Məhkəmə qərarları › İş №2(107)-794/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-794/2024

25.06.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-794/2024 25.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, X2 qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh qarşı “cavabdehin evdən çıxarılması” tələbinə dair mülki işi üzrə Yevlax Rayon Məhkəməsinin 22 fevral 2024-ci il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları xx.xx.2017-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqavilə ilə müəyyən olunur ki, satıcı Cavabdeh(cavabdeh) Yevlax rayonu Yuxarı Qarxun kəndində yerləşən ümumi sahəsi 258 kv.m olan fərdi yaşayış evini 8.000 manata və həmin kənddə yerləşən 0,33 ha torpaq sahəsini 3.000 manata alıcı İddiaçı(iddiaçı) satmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin çıxarışı ilə müəyyən olunur ki, Yevlax rayonu, Yuxarı Qarxun kəndində yerləşən 0,33 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 258 kv.m olan fərdi yaşayış evi mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlak dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Yevlax rayonu, Yuxarı Qarxun kəndində yerləşən 0.33 ha torpaq sahəsi və ümumi sahəsi 258 kv.m olan fərdi yaşayış evindən cavabdehin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 13 sentyabr 2019-cu il tarixli çıxarışa əsasən onun mülkiyyətində olan Yevlax rayonu, Yuxarı Qarxun kəndində yerləşən 0,33 ha torpaq sahəsi və fərdi yaşayış evi cavabdeh tərəfindən zəbt edilmişdir. Dəfələrlə tələb etməyinə baxmayaraq cavabdeh ona məxsus evdən çıxmır. Yevlax Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(039)-19/2024 nömrəli iş üzrə qəbul etdiyi 22 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim R.Əlizadə) iddia təmin edilmiş, 13 sentyabr 2019-cu il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan Yevlax rayonu, Yuxarı Qarxun kəndində yerləşən 0,33 ha torpaq sahəsi və ümumi sahəsi 258 kv.m olan fərdi yaşayış evindən Cavabdeh çıxarılması qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Cavabdeh həmin evdə qanuni əsaslar olmadan yaşayır. Rayon Məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13.1, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdehin tək yaşayış yeri hazırda iddiaçının mübahisələndirdiyi həmin mənzildir ki, cavabdehin və ailə üzvlərinin həmin mənzildən başqa yaşayış yeri yoxdur. Həmin mənzildən çıxarılacağı təqdirdə sığınacağı heç bir yer yoxdur. Məhkəmə tərəfindən qəbul edilmiş qətnamə ilə cavabdehin hüquqları ciddi şəkildə pozulmuşdur. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. İddiaçı apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən və qətnamənin tam ləğvi xahiş edildiyindən məhkəmə aktının əsaslılığı və qanuniliyi tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, hazırki işin mübahisəsiz halları ondan ibarətdir ki, cavabdeh Yevlax rayonu, Yuxarı Qarxun kəndində yerləşən ümumi sahəsi 258 kv.m olan fərdi yaşayış evini 8.000 manata və həmin kənddə yerləşən 0,33 ha torpaq sahəsini 3.000 manata alğı-satqı müqaviləsinə əsasən iddiaçıya satmışdır. Hazırki iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Məhkəmə qeyd edir ki, yalnız bu üç şərtin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər, hazırkı işdə də həmin şərtlər mövcuddur. Çünki mübahisəli evin iddiaçının mülkiyyətində olması və həmin evin cavabdehin sahibliyində olması işin mübahisəsiz hallarıdır. Həmin sahiblik isə qanunsuzdur. Belə ki, cavabdeh həmin evi və evin yerləşdiyi torpaq sahəsini alğı-satqı müqaviləsi üzrə iddiaçıya satmış və həmin müqavilə əsasında mübahisəli evlə bağlı cavabdehin adına olan daşınmaz əmlakın dövlət reyestrindəki qeyd ləğv edilmişdir. Mülki Məcəllənin 203.1-ci maddəsində isə təsbit olunmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Bu baxımdan Məhkəmə hesab edir ki, mübahisəli evlə bağlı cavabdehin mülkiyyət hüququ itirildiyinə görə onun həmin evə dair hər hansı əmlak hüquqları mövcud deyildir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin iddianın təmin edilməsi barədə iş üzrə gəldiyi nəticə əsaslı, cavabdehin apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavandeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Yevlax Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 fevral 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar