Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-826/2022 05.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 Cavabdeh1 qarşı “qaz kəmərinin mühafizə zonasının boşaldılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: qaz kəmərinin mühafizə zonasının boşaldılması ) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı1 nümayəndəsi X5 iştirakı ilə İddiaçı1 Cavabdeh1 qarşı “qaz kəmərinin mühafizə zonasının boşaldılması” tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(063)-14/2021 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları.
1. RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Ucar rayonu, Gəraybəyli kəndində yerləşən 0.06 ha torpaq sahəsi və ümumi sahəsi 210.5 kv.metr olan fərdi yaşayış evi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ üzrə 09 mart 2017-ci il tarixdə 22 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində qeydiyyata alınmışdır.
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 may 2020-ci il tarixli, 384 nömrəli ekspert rəyindən görünür ki, cavabdeh tərəfindən inşa olunmuş daş hasar, fərdi yaşayış evi və sanitar təmizlik qovşağı İddiaçı1nə məxsus diametri 219 mm olan orta təzyiqli qaz kəmərindən müvafiq olaraq 0.3 m-1 m, 2.6 m-3.5 m, 1.5 metr məsafədə yerləşdiyinə görə, “Qaz Təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2 nömrəli əlavəsinin tələbinə əsasən göstərilən kəmərlərin 4.0 metrlik mühafizə zonasına düşdüyü müəyyən edilir. İddiaçı1 balansında və istifadəsində olan D-219 mm-lik, orta təzyiqli qaz kəmərinin 21.4 metr hissəsi Cavabdeh1 mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin hüdudları daxilindən keçir. Cavabdeh1 məxsus Ucar rayonu, Gəraybəyli kəndində yerləşən fərdi yaşayış evi ona məxsus olan 0.06 ha torpaq sahəsinin hüdudları daxilindədir.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2020-ci il tarixli, 10/2474 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Ağsu LTİ-nin mütəxəssis rəyində aşağıdakılar qeyd olunur: Cavabdeh1 adına işlənmiş RX ******* nömrəli çıxarışa əlavə olunmuş **********32-103 nömrəli texniki pasporta əsasən mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsi cavabdehin göstərdiyi və naturada istifadə etdiyi torpaq sahəsi ilə tam üst-üstə düşmür. Konfiqurasiya və koordinat sürüşməsi mövcuddur. Cavabdeh1 mülkiyyətinə verilmiş torpaq sahəsinin, onun naturada göstərdiyi torpaq sahəsi ilə üst-üstə düşən hissəsi mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. Ekspetiza tədqiqatına mübahisəli torpaq sahəsinə dair elektron baza məlumatları təqdim edilməmişdir. Buna görə də ekspert tərəfindən müqayisəli tədqiqatın aparılması mümkün olmadı. Qeyd olunanlar nəzərə alımaqla, mütəxəssis tərəfindən verilmiş rəyin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər.
4. MAPS şöbəsinin 07 yanvar 2019-cu il tarixli arayışından və AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh, Ucar şəhəri, D.Qorqud küçəsi, ev 6, mənzil 16-da qeydiyyatdadır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı qaz kəmərinin mühafizə zonasının boşaldılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehə məxsus Ucar rayonu, Gəraybəyli kəndində yerləşən yaşayış evinin, həmin yaşayış evinin ətrafında inşa edilmiş 35 metr uzunluğunda daş hasarın və həmin evin həyətyanı ərazisində inşa edilmiş sanitar-təmizlik qovşağının (tualet) cavabdehin öz vəsaiti hesabın sökülməsi, iddiaçının balansında və istifadəsində olan D-219 mm-lik, orta təzyiqli qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozularaq, Ucar rayonunun Gəraybəyli kəndi ərazisindən keçən, iddiaçının balansında və istismarında olan, diametri 219 mm-lik, orta təzyiqli qaz kəmərinin mühafizə zonası qanunsuz olaraq zəbt edilmiş, kəmərin 2.60 metrliyində yaşayış evi tikilmiş, həmin evin ətrafına 35 metr uzunluğunda daş hasar çəkilmiş və həyətdə qaz kəmərinin mühafizə zonasında sanitar-təmizlik qovşağı (tualet) inşa edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na yeraltı qaz kəmərlərindən binalara və tikililərə qədər olan məsafəyə aid 2 nömrəli əlavədə orta təzyiqli qaz kəmərlərinin bina və qurğuların özüllərinə qədər məsafəsi (mühafizə zonası) 4 metr, aşağı təzyiqli qaz kəmərlərinin məsafəsi isə 2 metr müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.13cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. Ucar rayonu, Gəraybəyli kəndi ərazisində yerləşən qanunsuz tikililərlə bağlı İddiaçı1 Ağsu X7 İdarəsi tərəfindən 26 dekabr 2018-ci il tarixli, 01 NM-13 HŞ-5887 və 01 NM-13 HŞ-5888 saylı məktublarla Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinə müraciət edilmişdir. Həmin müraciətlərlə əlaqədar aidiyyəti agentliklərin mütəxəssisləri tərəfindən Ucar Xidmət Sahəsinin nümayəndələrinin iştirakı ilə baxış keçirilmişdir. Fövqəladə Hallar Nazirliyinin X2 Görülməsi və Dağ-Mədən Agentiliyinin keçirdiyi baxışa əsasən 26 fevral 2019-cu il tarixli, xx/xx-00846 saylı və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 30 yanvar 2019-cu il tarixli, xx/xx-00494 saylı məktublarında qaz kəmərlərinin mühafizə zonasında qanunsuz tikililərin sökülməsi tələbi ilə bağlı Ucar Rayon İcra Hakimiyyətinə müvafiq tədbirlərin görülməsi tapşırığı verilmişdir. Eyni zamanda, qanunsuz tikililərin sökülməsi tələbi ilə müvafiq tədbirlərin görülməsi üçün sənədlərin hazırlanaraq aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi məqsədəuyğun olduğu göstərilmişdir. İddiaçı1 Ağsu X7 İdarəsi tərəfindən 26 dekabr 2018-ci il tarixdə cavabdehə qaz kəmərinin üzərində inşa edilmiş tikilinin sökülməsi barədə xəbərdarlıq məktubu ilə müraciət edilərək qaz kəmərinin mühafizə zonasının boşaldılması xahiş edilmiş, əks təqdirdə mövcud qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
7. Ucar Rayon Məhkəməsinin (hakim H.Xəlilov ) 30 iyun 2021-ci il tarixli, 2(063)- 14/2021 nömrəli qətnaməsi ilə İddiaçı1 Cavabdeh1 qarşı qaz kəmərinin mühafizə zonasının boşaldılması barədə iddiasının təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən inşa olunmuş daş hasar, fərdi yaşayış evi və sanitar təmizlik qovşağı İddiaçı1nə məxsus diametri 219 mm olan orta təzyiqli qaz kəmərindən müvafiq olaraq 0.3 m-1 m, 2.6 m-3.5 m, 1.5 metr məsafədə yerləşdiyinə görə, “Qaz Təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2 nömrəli əlavəsinin tələbinə əsasən göstərilən kəmərlərin 4.0 metrlik mühafizə zonasına düşdüyü müəyyən edilir, İddiaçı1 balansında və istifadəsində olan D-219 mm-lik, orta təzyiqli qaz kəmərinin 21.4 metr hissəsi Cavabdeh1 mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin hüdudları daxilindən keçir. Cavabdeh1 məxsus Ucar rayonu, Gəraybəyli kəndində yerləşən fərdi yaşayış evi ona məxsus olan 0.06 ha torpaq sahəsinin hüdudları daxilindədir.
9. Göründüyü kimi cavabdehin daşınmaz əmlak üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bundan əlavə, rəydə Cavabdeh1 adına işlənmiş RX ******* nömrəli çıxarışa əlavə olunmuş **********32-103 nömrəli texniki pasporta əsasən mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin cavabdehin göstərdiyi və naturada istifadə etdiyi torpaq sahəsi ilə tam üst-üstə düşmədəyi, konfiqurasiya və koordinat sürüşməsinin mövcud olması göstərilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, cavabdehə məxsus daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmışdır, mülki qanunvericiliyinin tələbinə görə də reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Odur ki, həmin tikililər özbaşına tikinti kimi qiymətləndirilə bilməz. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
10. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əssassız olduğundan təmin edilməməlidir.
11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 139.3, 140, 146.1, 152.1, 180.1 və 180.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
12. Həmin qətnamədən narazı qalan İddiaçı1 apellyasiya şikayəti vermişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə çıxarılarkən tədqiq edilən sənədlər dəqiq araşdırılmamışdır. Belə ki, Cavabdeh1 tərəfindən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozularaq İddiaçı1 Ağsu X7 İdarəsinin balansında və istismarında olan, Ucar rayonunun Gəraybəyli kəndində yerləşən diametri 219 mm-lik orta təzyiqli qaz kəmərinin mühafizə zonasında yaşayış evi, daş hasar və sanitar-təmizlik qovşağı (tualet) inşa olunmuşdur. Cavabdeh tərəfindən inşa olunmuş yaşayış evi,daş hasar və sanitar-təmizlik qovşağı (tualet) orta təzyiqli qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən kəmərin zədələnməsi, qaz sızmasının baş verməsi partlayışa, yanğına və insan tələfatı ilə nəticələnə bilən digər bədbəxt hadisələrə səbəb ola bilər. Həmçinin qaz kəmərinin istismarının mütəmadi olaraq nəzarətdə saxlanmasına, profilaktik işlərin və zərurət yarandıqda təmir- bərpa işlərinin aparılmasına maneçilik törədir.Cavabdeh tərəfindən inşa olunmuş tikililər qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən qanunsuz tikilidir və daim təhlükə mənbəyidir.Qaz xəttinin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər ağır nəticəli bədbəxt hadisələrə səbəb ola bilər.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri” Qaydaların tələblərinə zidd olaraq qaz kəmərlərinin mühafizə zonasında tikilmiş hər bir tikili barədə müvafiq qaydada materiallar toplanaraq tikililərin sahiblərinə qarşı məhkəmədə iddia qaldırılması tapşırılmışdır.
15. Cavabdeh1 qaz kəmərinin mühafizə zonasında tikdirdiyi qanunsuz tikilinin öz vəsaiti hesabına sökərək kəmərin mühafizə zonasından çıxarması barədə rəsmi qaydada “Azəriqaz" İstehsalat Birliyinə müraciət etmiş, ona həmin xəttin mühafizə zonasından çıxarılması üçün vəsait ödəməli olduğu bildirmiş, lakin cavabdeh həmin məbləği ödəməkdən imtina etmişdir.
16. Baxmayaraq ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2020-ci il tarixli,10/2474 nömrəli Ekspert rəyində açıq şəkildə qeyd edilmişdir ki, Cavabdeh1 adına işlənmiş RX ******* nömrəli çıxarışa əlavə olunmuş **********32-103 nömrəli texniki pasporta əsasən mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsi cavabdehin göstərdiyi və naturada istifadə etdiyi torpaq sahəsi ilə tam üst-üstə düşmür.Konfiqurasiya və koordinat sürüşməsi mövcuddur. Lakin hakim qətnamə çıxardarkən bunu qətnaməyə yazmasına baxmayaraq nəzərə almamış,qanunsuz qətnamə çıxarmışdır.
17. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111 -ci maddəsinə əsasən, göstərilən ərazidə cavabdehin hüquqları özbaşına tutduğu (zəbt etdiyi) və faktiki istifadəsində olan torpaq sahəsinə qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada tanına bilməz. Habelə cavabdehin mühafizə zonasında torpaq sahəsinin özünküləşdirilməsinə dair bağladığı hər hansı əqd həmin məcəllənin 109-cu maddəsinə uyğun olaraq etibarsızdır, eləcə də, həmin məcəllənin 110-cu maddəsinə əsasən cavabdeh torpaq qanunvericiliyinin pozulmasına görə məsuliyyət daşıyır. Cavabdeh qeyd olunan qaz kəmərinin texniki istismarına və təmirinə ciddi maneələr törətməklə yanaşı, orada yaşayan insanların həyatı və əmlakı üçün ciddi təhlükə yaradır. Bu səbəbdən tikinti işləri təxirəsalınmadan dayandırılmalı və sökülməlidir.
18. Cavabdeh1 tərəfindən orta təzyiqli qaz kəmərinin mühafizə zonasında qanunsuz inşa etdirilmiş yaşayış evi, daş hasar və sanitar-təmizlik qovşağı qaz kəmərinin mühafizə zonasında inşa edilmişdir.
19. Bundan əlavə “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 iyul 2000-ci il tarixli, 356 saylı Fərmanının 10-cu bəndi ilə qaz kəmərləri keçən ərazilərdə qanunsuz tikililərin aparılması hallarının qarşısının qəti şəkildə alınması şəhər (rayon) icra hakimiyyəti orqanlarına tapşırılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı teleqram vasitəsilə etiraz verilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı1 nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, məhkəmədən kənar qaydada cavabdehə mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, sonda cavabdehlə heç bir qarşılıqlı razılığa gəlinməmişdir. Hesab edir ki, mübahisəli əmlakla bağlı mülkiyyət hüququna dair çıxarış verilərkən aidiyyəti orqanlar tərəfindən ətraflı araşdırma aparılmamışdır. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir.
22. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdeh tərəf məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılıb, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 158.2.1. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 140-cı maddənin tələbinə görə daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. 180.4-cü maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
25. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 111-ci maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111-ci maddəsinin 2-ci hissəsinə görə, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri, qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
28. Ona görə də kollegiya Ucar Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(063)-14/2021 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
31. Belə ki, iddiaçı tələbinin əsası kimi ona istinad edir ki, Ucar rayonunun Gəraybəyli kəndi ərazisindən keçən, iddiaçının balansında və istismarında olan, diametri 219 mm-lik, orta təzyiqli qaz kəmərinin mühafizə zonası qanunsuz olaraq zəbt edilmiş, kəmərin 2.60 metrliyində yaşayış evi tikilmiş, həmin evin ətrafına 35 metr uzunluğunda daş hasar çəkilmiş və həyətdə qaz kəmərinin mühafizə zonasında sanitar-təmizlik qovşağı inşa edilmişdir.
32. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Ucar rayonu, Gəraybəyli kəndində yerləşən 0.06 ha torpaq sahəsi və ümumi sahəsi 210.5 kv.metr olan fərdi yaşayış evi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ üzrə 09 mart 2017-ci il tarixdə 22 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində qeydiyyata alınmışdır.
33. Kollegiyanın araşdırması zamanı sözügedən çıxarışın ləğv və ya etibarsız hesab edilməsi müəyyən edilməmiş, hazırda qüvvədədir.
34. Apellyasiya məhkəməsi qeyd edir ki, xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli, qeydiyyat nömrəsi ********** olan Çıxarış qüvvədə olduğu halda, mübahisəli tikilinin sökülməsi barədə tələbin qanuni əsası yoxdur. Həmçinin, qeyd olunmalıdır ki, sözügedən çıxarış məhkəmə qaydasında hazırki iş üzrə iddiaçı tərəfindən mübahisələndirilməmişdir.
35. Məhkəmə kollegiyası hesab edir ki, fərdi yaşayış evinin özbaşına tikili olması və mühafizə zolağı hüdudlarında yerləşməsi əsası ilə mübahisənin göstərilən qaydada həll edilməsi cavabdehin Konstitusiya ilə təsbit olunmuş hüquqlarının pozulması kimi qiymətləndirilməlidir
36. Nəzərə alınmalıdır ki, cavabdehə mübahisəli ərazidə fərdi yaşayış evi tikmək üçün aidiyyəti orqanlar tərəfindən, o cümlədən də iddiaçı təşkilatın müvafiq qrumu tərəfindən icazə verilmişdir ki, iddiaçı hazırki mülkiyyət hüququnu təsdiq edən sənədi əldə edə bilmişdir. Qanunvericilikdə müəyyən edilmiş qaydada lazimi icazələr alaraq özü üçün fərdi yaşayış evi tikintisini həyata keçirən və neçə illər ərizəndə həmin torpaq sahəsinə, eləcə də tikintisini həyata keçirdiyi torpaq sahəsində yerləşən tikiliyə sahiblik edən cavabdehin həmin torpaq sahəsinə və tikiliyə mülkiyyət hüququ vardır.
37. Məhkəmə kollegiyası daşınmaz əmlak barədə reyestrin məzmununun qeyridəqiqliyinin müəyyən olunmasını iddiaçının bunu sübut etməsi ilə əlaqələndirir. Məhz iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır.
38. Kollegiya qeyd edir ki, mübahisəli əmlakla bağlı mülkiyyət hüququnu təsdiq edən sənəd cavabdehə dövlət orqanı tərəfindən verilmiş və uzun müddət bu sənəd mübahisələndirilməmiş və hal-hazırda qüvvəsindədir. Cavabdeh həmin sənədə güvənərək orada öz həyat şəraitini qurmuş, vəsait xərcləmiş, tikinti işləri aparmışdır. Bütün bunlardan sonra başqa bir dövlət orqanı həmin tikilini vətəndaşın həyat və sağlamlığı üçün təhlükəli olması əsası ilə sökmək qərarına gəlirsə, onda yaradılmış şəraitə uyğun olaraq vətəndaşın zərəri kompensasiya olunmalıdır.
39. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir
40. Mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir.
41. «İnsan hüquqları haqqında» Ümumi Bəyənnamənin 13-cü maddəsinə görə hər bir şəxs hər bir ölkə hüdudunda sərbəst hərəkət etmək və yaşayış yeri seçmək hüququna malikdir
42. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-nin 88-ci maddəsi).
43. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır
44. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı “Qaz İxrac” İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ucar Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(063)-14/2021 nömrəli qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Ayaz Mahmudov