Məhkəmə qərarları › İş №2(107)-843/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-843/2024

16.07.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-843/2024 16.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X2 ibarət tərkibdə, X5 qızının katibliyi, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı “əmrin ləğv edilməsi, xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, ödənilməmiş əmək haqqının və məzuniyyət pulunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Cavabdeh fərdi sahibkar kimi 22 oktyabr 2020-ci il tarixdə vergi orqanında qeydiyyata alınmışdır. İddiaçı(işçi) ilə cavabdeh(işəgötürən) arasında 19 aprel 2023-cü ildə müddətsiz əmək müqaviləsi bağlanılmış və iddiaçı menecer vəzifəsinə işə qəbul edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin(bundan sonra- Əmək Məcəlləsi) 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqiləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, onunla cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, ödənilməmiş 1750 manat əmək haqqının və ödənilməmiş məzuniyyət pulunun, 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ilin avqust ayında iş elanlarına baxarkən təsadüfən “Luna Boya” şirkətində işçi axtarıldığını görmüş və özü haqqında məlumatları elanda qeyd edilmiş elektron ünvana göndərmişdir. Bir müddət sonra onu şirkətə dəvət etmişdirlər. Həmin ofisə getdikdə şirkətin faktiki rəhbərinin Çin Respublikasının vətəndaşı Çan adlı şəxs olduğunu görmüşdür. Cavabdeh isə rəsmi olaraq rəhbər təyin edilmişdir. O həm Çanla, həm də Natiqlə görüşmüş və onunla hər ikisi işlə bağlı müsahibə götürmüşdür. Onun əsas işi elektron siqaretlər və sulu qəlyanların reklamı və satışı olmuşdur. Lakin onunla həmin vaxt rəsmi müqavilə bağlanmamışdır. O, həmin məhsulların satışını həyata keçirib əldə etdiyi pulları həm nağd şəkildə, həm də hesablara köçürməklə onlara ödəmişdir. 2023-cü ilin aprel ayında Natiqdən onunla əmək müqaviləsi bağlanmasını tələb etmişdir. Bundan sonra onunla əmək müqaviləsi bağlanmışdır. Təxminən 1 ay sonra Natiq ona zəng edərək elektron siqaretlərin 1 illik istifadə müddətinin olduğunu bildirib, ondan müştərilərin siyahısını ona təqdim etməsini bildirmişdir. O da müştərilərin siyahısını Natiqə vermişdir. Daha sonra satış üçün məhsullar olmadığı üçün ona bir müddət işə gəlməməsi bildirilmişdir. O, 2023- cü ilin may ayından ona deyilənlərə əməl edib işə getməmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh ona məktub ünvanlayaraq bildirmişdir ki, onunla bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsi üzrə üzərinə düşən öhdəliklərin icra edilməməsi, yəni xx.xx.2023-cü il tarixdən iş yerinə gəlməməsi, tutduğu vəzifəyə görə əmək funksiyalarının icra edilməməsi və işlədiyi dövrdə 46.000 manat məbləğində vəsaitin müəssisənin kassasına qaytarılmaması faktı aşkar edilmişdir. Göstərilən faktlara aydınlıq gətirilməsi üçün xx.xx.2023-cü il saat 12:00-da ofisə getməsi və pozuntular barədə izahat verməyi tələb olunmuşdur. O, Natiqə zəng edərək 46.000 manat borcunun haradan və necə yaranmasını soruşmuşdur. Ona ofisə gəlməyi tələb edilərək onunla vəkillərin danışacağı bildirilmişdir. O isə xx.xx.2023-cü il tarixdə cavabdehə ərizə ilə müraciət edərək əmək müqaviləsinə xitam verilməsini və bununla əlaqədar olaraq son haqq-hesabın qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsini xahiş etmişdir. Məktub Natiqə çatdıqdan sonra Vəfadar adlı şəxs ona zəng edərək həmin pulun bundan sonra ona ödəməli olduğu bildirilmişdir. O isə heç kimə borcunun olmadığını bildirmişdir. Bu səbəbdən də bu məsələlərin araşdırılması üçün X3 müraciət etmişdir. Azərbaycan Respublikası ƏƏSMN-nin X1 Sisteminin “Əmək və Məşğulluq” Altsisteminə baxış keçirilərkən “Luna Boya” şirkətinin rəhbəri Cavabdeh ilə onun arasında 19.04 2023-cü il tarixdə əmək müqaviləsinin bağlanılması və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə (işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilməsinə dair bildirişin qeydiyyata alındığı məlum olmuşdur. X4 Xidməti tərəfindən “Luna Boya” şirkətinin rəhbərliyinə xx.xx.2023-cü il tarixdə məktub göndərilərək ona aid sənədlərin xidmətə təqdim edilməsi tələb olunmuş, lakin tələb olunan sənədlər təqdim edilməmişdir. Daha sonra isə Cavabdeh ondan Yasamal Rayon Prokurorluğuna şikayət edərək onun 46.000 manat məbləğində pulu mənimsədiyi bildirmişdir. Lakin araşdırma zamanı həmin məbləğin onun tərəfindən mənimsənildiyini sübut edə biləcək sübutları olmadığı üçün də təqdim edə bilməmişdir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi Cavabdeh onu işdən çıxarmaqla və 46.000 manatın onun tərəfindən mənimsənildiyini bildirməklə öz qanunsuz əməllərini pərdələmək niyyətindədir. Çünki həmin pullar onun özünə deyil, Çana məxsusdur. Natiq onu ittiham etməklə öz qanunsuzluqlarını pərdələmək istəyir. Bu səbəbdən də hazırda məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçının görəcəyi iş (əmək funksiyası) elektron siqaretlərin, sulu qəlyan və aksesuarların topdan və pərakəndə satışını həyata keçirməkdən ibarət olmuşdur. Lakin iddiaçı satmaq məqsədilə öhdəsinə qəbul etdiyi malların pulun tam olaraq ona təhvil verməmişdir. Bununla əlaqədar olaraq tərəfindən ona yazılı və şifahi xəbərdarlıqlar olunmasına baxmayaraq o, çağırışlara gəlməmiş və müəyyən olunmuş çatışmazlıq barədə heç bir sənəd təqdim etməmişdir. Əvəzində o, ərizə ilə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsini və bununla əlaqədar olaraq son haqq-hesabın qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsini xahiş etmişdir. Bundan sonra tərəfindən sərbəst auditor dəvət olunmuş və İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi mədaxil və məxaric olunan mallarının hərəkətini əks etdirən hesabatlar sərbəst auditora təqdim edilmiş və sərbəst auditor hesabatları audit edərək hazırda öhdələrində olan mal qalıqlarını aşkar etməklə, onun öhdəsindəki çatışmazlığın nəticəsi aktla və rəylə rəsmiləşdirilmişdir. xx.xx.2023-cü il tarixli “Audit prosedurlarının aparılmasına dair” Aktdan da göründüyü kimi, menecer vəzifəsində işləmiş İddiaçı xx.xx.2023-cü il tarixə öhdəsindəki 45.558,90 manat məbləğində satış pulunun çatışmazlığı aşkar olunmuşdur. Bundan sonra yenə də İddiaçı dəvət edilərək məsələlərə aydınlıq gətirilməsi bildirilsə də, o, çağırışlara məhəl qoymamış, eləcə də işə çıxmaqdan imtina etmişdir. Bundan sonra 09 oktyabr 2023-cü il tarixli, 202310/01 saylı əmrlə İddiaçılə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən bu Məcəllənin 72-ci maddəsində göstərilən kobud pozuntuların onun əməllərində mövcud olması arqumenti xx.xx.2023-cü il tarixli “Audit prosedurlarının aparılmasına dair” Aktla öz təsdiqini tapdığından əsaslı hesab edilməlidir, belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə tam təsdiq olunur. Odur ki, iddiaçı ilə bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsi barədə iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. İddiaçının iddia tələbinin “ödənilməmiş 1750 manat əmək haqqının və ödənilməmiş məzuniyyət pulunun, mediasiya xərci olaraq ödənilmiş 60 manatın cavabdehdən tutularaq ona ödənilməsi” hissəsini də əsassız hesab edir. Belə ki, iddiaçı özü onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsini xahiş etdiyi halda işləmədiyi aylar üçün 1750 manat əmək haqqını hansı əsasla tələb etməsi başa düşülən deyil. İddiaçı xx.xx.2023-cü il tarixdə işə qəbul olunmuş və xx.xx.2023-cü il tarixə kimi işə gəlsə də, qeyd edilən tarixdən iş yerinə gəlməmişdir. Bu səbəbdən də xx.xx.2023-cü il tarixdə tərəfindən ona məktub ünvanlanaraq bildirilmişdir ki, onunla bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsi üzrə üzərinə düşən öhdəliklərin icra edilməməsi, yəni xx.xx.2023-cü il tarixdən iş yerinə gəlməməsi, tutduğu vəzifəyə görə əmək funksiyalarının icra edilməməsi və işlədiyi dövrdə 46.000 manat məbləğində vəsaitin müəssisənin kassasına qaytarılmaması faktı aşkar edildiyi bildirilmişdir. Göstərilən faktalara aydınlıq gətirilməsi üçün xx.xx.2023-cü il tarixdə saat 12:00-da ofisə gəlməyi və pozuntular barədə izahat verməyi tələb olunmuşdur. Lakin buna baxmayaraq, İddiaçı işə gəlməkdən imtina etmişdir. İşə gəldiyi günə qədər olan onun əmək haqqı hesablanıb tam olaraq ona ödənilmişdir. İddiaçının ödənilməmiş məzuniyyət pulunun ona ödənilməsi tələbini də qəbuledilməz sayır. Belə ki, iddiaçı cəmi 2 ay işlədiyi halda məzuniyyət pulunun tələb edilməsi başa düşülən deyil. Halbuki, işçinin əmək məzuniyyəti hüququ Əmək Məcəlləsi ilə dəqiq müəyyənləşdirilmişdir. Göyçay Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(046)- 395/2024 nömrəli iş üzrə qəbul etdiyi 15 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim G.Qurbanova) iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, sözügedən əmək müqaviləsinin ləğv olunmasına səbəb kimi İddiaçı işəgötürən Cavabdeh Eldar oğluna maddi ziyan vurulması göstərilmişdir ki, bu fakt da iş materiallarına əlavə edilmiş auditor rəyi və USB Flash Karta yazılmış telefon danışıqları ilə tam sübuta yetirilmişdir. Bundan başqa məhkəmə araşdırılması zamanı sübutlar tədqiq edildikdən sonra iddiaçının hər hansı əlavə və etirazı olmamışdır. Bu isə öz növbəsində qeyd olunan halların onun tərəfindən mübahisələndirilməməsi kimi qiymətləndirilir. Bundan başqa İddiaçı “Luna Boya” şirkətinin rəhbəri Cavabdeh 04 avqust 2023-cü ərizə ilə müraciət edərək əmək müqaviləsinə xitam verilməsini xahiş etdiyini bildirsə də həmin ərizə işəgötürən Cavabdeh Eldar oğlu tərəfindən İddiaçı iş yerinə gələrək hesabatların təqdim olunması və ehtimal olunan çatızmalıqla bağlı izahat verilməsi tələb olunduqdan sonra yazılmışdır. Göstərilən hallar iddiaçının məsələni araşdırılmaqdan və məsuliyyətdən yayınmaq kimi qiymətləndirilməsinə əsas verir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh üzərinə xx.xx.2023-cü il tarixli, 202310/01 nömrəli əmrinin ləğv edilməsi, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsi öhdəliyinin cavabdehin qoyulması tələbi əsassız olduğundan rədd edilməlidir. İddia tələbinin “ödənilməmiş 1750 manat əmək haqqının və ödənilməmiş məzuniyyət pulunun ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq yalnız qanunsuz və əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda əsassız yerə işdən çıxarıldığı tarixdən işə bərpa edildiyi tarixədək olan dövr üçün işçiyə əmək haqqı ödənilməlidir. Göründüyü kimi məcburi işburaxma dövrü üçün əmək haqqı tələbi yalnız işçinin qanunsuz və əsassız işdən çıxarıldığı hallara aid edilmişdir ki, bu da öz təsdiqini məhkəmə araşdırması zamanı tapmamışdır. Eyni zamanda, məzuniyyətindən istifadə etmək hüququ işçinin birinci iş ili üçün əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. İddiaçı və Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixində ləğv olunmuşdur, yəni altı ay tamam olmadan. Buna əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı əmək haqqı və ödənilməmiş məzuniyyət pulu tələbi təmin olunmamalıdır. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11, 68, 70, 71.2, 72, 74.2, 80.1, 80.2, 131.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.4, 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Dəlilləri iddia tələbinin dəlilləri ilə eyni olan apellyasiya şikayətində əlavə olaraq bildirilmişdir ki, məhkəmə qətnaməsində də göründüyü kimi, işəgötürən tərəfindən sərbəst auditor dəvət olunmuş və İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi mədaxil və məxaric olunan mallarının hərəkətini əks etdirən hesabatlar sərbəst auditora təqdim edilmişdir. Halbuki əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin bildirişindən də aydın görünür ki, Cavabdeh Eldar oğlu ilə İddiaçı arasında həm əmək müqaviləsinin bağlanması tarixi, həm də iddiaçının işə başlama tarixi məhz xx.xx.2023-cü il olaraq müəyyən edilmişdir. Əmək Məcəlləsinin 49-cu maddəsinə əsaəsən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin rəydən aydın olur ki, xx.xx.2022-ci il tarixindən etibarən mədaxil və məxaric olunan malların hərəkətini göstərən hesabatlar auditora təqdim edilmiş, auditor isə həmin hərəkətlər əsasında həmin rəyi tərtib etmişdir. Nəticə etibarilə, cavabdeh iddiaçıya məxsus xx.xx.2022-ci il tarixindən etibarən olan hesabatlarını sərbəst auditora təqdim etdiyini qeyd etməklə, əslində sözügedən tarixdən etibarən iddaçını əmək müqaviləsi olmadan çalışdırdığını etiraf etmişdir, həm də həmin əmrin qüvvədə olmayan əmək münasibətləri üzrə formalaşdırılması ilə həmin əmrin qanunsuz və yalnış olması faktını təsdiqləmişdir. Həm iddia ərizəsində, həm də qətnamədə göstərilən faktlardan da aydındır ki, iddiaçı 04 avqust 2023-cü il tarixli ərizə ilə cavabdehə müraciət edərək əmək müqaviləsinə xitam verilməsini və son haqq-hesabın qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh sözügedən ərizəyə münasibət göstərməyərək cavab məktubu göndərməmiş və hətta iddiaçıdan xəbərsiz şəkildə onun əmək müqaviləsinə xitam vermiş, sözügedən xitama dair əmrin surətini isə iddiaçıya təqdim etməmişdir. İddiaçı əmək müqaviləsinə xitam verilməsi faktını yalnız Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən ona ünvanlanan 11 oktyabr 2023cü il tarixli məktub ilə öyrənə bilmişdir. Bütün bunlar Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələbinin kobud surətdə pozulmasıdır. Belə ki, sözügedən maddəyə əsasən,əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrinin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Görüldüyü kimi cavabdeh sözügedən əmrdə yalnız əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş Əmək Məcəlləsinin müvafiq maddəsini qeyd etməklə kifayətləndir. Halbuki Əmək Məcəlləsinin 71.3-cü maddəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Yəni ki, iddiaçı konkret hansı səbəbə əsasən əmək müqaviləsinin ləğv edilməsini xx.xx.2023-cü il tarixli, 202310/01 saylı əmrdə göstərməli idi. Həmçinin bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Lakin işçinin hansı əməllərinin işin ahəngini pozması, mülkiyyətçinin hansı mənafeyinin pozulması göstərilməmişdir. Bundan əlavə Əmək Məcəlləsinin 84.1-ci maddəsində əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin məzmununda göstərilməli olan məlumatların siyahısı qeyd olunur. Cavabdehin tərtibatının əksinə olaraq, sözügedən maddənin tələblərinə görə əmrlərin mətnində əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş Əmək Məcəlləsinin müvafiq maddəsindən əlavə olaraq həmçinin əmək müqaviləsinin ləğv edilməsinin əsası və əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər də göstərməlidir. Əksi təqdirdə sözügedən əmrin Əmək Məcəlləsinin 84.1-ci maddəsinə əsasən əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilməsi mümkündür. İddiaçı işə çıxmama səbəbi olaraq cavabdehin tapşırığını göstərsə də, məhkəmə sözügedən məsələyə toxunmamış və sözügedən qətnamənin mətnində ona dair heç bir şərh verməmişdir. Cavabdeh İddiaçı ilə aralarında aparılan telefon danışıqlarını USB Flash karta yazaraq məhkəməyə təqdim etmişdir. Lakin sözügedən telefon danışıqları iddiaçıdan xəbərsiz qeydə alınmış və məhkəmə prosesi zamanı da onun razılığı olmadan açıqlanmışdır. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.10-cu maddəsinə əsasən, şəxsi xarakterli məlumat daşıyan səs və video yazıları yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Sözügedən USB Flash Karta yazılan telefon danışıqları qanunsuz şəkildə iddiaçının razılığı olmadan qeydə alındığına və istifadə olunduğuna görə onların əldə olunması şəkli qanunsuz hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.3-cü maddəsinə əsasən isə qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etirazını iddia tələbinin dəlillərinə uyğun əsaslandırmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və birinci instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 11 "b” bəndi. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. Maddə 68.2 "a” bəndi. Tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi təsbit edilmişdir. Maddə 70. “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 72. “c” bəndi. İşçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar. Maddə 74.2. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Maddə 131.1. İşçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi hazırki iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, işdə olan sənədlərə və tərəflərin məhkəmələrə verdikləri məlumatlara əsasən işin halları kimi müəyyən edilir ki, işəgötürən Cavabdeh və İddiaçı arasında xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən sonuncu menecer vəzifəsinə təyin edilmiş, işə başlama tarixi xx.xx.2023-cü il müəyyən edilmişdir. İddiaçı işlədiyi müddətdə xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə, xx.xx.2023xx.xx.2023-cü il tarixlərdə, habelə xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə işə çıxmamış, bu barədə xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023- cü il tarixlərdə aktlar tərtib edilmişdir. İşəgötürən Cavabdeh 15 iyul 2023-cü il tarixdə işçi İddiaçı yaşadığı ünvan 1 ünvanlayaraq, onun xx.xx.2023-cü il tarixli əmək müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini icra etməməsi, yəni xx.xx.2023-cü il tarixdən iş yerinə gəlməməsi, tutduğu vəzifəyə görə əmək funksiyalarını icra etməməsi və işlədiyi dövr ərzində 46.000 manat məbləğində vəsaitin müəssisənin kassasına qaytarılmaması faktının aşkar edildiyini göstərmiş və qeyd olunan faktlara aydınlıq gətirilməsi üçün xx.xx.2023-cü il tarixdə, saat 12:00-da Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 23 M ünvanda yerləşən ofisə gəlməsi, pozuntular barədə izahat verməsi, həmçinin işə götürənə məxsus əmək funksiyalarını icra edilməsi üçün istifadəsinə verilmiş mobil telefon, mobil nömrə və qəbzlərin çap edilməsi üçün nəzərdə tutulmuş avadanlığın geri qaytarılması tələb olunmuşdur. Qeyd olunan bildiriş İddiaçı yaşadığı ünvan üzrə xx.xx.2023-cü il tarixdə çatdırılmasına baxmayaraq, iddiaçı bildirişdə qeyd olunan tarixdə (xx.xx.2023-cü il) ofisə gəlməmiş və bildirişidə göstərilən məsələlərlə bağlı izahat verməmişdir. Bununla bağlı xx.xx.2023-cü il tarixdə N-1 A saylı akt tərtib edilmişdir. İşəgötürən tərəfindən yuxarıda qeyd olunanlar nəzərə alınaraq xx.xx.2023-cü il tarixdə “Cavabdeh” bölməsində menecer vəzifəsində işləyən İddiaçıla bağlanmış xxxxxxx000600 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Əmək məcəlləsinin 72-ci maddəsinə sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən 202310/01 saylı əmrlə xitam verilmişdir. Sözügedən əmrdə həmçinin işçinin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək istifadə edilməmiş məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin Maliyyə şöbəsinə /departamentinə həvalə edilməsi, işçinin əmək kitabçasında lazımı qeydlərin aparılaraq özünə təhvil verilməsi qərara alınmışdır. Sərbəst auditor X6 tərəfindən 03 noyabr 2023-cü il tarixdə başlanmış və xx.xx.2023-cü il tarixdə başa çatdırılmış audit yoxlamasının nəticəsi olaraq, xx.xx.2023-cü il tarixə İddiaçı öhdəsindəki 45.558,90 manat ehtimal olunan çatışmazlığın ilkin sənədlərə uyğun olaraq düzgün və ədalətli təsəvvür yaratması barədə 60 saylı auditor rəyi verilmişdir. Hazırki iş üzrə apellyasiya şikayəti vermiş İddiaçı bildirir ki, işəgötürən tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilməzdən əvvəl, yəni xx.xx.2023-cü il tarixdə, o, işəgötürənə rəsmi ərizə ilə müraciət edərək, işdən azad olunmasını xahiş etmiş, lakin işəgötürən həmin ərizəyə hər hansı münasibət bildirməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının bu dəlili xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi və iddiaçı ilə əmək münasibətlərinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün əsas ola bilməz. Çünki yuxarıda qeyd olunduğu kimi, iddiaçının əmək müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməməsi, o cümlədən xx.xx.2023-cü il tarixdən işə çıxmaması, 46.000 manat məbləğində vəsaitin müəssisənin kassasına qaytarmaması ilə bağlı izahat verilməsi məqsədilə ofisə dəvət olunması barədə işəgötürənin bildirişini aldıqdan və qeyd olunan məsələlərə hər hansı aydınlıq gətirməkdən yayındıqdan sonra, işdən çıxma barədə işəgötürənin adına ərizə yazmışdır. Bu baxımdan hesab edilməlidir ki, iddiaçı həmin ərizəni yazmaqla, o, onun fəaliyyətində aşkar olunmuş çatışmamamızlığa görə məsuliyyətdən yayınmaq istəmişdir. Odur ki, iddiaçının bu məqsədini və həmin ərəfədə audit yoxlamanın aparıldığını nəzərə alan Məhkəmə hesab edir ki, cavabdeh iddiaçının xx.xx.2023-cü il tarixli ərizəsini nəzərə almamaqda haqlı olmuşdur. İddiaçının apellyasiya şikayətinin dəlili müzakirə olunan hissədə əsassızdır. Bundan başqa iddiaçı cavabdehin tapşırığına əsasən işə çıxmadığını bildirsə də, bildirdiklərini təsdiq edə biləcək sübutlarını məhkəmələrə təqdim etməmişdir. Bundan başqa, iddiaçı apellyasiya şikayətində bildirir ki, onunla əmək münasibətlərinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmr əsaslandırılmamış, bununla da Əmək Məcəlləsinin 71.3-cü maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə, iddiaçının bu mövqeyi ilə də razılaşmır və bununla bağlı bildirir ki, sözügedən əmrdə iddiaçının işdən çıxarılmasının əsası kimi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsinə sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) göstərilmiş, habelə həmin əsası təsdiq edən aktlar əmrə əlavə olunmuşdur. İddiaçının apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, iddianın təmin edilməməsi barədə iş üzrə nəticəyə gələn Rayon Məhkəməsi, iddiaçının xəbəri və razılığı olmadan, yəni qanunsuz yolla əldə edilmiş səsyazılarına istinad etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfin bu dəlili də əsassızdır. Belə ki, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, “...mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. MPM-in 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların məhz həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi MPM-in 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz”. Göstərilənlərə əsasən müəyyən edilir ki, məhkəməyə təqdim olunan audioyazılar işəgötürən Cavabdeh və işçi İddiaçı arasında hazırda mübahisələndirilən əmək münasibətlərinə aid olduğuna görə, həmin səsyazısı lentə alınması barədə iddiaçının əvvəlcədən xəbərdarlıq olunması tələb olunmur. Odur ki, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi audiyazıları qanunu pozmaqla əldə edilmiş sübut kimi dəyərləndirməməklə haqlı olmuşdur. Hazırki iş üzrə verilmiş apelyasiya şikayətində qeyd olunan daha bir dəlil isə ondan ibarətdir ki, Əmək Məcəlləsinin 84.1-ci maddəsinə görə, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin məzmununda göstərilməli olan məlumatlar qeyd olunmadığı halda Məhkəmə həmin əmri etibarsız hesab edə bilər. Bununla bağlı Məhkəmə bildirir ki, hazırki iş üzrə iddiaçı, onunla əmək münasibətlərinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmrin etibarsız hesab edilməsi barədə cavabdehə qarşı tələb irəli sürməmişdir. Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə isə Məhkəmə irəli sürülmüş tələblər üzrə qətnamə çıxarır. Bu baxımdan Məhkəmə hesab edir ki, qeyd olunan dəlil də əsassızdır. Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına qarşı iddiaçının apelyasiya şikayətində ifadə olunmuş son dəlili - xx.xx.2023-cü il tarixli əmr barədə iddiaçıya məlumat verilməməsi barədədir. İşdə olan sənədlərə əsasən müəyyən edilir ki, iş üzrə tərəflər arasında əmək münasibətlərinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmr 10 oktyabr 2023-cü il tarixli məktubla iddiaçının yaşadığı ünvan üzrə ünvan 3kin zərf üzərində “ünvan bağlı olduğuna görə məktubu təqdim etmək mümkün olmadı” qeyd ilə poçt vasitəsilə cavabdehə qaytarılmışdır. Odur ki, Məhkəmə hesab edir ki, iddiaçının bu dəlili də əsassızdır. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, işə baxan Rayon Məhkəməsi “əmrin ləğv olunması və iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məhcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” tələbləri təmin etməməklə iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə həmçinin hesab edir ki, Rayon Məhkəməsi “ödənilməmiş əmək haqqının və məzuniyyət pulunun ödənilməsi barədə” tələbləri də rədd etməkdə haqlı olmuşdur. Belə ki, ilkin olaraq Məhkəmə onu qeyd edir ki, “ödənilməmiş əmək haqqı və məzuniyyət pulunu” tələb edən iddiaçı, həmin ödəmələrlə bağlı tələbini əsaslandırmamışdır. Digər tərəfdən yuxarıda qeyd olunduğu kimi, iddiaçının işdən çıxarılması barədə əmrin ləğv olunması üçün əsaslar müəyyən olunmamışdır. Belə olan halda, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə tələbin təmin olunması üçün də əsas aradan qalxmış olur. Ödənilməmiş məzuniyyət pulu ilə bağlı isə Məhkəmə bildirir ki, işçinin məzuniyyət hüququ, onunla əmək müqaviləsi bağlandıqdan 6 ay sonra yaranır. İddiaçı ilə əmək müqaviləsinin xx.xx.2023-cü il tarixdə bağlandığını nəzərə alan Məhkəmə, hesab edir ki, iddiaçının bu hüququ yaranmamışdır. Yaranmamış hüquqdan da istifadə etməməyə (məzuniyyətə çıxmamamaq) görə ödəniş tələb etmək əsassızdır. Göstərilənlərə əsasən müəyən edilir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır və heç bir sübuta söykənmir. Sübuta söykənməyən dəlil isə əsaslı hesab edilə bilməz. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Göyçay Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 aprel 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar