Məhkəmə qərarları › İş №2(107)-824/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-824/2023

04.07.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-824/2023 04.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair ilk, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı evin alınmasına və təmirinə çəkilmiş xərcin geri qaytarılması tələbinə dair qarşılıqlı iddiaları ilə bağlı mülki iş üzrə (Açar sözlər: icraatın dayandırılması, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Cavadova Günay İsmayıl qızı və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair ilk, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı evin alınmasına və təmirinə çəkilmiş xərcin geri qaytarılması tələbinə dair qarşılıqlı iddiaları ilə bağlı mülki iş üzrə icraatın dayandırılması barədə Mingəçevir Şəhər Məhkəməsnin 25 may 2023-cü il tarixli 2(051)-1118/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Məmmədova X2 Gülər Sabir qızı və Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair ilk iddia ilə, Cavabdeh1, Cavabdeh2 İddiaçı qarşı evin alınmasına və təmirinə çəkilmiş xərcin geri qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi, Vəkil2 məhkəməyə iş üzrə icraatın dayandırılması barədə ərizə verərək bildirdi ki, Cavabdeh2 X1 və İddiaçı qarşı e-2(051)-1118/2023 saylı mülki iş üzrə mübahisəli mənzilin bağışlanmasına dair əqdin etibarsız hesab edilməsi tələbi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. Hazırda e-2(051)-1158/2023 saylı mülki iş məhkəmənin icraatındadır. Odur ki, həmin işə baxılıb məhkəmə tərəfindən yekun qərar qəbul edilənə qədər hazırkı mülki işin icraatının dayandırılmasını xahiş edir. Mingəçevir Şəhər Məhkəməsnin 25 may 2023-cü il tarixli 2(051)-1118/2023 nömrəli qərardadı ilə mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Həmin qərardaddan iş üzrə İddiaçı şikаyət vermişdir. Mingəçevir Şəhər Məhkəməsnin 31 may 2023-cü il tarixli 2(051)-1118/2023 nömrəli qərardadı ilə şikayət təmin olunmamış və şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsnin 25 may 2023-cü il tarixli 2(051)- 1118/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı şikayətində göstərmişdir ki, cavabdehlər ayrıca iddia qaldıraraq İddiaçı ilə Şərafət Məmmədova arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişlər. Lakin cavabdehlərin sözügedən şəxslər arasında bağlanmış və cavabdehlərə yaxından və ya uzaqdan aiddiyyatı olmayan müqavilənin ləğv edilməsini tələb etmək hüququ yoxdur. Belə olan halda cavabdehlər formal iddia qaldırmaqla hazırki işi uzatmaq niyyətindədirlər. Məhkəmə həmin əsassız iddianı rəhbər tutaraq hazırki işin icraatını dayandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlərin sözügedən şəxslər arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb etmək hüquqlarının olub-olmaması həmin iş üzrə qəbul ediləcək olan məhkəmə qərarı ilə müəyyən ediləcəkdir və hazırki iş üzrə qərər qəbul edilməsi həmin iş üzrə qəbul ediləcək olan qərarla müəyyənləşdiriləcək hallardan asılıdır. Buna görə də, birinci instansiya məhkəməsi iş üzrə icraatın dayandırılması qərarına gəlməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa məhkəmə iş üzrə icraatı dayandırmalıdır. Həmin Məcəllənin 256.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər iş üzrə icraat dayandırılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsnin 25 may 2023-cü il tarixli 2(051)-1118/2023 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Mingəçevir Şəhər Məhkəməsnin 25 may 2023-cü il tarixli 2(051)-1118/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsnin 25 may 2023-cü il tarixli 2(051)-1118/2023 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar