Məhkəmə qərarları › İş №2(107)-815/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-815/2021

28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-815/2021 28.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Şükürov İmanverdi Həşimxan oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rəfail qızının katibliyi ilə, cavabdeh «xxxx» ASC-nin nümayəndəsi Seyidov Çingiz Ağamirzə oğlunun iştirakı ilə, Mingəçevir Şəhər Məhkəməsinin 26.10.2020-ci il tаrixli, 2(051)-606/2020 saylı qətnaməsindən cavabdeh «xxxx» ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçılar Teymurov Vaqif İsbəndiyar oğlu və Əliyev Rəşad Ramiz oğlu cavabdeh «xxxx» ASC-yə qarşı «pozulmuş hüququn bərpa edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC-nin 2015, 2016, 2017, 2018-ci il tarixli Qiymətli Kağız Mülkiyyətçilərini Reyestrinin surətini, “xxxx” ASC-nin 2014, 2015 və 2016-cı ilin yekunlarına dair keçirilmiş Ümumi Yığıncağın protokolunun surətini, “xxxx” ASC-nin Emissiya Pospektinin surətini, “xxxx” ASC-nin 20 dekabr 2019-cu il tarixdə keçirilmiş Səhimdarlarının növbədənkənar Ümumi Yığıncağın protokolunun surəti, “xxxx” ASC-nə məxsus ümumi sahəsi 3.683 kv.m olan qeyri-yaşayış binalarının, istehsal sahələrinin söküntüsü ilə əlaqədar hansı şirkətlə və fiziki şəxslərlə bağlanmış müqavilələrin surətlərini, söküntüdən (satılmış dəmir qurğulardan avadanlıqlardan) əldə edilmiş pulun (manatın) hansı hesaba köçürülməsini təstiq edən qəbzlərin surətini cavabdeh “xxxx” ASC-dən alınıb ona verilməsi, təqdim ediləcək sənədlərin surəti olduğundan onların hər səhifəsinə “əsli ilə düzdür” ştampı və möhrü vurulmaqla ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Mingəçevir Şəhər Məhkəməsinin 26.10.2020-ci il tаrixli, 2(051)-606/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, “xxxx” ASC-nin 2015, 2016, 2017,2018-ci iltarixli Qiymətli Kağız Mülkiyyətçilərini Reyestrinin surətini, 2) “xxxx” ASC-nin 2014, 2015 və 2016-cı ilin yekunlarına dair keçirilmiş Ümumi Yığıncağın protokolunun surətini: 3. “xxxx” ASCnin Emissiya Pospektinin surətini; 4. “xxxx” ASC-nin 20 dekabr 2019-cu il tarixdə keçirilmiş Səhimdarlarının növbədənkənar Ümumi Yığıncağın protokolunun surəti; 5. “xxxx” ASC-nə məxsus ümumi sahəsi 3.683 kv.m olan qeyri-yaşayış binalarının, istehsal sahələrinin söküntüsü ilə əlaqədar hansı şirkətlə və fiziki şəxslərlə bağlanmış müqavilələrin surətlərini, söküntüdən (satılmış dəmir qurğulardan-avadanlıqlardan) əldə edilmiş pulun (manatın) hansı hesaba köçürülməsini təstiq edən qəbzlərin lazımi qaydada təstiq edilmiş surətləri iddiaçılar Teymurov Vaqif İsbəndiyar oğlu və Əliyev Rəşad Ramiz oğluna təqdim edilməsi və ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçılara verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən cavabdeh «xxxx» ASC apelyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh «xxxx» ASC-nin nümayəndəsi Seyidov Çingiz Ağamirzə oğlu birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək işin aidiyyatı üzrə kommersiya məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini, cavabdehin nümayəndəsinin izahatı və iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 26.10.2020-ci il tаrixli, 2(051)-606/2020 saylı qətnaməsi ləğv edilərək, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarının 14 və 17-ci səhifələrində olan 01.03.2018-ci il tarixli, № AA64017763 olan və 09.04.2019-cu il tarixli № AA65779962 olan, depo hesabında çıxarışa əsasən iddiaçılar “xxxx” ASC-nin səhmdarıdır. Həmçinin iş materiallarından görünür ki, cavabdeh «xxxx» ASC hüquqi şəxsdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinin tələbinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2-ci maddəsinə əsasən Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 8-ci bəndində qeyd edilir ki, nəzərə alınmalıdır ki, MPM-in 418.4.9 və 418.5-ci maddələri ilə işin məhkəmə aidiyyəti üzrə düzgün baxılmaması kobud prosessual pozuntu kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi əsası kimi nəzərdə tutulduğundan, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən MPM-in 384 və 387-ci maddəsində məhkəmə aidiyyətinin pozulması əsası ilə qətnamənin ləğv edilərək aidiyyəti üzrə göndərilməsi ilə bağlı konkret müddəaların nəzərdə tutulmadığına istinad etməklə, məhkəmə aidiyyəti məsələsinə qiymətin verilməməsi mümkünsüzdür. Bununla bağlı apellyasiya instansiyası məhkəmələrinə izah edilir ki, işin birinci instanisyası məhkəməsi tərəfindən məhkəmə aidiyyəti üzrə səhvən baxıldığının müəyyən edildiyi halda, apellyasiya məhkəməsi MPM-in 387.2.1-ci maddəsinə istinad etməklə qətnaməni ləğv etməli və MPM-in 365-ci maddəsindən çıxış etməklə MPM-in 32.4-cü maddəsini rəhbər tutub işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul etməlidir. MPM-in 32.5-ci maddəsinə əsasən həmin qərardadlardan şikayətin verilməsi nəzərdə tutulduğundan, apellyasiya instansiyası məhkəmələri işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qəbul etdikləri qərardadlardan tərəflərin kassasiya instansiyası məhkəməsinə şikayəti vermək hüquqlarının olduğunu da nəzərdən qaçırmamalıdırlar. Beləliklə yuxarıda qeyd olunanlardan göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir və aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 13-cü bəndində qeyd edilir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Həmin qərarın 19-cu bəndində məhkəmələrə izah edilir ki, MPM-in 26.2-ci maddəsində kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aid edilmiş həmin Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş “Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında” işlərin xarakteri özü-özlüyündə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini diktə edir. Eyni yanaşma müflisləşmə, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, çoğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla), habelə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər üzrə işlərə də aid edilməlidir. Həmin qərarın 24-cü bəndində qeyd edilir ki, nəzərə alınmalıdır ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən “Azəriqaz” İB, “xxxx” ASC, “xxxx” ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Bu mübahisələrin bir tərəfi qismində qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslər çıxış etdikdə isə, həmin işin kommersiya məhkəməsində baxılması imkanı sərfiyyatın onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı fəaliyyətindən irəli gəldiyi halla məhdudlaşmış olacaqdır. Dövlət orqanları və bələdiyyələrlə adıçəkilən enerji və su təchizatı qurumları arasında olan mübahisələrə isə bu Qərarın 23-cü bəndinə əsasən kommersiya məhkəmələrində baxılacaqdır. Yuxarıda göstərilənləri əsas götürərək məhkəmə kollegiyası belə hesab edir ki, mübahisə üzrə tərəflərdən hər ikisi sahibkarlıq statusuna malik olmaqla, həmin fəaliyyətinin həyata keçirilməsindən irəli gələn məsələni mübahisələndirdiklərindən və tələb də məhz ortaq kommersiya fəaliyyətindən irəli gələn münasibət olmaqla korporativ mübahisəyə aid olduğundan hazırki tələbə məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılmalıdır. Həmçinin məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçılar hazırki iddia ərizəsi ilə bağlı Mingəçevir Şəhər Məhkəməsinə müraciət etdikdən sonra, Mingəçevir Şəhər Məhkəməsi 17 fevral 2020-ci il tarixli qərardadla iddia ərizəsinin qəbulundan imtina etmişdir. İddiaçılar Teymurov Vaqif İsbəndiyar oğlu və Əliyev Rəşad Ramiz oğlu həmin qərardaddan şikayət vermişdir. Mingəçevir Şəhər Məhkəməsinin 02 mart 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 mart 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsi 17 fevral 2020-ci il tarixli qərardadı ləğv edilmiş, iddia ərizəsinin icraata qəbul edilərək aidiyyatı üzrə kommersiya məhkəməsinə göndərilməsi üçün mülki iş Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. Lakin Mingəçevir Şəhər Məhkəməsi bundan sonra işə mahiyyəti üzrə baxaraq iş üzrə yekun məhkəmə aktı (qətnamə) qəbul etmişdir. Halbuki “işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 3cü bəndində qeyd edilmişdir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş məhz ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 32.7-ci maddəsi ilə bir məhkəmədən digərinə göndərilmiş işin onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməli olması ilə bağlı müddəa, məhkəmənin həmin işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadla razılaşmayaraq, işin göndərən məhkəməyə geri qaytarılmasını qadağan edən norma kimi qəbul edilməlidir. Yəni, bu norma heç də aidiyyəti üzrə göndərilmiş işin onu qəbul edən məhkəmə tərəfindən iddia ərizəsinin MPM-in 149, 150-ci maddələrinin tələblərinə cavab verməməsi əsası ilə MPM-in 152-ci maddəsinə istinad etməklə tərəfə geri qaytarılmasının qarşısını almır. Məhkəmələr tərəfindən işlərin aidiyyəti üzrə göndərilməsi zamanı MPM-in 10-1-ci maddəsinin tələblərinə riayət edilməsi baxımından kağız daşıyıcılarında olan iş materiallarının elektron sənədə çevrilməsi ilə bağlı “Elektron məhkəmə” informasiya sisteminin imkanlarından istifadənin zəruriliyi də diqqətdən kənarda qalmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.1-ci maddəsinə əsasən işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 26.10.2020-ci il tаrixli, 2(051)-606/2020 saylı qətnaməsi prosessual qanunvericiliyin normaları pozulmaqla qəbul edildiyindən ləğv edilməli və Mülki Prosessual Məcəllənin, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli Qərarının tələbləri baxımından mülki iş məhkəmə aidyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 24, 26, 32, 263-264, 365, 384, 387 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh «xxxx» ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 26.10.2020-ci il tаrixli, 2(051)-606/2020 saylı qətnaməsi ləğv edilsin. Mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar