Məhkəmə qərarları › İş №2(107)-833/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-833/2022

03.06.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-833/2022 03.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı cavabdehin zəbt etdiyi torpaq sahəsindən çıxarılması tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(039)- 1119/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin mümükünlüyü məsələsinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 19.01.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyətinə verilmiş, Yevlax rayonu Nəmərli kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 1,5036 ha torpaq sahəsindən cavabdehin çıxarılmasını, ona vurulmuş maddi ziyanın əvəzi olaraq 40.000 manat pulun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı mülkiyyətində olan Yevlax rayonu Nəmərli kəndində yerləşən 1,50 hektar torpaq sahəsinin 0,53 hektar hissəsindən çıxarılması qət edilmişdir. İddiaçı Yevlax Rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli 2(039)- 1119/2021 nömrəli qətnaməsindən 29 mart 2022-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Yevlax Rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli qərardadına əsasən Yevlax Rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli 2(039)-1119/2021 nömrəli qətnaməsindən verilmiş apelyasiya şikayəti İddiaçı qaytarılmışdır. İddiaçı 11 aprel 2022-ci il tarixdə Yevlax Rayon Məhkəməsinə həmin qətnamədən apellyasiya şikayəti, eyni zamanda şikayət müddətinin bərpası haqqında ərizə vermişdir. Yevlax Rayon Məhkəməsinin 2(039)-1119/2021 nömrəli, 26 aprel 2022-ci il tarixli qərardadı ilə İddiaçı Yevlax Rayon Məhkəməsinin 2(039)-1119/2021 nömrəli, 03 dekabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair ərizəsi təmin edilməmiş, İddiaçı Yevlax Rayon Məhkəməsinin 2(039)-1119/2021 nömrəli, 03 dekabr 2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Qərardaddan İddiaçı şikayət verərək Yevlax Rayon Məhkəməsinin 2(039)-1119/2021 nömrəli, 26 aprel 2022-ci il tarixli qərardadının ləğv edilməsini və mübahisəyə yenidən baxılması üçün məhkəmə aktı çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli, 2(039)-1119/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya apellyatorun iştirakı olmadan prosesin keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası təqdim olunmuş şikayəti mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, verilmiş şikayət qeyri-mümkün hesab edilərək, birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. 366.4-cü maddəsinə görə, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya istansiyasına şikayət verilə bilər. İddiaçı tərəfindən verilmiş şikayətdən görünür ki, sonuncu şikayət üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş, şikayət Mülki Prosessual Məcəllə ilə müəyyən olunmuş lazımi məzmunda tərtib edilməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 363.1.5-ci maddəsinin tələbinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilməlidir. Yevlax Rayon Məhkəməsində “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğuna görə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Lakin iş materiallarından görünür ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti elektron kabinetə yüklənərək elektron imza ilə deyil, “skan” edilərək PDF formasında elektron kabinetə yüklənmişdir. Bu isə özü-özlüyündə apellyasiya şikayətinin elektron kabinet vasitəsilə verilməsi kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, birinci instаnsiyа məhkəməsi hazırki mülki işi apellyasiya məhkəməsinə göndərərkən yuxarıda qeyd olunanlara diqqət yetirməmiş, apellyasiya şikayətinin MPM-in 10-1.3-cü maddəsinin tələblərinə uyğun qaydada (elektron qaydada) verilib-verilməməsinə xüsusi diqqət yetirmədən mülki işi bаxılmаsı üçün Şəki Аpellyаsiyа Məhkəməsinə göndərmişdir. Kollegiya belə qənaətə gəlir ki, apellayasiya şikayətinin geri qaytarılması barədə ümumi müddəalar anologiya üzrə qərardadlardan verilmiş şikayətlərə də şamil edilməlidir. Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.1 və 363.1.5-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-368-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Yevlax Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(039)-1119/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Yevlax Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan tərəflər onu aldıqdan sonra 10 (on) gün müddətinə Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar