Məhkəmə qərarları › İş №2(107)-789/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-789/2025

28.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-789/2025 28.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “miras əmlakda payının müəyyən edilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə qəbul edilmiş Göyçay Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli e-2(046)-1586/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) apellyasiya qaydasında yazılı icraatda baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı 30 may 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər X1, Cavabdeh2 və Cavabdeh3 qarşı (Maraqlı şəxs1 Camal qızı və digərləri maraqlı şəxs qismində göstərilməklə) “miras əmlakda payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək, “xx.xx.2006-cı il tarixdə vəfat etmiş X2 miras qalmış Göyçay şəhəri, Əli Kərim küçəsi, ev 102 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 0,1096 hektar torpaq sahəsinin və 196,1 kv.metr fərdi yaşayış evinin 2/5 hissəsinə münasibətdə İddiaçı 2/27 hissədə payının tanınması” barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli e-2(046)-1586/2025 nömrəli qərardadı ilə İddiaçı həmin “miras əmlakda payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi “İddiaçı iddia ərizəsinin forma və məzmununa riayət etməmişdir” əsası ilə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə istinad olunmaqla, həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən geri qaytarılmışdır (hakim İbrahim Fəttahov). Həmin qərardaddan narazı qalan İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə qərardaddan şikayət verərək, “miras əmlakda payının müəyyən edilməsi” tələbi barədə iddia ərizəsinin geri qaytarılması ilə əlaqədar qəbul olunmuş Göyçay Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli e-2(046)-1586/2025 nömrəli qərardadının ləğv edilməsi və iddia ərizəsinin məhkəmə icraatının mümkün hesab edilərək, iş üzrə məhkəmə hazırlıq iclasının təyin edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin e-2(046)-1586/2025 nömrəli iş üzrə qəbul edilmiş 23 iyun 2025-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş həmin şikayət təmin edilməmiş və Göyçay Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli 2(046)-1586/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılaraq, şikayət Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 269.3-cü maddəsinin tələblərinə əsasən işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələblərinə əsasən, qərardadan verilmiş şikayətə - qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır (maddə 269.1), şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir (maddə 269.2) və əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403- 1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir (maddə 269.3). Həmin Məcəllənin 397.1-ci maddəsinə əsasən, Mülki-Prosessual Məcəllənin 269.3cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərinə uyğun olaraq Göyçay Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli e-2(046)-1586/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxılmasını mümkün saymışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, aşağıdakıları etmək hüququ vardır: - məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (maddə 398.0.1); qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək (maddə 398.0.2); qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək (maddə 398.0.3); qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək (maddə 398.0.4). Məhkəmə kollegiyası, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, Göyçay Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli e-2(046)-1586/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilməli və işin yuxarıda qeyd edilən konkret halları və aşağıda təsvir olunanlara əsasən İddiaçı “miras əmlakda payının müəyyən edilməsi” tələbi barədə iddia ərizəsinin geri qaytarılmasına dair qəbul edilmiş Göyçay Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli e-2(046)-1586/2025 nömrəli qərardadı tam ləğv edilərək, İddiaçı “miras əmlakda payının müəyyən edilməsi” tələbi barədə iddia ərizəsinin icraata qəbulu məsələsinin birinci instansiya məhkəməsində yenidən müzakirəsi məqsədilə iş materialları Göyçay Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Göyçay Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli e-2(046)-1586/2025 nömrəli qərardadında İddiaçı “miras əmlakda payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə istinad olunmaqla, həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən geri qaytarılması onunla əsaslandırılmışdır ki, “İddiaçı, iddia ərizəsinin forma və məzmununda riayət etməmişdir. Belə ki, iddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində Azərbaycan Respulikası MPM-nin 149-cu maddəsində nəzərdə tutulmuş, iddia ərizəsinin forma və məzmununu ehtiva edən tələblərə əməl etmədən, yəni ərizə elektron qaydada məhkəməyə təqdim edilməsinə baxmayaraq, iddia ərizəsində cavabdehlərin adlarını, soyadlarını, ata adlarını, şəxsiyyət vəsiqəsinin seriya nömrəsini, ünvanlarını, elektron poçt ünvanlarını, mobil telefon nömrələrini qeyd etməmişdir”. Lakin, 30 may 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə təqdim edilmiş həmin iddia ərizəsinin Giriş hissəsində, yəni “Tərəflər” bölməsində iddiaçının, cavabdehlərin və maraqlı şəxs qismində qeyd olunmuş digər proses iştirakçılarının (iddia icraatında “maraqlı şəxs” qismində proses iştirakçısı nəzərdə tutulmamışdır. İddia icraatında mübahisə predmeti barədə müstəqil tələb “irəli sürən” və yaxud “irəli sürməyən” 3-cü şəxslər proses iştirakçısı ola bilərlər) ünvanları göstərilmişdir və həmin proses iştirakçılarının bəzilərinin telefon nömrələrinin və “e-poçt” ünvanlarının göstərilməməsi isə iddia ərizəsinin qaytarılması üçün əsas ola biləcək nöqsanlar deyildir. Çünki, qeyd olunan məlumatların iddiaçıya məlum olmaması və ya iddiaçının bu məlumatları əldə etmək imkanının olmaması mümkündür. Bununla belə, məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, iddia ərizəsinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin tələblərinə, o cümlədən də 149- 150-ci maddələrinin tələblərinə uyğun tərtib edilərək məhkəməyə təqdim olunması iddiaçının vəzifəsidir və iddia ərizəsində Mülki-Prosessual Məcəllədə nəzərdə tutulan tələblərdən (qaydalardan) hər hansı birinə riayət edilməməsi - mübahisənin məhkəmədə baxılmasını mümkünsüz edir. Çünki, iddia ərizəsinin tərtibi və məhkəməyə təqdim olunması ilə əlaqədar Mülki-Prosessual Məcəllədə müəyyən edilmiş tələblərin müvafiq qaydada yerinə yetirilməməsi - gələcəkdə hazırkı mübahisəni mahiyyəti üzrə həll edəcək məhkəmə aktının qanuniliyini və əsaslılığını şübhə altına ala biləcəyindən, iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən Mülki-Prosessual Məcəllənin 149-150-ci maddələrinin müvafiq tələblərinin lazımi qaydada yerinə yetirilməsi - iddiaçının maraq və mənafeyinə uyğun tələblərdir. Həmçinin, həmin tələblər - qanuni və icrası mümkün olan tələblərdir və həmin tələblərdən hər hansı birinin yerinə yetirilməməsi və yaxud, mübahisə yaradacaq dərəcədə düzgün yerinə yetirilməməsi - prosessual qanunvericiliyin tələblərinin pozulmasıdır. Ona görə də, iddia ərizəsinin verilməsinin və icraata qəbul edilməsinin prosessual qaydalarını müəyyən edən Mülki-Prosessual Məcəllənin aşağıda sadalanan tələbləri - iddiaçı tərəfindən müvafiq qanunvericilik və prosessual normalarda nəzərdə tutulan qaydada yerinə yetirilməlidir: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə görə, iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır və iddia ərizəsində - ərizənin verildiyi məhkəmənin adı; İddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); İddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; Müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; və ərizəyə əlavə edilən sənədlərin siyahısı - göstərilməlidir. Həmin Məcəllənin 150-ci maddəsinə əsasən, iddia ərizəsinə - cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla); dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla); iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri; müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd - əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin Mülki-Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsində "bütün fiziki və hüquqi şəxslərin özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik olmaları" təsbit olunmuşdur və həmin Məcəllədə qanunla müəyyən edilmiş qaydada verilməyən iddia ərizələrinin qaytarılması institutu nəzərdə tutulmuşdur. Yəni, Mülki-Prosessual Məcəllənin 151.1-ci maddəsinin tələblərinə görə, iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Eyni zamanda, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Göründüyü kimi, birinci instansiya məhkəməsinin hakimi - iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsində Mülki-Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilibedilməməsini, o cümlədən də iddianın predmeti və qiymətinin, iddiaçının və ya ərizəçinin tələblərinin, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halların, onları təsdiq edən sübutların siyahısının, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələbin (maddə 149.2.3) göstərilib-göstərilməməsini yoxlamalıdır. Hətta, hakim zərurət olduğu halda, iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə də baxa və Mülki-Prosessual Məcəllənin 149-150-ci maddələrinin müvafiq tələblərinin lazımi qaydada yerinə yetirilib-yetirilməməsini tərəflərin iştirakı ilə yoxlaya bilər. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında (maddə 402.2.1), kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında (maddə 402.2.2), kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə (maddə 402.2.3) və iş üzrə icraata xitam verilməsi barədə (maddə 402.2.4) qərardadlarından kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263-264, 395-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Göyçay Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli e-2(046)-1586/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. İddiaçı “miras əmlakda payının müəyyən edilməsi” tələbi barədə iddia ərizəsinin geri qaytarılmasına dair qəbul edilmiş Göyçay Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli e- 2(046)-1586/2025 nömrəli qərardadı tam ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “miras əmlakda payının müəyyən edilməsi” tələbi barədə iddia ərizəsinin icraata qəbulu məsələsinin birinci instansiya məhkəməsində yenidən müzakirəsi məqsədilə e-2(046)-1586/2025 nömrəli mülki iş materialları Göyçay Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd elan olunduğu andan qаnuni qüvvəyə minir və qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar