Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-803/2024 18.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma, mülkiyyət hüququ) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X11 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh1 nümayəndəsi X14 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 4 iyul 2023-cü il tarixli, 2(051)- 1198/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, 12 saylı evin 14 saylı mənzilində yaşayan cavabdehlər Cavabdeh1, həyat yoldaşı Cavabdeh2, uşaqları X19, X1 şəhəri, Ş.İ.Xətai küçəsi, 12 saylı evin 14 saylı mənzilində çıxarılmaları və mənzilin iddiaçıya təhvil verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 26 dekabr 2014-cü il tarixli, 2(051)-1212/2014 saylı mülki iş qətnaməsi ilə İddiaçı cavabdeh X12 qarşı Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, 12 saylı evin 14 saylı məzilinin ½ hissəsinin bölünərək onun mülkiyyətinə verilməsi, cavabdehlər X21 və onun həyat yoldaşı X8 qarşı uşaqları ilə birlikdə həmin mənzildən çıxarılmaları barədə iddiası təmin edilmişdir. Həmin qətnaməyə əsasən sözügedən mənzilin tərəflər arasında bölünməsi, həmin mənzilə ½ pay nisbətində İddiaçı, ½ pay nisbətində X9 xüsusi mülkiyyət hüququnun tanınması, cavabdehlər X15 və X4 digər ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 dekabr 2017-ci il tarixli, 2(107)-140/2017 saylı qətnaməsi ilə cavabdeh X15 apellyasiya şikayəti təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 26 dekabr 2014-cü il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qəbul edilərək, Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, 12 saylı evin ümumi mülkiyyətdə olan 14 saylı mənzilinin tərəflər arasında bölünməsi, Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, 12 saylı evin 14 saylı mənzilinə ½ pay nisbətində İddiaçı, ½ pay nisbətində isə X9 xüsusi mülkiyyət hüququnun tanınması, cavabdehlər X21 və X4 Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, 12 saylı evin 14 saylı mənzilindən çıxarılması qət edilmişdir. Apellyasiya Məhkəməsi qətnaməni çıxararkən cavabdehlərin ‘"digər ailə üzvləri ilə birlikdə” mənzildən çıxarılma hissəsini mahiyyətcə baxılmamış saxlamış, hesab etmişdir ki, apellyasiya məhkəməsi qətnamə çıxararkən cavabdehlərin və digər ailə üzvlərinin mübahisəli mənzilə hər hansı hüquqları yaranmadığından məhz cavabdehləri qeyd etməklə digər ilə üzvlərinin də mənzildən çıxarılmasını nəzərdə tutmuşdur. Ərizəni onunla əsaslandırmışdır ki, göstərilən mənzilə İddiaçı ½ pay mülkiyyət hüququ Daşınmaz Əmlak Dövlət Reyestrindən Çıxarış alınmaqla tanınmışdır. Cavabdehlərdən bir qismi mənzildən çıxmaqdan imtina etmişlər, imtinaya əsas kimi həmin mənzildə əlavə olaraq X21 və onun həyat yoldaşı X16 ilə birgə digər ailə üzvləri, yəni oğlu Cavabdeh1, gəlini Cavabdeh2, nəvəsi X19, nəvəsi X20 yaşayırlar. Qətnamədə adları göstərilmədiyindən cavabdehlər Cavabdeh1, onun həyat yoldaşı Cavabdeh2, uşaqları X19, X2 mənzildən çıxmaqdan imtina edirlər. İş materiallarından göründüyü kimi, cavabdehlər Cavabdeh1, həyat yoldaşı Cavabdeh2, uşaqları X19, X7 gedən mübahisəli mənzilə hər hansı hüquqları yaranmamışdır. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənzildən çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin (hakim: E.Cəbrayılzadə) 4 iyul 2023-cü il tarixli, 2(051)-1198/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 övladları X19 və X20 ilə birgə Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, 12 saylı evin 14 saylı mənzilindən çıxarılmaları qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Mingəçevir şəhəri, X32 küçəsi, ev 12 ünvanında yerləşən 14 saylı mənzil üzərində iddiaçının ½ hissədə paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla onun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Cavabdehlərin isə həmin mübahisəli mənzil üzərində heç bir hüquqları qeydə alınmamışdır. Ona baxmayaraq cavabdehlər hazırda da iddiaçıya məxsus mənzildən istifadə etməklə bərabər sahiblik edirlər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Beləliklə, birinci instansiya məhkəməsi təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etmişdir ki, Mingəçevir şəhəri, X32 küçəsi, ev 12 ünvanında yerləşən 14 saylı mənzil üzərində iddiaçının ½ hissədə paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla onun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Cavabdehlərin isə həmin mübahisəli mənzil üzərində heç bir hüquqları qeydə alınmamışdır. Ona baxmayaraq cavabdehlər hazırda da iddiaçıya məxsus mənzildən istifadə etməklə bərabər sahiblik edirlər. Birinci instansiya məhkəməsi öz qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdehlər arasında ailə qanunvericiliyi əsasında heç bir yaxın qohumluq münasibəti olmadığından, cavabdehlərin mübahisəli fərdi yaşayış evi üzərində hər hansı bir əşya hüquqları qeydə alınmadığından, habelə mübahisəli yaşayış evinin mülkiyyətçisi ilə onların arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından, onların iddiaçı ilə birlikdə mübahisəli mənzildə onun ailə üzvü kimi yaşamaq və yaxud özlərinin saxlanılmasını tələb etmək, həmçinin mübahisəli fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüquqları yaranmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının hazırda mübahisəli mənzil üzərində ½ hissədə paylı mülkiyyət hüququ qeydiyyata alınmış, onun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Lakin cavabdehlər heç bir hüquqi əsas olmadan iddiaçının qanunla qorunan və tanınan mülkiyyət hüquqlarını pozmuşlar. Ona görə də məhkəmə mübahisənin düzgün həll edilməsi üçün işin müəyyən edilmiş hallarına əsasən belə qənaətə gəlmişdir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə əşya hüquq münasibətləri əsas olmuşdur. Ona görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı mübahisə üzrə əşya hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları müvafiq olaraq tətbiq edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsi, 29–cu maddəsinin İ hissəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4, 77 və 14.2-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 4 iyul 2023-cü il tarixli, 2(051)-1198/2023 saylı qətnaməsinə əsasən iddia təmin olunmuşdur. Çıxarılmış qətnamə qanunsuz və əsassızdır. Həyat yoldaşı Cavabdeh2 sonuncu məhkəmə iclasından başqa digər məhkəmə iclaslarında iştirak etməsinə baxmayaraq göstərilmişdir ki, məhkəmə iclaslarında iştirak etməmişdir. X6 etibarnamə təqdim edərək məhkəmə iclaslarında iştirak etmiş, ancaq onun adı qətnamədə göstərilməmişdir. Mübahisə edilən mənzilin 1/2 hissəsi iddiaçıya məxsusdur, digər 1/2 hissəsi isə X12 məxsusdur, Vidadi İsmayılovun da məhkəmə qətnaməsinə əsasən onlara pul borcu vardır. Onlar İddiaçı məxsus olan Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, 12 saylı evin 14 saylı mənzilinin 1/2 hissəsində yaşamırlar. X12 məxsus olan hissədə yaşayırlar. X17 da onların mənzildən çıxmaqlarını tələb etmir. İddiaçı mənzili naturada böldürüb, sonra ona aid olan hissədən çıxarılmanı tələb etməli idi. Bundan başqa onlar İddiaçı Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, 12 saylı evin 14 saylı mənzilində yaşamasına etiraz etmir, onun mülkiyyət hüquqlarını pozmurlar. İş materialında olan çıxarışdan görünür ki, Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, 12 saylı evin 14 saylı mənzilinin 1/2 hissəsi İddiaçı mülkiyyətindədir, iddiaçı onları necə yarı mülkiyyətində olan mənzildən çıxara bilər. Qeyd etdiyi kimi, onlar iddiaçıya məxsus hissədə yaşamırlar. Qeyd edilənləri nəzərə alaraq, Mingəçevir Şəhər Məkəməsinin 4 iyul 2023-cü il tarixli, 2(051)-1198/2023 saylı qətnaməsinin ləğv edilməsini, İddiaçı onların Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, 12 saylı evin 14 saylı mənzilindən çıxarılmaları tələbinə dair iddiasının rədd edilməsinə dair yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi X22 apellyasiya şikayətinin təmin edilməsini və Mingəçevir Şəhər Məhkəməsinin 4 iyul 2023-cü il tarixli, 2(051)-1198/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini və Mingəçevir Şəhər Məhkəməsinin 4 iyul 2023-cü il tarixli, 2(051)-1198/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh2 və kollegiya tərəfindən 3-cü şəxs qismində cəlb edilmiş X17 məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məhkəmə kollegiyasına məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin İ hissəsində qeyd edilmişdir ki, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Mingəçevir Şəhər Məhkəməsinin 4 iyul 2023-cü il tarixli, 2(051)-1198/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Mingəçevir Şəhər Məhkəməsinin 4 iyul 2023-cü il tarixli, 2(051)-1198/2023 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 4 iyul 2023-cü il tarixli, 2(051)-1198/2023 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Mingəçevir şəhəri, X32 küçəsi, ev 12 ünvanında yerləşən 14 saylı mənzil üzərində iddiaçının ½ hissədə paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla onun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Cavabdehlərin isə həmin mübahisəli mənzil üzərində heç bir hüquqları qeydə alınmamışdır. Ona baxmayaraq cavabdehlər hazırda da iddiaçıya məxsus mənzildən istifadə etməklə bərabər sahiblik edirlər. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında yaranmış hüquq münasibətləri iddiaçıya məxsus evdən məcburi qaydada çıxarılma ilə bağlı yaranan mülki mübahisədir. İrəli sürülmüş tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. İddia ərizəsində göstərilən evin iddiaçıya məxsus olduğunu və bu evin cavabdehin qanunsuz istifadəsində olduğunu sübuta yetirmə yükü iddiaçının üzərinə düşür. İddiaçı məhkəməyə Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışı təqdim etməklə mübahisəli fərdi yaşayış evinin ½ hissəsinin onun mülkiyyətində olduğunu tam sübuta yetirmişdir. Lakin cavabdehlər heç bir hüquqi əsas olmadan iddiaçının qanunla qorunan və tanınan mülkiyyət hüquqlarını pozmuşlar. İddia tələbinin hüquqi əsası kimi qeyd olunan normanın dispozisiya şərtlərindən görünür ki, əşya üzərindəki mülkiyyət hüququna qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə mülkiyyətçi bu hərəkətlərə son qoyulmasını və maneçiliyin aradan qaldırılmasını tələb edə bilər. Nəzərə alınmalıdır ki, daşınmaz əşyaların hüquqi rejiminə görə belə əşyalar üzərindəki sahiblik daşınmaz əmlakın dövlət reyestrindəki qeydlə müəyyən edilir. Bu baxımdan həmin qeyd silinmədiyi hallarda əşya hüquqi baxımdan başqasının sahibliyində sayılmır (götürülməmiş hesab edilir). Başqa şəxsin daşınmaz əşyanı öz təsir dairəsində saxlaması (oradan istifadə etməsi, əşyalarını çıxarmaması və s.) isə mülkiyyət hüququna maneçilik törədilməsinə dəlalət edir. Hazırkı işin faktiki halları ilə qeyd edilən normanın dispozisiya şərtləri bir-biri ilə uzlaşır. Baxılan iş üzrə fərdi yaşayış evinin mülkiyyətçisinin ona sahiblik, sərəncam və istifadə hüquqlarını məhdudlaşdıran müqavilə və qanunla müəyyənləşdirilmiş elə bir hal yoxdur ki, mülkiyyətçi cavabdehlərin fərdi yaşayış evindən istifadə hüququna razılıq verməyə borclu olsun. Bu halda iddiaçı Mülki Məcəllənin 152.5-ci maddəsində təsbit olunmuş hüquqlarından istifadə etməklə cavabdehin mənzildən çıxarılmasını tələb etmək hüququna malikdir. Çünki həmin normaya görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Baxılan işdə iddianın təmin olunması üçün bu normada müəyyən olunmuş bütün dispozisiya şərtləri mövcuddur. İddiaçının tələbi hüquqdan sui-istifadə ilə əlaqədar deyildir. Şikayətin ilk dəlili ondan ibarətdir ki, həyat yoldaşı Cavabdeh2 sonuncu məhkəmə iclasından başqa digər məhkəmə iclaslarında iştirak etməsinə baxmayaraq, göstərilmişdir ki, məhkəmə iclaslarında iştirak etməmiş və X6 etibarnamə təqdim edərək məhkəmə iclaslarında iştirak etmiş, ancaq onun adı qətnamədə göstərilməmişdir. Kollegiya hesab edir ki, şikayətin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavadeh Əşrəfli X10 Şəhər Məhkəməsinin 4 iyul 2023-cü il tarixli məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə birinci instansiya məhkəməsinə məlumat verməmişdir. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq cavadeh Cavabdeh2 iştirakı olmadan baxmışdır. Eyni zamanda kollegiya Cavabdeh1 nümayəndəsi X22 ilə bağlı qeyd edir ki, X18 Şəhər Məhkəməsinin heç bir məhkəmə iclaslarında iştirak etməmişdir. Ancaq Cavabdeh1 özü məhkəmə iclaslarında iştirak etmişdir. Cavabdeh1 nümayəndəsi X14 məhkəmə iclaslarında iştirak edib-etməməsi öz hüququ olmuşdur. Yəni şikayətin bu dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz. Ona görə də kollegiya hesab edir ki, şikayətin dəlilləri əsassızdır. Şikayətin digər dəlili ondan ibarətdir ki, mübahisə edilən mənzilin 1/2 hissəsi iddiaçıya məxsusdur, digər 1/2 hissəsi isə X12 məxsusdur, Vidadi İsmayılovun da məhkəmə qətnaməsinə əsasən onlara pul borcu vardır. Kollegiya hesab edir ki, şikayətin bu dəlili qətnaəminin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, cavabdeh tərəf X5 pulunu tələb edə bilər. X3 cavabdehə pul borcunun olması iddiaçının mülkiyyət hüququnu məhdudlaşdıra bilməz. Pul tələbi ilə bağlı cavabdeh X12 qarşı ayrıca məhkəmədə iddia qaldıra bilər. Şikayətin digər dəlili ondan ibarətdir ki, onlar İddiaçı məxsus olan Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, 12 saylı evin 14 saylı mənzilinin 1/2 hissəsində yaşamırlar. X12 məxsus olan hissədə yaşayırlar. X17 da onların mənzildən çıxmaqlarını tələb etmir. İddiaçı mənzili naturada böldürüb, sonra ona aid olan hissədən çıxarılmanı tələb etməli idi. Kollegiya qeyd edir ki, şikayətin bu hissəsi də əsassızdır. Belə ki, mübahisəli mənzil naturada bölünməmişdir. Yəni mənzil naturada bölünmüş olsaydı, onda cavabdehlərin mübahisəli mənzilin hansı hissəsində yaşamasını müəyyən etmək olardı. Hazırkı halda isə cavabdehlər mübahisəli mənzilin tamından istifadə etməklə iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırılar. Ona görə də kollegiya şikayətin dəlilini əsassız sayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı, bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə, məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Kollegiyanın qənaətinə görə iddianın təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmişdir. Ona görə də Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Mingəçevir Şəhər Məhkəməsinin 4 iyul 2023-cü il tarixli, 2(051)-1198/2023 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 4 iyul 2023-cü il tarixli, 2(051)-1198/2023 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-803/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-803/2024
18.07.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver