Məhkəmə qərarları › İş №2(107)-841/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-841/2025

23.09.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-841/2025 23.09.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Yüzbaşıyev Arif Soltanməcid oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “çəkilmiş xərci kompensasiya etməklə tikilidən çıxarılma” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Tikilidən çıxarılma, çəkilmiş xərcin kompensasiyası) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı Yüzbaşıyev Arif Soltanməcid oğlunun, Cavabdeh2 iştirakları ilə, İddiaçı Yüzbaşıyev Arif Soltanməcid oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “çəkilmiş xərci kompensasiya etməklə tikilidən çıxarılma” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(033)-44/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı Yüzbaşıyev Arif Soltanməcid oğlu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “çəkilmiş xərci kompensasiya etməklə tikilidən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Zaqatala rayonu Göyəm kəndində yerləşən, xüsusi mülkiyyətində olan, 0,1290 ha torpaq sahəsində yerləşən tikilidə çəkdikləri xərcin əvəzində cavabdehlər - Cavabdeh1 və Cavabdeh2 cəmi 5034,61 manat məbləğində kompensasiya verməklə onların yetkinlik yaşına çatmayan uşaqları X10 və X11 ilə birlikdə həmin tikilidən çıxarılmaları və tikilinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Zaqatala rayonu, Göyəm kəndində yerləşən, kənd təsərrüfatı təyinatlı 0,1290 ha torpaq sahəsini xx.xx.2017-ci il tarixli, notariat qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında almışdır və xx.xx.2017-ci il tarixdə xüsusi mülkiyyət hüququ ilə onun adına DƏDR-də qeydə alınmışdır. O torpaq sahəsini üzərində mövcud olan tikili ilə birlikdə mülkiyyətçilərindən almışdır. Bundan sonra tikilidə tam təmir işləri görmüşdür. O həmin torpaq sahəsini aldıqdan sonra da cavabdehlər bir müddət həmin tikilidə kirayədə yaşamışlar. Daha sonra nikahları pozulmuş və ayrılmışlar. Bundan sonra, hazırkı iş üzrə Cavabdeh1 torpaq sahəsini aldığı mülkiyyətçilərin və öz adından Zaqatala rayon Məhkəməsinə “alqı-satqı müqaviləsinin ləğvinə dair” iddia ərizəsi vermişdir. Zaqatala rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia əsassız olduğundan təmin edilməmişdir. Qətnamədən apellyasiya şikayəti verilmiş və məlum olmuşdur ki, Cavabdeh1 Ayişə, Aysel və Naidə Bayramovaların imzasını saxtalaşdıraraq, onların adından iddia ərizəsi və apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsi xx.xx.2018-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti vermədikləri üçün Ayişə, Aysel və Naidə Bayramovaların şikayəti üzrə icraata xitam vermişdir. Eyni tarixdə Cavabdeh1 apellyasiya şikayətinin rədd edilməsi barədə qətnamə çıxarmışdır. Həmin qətnamədən Cavabdeh1 kassasiya şikayəti versə də Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi qüvvəsində saxlanmışdır. Beləliklə, mülkiyyətində olan torpaq sahəsinin qanuni yolla əldə etməsi və Cavabdeh1 qanunsuz hərəkətləri (torpağın əvvəki mülkiyyətçilərinin imzalarını saxtalaşdırılması) təsdiq edilmişdir. O mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmədiyi üçün Cavabdeh1 və qeyrisinə qarşı “mübahisəli torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən tikilidən kompensasiya verilmədən çıxarılmaya dair” iddia ərizəsi ilə Zaqatala rayon məhkəməsinə müraciət etmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-19/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və qeyrisinin mübahisəli torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən tikilidən kompensasiya verilmədən çıxarılmaları qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-291/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Zaqatala Rayon Məhkəməsinin 2(033)-19/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi cavabdehlər Cavabdeh1 və qeyrisinin mübahisəli torpaq sahəsinin üzərində olan “tikilidən çıxarılmaları hissəsində” ləğv edilmiş, həmin hissədə iddia təmin edilməmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış və xx.xx.2020-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Cavabdeh1 tikilidən çıxarılması hissəsini təmin etməyən məhkəmə kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh1 yaşadığı tikilinin yerləşdiyi torpaq sahəsinin mülkiyyət hüququ başqa şəxsə keçsə belə, onun həmin evdən çıxarılması barədə iddianın təmin edilməsi iddia ərizəsində göstərilən əsasla qanuni və ədalətli hesab edilə bilməz. Çünki o torpaq sahəsinin mülkiyyətçisi olmamışdan qabaq həmin torpaq sahəsi üzərində qanunsuz olsa belə, inşa edilmiş tikilinin olmasını və həmin tikilidə cavabdehin yaşamasını bilmiş və bunu qəbul etmişdir. Cavabdehin çıxarılmasını tələb etdiyi tikiliyə mülkiyyət hüququ yoxdur. Bundan sonra, o cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “mübahisəli torpaq sahəsinin üzərində inşa edilmiş özbaşına tikilinin sökülməsi barədə” qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin ayrıca icraatda cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı uşaqlar X10 və X11 ilə birlikdə Zaqatala rayonu Göyəm kəndində yerləşən, mübahisəli torpaq sahəsində yerləşən tikilidə (yaşayış sahəsində) yaşamaq hüququna 3.600 manat (36 ay X 100 manat) kompensasiya verməklə xitam verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023- cü il tarixli qərardadı ilə işlər birlikdə baxılmaq üçün bir icraatda birləşdirilmişdir. İşlər bir icraatda birləşdirildikdən sonra tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edib, X1 cavabdehlər siyahısından çıxarılmasını, Cavabdeh1 azyaşlı uşaqları: X10 və X11 ilə mübahisəli torpaq sahəsində yerləşən tikilidə (yaşayış sahəsində) yaşamaq hüququna 4500 manat kompensasiya verməklə xitam edilməsinə, həmin torpaq sahəsində özbaşına inşa edilmiş qanunsuz tikilinin sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin e2(033)-40/2023 nömrəli, 16 mart 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh1 azyaşlı uşaqları X10 və X11 ilə birlikdə mübahisəli torpaq sahəsində yerləşən tikilidə (yaşayış sahəsində) yaşamaq hüququna 4.500 manat kompensasiya ödənilməklə xitam verilməsi, həmin torpaq sahəsində özbaşına inşa edilmiş qanunsuz tikilinin sökülməsi, iddianın Cavabdeh2 münasibətdə rədd olunması qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)- 687/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-687/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 2(102)-128/2023 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməsə də həmin Qərarın 56-cı bəndində izah edilmişdir ki, “məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilən əsaslarla qaldırılmış hazırkı iddianın rədd olunması, iddiaçını ona məxsus torpaq sahəsində yerləşən tikilini inşa etmiş şəxslərin bununla bağlı çəkilmiş xərclərini kompensasiya etməklə onların tikilidən çıxarmaq və mübahisə halında həmin tələblə məhkəməyə müraciət etmək imkanlarından məhrum etmir.” Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 2(102)-128/2023 saylı, xx.xx.2024-cü il tarixli qərarında göstərdiyi hüquqi mövqeyinə (tərəflər arasındakı hazırkı mübahisənin həllı qaydasına) istinad edərək, uzun müddət aralarında davam edən mübahisəni mülkiyyətçi olaraq, cavabdehlərin tikilidə yaşadıqları müddətdə sərf etdikləri xərci kompensasiya etməklə nəhayət məhkəmə qaydasında həll etmək qərarına gəlmişdir. Kompensasiya ifadəsinin hərfi mənası “əvəz” kimi başa düşülür. Hüquqi mənası da hərfi mənasına uyğundur. Kompensasiya hüququn əvəzi kimi verilə bilər. Hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyinə görə ona məxsus torpaq sahəsində yerləşən tikiliyə sərf etdikləri xərclər cavabdehlərə kompensasiya edilməklə onların tikilidən çıxarılması, o cümlədən məhkəmə qaydasında tələb edilə bilər. Ona görə də hüququn (çəkdiyi xərcin əvəzini tələb etmək hüququ) kompensasiyası deyiləndə “imkanın əvəzləşdirilməsi” başa düşülür. Əvvəlcə “imkan” müəyyənləşdirilməlidir. “İmkan” müxtəlif amillərlə müəyyənləşdirilir: indiki halda tikilinin yerləşdiyi yer, səmərəli istifadə üçün sərf edilən vəsait və s. Bundan sonra “imkana” uyğun olan “əvəz” müəyyənləşdirilməlidir. “Əvəz” də müxtəlif amillərlə müəyyənləşdirilir: bazardakı kirayə qiymətləri, istifadəçinin maddi vəziyyəti, sosial vəziyyəti, istifadəçinin özünə yaşayış sahəsi əldə edə bilməsi üçün zəruri olan müddət və s. nəzərə alınmalıdır. Qeyd edir ki, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,04 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsusdur. Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən yaşayış məntəqələrinin torpaqları (həyətyanı) təyinatlı 0,2609 ha torpaq sahəsi 6/30 hissə X13, 6/30 hissə X7, 6/30 hissə X14, 6/30 hissə Cavabdeh1, 6/30 hissə X3 məxsus olmaqla paylı mülkiyyətdədir. Torpaq sahəsi mülkiyyətçilərindən üzərindəki tikili ilə birlikdə almışdır. Torpaq sahəsində yerləşən tikilinin hazırkı vəziyyətə gətirilməsi üçün sərf edilmiş ümimi xərc və həmin xərcdən cavabdehlərin birgə nikah dövründə və ondan sonra çəkdikləri xərcin məbləğı məhkəmə qaydasında müəyyən edilməlidir. İddia ərizəsinə əlavə etdiyi müəxəssis Rəyinə görə tikilidə cavabdehlərin gördükləri işlərin həcmi və həmin işlərə çəkilən xərcin “5034,61” manat olması müəyyən edilmişdir. Əgər cavabdehlər daha çox xərc çəkmələrini iddia edirlərsə bu barədə məhkəməyə dəlillərini təqdim edə bilərlər. Aralarındakı əvvəlki mübahisə üzrə məhkəməyə təqdim etdikləri mütəxəssis Rəyinə görə mübahisəli tikilinin bazar dəyəri 32.800 manat (torpaq sahəsi ilə birlikdə), oxşar yaşayış sahəsinin həmin ərazidə kirayə haqqı isə 100,0 manat təşkil edir. Kompensasiya institutu mülkiyyət hüququnun müdafəsinə yönəlib. Belə ki, əmlakdan başqa şəxsin istifadə imkanının olması əmlakın yüklülüyü deməkdir, əmlakını yüklülükdən azad etmək mülkiyyətçi olaraq, onun hüququdur. Kompensasiya verilməsi, o cümlədən xərcin kompensasiya edilməsi, həmin hüququn həyata keçirilməsinin bir formasıdır. O, mülkiyyətçi olaraq “torpaq sahəsində yerləşən tikilidə cavabdehlərin çəkdiyi xərci kompensasiya etməklə onları tikilidən çıxarılmaya dair” iddia qaldırmaqla mülkiyyət hüququnu müdafiə etmək, 3-cü şəxslərin hüquqlarından azad etmək istəyir. Azərbaycan Respublikası Konstitusiyasının 29.3 və MM-nin 152.1 maddələrinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Hazırda o, mülkiyyət hüququnu həyata keçirə bilmir. Məqsədi xüsusi mülkiyyətində olan əmlakını kənar müdaxilədən müdafiə etməkdir. Buna onun hüquqi ixtiyarı vardır. AR Konstitusiyasının 13-cü maddəsinin İ-ci hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hazırkı mübahisənin həllində, yəni “çəkilmiş xərci kompensasiya etməklə tikilidən çıxarılmaya dair” iş üzrə Azərbaycan Respublikası MM-nin 11-ci maddəsinə əsasən qanunun analogiyasının tətbiq edilməsi imkanı da nəzərə alına və oxşar mübahisələrin həlli zamanı tətbiq edilən normalar da tətbiq edilə bilər. Hər bir halda yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin iddiası əsasında kompensasiya verilməklə xitam verilməsi imkanı Azərbaycan Respublikası KM Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında da göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli Qərarı məhkəmələrin üzərinə vəzifə qoyur ki, birbaşa tənzimləyən norma olmasa belə oxşar hüquq münasibətlərini tənzimləyən norma tətbiq etməklə kompensasiya təklif etmək hüququ nəzərdə tutulmayan hallarda da mübahisələr ədalətli qaydada həll edilsin. Həmin qərarda göstərilir ki, “Kompensasiya institutu istifadəçiyə yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Həmçinin həmin Qərarda göstərilmişdir ki, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Hazırkı mübahisə üzrə də Ali Məhkəmənin mövqeyini də nəzərə alınsa torpaq sahəsinin mülkiyyətçisi üzərindəki qanunsuz tikilinin inşasına çəkilmiş xərci kompensasiya etməsi (əmlakını yüklülükdən azad edilməsi) mübahisənin qanuni və ədalətli həllidir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsini qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2- ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında KM-nin Plenumu hesab etmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Həmin qərarda qeyd olunub ki, kompensasiyanın məbləği iddianın predmetinə daxil deyil, məhkəmə iddia ərizəsində kompensasiyanın məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası KM Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında İH AM “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” AK-nın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelərə istinad edilərək, göstərilir ki, 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir, həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Hesab edir ki, “mülkiyyətin müdafiəsi ilə bağlı” qanuni əsaslarla məhkəmədə iddia qaldırmaq, hüquqdan, o cümlədən mülkiyyət hüquqndan “sui-istifadə” hesab edilə bilməz. Həmçinin özbaşına olda belə torpaq sahəsində inşa edilmiş tikilinin inşasına çəkilmiş xərcin əvəzində kompensasiya təklif edilməsi “başqasına zərər vurma” kimi qiymətləndirilə bilməz. Əks yanaşma Azərbaycan Respublikası Konstitusuyasında nəzərdə tutulmuş 26-cı (insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi) 60cı (hüquq və azadlıqların inzibati və məhkəmə təminatı), 71-ci (insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı) maddələrinə ziddiyyət təşkil edir. Nəzərə almaq lazımdır ki, ona məxsus torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ hər hansı məqsədlə, ayrıca qararla məhdudlaşdırılmamışdır. Onun cavabdehlərə qarşı əvvəllər verdiyi “tikilidən kompensasiya verilmədən çıxarılma” və “tikilinin sökülməsi, cavabdehə bazar qiymətinə uyğun kompensasiya verməklə tikilidən çıxarılma” tələbləri məhkəmələr tərəfindən təmin edilməsə də, hazırkı tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırkı mübahisə üzrə hüquqi mövqeyinə tam uyğun olaraq, “tikiliyə çəkilmiş xərcin kompensasiya edilməsi” barədədir. Tərəflər arasındakı əvvəlki mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri preyedusial əhəmiyyətə malik olsa da hazırkı iddia tələbinin predmeti və əsasları başqadır.

3. İddiaçı nümayəndəsi vəkil Nümayəndə 13 may 2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iddia ərizəsinə mübahisə predmeti olan təmir-tikinti işlərinə çəkilmiş xərcin əvəzinin kompensasiyası ilə bağlı ədalətli məbləğin müəyyən edilməsi məqsədilə "xxxx" MMCdən mütəxəssis rəyi alınaraq iş materiallarına əlavə edilmişdir. Həmin rəyə görə tikilinin ümumi təmirinə 5034,61 rnanat xərc çəkilməsi müəyyən edilmişdir. İşin faktiki halı ondan ibarətdir ki, tikili iddiaçının aldığı torpaq sahəsində mövcud olmuş və iddiaçı tikilini torpaq sahəsi ilə birlikdə əvvəlki mülkiyyətçisindən almışdır. Sonradan tikilinin təmir işləri əsasən onun tərəfindən və az bir müəyyən hissəsi cavabdehlər tərəfindən görülsə də iddiaçı iddia ərizəsində çəkilmiş xərcin kompensasiya məbləği kimi mütəxəssis tərəfindən müəyyən edilmiş 5034,61 manat miqdarında xərcin hamısının cavabdehlərə verilməsinə razı olduğunu göstərmişdir. Lakin cavabdehlərdən Cavabdeh1 kompenssiya məbləği ilə razı olmadığından məhkəmə xx.xx.2024-cü il tarixdə ”məhkəmə tikinti-texniki ekspertizası” təyin etmişdir. Məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli ekspert rəyində tikiliyə ümumilikdə (tikintisinə, təmirinə) çəkilən xərcin bazar qiymətini 29.906 manat müəyyən etmişdir. Ekspertin müəyyən etdiyi bu qiymətin içərisindən tərəflərin hansı işləri görməsi faktı məhkəmə tərəfindən mübahisə tərəflərinin təqdim etdikləri sübutlar əsasında müəyyən edilməlidir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdehlər iddiaçıya məxsus torpaq sahəsində mövcud olmuş hazır tikilidə bir müddət yaşamışlar. Cavabdehlərin həmin tikilidə konkret hansı təmir işləri görməsi məhkəmə araşdırması zamanı müəyyən edilmişdir. Cavabdeh Güxar Zamanova məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, əri Məmmədlə mübahisəli tikiliyə köçərkən evin damı və divarları hazır olmuşdur. Sonra isə evin içini təmir etməyə başlamışlar. Tikilinin arakəsmə divarlarının bəziləri olmamışdır. Evə 2010-cu ildə köçmüşlər. Evin içəridən suvağı olmamış iki otağının döşəməsi olsa da ikisinin döşəməsi olmamışdır. Evin pəncərələrini Məmmədlə evləndikdən sonra qoymuşlar. Evin qapılarını 2010-cu ildə qoyulmuşdur. Digər Cavabdeh2 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsindəki tikili Cavabdeh1 ilə birgə nikah dövründə inşa edilməmişdir. Onlar evlənərkən həmin tikili artıq yaşamaq üçün hazır olmuşdur. Birgə yaşadıqları dövrdə evin damının novlarını sonradan vurmuşlar. Tikilinin iki otağının suvağını və seyrək olan polu təmir etmişlər. Evin pəncərələri olmuş və atası tərəfindən pulu ödənilmişdir. Göründüyü kimi cavabdehlərin özlərinin götərdiyi işlərin xərcini qəbul etsələr belə, yenə də iddiaçı ən azı onlara çəkdikləri xərcdən iki dəfədən artıq xərc əvəzi kimi pul kompensasiyası təklif edir. Cavabdehlərin həmin tikilidə gördükləri konkret işlərin həcmi iddia ərizəsinə əlavə etdikləri mütəxəssis rəyində göstərilən məbləğə nisbətən ekspert rəyində daha az göstərilməsinə baxmayaraq, kompensasiya məbləğinin azaldılması ilə bağlı iddiaçı tərəfindən iddia tələbində dəyişiklik edilməmişdir. Məhkəməyə təqdim etdikləri konkret sübutlarla iddiaçının mülkiyyətində olan torpaq sahəsindəki tikilinin inşası və təmiri ilə bağlı konkret işlərin kimin tərəfindən həyata keçirilməsi təsdiq edilir. xx.xx.2025-ci il tarixli ərizələrində iş üzrə əldə edilmiş ekspert rəyinin smeta cədvəlinin 3- cü və 4-cü bəndlərində göstərilən işlərin cavabdehlər tərəfindən görülməsini, 5-ci, 6-cı və 8-ci bəndlərində göstərilən işlərin isə 4 otaq üçün deyil, yalnız 2 otağa aid işlərin cavabdehlər tərəfindən görülməsini qəbul etmişdirlər. Bu işlərin cəmi 4.529 manat həddində göstərilən təmir xərcləri cavabdehlərə ödənilməli olan mələğdir. Həmin işlərin qiyməti məhkəməyə daxil olmuş ekspert rəyinə və məhkəməyə təqdim edilmiş digər sübuta əsasən 4.529 manat təşkil etsə də, qeyd etdiyi kimi iddia tələbində göstərilən 5.034 manat kompensasiya məbləği (çəkilmiş xərcin əvəzi) iddiaçı tərəfindən azaldılmamışdır. Bir daha qeyd edir ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsini aldığı zaman mövcud olmuş tikilinin inşasına və təmirinə çəkilən xərcin kimin tərəfindən həyata keçirilməsi məhkəmə iclasında təqdim edilmiş sübutarla təsdiq edilmişdir. Əvvəlki ərizələrində çəkilmiş xərcin əvəzində cavabdehlərə təklif edilən kompensasiya məbləği real xərclərdən artıq olmasına baxmayaraq, cavabdehlər əsassız olaraq, sübut təqdim etmədən narazılıq edib, əvvəlki məhkəmə proseslərində olduğu kimi müvafiq ali dövlət orqanlarına şikayətlər etməklə məhkəməyə qanunsuz təsirlər edirlər. İddiaçı cavabdehlərlə aralarındakı mübahisənin qarşılıqlı razılıqla və məhkəmədən kənar digər yollarla həllinə çalışsa da nail ola bilməmişdir. Lakin tərəflərin arasındakı əmlak mübahisəsi nəhayət qanunla və ədalətlə həll edilməlidir. Mübahisə həll edilərkən torpaq mülkiyyətçisinin üstün mənafeyi nəzərə alınmalı və tərəflərin arasındakı Ali Məhkəmənin MK-nın xx.xx.2024-cü il tarixli son qərarının 55-ci bəndindəki gəldiyi nəticə nəzərə alınmaqla ədalətlə həll edilməlidir. Hazırda iş materiallarına əlavə edilmiş mövcud ekspert rəyinin 1 və 13-cü bəndlərində göstərilən və bilavasitə evin kərpiclə hörülməsi, özül-beton işlərinin görülməsi, atma, çərcivə və evin üstünün şiferlənməsi ilə bağlı xərclər istisna olmaqla qalan bütün xərcləri cavabdehlərə ödəməyi iddiaçı təklif edir. Çünki, o nəhayət mülkiyyətindən istifadə etməyi, konstitusion hüquq olan mülkiyyət hüququnu realizə etmək istəyir. Axı iddiaçının mülkiyyətçi olaraq, hüquqlarının müdafiəsi mülki qanunvericilikdə və AR Konstitusiyasında nəzərdə tutulmuşdur. İddiaçı tərəf olaraq, məhkəməyə daxil olmuş ekspert rəyindəki smeta cədvəlinin 2; 3; 4; 5; 6; 7; 8; 9; 10; 11; 12 və 14-cü bəndlərində göstərilən işlərin cəmi xərci olan 12.063 (on iki min altmış üç) manat pulun çəkilmiş xərcin əvəzi kimi cavabdehlərə ödənilməklə iddiaçının xüsusi mülkiyyətində olan tikilidən cavabdehlərin (yetkinlik yaşına çatmayan uşaqları ikə birlikdə) çıxarılmaları haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq 17749 manat pulun çəkilmiş xərcin əvəzi kimi cavabdehlərə ödənilməklə cavabdehlərin (yetkinlik yaşına çatmayan uşaqları ikə birlikdə) onun xüsusi mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilmiş evdən çıxarılmaları haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. Məhkəmə iclasında İddiaçı Soltanməcid oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, mübahisəli ev yerləşən torpaq sahəsini 2003-cü ildə Soltan Məmmədovdan almışdır. Lakin torpağa dair sənədlər hazır olmadığı üçün o, torpaq sahəsini sənədləşdirə bilməmişdir. Torpaq sahəsini Soltan Məmmədovun ona 14800 ABŞ dolları olan borcu əvəzinə almışdır. Torpaq sahəsi ona verilərkən üzərində mübahisəli ev də yerləşmişdir. O, torpağı aldıqdan qısa müddət sonra Gürcüstan Respublikasında həbs olunmuş və uzun müddət cəza çəkmişdir. Həbsdən azad olduqdan sonra ona məlum olmuşdur ki, kirayəşin kimi evə yaşamağa icazə verdiyi X4 Məmmədovun arvadı Cavabdeh1 ona məxsus evdən çıxmaq istəmir. Bu səbəbdən onların arasında məhkəmə davaları başlamışdır. O, cavabdehin evə çəkilmiş xərclər ödənilməkə onun uşaqları ilə evdən çıxarılmasını istəyir. Hazırda Cavabdeh1 ona məxsus torpaq sahəsində inşa edilmiş evdən yetkinlik yaşına çatmayan uşaqalrı ilə çıxmasına görə evin yalnız təmirinə xərclənmiş 17749 manatı təklif edir. Bununla bağlı ərizəsini məhkəməyə təqdim etdi. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmaısnı xahiş etmişdir.

6. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, o, Cavabdeh2 ilə 2007-ci ildə evlənmişdir. Onlar evləndikdən sonra Rusiya Federasiyasına getmişlər. Cavabdeh2 Rusiyada işləyib pulu atası Soltan Məmmədova göndərmiş və həmin pulla mübahisəli evi təmir etmişlər. O, mübahisəli evə gəlin gələnə qədər ev tikilərək damı vurulmuşdur. Rayona qayıtdıqdan sonra Cavabdeh2 atasına məxsus evdə yaşamış, lakin sonradan qaynanası ilə aralarında mübahisə olduğundan hazırda mübahisələndirilən evə köçmüşdür. O, evə köçərkən evin damı və divarları hazır olmuşdur. Sonra isə evin içini təmir etməyə başlamışlar. Evin ara barılarının bəziləri olmuş, bəziləri isə olmamışdır. Həmin evi Cavabdeh2la o, təmir etmişdir. O, həmin evə 2010-cu ildə köçmüşdür. Evə köçərkən ev içəridən suvaq olunmamışdır və iki otağın ümumiyyətlə döşəməsi olmamışdır. Evin pəncərələri Cavabdeh2 ilə evləndikdən sonra qoyulmuşdur. Bundan başqa evin qapıları 2010-cu ildə qoyulmuşdur və o, özünə məxsus boyunbağını sataraq pulunu ödəmişdir. Evin bütün kommunal xətləri onun adınadır. O, özünə məxsus pay torpaq sahəsini sataraq pulu ilə evini təmir etdirmişdir. Evin tikintisində qardaşı ustalıq etmişdir, Cavabdeh2 da ona fəhləlik etmişdir. O, ekspert rəyi ilə razı deyidir. Evin pərənəcələri o, Cavabdeh2 ilə evləndikdən sonra qoyulmuşdur. Evin tavanı və döşəməsi, divarların suvağı vurulmuşdur. Evin elektrik xəttləri çəkilmiş, divar kağızları vurulmuşdur. Evin santexnik işləri də görülmüşdür. İddiaçı əsassız olaraq onu evdən çıxartmaq istəyir. Onun qayınatası Soltan Məmmədov iddiaçını heç tanımamışdır. İddiaçı onun keçmiş əri Cavabdeh2 ikinci arvadının tanışı olmuşdur. Evin pəncərələri o hələ qaynansıgildə yaşayarkən Cavabdeh2 Rusiya Federasiyasından göndərdiyi pullarla qoyulmuşdur. İddiaçının onun uşaqları ilə mübahisəli evdən çıxmasına görə təklif etdiyi 17749 manat pulu qəbul etmir. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul edərək bildirdi ki, o, 2008-ci ildə Rusiya Federasiyasında olmuşdur. Hələ 21 yaşında olarkən evin yerləşdiyi torpaq sahəsini atası almışdır. Həmin ev Cavabdeh1 ilə birgə nikah dövründə inşa edilməmişdir. Onunla 2007-ci ildə evlənmişlər və həmin vaxt artıq ev yaşamaq üçün hazır olmuşdur. Sadəcə evin damının novları sonradan vurulmuşdur. Cavabdeh1 ilə mübahisəli evə köçərkən həmin evin iki otağı suvaqlı olmuş, polun taxtaları isə seyrək olmuşdur. Evin pəncərələri onlar evə köçərkən artıq olmuşdur və həmin pəncərələrin pulunu atası ödəmişdir. Cavabdeh1 ilə Rusiya Federasiyasından qayıtdıqdan sonra mübahisəli evi yaşayası vəziyyətə özləri çatdırmışlar. Onlar evə köçərkən evin divarları suvaqlı olmuşdur. Döşəmə taxtaları isə zəif olsa da üstünə faner vurmuş və döşəmə üstündə gəziləsi kimi olmuşdur. Tavanına da həmçinin faner vurmuş və boya çəkilmiş, evin iki otağında yaşamağa başlamışlar. Evin digər otaqlarını isə sonradan təmir etmişlər. Onlara evə görə kirayə haqqı ödəyəcəklərini bildirsələr də, onlar kirayə pulunu ödəməmişlər. Onun atası Soltan Məmmədov kartof alveri ilə məşğul olmuşdur. O, kartof məhsulunun pulunu ödəyə bilmədiyi üçün pulun əvəzinə özünə məxsus evi və torpaq sahəsini iddiaçıya vermişdir. Həmin razılaşma o Cavabdeh1 ilə hələ evlənməmişdən qabaq olmuşdur. İddiaçının Cavabdeh1 təklif etdiyi məbləğ çoxdur. İddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi.

8. Zaqatala Rayon Məhkəməsinin (hakim Vüqar Məmmədov) xx.xx.2025-ci il tarixli, e- 2(033)-44/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, iddiaçı Yüzbaşıyev Arif Soltanməcid oğlunun Zaqatala rayonu Göyəm kəndində xüsusi mülkiyyətində olan, kənd təsərrüfatı təyinatlı 0,1290 ha torpaq sahəsində yerləşən tikilidə Cavabdeh1 və Cavabdeh2 çəkdikləri xərcin əvəzində 17749 (on yeddi min yeddi yüz qırx doqquz) manat kompensasiya ödənilməklə onların azyaşlı uşaqları X10 və X11 ilə birlikdə həmin tikildən çıxarılmaları və tikilinin boşaldılması, ödənilmiş dövlət rüsumunun iddiaçı Yüzbaşıyev Arif Soltanməcid oğluna aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22) köçürülməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Zaqatala rayonu Göyəm kəndində yerləşən kənd təsərrüfatı təyinatlı çoxillik əkmələr məqsədli 0,1290 ha torpaq sahəsi digər şəxslərlə yanaşı ümumi birgə mülkiyyət hüququ üzrə Soltan Məmmədova məxsus olduğu vaxt, sonuncu tərəfindən həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisi aparılmışdır. Evdə orada yaşayan cavabdehlər tərəfindən də birgə nikah dövründə əlavə tamamlama işləri aparılmışdır.

10. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 fevral 2025-ci il tarixli 10/6390 saylı rəyi ilə mübahisə predmeti olan fərdi yaşayış evinə çəkilən xərclərin hal-hazırkı bazar qiymətlərinə uyğun olaraq dəyərinin təqribən 29906 manat olduğu müəyyən edilmişdir. Ekspert eyni zamanda icra edilmiş hər işin dəyərini ayrı-ayrılıqda da müəyyən etmişdir.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

11. Məhkəmə rəyi vermiş şəxsin qiymətləndirilmə sahəsində xüsusi biliyinin olduğunu nəzərə alaraq, həmin rəylə razılaşmış və icra edilmiş hər bir işin ayrı-ayrılıqda və cəmi dəyəri barədə rəylə müəyyən edilənləri işin hallarına uyğun sayır və mübahisə predmeti olan fərdi yaşayış evinə çəkilən xərclərin hal-hazırkı bazar qiymətlərinə uyğun olaraq dəyərinin təqribən 29906 manat olduğu nəticəsinə gəlmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 evin tikintisinin Cavabdeh2 Rusiyada işləyib Soltan Məmmədova göndərdiyi pulun hesabına tikilməsini bildirsə də, həmin halın təsdiqi üçün sübut təqdim etməmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh2 isə Cavabdeh1 bildirdiklərinin əksinə olaraq, evin Cavabdeh1 ilə birgə nikah dövründə inşa edilmədiyini, 2007-ci ildə evləndikləri vaxt evin artıq yaşamaq üçün hazır olduğunu, evin damının novlarının sonradan vurulduğunu, evin iki otağının suvaqlı olduğunu, döşəmə taxtalarının seyrək olduğunu, evin pəncərələrinin onlar evə köçərkən artıq olduğunu, həmin pəncərələrin pulunu atasının ödədiyini, Cavabdeh1 ilə Rusiya Federasiyasından qayıtdıqdan sonra mübahisəli evi yaşayası vəziyyətə özlərinin çatdırdıqlarını, döşəmə taxtalarının üstünə və tavana faner vurulduğunu, boya çəkildiyini, evin iki otağında yaşamağa başladıqlarını, evin digər otaqlarını isə sonradan təmir etdiklərini bildirmişdir.

14. Məhkəmə qeyd edilənlərə əsasən cavabdehlərin birgə nikah dövründə fərdi yaşayış evinin yalnız iç təmiri işlərini icra etmələrini işin hallarına uyğun saymışdır.

15. Məhkəmə onu da qeyd etməyi zəruri saymışdır ki, xüsusi biliyi olan ekspert həmin işlərin dəyərini ayrı ayrılıqda hesablayaraq, icra edilmiş həmin işlər üzrə evin təmir xərclərinin 17749 manat təşkil etdiyini müəyyən etmişdir.

16. Məhkəmə qeyd etmişdir ki, evin tikikintisinə (bünövrənin qazılması, bünövrənin hörülməsi, kürsünün hörülməsi, bünövrənin şebel ilə əks doldurulması, çöl divarlarının hörülməsi, daxili arakəsmə divarlarının hörülməsi, mişar daşı, qum, sement, damən altının taxta ilə yığılması və azbest şifer ilə üzlənməsi, taxta, reyka, azbest şifer) xərclənmiş 12157 manat pul vəsaiti xaric digər işlərin (29906-12157=17749) cavabdehlərin birgə nikah dövründə görülməsi həm Cavabdeh1 həm də bu hissədə ifadələri üst üstə düşmiş şahidlərin məhkəmə vaxtı verdikləri ifadələr ilə də təsdiq olunur.

17. Məhkəmə, cavabdehlərin sadalanan işlərin icra edilməsinə çəkilmiş xərclər barədə başqa sübut təqdim etmədiklərini işlərin icra edilməsinə çəkilmiş xərci hesablamış ekspertin isə bu sahədə xüsusi biliyinin olduğunu nəzərə alaraq, xərcin miqdarı barədə rəylə müəyyən edilənləri işin hallarına uyğun saymışdır.

18. Məhkəmə belə hesab etmişdir ki, evin təmirinə çəkilmiş xərcin 17749 manat hissəsi, özündə cavabdeh ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyər olması və həmin tikintindən çıxarılmaları tələb olunduqlarından, onların tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olacaqları nəzərə alınaraq, evin tikintisinə çəkilmiş xərcin 17749 manat hissəsi, ər-arvadın tikintiyə sərf olunmuş ümumi vəsaitdəki payları (hər birinə ½ olmaqla) onlara ödənilməlidir.

19. Beləliklə məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlmişdir ki, cavabdehlərin birgə nikah dövründə evin təmiri üçün çəkdikləri xərclərini iddiaçının kompensasiyası qaydasında onlara təklif etdiyi 17749 manata tam uyğundur və həmin məbləğ ödənilməklə cavabdehlər azyaşlı uşaqları ilə birlikdə Zaqatala rayonu Göyəm kəndində yerləşən idddiaçının xüsusi mülkiyyətində olan, kənd təsərrüfatı təyinatlı 0,1290 ha torpaq sahəsində yerləşən tikildən çıxarılmalı və tikili boşaldılmalı iddia tələbi təmin edilməlidir.

20. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu tələb olunmadığından həmin xərc onun özünə aid edilməli, iddia təmin edildiyindən ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdehlərdən birgə qaydada tutularaq ekspertiza mərkəzinin hesabına köçürülməlidir.

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə, 43-cü maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 37.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1, 11.2, 152.1, 225.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 1.1, 14.2, 76.1, 76.2, 77.1, 88, 89, 106.1, 115.0.1, 119.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a)Apellyasiya şikayətinin dəlilləri

22. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermişdir.

23. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli evi sabiq əri Cavabdeh2 ilə birgə nikah dövrlərində inşa etmişlər. Mübahisəli torpaq sahəsi isə qonşularına verilmiş pay torpaq sahəsi olmuşdur. Həmin qonşular həmin torpaq sahəsini faktiki olaraq onlara satmışlar. Lakin həmin dövrdə torpaq sahəsinin hüquqi sənədləri olmadığına görə notariusda alqı-satqı etmək mümkün olmamışdır. Uzun müddət sabiq əri Cavabdeh2la və birgə nikahdan doğulan iki uşaqları ilə həmin evdə yaşamışlar. Əri ilə aralarında münasibət korlandıqdan sonra nikahları pozulmuşdur. Nikahları pozulduqdan sonra əri onu və uşaqları evdən çıxartmaq məqsədi ilə həmin torpaq sahəsini qonşularla birləşərək İddiaçı adına alqı satqı etdirmişdir. (İddiaçı onun keçmiş əri Cavabdeh2 ikinci arvadının xalasının əridir.)

24. Bundan əlavə Cavabdeh1 qanunsuz olsa belə inşa edilmiş evin materiallarına münasibətdə keçmiş əri ilə birlikdə hüquqlarının mövcud olması istisna edilə bilməz. Belə ki, cavabdehin qeyd edilən mübahisəli evdə yaşamağa başlaması mübahisə predmeti olan torpaq sahəsinin iddiaçıya alqı-satqı qaydasında keçməsindən əvvəl baş vermişdir.

25. Hazırki vəziyyətdə cavabdehin mübahisəli torpaq sahəsində yaşamasına etiraz məhz cavabdehin onun keçmiş ərindən boşanmasından sonra baş vermişdir. Hazırki vəziyyətdə isə iddiaçı ilə cavabdehin keçmiş ərinin hazırki işlə bağlı mənafelərinin birbirinə uyğunluğu təsdiq edilmişdir. Bu baxımdan cavabdehlərin iddiaçının qeyd etdiyi kimi tikililərdən çıxarılması hazırki vəziyyətdə təmin edilə bilməz. Ən azı cavabdehlərin uzun müddət yaşadığı, yalnız keçmiş əri ilə nikahları pozulduqdan sonra yaşamasına etiraz edilən evə münasibətdə cavabdehlərin əmlak və əşya hüquqları mövcuddur. Hazırki vəziyyətdə mübahisə predmeti olan tikililər üzərində iddiaçının mülkiyyət hüquqları mövcud olmadığından onun cavabdehlərin həmin tikililərdən çıxarılması barədə iddiası təmin edilə bilməz.

26. Göründüyü kimi indiyə qədər baş tutmuş bütün məhkəmə qərarları ilə sübuta yetirilmişdir ki, İddiaçı torpaq sahəsini əldə edərkən həmin torpaq sahəsində onun sabiq əri ilə birlikdə inşa etdiyi yaşayış evinin olmasını orada ailələri uşaqları ilə bilikdə yaşadıqlarını açıq aydın bilərək əri ilə boşandıqdan sonra həmin torpaq sahəsini İddiaçı əldə etmək məqsədi ondan ibarət olmuşdur ki, sabiq əri ilə birləşərək və hüquqdan sui istifadə edərək onu və azyaşlı uşaqlarını həmin evdən çıxartsınlar və küçəyə atsınlar.

27. Eyni zamanda qeyd olunan məhkəmə qərarları ilə bir daha sübuta yetirildi ki, mübahisəli yaşayış evi üzərində İddiaçı hər hansı bir hüququ yoxdur. Həmin tikili, yəni ev üzərində İddiaçı Soltanməcid oğlunun mülkiyyət və yaxud da hər hansı bir hüququ olmadığına görə həmin tikili və evlə bağlı məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur.

28. İddiaçı iddiasını təmin edən məhkəmə öz qətnaməsində iddianı təmin edərkən iddianın əsası kimi hər hansı bir maddi hüquq normasına istinad etməmiş və hansı maddi hüquq norması əsasında onların evdən çıxarılmalarına dair qərar qəbul etdiyini əsaslandırmamışdır. Məhkəmə qətnamədə Mülki Məcəllənin 11, 152.1, 225.1-ci maddələrini qeyd etmişdir. Lakin həmin maddələrin heç birində hazırki mübahisənin həllini təşkil edən heç bir müddəa yoxdur. Daha sonra məhkəmə qətnamədə Ali Məhkəmənin Plenum qərarına (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il tarixli 1/2024 saylı Qərarının 4.11-ci bəndİ) istinad etmişdir. Adından göründüyü kimi ər-arvadın ümumi əmlakına aid mübahisənin Arif Yusbaşiyevə nə aidiyyatı var? Beləliklə, hesab edir ki, məhkəmə hazırki iş üzrə maddi hüquq normalarını tətbiq etmədən, tətbiq etdiyi maddi hüquq normasını isə düzgün tətbiq etmədiyindən qanunsuz qətnamə qəbul etmiş, indiyə qədər onların aralarında olan eyni predmet barədə qəbul olunmuş məhkəmə qətnamələrini nəzərə almamışdır.

29. Məhkəmə MPM-nin 88-ci maddəsinin tələbini pozaraq tətbiq etməli hüquq normalarını düzgün tətbiq etməmiş, ümumiyyətlə maddi hüquq normaları ilə müqayisəli şəkildə mübahisənin həllini əsaslandırmamışdır. Məhkəmə MPM-in 82.3-cü maddənin tələbini pozmuş, indiyə kimi məhkəmə qətnamələri ilə müəyyən olunmuş halların əksini əks etdirən qətnamə qəbul etmişdir. Beləliklə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri şübhə altına alınmışdır. Hesab edir ki, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun deyildir.

30. Cavabdeh1 uzun müddət yaşadığı, həmin evin torpaq sahəsinin mülkiyyət hüququ başqa şəxsə keçsə belə cavabdehlərin həmin evdən çıxarılması barədə iddianın təmin edilməsi qanuni və ədalətli hesab edilə bilməz. Belə ki, iddiaçı torpaq sahəsinin mülkiyyətçisi olmamışdan əvvəl həmin torpaq sahəsi üzərində qanunsuz olsa belə inşa edilmiş tikilinin olmasını və həmin evdə cavabdehlərin yaşamasını bilmiş və bunu hətta qəbul etmişdir.

31. Odur ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(033)-44/2025 saylı qətnaməsinin tam ləğv edilməsi, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

32. İddiaçı Yüzbaşıyev Arif Soltanməcid oğlunun vəkili Nümayəndə apellyasiya şikayətinə qarşı yazılı etirazında apellyasiya şikayətinin təmin edilməməsi, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(033)-44/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

33. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(033)-44/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddiaçı Yüzbaşıyev Arif Soltanməcid oğlunun iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

34. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı Yüzbaşıyev Arif Soltanməcid oğlu apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(033)-44/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

35. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh2 digər Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətini əsaslı hesab etmədiyini, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(033)-44/2025 nömrəli qətnaməsi üzrə gəlinən nəticə ilə razı olduğunu göstərmişdir.

36. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iddiaçının vəkili Nümayəndə və Cavabdeh1 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçının vəkili Nümayəndə məhkəmə kollegiyasına göndərdiyi ərizəsində məhəmə iclasına gələ bilməməsini üzürlü hesab edərək, işə onun iştirakı olmadan baxılmasını, Cavabdeh1 isə məhkəmə kollegiyasına göndərdiyi ərizəsində xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında iştirak edə bilməyəcəyindən məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişlər.

37. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

38. Azərbaycan Respublikası Konstitusiyasının; 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.

40. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

42. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

44. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilibmübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

45. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

46. Cavabdeh Zamanova X9 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(033)- 44/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, iddianın Cavabdeh2 qarşı təmin edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın Cavabdeh1 münasibətdə təmin edilmiş hissəsində yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə ləğv olunması üçün əsas yoxdur.

48. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

49. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 19 may 2017-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Zaqatala rayonu Göyəm kəndində yerləşən 0.1290 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Şahid, X8, X12, X5 ümumibirgə mülkiyyətlərində olmuş və onlar həmin torpaq sahəsini 04 oktyabr 2017-ci il tarixdə bağlanmış və notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında hazırkı iş üzrə iddiaçı Yüzbaşıyev Arif Soltanməcid oğluna satmışlar. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 07 oktyabr 2017-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən Zaqatala rayonu Göyəm kəndində yerləşən 0.1290 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Yüzbaşıyev Arif Soltanməcid oğlunun mülkiyyətinə rəsmiləşdirilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə 2007-ci ildə ailə qurmuşlar və onlar ailə qurduqları zaman sonradan Yüzbaşıyev Arif Soltanməcid oğlunun mülkiyyətinə rəsmiləşdirilmiş 0.1290 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində dam örtüyü vurulmuş vəziyyətdə olan fərdi yaşayış evi mövcud olmuşdur. Cavabdeh1 əvvəlki məhkəmə icraatı dövründə həmin vəziyyətdə olan evin onunla ailə qurmasınadək keçmiş əri Cavabdeh2 tərəfindən inşa edildiyini, Cavabdeh2 isə həmin vəziyyətdə olan evin onun mərhum atası Soltan Məmmədova məxsus olduğunu bildirmişlər. Cavabdeh1 ilə Cavabdeh2 nikahda olduqları dövrdə 0.1290 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşən tikilidə təmir işləri aparılmışdır. Lakin Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış nikah 2015-ci ildə pozulmuşdur. Sonradan tərəflər arasında Zaqatala rayonu Göyəm kəndində yerləşən 0.1290 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi ilə bağlı çoxsaylı məhkəmə mübahisələri olmuş, Zaqatala Rayon Məhkəməsinin 06 mart 2019-cu il tarixli 2(033)-19/2019 nömrəli qətnaməsi Cavabdeh1 RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçı Yüzbaşıyev Arif Soltanməcid oğlunun mülkiyyətində olan Zaqatala rayonu Göyəm kəndində yerləşən 0.1290 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması hissəsində qanuni qüvvəsini almış, lakin Cavabdeh1 həmin torpaq sahəsində yerləşən tikilidən çıxarılması hissəsində Zaqatala Rayon Məhkəməsinin 06 mart 2019-cu il tarixli 2(033)-19/2019 nömrəli qətnaməsi Şəki Apellyasiya Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli 2(107)-291/2020 nömrəli qətnaməsi ilə ləğv edilərək, iddia həmin hissədə təmin edilməmişdir. İddiaçı Yüzbaşıyev Arif Soltanməcid oğlunun Cavabdeh1 qarşı xüsusi mülkiyyətdə olan torpaq sahəsində mövcud tikilidə yaşamaq hüququna kompensasiya verməklə xitam verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı isə özbaşına tikilinin sökülməsi tələbinə dair iddialarının qismən təmin edilərək, Cavabdeh1 azyaşlı uşaqları ilə birlikdə iddiaçı Yüzbaşıyev Arif Soltanməcid oğlunun mülkiyyətində olan Zaqatala rayonu Göyəm kəndində 0.1290 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşən tikilidə yaşamaq hüququna 4500 manat kompensasiya verilməklə xitam verilməsi, Zaqatala rayonu Göyəm kəndində iddiaçı Yüzbaşıyev Arif Soltanməcid oğlunun mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0.1290 ha torpaq sahəsində özbaşına inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbi üzrə qəbul edilmiş Zaqatala Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli e-2(033)-40/2023 nömrəli qətnaməsi Şəki Apellyasiya Məhkəməsinin 16 avqust 2023-cü il tarixli 2(107)-687/2023 nömrəli qətnaməsi ilə ləğv edilərək, iddiaçı Yüzbaşıyev Arif Soltanməcid oğlunun Cavabdeh1 qarşı xüsusi mülkiyyətində olan torpaq sahəsində mövcud tikilidə yaşamaq hüququna kompensasiya verilməklə xitam verilməsi tələbinə və iddiaçı Yüzbaşıyev Arif Soltanməcid oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı özbaşına tikilinin sökülməsi tələbinə dair iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 avqust 2023-cü il tarixli 2(107)-687/2023 nömrəli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 22 yanvar 2024-cü il tarixli 2(102)-126/2024 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdlır. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 22 yanvar 2024-cü il tarixli 2(102)-126/2024 nömrəli qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki, yuxarıda göstərilən əsaslarla qaldırılmış hazırkı iddianın rədd olunması, iddiaçını ona məxsus torpaq sahəsində yerləşən tikilini inşa etmiş şəxslərin bununla bağlı çəkilmiş xərclərini kompensasiya etməklə onların tikilidən çıxarmaq və mübahisə halında həmin tələblə məhkəməyə müraciət etmək imkanlarından məhrum etmir.

50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayəti əsassızdır.

51. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin mübahisəli evi sabiq əri Cavabdeh2 ilə birgə nikah dövrlərində inşa etmələri, evə münasibətdə cavabdehlərin əmlak və əşya hüquqlarının mövcud olması, qanunsuz olsa belə inşa edilmiş evin materiallarına münasibətdə keçmiş əri ilə birlikdə hüquqlarının mövcud olmasının istisna edilə bilməməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, işdə olan (İ.V. 36-38) iddiaçı Cavabdeh1 və digərlərinin cavabdehlər Yüzbaşıyev Arif Soltanməcid oğluna və digərlərinə qarşı Zaqatala rayonu Göyəm kəndində yerləşən 0.129 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısına dair bağlanmış 04 oktyabr 2017-ci il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsində (hansı ki, həmin iddia tələbi üzrə Zaqatala Rayon Məhkəməsinin 01 fevral 2018-ci il tarixli 2(033)- 138/2018 nömrəli qətnaməsi qəbul edilmişdir) iddiaçı Cavabdeh1 qeyd etmişdir ki, “Göyəm kəndində yerləşən 0.12 ha torpaq sahəsini mərhum Fərhad Bayramov 2005-ci ildə 1 milyon 500 min manata Göyəm kənd sakini Cavabdeh2 satmışdı. Torpağın sənədləri camaata paylanmadığına görə rəsmi alqı-satqı olmamışdı. Cavabdeh2 həmin torpaq sahəsində yaşayış evi tikmişdir. 2007-ci ildə Cavabdeh1 Cavabdeh2 ərə köçmüşdür. O, ərə köçən zaman Cavabdeh2 tikdiyi ev yalnız divarlardan və üstü örtülmüş vəziyyətdən ibarət olmuşdur. Mən Məmmədə ərə köçən zaman ev hələ yaşayış üçün yararlı deyildi. Evin qapı pəncərəsi, döşəmə və tavanı hazır deyildi, divarlar ağardılmamışdı. Məmmədlə evlənib Rusiyaya Perm şəhərinə getdik. Orada bir il işlədikdən sonra mən hamilə olduğuma görə qaynatam Soltanın evinə gəldim. Həmin vaxt Məmmədin göndərdiyi pul ilə qonşumuz Elşad Kamil oğlu evin pəncərələrini düzəltdi. X22 ata evimizin həyətindən torpaq sataraq həmin pulla özü ustalıq, ərim Məmməd isə fəhləlik etməklə evin içərisini iki ay müddətində yaşamaq üçün yararlı vəziyyətə gətirdi və biz evə köçdük.” Həmin fikirlər mülki işdə olan (İ.V. 39) Cavabdeh1 Zaqatala Rayon Məhkəməsinin 06 mart 2019-cu il tarixli 2(033)-19/2019 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətində də təkrarlanmışdır.

52. Cavabdeh1 əvvəlki icraatlarda verdiyi iddia ərizəsi və apellyasiya şikayətlərindən müəyyən edildiyi kimi onun Yüzbaşıyev Arif Soltanməcid oğlunun mülkiyyətində olan Zaqatala rayonu Göyəm kəndində yerləşən 0.1290 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşən tikilidə əşya hüquqları bütünlükdə evə münasibətdə deyil, onun ailə qurmasınadək artıq inşa edilmiş tikilidə sonradan aparılmış təmir işləri ilə bağlı olmuşdur. Hansı ki, işə baxan birinci instansiya məhkəməsi ekspertiza tədqiqatı ilə mübahisəli tikiliyə çəkilməsi müəyyən edilmiş cəmi 29906 manat xərcdən tərəflərin nikaha daxil olmasınadək mövcud olan ev üçün çəkilən 12157 manat xərci (evin bünövrənin qazılması, bünövrənin hörülməsi, kürsünün hörülməsi, bünövrənin şebel ilə əks doldurulması, çöl divarlarının hörülməsi, daxili arakəsmə divarlarının hörülməsi, mişar daşı, qum, sement, damın altının taxta ilə yığılması və azbest şifer ilə üzlənməsi, taxta, reyka, azbest şiferə çəkilən xərcləri) çıxmaqla, evin tikintisinə çəkilmiş qalan 17749 manat hissənin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ödənilməli olması qənaətinə gəlmişdir.

53. Ekspertiza tədqiqatı ilə Zaqatala rayonu Göyəm kəndində yerləşən 0.1290 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşən tikiliyə çəkilməsi müəyyən edilmiş 29906 manat xərcdən cəmi 10 %-i əlavə və nəqliyyat xərclərinə aid edildiyi halda, birinci instansiya məhkəməsi tərəfindən həmin xərclər də bütünlükdə cavabdeh tərəfin çəkdiyi və iddiaçıdan almalı olduğu xərcə daxil edilmişdir.

54. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2025-ci il tarixli 10/6390 nömrəli rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, birinci instansiya məhkəməsinin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

55. Məhkəmə kollegiyası apellyasiya şikayətinin hazırki vəziyyətdə mübahisə predmeti olan tikililər üzərində iddiaçının mülkiyyət hüquqları mövcud olmadığından onun cavabdehin həmin tikililərdən çıxarılması barədə iddiasının təmin edilə bilməməsi, əmlak üzərində hər hansı bir vəsaiti olmayan bir şəxsin məhkəmədə həmin əmlaka çəkilmiş xərclərlə bağlı kompensasiyanın ödənilməsinə dair iddia qaldırmaqda haqlı ola bilməməsi, həmin tikili, yəni ev üzərində İddiaçı Soltanməcid oğlunun mülkiyyət və yaxud da hər hansı bir hüququ olmadığına görə həmin tikili və evlə bağlı məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququnun olmaması, bu baxımdan onun tikilidən çıxarılmasının hazırki vəziyyətdə təmin edilə bilməməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 07 oktyabr 2017-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli, **********39 reyestr nömrəli çıxarışdan görünür ki, Zaqatala rayonu Göyəm kəndində yerləşən 0.1290 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Yüzbaşıyev Arif Soltanməcid oğlunun mülkiyyətindədir.

56. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 22 yanvar 2024-cü il tarixli 2(102)-126/2024 nömrəli qərarından görünür ki, həmin qərarla İddiaçı Soltanməcid oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 avqust 2023-cü il tarixli 2(107)- 687/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

57. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 22 yanvar 2024cü il tarixli 2(102)-126/2024 nömrəli qərarının 56-cı abzasında məhkəmə kollegiyası qeyd etmişdir ki, yuxarıda göstərilən əsaslarla qaldırılmış hazırkı iddianın rədd olunması, iddiaçını ona məxsus torpaq sahəsində yerləşən tikilini inşa etmiş şəxslərin bununla bağlı çəkilmiş xərclərini kompensasiya etməklə onların tikilidən çıxarmaq və mübahisə halında həmin tələblə məhkəməyə müraciət etmək imkanlarından məhrum etmir.

58. Kollegiya qeyd edir ki, subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu,həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar.

59. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır.Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

60. Göründüyü kimi iddiaçı Yüzbaşıyev Arif Soltanməcid oğlunun hazırkı iddia tələbini irəli sürməsi üçün subyektiv hüququ olmuşdur.

61. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin indiyə qədər onların aralarında olan eyni predmet barədə qəbul olunmuş məhkəmə qətnamələrini nəzərə almaması, MPM-in 82.3-cü maddəsinin tələbini pozması, indiyə kimi məhkəmə qətnamələri ilə müəyyən olunmuş halların əksini əks etdirən qətnamə qəbul etməsi, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin şübhə altına alınmasına dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, əvvəlki icraatlarda eyni tərəflər arasında hazırkı iddia tələbi üzrə mübahisəyə baxılmamış, əvvəlki məhkəmə icraatlarında müəyyən edilmiş faktlar hazırkı iddia tələbi üzrə mübahisələndirilməmiş və yenidən sübut edilməmişlər.

62. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı).

63. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının torpaq sahəsinin mülkiyyətçisi olmamışdan əvvəl həmin torpaq sahəsi üzərində qanunsuz olsa belə inşa edilmiş tikilinin olmasını və həmin evdə yaşamasını bilməsi və bunu hətta qəbul etməsi, Cavabdeh1 uzun müddət yaşadığı həmin evin torpaq sahəsinin mülkiyyət hüququ başqa şəxsə keçsə belə həmin evdən çıxarılması barədə iddianın təmin edilməsinin qanuni və ədalətli hesab edilə bilməməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı adi qaydada deyil, həmin tikiliyə çəkdiyi xərclərin əvəzinin ödənilməsi ilə Cavabdeh1 evdən çıxarılmasına dair iddia tələbini irəli sürmüşdür.

64. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə mübahisələndirilən hissədə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmiş, mübahisələndirilən hissədə iş üzrə gəlinən nəticə işin həqiqi hallarına uyğun olmaqla iş materiallarında olan sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, həmin hissədə mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir.

65. Odur ki, Cavabdeh1 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(033)-44/2025 nömrəli qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

66. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(033)-44/2025 nömrəli qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar