Məhkəmə qərarları › İş №2(107)-806/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-806/2020

11.03.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-806/2020 11.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Hüseynov Mirbahəddin Mirdamət oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Zaqatala 2 saylı Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və qanun üzrə vərəsəlik hüququnun verilməsinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(033)-222/2020 nömrəli qərardadından Ərizəçi və vəkili Vəkil tərəfindən verilmiş şikаyətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxx 1971-ci ildə Zaqatala rayonu Yuxarı Tala kəndində doğulmuş və xx.xx.1992-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olaraq şəhid olmuş X1 vərəsələrinə ölkə Prezidentinin imzaladığı xx xxxxx 2019-cu il tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı ilə müəyyənləşdirilmiş 11000 (on bir min) manat məbləğində birdəfəlik ödəməni almaq üçün qanun üzrə vərəsəlik hüququnun verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini belə əsaslandırmışdır ki, xx xxx 1971-ci ildə Zaqatala rayonu Yuxarı Tala kəndində doğulmuş X3 ərizəçinin doğma qardaşıdır. O, xx.xx.1992-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olaraq şəhid olmuşdur. xx.xx.1992-ci ildə Zaqatala rayonu Yuxarı Tala kənd qəbirstanlığında dəfn olunmuşdur.Onun şəhid olması ilə əlaqədar atasına şəhid ailəsi olmasına dair şəhid vəsiqəsi də verilmişdir. X7 xx xxxxx 2007-ci ildə vəfat etmişdir. X4 isə xx xxxxxx 1989-cu ildə vəfat etmişdir.Ölkə Prezidentinin imzaladığı xx xxxxx 2019-cu il tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Fərmanın” 1-ci bəndinə əsasən 1997-ci ilin avqustun 02-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 manat məbləğində birdəfəlik ödəmə verilməlidir. Ərizəçi xx.xx.1992-ci ildə şəhid olmuş qardaşı X1 qanun üzrə vərəsəsi olduğundan, həmin Fərmanda qeyd olunmuş birdəfəlik ödəməni almaq məqsədilə notariusdan vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etmişdir. Notarius ona şifahi formada imtina edərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala Rayon Şöbəsindən qardaşının şəhid olması ilə əlaqədar arayış götürülməsini tələb etmişdir. O, həmin arayışı almaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala Rayon Şöbəsinə müraciət etmişdir. Sonuncu ona əsassız cavab verdiyinə görə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir ki, qardaşının şəhid olması arayışının verilməsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala Rayon Şöbəsinin üzərinə qoyulmasına dair qərar qəbul etsin. X8 Məhkəməsi ərizəçinin ərizəsini təmin etməmişdir. O, həmin məhkəmənin qərarından Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti yazmışdır. Apellyasiya şikayətinə baxılan zamanlarda Zaqatala rayonunda Ədliyyə Nazirinin müavini vətəndaşların qəbulunu həyata keçirirdi. O, həmin qəbula getmişdir. Ədliyyə Nazirinin müavini ona bildirmişdir ki, məhkəmələr tərəfindən baxılaraq qanuni qərar qəbul ediləcəkdir. Apellyasiya şikayətinə xx xxxxxx 2019-cu il tarixdə baxılmışdır və Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə X8 Məhkəməsinin qərarı ləğv edilmiş, həmin qərar ilə müəyyən edilmişdir ki, onun qardaşının şəhidlik statusu ləğv edilməyib. Buna görə də şəhidlik statusunun verilməsi tələbinə ehtiyac yoxdur. Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə ərizəçiyə izah edilmişdir ki, o, atasının və şəhid olmuş qardaşının vərəsəsi olaraq mülki qanunvericilikdə müəyyən edilmiş tələblər nəzərə alınmaqla mirasın qəbul edilməsi ilə bağlı rayon məhkəməsində müvafiq iddia qaldırmaldır. Bundan sonra ərizəçi təkrar olaraq notariusa müraciət etmişdir ki, Fərmanla müəyyən edilmiş birdəfəlik ödəməni almaq üçün qanun üzrə vərəsəlik şəhadətnaməsi alsın. Notarius isə rəsmi imtina verərək bildirmişdir ki, mərhum qardaşı X1 vərəsələrinə verilən birdəfəlik ödəməni almaq hüququ barədə məlumat aşkar edilmədiyi üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verə bilmir. Zaqatala Rayon Məhkəməsinin (hakim Elbrus Məmmədov) xx xxxxxx 2020-ci il tarixli 2(033)-222/2020 nömrəli qətnaməsi ilə ərizə qismən təmin edilərək Ərizəçi mərhum qardaşı-1971-ci ildə anadan olmuş, xx.xx.1992-ci ildə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş mərhum X1 qanun üzrə vərəsəsi tanınması qət edilmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(033)-222/2020 nömrəli qərardadı ilə Ərizəçi maraqlı şəxs Zaqatala 2 saylı Notariat Ofisinə qarşı tələbin Zaqatala rayonu Yuxarı Tala kəndində doğulmuş və xx.xx.1992-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olaraq şəhid olmuş X1 vərəsələrinə ölkə Prezidentinin imzaladığı xx xxxxx 2019-cu il tarixli “Azərbaycan Respublikasının Ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşdüyünə görə ölmüş elan edilmiş, hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı ilə müəyyənləşdirilmiş 11000 (on bir min) manat məbləğində birdəfəlik ödəməni almaq üçün qanun üzrə vərəsəlik hüququnun verilməsinə dair hissəsinə münasibətdə iş üzrə icraata xitam verilmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(033)-222/2020 nömrəli qərardadından Ərizəçi və vəkili Vəkil şikayət verərək qərardadın ləğv edilərək işin baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Ərizəçi qardaşı Süleyman Məmmədov Azərbaycan Respublikasının ərazi bütövlüyü ugrunda gedən döyüşlərdə müharibədə həlak olaraq şəhid olmuşdur. Onun şəhid olması işə əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin qərarı və işə əlavə edilmiş Əmək və X5 Nazirliyi yanında DSMF Zaqatala rayon şöbəsinin verdiyi sənədlərlə təsdiq olunmuşdur. Ölkə Prezidentinin imzaladığı xx xxxxx 2019-cu il tarixli "Azərbaycan Respublikasının ərazi bütövlüyü ugrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Fərmanının" 1-ci bəndinə əsasən 1997-ci ilin avqustun 02-dək Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 manat məbləğində birdəfəlik ödəmə verilməlidir. Ərizəçi xx.xx.1992-ci ildə şəhid olmuş X1 qanun üzrə vərəsəsi olduğundan həmin Fərmanda qeyd olunmuş birdəfəlik ödəməni almaq məqsədilə notariusdan vərəsəlik şəhadətnaməsi almaq üçün notariusa müraciət etmişdir. Notarius şifahi formada imtina edərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon Şöbəsindən qardaşının şəhid olması ilə əlaqədar arayış götürülməsini tələb etmişdir. Həmin arayışı almaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon Şöbəsinə müraciət etmişdir. Sonuncu əsassız cavab verdiyinə görə Şəki İnzibati-İqtisadi Məhkəməsində mərhumun şəhid olması haqqında arayışın verilməsi öhdəliyinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon Şöbəsinin üzərinə qoyulmasına dair iddia qaldırılmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin etməmiş, həmin qərardan Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinə xx xxxxxx 2019-cu il tarixdə baxılaraq Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləgv edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə müəyyən edilmişdir ki, ərizəçinin qardaşının şəhidlik statusu ləgv edilməyib, buna görə də şəhidlik statusunun verilməsi tələbinə ehtiyac yoxdur. Həmin qərar ilə ərizəçiyə izah edilmişdir ki, atasının və şəhid olmuş qardaşının vərəsəsi olaraq mülki qanunvericiliklə müəyyən edilmiş tələblər nəzərə alınmaqla mirasın qəbul edilməsi ilə bağlı rayon məhkəməsində müvafiq iddia qaldırmalıdır. Bundan sonra ərizəçi təkrar olaraq notariusa müraciət etmişdir ki, Fərmanla müəyyən edilmiş bir dəfəlik ödəməni almaq üçün qanun üzrə vərəsəlik şəhadətnaməsi alsın. Notarius isə imtina məktubu verərək bildirmişdir ki, mərhum qardaşı X1 vərəsələrinə verilən birdəfəlik ödəməni almaq hüququ barədə məlumat aşkar edilmədiyi üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verə bilmir. Notariusun bu imtinası ilə razı deyillər, ona görə ki, Prezidentin adı çəkilən Fərmanında açıq-aydın yazılmışdır ki, şəhid olmuş şəxsin vərəsələrinə həmin birdəfəlik ödəmə verilsin. Notariusun digər bir məktubunda isə göstərilir ki, şəhid olmuş şəxsin valideynləri, arvadı və uşaqları olmadığı halda həmin birdəfəlik ödəməni almaq üçün vərəsəlik şəhadətnaməsi şəhidin qardaş və bacılarına verilir. Ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçinin valideynləri vəfat etmişdir, şəhid qardaşının isə arvad-uşağı olmamış, şəhid olarkən o subay olmuşdur. Buradan görünür ki, həmin vərəsəlik hüququ haqqında şəhadətnamə ərizəçiyə verilməlidir. Bacısı isə buna etiraz etmir. Məhkəmə ərizəyə baxarkən vərəsəlik hüququndan irəli gələn mübahisəyə, baxmaq əvəzinə özü özündən Səfərbərlik idarəsinə sorğu verərək, oradan cavab alaraq guya ərizənin mübahisələndirildiyini, daha sonra mübahisə olduğu halda iddia icraatında baxılacağını, lakin bu mübahisənin iddia icraatında baxıla bilməməyini müzakirə etmişdir. Məhkəmə qərardadında Şəki Apellyasiya Məhkəməsinin qərarını müzakirəyə qoymuşdur. Yazmışdır ki, ərizəçinin şəhidin ailə üzvü olmaması əsasında tələb hüququnun yaranmaması müəyyən edilmişdir, yəni iş üzrə ərizəçi tələbi həmin hüququ əldə etdikdən sonra irəli sürə bilər. Məhkəmə guya bilmir ki, ərizəçi şəhid ailəsi deyil, şəhidin vərəsəsi olmasından irəli gələn hüquqdan istifadə edir. Deməli, məhkəmə belə qənaətə gəlmişdir ki, ərizəçi şəhid olmuş qardaşının vərəsəsi deyil və bu vərəsəliyi əldə edə bilməz. X2 qeyd olunur ki, birdəfəlik ödəmə şəhidin vərəsələrinə ödənilməlidir. Məhkəmə hazırkı mübahisə üzrə işə baxarkən maraqlı şəxs olan notarus tərəfindən ərizənin təmin edilməsinə etirazının olmamasına əhəmiyyət vermədən hansısa məlum olmayan səbəbdən bəhanələr axtarmışdır. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(033)-222/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, iş materialları ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi və vəkili Vəkil izahatlarında şikayətin təmin edilməsi və Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(033)-222/2020 nömrəli qərardadının ləğv edilərək işin baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq maraqlı şəxs Zaqatala Rayon 2 saylı Notariat Ofisi nümayəndəsinin iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci mаddəsinə əsаsən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(033)-222/2020 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, ərizəçi sözügedən birdəfəlik ödəməni ala bilməməsinə səbəb Əmək və X5 Nazirliyinin “İnternet ünvanının birdəfəlik ödəmə” bölməsində mərhum X1 vərəsəsinə verilən birdəfəlik ödəməni almaq hüququ barədə məlumatın aşkar edilməməsi olmuşdur. Belə ki, Ərizəçi müraciətinə Zaqatala 2 saylı Notariat Ofisinin xüsusi notariusunun xx xxxxxx 2019-cu il tarixli 103 saylı, iş materiallarında olan məktubu ilə işin bu faktiki halı öz təsdiqini tapmışdır. İş materiallarında olan qanuni qüvvəsini almış Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə ərzəçinin şəhid ailəsinin üzvü olmaması əsasında tələb hüququnun yaranmaması müəyyən edilmişdir. Yəni ərizəçi iş üzrə tələbin həmin hüquq əldə edildikdən sonra irəli sürə bilər. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2019-cu il tarixli Fərmanı ilə hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı birdəfəlik ödəmənin həyata keçirilməsi üçün icra mexanizmi, birdəfəlik ödəməni almaq hüququnun şərtləri, ödəniş qaydaları tam və dürüst şəkildə müəyyən edilmişdir. İş materiallarında olan, sözügedən Fərmanın 5-ci bəndində göstərilir ki, “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Müdafiə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən etsin və üç ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyinə təqdim etsin”. Beləliklə, Fərmanın əhatə dairəsinə düşən hərbi qulluqçuların siyahısının müəyyən olunması Fərmanın 5-ci bəndində göstərilən və adları yuxarıda qeyd olunmuş dövlət orqanlarına həvalə edilmişdir. Hansı ki, həmin siyahılar sözügedən orqanlar tərəfindən dəqiqləşdirilərək müəyyən edildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyinə təqdim edilmişdir. İş materiallarında olan, məhkəmənin sorğusuna əsasən verilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli 142 saylı cavab məktubu və məktuba əlavə edilmiş sənədlərdən görünür ki, “döyüş əməliyyatları başladığı gündən qaytarılmaz itkilərin şəxsi heyətin siyahısı” qovluğunda mərhum X1 xx.xx.1992-ci il tarixdə həlak olması barədə məlumat olsa da, hərbi hissənin nömrəsi, həlak olduğu yer, eləcə də həlak olma səbəbi və şəraiti göstərilməmiş, eyni zamanda Xidmətin Aparatına Müdafiə Nazirliyinin Təşkilat Səfərbərlik İdarəsindən təqdim edilmiş, 1997-ci il avqustun 2-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarda itkin düşmüş əsgər (matros) və çavuşların siyahısında Süleyman Məmmədovun adı yoxdur. Məhz bu səbəbli mərhumun adının həmin siyahıya əlavə edilməsi mümkün olmamışdır. Bütün bunlar məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, sözügedən Fərman əsasında birdəfəlik ödəmənin həlak olmuş Süleyman Məmmədovun vərəsələrinə verilməli olub-olmaması işin mübahisələndirilən faktiki halıdır. Hüquqla bağlı mübahisə yarandığından işə məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Lakin, hüququ mübahisələndirən tərəf Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İnzibati orqan olduğundan hazırki tələbin həmin hissəsinə ümumi məhkəmədə baxıla bilməz.Yəni mübahisəyə iddia icraatı qaydasında baxılması da hazırkı mövcud vəziyyətdə məhkəmənin səlahiyyəti baxımından mümkün deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan başqa İnzibati Prosessual Məcəllənin: 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2-ci maddəsinə əsasən, aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Birinci instansiya məhkəməsi hesab etmişdir ki, normanın məzmunundan göründüyü kimi mübahisə üzrə tərəf inzibati orqandırsa və məhz mübahisənin yaranmasına səbəb inzibati orqanın hərəkət və hərəkətsizliyidirsə belə mübahisəyə İnzibati Məhkəmədə baxılmalıdır. Ərizəçi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən tərtib edilmiş siyahıda mərhum qardaşının adının olmamasını əsassız hesab edərək hazırki tələblə məhkəməyə müraciət etmişdir. Hansı ki, inzibati orqanın üzərinə hər hansı vəzifənin həvalə edilməsi ümumi məhkəmələrin səlahiyyətinə aid deyildir. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə görə, apelyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Ərizəçi və vəkili Vəkil tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(033)-222/2020 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar