Məhkəmə qərarları › İş №2(107)-837/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-837/2024

30.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-837/2024 30.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, X3, X7 və Cavabdeh3 qarşı iş üzrə Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), X10 və X4 ibarət tərkibdə, Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh1, X3, X7 və Cavabdeh3 “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tаrixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti(bundan sonra - Bank) ilə Cavabdeh2(bundan sonra - borc alan) arasında 13 oktyabr 2009-cu il tarixli, 10 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən borc alana illik 20% dərəcəsi ilə 12 ay müddətinə 80.000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliklərinin icrasının təminatı üsulu kimi Bank ilə borc alan arasında 13 oktyabr 2009-cu il tarixli ipoteka müqaviləsi bağlanmış və borc alanın mülkiyyətində olan Ağdaş şəhəri, M.İsayev küçəsində yerləşən 0,06 ha torpaq sahəsindəki 35 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ipoteka ilə yüklülük reyestrdə qeydiyyata alınmışdır. Bank tərəfindən verilmiş maliyyə arayışına əsasən xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə borc alanın 07 fevral 2013-cü il tarixə ödənilməmiş qalmış əsas kredit borcu 53.724 manat, əsas borc məbləğinə hesablanmış faiz borcu 37.900 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimə 9.000 manat təşkil edir. Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Bankın problemli aktivlərinin tələb hüququ iddiaçıya keçmişdir. Borc alan 18 mart 2018-ci il tarixdə vəfat etmişdir. Mülki işin apellyasiya baxışı zamanı borc alanın övladları - Cavabdeh1, X3 və X7 onun vərəsələri olaraq cavabdeh qismində işə cəlb edilmişlər. Birinci instansiya məhkəməsində icraat Bank, 23 aprel 2013-cü il tarixdə cavabdehlər Cavabdeh2(borc alan), Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Bankın xeyrinə 53.724 manat əsas borc, 37.900 manat faiz borcu və 9.000 manat dəbbə pulu, cəmi 100.624 manat məbləğində borcun tutulması, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Ağdaş şəhəri, M.İsayev küçəsində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 160.28 kv.m yaşayış, 136.68 kv.m köməkçi sahədən ibarət 35 nömrəli fərdi yaşayış evindən çıxarılmaları, ipotekaya qoyulmuş Ağdaş şəhəri, M.İsayev küçəsində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 160.28 kv.m yaşayış, 136.68 kv.m köməkçi sahədən ibarət 35 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətini müəyyən etməklə açıq hərracdan satılması və əldə olunmuş vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi, hərracdan satılmış yaşayış evinin dəyəri banka olan borcu ödəmədikdə, borcun qalan hissəsinin Cavabdeh2 tutulması və dövlət rüsumu kimi ödənilmiş 30 manatın cavabdehlərdən tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Ağdaş filialı və Cavabdeh2 arasında xx.xx.2009-cu ildə bağlanmış 10 nömrəli kredit müqaviləsinə əsasən Bank Cavabdeh2 12 ay müddətinə 80.000 manat məbləğində kredit vermişdir. Müqavilənin şərtlərinə görə kredit üzrə istifadə olunmuş vəsaitə 20% illik faiz borcu hesablanmalı və hər ay Banka ödənilməli idi. Cavabdeh2 kredit vəsaitindən istifadə etmiş, müqavilənin şərtlərini pozmuş, kredit üzrə əsas borcu və faizləri vaxtında və lazımi qaydada ödəməmişdir. Cavabdeh2 xx.xx.2013-cü il tarixinə banka 53.724 manat əsas borcu, 37.900 manat faiz borcu və 9.000 manat dəbbə pulu, cəmi borcu 100.624 manat təşkil edir. Borcalanın kredit öhdəliklərinin təmin edilməsi məqsədi ilə Bankla Cavabdeh2 arasında xx.xx.2009-cu il tarixli, 10 nömrəli İpoteka müqaviləsi bağlanmış və Cavabdeh2 mülkiyyətində olan Ağdaş şəhəri, M.İsayev küçəsində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 160.28 kv.m yaşayış, 136.68 kv.m köməkçi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Cavabdeh2 kreditin vaxtında qaytarılması haqqında bank tərəfindən dəfələrlə xəbərdar olunmuşdur, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün tədbirlər görülməmişdir. Cavabdeh2 borcu ödəmək qabiliyyəti yoxdur. Buna görə də Cavabdeh2 mülkiyyətində olan, borcun təminatı kimi ipotekaya qoyulmuş əmlak açıq hərracdan satılmalı və əldə olunmuş vəsait borcun ödənilməsinə yönəldilməlidir. Ağdaş Rayon Məhkəməsinin 2(014)-556/2013 nömrəli, 02 iyul 2013-cü il tarixli qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh2 “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə 53.724 manat məbləğində əsas borc, 37.900 manat məbləğində faiz borcu və 9.000 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 100.624 manat məbləğində borcun tutulması, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Ağdaş şəhəri, M.Musayev küçəsində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 160.28 kv.m yaşayış, 136.68 kv.m köməkçi sahədən ibarət 35 nömrəli fərdi yaşayış evindən çıxarılmaları, ipotekaya qoyulmuş Ağdaş şəhəri, M.Musayev küçəsində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 160.28 kv.m yaşayış, 136.68 kv.m köməkçi sahədən ibarət 35 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən etməklə açıq hərracdan satılması və əldə olunmuş vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi, hərracdan satılmış yaşayış evinin dəyərinin banka olan borcu ödəmədikdə, borcun qalan hissəsinin Cavabdeh2 tutulması, dövlət rüsumu kimi ödənilmiş 30 manatın cavabdehlərdən tutulması qət edilmişdir. Cavabdeh1 məhkəməyə qiyabi qətnamənin ləğv edilməsinə dair ərizə ünvanlayaraq Ağdaş Rayon Məhkəməsinin 2(014)-556/2013 nömrəli, 02 iyul 2013-cü il tarixli qiyabi qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 2(014)-556/2013 nömrəli, 02 mart 2023-cü il tarixli qərardadı ilə Ağdaş Rayon Məhkəməsinin 2(014)-556/2013 nömrəli, 02 iyul 2013-cü il tarixli qiyabi qətnaməsi ləğv edilmişdir. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin nümayəndəsi X8 məhkəməyə ərizə ilə müraciət edərək iddiaçının əsl iddiaçı olan İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı ilə əvəz edilməsini xahiş etmiş və məhkəmə tərəfindən Bank əsl İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/3355 nömrəli ekspert rəyindən görünür ki, 13 oktyabr 2009-cu il tarixli 10 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla müqavilə müddətinin bitdiyi xx.xx.2010-cu il tarixə Cavabdeh2 “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə olan borcu 87.457,61 manat məbləğində müəyyən edilir, o cümlədən əsas kredit borcu 76.000 manat, faiz borcu 11.457,61 manat. xx.xx.2010-cu il tarixdən xx.xx.2023-cü il tarixədək illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 27.477,4 manat təşkil edir. xx.xx.2023-cü il tarixə Cavabdeh2 “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə olan borcu 75.959,02 manat məbləğində müəyyən edilir, o cümlədən əsas kredit borcu 38474 manat, faiz borcu 10.007,62 manat, faiz borcu 5% ilə 27.477,4 manat. Bank tərəfindən kredit müqaviləsi üzrə hesablanan cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı Borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3/16-16/2-10/6560-9/6698 nömrəli ekspert rəyindən görünür ki, Ağdaş şəhəri, M.İsayev küçəsində yerləşən 35 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə likvid dəyəri təqribən (56000-10%) 50.000 manat məbləğində müəyyən edilmişdir. Ağdaş Rayon Məhkəməsinin(bundan sonra - Rayon Məhkəməsi) 2(014)-10/2024 nömrəli iş üzrə 22 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim C.Sultanov) iddia qismən təmin edilmiş, Cavabdeh2 38.474 manat əsas borc, 10.007,62 manat faiz borcu və 1.000 manat məbləğində cərimə borcu, 30 manat dövlət rüsumu, cəmi 49.511,62 manat borcun alınaraq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə verilməsi, tutmanın Ağdaş şəhəri, M.İsayev küçəsində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 160.28 kv.m yaşayış, 136.68 kv.m köməkçi sahədən ibarət 35 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan Ağdaş şəhəri, M.İsayev küçəsində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 160.28 kv.m yaşayış, 136.68 kv.m köməkçi sahədən ibarət 35 nömrəli fərdi yaşayış evinin açıq hərracda satılması və satışdan əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsi, vəsaitin ödənişlərin məbləğindən artıq qalan hissəsinin Cavabdeh2 qaytarılması, ipoteka predmetinin hərracda satışından əldə olunmuş vəsait kredit borcunun tam ödənilməsi üçün kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh2 tutulması, ipoteka predmetinin ilkin satış qiyməti 90.000 (doxsan min) manat məbləğində müəyyən edilməsi, Ağdaş şəhəri, M.İsayev küçəsində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 160.28 kv.m yaşayış, 136.68 kv.m köməkçi sahədən ibarət 35 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Ağdaş şəhəri, M.İsayev küçəsində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 160.28 kv.m yaşayış, 136.68 kv.m köməkçi sahədən ibarət 35 nömrəli fərdi yaşayış evindən çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 300 manat ekspertiza xərcinin tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinad edərək mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və onun banka ümumilikdə 100.624 manat məbləğində borcu yaranmışdır. Hazırda iş məhkəmənin icraatında davam etdiyi müddət ərzində cavabdehlər tərəfindən ödənişlər olunmuş və borcun məbləği ekspert rəyinə əsasən xx.xx.2023-cü il tarixə əsas kredit borcu üzrə 38.474 manat, faiz borcu üzrə 10.007,62 manat və faiz borcu 5% ilə 27.477,4 manat təşkil edir. İpoteka predmetinin ilkin satış qiyməti ilə bağlı məhkəmə xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə həmin əmlakın likvid dəyərinin 50.000 manat olması ilə razılaşmır və hesab edir ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsində göstərilmiş 90.000 manat məbləği daha ağlabatandır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyaları “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 22 iyun 2023cü il tarixli, 02/2023 saylı Qərardadının 1-ci hissəsinə əsasən tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair” iddia tələblərinə mahiyyəti üzrə baxılmalıdır. Məhkəmə mövqeyini “İpoteka haqqında” Qanunun 26.1.3, 33, 34.1, 41.1, 59.1, 59.4-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295, 298, 317, 319, 442, 445, 448, 467-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 107, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh1 apellyasiya şikayəti verərək həmin qətnamənin ipoteka predmetinin ilkin satış qiymətinin qiymətləndirilməsi və faiz borcunun tutulması hissəsində ləğv edilərək yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri Məhkəmə ipoteka predmetinin ilkin satış qiymətlərinin yüksək qiymətləndirilməsi və müqavilə üzrə faiz borcunun məbləğinin müəyyən edilməsi hissəsində düzgün nətiəyə gəlməmişdir. Hazırda qeyd olunan əmlakın qiyməti qeyd olunandan dəfələrlə çoxdur ki, evinin ilkin satış qiyməti hazırkı dövrə olan likvid dəyərinin 50.000 manat məbləğində müəyyən olunması, əmlakın qiymətləndirilməsi ilə bağlı iş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyinin hansı əsaslarla, hansı şəraitdə aparılması məlum deyil. Hazırda qeyd olunan əmlakın qiyməti qeyd olunandan dəfələrlə çoxdur ki, bu ekspertin işə qərəzli şəkildə yanaşması nəticəsində baş vermişdir. Hazırda həmin əmlakın qiyməti qeyd olunan 50.000 manatdan 5 dəfə çoxdur. Bütün bu prosedurlardan müəyyən olunur ki, iddiaçı Bank öz mövqeyinə uyğun qiymət müəyyən etməyə çalışmış və hardasa buna nail ola bilmişdir. Bundan əlavə məhkəmə müqavilə üzrə faiz borcunun məbləğinin müəyyən edilməsində yanlış nəticəyə gəlmişdir. Qanunun tələbinə görə müqavilənin müddəti bitdikdən sonra faizlər hesablana bilməz. Həmçinin məhkəmə qətnamə qəbul edərkən cavabdehlərdən biri olan Cavabdeh2 vəfat etməsi faktına heç toxunmadan bu məsələdən yan keçmişdir. Məhkəmənin müəyyən etdiyi faiz borcu reallığı əks etdirmir və faiz borcu qanunvericilikdə müəyyən olunumuş həddən artıq kəsilmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Cavabdehlər X3, X7 və Cavabdeh3 apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə məhkəmə prosesinə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, iddiaçının iddiası qismən təmin edilsə də, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmişdir. Apellyasiya şikayəti vermiş Cavabdeh1 isə qətnamənin ipoteka predmetinin ilkin satış qiymətinin qiymətləndirilməsi və faiz borcunun tutulması hissəsini mübahisələndirmişdir. Odur ki, MPM-nin 372.6-ci maddəsinin tələbindən çıxış edən Məhkəmə mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq birinci instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı və qanuniliyini yalnız mübahisələndirilən həcmdə və Cavabdeh1 münasibətdə yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 317.1.Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Maddə 465. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; Maddə 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar(ipoteka müqaviləsi bağlanan zaman-xx.xx.2009-cu il tarixdə qüvvədə olan). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi hazırki iş üzrə tərəflər arasında mövcud mülki mübahisəni əsasən düzgün həll etsə də, prosessual hüquq pozuntusuna yol verdiyinə görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalıdır. Belə ki, işin araşdırlmış hallarından və iş materiallarından müəyyən edilir ki, Bankla Cavabdeh2 arasında 10 nömrəli, xx.xx.2009-cu il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən sonuncuya kreditdən istifadəyə görə illik 20% dərəcə hesabı ilə 12 ay müddətinə 80.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq Cavabdeh2 məxsus fərdi yaşayış evini Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş və bu barədə Bankla cavabdeh arasında xx.xx.2009-cu il tarixdə ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notariat qaydasında təsdiq edilmiş, ipoteka dövlət reyestrində qeydə alınmış və bu barədə müvafiq çıxarış verilmişdir . Bank tərəfindən aparılmış hesablamalara görə, borcalan Cavabdeh2 07 fevral 2013-cü il tarixə Bank qarşısında 53.724 manat əsas borcu, 37.900 manat məbləğində faiz borcu, 9.000 manat məbləğində hesablanmış cərimə (dəbbə pulu) borc məbləğində icra edilməmiş öhdəliyi mövcuddur. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 9/3355 №-li, xx.xx.2023-cü il tarixli ekspert rəyində göstərillir ki, 10 nömrəli, xx.xx.2009-cu il tarixli kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2010-cu il tarixə Cavabdeh2 Banka olan borcu 87.457,61 manat məbləğində müəyyən edilir, o cümlədən əsas kredit borcu 76.000 manat, faiz borcu 11.457,61 manat. Sözügedən rəydə həmçinin qeyd olunur ki, xx.xx.2023-cü il tarixə Cavabdeh2 Banka olan borcu 75.959,02 manat məbləğində müəyyən edilir, o cümlədən əsas kredit borcu 38.474 manat, faiz borcu 10.007,62 manat, faiz borcu 5% ilə 27.477,4 manat. Bank tərəfindən kredit müqaviləsi üzrə hesablanan cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı borc alana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3/16-16/2-10/6560-9/6698 nömrəli ekspert rəyində göstərilir ki, Bankın xeyinə ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə likvid dəyəri təqribən (56000-10%) 50.000 manat məbləğində müəyyən edilir. Rayon Məhkəməsi əsas, faiz və cərimə borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə tələbi qismən əsaslı hesab edərək, əsas borcun ödənilməsi məqsədilə 38.474 manat, faiz forcunun ödənilməsi məqsədilə 10.007,62 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədilə 1.000 manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi isə 49.511,62 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracda satılması və satışdan əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsi, vəsaitin ödənişlərin məbləğindən artıq qalan hissəsinin Cavabdeh2 qaytarılması, ipoteka predmetinin hərracda satışından əldə olunmuş vəsait kredit borcunun tam ödənilməsi üçün kifayət etmədiyi halda qalan borcun Cavabdeh2 tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin 90.000 manat məbləğində müəyyən edilməsi, fərdi yaşayış evinə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra hər üç cavabdehin evdən çıxarılmasını, habelə ekspertiza tədqiqatının xərcini cavabdehlərə aid edilməsini qət etmiş, qalan hissələrdə iddianı rədd etmişdir. MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPM-nin 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi borc alanın – cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəf, 10 nömrəli, xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliyin vaxtında və lazımi qaydada icra olunduğunu sübut edə bilmir. Cavabdeh tərəfin verdiyi apellyasiya şikayətində göstərilir ki, Rayon Məhkəməsi tərəfindən kredit müqaviləsi üzrə faiz borcu düzgün müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin bu dəlili əsassızdır. Belə ki, iş materiallarından görünür ki, 10 nömrəli, xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə faiz borcunu 10.007,62 manat məbləğində müəyyən edən Rayon Məhkəməsi, işdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 9/3355 №-li, xx.xx.2023-cü il tarixli rəyinə əsaslanaraq həmin nəticəyə gəlmişdir. Qeyd olunan faiz borcunun düzgün hesablanmadığını bildirən cavabdeh tərəf isə ekspert rəyini şübhə altına alan sübutları məhkəmələrə təqdim etməmişdir. Başqa sözlə cavabdeh tərəf öz etirazını sübuta yetirə bilməmişdir. Cavabdeh tərəfin apellyasiya şikayətinin digər bir dəlili isə ondan ibarətdir ki, Rayon Məhkəməsi tərəfindən ipoteka predmeti olan fərdi yaşayış evinin müəyyən edilmiş ilkin satış qiyməti reallağı əks etdirmir. Fərdi yaşayış evinin real bazar dəyəri həmin məbləğdən 5 dəfə çoxdur. Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin bu dəlili də əsassızdır. Belə ki, fərdi yaşayış evinin ilkin satış qiymətinin Rayon Məhkəməsi tərəfindən müəyyən edilmiş qiymətdən daha çox olduğunu bildirən cavabdeh tərəf bununla bağlı da məhkəmələrə hər hansı sübut, o cümlədən iş üzrə alınmış Məhkəmə Ekspertizası Mərkəzinin 3/16-16/2- 10/6560-9/6698 №-li, xx.xx.2023-cü il tarixli rəyini təkzib edən və ya şübhə altına alan alternativ rəyi məhkəmələrə təqdim etməmişdir. Bu baxımdan hesab edilməlidir ki, apellyasiya şikayətinin bu dəlili də sübuta yetirilməməsi əsası ilə əsassızdır. Məhkəmə iddia tələbinin “hərracdan satılmış yaşayış evinin dəyəri Banka olan borcu ödəmədikdə, borcun qalan hissəsinin Cavabdeh2 tutulması” hissəsi ilə bağlı bildirir ki, hazırkı qətnamə ilə borc məbləğinin tutulması, qətnamənin sonrakı icrası ipoteka predmetinin hansı qiymətə satışından asılı olduğundan, bunlar isə icra mərhələsində həll edilməli məsələ olduğundan və məhkəmə qətnaməsi özündə mübahisə edilən hüquq münasibətləri ilə bağlı ehtimallara deyil, mövcud vəziyyətə əsaslanmalı olduğundan Məhkəmə hesab edir ki, iddia qiymət verilən hissədə rədd edilməlidir. Rayon Məhkəməsi müzakirə olunan hissədə iddia tələbini təmin etməkdə iş üzrə səhv nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin əsas, faiz və cərimə borcunun tutulması barədə gəldiyi nəticə Mülki Məcəllənin “Öhdəliklərin icrası” adlı 21-ci fəslinin, “Öhdəliklərin icra edilməməsi” adlı 22-ci fəsilinin, “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlı 23-cü fəslinin və “Öhdəliklərin icrasının təmin edilməsi” adlı 24-cü fəslinin müddəalarına, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə gəldiyi nəticə isə Mülki Məcəllənin 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına uyğundur. Məhkəmə işin hallarına qiymət verərək həmçinin hesab edir ki, Rayon Məhkəməsi mövcud mülki mübahisəni əsasən düzgün həll etsə də, xx.xx.2018-ci il tarixdə ölmüş Cavabdeh2 prosessual hüququ varisi (ləri) ilə əvəz etməməklə MPM-nin 58-ci maddəsinin tələblərini pozmuşdur. Bu pozuntu isə MPM-nin 387.1-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsasdır. Beləliklə, Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə, MPM-nin 119.1-ci maddəsinin tələbinə əsaslanaraq hesab edir ki, iddianın verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat cavabdehlərdən müştərək tutularaq iddiaçıya ödənilməli, apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumu isə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Ağdaş Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 yanvar 2024-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 hüquqi varisləri Cavabdeh1, X6 və X2 müştərək qaydada 38.474 manat əsas borc, 10.007,62 manat faiz borcu və 1.000 manat məbləğində cərimə borcu olmaqla, cəmi 49.481,62 manat borc və 30 manat dövlət rüsumu alınaraq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına verilsin. Tutma Ağdaş şəhəri, M.İsayev küçəsində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 160.28 kv.m yaşayış, 136.68 kv.m köməkçi sahədən ibarət 35 nömrəli fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmeti olan Ağdaş şəhəri, M.İsayev küçəsində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 160.28 kv.m yaşayış, 136.68 kv.m köməkçi sahədən ibarət 35 nömrəli fərdi yaşayış evi açıq hərracda satılsın və satışdan əldə edilən vəsait hesabına tələb edilən borc ödənilsin. İpoteka predmetinin ilkin satış qiyməti 90.000 (doxsan min) manat məbləğində müəyyən edilsin. Ağdaş şəhəri, M.İsayev küçəsində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 160.28 kv.m yaşayış, 136.68 kv.m köməkçi sahədən ibarət 35 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh3 və Cavabdeh1 Ağdaş şəhəri, M.İsayev küçəsində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 160.28 kv.m yaşayış, 136.68 kv.m köməkçi sahədən ibarət 35 nömrəli fərdi yaşayış evindən çıxarılsınlar. İddia qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh1, X6 və X2 müştərək qaydada 300 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar