Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-833/2021 09.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 Kəmaləddin oğlu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Kəmaləddin oğluna qarşı “yaşayış evinə köçürmə tələbi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- evə köçürülmə tələbi, mənzildən istifadə hüququ) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 Kəmaləddin oğlu, Cavabdeh2 və Cavabdeh4 Kəmaləddin oğlunun iştirakı ilə, Ağdaş Rаyоn Məhkəməsinin 09 oktyabr 2020-ci il tаrixli, 2(014)-1133/2020 saylı qətnaməsindən iş üzrə İddiaçı verdiyi apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 Kəmaləddin oğlu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Kəmaləddin oğluna qarşı yaşayış evinə köçürmə tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və övladları 10 iyul 2004-cü il təvəllüdlü X4 və 25 dekabr 2005-ci il təvəllüdlü X6 ilə birlikdə mərhum X2 məxsus olub Ağdaş rayonu Tofiqi kəndində yerləşən, hazırda cavabdehin də yaşadığı iki mərtəbəli 6 otaqlı fərdi yaşayış evinə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Ağdaş Rаyоn Məhkəməsinin 09 oktyabr 2020-ci il tаrixli, 2(014)-1133/2020 saylı qətnaməsi ilə (hakim F. Nəsibov) İddiaçı cavabdehlər Cavabdeh1 Kəmaləddin oğlu,Cavabdeh2,Cavabdeh3 və Cavabdeh4 Kəmaləddin oğluna qarşı yaşayış evinə köçürmə tələbi haqqında iddiası rədd edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Cavabdeh1 Kəmaləddin oğlu ilə 02 oktyabr 2003-cü ildə rəsmi nikah qeyd etdirməklə ailə quraraq evlənmişdir. İddiaçı cavabdehin valideynlərinə məxsus yaşayış evinə gəlin köçmüş və orada 3 il birgə yaşamışlar. Cavabdeh1 Kəmaləddin oğlu ilə ailə münasibətləri pisləşdiyindən onlar 15 noyabr 2019-cu ildən faktiki ayrılmışlar. Cavabdeh1 Kəmaləddin oğlu ilə X5 arasında nikah 21 yanvar 2020-ci il tarixli 09 saylı qeyd ilə pozulmuşdur. Daha sonra müəyyən etmişdir ki, Ağdaş rayonu,Tofiqi kəndində 0,7180 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi Ağdaş Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli qətnaməsinə və JN027 B nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Cavabdeh2, X3, Cavabdeh3, Cavabdeh4 Kəmaləddin oğlunun ümumbirgə mülkiyyət hüququ 14 fevral 2020-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Ağdaş rayonu, Tofiqi kəndində 0,2367 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi JN-027 A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə və noyabr 1988-ci il tarixli 186 inventar nömrəli texniki pasporta əsasən yaşayış evi X1 adına xüsusi mülkiyyəti hüququ əsasında 27 iyul 2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Torpaq sahəsi Cavabdeh3, Cavabdeh4 Kəmaləddin oğlu, Cavabdeh2 və X1 ümumi birgə mülkiyyətindədir. Sonradan həmin fərdi yaşayış evi Ağdaş rayon Notariat kontorunun 19 avqust 2020-ci il tarixli 2V-369 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh3ın (torpaq sahəsi ¼ hissə), Cavabdeh4 Kəmaləddin oğlunun (torpaq sahəsi ¼ hissə) və Cavabdeh2 (yaşayış evi tam,torpaq sahəsi 2/4 hissə) mülkiyyət hüququ 01 sentyabr 2020-ci il tarixli,********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Tərəflər 2003-cü il tarixdə ailə qursa da, iddiaçı mübahisəli fərdi yaşayış evinə 2006cı ildə köçmüşdür. Mübahisə predmeti olan fərdi yaşayış evi 2006-cı il tarixdən 14.02.2020-ci il tarixədək özbaşına tikili olmuş, yalnız 14.02.2020-ci il tarixdə Cavabdeh2 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin 08 oktyabr 2013-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İddiaçının müqavilə bağlamaqla mübahisəli fərdi yaşayış evinə istifadə hüququ əldə etməsi 14.02.2020-ci il tarixədək mümkün deyildir. Belə ki, müqavilənin bağlanması üçün iddiaçı oferta göndərməlidir, lakin ofertanı qəbul etməyə səlahiyyəti olan şəxs - akseptant mövcud deyilidir. Akseptant o şəxs ola bilər ki, ev üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmış olsun. Yalnız həmin şəxs başqa şəxsin evə istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında müqavilə bağlaya bilər. Göründüyü kimi, iddiaçının oferta göndərməsi mümkün deyildir. Bu isə o deməkdir ki, onun Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin göstərişinə əməl etməsi də mümkün deyildir. Odur ki, məhkəmə iddiaçının yaşayış evinə köçürmə barədə iddiasını həmin maddələrin göstərişinə istinad etməklə rədd edə bilməz. İşin faktiki hallarından göründüyü kimi, tərəflərin faktik olaraq 02 oktyabr 2003-cü ildə nikaha daxil olmaları, iddiaçının mübahisəli fərdi yaşayış evinə 2006-cı ildə köçməsinə baxmayaraq, mübahisəli yaşayış evi 2020-ci ilə kimi özbaşına tikili olduğunda nə iddiaçının, nə də cavabdehin həmin tikili bağlı hər hansı subyektiv hüquqları olmamışdır. Həmin tikili 14 fevral 2020-ci il tarixdə daşınmaz əmlak kimi xüsusi mülkiyyət hüququ əsasında iddiaçının qayınansının adına qeydə alındığından iddia təmin edilə bilməz. Hazırda tərəflər arasında ailə münsibətlərinə rəsmi xitam verildiyindən iddiaçı həmin əmlakdan istifadə hüququnu itirmişdir. Belə ki, mübahisəli fərdi yaşayış evi iddiaçının qayınanası olan Cavabdeh2 xüsusi mülkiyyətindədir. İddiaçının himayəsində olan azyaşlı uşaqların mübahisəli yaşayış evinə köçürlmə məsələsinə gəldikdə isə on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Uşaqların iddiaçının himayəsində olması,onların yaşayış yerinin analarının yaşayış yeri olması əsas götürülməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin 08 oktyabr 2013-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair qərarı, X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarı, AR Mənzil Məcəlləsi 29.1-ci, 29.2-ci, 30.1-ci, 30.2-ci, 30.4-cü, maddələri, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da həmin ev mövcuddur və 14 fevral 2020-cin ilədək yaşayış sahəsi kimi istifadə edilmişdir. Bu səbəblə də hüququn analogiyası üzrə hazırki iddia tələbinin qanuni əsası kimi 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53 və 123-cü maddələri tətbiq edilməlidir. Bundan əlavə işə baxan məhkəmə qətnaməsində 30 iyun 2020-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minmiş qətnamə hesab edilmiş və qətnamə çıxarılarkən həmin qətnaməyə istinad edilmişdir. Apelyator sözügedən qətnamədən apellyasiya şikayəti verdiyi üçün qətnamənin qanuni qüvvəyə minməsində söhbət gedə bilməz. Qeyd edilənlərə əsasən, Ağdaş Rаyоn Məhkəməsinin 09 oktyabr 2020-ci il tаrixli, 2(014)- 1133/2020 saylı qətnaməsi ləğv edilməli və ilkin iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Ağdaş Rаyоn Məhkəməsinin 09 oktyabr 2020-ci il tаrixli, 2(014)-1133/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 Kəmaləddin oğlu, Cavabdeh2 və Cavabdeh4 Kəmaləddin oğlu apellyasiya şikayətinin təmin edilməməsini, Ağdaş Rаyоn Məhkəməsinin 09 oktyabr 2020-ci il tаrixli, 2(014)-1133/2020 saylı qətnaməsinin ləğv edilməməsini xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq digər Cavabdeh3 məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Hüququn tətbiqinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarı X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə mübahisələndirir, Ağdaş Rаyоn Məhkəməsinin 09 oktyabr 2020-ci il tаrixli, 2(014)-1133/2020 saylı qətnaməsinin tamamilə ləğv edilməsini xahiş edir. Tələb qətnamənin tam hissədə ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq rədd etmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya hesab edir ki, şikayətin dəlilləri əsassızdır və bunu aşağıdakılarla əsaslandırır. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh1 Kəmaləddin oğlu ilə 02 oktyabr 2003-cü ildə rəsmi nikah qeyd etdirməklə ailə quraraq evlənmişdir. İddiaçı cavabdehin valideynlərinə məxsus yaşayış evinə gəlin köçmüş və orada 3 il birgə yaşamışlar. Cavabdeh1 Kəmaləddin oğlu ilə ailə münasibətləri pisləşdiyindən onlar 15 noyabr 2019-cu ildən faktiki ayrılmışlar. Cavabdeh1 Kəmaləddin oğlu ilə X5 arasında nikah 21 yanvar 2020-ci il tarixli 09 saylı qeyd ilə pozulmuşdur. Daha sonra müəyyən edilmişdir ki, Ağdaş rayonu,Tofiqi kəndində 0,7180 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi Ağdaş Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli qətnaməsinə və JN027 B nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Cavabdeh2, X3, Cavabdeh3, Cavabdeh4 Kəmaləddin oğlunun ümumbirgə mülkiyyət hüququ 14 fevral 2020-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Ağdaş rayonu, Tofiqi kəndində 0,2367 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi JN-027 A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə və noyabr 1988-ci il tarixli 186 inventar nömrəli texniki pasporta əsasən yaşayış evi X1 adına xüsusi mülkiyyəti hüququ əsasında 27 iyul 2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Torpaq sahəsi Cavabdeh3, Cavabdeh4 Kəmaləddin oğlu, Cavabdeh2 və X1 ümumi birgə mülkiyyətindədir. Sonradan həmin fərdi yaşayış evi Ağdaş rayon Notariat kontorunun 19 avqust 2020-ci il tarixli 2V-369 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh3ın (torpaq sahəsi ¼ hissə), Cavabdeh4 Kəmaləddin oğlunun (torpaq sahəsi ¼ hissə) və Cavabdeh2 (yaşayış evi tam,torpaq sahəsi 2/4 hissə) mülkiyyət hüququ 01 sentyabr 2020-ci il tarixli,********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarından göründüyü kimi tərəflər 2003-cü il tarixdə ailə qursa da, iddiaçı mübahisəli fərdi yaşayış evinə 2006-cı ildə köçmüşdür. Mübahisə predmeti olan fərdi yaşayış evi 2006-cı il tarixdən 14.02.2020-ci il tarixədək özbaşına tikili olmuş, yalnız 14.02.2020-ci il tarixdə Cavabdeh2 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi belə olmuşdur ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cü maddəsinin müddəaları tətbiq edilməlidir. X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 iyul 2014-cü il tarixli qərarında deyilir; Daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəmiyyətini açıqlayaraq, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarı). Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Sərəncam vermək hüququ isə Mülki Məcəllənin 146.2-ci maddəsinə görə dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Eyni zamanda, qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tətbiqi zamanı məhkəmələr Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında əks olunmuş hüquqi mövqeləri də nəzərə almalıdırlar. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə isə yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Eyni zamanda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəsli isə qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsini, baba və nənənin nəvələrini saxlamaq vəzifəsini, nəvələrin baba və nənəni saxlamaq vəzifəsini, yetirmələrin öz faktik tərbiyəçilərini saxlamaq vəzifəsini, ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsini müəyyən edir. Həmin fəsildə qaynatanın və ya qaynananın gəlini saxlamaq vəzifəsi müəyyən edilməmişdir. Beləliklə məhkəmə kollegiyası X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 iyul 2014-cü il tarixli qərarının hüquqi mövqeyinə əsaslanaraq hesab edir ki, iddiaçının köçmək istədiyi ev xüsusi mülkiyyət kimi 14.02.2020-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçdiyindən, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olduğundan, iddiaçının Cavabdeh1 Kəmaləddin oğlunun nikah qeyd 21 yanvar 2020-ci il tarixdə pozulduğundan və iddiaçı Cavabdeh2 ailə üzvü hesab edilmədiyindən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə, iddiaçının cavabdehin xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüququ olmadığından o uşağı ilə birlikdə həmin evə köçürülə bilməz. Məhkəmə kollegiyası şikayətin digər 30 iyun 2020-ci il tarixli qətnamənin qanuni qüvvəyə minmədiyi barədə dəlilini də əsassız sayır. Belə ki, qeyd edilən qətnamənin hazırkı mübahisənin həllində hər hansı bir əhəmiyyəti yoxdur. Ona görə də həmin qətnamənin qanuni qüvvəyə minib-minməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddianın təmin edilməsinə əsas ola bilməz. Məhkəmə kollegiyası ətraflı araşdırma apardıqdan sonra belə qənaətə gəlmişdir ki, mübahisəni həll edərkən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Ağdaş Rаyоn Məhkəməsinin 09 oktyabr 2020-ci il tаrixli, 2(014)-1133/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rаyоn Məhkəməsinin 09 oktyabr 2020-ci il tаrixli, 2(014)-1133/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Elçin Hüseynov Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(107)-833/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-833/2021
09.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver