Məhkəmə qərarları › İş №2(107)-839/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-839/2023

20.07.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-839/2023 20.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının Cavabdeh qarşı “cavabdehin qanunsuz olaraq zəbt etdiyi mənzildən məcburi qaydada çıxarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülkiyyət hüququ cavabdehin qanunsuz olaraq zəbt etdiyi mənzildən məcburi qaydada çıxarılması ) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X1 və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İddiaçı Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının Cavabdeh qarşı “cavabdehin qanunsuz olaraq zəbt etdiyi mənzildən məcburi qaydada çıxarılması” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(025)-358/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatı Cavabdeh qarşı “cavabdehin qanunsuz olaraq zəbt etdiyi mənzildən məcburi qaydada çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının balansında olan Qəbələ şəhəri, M.Abduyev küçəsində yerləşən 62/4 nömrəli, 2 (iki) otaqlı yaşayış binasında mənzili zəbt edərək qanunsuz olaraq yaşayan Cavabdeh həmin mənzildən məcburi qaydada çıxarılması, mənzilin boşaldılaraq Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatına təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, bilindiyi kimi Qəbələ rayonu ərazisində uzun illər ərzində Rusiya Federasiyasının N saylı hərbi hissəsi (X2, Daryal) fəaliyyət göstərmişdir. Həmin hərbi hissədə xidmət edən hərbçilərin ailələri və digər işçilərin ailələrinin yaşaması üçün hərbi şəhərcik mövcud olmuşdur. Sonradan Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında hərbi hissənin fəaliyyəti ilə bağlı müxtəlif vaxtlarda icarə vaxtının uzadılması məqsədilə işçi qruplarının görüşləri olmuş və 04 dekabr 2012-ci il tarixdən həmin hərbi hissənin fəaliyyəti dayandırılaraq Azərbaycan ərazisini tərk etmişlər. Bu zaman ərazidə yerləşən və Azərbaycan Respublikasının mülkiyyətində olan xidməti yaşayış evləri Gəncə şəhərində yerləşən Mənzil İstismar İdarəsinin balansında olduğu üçün həmin təşkilata təhvil verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 noyabr 2012-ci il tarixli, 305s nömrəli sərəncamı ilə Qəbələ radiolokasiya stansiyasının (RLS Daryal) daşınar və daşınmaz əmlakının inventarlaşdırılması üzrə Azərbaycan-Rusiya birgə Komissiyasının tərkibi təsdiq edilmiş və 1 ay müddətində inventarlaşdırmanın həyata keçirilməsi nəzərdə tutulmuşdur. Nazirlər Kabinetinin 11 dekabr 2012-ci il tarixli, 328s nömrəli sərəncamı ilə Qəbələ radiolokasiya stansiyasının fəaliyyətinin dayandırılması ilə bağlı tədbirlərin keçirilməsi üzrə komissiya yaradılmış və inventarlaşdırılmış əmlakın təhvil verilməsi həyata keçirilmişdir. Bundan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 may 2013-cü il tarixli, 112s nömrəli sərəncamı ilə Qəbələ radiolokasiya stansiyasının (RLS Daryal) şəhərciyində yerləşən yaşayış binaları, uşaq bağçası, mədəni-məişət, ticarət, ictimai-iaşə, inzibati, tibbi təyinatlı, eləcə də ərazidə yerləşən bütün yardımçı binalar və qurğular Qəbələ Rayon İcra Hakimiyyətinin balansına verilmişdir. Qeyd olunan müvafiq sərəncamdan sonra Qəbələ Rayon İcra Hakimiyyəti başçısının 04 iyul 2013-cü il tarixli , 51 nömrəli sərəncamı ilə yaşayış şəhərciyi rayon icra hakimiyyətinin balansına qəbul edilmişdir. Sonradan qeyd olunan şəhərcikdə yerləşən yaşayış binaları Qəbələ RİH başçısının 25 yanvar 2016-cı il tarixli 10 nömrəli sərəncamı ilə kommunal xidmətlərin göstərilməsi məqsədilə Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının balansına verilmişdir. Yuxarıda qeyd olunduğu kimi Gəncə Mənzil İstismar İdarəsinin balansında olan və rayon icra hakimiyyətinin balansına verilənədək müddətdə xidməti mənzillər olmasına baxmayaraq və orada yaşamağa heç bir hüququ olmayan şəxslər özbaşına olaraq müxtəllif yollarla həmin mənzillərə soxularaq zəbt etmişlər. Keçən dövr ərzində Qəbələ Rayon İcra Hakimiyyəti və Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatı tərəfindən dəfələrlə şəhərcikdə yerləşən binalarda qanunsuz olaraq yaşayan vətəndaşların mənzilləri boşaldaraq tərk etmələri tələb olunmuşdur. Lakin qeyd olunan mənzillərin bəzilərində yaşayan vətəndaşlar haqsız olaraq onların müqaviləsinin olduğunu əsas gətirərək mənzilləri boşaltmaqdan imtina etmişlər. Birinci instansiya məhkəməsində icraat Qəbələ Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(025)-358/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının balansında olan Qəbələ şəhəri, M.Abduyev küçəsində yerləşən 62 saylı binanın 4 saylı 2 (iki) otaqlı mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatına təhvil verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 may 2013-cü il tarixli, 112 s nömrəli sərəncamı ilə Qəbələ radiolokasiya stansiyasının (RLS Daryal) şəhərciyində yerləşən yaşayış binaları, uşaq bağçası, mədəni-məişət, ticarət, ictimai-iaşə, inzibati, tibbi təyinatlı, eləcə də ərazidə yerləşən bütün yardımçı binalar və qurğular Qəbələ Rayon İcra Hakimiyyətinin balansına verilmişdir. Qəbələ RİH başçısının 25 yanvar 2016cı il tarixli 10 nömrəli sərəncamı ilə kommunal xidmətlərin göstərilməsi məqsədilə şəhərciyində yerləşən yaşayış binaları Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının balansına verilmişdir. Lakin Cavabdeh heç bir hüquqi əsas olmadan Qəbələ şəhəri, M.Abduyev küçəsində yerləşən 62 saylı binanın 4 saylı 2 (iki) otaqlı mənzilində qanunsuz olaraq zəbt edərək yaşamaqdadır. Bununla bağlı Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatı tərəfindən Cavabdeh mənzili tərk etməsi bildirilmiş, lakin cavabdeh tərəfindən mənzil boşaldılmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Dövlət mənzil fondunun xidməti yaşayış sahələri yalnız dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş şəxslərə, habelə hərbi qulluqçulara onların işlədikləri və ya qulluq keçdikləri yaşayış məntəqəsində yaşayış sahəsi olmadıqda, özü də qulluqkeçmə müddəti üçün verilir. Mübahisəli mənzilin yerləşdiyi keçmiş hərbi şəhərcik 2012-ci il dekabrın 10-dək Rusiya Federasiyasının icarəsində olmuş «Daryal» RLS-də xidmət keçən hərbi qulluqçuların müvəqqəti yaşaması üçün nəzərdə tutulmuşdur. Yuxarıda sadalanan qanunvericiliyin tələbləri baxımından həmin yaşayış sahələri xidməti yaşayış sahəsi kimi «Daryal» RLS-də xidmət keçən hərbi qulluqçulara və həmin stansiyada əmək münasibətlərində olmuş, lakin müvafiq yaşayış məntəqəsində (Qəbələ rayonunda) yaşayış sahəsi olmayan işçilərə verilməsi üçün nəzərdə tutulmuşdur. Cavabdeh isə heç bir əsas olmadan özbaşına olaraq həmin Qəbələ şəhəri, M.Abduyev küçəsində yerləşən 62 saylı binanın 4 saylı mənzilini zəbt etmişdir. Nəhayət, nəzərə almaq lazımdır ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsi fəaliyyətini dayandırıb Azərbaycan Respublikasını tərk etdikdən sonra həmin hərbi hissənin xidməti istifadəsində olmuş Qəbələ-2 ünvanında yerləşən keçmiş hərbi şəhərcikdə yerləşən yaşayış binaları, uşaq bağçası, mədəni-məişət, ticarət, ictimaiiaşə, inzibati, tibbi təyinatlı, yardımçı bina və qurğular Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatına verilməsinə baxmayaraq, yaşayış sahələrinin son təyinatı müəyyənləşməmişdir və gələcəkdə bu yaşayış məntəqəsindəki yaşayış sahələrinin məqsədli təyinatını müəyyən etmək Azərbaycan Dövlətinin müstəsna səlahiyyətindədir Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri O, müharibə veteranı və sabiq polis əməkdaşı olmaqla qanunu pozmamışdır, mübahisəli mənzilə soxulmamışdır (iddiaçının təbirincə desək). Mənzil ona iddiaçının nümayəndəsi tərəfindən verilib, uzun müddət ərzində həmin mənzildə mülkiyyətçi kimi yaşamış, kommunal xərcləri öz adından ödəmiş, mənzilin qapısının açarları belə ona iddiaçının nümayəndəsi tərəfindən verilib, mənzilin haqqını da ödəmiş, yəni mübahisəli mənzil mülkiyyətinə iddiaçının razılığı ilə verilib, öz hesabına da yararlı vəziyyətə gətirilib, ailə üzvləri, o cümlədən ağır onkoloji xəstəlikdən əziyyət çəkən arvadı həmin evdə yaşayıb. Məhkəmə səhvən iddiaçının mübahisəli mənzilə mülkiyyət hüququ olduğu barədə nəticəyə gəlib, əslində mənzildə qanuni əsaslarla yaşayıb, kommunal xərcləri də ödədiyindən, mənzilə açıq və etirazsız sahiblik etdiyindən iddiaçının deyil, onun mülkiyyət hüququ olub. Həmin ev ona Qəbələ rayon Mənzil İstismar və Kommunal Müəsisələri Kombinatının və Qəbələ rayon İcra Hakimiyyəti Başçısının müavini Arif müəllim adlı şəxs tərəfindən verilib, mənzilin əvəzinə birdəfəlik pul alınıb. O, Qəbələ rayon Polis Şöbəsinin əməkdaşı olmuşdur. Şübhəsiz ki, qulluq vəzifələrinə görə başqasının mülkiyyətində olan evə qanunsuz daxil ola bilməzdi. Mənzilə ailə üzvləriylə birgə yığışmış, əsaslı təmirinə 20.000 manat pul xərcləmişdir. Mənzildə ailə üzvləriylə birlikdə 7 il, heç bir etiraz olmadan yaşamış, kommunal xərcləri də öz adına ödəmişdir. Mənzilin açarlarını ona şəxsən Qəbələ rayon İcra Hakimiyyəti Aparatının Ramin adlı əməkdaşının göstərişi ilə binanın Eldar adlı komendantı təqdim edib və onun yanındaca komendanta göstərişin, Qəbələ rayon İcra Hakimiyyəti Başçısının müavini Arif müəllim tərəfindən verildiyini bildirib. Qeyd edilənləri nəzərə alaraq, Qəbələ Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(025)-358/2023 saylı qətnaməsi ləğv edilməsini, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəmə kollegiyasına məlumat verməmişlər. İddiaçı məhkəməyə məktub göndərərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6cı maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 7.1.Mənzil münasibətlərinin subyektləri Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, bələdiyyələr, fiziki və hüquqi şəxslərdir. Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası adından mənzil münasibətlərində öz səlahiyyətləri daxilində dövlət orqanları iştirak edirlər. Bələdiyyələr mənzil münasibətlərində onların statusunu müəyyən edən qanunvericilik aktı ilə verilən səlahiyyət daxilində iştirak edirlər. Maddə 8. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər, mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları və s. təşkil edir. Maddə 17. Mənzil fondu Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur və mülkiyyət formasına görə mənzil fondu özəl mənzil fondu, dövlət mənzil fondu və bələdiyyə mənzil fonduna bölünür. Öz növbəsində istifadə məqsədlərinə görə dövlət və bələdiyyə mənzil fondu sosial və xüsusi təyinatlı mənzil fondlarına bölünür. Sosial təyinatlı mənzil fondu dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrini, xüsusi təyinatlı mənzil fondu isə ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrini ehtiva edir. Maddə 91. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə xidməti yaşayış sahələri, yataqxanalarda yaşayış sahələri, manevr fondu yaşayış sahələri, əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri, qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri və ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri aiddir. Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Maddə 92. Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquqmühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Maddə 98. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Xüsusi təyinatlı yaşayış sahələri Mənzil Məcəlləsində müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Maddə 99. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. Maddə 103. Xidməti yaşayış sahələri vətəndaşlara ayrıca mənzil kimi verilir və dövlət mənzil fonduna münasibətdə həmin vətəndaşların kateqoriyaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Xidməti yaşayış sahəsinin kirayə müqaviləsi Mənzil Məcəlləsinin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Qəbələ Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(025)-358/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya qeyd edir ki, tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını apellyasiya şikayətinin dəlillərinə münasibətdə tam həcmdə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(025)-358/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iddia tələbi üzrə birinci instansiya məhkəməsinin hazırki qərarın “Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır” başlıqlı hissəsində əks edilən hüquqi dəyərləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139 və 146 və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 8-ci maddələrinin təhlilindən göründüyü kimi, mübahisəli mənzilin cavabdehin mülkiyyəti hesab edilə bilməsi üçün qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər, mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları olmalı, həmçinin həmin hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı idi. Cavabdeh mübahisəli mənzili İcra Hakimiyyətinin nümayəndəsindən alması və qarşılığında pul ödəməsini göstərsə də, məhkəməyə mənzillə bağlı alqı-satqı müqaviləsi, hər hansı digər əqd və icra hakimiyyətinin hər hansı aktı təqdim edilməmiş, o cümlədən cavabdehin mübahisəli mənzillə bağlı hər hansı hüququ – sahiblik, istifadə və ya sərəncam hüququ dövlət qeydiyyatına alınmamışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Beləliklə məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətində qeyd edilən dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Qəbələ Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(025)-358/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(025)-358/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar