Məhkəmə qərarları › İş №2(107)-796/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-796/2023

23.08.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-796/2023 23.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı fərdi yaşayış evinə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə (Açar sözlər: istifadə hüququnun tanınması, evə köçürülmə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və X5 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, iddiaçılar İddiaçı2, İddiaçı1, onların nümayəndəsi və vəkili Vəkil1, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı fərdi yaşayış evinə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 5 aprel 2023-cü il tarixli 2(014)-133/2023 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Torpağın Mülkiyyətə verilməsinə dair JN-061A, (kod ********) saylı şəhadətnaməyə əsasən Ağdaş rayon Şəkili kəndi ərazisində yerləşən 0.31 hektar torpaq sahəsi X7, Abdullayeva Hicran Əlmüslüm qızı və Cavabdeh1 mülkiyyətindədir. X8 xx.xx.2005-ci ildə ölmüşdür. İddiaçı2 X2 8 uşağından biridir. O, xx.xx.2009-cu ildə İddiaçı1 ilə ailə quraraq sonuncunun yaşadığı Mingəçevir şəhərinə yaşamaq üçün köçmüşdür. Cavabdeh3 2021-ci ildə ölmüş mərhum əri X11 və digər ailə üzvləri ilə birlikdə mübahisəli həyətyanı torpaq sahəsində yerləşən X4 məxsus evdə yaşamış və 2019-2021-ci illər ərzində özlərinin həmin həyətyanı sahədə inşa etdikləri evə yaşamaq üçün köçmüşdür. Həmin mübahisəli ünvanda 2009-cu ildən sonrakı dövr ərzində Cavabdeh3 və onun ailə üzvlərindən başqa heç kəs yaşamamışdır.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evinə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 və İddiaçı2 azyaşlı xx.xx.2008-ci il təvəllüdlü Ağasəlim və xx.xx.2010-cu il təvəllüdlü Pünhan adlı övladları ilə birlikdə cavabdehlərin mülkiyyətində olan Ağdaş rayonu Şəkili kəndində yerləşən 0.31 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə istifadə hüququ tanınması və həmin mənzilə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasına iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Cavabdeh3 da cavabdeh kimi cəlb olunmasını, onların yəni, İddiaçı1 və İddiaçı2 azyaşlı xx.xx.2008-ci il təvəllüdlü Ağasəlim və xx.xx.2010-cu il təvəllüdlü Pünhan adlı övladları ilə birlikdə cavabdehlərin mülkiyyətində olan Ağdaş rayonu Şəkili kəndində yerləşən 0.31 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə istifadə hüququ tanınması və həmin mənzilə köçürülməkləri və sözügedən torpaq sahəsində yerləşən evə köçürülməklərinə yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı2 iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı2 1965-ci ildə Ağdaş rayonu Şəkili kəndində anadan olmuşdur. xx.xx.2009-cu ildə İddiaçı1 ilə ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü Ağasəlim və xx.xx.2010-cu il təvəllüdlü Pünhan adlı iki övladları olmuşdur. Bir müddət Ağdaş rayon Şəkili kəndində yaşasalar da hazırda sözügedən kənddə yerləşən ata mülklərindən istifadə edə bilmirlər. Onların və azyaşlı övladlarının həmin evdə yaşamaqları və istifadə hüquqları olması ilə bağlı heç bir problem olmasa da sərbəst olaraq evdən istifadə edə bilmirlər. O sözügedən evdən və torpaq sahəsindən uşaqlığından istifadə etmiş və orada yaşamışdır. Onun və ailə üzvlərinin başqa yaşayış yeri yoxdur. Ağdaş rayon Şəkili kəndində yerləşən JN-061A (KOD ********) saylı şəhadətnamə ilə olan torpaq sahəsində olan evdə onların istifadə hüquqları vardır. O belə düşünür ki, cavabdeh də buna mane ola bilməz. Çünki onların ata mülküdür və bununla bağlı heç vaxt mübahisə olmamışdır. Övladı ilə birlikdə uzun illərdir yaşadıqları mənzildən ayrı düşməkləri onlara problemlər yaradır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan əlavə bildirmək istəyir ki, bacısının şəhadətnamədə olan soyadı ilə hazırki soyadının fərqli olması onun ailə qurması ilə əlaqədardır. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 hər ikisi iddia ərizəsinin məzmununa uyğun izahat vermişlər. Onlar hər ikisi mübahisəli həyətdə yerləşən Cavabdeh3 yaşadığı təzə tikili olan evə köçməklə həmin evə istifadə hüquqlarının tanınmasını xahiş etmişlər. İddiaçıların vəkili Vəkil1 məhkəməyə ərizə verərək göstərmişdir ki, sözügedən torpaq sahəsinin mülkiyyət sənədi var və 1975-ci ildə tikilmiş ev demək olar sökülmüş və yalnız daş konstruksiyalar qalmışdır. Ona görə sözügedən torpaq sahəsində istifadəyə yararlı bir fərdi yaşayış evi var və iddiaçılar həmin torpaq sahəsinə və orada olan 2021-ci ildə inşa olunmuş, gözlənilən mülkiyyət hüquqqu üzrə cavabdehlərə məxsus evə köçmək istəyirlər. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul edərək bildirmişdir ki, Ağdaş rayon Şəkili kəndində yerləşən torpaq sahəsi ona, oğluna və rəhmətlik anasına məxsusdur. Həmin torpaq sahəsində iki ev mövcuddur: biri köhnə, biri təzə. Qardaşları, bacıları və o həmin evdə dünyaya gəlmiş, həmin evdən gəlin köçmüşlərdir. Anası ölənə qədər İlham ailəsi ilə orda yaşamış, övladları o evdə dünyaya gəlmişdirlər. Qeys iki dəfə ailə həyatı qurmuşdur. Qardaşı xəstə olduğuna görə İlhamın həmin torpaq sahəsində ev tikməyinə icazə vermişdir. Həmin ev Qeyisinin evinin satışından əldə edilmiş pul vəsaiti hesabına tikilmişdir. Ona görə də hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Cavabdeh1 xx.xx.2023-cü il tarixli məhkəmə iclasında izahatında və təqdim etdiyi ərizədə bildirmişdir ki, iddia tələbini qəbul edir, iddiaçıların onlara məxsus Ağdaş rayon Şəkili kəndində yerləşən 0.31 ha torpaq sahəsində onlar tərəfindən inşa edilmiş fərdi yaşayış evinə köçürülməsinə etiraz etmir və onların həmin torpaq sahəsinə və orada yerləşən evə köçürülmələrini xahiş etmişdir. Cavabdeh3 məhkəmə iclasında iddia tələbini rədd edərək bildirmişdir ki, 1986-cı ildə o evə gəlin köçmüşdür. Bu günə kimi orada köhnə evdə yaşamışdır. 2 ildir ki təzə evə köçmüşdür. Üç övladı olmuşdur. 2019-cu ildən təzə evə fundament qoyub tikmişlər. Ərinin yaxşı imkanı, torpaqları olmuş, həmin torpaqları sataraq ailəsinə baxaraq öz pulu ilə də evi tikdirmişdir. Tikdirdikləri ev bir otaqdan, hamam və sanitar qovşaqdan ibarətdir. Evi tikdirəndə Qeyis onlara köməklik etməmişdir. Qeyis 2007-ci ildə boşanmışdır, 2006-2007ci ildə orada yaşamış, sonra Mingəçevirə köçmüşdür. Həmin həyətdə iki ev var. İddiaçıların orada olan köhnə evə köçmələrinə etirazı yoxdur. İkinci tikilən evin heç bir sənədi yoxdur

5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, cavabdehin yaşadığı fərdi yaşayış evi birgə mülkiyyətində olan torpaq sahəsində yerləşsə də, o rəsmi dövlət qeydiyyatından keçməməklə özbaşına tikilidir. İddiaçılar və cavabdeh həmin evin tikintisinə çəkilən xərcin onlar tərəfindən ödənildiyini qeyd etsələr də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdirlər. Bundan başqa məhkəmə iclasında ifadə vermiş evin tikintisində iştirak etmiş şahidlərin ifadələrindən də məlum olur ki, Cavabdeh3 faktiki yaşadığı ev Məlahət və onun əri İlham tərəfindən ümumi gəlirləri hesabına inşa edilmişdir, iddiaçılar həmin fərdi yaşayış evində ümümiyyətlə yaşamamışlar.

6. Məhkəmə hesab etmişdir ki, mübahisəli yaşayış evi hazırki vəziyyətdə hüquqi statusuna görə daşınmaz əmlak hesab edilmədiyindən, iddiaçılar və cavabdehlərin həmin yaşayış evinə mülkiyyət və istifadə hüquqları yaranmadığından, həmin evin inşasında hər hansı şəkildə aidiyyətləri olmadığından, eləcə də analoji hüquq normalarının tələbləri baxımından iddiaçıların “fərdi yaşayış evinə istifadə hüququnun tanınması,mənzilə köçürülmə və s.” iddiası təmin edilə bilməz.

7. Ağdaş Rayon Məhkəməsinin 5 aprel 2023-cü il tarixli 2(014)-133/2023 nömrəli qətnaməsi ilə (hakim Nizam Əliyev) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «fərdi yaşayış evinə istifadə hüququnun tanınması, mənzilə köçürülmə və s.» tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139 və 180-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30, 68 və 69-cu maddələrinə istinad etmişdir.

9. Qətnаmədən nаrаzı qаlаn iddiaçılar İddiaçı2 və İddiaçı1 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçılar İddiaçı2 və İddiaçı1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən (JN-061A, KOD********) görünür ki, sözügedən Ağdaş rayonu Şəkili kəndində yerləşən 0,31 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi X6, Cavabdeh2 və Cavabdeh1 mülkiyyətində olmuşdur. X6 vəfat etmiş, anası vəfat edəndən sonra da İddiaçı2 həmin evdə yaşamışdır. Beləliklə o, anasına münasibətdə miras əmlakı faktiki qəbul etmiş və gələcəkdə də bu barədə iddia qaldıracaq. İddiaçı2 anasına münasibətdə mülkiyyət hüquqları tanınması qaçınılmazdır və mülkiyyətçinin hüquqları da üstün hüquq kimi nəzərə alınmalıdır. İddiaçının anasının ölümündən sonra da orada yaşamasını və mirası qəbul etməsini tərəflər hər biri etiraf edir. Bununla bərabər iddiaçıların özlərinə məxsus olan torpaq sahəsi və ev satılmaqla hazırda göstərilən yeni tikilmiş ev inşa olunmuşdur. Bununla əlaqədar məsələlər mübahisə obyekti olmadığı üçün məhkəmədə bunu təstiq edən sənədləri təqdim etmişlər. Lakin hakim Nizam Əliyev onsuz da evin kimin tərəfindən inşa olunması və ya kimin vəsaiti ilə inşa olunması məsələsinə bu işin aiddiyyatı olmamasını bildirdi və təqdim olunmuş sənədləri iddiaçılara qaytardı. Hakimin sözləri həqiqətən də ağlabatan və qanuni olsa da əməlləri qanuni və ədalətli olmadı. Çünki tam bu formada qətnamə çıxardı. Hakimin təqdim olunmuş sübutları qəbul etməyərək tam fərqli bu iş üzrə bağlılığı olmayan bir tələb əsasında işə baxmış və iddianı əsassız olaraq rədd etmişdir. Bundan əlavə iş üzrə mötəbər və işin məğzinə addiyyatı olan bütün sənədlər nəzərdən keçirilərkən görmək olar ki, Ağdaş rayonu Şəkili kəndində yerləşən 0,31 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi hazırda cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mülkiyyətindədir. Hər iki mülkiyyətçi öz mülkiyyətlərində olan torpağa və həmin torpaqda inşa olunmuş evə münasibətdə mülkiyyətçidirlər. Dəfələrlə hakim Nizam Əliyevə gözlənilən mülkiyyət hüququnun anlayışını və cavabdehlərin sözügedən evə münasibətdə evin sənədinin olmasına baxmayaraq göslənilən mülkiyyətlə cavabdehlərə aid olmasını bildirsələr də hakim işə aiddiyyatı olmayan məsələləri araşdırmışdır. İş üzrə sonradan cavabdeh kimi əlavə edilmiş Cavabdeh3 iddianın yalnız torpağa və evə köçürmələyə yaradılan maneələrin aradan qaldırılması hissədə aiddir. Çünki həmin torpağın mülkiyyətçisi olmayan və həmin evdə heç bir sərəncam və ya istifadə hüququ olamayan şəxsin mülkiyyətçilərin razılığı olmasına baxmayaraq iddiaçılara mane olması qanunsuzdur. Bü cür maneələr mövcudluğu məhkəmə iclaslarında da bildirilmiş və Cavabdeh3 iddiaçıları, hətta mülkiyyətçiləri də həmin torpaq sahəsinə və evə daxil olmağa imkan verməyəcəyini bildirmişdir. Hakim isə qətnamənin rədd olunmasını əsaslandırmadan yalnızevin Cavabdeh3 gətirdiyi şahidlərin sözlərinə əsaslanmaqla onun tərəfindən inşa olunmasını bildirmiş və 3-4 cümlə ilə qətnaməni əsaslandırmışdır. Onlar torpağın mülkiyyətçiləri olan Cavabdeh2 və Cavabdeh1 gözlənilən mülkiyyət hüququ ilə onlara məxsus olan evin kim tərəfindən inşa olunması və ya həmin evə çəkilmiş xəclə bağlı məsələni mübahisələndirməmişlər. Bununla bağlı məhkəmədə qarşılıqlı iddia da olmamışdır. Hakim torpağa və evə köçmə məsələsinin tərkibində eyni tərəfdən çıxış edən cavabdehlərin arasında olan mübahisəni araşdırmışdır. Əgər ev Cavabdeh3 tərəfindən inşa olunmuşdursa belə bu hazırki iddianın predmeti deyil və hakimin bu cür tələbdən kənara çıxmaqla araşdırma aparması qanunsuzdur.

11. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin 5 aprel 2023-cü il tarixli 2(014)- 133/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı2, İddiaçı1 və onların nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

14. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ağdaş Rayon Məhkəməsinin 5 aprel 2023-cü il tarixli 2(014)-133/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

15. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsinmülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-ci maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

17. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

18. Cavabdeh Ağdaş Rayon Məhkəməsinin 5 aprel 2023-cü il tarixli 2(014)-133/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

20. Kollegiya apellyasiya şikayətinin dəlillərinə, eyni zamanda iddia tələbinə münasibət bildirərək aşağıdakıları qeyd edir. Bu qətnamənin 1-ci bəndində göstərilənlər işin mübahisələndirilməyən hallarındandır. O cümlədən, Ağdaş rayon Dövlət Arxivində saxlanılan Ağdaş rayon Qoşaqovaq kənd Nümayəndəliyinin Şəkili kəndinə aid olan 1991-1992-1993-1994-1995-ci illərin 05 saylı təsərrüfatbaşına kitabının 293/66 saylı təsərrüfatı X3 adına olmaqla təsərrüfatında ailə başçısı-X8, oğlu-X11, qızı- Abdullayeva Hicran Əlimüslüm qızı, gəlini Cavabdeh3, nəvəsi- X17, nəvəsi- X12 olması və X3 adına 0.25 ha torpaq sahəsinin olması, ümumi sahəsi 64 kv.m olan, o cümlədən yaşayış sahəsi 48 kv.m olan evin olması göstərilmişdir. Həmin sənəddə göstərilənlər mülki işin materiallarına əlavə edilmiş digər çoxsaylı sənədlərlə təsdiq edilmişdir. Ağdaş RİHB-nın Şəkili kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 5-32/2-19/2023 saylı məktubdan məlum olur ki, Ağdaş rayon Şəkili kəndində 0.31 ha həyətyanı sahəsində iki ev vardır. Bunlardan biri 1975-ci ildə, digəri 2021-ci ildə tikilmişdir. İkinci fərdi yaşayış evi üzərində hquqular daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Cavabdeh3 hal-hazırda həmin həyətdə tək yaşayır. Ağdaş RİHB-nın Şəkili kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli 5-32/2-46/2023 saylı arayışdan məlum olur ki, 2015-2020-ci illər üzrə təsərrüfatbaşına uçot kitablarına əsasən 02 saylı kitabın 41-ci səhifəsinin 128 saylı təsərrüfatında İddiaçı2 adına olmaqla təsərrüfatında X9 olması və adına 0.30 ha torpaq sahəsinin və yaşayışa tam hazır olmayan evin olması göstərilmişdir. Həmin əmlak bir neçə il bundan əvvəl qeyri-rəsmi məlumata görə satılmışdır. İddiaçı2 həmin daşınmaz əmlakını 15.000 manata satması ilə bağlı verdiyi məlumatlar əsasında “Elektron məhkəmə informasiya sistemi”ndən əldə edilmiş məlumatlardan görünür ki, həmin daşınmaz əmlak xx.xx.2020-ci ildə satılmışdır.

21. İddiaçıların, cavabdehlərin və birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin izahatlarından belə məlum olur ki, iddiaçı X13 digər İddiaçı1 ilə 2009-cu ildə nikaha girənədək mübahisəli ünvanda yerləşən mərhum anası X4 məxsus evdə hazırki iş üzrə Cavabdeh3 və sonuncunun ailə üzvləri ilə birlikdə yaşamışdır. Həmin vaxtda mübahisəli həyətdə bir fərdi yaşayış evi mövcud olmuşdur. X13 digər İddiaçı1 ilə xx.xx.2009-cu ildə evləndikdən sonra mübahisəli evdən İddiaçı1 yaşadığı Mingəçevir şəhərinə köçmüş və Mingəçevir şəhərində yaşamağa başlamışdır. X8 xx.xx.2005-ci ildə öldüyü zaman X9, o cümlədən onun mərhum qardaşı – hazırki iş üzrə Cavabdeh3 əri X10 həmin vaxt həyətdə mövcud olan tək yaşayış evində yaşadığı, həmin evin yerləşdiyi torpaq sahəsinin hazırki iş üzrə digər cavabdehlərlə birlikdə X3 ümumibirgə mülkiyyətində olduğu, Torpağın Mülkiyyətə verilməsinə dair JN-061A, (kod ********) saylı şəhadətnamədə göstərilənlərin hazırki iş üzrə mübahisələndirilməməsi, miras açıldıqdan sonra miras qalmış evdə miras qoyan X3 vərəsələrindən X9 və X10 ailə üzvləri ilə birlikdə yaşaması, nəticədə mirası faktiki qəbul etdiyi məlum olur. Göründüyü kimi, gələcəkdə həmin daşınmaz əmlakla bağlı mübahisəli hal mövcud olmayacağı təqdirdə, iddiaçı X9 mübahisəli həyətdə olan 1975-ci ildə tikilmiş evə hüquqları mövcuddur. Lakin, həmin hüquqlar hələ rəsmi qeydiyyata alınmamışdır.

22. Hazırki iddia tələbi isə həmin həyətdə olan yeni tikilmiş, rəsmi dövlət qeydiyyatına alınmamış evə istifadə hüququnun tanınması və köçürülmə barədədir. İşdən görünür ki, həmin ev 2019-2021-ci illərdə inşa edilmişdir. Həmin vaxt X13 mübahisəli həyətdə yaşamamışdır. Evin onun satdığı daşınmaz əmlakının pulu hesabına tikildiyini iddia etsə də, həmin hal hazırki iş üzrə sübut edilməmişdir. İddiaçı apellyasiya şikayətində evin kim tərəfindən hansı pulla tikildiyinin işə aidiyyatı olmadığı bildirməklə gözlənilən mülkiyyət hüququna istinad etmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, hazırki vəziyyətdə mübahisəli torpaq sahəsinin qeydə alınmasa da, ən azı 2/3 hissəsi Abdullayeva Hicran Əlmüslüm qızı və Cavabdeh1 mülkiyyətindədir. X2 ölümündən sonra miras qalmış torpaq sahəsinin hansı hissədə hansı vərəsələr tərəfindən qəbul edilməsi hazırki mübahisənin predmeti deyildir. Əvvəlki abzasda göstərilənlər də nəzərə alındıqda, kollegiya belə qənaətə gəlir ki, iddiaçı X9 mübahisəli həyətdə 2019- 2021-ci illərdə inşa edilmiş dövlət qeydiyyatına alınmamış fərdi yaşayış evinə hər hansı gözlənilən hüququnun olmasını deməyə əsas verəcək hal mövcud deyildir.

23. Kollegiya o cümlədən qeyd edir ki, İddiaçı1 köçmək istədikləri mübahisəli həyətdə 2019-2021-ci illərdə inşa edilmiş dövlət qeydiyyatına alınmamış fərdi yaşayış evinə münasibətdə həmin evə heç bir hüququnun olmamasında iddiaçı X13 ilə eyni hüquqi vəziyyətdədir. Ona görə də, birinci instansiya məhkəməsi hazırki işə hər iki iddiaçıya münasibətdə baxmaqla iddianı rədd etməkdə haqlı olmuşdur.

24. Hazırki iş üzrə cavabdehlərdən Cavabdeh1 və Cavabdeh2 iddianı qəbul etmələri ilk baxışdan tərəflər arasında mübahisə olmaması və işin məhkəmədə baxılmalı olmaması görünütüsünü yaradır. Əslində isə, cavabdehlər özlərinə aid ümumi mülkiyyətdə olan torpaq sahəsində mövcud olmuş miras qoyan X1 miras qalmış (Torpağın Mülkiyyətə verilməsinə dair JN-061A, (kod ********) saylı şəhadətnamədə göstərilən) evə deyil, digər cavabdehin istifadəsində olan evdən istifadə hüququ və oraya köçməklə bağlı iddianı qəbul edirlər. Bu isə tərəflərin arasında mübahisənin olmasını göstərir.

25. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağdaş Rayon Məhkəməsinin 5 aprel 2023-cü il tarixli 2(014)-133/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:

İddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 5 aprel 2023-cü il tarixli 2(014)-133/2023 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar