Məhkəmə qərarları › İş №2(107)-820/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-820/2023

11.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-820/2023 11.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), X3 və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı “qeyriyaşayış sahəsindən çıxarılma, əmlakdan maneələrə son qoyulması” tələbi barədə iddiasına dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı iddia edir ki, ona məxsus Qəbələ şəhəri, 2 hərbi şəhərcikdə(əvvəlki ünvan A.Vasilyev küçəsi) yerləşən qeyri-yaşayış sahəsindən və həmçinin Qəbələ rayonu Mirzəbəyli kəndində mülkiyyətində olan fındıq emalı zavodunun qarşısında yerləşən 2 ədəd dəmir köşkdən istifadə etməyinə cavabdeh tərəfindən maneələr törədilir. Hər iki əmlakın hüquqmüəyyənedici sənədləri yoxdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçıya məxsus Qəbələ şəhəri, 2 hərbi şəhərcikdə (əvvəlki ünvan A.Vasiliyev küçəsi) yerləşən qeyri-yaşayış sahəsindən və həmçinin ona məxsus Qəbələ rayonu, Mirzəbəyli kəndində fındıq emalı zavodunun qarşısında yerləşən 2 ədəd dəmir köşkdən istifadəyə maneələrə son qoyulması, həmin əmlakların boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qəbələ şəhərində hərbi şəhərcik deyilən ərazidə Qəbələ şəhəri, 2 hərbi şəhərcik (keçmiş ünvan A.Vasiliyev) ünvanında 90-cı illərdə mağaza almışdır. Həmin mağazanı rəsmi olaraq 2004-cü ildən qeydiyyata salmaqla işlətmişdir. Lakin artıq 5 ildir ki, cavabdeh həmin mağazanı mənimsəyərək və başqa şəxslərə verərək ona həmin mağazadan istifadə etməyə imkan vermir. İddiaçı dəfələrlə cavabdehə mağazanı boşaltmağı və ona istifadəyə maneələrə son qoymağı tələb etsə də, cavabdeh bu hərəkətlərinə son qoymamışdır. Vergi orqanlarından arayışdan da göründüyü kimi 22 may 2006-cı ildən həmin əmlakı vergidə iddiaçının adına qeydiyyata alınaraq işləməyi üçün sənəd verilmişdir. Həmçinin cavabdeh iddiaçıya məxsus fındıq zavodunun qabağında tikdirdiyi, fındıq və qarışıq malların satışı üçün düzəltdirdiyi dəmir köşkü də mənimsəmiş və istifadə etməyinə mane olmuşdur. Hətta orada olan iddiaçının mallarını belə götürmüş və qapının qıfılını qıraraq ora yeni qıfıl qoymuşdur. İddiaçı həmin dəmir köşkü hərbi şəhərcikdə düzəltmişdir. Bunu həmin köşkü düzəldənlər və texnika ilə ora gətirənlər də təsdiq edir. Həmçinin icra nümayəndəliyindən təqdim etdiyi arayışdan da göründüyü kimi dəmir köşk onun fındıq emalı zavodunun qarşısındadır və ona məxsusdur. Göründüyü kimi cavabdeh hər iki əmlakını mənimsəyərək istifadə edir və ona onlardan istifadəyə maneçilik törədir. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində göstərir ki, “Qəbələ şəhərində hərbi şəhərcik deyilən ərazidə Qəbələ şəhəri, keçmiş A.Vasilyev ünvanında 90-cı illərdə mağaza almışdır”. İddiaçı iddia ərizəsində bu ifadəni yazmaqla məhkəməni aldatmağa cəhd etmişdir. Ona görə ki, onun iddiasında göstərdiyi mağaza ötən əsrin 90-cı illərində keçmiş SSRİ-nin N saylı hərbi hissəsinin “Qəbələ RLS” adlanan hərbi yaşayış şəhərciyi olmuşdur. Ötən əsrin 80-90-cı illərində N saylı hərbi hissənin rəhbərliyinin razılığı ilə göstərilən mağazanı işlədirmiş. Lakin sonradan, yəni müstəqillik dövründə hərbi hissənin rəhbərliyi ona məktubla bildirmiş ki, N saylı hərbi hissənin “Qəbələ RLS” adlanan hərbi yaşayış şəhərciyi ərazisində işlətdiyi ticarət müəssisənin fəaliyyət göstərməsi Rusiya Federasiyası ilə Azərbaycan Respublikasının Qəbələ RLS-lə bağlı müqavilənin tələblərinə ziddir. Həmin məktubda bildirilir ki, mağazanın fəaliyyət göstərməsi üçün adıgedən hərbi hissənin rəhbərliyi ilə yenidən razılaşma müqaviləsi bağlandıqdan sonra mağaza fəaliyyət göstərə bilər. Lakin az keçməmiş həmin hərbi hissə və hərbi yaşayış şəhərciyi Qəbələ rayonunu tərk etmiş və həmin mağaza içərisində bəzi əşyalar olmaqla bu günə kimi bağlı qalmaqdadır və açarlar da ondadır. Həmin mağazanı qeyri-yaşayış obyekti kimi özəlləşdirmək məqsədi ilə Dövlət Əmlak Komitəsinə bir neçə dəfə şifahi müraciət etmiş, lakin həmin hərbi şəhərcik ərazisində olan obyektlərin özəlləşdirilməsinə hələlik icazə verilmədiyini əsas gətirərək imtina etmişlər. N saylı hərbi hissəsinin komandiri S.Starostinin ona ünvanladığı 08 fevral 2005-ci il tarixli, 463 saylı məktubunu əlavə edir. Bundan başqa Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Bölməsinin rəisi, polis polkovnik leytenantı F.X.Əliyevin Qəbələ-2 şəhəri “QORODOK” mağazasının müdiri Cavabdeh ünvanladığı 07 sentyabr 2007-ci il tarixli, 1/328 saylı məktubla bildirilir ki, “Sizin rəhbərlik etdiyiniz mağaza gecə gözətçi tərəfindən mühafizə olunmur” və sairə. Göstərdiyi hərbi hissə komandirinin məktubunun 08 fevral 2005-ci il tarixdə yazılması və polis bölməsi rəisinin məktubu 07 sentyabr 2007-ci il tarixdə yazılması və hər iki məktubun adıgedən mağaza ilə bağlı olmaqla ona ünvanlanması sübut edir ki, İddiaçı iddia ərizəsində “mən Qəbələ şəhərində hərbi şəhərcik deyilən ərazidə Qəbələ şəhəri keçmiş A.Vasilyev ünvanında 90-cı illərdə mağaza almışdım” göstərməsi yalandır və o, açıq-aşkar məhkəməni aldatmaqla özgəsinin əmlakına yiyələnməyə cəhd edir. Qəbələ şəhəri hərbi şəhərcik deyilən ərazidə (keçmiş ünvan A.Vasilyev) yerləşən, yəni keçmiş SSRİ-nin N saylı hərbi hissəsinin “Qəbələ RLS” adlanan hərbi yaşayış şəhərcikdə ticarət müəssisəsi kimi fəaliyyət göstərmiş qeyri-yaşayış sahəsinin ona məxsus olmasına dair mülkiyyət hüququ verən müvafiq sənədi İddiaçı məhkəməyə təqdim etməmişdir. Belə olduğu halda, İddiaçı həmin qeyri-yaşayış sahəsindən onun çıxarılmağını və həmin sahəni, orada olan ona məxsus əşyaları və qapının açarlarını ona təhvil verilməsi barədə məhkəmədə iddia qaldırması əsassız, qanunsuz və məntiqsizdir. Ona görə hesab edir ki, İddiaçı iddia tələbi məhkəmə tərəfindən rədd edilməli və təmin edilməməlidir. Daha sonra isə İddiaçı iddia ərizəsində göstərir ki, “cavabdeh mənə məxsus mənim fındıq zavodumun qabağında tikdirdiyi və fındıq və qarışıq malların satışı üçün düzəltdirdiyim dəmir köşkü də mənimsəmiş və istifadə etməyimə mane olur. Həmin sahəni də artıq illərdir ki, mənimsəyib işlədir. Hətta orada olan mənim mallarımı belə götürmüş və qapının qıfılını qıraraq ora yeni qıfıl qoymuşdur”. İddiaçı bu iddiasını da yalandan yazaraq məhkəməni aldatmaqla özgəsinin əməlakına yiyələnməyə cəhd edir. Belə ki, “hətta orda olan mənim mallarımı belə götürmüş və qapının qıfılını qıraraq ora yeni qıfıl qoymuşdur” yazması heç də həqiqəti əks etdirmir. Onun yalan göstərməsi və məhkəməni aldatmasını sübuta yetirən sənəd, Qəbələ rayon Polis Şöbəsində 09 yanvar 2022-ci il tarixdə HK-1\34 sayla qeydiyyata alınmış, həmin şöbənin təhqiqat bölməsinin baş təhqiqatçısı, polis kapitanı X2 22 yanvar 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardır. Bundan başqa iddiaçı iddia ərizəsinə Qəbələ rayonu Mirzəbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Elxan Abdullayevin imzaladığı və gerbli möhürlə təsdiqlədiyi xx.xx.2022-ci il tarixli, 119 saylı arayışı əlavə etmişdir. Həmin arayışda göstərilmişdir ki, “verilir Qəbələ rayon Mirzəbəyli (Corlu) kənd sakini İddiaçı ondan ötəri ki, həqiqətən o, Mirzəbəyli kəndi ərazisində yerləşən fındıq sexinin qarşısındakı yol kənarında olan iki ədəd dəmir köşk (dəmir dükan) Qəbələ rayon Mirzəbəyli kənd sakini İddiaçı məxsusdur. Arayış Qəbələ rayon məhkəməsinə təqdim etmək üçün verilir”. Arayışda “yol kənarında olan iki ədəd dəmir köşk (dəmir dükan) “İddiaçı məxsusdur” göstərilmiş olsa da, arayışın hansı normativ akta, yaxud mülkiyyət hüququnu təsdiq edən sənədə istinadən verildiyi göstərilməmişdir. Tərəfindən edilmiş sorğuya, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 10№-li Yol İstismarı MMC-nin 28 iyul 2022-ci il tarixli, 74 saylı məktubunda bildirilmişdir ki, “Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 80-ci km-də yolun sağ tərəfində hər iki qeyri-yaşayış obyektinin altında yerləşən torpaq sahəsi həmin yolun təhkim zolağıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 298 saylı qərarına əsasən, yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən obyektə aid olan sahənin kənarına qədər olan məsafə 30 m-dən az olmamalıdır”. Adıgedən iki ədəd dəmir köşk isə, yolun mərkəzindən 25-27 metr məsafədə, yəni Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xidmət etdiyi ərazidir və Qəbələ rayonu Mirzəbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin ərazisi deyil. İddiaçı isə iki ədəd köşkə, yəni qeyriyaşayış sahəsindən onun çıxarılması və həmin sahəni, orada olan ona məxsus əşyalar və qapının açarlarını ona təhvil verməsi barədə məhkəmədə iddia tələbi qaldırması əsassız, qanunsuz və məntiqsizdir. Ona görə hesab edir ki, İddiaçı bu iddia tələbi də məhkəmə tərəfindən rədd edilməli və təmin edilməməlidir. Qəbələ Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-2(025)- 921/2022 nömrəli iş üzrə 26 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.Əliyev) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iddiaçı iddia ərizəsində Qəbələ şəhəri, 2 hərbi şəhərcikdə (əvvəlki ünvan A.Vasiliyev küçəsi) yerləşən qeyri-yaşayış sahəsinin və Qəbələ rayonu Mirzəbəyli kəndində ona məxsus fındıq emalı zavodunun qarşısında yerləşən 2 ədəd dəmir köşkün istifadəsinə maneələrə son qoyulmasını, həmin əmlakların boşaldılaraq ona təhvil verilməsini tələb etsə də, iddia tələbinin əsaslandığı hallara, yəni iddia etdiyi əmlaklara dair mülkiyyət hüququ olmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh isə məhkəmə iclasında iddia tələbini etiraf etməmiş, qeyd olunan əmlakların iddiaçıya heç bir aidiyyətinin olmadığını bildirmişdir. Hazırki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşsə də o, cavabdeh tərəfindən hüquqlarının pozulduğuna dair sübutları və hüquqların pozulmasını mübahisələndirilməsini təsdiqləyən faktları məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin iddiaçının təqdim etdiyi sübutlara, yəni Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsi, X6 Təchizatı və Satışı İdarəsi Qəbələ Elektrik Şəbəkəsi və Qəbələ rayon İcra Hakimiyyəti başçısının Mirzəbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışlara hüquqi qiymət verərək, onları Qəbələ şəhəri 2 hərbi şəhərcikdə (əvvəlki ünvan A.Vasiliyev küçəsi) yerləşən qeyri-yaşayış sahəsinin və Qəbələ rayonu Mirzəbəyli kəndində ona məxsus fındıq emalı zavodunun qarşısında yerləşən 2 ədəd dəmir köşkün iddiaçının mülkiyyətində olmasını təsdiqləyən sübut növü kimi nəzərə almamışdır. Daha sonra məhkəmə qeyd etmişdir ki, hazırki iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə əsasən iddianın təmin olunması üçün iddiaçı ilk növbədə mübahisəli əmlakların onun mülkiyyətində, yaxud qanuni istifadəsində olduğunu sübut etməli, yaxud bu, işin mübahisəsiz halı kimi müəyyən olunmalı, yəni cavabdeh həmin faktı etiraf etməlidir. Əks halda iddiaçının ümumiyyətlə belə iddianı qaldırmağa subyektiv hüququ olmadığı üçün məhkəmənin istinad olunan maddənin digər dispozisiya şərtləri üzrə, o cümlədən, cavabdehin əmlaka sahibliyinin qanuniliyi barədə araşdırma aparması mübahisənin mahiyyəti üzrə həlli baxımından əhəmiyyətsizdir. İddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Çünki iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər - hazırkı iş üzrə isə iddiaçının mülkiyyətində (qanuni sahibliyində) olduğunu iddia etdiyi əmlakların bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən əmlakların hər hansı hüquqla iddiaçıya məxsusluğu müəyyən edilməmişdir. Normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Hazırkı halda iddiaçı məhkəmə iclasında cavabdehin onun hansı hüququnu pozmasını sübuta yetirə bilməmişdir. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 152, 157.2, 157.5, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 217.4-cü maddələrinə maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Məhkəməyə müraciət edərək, qeyri-yaşayış sahələrindən istifadəyə maneələrə son qoyulması ilə bağlı qərar verilməsini xahiş etsəm də, məhkəmə mənim iddiamı həmin əmlaklara dair hər hansı sənədimin olmamasını əsas gətirərək rədd etmişdir. Halbuki mən məhkəməyə həmin əmlaklarla bağlı müvafiq sənədləri təqdim etmişdim. Belə ki, Qəbələ şəhəri 2 A.Vasilyev küçəsində (keçmiş rus hərbiçilərinin qaldığı qaradok) yerləşən əmlakın daim mənim istifadəmə verilməsinə dair sənədləri təqdim etmişdim. Daha dəqiqi isə mənim həmin sahədən istifadə etməyim barədə sənədləri təqdim etmişdim. Həmin əmlak 90-cı illərdə mənə istifadəyə verilmiş və həmin vaxtdan son 5 ilədək mənim istifadəmdə olmuşdur. Düzdür həmin əmlakla bağlı sərəncam vermə hüququm olmasa da həmin əmlakın mənim daimi istifadəmdə olması açıq-aşkar təqdim etdiyim sənədlərlə bilinirdi. Həmin yerin ümumiyyətlə sənədi olmadığından mən ona dair hüquqmüəyyənedici sənəd təqdim edə bilmirəm. Lakin mənim həmin sahəyə dair müvafiq dövlət vergi xidmətində qeydiyyatım, obyekt kodu almağım və işləməyim açıq aydın sənədlərlə görünürdü. Məhkəmə isə ümumiyyətlə həmin yerin kimə məxsus olmasını aydınlaşdırmadan, mülkiyyətçinin mən olmadığıma əsaslanaraq iddianı rədd etməsi kobud prosessual pozuntudur. Həmin yerə dair mən Azərişıqdan da sənəd təqdim edərək mənim adıma qeydiyyatın olmasını sübuta yetrimişəm. Məhkəmə isə həmin sənədləri sübut kimi qiymətləndirmədən iddianı rədd etmişdir. Mən məhkəmədən mənim daimi istifadəmdə olan əmlaka dair istifadə hüququmun təmin edilməsini və ən əsası həmin sahəyə dair cavabdeh tərəfindən törədilən maneələrə son qoyulmasını tələb etmişdim. Həmçinin digər köşklərlə bağlı isə bildirim ki, məhkəmə həmin əmlakları daşınmaz əmlak kimi qiymətləndirmişdir. Halbuki həmin əmlaklar daşınar əmlaklardır. Onları mən şəxsən başqa yerdə düzəldib öz zavodumun qabağına qoymuşdum. Bunu icra nümayəndəliyi də müvafiq sənədlərlə təsdiq etmişdir. Həmçinin həmin köşklərin mənə məxsus olmasını sübut edən şahidlər də vardır ki, onlarda bunu təsdiq edirlər. Bu köşkə dair qanunvericilik də hər hansı hüquq müəyyənedici sənədin olmasını mütləq qeyd etməyib. Lakin hər bir halda mən həmin köşkü dəzəltmişəm və 30 ildən çoxdur ki, daimi istifadə etmişəmsə bu əmlak mənim sayılmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, mənə cavabdeh tərəfindən hansı maneələrin olmasını heç cür sübuta yetirə bilmirəm. Lakin məhkəməyə mübahisəli əmlaklara bağlı başqa hüquqmüəyyənedici sənədlər (çıxarış) olmaması səbəbindən yalnız sübut kimi təqdim etdiyim sənədlərə əsasən iddiamın təmin edilməsini xahiş etmişdim. Həmin yerlərə dair cavabdeh də çıxarış və ya ümumiyyətlə hər hansı digər sənəd yoxdur. Məhkəmə işin faktiki hallarına, təqdim edilən sənədlərlə, həmçinin şəxsin istifadə və sahiblik hüququnun bərpa edilməsi yönündə məhkəmə çəkişməsini açmasına deyil, yalnız mülkiyyət hüququnun olmamasına istinad edərək iddianı təmin etməyib. Halbuki həmin yerlərə dair cavabdeh tərəfindən onun və ya başqasının mülkiyyətində olmasına dair hər hansı sübut belə təqdim edilməmişdir. Həmçinin yerli baxış keçirdərək həmin sahələri yoxlamalı və hazırda kimin qanunsuz istifadəsində olmasını yoxlamalı idi. Mənim fındıq emalı zavodumda yerləşən özümə məxsus köşklərdən mən özüm istifadə edə bilmirəm. Bu da mənim istifadə və sahiblik hüququmun pozulmasıdır. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı tazılı etiraz təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1369/2022 nömrəli iş üzrə 26 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov və V.Məlikov) apellyasiya şikayəti təmin edilmiş, Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tаrixli, 2(025)-921/2022 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, Qəbələ şəhəri 2 hərbi şəhərcikdə (əvvəlki ünvan A.Vasiliyev küçəsi) yerləşən qeyri-yaşayış sahəsindən və Qəbələ rayonu Mirzəbəyli kəndində İddiaçı məxsus fındıq emalı zavodunun qarşısında yerləşən 2 ədəd dəmir köşkdən istifadəyə Cavabdeh tərəfindən edilən maneələrə son qoyulması, həmin əmlakların boşaldılaraq İddiaçı təhvil verilməsi, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Rayon Məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, Qəbələ rayonu, Mirzəbəyli kəndində yol kənarında yerləşən dəmir köşklər 2001-ci ildə "xxxx" MMC-nin balansından çıxarılaraq kənd sakini İddiaçı satılmışdır. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 10 iyul 2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, MH-0000963 saylı (daşınmaz əmlakın reyestr nömrəsi **********84-06301) çıxarışdan görünür ki, Qəbələ rayonu, Mirzəbəyli kəndində mülkiyyətində olan 0.035 ha torpaq sahəsində yerləşən 7 girişli, 463.9 kv.m ümumu, 463.9 kv.m əsas sahədən ibarət 2 mərtəbəli qeyri yaşayış binası (fındıq emal zavodu) tam mülkiyyət hüququ üzrə İddiaçı adında daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 27 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Xalq Deputatları Sovetinin 28 iyul 1992-ci il tarixli 2 nömrəli iclas protokolundan 28 iyul 2022-ci il tarixli, 48 saylı çıxarışdan məlum olur ki, Qəbələ rayonunda fəaliyyət göstərən "xxxx" X7 adına kolxozun ərazisində tikdirdiyi mağaza binasının yerləşdiyi sahədən 300 kv.m torpaq sahəsindən istifadə hüququ verilmişdir. İş materiallarından məlum olur ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 10 nömrəli Yol İstismarı MMC tərəfindən verilmiş 28 iyul 2022-ci il tarixli, 74 saylı arayış İddiaçı adına verilmişdir. İş materiallarında olan Qəbələ Rayon İHB Mirzəbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən fındıq sexinin qarşısındakı yol kənarında olan iki dəmir köşk Qəbələ rayonu, Mirzəbəyli kənd sakini İddiaçı məxsusdur. Eyni zamanda iş materiallarında olan X6 Təchizatı və Satışı İdarəsi Qəbələ Elektrik Şəbəkəsi tərəfindən verilmiş 13 may 2022-ci il tarixli, 317 saylı arayışdan görünür ki, İddiaçı Hərbi şəhərcikdə olan özünə məxsus mağazada 2013-cü ilin oktyabr ayında **********30084 (**********9) kodu ******* nömrəli sayğac ilə elektrik enerjisindən istifadə edir və sayğac İddiaçı adınadır. Göründüyü kimi mübahisə predmeti olan köşklər İddiaçı istifadəsində olmuşdur. Kollegiyanın qənaətinə görə iddiaçı qeyri-yaşayış sahəsinin boşaldılması, eyni zamanda qeyri-yaşayış sahəsinin (köşklərin) istifadə edilməsinə cavabdeh tərəfindən törədilən maneənin aradan qaldırılmasını tələb etməkdə haqlı olmuşdur. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (bundan sonrakassasiya instansiyası məhkəməsi) 2(102)-1834/2023 nömrəli iş üzrə 12 may 2023-cü il tarixli qərarı ilə (hakimlər – E.Şamayev (sədrlik edən və məruzəçi), Ə.Xıdırov və E.Vəliyeva) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2(107)-1369/2022 saylı qətnaməsi ləğv olunmuş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, hazırki tələbin hüquqi əsasını Mülki Məcəllənin 157.2 və 157.8-ci maddələri təşkil edir. Həmin normalara əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Qeyd olunan maddi hüquq normasının dispozisiyasına görə əmlak iddiaçının mülkiyyətində (qanuna və ya müqaviləyə əsasən sahibliyində) olmalı, tələb irəli sürülən vaxt əmlak başqa şəxsin sahibliyində olmalı və sonuncunun sahibliyi qanunsuz olmalıdır. Hazırda barəsində tələb irəli sürülən qeyri-yaşayış sahəsinin və 2 ədəd köşkün cavabdehin sahibliyində olması işin mübahisəsiz halıdır. Odur ki, araşdırılmalı olan məsələ ilk olaraq həmin əmlakın iddiaçının mülkiyyətinin (qanuni sahibliyinin) olması və cavabdehin mövcud sahibliyinin qanunsuz olub-olmamasıdır. Apellyasiya məhkəməsi mübahisə olunan köşklərin iddiaçının istifadəsində olduğu nəticəsinə gəlmişdir. Bu nəticəyə gələrkən, apellyasiya məhkəməsi qətnaməsində ziddiyyətli sübutları sadalamaqla kifayətlənmiş, lakin həmin sübutları MPM-in 88 və 218.1-ci maddələrinə uyğun qiymətləndirməmiş və iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini göstərməmişdir. Halbuki qeyd olunan sübutlar özü-özlüyündə mübahisəli əmlakların iddiaçının mülkiyyətində (qanuni sahibliyində) olması qənaətinə gəlmək üçün kifayət etmir. Belə ki, məhkəmə dəmir köşklərin "xxxx" MMC tərəfindən İddiaçı satılmasına istinad etmişdir. Lakin həmin köşklərin MMC-nin mülkiyyətində olduğunu və müvafiq alqı-satqının baş verməsini təsdiq edən hər hansı sənəd iş materiallarında mövcud deyildir. İşdə yalnız "xxxx" X7 adına kolxozun ərazisində tikdirdiyi mağaza binasının yerləşdiyi sahədən 300 kv.m torpaq sahəsində istifadə hüququnun verilməsinə dair Qəbələ rayon XDS-nin 28 iyul 1992-ci il tarixli 11 nömrəli İclas protokolundan çıxarış əlavə olunmuşdur ki, həmin torpaq sahəsinin hazırda mübahisələndirilən əmlaklara aidiyyəti iş materialları ilə müəyyən olunmur. 31. Həmçinin nəzərə almaq lazımdır ki, iş materiallarına "xxxx" MMC-nin tarixsiz və nömrəsiz məktubu əlavə olunmuşdur ki, “dəmir köşklər 2001-ci ilədək Pərvanə MMCnin balansında olmuş, həmin ildə isə balansdan çıxarılaraq kənd sakini İddiaçı satılmışdır.” Məktub "xxxx" MMC-nin direktoru İddiaçı tərəfindən imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında elektron çıxarışdan isə müəyyən olunur ki, "xxxx" MMC-nin qanuni təmsilçisi İddiaçıdur. Beləliklə müəyyən olunur ki, apellyasiya məhkəməsinin istinad etdiyi arayışlar iddiaçının özü tərəfindən imzalanmışdır. Həmin arayışlarda əks olunan məlumatların hazırki qərarın 30-cu bəndinə göstərilən sənədlərlə təsdiq olunmadığı halda, apellyasiya məhkəməsi tərəfindən onların sübut kimi mötəbərliyi Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun qiymətləndirilməmişdir. Həmçinin Qəbələ rayonunun Mirzəbəyli kəndində iddiaçının mülkiyyətində 0,035 ha torpaq sahəsində 2 mərtəbəli qeyri-yaşayış sahəsinin (fındıq emalı zavodunun) olması, həmin sahənin qarşısında quraşdırılmış köşklərin də sonuncunun mülkiyyəti kimi qiymətləndirilməsinə əsas vermir. Belə ki, köşklər iddiaçının torpaq sahəsində deyil, onun qarşısında yolun mühafizə zonasında yerləşir. Əmlaklar müxtəlif olduğu üçün torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun olması sonuncunun köşklərə də hüququnun olması kimi qiymətləndirilməsi anlaşılmazdır. Daha sonra, məhkəmənin istinad etdiyi Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyinin "xxxx" MMCnin 28 iyul 2022-ci il tarixli, 74 saylı arayışı tələbin əsaslılığına aidiyyəti də qeyrimüəyyəndir. Belə ki, apellyasiya məhkəməsi həmin arayışını İddiaçı verildiyini qeyd etmişdir. Lakin iş materiallarının 27, 119-cu vərəqələrində olan qeyd olunan arayışın məzmunundan müəyyən olunur ki, arayış Cavabdeh verilmiş və qeyd olunmuşdur ki, Qaraməryəm – İsmayıllı – Şəki avtomobil yolunun 80-ci km-də yolun sağ tərəfindən hər iki qeyri-yaşayış obyektinin altında yerləşən torpaq sahəsi həmin yolun təhkim zolağıdır. Məhkəmənin istinad etdiyi Qəbələ rayon İHB-nın Mirzəbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 22 aprel 2022-ci il tarixli arayışına gəldikdə isə, iş materiallarından müəyyən olunur ki, həmin arayışı imzalamış X1 birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş və ifadəsində göstərmişdir ki, arayışın verilməsinə səbəb Mirzəbəyli kəndi ərazisində yerləşən fındıq sexinin qarşısındakı yol kənarında olan iki ədəd dəmir köşkün (dəmir dükanın) İddiaçı məxsus olmasını bilməsi olmuş, İddiaçı həmin dəmir köşklərin onun mülkiyyətində olan torpaq sahəsində yerləşməsinə dair torpaq sahəsinin mülkiyyət sənədini vermişdir. Göründüyü kimi, həmin arayışın verilməsi də fındıq emalı zavodunun yerləşdiyi torpaq sahəsinin iddiaçının mülkiyyətində olması ilə əsaslandırılmış və bu səbəbdən arayışın mötəbərliyi hazırki qərarın 34-cü bəndində göstərilən qaydada qiymətləndirilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, məhkəmə qeyd olunan sübutlara istinad etməklə, mübahisə predmeti olan köşklərin iddiaçının istifadəsində olması qənaətinə gəlmişdir. Lakin nəticə olaraq cavabdehin həm Qəbələ şəhəri 2 hərbi şəhərcikdə (əvvəlki ünvan A.Vasiliyev küçəsi) yerləşən qeyri-yaşayış sahəsindən, həm də Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 2 ədəd köşkdən iddiaçının istifadəsinə maneələrə son qoyulmasını və hər iki əmlakın ona təhvil verilməsini qət etmişdir. Göründüyü kimi, qətnamə hərbi şəhərcikdə yerləşən qeyri-yaşayış sahəsinə münasibətdə ümumiyyətlə əsaslandırılmamışdır. Nəhayət işdən müəyyən olunur ki, cavabdeh tərəf də etirazının əsaslandırılması məqsədi ilə məhkəməyə müxtəlif sənədlər təqdim etmiş, lakin apellyasiya məhkəməsi qətnaməsində həmin sənədlərə ümumiyyətlə istinad etməmiş və onları iddiaçının təqdim etdiyi sübutlarla yanaşı qiymətləndirməmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası(bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən və qətnamənin tam ləğvi xahiş edildiyindən məhkəmə aktının əsaslılığı və qanuniliyi tam yoxlanılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat vermişdirlər. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinə etirazın dəlillərinə uyğun izahat vermişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Maddə 152. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkandır. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkandır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarı: “Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarı: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının göstərdiyi faktiki hallar nəzərə alındıqda, tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 157.2-ci və 157.8-ci maddələri nəzərdən keçirilməlidir. Qeyd olunan maddi hüquq normasının dispozisiyasına görə əmlak iddiaçının mülkiyyətində (qanuna və ya müqaviləyə əsasən sahibliyində) olmalı, tələb irəli sürülən vaxt əmlak başqa şəxsin sahibliyində olmalı və sonuncunun sahibliyi qanunsuz olmalıdır. Hazırda barəsində tələb irəli sürülən qeyri-yaşayış sahəsinin və 2 ədəd köşkün cavabdehin sahibliyində olması işin mübahisəsiz halıdır. Odur ki, araşdırılmalı olan məsələ ilk olaraq həmin əmlakın iddiaçının mülkiyyətinin (qanuni sahibliyinin) olması və cavabdehin mövcud sahibliyinin qanunsuz olub-olmamasıdır. İddiaçı, aşağıdakı sübutlara əsaslanaraq mübahisələndirilən əmlakların ona aid olduğunu iddia edir: - Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 10 iyul 2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, MH- 0000963 saylı (daşınmaz əmlakın reyestr nömrəsi **********84-06301) çıxarışdan görünür ki, Qəbələ rayonu, Mirzəbəyli kəndində mülkiyyətində olan 0.035 ha torpaq sahəsində yerləşən 7 girişli, 463.9 kv.m ümumu, 463.9 kv.m əsas sahədən ibarət 2 mərtəbəli qeyri yaşayış binası (fındıq emal zavodu) tam mülkiyyət hüququ üzrə İddiaçı adında daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 27 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Xalq Deputatları Sovetinin 28 iyul 1992-ci il tarixli, 2 nömrəli iclas protokolundan 28 iyul 2022-ci il tarixli, 48 saylı çıxarışdan məlum olur ki, Qəbələ rayonunda fəaliyyət göstərən "xxxx" X7 adına kolxozun ərazisində tikdirdiyi mağaza binasının yerləşdiyi sahədən 300 kv.m torpaq sahəsindən istifadə hüququ verilmişdir. - Qəbələ Rayon İHB Mirzəbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən fındıq sexinin qarşısındakı yol kənarında olan iki dəmir köşk Qəbələ rayonu, Mirzəbəyli kənd sakini İddiaçı məxsusdur. - X6 Təchizatı və Satışı İdarəsi Qəbələ Elektrik Şəbəkəsi tərəfindən verilmiş 13 may 2022-ci il tarixli, 317 saylı arayışdan görünür ki, İddiaçı Hərbi şəhərcikdə olan özünə məxsus mağazada 2013-cü ilin oktyabr ayında **********30084 (**********9) kodu ******* nömrəli sayğac ilə elektrik enerjisindən istifadə edir və sayğac İddiaçı adınadır. Sadalanan sənədlərə qiymət verən Məhkəmə bildirir ki, bu sənədlər özü-özlüyündə mübahisəli əmlakların iddiaçının mülkiyyətində (qanuni sahibliyində) olması qənaətinə gəlmək üçün kifayət etmir. Belə ki, mübahisələndirilən köşklərin "xxxx" MMC-nin mülkiyyətində olması və MMC tərəfindən köşklərin iddiaçıya satılması ilə bağlı müvafiq alğı-satqının baş verməsini təsdiq edən hər hansı sənəd iş materiallarında yoxdur. İşdə yalnız "xxxx" X7 adına kolxozun ərazisində tikdirdiyi mağaza binasının yerləşdiyi sahədən 300 kv.m torpaq sahəsində istifadə hüququnun verilməsinə dair Qəbələ rayon XDS-nin 28 iyul 1992-ci il tarixli, 11 nömrəli İclas protokolundan çıxarış əlavə olunmuşdur ki, həmin torpaq sahəsinin hazırda mübahisələndirilən əmlaklara aidiyyəti iş materialları ilə müəyyən olunmur. Həmçinin nəzərə almaq lazımdır ki, iş materiallarına "xxxx" MMC-nin tarixsiz və nömrəsiz məktubu əlavə olunmuşdur ki, “dəmir köşklər 2001-ci ilədək Pərvanə MMC-nin balansında olmuş, həmin ildə isə balansdan çıxarılaraq kənd sakini İddiaçı satılmışdır.” Məktub "xxxx" MMC-nin direktoru İddiaçı tərəfindən imzalanmışdır. Bundan başqa, işdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında elektron çıxarışdan isə müəyyən olunur ki, "xxxx" MMC-nin qanuni təmsilçisi İddiaçıdur. Göründüyü kimi, iddiaçının istinad etdiyi və iş materiallarında olan məktub və arayışlar iddiaçının özü tərəfindən imzalanmışdır. Belə olan halda, Məhkəmə həmin sənədlərin və sənədlərdə göstərilənlərin mötəbərliliyinə şübhə ilə yanaşır və bildirir ki, həmin sənədlər dəmir köşklərin iddiaçının mülkiyyətində və ya qanuni sahibliyində olmasını təsdiq etmir. Bunlardan başqa, Qəbələ rayonunun Mirzəbəyli kəndində iddiaçının mülkiyyətində 0,035 ha torpaq sahəsində 2 mərtəbəli qeyri-yaşayış sahəsinin (fındıq emalı zavodunun) olması, həmin sahənin qarşısında quraşdırılmış köşklərin də sonuncunun mülkiyyəti kimi qiymətləndirilməsinə əsas vermir. Belə ki, köşklər iddiaçının torpaq sahəsində deyil, onun qarşısında yolun mühafizə zonasında yerləşir. Əmlaklar müxtəlif olduğu üçün torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun olması sonuncunun köşklərə də hüququnun olması kimi qiymətləndirilə bilməz. Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyinin "xxxx" MMC-nin 28 iyul 2022-ci il tarixli, 74 saylı arayışı tələbin əsaslılığını da təsdiq etmir. Belə ki, qeyd olunan arayışın məzmunundan müəyyən olunur ki, arayış iddiaçının deyil, cavabdehin adına verilmiş və arayışda qeyd olunmuşdur ki, Qaraməryəm-İsmayıllı- Şəki avtomobil yolunun 80-ci km-də yolun sağ tərəfindən hər iki qeyri-yaşayış obyektinin altında yerləşən torpaq sahəsi həmin yolun təhkim zolağıdır. Qəbələ rayon İHB-nın Mirzəbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 22 aprel 2022-ci il tarixli arayışına gəldikdə isə, iş materiallarından müəyyən olunur ki, həmin arayışı imzalamış X1 birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş və o, ifadəsində göstərmişdir ki, arayışın verilməsinə səbəb Mirzəbəyli kəndi ərazisində yerləşən fındıq sexinin qarşısındakı yol kənarında olan iki ədəd dəmir köşkün (dəmir dükanın) İddiaçı məxsus olmasını bilməsi olmuş, İddiaçı həmin dəmir köşklərin onun mülkiyyətində olan torpaq sahəsində yerləşməsinə dair torpaq sahəsinin mülkiyyət sənədini vermişdir. Göründüyü kimi, həmin arayışın verilməsi də fındıq emalı zavodunun yerləşdiyi torpaq sahəsinin iddiaçının mülkiyyətində olması ilə əsaslandırılmışdır. Bu səbəbdən sözügedən arayış mübahimsələndirilən köşklərin iddiaçının mülkiyyəti kimi qiymətləndirilməsinə əsas vermir. Məhkəmə həmçinin onu da qeyd edir ki, hərbi şəhərcikdə yerləşən qeyri-yaşayış sahəsinin də iddiaçıya məxsus olması və ya qanuni sahibliyində olması mötəbər sübutlarla təsdiq edilmir. Əksinə, Rayon Məhkəməsi tərəfindən iş üzrə şahid qismində dindirilmiş X4 ifadəsində mağazanın Cavabdeh tərəfindən işlədildiyini, onun da 4 il həmin mağazada işlədiyini, əmək haqqının ona Cavabdeh verdiyi bildirmişdir. Göstərilənlərə əsasən müəyyən edilir ki, həm hərbi şəhərcikdə yerləşən qeyriyaşayış sahəsinin, həm də fındıq zavodunun qarşısında yerləşən köşklərin mülkiyyətçi (qanuni sahib) olduğunu iddia edən iddiaçı bu əmlaklara mülkiyyət hüququnu və ya qanuni sahibliyini təsdiq edən müvafiq hüquq müəyyənedici sənədi məhkəmələrə təqdim etməmişdir. Həmin əmlaklar üzərində iddiaçının hüququnun olması iş materialları ilə təsdiq olunmur. Belə olan halda, Məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirilən əmlaklarla bağlı hazırki iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi bu iddianı təmin etməməkdə haqlı olmuşdur. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Qəbələ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 sentyabr 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar