Məhkəmə qərarları › İş №2(107)-80/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-80/2021

23.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-80/2021 23.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X6 iclas katibliyi, İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi Nümayəndə və Cavabdeh (bundan sonra cavabdeh) iştirakı ilə Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçının nümayəndəsi Nümayəndə Qəbələ Rayon Məhkəməsində cavabdehə qarşı iddia qaldıraraq, Qəbələ rayonunun Vəndam qəsəbəsində yerləşən JN-1888F nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsindən cavabdehin məcburi qaydada çıxarılması və zəbt etdiyi 0,03 ha torpaq sahəsinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin (hakim E.İsayev) xx xxxx 2020-ci il tarixli 2(025)-83/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddia tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxx 1998-ci il tarixli, 19 saylı qərarı ilə mərhum atası X1 ilə birlilkdə mülkiyyətlərinə 0,13 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin mülkiyyətlərə verilməsi JN-1888F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Torpaq sənədləri verilən zaman atasının adı “Hacıbala” olduğu halda şəhvən «Sabir» olaraq, anasının soy adı isə Sədrəzənova əvəzinə «Sdərəddinova» kimi qeyd olunmuşdur. Buna görə də həmin torpaq mülkiyyətinə dair sənədlərin mərhum atasına və anasına məxsus olmasına dair hüquqi faktının müəyyən olunması üçün müvafiq qaydada ərizə ilə Qəbələ Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx xxxxxxx 2017-ci il tarixli, 2(025)2436/2017 saylı qətnaməsi ilə JN-1888F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin onlara məxsus olması faktı müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi idarəsinə həmin torpaq sahəsinə çıxarışın alınması üçün müraciət etmiş və bu zaman Ərazi İdarəsi yerində torpaq sahəsinin plan ölçüsünün tərtib edilməsi məqsədi ilə ölçülərini müəyyən etmək istəyəndə mülkiyyətlərindəki torpaq sahəsindən 0,03 hektarının cavabdeh tərəfindən zəbt olunduğunu müəyyən etmişdir. Bu səbəbə görə də torpaq sahəsinin tam olaraq ölçülərinin tərtib olunması mümkün olmamışdır. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Birinci instansiya məhkəməsi tələb üzrə yuxarıda göstərilən nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixdə çıxardığı əsassız qətnamənin əsaslandırıcı hissəsində xx.xx.2020-ci il tarixli 1213 nömrəli rəyə istinad etmişdir. Rəydə isə torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmadığı qeyd edilmişdir. Ekspert rəyi ilə razılaşmadığımı və təkrar ekspertizanın keçirilməsinin təmin olunmasını məhkəmədən xahiş etməyimin isə bir faydası olmamışdır. Məhkəmə ekspert rəyi ilə razılaşmadığımı nəzərə almaqla yenidən işin ekspertizaya göndərilməsi barədə qərar qəbul etməli olduğu halda bunu etməmişdir. Nəticədə onun torpaq mülkiyyəti üzərində olan və qanunla qorunan hüquqları pozulmuşdur. DƏDRX-nin torpaq sahəsinə baxış zamanı müəyyən olunan fakta, yəni torpağın cavabdeh tərəfindən bir hissəsinin zəbti ilə ekspert rəyində olan ziddiyyətli mövqe məntiqi cəhətdən tam olaraq bir-birinin əksini təşkil edir. Məhkəmə nəticə, qərar verməkdə tələskənliyə yol verməkdə işi tam və obyektiv olaraq araşdırmamışdır. Birinci instansiya məhkəməsi işin bütün hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan əsassız qətnamə qəbul etmişdir. Buna görə də Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(025)- 83/2020 nömrəli qətnaməsi ləğv edilərək, iddia tələbi təmin edilməlidir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh qardaşımdır. Onun hazırda yaşadığı evin həyətyanı torpaq sahəsi ilə anamın yaşadığı evin yerləşdiyi torpaq sahəsi ümumi məhləmiz olmuşdur. Atam sonra həyətimizin bir hissəsini kəsib Arifə vermişdir. Özündə isə 0,13 ha torpaq sahəsi qalmışdır. Lakin hazırda həmin 0,13 ha torpaq sahəsinin 3 sotu Arifin həyətinə qatışıb. Bundan əvvəl ekspertlər Arifin həmin torpaq sahəsini tutmamasını bildirsələr də, ancaq görünən odur ki, atamın həyətinin 3 sotu əskikdir. Bu torpaq sahəsinin başqa şəxs tərəfindən tutulması isə mümkün deyil. Atamın və anamın adına olan 13 sot torpaq sahəsi tam olmadığına görə də həmin yerə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ala bilmirəm. Arif özünün 22 sotuna çıxarış alıb, ancaq mənə vermirlər ki, bu torpaq sahəsi tam yerində deyil. Axırıncı ekspertiza isə düzgün aparılıb və 3 sot torpaq sahəsinin Arifdə olduğunu bildirib. Ona görə də apellyasiya şikayətimizin təmin edilməsini məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, o atasının ona verdiyi torpaq sahəsindən istifadə edir. Mülkiyyətində 22 sot həyətyanı torpaq sahəsi var. Atasının ona verdiyi torpaq sahəsindən başqa 3 sotu həyətinə qatmamışdır. Birinci dəfə ekspertlər də müəyyən etdilər ki, məndə artıq torpaq yoxdur. Əgər indi müəyyən olunursa ki, məndə atamın torpağının 3 sotu da var, onda mən də atamın mirasından pay tələb edirəm. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasınа baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. “Məhkəmə qətnaməsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarının 17-ci bəndində göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, düzgün tətbiq etməmiş, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş sübutlardan, yəni: Torpağın mülkiyyətə verilməsinə dair JN-1888F nömrəli 40600048 kodlu şəhadətnamədən görünür ki, Qəbələ Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxx 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən, Qəbələ rayonunun Vəndam qəsəbəsində X1 (səhvən Sabir yazılıb) və İddiaçı (səhvən Sdərəddinova yazılıb) ümumi birgə mülkiyyətlərinə 0,13 ha həyətyanı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0.22 ha torpaq sahəsi üzərində Cavabdeh və ailə üzvlərinin ümumi birgə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2020-ci il tarixli 1213 saylı rəydən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi Zaur Rzayevin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, JN-1888F nömrəli (kod: 40600048) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə Qəbələ rayonu Vəndam qəsəbəsində X2 və İddiaçı ümumi birgə mülkiyyətlərinə verilmiş 0,13 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və koorperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilməmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatdır. “xxxx” MMC-dən daxil olmuş xx xxxxxxx 2020-ci il tarixli 425 nömrəli ekpert rəyində göstərilmişdir ki, kompleks yerquruluşu xəritəsinə və naturada ölçülmüş torpaq sahəsinin koordinatları üzrə aparılmış tədqiqatın nəticəsinə uyğun olaraq Vəndam qəsəbəsi ərazisində yerləşən iddiaçılar X2 və İddiaçı ümumi birgə mülkiyyətlərinə verilmiş JN- 1888F saylı şəhadətnaməyə əsasən 0,13 ha həyətyanı torpaq sahəsinin 0,097 ha hissəsi Cavabdeh tərəfindən mişar daşı ilə hasarlanmış və faktiki istifadə olunan torpaq sahəsinin daxilində yerləşir. Cavabdeh iddiaçının JN-1888F saylı şəhadətnaməsi əsasında mülkiyyətində olan 0,13 ha torpaq sahəsinin 0.097 ha hissəsini iki tərəfdən daş hasarla bir tərəfdən dəmir çəpərlə hasara alaraq istifadəsinə qatmışdır. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən **********55- 10301 reyestr nömrəli çıxarış əsasında mülkiyyətində olan 0,22 ha həyətyanı torpaq sahəsi naturada mövcuddur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 300 manatdır. “X10 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli 10 nömrəli rəydə isə göstərilmişdir ki, JN-1888F nömrəli (kod 40600048) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Qəbələ rayonunun Vəndam qəsəbəsində X2 və İddiaçı ümumi birgə mülkiyyətinə verilmiş 0,13 ha həyətyanı torpaq sahəsinin 302 kv metri Cavabdeh tərəfindən tutulmuşdur. Tutulmuş sahə çıxıldıqda İddiaçı mülkiyyətində olan 0,13 ha torpaq sahəsinin 998 kv metrlik (0,0998 ha) hissəsi qalır. Tutulmuş torpaq sahəsində Cavabdeh tərəfindən hər hansı bir tikili inşa edilməmişdir. Hazırda Cavabdeh mülkiyyətində və qanuni istifadəsində 0,22 ha torpaq sahəsi vardır və həmin torpaq sahəsi onun qanuni istifadəsinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdeh faktiki istifadəsində isə onun qanuni istifadəsinə verilmiş torpaq sahəsindən artıq torpaq sahəsinin olması rəyin təsviri hissəsində qeyd edilmişdir. Beləliklə, məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, Qəbələ Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxx 1998-ci il tarixli qərarı ilə Qəbələ rayonunun Vəndan qəsəbəsində iddiaçı və onun mərhum ərinin ümumi birgə mülkiyyətinə 0,13 ha torpaq sahəsi verilmiş, lakin həmin torpaq sahəsinin 0,03 hektarı cavabdeh tərəfindən zəbt olunmuşdur. Həmin torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi tələb edilsə də, cavabdeh bunu etməmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İddiaçı JN-1888F saylı şəhadətnamədə göstərilən torpaq sahəsindən Cavabdeh məcburi qaydada çıxarılması və zəbt etdiyi 0,03 ha torpaq sahəsinin alınıb ona verilməsini iddia etsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən həmin torpaq sahəsi zəbt edilməmişdir. Cavabdehin istifadəsində olan torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışınına əsasən onun və ailə üzvlərinin mülkiyyətindədir. Qətnamədən narazı qalan iddiaçı isə həm iddia tələbində, həm də apellyasiya şikayətində bildirmişdir ki, xx.xx.2020-ci il tarixli ekspert rəyində torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmadığı qeyd edilmiş, lakin o ekspert rəyi ilə razılaşmadığını və təkrar ekspertiza keçirilməsinin təmin olunmasını məhkəmədən xahiş etmiş, lakin məhkəmə ekspert rəyi ilə razılaşmadığını nəzərə alıb, yenidən işin ekspertizaya göndərilməsi barədə qərar qəbul etməli olduğu halda bunu etməmişdir. Nəticədə onun torpaq mülkiyyəti üzərində olan və qanunla qorunan hüquqları pozulmuşdur. DƏDRX-nin torpaq sahəsinə baxış zamanı müəyyən olunan fakta, yəni torpağın cavabdeh tərəfindən bir hissəsinin zəbti ilə ekspert rəyində olan ziddiyyətli mövqe məntiqi cəhətdən tam olaraq bir-birinin əksini təşkil edir. Məhkəmə tələskənliyə yol verməklə işi tam və obyektiv araşdırmamışdır. Apellyasiya şikayətinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası iş üzrə təkrar məhkəmə tikinti-texniki və komissin məhkəmə ekspertizaları təyin etmiş və sonunsu ekspertizanın nəticəsi olaraq cavabdehin iddiaçının mülkiyyətində olan 0,13 ha torpaq sahəsinin 302 kv metrini tutması müəyyən olunmuşdur. İş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli rəyində isə bildirilmişdir ki, cavabdeh iddiaçıya məxsus 0,13 ha torpaq sahəsinin 0,097 ha hissəsini mişar daşı ilə hasarlanmış və faktiki istifadə olunan torpaq sahəsinə qatmışdır. “Məhkəmə qətnaməsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarının 3.3 v. 3.4-cü bəndlərində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-in 103.1-ci maddəsinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. İşdə bir neçə ekspert rəyi olduqda, məhkəmə qətnamədə onların hər birinin qəbul edilməsi və ya rədd edilməsi səbəblərini göstərməlidir. Məhkəmə kollegiyası iş üzrə üç ekspert rəyinin olmasını, onlardan xx.xx.2020-ci il tarixli 1213 nömrəli rəydə cavabdehin iddiaçıya məxsus 0,13 torpaq sahəsini zəbt etməməsi, xx xxxxxxx 2020-ci il tarixli 425 nömrəli rəydə 0,097 ha hissəsini tutması, xx xxxxxx 2021-ci il tarixli 10 nömrəli rəydə isə 302 kv metrini tutması göstərilmişdir. Məhkəmə kollegiyası ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsinin olmamasını nəzərə alaraq belə qənaətə gəlir ki, mübahisənin həllində sonuncu ekspert rəyi əsas götürülməlidir. Məhkəmə kollegiyası ona görə belə qənaətə gəlir ki, xx.xx.2020-ci il tarixli 1213 nömrəli rəy tərəflərin qarşılıqlı münasibətlərinə və işin həqiqi hallarına uyğun gəlmir. Çünki, rəydə cavabdehin iddiaçıya aid torpaq sahəsini zəbt etməməsi göstərilsə də, həm iddiaçının nümayəndəsinin izahatından, həm də sonrakı ekspert rəylərindən cavabdehin mübahisəli torpaq sahəsini qanunsuz istifadəsində saxlaması müəyyən olunur. Belə olan halda həmin ekspert rəyinə mötəbər sübut kimi qiymət verilə bilməz. Məhkəmə kollegiyası “xxxx” MMC tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli 425 nömrəli ekpert rəyi ilə də tam razılaşıb mötəbər sübut kimi qəbul edə bilmir. Belə ki, həmin ekspert rəyində cavabdehin iddiaçıya məxsus 0,13 ha həyətyanı torpaq sahəsinin 0,097 ha hissəsini tutması bildirilsə də, ancaq həmin rəydə mübahisəli torpaq sahəsinin döngə nöqtələrinin koordinatları göstərilməmiş, digər tərəfdən ekspert qarşısında qoyulmuş “Hazırda Cavabdeh mülkiyyətində və qanuni istifadəsində nə qədər torpaq sahəsi vardır və həmin torpaq sahəsi onun qanuni istifadəsinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşürmü?” sualına müfəssəl cavab verilməmişdir. Bundan əlavə, iddiaçının nümayəndəsi də həmin rəylə razılaşmamış və bildirmişdir ki, ölçü işləri düzgün aparılmamışdır. Ona görə də məhkəmə kollegiyası mübahisənin qanuni və ədalətli həll edilməsi üçün bu ekspert rəyini də mötəbər sübut kimi qəbul edə bilmir. Qeyd olunanlara əsasən, təhlil edilən ekspert rəylərinə tənqidi yanaşan məhkəmə kollegiyası “X10 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli 10 nömrəli rəyi mötəbər sübut kimi qəbul etməyə bilmir. Belə ki, həmin rəyə nəzər salanda müəyyən olunur ki, digər ekspertiza tədqiqatlarında olduğu kimi burada da mübahisəli torpaq sahəsinin koordinatları GPS alətindən istifadə edilməklə aparılmış, kameral şəraitdə “Google Yer” proqramının ortofoto və ərazinin həyatyanı sahələrinin yerquruluşu planına əsasən dəqiqləşdirilmiş və bu zaman müəyyən edilmişdir ki, Cavabdeh faktiki istifadəsində 0,282 ha torpaq sahəsi var, həmin torpaq sahəsinin 0,22 hektarı sənəd üzrə ona məxsusdur. 0,03 hektarı bələdiyyə mülkiyyətinə, 0,032 hektarı isə iddiaçının mülkiyyətində olan torpaq sahəsidir. Bundan əlavə, rəyə əlavə olunmuş sxemdə mübahisəli torpaq sahəsinin döngə nöqtələrinin koordinatları aydın şəkildə göstərilmişdir. O da qeyd olunmalıdır ki, iddiaçının nümayəndəsi də bu ekspert rəyinin işin həqiqi halları ilə üst-üstə düşdüyünü bildirmişdir. İddiaçının cavabdehin anası, iddiaçının nümayəndəsinin isə cavabdehin qardaşı olması, əvvəllər cavabdehə məxsus torpaq sahəsinin də iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə bir yerdə olması və sonradan cavabdehin atası tərəfindən cavabdehə verilməsi, iddiaçının və onun nümayəndəsinin iş üçün əhəmiyyət kəsb edən halları bilavasitə görüb bilmələri məhkəmə kollegiyasına belə qəlməyə əsas verir ki, iddiaçının nümayəndəsinin mübahisəli torpaq sahəsinin cavabdehdə olması, lakin əvvəlki ekspet rəylərinin işin həqiqi vəziyyəti ilə uyğun olmaması barədə izahatı mötəbər sübutlar kimi qəbul edilməlidir. “X3rşı işi üzrə” xx xxxxxx 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Məhkəmə kollegiyasının qənaətinə görə, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (X9 Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsində isə göstərilir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri, qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır (Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci hissəsi). Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir. Məhkəmə “Sporronq və Lonnpot İsveçə qarşı” işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almışdır. Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus olan torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1 saylı protokolununun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsini özbaşına tutmaqda davam etmələri də iddiaçının mülkiyyət hüququ ilə ona mənsub olan torpaq sahəsinə mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli etmiş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Papamixalopulos Yunanıstana qarşı” işdə qərara almışdır ki, torpaq sahəsinə sərəncam vermək imkanının itirilməsi və vəziyyəti düzəltmək üçün edilən cəhdlərin uğursuz olması ərizəçilər üçün kifayət qədər ciddi nəticələr doğurmuşdu, belə ki, onlar de fakto müsadirəyə məruz qalmışdılar. Məhkəmə kollegiyasının qənaətinə görə, cavabdeh mübahisəli torpaq sahəsini qanunsuz olaraq tutmaqla, de fakto mülkiyyətçini öz mülkiyyətindən sərbəst istifadə etmək imkanından məhrum etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, iddia tələbi təmin edilməli olduğu halda kifayət qədər araşdırma aparmadan iddia tələbinin təmin edilməməsi barədə nəticəyə gəlmişdir. MPM-in tələblərinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (mad. 385.1.1-385.1.4). Məhkəmə kollegiyası onu qeyd edir ki, xx xxxxxx 2021-ci il tarixli 10 nömrəli ekspert rəyində cavabdehin iddiaçıya məxsus torpaq sahəsinin 302 kv metrini tutması göstərilsə də, iddia tələbində cavabdehin zəbt etdiyi 0,03 ha torpaq sahəsinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edildiyindən, məhkəmə kollegiyası iddia tələbinin həmin ölçüdə təmin edilməsini qanuni hesab edir. Çünki, MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. MPM-ə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (mad. 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (mad. 77.1). Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur (mad. 88). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlarla yanaşı, işdən o da müəyyən olunur ki, iş üzrə 350 manat ekspertiza xərci vardır. MPM-in 107-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0 və 115.0.1-ci maddələrində göstərilmişdir ki, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-in 119.1-ci maddəsi). Ona görə də iş üzrə məhkəmə ekspertizası xərclərini təşkil edən, cəmi 350 manat cavabdehdə aid edilməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini qət etməklə düzgün nəticəyə gəlmədiyindən apellyasiya şikayəti təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(025)- 83/2020 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 392, 393, 402, 403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilsin. Cavabdeh JN-1888F nömrəli (kod: 40600048) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətinə verilmiş Qəbələ rayonunun Vəndam qəsəbəsində yerləşən 300 kv m həyətyanı torpaq sahəsindən məcburi qaydada çıxarılsın və həmin torpaq sahəsi cavabdehdən alınıb iddiaçıya verilsin. Ekspertiza xərci olan 350 manat cavabdehə aid edilsin (50 manat Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖEN ********** Müxbir hesab AZ 41 NABZ********************, SFİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE**********00088501) hesabına, 300 manatı isə “xxxx” MMC-nin (VÖEN **********, SWİFT kod AİİBAX2X M/h: AZ37NABZ013501**********1944, VÖEN **********, hesab AZ53AİİB********************) hesabına ödənilsin). Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində tələbləri təmin olunmayan şəxslər Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verə bilərlər. Kassasiya şikayəti verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar