Məhkəmə qərarları › İş №2(107)-802/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-802/2020

02.06.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-802/2020 02.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; Cavabdehlər - Cavabdeh2 Hüseyn qızı və Cavabdeh3 oğlunun iştirakı ilə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)-2351/2019 saylı qətnaməsindən iddiaçı Məmmədova Günay Niyazi qızı tərəfindən verilmiş apelyasiya şikаyətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)-2351/2019 saylı qətnaməsi ilə (hakim Hüseyn Mirzəliyev) iddiaçı Məmmədova Günay Niyazi qızının cavabdehlər Cavabdeh1 oğlu, Cavabdeh2 Hüseyn qızı və Cavabdeh3 oğluna qarşı evdən istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddiası təmin edilməmişdir. İşin halları: İddiaçı Məmmədova Günay Niyazi qızı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, qeydiyyatda olduğu və azyaşlı uşaqları ilə 8 il müddətdə yaşadığı Cavabdeh1 oğlunun qeydiyyatda olduğu və yaşadığı, cavabdeh, qayınanası Cavabdeh2 Hüseyn qızının mülkiyyətində olan, Mingəçevir şəhəri, X5 küçəsi, ev 12/101, mənzil 6-da istifadə hüququnun tanınması və birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan övladları – xx xxxxxx 2011-ci il təvəllüdlü Məmmədli Ümid Amid oğlu və yetkinlik yaşına çatmayan xx xxxxxx 2017-ci il təvəllüdlü X9 oğlu ilə birlikdə həmin mənzilə köçürülmələri haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа iddiaçı Məmmədova Günay Niyazi qızı iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, cavabdehlərdən Cavabdeh1 oğlu ilə xx xxxxxx 2011-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Belə ki, əvvəlcə xx xxxxxx 2010-cu il tarixdə onların nişanları olmuş, sonradan, yəni xx xxxxxx 2011-ci il tarixdə Mingəçevir şəhərində yerləşən “Nur” şadlıq sarayında toyları olmuşdur. Toy şənliyindən sonra qayınatası Cavabdeh3 oğlunun və qayınanası Cavabdeh2 Hüseyn qızının razılığı əsasında onlara məxsus, Mingəçevir şəhərinin M.Ə.Rəsulzadə küçəsində yerləşən 12/101 saylı evin 6 saylı mənzilinə gəlin köçərək cehiz əşyalarını da həmin mənzilə aparmışdır. Cavabdeh1 ilə birgə nikahlarından xx xxxxxx 2011-ci il təvəllüdlü X9 oğlu və xx xxxxxx 2017-ci il təvəllüdlü Cavabdeh3 Amid oğlu adlıövladları dünyaya gəlmişlər. xx xxxx 2012-ci il tarixdə cavabdehlərdən Cavabdeh2 Hüseyn qızının razılıq ərizəsi ilə onun mülkiyyətində olan mənzilə qeydiyyata düşmüş və bir ailə üzvü kimi əri Cavabdeh1 oğlu ilə birlikdə 8 il həmin ünvanda yaşamışdır. Birgə nikahlarından anadan olmuş – xx xxxxxx 2011-ci il təvəllüdlü Məmmədli Ümid Amid oğlu və xx xxxxxx 2017-ci il təvəllüdlü Cavabdeh3 Amid oğlu da həmin ünvanda qeydiyyatdadırlar. Bu barədə “Asan Mingəçevir” tərəfindən xx xxxxxxxx 2019-cu il tarixdə verilmiş Azərbaycan Respublikasının Daxili İ̇şlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışında da həmin fakt öz əksini tapmışdır. Lakin, cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 Hüseyn qızı yersiz mübahisələr edərək onu evdən qovmuşlar. Hazırda özü və iki yetkinlik yaşına çatmayan övladlarının yaşamağa yerləri yoxdur. Bundan başqa Cavabdeh1 oğluna qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Goranboy rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(045)-542/2019 saylı qətnaməsinə əsasən X10 oğlundan xx xxxxxx 2011-ci il təvəllüdlü Məmmədli Ümid Amid oğlu və xx xxxxxx 2017-ci il təvəllüdlü X9 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxx 2019-cu il tarixdən başlayaraq hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Hesab edir ki, onun və az yaşlı uşaqlarının qeydiyyatda olduqları mənzildən istifadə və yaşamaq hüquqları vardır. Buna görə də qeydiyyatda olduğu və azyaşlı uşaqları ilə 8 il müddətdə yaşadığı, Cavabdeh1 oğlunun qeydiyyatda olduğu və yaşadığı, cavabdeh, qayınanası Cavabdeh2 Hüseyn qızının mülkiyyətində olan, Mingəçevir şəhəri, X5 küçəsi, ev 12/101, mənzil 6-da istifadə hüququnun tanınması və birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan övladları – xx xxxxxx 2011-ci il təvəllüdlü Məmmədli Ümid Amid oğlu və yetkinlik yaşına çatmayan xx xxxxxx 2017-ci il təvəllüdlü X9 oğlu ilə birlikdə həmin mənzilə köçürülmələri haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа iddiaçının etibarnamə üzrə nümayəndəsi X3 oğlu da Günay Məmmədovanın izahatına oxşar məzmunlu izahat verərək, iddia tələbinin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа Cavabdeh2 Hüseyn qızı iddia tələbi ilə razı olmadığını bildirərək verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhərinin M.Ə.Rəsulzadə küçəsində yerləşən 12/101 saylı evin 6 saylı mənzili onun mülkiyyətindədir. Həmin mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən MA seriyalı, ******* saylı çıxarış verilmişdir. Cavabdehin onun mülkiyyətində olan mənzildən istifadə etməsi bir mülkiyyətçi kimi onun hüquqlarını pozmuşdur. Buna görə də iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsinin iclаsındа Cavabdeh1 oğlu da məhkəmə iclasında Cavabdeh2 izahatına oxşar məzmunlu izahat verərək, iddia tələbinin rədd olunması haqqında qətnaməçıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktı qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən iddiaçı X2 apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırmışdır ki, hazırda onun və iki yetkinlik yaşına çatmayan övladlarının yaşamaq üçün yeri yoxdur. Onun və uşaqlarının qeydiyyatda olduqları və yaşadıqları Cavabdeh1 qeydiyyatda olduğu və yaşadığı, cavabdeh qayınanası Cavabdeh2 mülkiyyətində olan Mingəçevir şəhəri, X5 küçəsi, ev 12/101 mənzil 6-da istifadə və yaşamaq hüququ var. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)-2351/2019 saylı qətnaməsinin ləğv edilərək, 8 il müddətdə yaşadığı və xx xxxxxx 2011-ci il tarixdə rəsmi nikahda olduğu Cavabdeh1 qeydiyyatda olduğu və yaşadığı, cavabdeh, qayınanası Cavabdeh2 mülkiyyətində olan, Mingəçevir şəhəri, X5 küçəsi, ev 12/101, mənzil 6-da istifadə hüququnun tanınması və birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan övladları-xx xxxxxx 2011-ci il təvəllüdlü X7 və xx xxxxxx 2017-ci il təvəllüdlü X4 ilə birlikdə həmin mənzilə köçürülməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh2 Hüseyn qızı və Cavabdeh3 oğlu apelyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)-2351/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və digər cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 HaqqındaKonvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)- 2351/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlаvə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 oğlu ilə Ələkbərova Günay Niyazi qızının nikahlarının bağlanması xx xxxxxx 2011-ci il tarixdə 54 nömrə ilə X6 qeydə alınmışdır. İş materiallarına əlаvə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Məmmədli Ümid Amid oğlu xx xxxxxx 2011-ci ildə, X9 oğlu isə xx xxxxxx 2017ci ildə doğulmuşlar. Şəhadətnamədə uşaqların atası Cavabdeh1 oğlu, anaları kimi isə Məmmədova Günay Niyazi qızı göstərilmişdir. İş materiallarına əlаvə edilmiş Goranboy rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(045)-542/2019 saylı qətnaməsinin surətindən görünür ki, X10 oğlundan xx xxxxxx 2011-ci il təvəllüdlü Məmmədli Ümid Amid oğlu və xx xxxxxx 2017-ci il təvəllüdlü X9 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxx 2019-cu il tarixdən başlayaraq hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq Məmmədova Günay Niyazi qızına ödənilməsi qət edilmişdir. İş materiallarına əlаvə edilmiş Mingəçevir regional “ASAN xidmət” mərkəzinin notariat ofisində bağlanmış xx xxxxxxxx 2011-ci il tarixli daşınmaz əmllakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 mənzil 24 ünvandaCavabdeh3 oğlu həmin ünvanda yerləşən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2007-ci il tarixli Çıxarışa əsasən mülkiyyətində olan 3 otaqlı mənzili Nuxova Rakiyə ovçu qızına satmışdır. İş materiallarına əlаvə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MA seriyalı, ******* saylıçıxarışın surətindən görünür ki, Mingəçevir şəhərinin M.Ə.Rəsulzadə küçəsində yerləşən 12/101 saylı evin 6 saylı mənzili xx xxxxxx 2011-ci il tarixdə Cavabdeh2 Hüseyn qızının adına qeydə alınmışdır. İş materiallarına əlаvə edilmiş “Asan Mingəçevir” Azərbaycan Respublikasının Daxili İ̇şlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında xx xxxxxxxx 2019-cu il tarixli, ******* nömrəli arayışından görünür ki, Məmmədova Günay Niyazi qızı xx xxxx 2012-ci il tarixdən Mingəçevir şəhərinin M.Ə.Rəsulzadə küçəsində yerləşən 12/101 saylı evin 6 saylı mənzilində qeydiyyatdadır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Məmmədova Günay Niyazi qızı Cavabdeh1 oğlu ilə xx xxxxxx 2011-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Ailə qurduqdan sonra iddiaçı, qayınatası Cavabdeh3 oğlunun və qayınanası Cavabdeh2 Hüseyn qızının razılığı əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2007-ci il tarixli Çıxarışa əsasən Cavabdeh3 oğluna məxsus olmuş ünvan 1 mənzil 24 ünvanda yerləşən 3 otaqlı mənzilə gəlin köçərək cehiz əşyalarını da həmin mənzilə aparmışdır. Cavabdeh3 oğlu həmin mənzili xx xxxxxxxx 2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bundan sonra iddiaçının qayınanası iş üzrə Cavabdeh2 Hüseyn qızının adına Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 12/101 saylı evin 6 saylı ünvanda yerləşən 2 otaqlı mənzil alınmış, həmin mənzil xx xxxxxx 2011-ci il tarixdə Məmmədova sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı da cehiz əşyalarını həmin mənzilə apararaq cavabdehlərlə birlikdə orada yaşamışdır. İddiaçı Məmmədova Günay Niyazi qızı Cavabdeh1 oğlu ilə birgə nikahlarından xx xxxxxx 2011-ci il təvəllüdlü X9 oğlu və xx xxxxxx 2017-ci il təvəllüdlü Cavabdeh3 Amid oğlu adlıövladları dünyaya gəlmişdir. İddiaçı xx xxxx 2012-ci il tarixdə Cavabdeh2 Hüseyn qızının razılıq ərizəsi ilə onun mülkiyyətində olan mənzilə qeydiyyata düşmüş və bir ailə üzvü kimi əri Cavabdeh1 oğlu ilə birlikdə 8 il həmin ünvanda yaşamışdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırkı iş üzrə tərəflər arasında hüquq münasibəti xx xxxxxx 2011-ci il tarixdə yarandığından mübahisə hazıırda qüvvədə olan Mülki Məcəllənin və 2009-cu il oktyabr ayının 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına uyğun həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsi müəyyən etmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olsun. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbinə görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinin tələbinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» xx xxxxxx 2014-cü il tarixli Qərarında göstərilir ki:

1. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.

2. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. İş materiallarından da göründüyü kimi, iddiaçını gəlin düşdüyü mənzil onun qayınatasının xüsusi mülkiyyətində, sonradan köçərək yaşadığı ev isə qayınanasının mülkiyyətində olmuşdur. İddiaçı nə birinci halda, nə də ikinci haldaAzərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarının təsiri altına düşür. Başqa sözlə desək, iddiaçı yaşayış sahəsinin mülkiyyətçisi olmuş şəxslərdən (hazırkı iş üzrə cavabdehlərdən) özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər siyasına daxil deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sərəncam hüququ - əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, həmçinin müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdəəmlaka sərbəst surətdə sahib ola bilər, ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub olan əmlak üzərində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Hazırkı iş üzrə mənzilin mülkiyyətçisinin mənzilə sahiblik, sərəncam və istifadə hüquqlarını məhdudlaşdıran müqavilə və qanunla müəyyənləşdirilmiş elə bir hal yoxdur ki, mülkiyyətçi iddiaçının mənzildən istifadə hüququna razılıq verməyə borclu olsun. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi R.Ağalarovun şikayəti üzrə xx xxxxxxxx 2007-ci il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)-2351/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı Məmmədova Günay Niyazi qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)-2351/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Hakimlər: Mirbahəddin Hüseynov

Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar