Məhkəmə qərarları › İş №2(107)-8/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-8/2023

15.11.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-8/2023 15.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma və cavabdehlərə torpaq sahəsinə yenidən daxil olmağa qadağa edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X2 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma və cavabdehlərə torpaq sahəsinə yenidən daxil olmağa qadağa edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli 2(046)-89/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Göyçay rayonu Məlikkənd kəndində yerləşən 5.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* saylı çıxarış əsasında İddiaçı xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinin 0.35 ha hissəsinin Cavabdeh2, 0.12 ha hissəsinin Cavabdeh3 və 0.007 ha hissəsinin Cavabdeh1 tərəfindən zəbt edərək istifadə edildiyi iddia edilir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan 5.28 hektar torpaq sahəsinin 0.35 ha torpaq sahəsindən Cavabdeh2, 0.12 ha torpaq sahəsindən Cavabdeh3 və 0.007 ha torpaq sahəsindən Cavabdeh1 çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İş üzrə İddiaçı nümayəndəsi (atası) Nümayəndə iddianı müdafiə edərək göstərmişdir ki, Göyçay rayonunun Məlikkənd kəndində yerləşən 5.28 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Həmin torpaq sahəsinə mülkiyyət hüququ dövlət reyestrinin ******* saylı çıxarışı ilə təsdiq edilir. Çıxarış üzrə tam mülkiyyətçi olduqdan sonra İddiaçı tərəfindən müəyyən olunmuşdur ki, mülkiyyətində olan həmin 5.28 hektar torpaq sahəsinin 0.35 ha hissəsi Cavabdeh2, 0.12 ha hissəsi Cavabdeh3 və 0.007 ha hissəsi Cavabdeh1 zəbt edərək istifadə edirlər. İddiaçı cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində həmin torpaq sahəsindən istifadə edə bilmir. İddiaçı cavabdehlərdən zəbt olunmuş torpaq sahəsinin boşaldılmasını tələb etsə də, cavabdehlər tələblərə məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini davam etdirirlər. Bununla da iddiaçının mülkiyyət hüququnun bərpası və mülkiyyətində olan torpaq sahəsinin istifadəsinə qaytarılmasının təmin edilməsi məqsədi ilə məhkəməyə müraciət etmişdir. Buna görə də iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 iddianı qəbul etməyərək göstərmişlər ki, iddiaçının onlara qarşı qaldırdığı iddianı əsassız hesab edirlər. Belə ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsini zəbt etməmişlər. Buna görə də iddianın rədd edilməsini xahiş etmişlər.

5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Göyçay rayonu Məlikkənd kəndində yerləşən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 5.28 ha torpaq sahəsinin 0.09 ha hissəsi Cavabdeh1, 0.24 ha hissəsi Cavabdeh3, 0.29 ha hissəsi Cavabdeh2 qanunsuz istifadəsindədir.

6. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və Mülki Məcəllənin normalarına əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iradəsinin ziddinə olaraq onun mülkiyyətində olan 5.28 ha torpaq sahəsinin bir hissəsinin cavabdehlərin zəbt etməsi həmin daşınmaz əmlaka olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir, bu torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehlərin hərəkətləri iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir.

7. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilməli, Göyçay rayonu Məlikkənd kəndində yerləşən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 5.28 ha torpaq sahəsinin 0.09 ha hissəsindən Cavabdeh1, 0.24 ha hissəsindən Cavabdeh3, 0.29 ha hissəsindən Cavabdeh2 çıxarılmalıdır.

8. Göyçay Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli 2(046)-89/2020 nömrəli qətnaməsi ilə (hakim İbrahim Fəttahov) iddia təmin edilmiş, Göyçay rayonu Məlikkənd kəndində yerləşən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 5.28 ha torpaq sahəsinin 0.09 ha hissəsindən Cavabdeh1, 0.24 ha hissəsindən Cavabdeh3, 0.29 ha hissəsindən Cavabdeh2 çıxarılması, iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı verilməsi, iş üzrə mütəxəssis rəyinin verilməsinə çəkilmiş 144.34 manat məhkəmə xərcinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada alınaraq Kadastr və Yerquqluşu Layihə Tədqiqat Mərkəzinin VÖEN **********, AZ 37NABZ******************** nömrəli hesabına keçirilməsi, iş üzrə ekspertiza xərcləri olan 100 manatın cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE000000 **********8501 nömrəli hesabına keçirilməsi, qətnamənin icrasının Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 157-ci maddələrinə istinad etmişdir. Aşağıda göstərilən sənədlərə istinad edilir:

10. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* saylı çıxarışdan görünür ki, İddiaçı xüsusi mülkiyyətində Göyçay rayonu Məlikkənd kəndində yerləşən 5.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydə alınmışdır.

11. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti "xxxx" MMC Ağsu Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli rəy və sxem mülki işə əlavə edilmişdir. Mübahisəli torpaq sahəsinin inventarlaşdırılmasına dair mütəxəssisin rəy verilməsi üçün xərci 144.34 manat təşkil edir.

12. Apellyasiya şikayətinə əlavə edilmiş torpağın mülkiyyət hüququna dair JN-156 KOD 40810018 olan dövlət aktından görünür ki, Cavabdeh3 6 nəfər ailə üzvü ilə birlikdə Göyçay rayon Aqrar İslahat Komissiyasının 17 aprel 1998-ci il tarixli, 35 nömrəli qərarı ilə Göyçay rayon Məlikkənd kəndində kənd təsərrüfatı məhsulları istehsalı məqəsdi ilə 4.23 ha torpaq sahəsi verilmişdir.

13. Apellyasiya şikayətinə əlavə edilmiş torpağın mülkiyyət hüququna dair JN-157 KOD 40810018 olan dövlət aktından görünür ki, X5 5 nəfər ailə üzvü ilə birlikdə Göyçay rayon Aqrar İslahat Komissiyasının 17 aprel 1998-ci il tarixli, 35 nömrəli qərarı ilə Göyçay rayon Məlikkənd kəndində kənd təsərrüfatı məhsulları istehsalı məqəsdi ilə 3.28 ha torpaq sahəsi verilmişdir.

14. Apellyasiya şikayətinə əlavə edilmiş torpağın mülkiyyət hüququna dair JN-158 KOD 40810018 olan dövlət aktından görünür ki, X6 5 nəfər ailə üzvü, o cümlədən hazırki iş üzrə Cavabdeh2 ilə birlikdə Göyçay rayon Aqrar İslahat Komissiyasının 17 aprel 1998-ci il tarixli, 35 nömrəli qərarı ilə Göyçay rayon Məlikkənd kəndində kənd təsərrüfatı məhsulları istehsalı məqəsdi ilə 2.51 ha torpaq sahəsi verilmişdir.

15. Apellyasiya şikayətinə əlavə edilmiş X9 aid ******* nömrəli çıxarışdan görünür ki, X9 Göyçay rayon Məlikkənd kəndində 2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi məxsusdur.

16. İşdə olan məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2020-ci il tarixli 10/146 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində "xxxx" MMC-nin Ağsu LTİ-nin mütəxəssis rəyinə əsasən, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarış ilə iddiaçının xüsusi mülkiyyətində olan Göyçay rayonu Məlikkənd kəndində yerləşən 5.28 ha torpaq sahəsi iddiaçının göstərdiyi ərazidə yerləşir, lakin konfiqurasiya fərqinin olduğu müəyyən olunur. İddiaçının ******* nömrəli çıxarışla xüsusi mülkiyyətinə verilmiş 5.28 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1 tərəfindən 0.09 ha-dək hissəsinin, Cavabdeh3 tərəfindən 0.24 ha-dək hissəsinin, Cavabdeh2 tərəfindən 0.29 ha-dək hissəsinin naturada istifadə edildiyi müəyyən edilir. Aparılmış ekspertizanın dəyəri 100 manat təşkil edir.

17. Həmin qətnаmədən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 аpellyаsiyа şikаyətləri vermiş

Apellyasiya şikayətinin dəlilləri

18. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmaqla gəbul edilmiş Göyçay Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

19. Belə ki, Göyçay Rayon Aqrar İslahat Komissiyasının 17 aprel 1998-ci il tarixli. 35 nömrəli qərarına əsasən onlar-cavabdehlər Cavabdeh2 və ailə üzvlərinin mülkiyyətinə Göyçay rayonunun Məlikkənd kəndi ərazisində 2.51 hektar, Cavabdeh3 və ailə üzvlərinin mülkiyyətinə 4.23 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir və müvafiq olaraq onlar cavabdehlər Cavabdeh2 və ailə üzvlərinin adına JN-158 (kod ********). Cavabdeh1 və ailə üzvlərinin adına JN-149 (kod 4********) və Cavabdeh3 və ailə üzvlərinin adına JN-156 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı işlənmişdir. Qeyd edilən torpaq sahələri cavabdehlərin mülkiyyətinə verilən zaman mütəxəssislər tərəfindən torpaq sahələrinin Planına (cizgisinə) uyğun olaraq yerində ölçülərək naturada hər birinə tanıdılaraq təhvil verilmişdir. O vaxtdan onlar mülkiyyətlərinə verilmiş pay torpaqdan cizgidə göstərilən ölçülərdə təyinatı üzrə istifadə edirlər, iddiaçı həmin torpaq sahəsini 2012-ci ildə alıb, 8 il ərzində hərə öz torpağından mübahisəsiz qaydada istifadə etmişlər, yalnız 2020-ci ildə iddiaçının xırda buynuzlu heyvanları onların torpaq sahəsində yenicə saldıqları bağ sahəsinə keçdiyindən aralarında mübahisə yaranmışdır.

20. O-Cavabdeh3 mülkiyyətinə verilmiş 4.23 hektar torpaq sahəsinin 2.0 hektarını notariat kontorunda rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi ilə Göyçay şəhər sakini Seymur adlı şəxsə satmışdır.

21. Sonradan Seymur adlı şəxs həmin torpaq sahəsini Çərkəz adlı şəxsə, Çərkəz də, İddiaçı satmışdır. Cavabdeh1lə aralarında olan razılaşmaya əsasən onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsi onun yaşadığı evinə yaxın ərazidən verildiyindən o, mülkiyyətində olan 2.23 hektar torpaq sahəsinin 0.50 hektarını onunla eyni hissəyə dəyişmişlər və dəyişdirdikləri həmin hissələrdən özləri istifadə edirlər.

22. İddiaçı həmin torpaq sahəsindən əlavə həmin torpaq sahəsi ilə sərhəddə yerləşən Cavabdeh3 qardaşı Məsud Kərimovun və ailə üzvlərinin mülkiyyətində olan 3.28 hektar torpaq sahəsini (JN157 saylı Dövlət Aktı) də rəsmiləşdirilmiş alqı-satqı yolu ilə almışdır.

23. Qanunvericiliyin tələbinə görə torpaq sahələrinin alqı-satqısı zamanı alqı-satqı üçün ayrılan torpaq sahələrinin hər biri planda göstərilən koordinat nöqtələrinə uyğun olaraq ölçülərək ayrılır. Qeyd edilən torpaq sahələrinin alqı-satqısı zamanı həmin torpaq sahələri ilə bağlı heç bir problemin olması mütəxəsssislər tərəfindən aşkar olunmamışdır. Sadəcə bütün mülkiyyətçilər. O cümlədən də onlar cavabdehlər və iddiaçının özü də belə öz torpaq sahələrinə bitişik, istifadə olunmayan ərazilərin cüzi bir hissəsini kol-kosdan və digər yabanı bitkilərdən təmizləyərək və yararlı hala salaraq müvəqqəti istifadə edirlər. Bunu kənd bələdiyyəsi də yaxşı bilir və bu barədə onlara şifahi və ya rəsmi xəbərdarlıq etməmişdir.

24. Yuxarıda göstərdiyi kimi iddiaçı həmin torpaq sahələrini 2012-ci ildə almış, həmin ildən də istifadə etməyə başlamış, aralarında mübahisə isə 2020-ci ildə yaranmışdır. Məhz bu səbəbdən də. iddiaçı cavabdehlərə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

25. İddia tələbinə məhkəmədə baxılan zaman onlar iddiaçının həmin tələblə məhkəməyə müraciət etməsinə heç bir hüquqi əsasları olmadığına görə və iddia tələbinə etiraz etdiklərinə görə məhkəmə qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və ekspert qarşısında “1164950 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətində olan Göyçay rayonu Məlikkənd kəndində 5.28 hektar torpaq sahəsi iddiaçının göstərdiyi ərazidə yerləşirmi. həmin torpaq sahəsi cavabdehlər tərəfindən istifadə edilirmi. əgər bu hal mövcuddursa istifadə olunan sahənin ölçüləri nə qədərdir" sualını qoymuşdur.

26. Ekspertizanın keçirilməsi həvalə olunmuş ekspert iş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan "xxxx" MMC-nin Ağsu LTİ-nin mütəxəssisi tərəfindən verilmiş mütəxəssis rəyinə əsaslanaraq iddiaçının mülkiyyətində olan 5.28 hektar torpaq sahəsinin cavabdehlər X7 tərəfindən 0.09 hektaradək. Cavabdeh3 tərəfindən 0.24 hektaradək və Cavabdeh2 İbrahim oğlu tərəfindən 0.29 hektaradək hissələrindən istifadə etdiklərini müəyyən etmişdir. Onlar iş üzrə ekspertizanın təyin edilməsinə dair məhkəmə qərardadı ilə, mütəxəssis rəyi və ekspertin tərtib etdiyi ekspertizanın rəyi ilə razılaşmırlar.

27. Belə ki, ilk öncə onu bildirirlər ki, məhkəmə iş üzrə ekspertizanın təyin edilməsinə dair qərardadını qanunla müəyyən edilmiş qaydada və müddətdə onlara təqdim etmədiyinə və ya göndərmədiyinə görə həmin qərardadla ekspertin qarşısında qoyulan sualla tanış ola bilməmişlər, həmin qərardadla razı olmadıqlarına görə həmin qərardadı etirazlarını bildirməklə mübahisələndirə bilməmişlər. Nə mütəxəssis, nə də ekspert tərəfindən qarşılarında qoyulan suallar əsasında müvafiq rəylərin verilməsi məqsədi ilə sahəyə baxış keçirilən zaman tərəf kimi onlar xəbərdar edilməmiş və baxışda iştirakları təmin edilməmişdir. Bununla da onlar ekspertiza keçirilən zaman hər biri mülkiyyətlərində olan torpaq sahələrinə dair adlarına verilmiş torpağa mülkiyyət hüququna dair dövlət aktını və ya hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı ekspertə təqdim etmək hüququndan məhrum olunmuşlar. Mülki prosessual qanunvericiliyinə əsasən ekspert ona təqdim olunmuş sənədlər üzrə ekspertiza keçirir və zərurət yarandığı halda məhkəmə qərardadı ilə ekspert qarşısında qoyulmayan suallara da aydınlıq gətirməlidir. Ekspertiza keçirilən zaman onlar cavabdehlərin mülkiyyətində olan torpaq sahələrinin koordinatları müəyyən edilməmiş, həmin torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi, düşürsə hansı hissələrdə düşməsi müəyyən edilərək buna münasibət bildirilməmişdir. Əgər işə baxan məhkəmə tərəfindən qeyd edilən ziddiyyətli hallara aydınlıq gətirilməsi və həmin halların aradan qaldırılması üçün qeyd etdikləri qaydada əlavə ekspertiza keçirilsəydi və ekspert qarşısında həmin suallar qoyulsaydı, işin həqiqi halları öz təsdiqini tapar, iddiaçının mülkiyyətində olan 5.28 hektar torpaq sahəsindən bütövlükdə özünün istifadə etdiyi, onların onun torpaq sahəsini zəbt etmədikləri müəyyən olunardı, iddiaçı bildirir ki, o, torpağını kvadrat sahəyə salır, halbuki torpağın axır hissəsi kvadrat deyil (qısa zolaq uzanır).

28. Yuxarıda göstərdikləri işin faktiki halları və hüquqlarının kobudcasına pozulduğunu işə baxan məhkəməyə bildirsələr də, məhkəmə həmin halları nəzərə almamış, onların hüquqi savadsızlığından istifadə edərək onlara tərəf kimi hüquqlarını başa düşüləcək formada tam və aydın izah etməmiş, əlavə ekspertiza təyin etməmiş, məhkəmə baxışında mütəxəssis və ekspert rəylərini elan edərək iştiraklarıyla ətraflı araşdırmamış, yalnız ekspertin rəyinə əsaslanaraq və yalnız iddiaçının mənafeyini müdafiə etməklə iddia tələbinin təmin edilməsinə dair qanunsuz və əsassız, ən əsası da ədalətsiz hesab etdikləri qətnaməsini qəbul etmişdir. Bununla da işə baxan məhkəmə maddi hüquq normalarını, eləcə də onların qanunla qorunan mülkiyyət və istifadə hüquqlarını kobudcasına pozmuşdur.

29. İddiaçının və onların cavabdehlərin xüsusi mülkiyyətində olan torpaq sahələri adlarına qeydə alınan zaman torpaq sahələrinin sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilat və DƏDRX tərəfindən həyata keçirilmiş, torpaq sahələrinin alqı-satqısı zamanı arayışlar verilmiş və həmin arayışlarda torpaq sahələrinin üst-üstə düşməsi və yaxud başqa şəxslər tərəfindən qanunsuz formada istifadə olması göstərilməmişdir. Necə ola bilər ki. keçən dövrdə torpaqlar özgəninkiləşdirilən zaman iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin başqaları tərəfindən istifadə olunması aşkar olunmamış, yalnız məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın rəyi ilə torpaq sahələrinin müəyyən hissəsinin onlar tərəfindən zəbt olunduğu aşkar edilmişdir.

30. İşə baxan məhkəmə həmin ziddiyyətli hallara aydınlıq gətirmək və aradan qaldırmaq məqsədi ilə torpaq sahələrinin həqiqətən də onlar tərəfindən zəbt edilməsi, adlarına dövlət tərəfindən verilmiş sənədlərdəki planda göstərilən koordinatlara əssən üstüstə düşüb-düşməməsi. yoxsa zəbt olunması, üst-üstə düşürsə, hansı hissələrdə düşməsini dəqiq müəyyən etmək üçün arayış vermiş DƏDRX-nin və torpaq sahələrinin koordinatlarının yenidən tərtib etmiş və rəy vermiş Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin mütəxəssisini məhkəməyə cəlb etməklə və mübahisənin yerində baxış keçirməklə həll etməli idi. Ziddiyyətli hallar olduğuna görə iddiaçının və cavabdehlərin torpaq sahələrinin ayrılıqda hər birinin koordinatları cizgidə göstərilən qaydada yenidən müəyyən edilməklə həqiqətən də iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin onların mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşmədiyini və ya zəbt olunduğunu dəqiq müəyyən etmək üçün iş üzrə əlavə məhkəmə ekspertizası təyin etmək əvəzinə, yalnız ekspertin rəyinə əsaslanaraq və bununla da yalnız iddiaçının mənafeyini müdafiə etməklə və iddia ərizəsini təmin etməklə özünün qanunsuz, əsassız, eləcə də ədalətsiz hesab etdikləri qətnaməsini qəbul etməklə səhv nəticəyə gəlmişdir.

31. Göründüyü kimi, işə baxan məhkəmə işə obyektiv baxaraq qanuni qətnamə qəbul edilməsi üçün yuxarıda göstərdiyi prosessual hərəkətləri etməli olduğu halda, etməmiş bununla da yuxarıda göstərdiyi maddi hüquq normalarının tələblərini pozmuş, tətbiq etdiyi normalar üzrə səhv nəticəyə gəlmişdir.

32. Göründüyü kimi, işə baxan məhkəmə iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş, bununla da iddia tələbinin təmin olunmasını ətraflı əsaslandırmamış, nəticədə qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərini kobudcasına pozmaqla özünün qanunsuz və əsassız, eləcə də ədalətsiz qətnaməsini qəbul etmişdir.

33. Ona görə də, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma və cavabdehlərə torpaq sahəsinə yenidən daxil olmağa qadağa edilməsi” tələbinə dair iş üzrə ekspert qarşısında “iddiaçı və cavabdehlərin mülkiyyətində olan torpaq sahələrinin hər birinin ayrılıqda cizgidə göstərilən koordinatları yerində təyin edilməklə həmin torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi, düşürsə hansı hissələrdə düşür?” sualı qoyulmaqla, ekspertizanın keçirilməsini başqa ekspertə tapşırmaqla və onlar-cavabdehlərin iştirakı təmin edilməklə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsini, Göyçay Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli 2(046)-89/2020 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edirlər.

34. Cavabdeh1 ayrılıqda verdiyi apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddiaçının iddiası əsassızdır və hər hansı torpaq sahəsi onun tərəfindən zəbt olunmayıb.

35. Göyçay Rayon Məhkəməsinin qətnaməsinin çıxarılmasına əsas kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzininin 10 aprel 2020-ci il tarixli, 10/146 nömrəli ekspert rəyində qeyd olunanlar olmuşdur ki, o da həmin rəy ilə razı olmayaraq təkrar ekspertiza təyin olunması barədə məhkəməyə vəsatət təqdim etmişdir, lakin məhkəmə vəsatətə öz münasibətini bildirməmişdir.

36. O, məhkəməyə təqdim etdiyi vəsatətində də qeyd etmişdir ki, ekspert rəyində olan İddiaçı mülkiyyətində olan 5,28 ha torpaq sahəsinin 0,09 ha-dək hissəsinin onun istifadəsində olması doğru deyildir və heç bir əsası yoxdur. Qeyd olunan torpaq sahəsini X17 aparılandan sonra ona torpaq sənədinə əsasən verilmiş və bir neçə dəfə iddiaçının şikayəti əsasında icra nümayəndəsinin, bələdiyyə sədrinin iştirakı ilə mütəxəssislər tərəfindən ölçmə işləri aparılmış, onun istifadəsində iddiaçıya məxsus torpaq sahəsi olmadığı müəyyən olunmuşdur.

37. Belə ki, rəydə də ziddiyyət vardır və mülki iş tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. Rəydə İddiaçı xüsusi mülkiyyətində olan Göyçay rayonu, Məlikkənd kəndində 5,28 ha torpaq sahəsi iddiaçının göstərdiyi ərazidə yerləşir, lakin konfiqurasiya fərqinin olduğu müəyyən olunur. Göründüyü kimi iddiaçı torpaq sənədində əksini tapmış 5,28 ha torpaq sahəsini faktiki olaraq istifadə edir, onun istifadəsində torpaq səhəsi yoxdur və keçirilmiş ekspertiza zamanı suallara tam aydınlıq gətirilməmişdir. Ona görə də təkrar məhkəmə tikinti-mühəndis ekspertizası keçirilməsi zərurəti vardır.

38. Ona görə də, iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin olunmasını, Göyçay Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli 2(046)-89/2020 nömrəli qətnaməsinin ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmasını xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

39. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

40. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 apellyasiya şikayətlərinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

41. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli 2(046)-89/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

42. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 146.1-146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 218.3-cü mаddəsinə əsаsən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

44. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

45. Cavabdehlər Göyçay Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli 2(046)- 89/2020 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən Cavabdeh1 və 0.12 ha hissəsindən Cavabdeh3 aid olan hissədə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

47. Apellyasiya şikayətinə məhkəmədə baxılarkən iddiaçının təqdim etdiyi 10 yanvar 2013-cü il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, X11 və qeyrilərinin mülkiyyətində olan 3.28 ha torpaq sahəsi İddiaçı 4800 manata satılmışdır. İddiaçının təqdim etdiyi 3 noyabr 2016-cı il tarixli digər alqı-satqı müqaviləsinin surətindən görünür ki, X8 mülkiyyətində olan 2 ha torpaq sahəsi İddiaçı 5000 manata satılmışdır.

48. Apellyasiya baxışında əldə edilmiş Azərbаycаn Respublikаsı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin 21 dekabr 2022-ci il tarixli 10/6039 nömrəli ekspert rəyində göstərilmişdir ki, Mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş plan-sxemdə qeyd olunan koordinatlara əsasən aşağıdaklıar müəyyən olunur: Qərardadın 1-ci sualı üzrə: Göyçay rayon Məlikkənd kəndində X19 (Mövsüm) oğluna 6 nəfər ailə üzvü ilə birlikdə Göyçay rayon Aqrar İslahat Komissiyasının 17 aprel 1998-ci il tarixli, 35 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə verilmiş 4.23 ha torpaq sahəsi, X5 5 nəfər ailə üzvü ilə birlikdə Göyçay rayon Aqrar İslahat Komissiyasının 17 aprel 1998-ci il tarixli, 35 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istühsalı məqsədi ilə verilmiş 3.28 ha torpaq sahəsi, X6 5 nəfər ailə üzvü, o cümlədən hazırki iş üzrə cavabdeh Həsənov llham İmaməli oğlu ilə birlikdə Göyçay rayon Aqrar İslahat Komissiyasının 17 aprel 1998- ci il tarixli, 35 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı istehsalı məqsədi ilə verilmiş 2.51 ha torpaq sahəsi və X9 məxsus 2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi göstərilən ölçülərdə tam həcmdə mövcuddur. Qərardadın 2-ci sualt üzrə: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* saylı çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyəti kimi qeydə alınmış Göyçay rayonu Məlikkənd kəndində yerləşən 5.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ümumi sahəsi 5.19 ha təşkil edir. Qərardadın 3-cü sualı üzrə: Göyçay rayon Məlikkənd kəndində X19 (Mövsüm) oğluna 6 nəfər ailə üzvü ilə birlikdə Göyçay rayon Aqrar İslahat Komissiyasının 17 aprel 1998-ci il tarixli, 35 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə verilmiş 4.23 ha torpaq sahəsinin 1.94 ha hissəsi, X5 5 nəfər ailə üzvü ilə birlikdə Göyçay rayon Aqrar İslahat Komissiyasının 17 aprel 1998-ci il tarixli, 35 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə verilmiş 3.28 ha torpaq sahəsi və X9 məxsus 2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi isə bütövlükdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* saylı çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyəti kimi qeydə alınmış Göyçay rayonu Məlikkənd kəndində yerləşən 5.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşür. X6 5 nəfər ailə üzvü, o cümlədən hazırki iş üzrə cavabdeh Həsənov llhma İmaməli oğlu ilə birlikdə Göyçay rayon Aqrar İslahat Komissiyasının 17 aprel 1998-ci il tarixli 35 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə verilmiş 2.5 ha torpaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX1164950 saylı çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyəti kimi qeydə alınmış Göyçay rayonu Məlikkənd kəndində yerləşən 5.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşmür.

49. Apellyasiya baxışında əldə edilmiş Azərbаycаn Respublikаsı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin 4 oktyabr 2023-cü il tarixli 10/4649 nömrəli ekspert rəyində göstərilmişdir ki, mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* saylı çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyəti kimi qeydə alınmış Göyçay rayonu Məlikkənd kəndində yerləşən 5.28 ha torpaq sahəsinə AN°2443578 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi” tərtib edilərkən texniki xəta nəticəsində torpaq sahəsinin ölçüsü 5.217 ha (sənəd üzrə 5.28 ha) təşkil etmişdir. Bu səbəbdəndə əskik olan torpaq sahəsinin kimin istifadəsində olduğunu müəyyən etmək mümkün olmadı. Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin Ağsu LTl-nin 17 dekabr 2019-cu il tarixli mütəxəssis rəyinə əlavə olunmuş sxem ilə müəyyən edilmiş, iddiaçıya məxsus 5.28 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1 tərəfindən 0.09 ha, Cavabdeh3 Mövsüm oğlu tərəfindən 0.24 ha, Cavabdeh2 tərəfindən 0.29 ha istifadə edilən hissələrinin koordinatları mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir.

50. Göründüyü kimi, mübahisəli torpaq sahəsinin tam mülkiyyət hüququ ilə iddiaçıya məxsus olması və ona məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsi yuxarıda göstərilənlərlə təsdiq edilmişdir.

51. Məhkəmə kollegyiası hesab edir ki, belə olan vəziyyətdə cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsindən istifadə etməsi iddiaçının hüquqlarını pozur və bu baxımdan iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 152, 157.4-ci maddələri ilə əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (maddə 152.2). İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəməşəklində və başqa formalarda ola bilər (maddə 152.3). Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (maddə 152.5). Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (maddə 157.1). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4). Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ öz təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir, (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək və sair), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi məcmu şəkildə aşağıdakı hallar mövcud olduqda mümkündür: 1) əmlakın mülkiyyətçinin faktiki sahibliyindən çıxması; 2) əmlakın naturada mövcud olması və başqasının sahibliyində olması; 3) tərəflər arasında müqavilənin və yaxud sair öhdəliyin olmaması. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 157-ci maddəsi mülkiyyət hüququnun müdafiəsinin aşağıdakı üç üsulunu nəzərdə tutur: a) mülkiyyət hüququnun tanınması; b) özgəsinin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi; d) mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi. Mülkiyyətçi bu maddədə nəzərdə tutulmuş üsullardan istifadə edərək öz mülkiyyətində olan əmlakın hər cür pozuntulardan müdafiə edilməsini təmin edir. Mülkiyyətçinin öz əmlakını başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir.

52. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən iddia tələbini əsaslı saymış, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, eləcə də yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır, lakin hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddia tələbindən kənara çıxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü mаddəsinə əsаsən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Belə ki, iddiaçı iddia ərizəsində mülkiyyətində olan 5.28 hektar torpaq sahəsinin 0.35 ha hissəsindən Cavabdeh2, 0.12 ha hissəsindən Cavabdeh3 və 0.007 ha hissəsindən Cavabdeh1 çıxarılmasını tələb etmişdir. Birinci instansiya məhkəməsi ekspert rəyi əsasında qətnamə qəbul etmiş və iddiaçının mülkiyyətində olan 5.28 hektar torpaq sahəsinin 0.29 ha hissəsindən Cavabdeh2, 0.24 ha hissəsindən Cavabdeh3 və 0.09 ha hissəsindən Cavabdeh1 çıxarılmasını qət etmişdir. Göründüyü kimi, Cavabdeh3 və Cavabdeh1 aid hissələrdə məhkəmə iddia tələbindən kənara çıxmışdır.

53. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən bu qətnamənin 52-ci bəndində göstərilən hissədə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyinəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən həmin hissədə maddi və prosessual hüquq normaları pozulduğuna görə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin olunmalı, Göyçay Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli 2(046)-89/2020 nömrəli qətnaməsi “Göyçay rayonu Məlikkənd kəndində yerləşən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 5.28 ha torpaq sahəsinin 0.083 ha hissəsindən Cavabdeh1, 0.12 ha hissəsindən Cavabdeh3 çıxarılması” hissəsində ləğv edilməli, ləğv edilmiş həmin hissə (xx.xx.2019-cu il tarixli 12/0136 nömrəli mütəxəssis rəyinə əlavə edilmiş sxem üzrə) qətnamədən xaric edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

54. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin olunsun. Göyçay Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli 2(046)-89/2020 nömrəli qətnaməsi “Göyçay rayonu Məlikkənd kəndində yerləşən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 5.28 ha torpaq sahəsinin 0.083 ha hissəsindən Cavabdeh1, 0.12 ha hissəsindən Cavabdeh3 çıxarılması” hissəsində ləğv edilsin. Ləğv edilmiş həmin hissə qətnamədən xaric edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatlarının dəyəri olaraq 100 manat cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tutularaq dövlət büdcəsi hesabına keçirilsin. (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar