Məhkəmə qərarları › İş №2(107)-803/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-803/2022

07.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-803/2022 07.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması barədə) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə Ərizəçi maraqlı şəxs Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 2(051)-510/2022 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir şəhər məhkəməsinin (hakim Ə.Hüseynov) 21 yanvar 2022-ci il tarixli, 2(051)-510/2022 saylı qərardadı ilə Ərizəçi mərhum əri X1 miras qalmış Mingəçevir şəhəri “Xəzər” Bağçılıq sahəsində yerləşən 6 sot torpaq sahəsinin miras əmlak kimi yalnız onun tərəfindən bütöv şəkildə qəbul edilməsi barədə ərizəsi geri qaytarılmışdır. Qərardaddan narazı qalan Ərizəçi şikayət vermişdir. Mingəçevir Şəhər Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(051)-510/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ərizə və ona əlavə edilmiş sənədlər nəzərdən keçirildikdə müəyyən edildi ki, Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə müraciət etsə də tələbində miras əmlakın mülkiyyət sənədini təsdiq edən hər hansı sənədi ərizəyə əlavə etməmişdir. Göstərilənlərə əsasən Ərizəçi ərizəsi geri qaytarılmalıdır. Həmçinin, ərizəçiyə izah olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149.2.3, 151.1, 152.1.1 və 152.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli qərardadından narazıdır. Hakim qərar qəbul edərkən qanunvericiliyin tələblərinə deyil öz mülahizələrinə əsaslanmışdır. Belə ki, qərardadda guya onun mülkiyyət sənədini təqdim etmədiyi yazılsa da o, ilkin sənədləri təqdim etmişdir. Bununla bağlı arxiv arayışları işə əlavə edilmişdir. Qanunvericiliyin tələbindən də bilindiyi kimi və Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı” 27 sentyabr 2007-ci il tarixli qərarında göstərilmişdir ki, əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün "mülkiyyət" kimi qəbul edilə bilər. Qeyd edilənlərə əsasən Mingəçevir Şəhər Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli 2(051)-510/2022 saylı qərardadını ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b) Şikayəti qarşı etirazın dəlilləri Şikayətiə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2.2-ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. 149.2.5-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. 150.1-ci maddəsinə əsasən iddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.1. cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla); 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; 150.1.3. iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla); 150.1.4. bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd; 150.1.5. iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri; 150.1.6. müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir); 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1 və 152.1.1-ci maddələri ilə müəyyən edilmişdir ki, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Mingəçevir Şəhər Məhkəməsinin 21 yanvar 2022ci il tarixli, 2(051)-510/2022 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir. Ona görə də kollegiya Mingəçevir Şəhər Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 2(051)- 510/2022 nömrəli qərardadını tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsaslı olduğundan qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 2(051)-510/2022 nömrəli qərardadı tam, həmin qərardadla bağlı 14 aprel 2022-ci il tarixli, 2(051)-510/2022 saylı qərardadı isə qismən ləğv edilərək, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşmır və qeyd edir ki, birinci instansiya məhkəməsinin mövqeyi əsassızdır. Belə ki, şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur və bu hüquq da qanunvericilikdə təsbit olunmuşdur. İddia ərizəsinin məzmunundan görünür ki, Ərizəçi maraqlı şəxs Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası irəli sürülmüş iddia tələbi ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi onu nəzərə almamışdır ki, iddiaçı məhkəmə gedişatında öz iddiasını dəqiqləşdirmək və sübutlar təqdim etmək hüququna malikdir. Əks halda bu iddianın geri qaytarılması üçün deyil, mahiyyəti üzrə baxıldıqda iddianın təmin edilməməsi üçün əsas olan haldır. Göründüyü kimi iddia ərizəsi geri qaytarıldığından iddiaçı, hazırki halda ərizəçi qeyd olunan bu hüququndan da məhrum olmuşdur. Kollegiya qeyd edir ki, iddia ərizəsinin qaytarılması müəyyən maneələri aradan qaldırmaq məqsədi daşıyır. Həmin maneələri siyahısı MPM-in 152-ci maddəsində dəqiq müəyyən edilmişdir. Bu əsaslar bütünlüklə prosessual hüquqi xarakter daşıyır. Maddi hüquqi əsaslarla iddia ərizəsinin geri qaytarılmasına yol verilmir. Göründüyü kimi birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan normanın tələblərindən çıxış etməmiş, çəkişmə prinsipinə uyğun olaraq tərəfləri məhkəməyə çağıraraq qərardadında qeyd etdiyi dəlilləri tərəflərin iştirakı ilə birlikdə araşdırmamış, Ərizəçi iddia ərizəsində nə kimi çatışmamazlıqların olmasını və bunun aradan qaldırılmasına yardım etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 2(051)-510/2022 nömrəli qərardadı tam, həmin qərardadla bağlı 14 aprel 2022-ci il tarixli, 2(051)-510/2022 saylı qərardadı isə qismən ləğv edilərək, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası iş materialları əsasında belə qənaətə gəlir ki, iddia ərizəsinin geri qaytarılması haqqında birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli olsa da, lakin apellyasiya instansiyası məhkəməsi konkret olaraq işin bu halında iddianın icraata qəbul edilməsi barədə qərardad çıxarmağa haqlı deyildir. Çünki iddianın mümkünlüyü məsələsinin həlli, təkcə iddianın geri qaytarılması üçün müəyyən olunmuş halların mövcud olub-olmaması ilə bağlı aparılan araşdırma ilə bitmir. İddianın icraata qəbul edilməsi üçün iddianın mümkünlüyünün digər əsasları da araşdırılmalı, nəticəsindən asılı olaraq iddianın taleyi həll olunmalıdır. Lakin qərardadın məzmunundan görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü ilə bağlı digər hallar araşdırılıb onlara qiymət verilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkünlüyü ilə bağlı digər halların arışdırılaraq, iddianın icraata qəbul edilməsi məsələsinin müəyyən edilməsi üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi iddianın icraata qəbul edilməsini istisna edən başqa halların olubolmamasını araşdırmalı, bu hallar müəyyən edilməzsə iddianı icraata qəbul etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 2(051)-510/2022 nömrəli qərardadı tam, həmin qərardadla bağlı 14 aprel 2022-ci il tarixli, 2(051)-510/2022 saylı qərardadı isə qismən ləğv edilərək, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi аndаn qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar