İddiaçı adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-241/2010 saylı, 29 aprel 2010-cu il tarixli qətnaməsindən müəyyən edilir ki, X7 və X3 Mingəçevir şəhər Y.Muradov küçəsi 39 saylı evin 27 saylı mənzilinə istifadə hüququ tanınması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21.10.2010-cu il tarixli 2(107)- 472/2010 saylı qətnaməsinin surətindən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 29 aprel 2010-cu il tarixli qətnaməsi ilə Cavabdeh və X3 Mingəçevir şəhəri Y.Muradov küçəsi 39 saylı evin 27 saylı mənzilinə istifadə hüququ tanınması barədə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2229/2019 saylı, 29.10.2019-cu il tarixli, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-316/2020 saylı, 15.01.2020-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 4259/2020 saylı, 27.07.2020-ci il tarixli qərarından görünür ki, Qəribova X4 şəhəri Y.Muradov küçəsi 39 saylı evin, 27 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında tərəflərin izahatından, eləcə də təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, Mingəçevir şəhəri Y.Muradov küçəsi 39 saylı evin 27 saylı mənzili İddiaçı mülkiyyətindədir. Sözügedən mənzildə Mingəçevir Şəhər Məhkəməsinin 29.04.2010-cu il tarixli 2(051)-241/2010 saylı qətnaməsi ilə iddiaçının istifadə hüququ tanınmış, Şəki Apellyasiya Məhkəməsinin 21.10.2010-cu il tarixli 2(107)-472/2010 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2229/2019 saylı, 29.10.2019-cu il tarixli, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-316/2020 saylı, 15.01.2020-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4259/2020 saylı, 27.07.2020-ci il tarixli qərarına əsasən Qəribova X4 şəhəri Y.Muradov küçəsi 39 saylı evin, 27 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Cavabdeh mənzildə istifadə hüququnun olmasına və mənzilə köçmək istəməsinə baxmayaraq İddiaçı tərəfindən olan müdaxilələr nəticəsində göstərilən halın gerçəkləşməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası ilk öncə onu qeyd edir ki, iş materiallarından da görünür ki, cavabdehin məhkəmə qətnaməsi ilə istifadə hüquqları yaranmışdır. Cavabdehin qətnamə çıxdıqdan sonra yəni hazırki vaxta kimi başqa daimi yaşayış yeri olması müəyyən olunmamışdır. İddiaçı tərəfindən cavabdehin sözügedən mənzildən istifadə etməsinə maneələr yaratması onun mənzildən lazımi qaydada istifadə edə bilməməsinə gətirib çıxarmışdır. Cavabdehin qanunla tanınan hüquqları və mənafeyi nəzərə alınaraq onun mənzildən istifadə hüququna heç bir kompensasiya verilmədən xitam verilməsi qanunsuz və əsassızdır. Belə ki, Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, kompensasiya institutu yaşayış sahəsindən istifadənin elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Kollegiya tərəfindən dəfələrlə təklif olunmasına baxmayaraq iddiaçı kompensasiya verməkdən israrlı şəkildə imtina etmiş, bunu öz üstün mülkiyyət hüququ ilə əsaslandırmağa çalışmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehə kompensasiya vermədən istifadə hüququna xitam verilməsi məhkəmə tərəfindən qəbul edilməzdir Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas yoxdur. Birincisi ona görə ki, işin faktiki hallarından göründüyü kimi Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-241/2010 saylı, 29 aprel 2010-cu il tarixli qətnaməsinə əsasən X7 və X3 Mingəçevir şəhər Y.Muradov küçəsi 39 saylı evin 27 saylı mənzilinə istifadə hüququ tanınması qət edilmiş, ikincisi, iddiaçı cavabdehə hər hansı kompensasiya ödəməkdən israrlı şəkildə imtina etmişdir. Üçüncüsü, kollegiya qeyd edir ki, cavabdehin istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdığı halda mümkündür. Belə bir halın olması isə iş materialları ilə sübut olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2(051)-207/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar