Məhkəmə qərarları › İş №2(107)-841/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-841/2024

04.09.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-841/2024 04.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: istifadə hüququnun itirilmiş hesab edilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X2 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli 2(033)-272/2024 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi Nümayəndə İşrafil qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Cavabdeh ilə iddiaçının oğlu X4 arasında xx.xx.1989-cu il tarixdə Zaqatala RİHBin Aşağı Tala kənd inzibati ərazi dairəsində nikah bağlanmışdır. Zaqatala Rayon Məhkəməsinin 24 aprel 2018-ci il tarixli 2(033)-124/2018 nömrəli qətnaməsinə əsasən onlar arasında qeydə alınmış nikah pozulmuşdur. Zaqatala rayonu Aşağı Tala kəndində 0,2792 ha torpaq sahəsində yerləşən 107,10 kv.m. fərdi yaşayış evi mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Zaqatala rayonu Aşağı Tala kəndində 0,2792 ha torpaq sahəsində yerləşən 107,10 kv.m. fərdi yaşayış evimdən iş üzrə cavabdeh İsrafilova (Ömərova) Solmaz Ömər qızının istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh oğlu X4 ilə 1989-cu ildə evlənmiş və 24 aprel 2018-ci il tarixdə məhkəmə yolu ilə boşanaraq ondan ayrılmışdır. 20 fevral 2019-cu il tarixdə onlara nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Cavabdeh, oğlu Mübarizdən boşanma yolu ilə ayrılsa da ona məxsus evdən ona istifadə hüququ verilmişdir. Cavabdeh, yaşadığı dövrdə həmişə oğlu və onunla yola getməmiş və onları narahat etmişdir. Cavabdeh nikahı pozulandan sonra da ona qarşı olan pis münasibətini davam etdirmişdir. Keçmiş gəlini Cavabdeh onu zorla evindən qovduğuna görə 2014-cü ildən indiyədək oğlu Hüseynin evində yaşamağa məcbur olmuşdur. 2019-cu ildə Cavabdeh qarşı evə köçürülmə və cavabdehin evdən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Zaqatala Rayon Məhkəməsində iddia ərizəsinə baxılaraq Zaqatala Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(033)-502/2019 nömrəli qətnaməsi ilə iddiası qismən təmin edilərək, onun və oğlu X1 xüsusi mülkiyyətində olan, Zaqatala rayonu Aşağı Tala kəndində 0,2792 ha torpaq sahəsində yerləşən 107,10 kv.m. fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Həmin qətnamədən də görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Zaqatala Ərazi İdarəsi tərəfindən 26 sentyabr 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,2792 hektar torpaq sahəsi X4, Cavabdeh, X5, X6 və X3 ümumi birgə mülkiyyəti kimi adlarına, həmin torpaq sahəsinin üzərində yerləşən 107,10 kv.m. fərdi yaşayış evi isə tam mülkiyyət kimi onun adına daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində qeydiyyata alınmışdır. Eyni zamanda həmin Qətnamənin əsaslandırıcı hissəsinə əsasən məhkəmə qeyd etmişdir ki, "... mübahisəli mənzil üzərində tərəflərin istifadə hüquqları 1989-cu il tarixdə evlənərək cavabdehin gəlin köçdüyü zaman yaranmışdır. Həmin mənzil 2012-ci ildə Zaqatala rayonunda baş vermiş zəlzələ nəticəsində yararsız vəziyyətə düşmüş və həmin ev uçmuşdur. Həmin tarixdə Fövqəladə Hallar Nazirliyi tərəfindən onların birgə mülkiyyətində olan torpaq sahəsində yeni fərdi yaşayış evi tikilmişdir. Həmin mənzildə iddiaçı X1 və Cavabdeh istifadə hüququ saxlanılmışdır. Bundan başqa, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh həmin dövrdə mübahisəli evin icarədarı olmuş şəxsin öz razılığı ilə onun evinə gəlin köçmüş, bu zaman onun evə köçməsi, orada yaşaması ilə bağlı onun qarşısında hər hansı bir şərt qoyulmamış, onun bütün cehiz əşyaları da həmin evə yerləşdirilmiş və hazırda da həmin evin əvəzinə tikilmiş evdədir. Cavabdehin gəlin köçən zaman bütün cehiz əşyalarını gəlin köçdüyü evə gətirməsi onun həmin evə müvəqqəti deyil, daimi yaşamaq üçün gəlməsini təsdiq edən dəlillərdir. O, həmin yaşayış sahəsindən burada iddiaçı ilə bərabər surətdə istifadə etmək hüququ əldə etmişdir". Hazırda cavabdeh mülkiyyətində olan Zaqatala rayonu Aşağı Tala kəndində 0,2792 ha torpaq sahəsində yerləşən 107,10 kv.m. fərdi yaşayış evində yaşamır. O, həmin evdən 2020-ci ilin avqust ayından çıxmış və Bakı şəhərində özünə yeni yaşayış sahəsi seçmişdir. Beləliklə artıq 3-cü ildir ki, cavabdeh İsrafilova (Ömərova) Solmaz Ömər qızı həmin evdə yaşamır. Bunu sübut edən dəlillər - arayışlar, həmin yaşayış evinin cavabdeh tərəfindən istifadə edildiyi otağa giriş qapısının foto şəkilləri iddia ərizəsinə əlavə edilmişdir. Hazırki tələblə məhkəməyə müraciət etməyinin səbəbi də, mülkiyyətində olan Zaqatala rayonu Aşağı Tala kəndində 0,2792 ha torpaq sahəsində yerləşən 107,10 kv.m. fərdi yaşayış evindən iş üzrə cavabdeh İsrafilova (Ömərova) Solmaz Ömər qızının istifadə hüququnun itirilmiş hesab edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etməkdir. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir.

4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh ilə iddiaçının oğlu X4 arasında xx.xx.1989-cu il tarixdə Zaqatala RİHB-in Aşağı Tala kənd inzibati ərazi dairəsində nikah bağlanmışdır. Zaqatala Rayon Məhkəməsinin 24 aprel 2018-ci il tarixli 2(033)-124/2018 nömrəli qətnaməsinə əsasən onlar arasında qeydə alınmış nikah pozulmuşdur. Zaqatala rayonu Aşağı Tala kəndində 0,2792 ha torpaq sahəsində yerləşən 107,10 kv.m. fərdi yaşayış evi mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur.

5. Cavabdeh iddiaçıya məxsus Zaqatala rayonu Aşağı Tala kəndində 0,2792 ha torpaq sahəsində yerləşən 107,10 kv.m. fərdi yaşayış evində istifadə hüququnun olmasına dair Zaqatala Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(033)-502/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilənlər işin mübahisələndirilməyən və yenidən sübut edilməyən halıdır.

6. Hazırda iddiaçı iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən onun mülkiyyətində olan fərdi yaşayış evinin 3 ildən artıq müddətdir ki istifadə edilmədiyini əsas gətirərək həmin fərdi yaşayış evindən cavabdeh İsrafilova (Ömərova) Solmaz Ömər qızının istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, tələbinin əsası kimi istinad etdiyi həmin halın təsdiqi üçün X7 2020-ci ildən Aşağı Tala kəndində yaşamadığına dair Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Aşağı Tala İnzibati ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışını təqdim etmişdir.

7. Məhkəmə, barəsində arayış verilən şəxsin rekvizitlərinin dəqiq (soyadı, doğum tarixi və yeri, qeydiyyat ünvanı, ailə vəziyyəti və s.) göstərilmədiyindən, “X11” olaraq qeyd edilmiş şəxsin Cavabdeh ilə şəxs olmalarını müəyyən etmək mümkün olmadığından, eləcə də verilməsinə əsas olan fakta istinad olmadığından, həmin arayışı “əsaslı şübhədən kənar” sübut saymamışdır.

8. Cavabdehin nümayəndəsi, onun müvəqqəti olaraq xəstəliyi ilə əlaqədar Bakı şəhərində yaşaması, lakin mütəmadi olaraq həmin evə gəlib getməsi, orada xəstə üçün lazımi şərait olmadığından daimi qalmaması əsası ilə iddiaya etiraz etmişdir.

9. Məhkəmə iddiaçının, cavabdehin yaşayış sahəsinə olan ehtiyacını onun evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olmaması barədə “əsaslı şübhədən kənar” sübut təqdim etmədiyini nəzərə alaraq, cavabdehin iddiaçıya məxsus evdə yaşamamasının xəstəliyi ilə əlaqədar müvəqqəti xarakter daşıması barədə cavabdehin nümayəndəsinin bildirdiklərini işin hallarına uyğun sayır.

10. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, cavabdehin iddiaçıya məxsus yaşayış sahəsinə olan ehtiyacının onun evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olmaması halının təsdiq olunması belə hazırkı iddianın təmin edilməsinə əsas ola bilməz.

11. Belə ki, tərəflər arasında 2009-cu il oktyabrın 1-dək yaranmış istifadə hüququ ilə bağlı münasibətə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəaları tətbiq edilməli olduğundan, həmin normada isə şəхsin yaşayış sahəsindən istifadə hüququnu itirmiş hеsab еdilməsi nəzərdə tutulmadığından iddia tələbi təmin еdilə bilməz. Məhkəmə оnu da qеyd еtməyi zəruri sayır ki, mübahisənin bu qaydada həll еdilməsi, iddiaçını gələcəkdə cavabdеhin mənzildən istifadə hüququna xitam vеrilməsi barədə iddia vеrmək hüququnu istisna еtmir.

12. Zaqatala Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli 2(033)-272/2024 nömrəli qətnaməsi ilə (hakim Vüqar Məmmədov) İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiasının rədd edilməsi, İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 100 (bir yüz) manat onun özünə aid edilməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarına istinad etmişdir.

14. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Zaqatala Ərazi İdarəsi tərəfindən 26 sentyabr 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış Zaqatala Rayon Məhkəməsinin 24 aprel 2018-ci il tarixli 2(033)-124/2018 nömrəli qətnaməsi Zaqatala Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(033)-502/2019 nömrəli qətnaməsi Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Aşağı Tala İnzibati ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 05 dekabr 2023-cü il tarixli 5-82-15/2-1093/2023 saylı; arayış

15. Qətnаmədən nаrаzı qаlаn İddiaçı nümayəndəsi Nümayəndə İşrafil qızı аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

16. İddiaçı nümayəndəsi Nümayəndə İşrafil qızı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Birinci instansiya məhkəməsi cavabdehin istifadə hüquqlarının saxlanılmasını 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrinin tələbləri baxımından qiymətləndirmə aparmamışdır.

17. Məhkəməyə cavabdehin 2020-ci ildən Aşağı Tala kəndində yaşamadığına sübut kimi Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Aşağı Tala İnzibati ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli arayışından başqa həmin yaşayış evinin hazırki vəziyyətini göstərən 2 ədəd foto şəkil də sübutlar siyahısına əlavə etmişdir. Bundan başqa cavabdehin nümayəndəsi öz etirazında etiraf edir ki, cavabdeh xəstəliyi ilə əlaqədar Bakı şəhərində yaşayır və xəstə üçün həmin evdə lazımi şərait olmadığından daimi qalmır. Halbuki, cavabdehin nümayəndəsi məhkəməyə etirazının əsası kimi istinad etdiyi sübutları yəni cavadbehin xəstəliyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin, məhkəmə tərəfindən həmin evə baxış keçirilsəydi, həmin evdə cavabdehə məxsus əşyaların olub-olması, həmin evdə cavabdehin yaşaması üçün mövcud şəraitin olub-olması, cavabdehin Bakı şəhərinə müvəqqəti olaraq yoxsa daimi köçməsini müəyyən edə bilərdi. Halbuki, məhkəmə öz səlahiyyətləri çərçivəsində bu sübutları dəqiqləşdirmək üçün yerində müayinə apara, sorğu göndərə və yaxud əlavə sübutların təqdim edilməsini təklif edə və ya iddiaçının əldə edə bilmədiyi cavabdehdə olan sübutların təqdim edilməsini cavabdehdən tələb edə bilərdi. Bununla da, iddianı rədd edən məhkəmə cavabdehin iddiaçıya məxsus evdə yaşamamasının xəstəliyi ilə əlaqədar müvəqqəti xarakter daşıması barədə cavabdehin nümayəndəsinin bildirdiklərini işin hallarına uyğun saysa da həmin halları işdə olan hansı sübutlarla müəyyən etdiyini əsaslandırmamışdır.

18. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli 2(033)- 272/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə İşrafil qızı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

21. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 135.4-cü maddəsinə əsasən, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 4-cü maddəsinin 4-cü hissəsində təsbit edilmişdir ki, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.

23. Qərarlar: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarı

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

25. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

26. İddiaçı Zaqatala Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli 2(033)-272/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

28. Bu qətnamənin 1-ci bəndində göstərilənlər işin mübahisə edilməyən hallarıdır. Hazırki mübahisə iddiaçının cavabdehin 2020-ci ildən etibarən mübahisəli ünvanda yaşamaması səbəbilə istifadə hüququnu itirdiyi iddiası ilə bağlıdır. Cavabdehin hal-hazırda mübahisəli ünvanda yaşamaması işin halları, həmçinin cavabdehin nümayəndəsinin izahatları ilə müəyyən olunur. Lakin, cavabdeh tərəf onun mübahisəli evdə deyil, Bakı şəhərində yaşamasının xəstəliyi ilə əlaqədar müvəqqəti hal olduğunu və vaxtaşırı mübahisəli evə gəlib-getdiyini iddia edir. İddiaçının nümayəndəsinin məhkəmə kollegiyasının iclaslarında verdiyi izahatlarda da bildirilmişdir ki, cavabdeh mübahisəli ünvanda yetişən fındıq məhsulunu yığmaq üçün həmin evə gəlmiş, daha sonra yenidən Bakı şəhərinə qayıtmışdır. Kollegiya hesab edir ki, bu hal cavabdeh tərəfin bildirdiklərinin daha inandırıcı olduğunu göstərir.

29. Kollegiya əlavə olaraq onu da nəzərə alır ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Zaqatala Ərazi İdarəsi tərəfindən 26 sentyabr 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,2792 hektar torpaq sahəsi X4, Cavabdeh, X5, X6 və X3 ümumi birgə, həmin torpaq sahəsinin üzərində yerləşən 107,10 kv.m. fərdi yaşayış evi İddiaçı tam mülkiyyəti kimi adlarına daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində qeydiyyata alınmışdır. Göründüyü kimi, mübahisəli fərdi yaşayış evi iddiaçının tam mülkiyyətində olmaqla bərabər, həmin evin yerləşdiyi torpaq sahəsinin üzərində cavabdehin paylı mülkiyyət hüququ vardır və həmin paylar naturada ayrılmamışdır. Yəni, mübahisəsi gedən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınsa da, Cavabdeh həmin evin yerləşdiyi torpaq sahəsinin həm mülkiyyətçisidir. Mülki Məcəllənin 135.4-cü maddəsinə əsasən, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Mülki Məcəlləyə əsasən, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 4-cü hissəsində təsbit edilmişdir ki, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Bu isə o deməkdir ki, torpaq sahəsinə mülkiyyət hüququ olan cavabdehin orada olan tikiliyə də hüquqları vardır. Baxılan işdə də cavabdehin mübahisəli əmlakın yerləşdiyi torpaq sahəsində digər şəxslər, o cümlədən iddiaçı ilə birgə mülkiyyət hüququnun olması, onun həmin torpaqla möhkəm bağlılığı olan (ondan ayrıla bilməyən) əşyaya vahid daşınmaz əşya və vahid mülkiyyət obyektinə də hüququnun olması anlamına gəlir. Belə olan halda, kollegiyanın mövqeyinə görə cavabdehin torpaq mülkiyyətçilərindən biri olmasına görə, nəinki cavabdehin istifadə hüququnun itirilmiş hesab edilməsi, kompensasiya təklif edilməklə istifadə hüququna xitam verilməsi belə istisna olunur.

30. Kollegiya apellyasiya şikayətinin bu qətnamənin 16-cı bəndində göstərilən dəlillərinə münasibət bildirərək qeyd edir ki, cavabdehin mübahisəli əmlaka istifadə hüququnun olması hal-hazırda qüvədə olan Zaqatala Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(033)-502/2019 nömrəli qətnaməsi ilə təsdiq edildiyindən hazırki məhkəmə icraatının predmeti deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

31. Kollegiya apellyasiya şikayətinin bu qətnamənin 17-ci bəndində göstərilən dəlillərinə münasibət bildirərək qeyd edir ki, bu qətnamənin 4-11-ci və 28-ci bnədlərində göstərilən dəyərləndirmələrdən də görünür ki, cavabdehin mübahisəli əmlakı daimi əsaslarla tərk etməsi sübut olunmur.

32. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı nümayəndəsi Nümayəndə İşrafil qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli 2(033)-272/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı nümayəndəsi Nümayəndə İşrafil qızı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli 2(033)-272/2024 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar