Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-799/2025 11.09.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə, apellyasiya şikayəti verimiş Cavabdeh iştirakı ilə, İddiaçı (VÖEN: **********) Cavabdeh (VÖEN: **********) qarşı “tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli e-2(063)-51/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı 21 iyun 2024-cü ildə Cavabdeh qarşı “tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Ucar Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2014-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi idarəsi tərəfindən Seriya RX ******* nömrəli Daşınmaz Əmlakın Dövlət restrindən çıxarışla iddiaçıya məxsus olan torpaq sahəsinin 4 x 12 metr hissəsində Cavabdeh tərəfindən tikilmiş və onun istifadəsində olan tikilinin onun öz hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə salınması və qanunsuz istifadə etdiyi hissədən məcburi çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin iddia ərizəsinə dair mülki iş üzrə birinci instansiya məhkəməsində aparılan icraat zamanı qəbul edilmiş Ucar Rayon Məhkəməsinin (hakim Xəyal Bədəlov) 17 mart 2025-ci il tarixli e-2(063)-51/2025 nömrəli qətnaməsində qət olunmuşdur ki: - “İddia təmin edilsin. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,3923 ha torpaq sahəsinin hüdudları daxilində Cavabdeh tərəfindən 4x12 m ölçüdə inşa edilmiş tikili cavabdehin hesabına sökülsün, cavabdeh həmin sahədən çıxarılsın və torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh tutularaq, Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. Cavabdeh İddiaçı xeyrinə sonuncu tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ucar filialındakı hesablaşma hesabına keçirilmiş iş üzrə aparılmış torpaq sahələrinin inventarlaşdırılmasına dair 95 (doxsan beş) manat ekspertiza xərci tutulsun. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.” Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Ucar Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli e-2(063)-51/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Ucar Rаyоn Məhkəməsinin xx.xx.2025-ci il tаriхli e-2(063)-51/2025 sаylı qətnаməsinin ləğv edilməsi və iddia tələbinin təmin еdilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə 11 sentyabr 2025-ci il tarixinə təyin edilmiş məhkəmə iclasına İddiaçı nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə və apellyasiya şikayəti vermiş Cavabdeh gəlmişlər. Məhkəmə iclasında apellyasiya şikayətini vermiş Cavabdeh Ucar Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli e-2(063)-51/2025 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Ucar Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli e-2(063)-51/2025 nömrəli qətnаməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Ucar Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli e-2(063)-51/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası, proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Ucar Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli e-2(063)-51/2025 nömrəli qətnaməsi ləğv edilməli və İddiaçı Cavabdeh qarşı “tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma” tələbi barədə iddia ərizəsi üzrə mövcud mübahisə kommersiya mübahisəsi olduğuna görə iş materialları məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materialları və "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumat bazasında olan rəsmi məlumatlarla müəyyən olunur ki, hazırkı iş üzrə İddiaçı (VÖEN: ********** - 01 oktyabr 2009-cu ildə qeydiyyata alınaraq verilmişdir) və Cavabdeh (VÖEN: ********** - 17 dekabr 2004-cü ildə qeydiyyata alınaraq verilmişdir) hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdir və onların arasında yaranmış mübahisə 2014-cü ildən iddiaçının mülkiyyətində olan və sahibkarlıq fəaliyyəti üçün nəzərdə tutulan 0,3923 ha torpaq sahəsinin hüdudları daxilində cavabdeh tərəfindən inşa edilərək sahibkarlıq fəaliyyəti üzrə istifadə edilən (cavabdehin deməsinə görə “dönərxana” və “qəssabxana” kimi istifadə olunur) 4x12 metr ölçüdə qeyri-yaşayış tikilisinin sökülməsi və torpaq sahəsinin boşaldılması ilə əlaqədardır. Yəni, İddiaçı (VÖEN: **********) Cavabdeh (VÖEN: **********) qarşı vermiş olduğu “tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma” tələbi barədə iddia ərizəsi üzrə mübahisə - hər iki tərəfin sahibkarlıq fəaliyyəti üzrə yaranmışdır və bu mübahisə tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan kommersiya mübahisəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsindən görünür ki, hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir; Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən, hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Həmin Məcəllənin 16-cı maddəsinin tələblərinə görə vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq - vergi ödəyicisinin vəzifəsi kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllədə kommersiya mübahisələri dedikdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 12-ci bəndində məhkəmələrə izah olunur ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 14-cü bəndində isə məhkəmələrə izah olunur ki, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Həmin Qərarın 28-ci bəndində məhkəmələrə izah edilir ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-in (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət(lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən Cədvəlin "Hüquq münasibətinin xarakteri" bölməsində qeyd olunur ki, iddia icraatı qaydasında baxılan işlərdə mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq tələb (və ya birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrıayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud tərəflərin onların bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldikdə işə kommersiya məhkəmələri baxır. Göründüyü kimi, yuxarıda qeyd olunanlarla müəyyən olunur ki, hər ikisi də hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan tərəflərin arasında olan hazırkı mübahisəyə, yəni İddiaçı Cavabdeh qarşı “tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma” tələbi barədə iddia ərizəsinə dair kommersiya xarakterli mübahisəyə məhkəmə aidiyyəti qaydaları pozulmaqla Ucar Rayon Məhkəməsində baxılmış və iş üzrə şikayət olunan məlum 17 mart 2025-ci il tarixli e-2(063)-51/2025 nömrəli məhkəmə qətnaməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2-ci maddəsinin tələblərinə görə, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır (maddə 2.1) və mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir (maddə 2.2). Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Beləliklə də, İddiaçı (VÖEN: **********) Cavabdeh (VÖEN: **********) qarşı “tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma” tələbi barədə iddia ərizəsinə Ucar Rayon Məhkəməsində məhkəmə aidiyyəti qaydaları pozulmaqla baxılaraq, məhkəmə tərəfindən məhkəmə aidiyyəti qaydaları pozulmaqla 17 mart 2025-ci il tarixli e-2(063)-51/2025 nömrəli qətnamə qəbul edildiyindən, aşağıda istinad olunan qanunvericilik normalarına əsasən həmin qətnamə ləğv edilməli və hazırkı mübahisə üzrə iş materialları məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq baxılması üçün müvafiq birinci instansiya məhkəməsinə, yəni Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 385.1 və 385.1.1-ci maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi - məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2 və 387.2.9-cu maddələrinə əsasən, işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa - şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 402.2 və 402.2.5-ci maddələrinə əsasən, Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının Mülki-Prosessual Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından - kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 372, 382, 384-390, 399, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ucar Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli e-2(063)-51/2025 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı (VÖEN: **********) Cavabdeh (VÖEN: **********) qarşı “tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(107)-799/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-799/2025
11.09.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver