Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-846/2021 01.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı və onun vəkili Vəkil, cavabdeh Mingəçevir şəhər 1 №-li tam orta məktəbin direktoru X3 iştirakı ilə İddiaçı cavabdeh Mingəçevir şəhər 1 №-li tam orta məktəbinə qarşı “əmək mübahisələri” tələbinə dair mülki iş üzrə çıxarılmış Mingəçevir Şəhər Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2(051)-195/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasıya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında аçıq məhkəmə iclаsındа baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Mingəçevir şəhər 1 №-li tam orta məktəbinə qarşı onun Mingəçevir şəhəri 1 saylı orta məktəbdə sinif rəhbəri və riyaziyyat-informatika müəllimi kimi 18 saatdan az olmayan dərs yükü ilə təmin olunmağı, əmək haqqının işə bərpa olunduğu gündən yeni vahid tarif cədvəlinə uyğun 11 dərəcə ilə hesablanmaqla ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2(051)-195/2021 nömrəli qətnaməsi ilə (hakim H.Mirzəliyev) iddia tələbi təmin edilməmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı аpellyаsiyа şikаyəti verərək Mingəçevir Şəhər Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2(051)-195/2021 nömrəli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xаhiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Mingəçevir şəhər 1 saylı orta məktəbin 06 iyul 2018-ci il tarixli 767(p-5) saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 maddəsinin «d» bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 27 avqust 2018-ci il tarixli, 2(051)- 2237/2018 saylı qətnaməsi ilə məktəbin əmri ləğv edilmiş, məktəbə riyaziyyat-informatika müəllimi vəzifəsinə müddətsiz əmək müqaviləsi üzrə bərpa edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli, 2( 107)-2660/2018 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 27 avqust 2018-ci il tarixli, 2(051)-2237/2018 saylı qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Əmək haqqı ödənilmədiyindən Mingəçevir Şəhər Məhkəməsinin 17 aprel 2019-cu il tarixli, 2(051)-1129/2019 saylı qətnaməsi ilə 06 iyul 2018-ci il tarixdən başlayaraq Mingəçevir şəhər 1 saylı tam orta məktəbdə işə bərpa edildiyi günədək məcburi iş buraxdığı günlər üçün əmək haqqı hesablanıb ödənilməsi qət edilmişdir. O, işdən azad olunanadək tədris ilində əmək müqaviləsinə uyğun əmək funksiyası yerinə yetirərək vahid tarif cədvəlinə uyğun sinif rəhbərliyi və 18 saat dərs yükü ilə 11 dərəcə ilə əmək haqqı almışdır. Ancaq işəbərpa olunduqdan sonra məktəb ona 6 saat dərs vermiş və bildirilmişdir ki, işəbərpa qətnaməsi ilə işə qayıdanların dərs saatı bu şəkildədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.11.2010-cu il tarixli 215 nömrəli “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” Qərarının 1-ci hissəsinin 2-ci abzasına əsasən bütün tipdən olan ümümtəhsil məktəblərdə, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində müəllimlərin 1 stavka dərs yükü-18 saat müəyyən edilmişdir. Baxmayaraq ki, o müddətsiz şərtlərlə müəllim kimi fəaliyyət göstərir, məktəb məhkəmə qətnaməsini nəzərə almayaraq ona müəyyən edilmiş 18 saatdan az olmayaraq dərs yükü ilə təmin etmir. Bundan əlavə əmək haqqını vahid tarif cədvəlinə uyğun 11 dərəcə ilə hesablamır. Həmçinin onun diaqnostik qimətləndirməyə getməyinə imkan vermir. Bununlada onun yeni tarif cədvəlinə uyğun əmək haqqı almağına mane olur. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır Apellyasiya şikayətinin dəlilləri: İddiaçı iddia tələbində qeyd etdikləri ilə yanaşı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Nazirlər Kabinetinin 24.11.2010-cu il tarixli 215 nömrəli qərarına əsasən işdən çıxarılana qədər yerinə yetirdiyi əmək funksiyasına uyğun həmin əmək şəraitinin təmin olunmasını istəyir. Məhkəmənin istinad etdiyi “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikasi Prezidentinin 16 yanvar 2015-ci il tarixli Sərəncam və 23 avqust 2017-ci il tarixli əlavə məhz Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılması ilə bağlıdır. Onun tələbi əmək haqqının diaqnostik qiymətləndirmə aparılan müəllimlərin əmək haqqına uyğunlaşdırılıması deyil, Nazirlər Kabinetinin müəyyənləşdirdiyi 1 stavka dərs yükü ilə təmin edilməyi ilə bağlıdır. Halbu ki, o, işdən azad olunarkən 18 saat dərs yükü olmuş və buna müvafiq olaraq əmək haqqı almışdır. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, məhkəmə qətnaməsi ilə əvvəlki işinə bərpa olunmasına baxmayaraq, məktəb direktoru ona cəmi 6 saat dərs yükü vermişdir. Halbuki, işdən azad olunan vaxtı onun dərs yükü 18 saat olmuşdur. O, bu barədə məktəb direktoruna bildirsə də, sonda direktor bunun mümkünsüz olduğunu bildirmiş, səbəbini də onun müsabiqədən kənar işə qəbul olunması və diaqnostik qiymətləndirmədən keçməməsi ilə əlaqələndirmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır, ona görə də apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçının əvvəlki işinə bərpası olunması dedikdə, onun işdən azad olunan vaxt hansı vəzifədə çalışmışdırsa o vəzifəyə bərpa olunması başa düşülür. Lakin göründüyü kimi iddiaçı həmin vəzifəyə bərpa olunsa da, əvvəlki dərs yükü ilə təmin edilməmişdir. Hesab edir ki, bu düzgün deyil. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Mingəçevir şəhər 1 №-li tam orta məktəbin direktoru X5 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə ixtisaslı müəllim kadrlarının işə qəbulu nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. İddiaçı müəllilmlərin işə qəbulu müsabiqəsindən kənar işə qəbul edildiyinə görə Təhsil Nazirliyi onu diaqnostik qiymətləndirməyə buraxmamışdır. Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılma qaydalarına əsasən ümumi təhsil müəssisələrində dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmədə iştirak edərək hər hansı bölmə üzrə 10 faizdən aşağı nəticə göstərmiş, müxtəlif səbəblərdən diaqnostik qiymətləndirmədə iştirak etməmiş, həmçinin 10 baldan aşağı nəticə göstərmiş müəllimlər üçün minimum dərs yükü 6 saat müəyyənləşdirilir. Bu səbəbdən də iddiaçının tələbinin yerinə yetirilməsi mümkün deyil, əks halda diaqnostik qiymətləndirmədən keçmiş digər müəllimlərin hüquları pozulur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə əsasən, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla birlikdə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2(051)-195/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Mingəçevir Şəhər Məhkəməsinin 27 avqust 2018-ci il tarixli, 2(051)-2237/2018 saylı qətnaməsi ilə Mingəçevir şəhəri 1 saylı tam orta məktəbin 06.07.2018-ci il tarixli 767 (p-5) saylı əmri etibarsız hesab edilməsi, Hacıyeva X1 şəhəri 1 saylı tam orta məktəbdə riyaziyyat-informatika müəllimi vəzifəsinə müddətsiz əmək müqaviləsi üzrə işə bərpa edilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 17 aprel 2019-cu il tarixli, 2(051)-1129/2019 saylı qətnaməsi ilə İddiaçı 06.07.2018-ci il tarixdən başlayaraq Mingəçevir şəhəri 1 saylı tam orta məktəbdə işə bərpa edildiyi günədək məcburi iş buraxdığı günlər üçün əmək haqqı hesablanıb ödənilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etməklə işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çalışmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları (bundan sonra mətndə Qaydalar) Təhsil Nazirliyi sisteminə daxil olan ümumtəhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsini, pedoqoji işçilərin işə qəbulu və yerdəyişməsini tənzimləyir, bu sahədə təhsil idarəetmə orqanlarının ərazi maliyyə hesablaşma mərkəzlərinin, müəssisə rəhbərlərinin səlahiyyət və vəzifələrini müəyyən edir (Qaydaların 1.2-ci bəndi). “Qaydalar” Azərbaycan Respublikası Prezidentinin 16.01.2015-ci il tarixli 994 saylı sərəncamına və həmin “Qaydalar”ın 1.1-ci bəndində sadalanan digər səlahiyyətli orqanların normativ aktlarına uyğun olaraq hazırlanmışdır. “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2015-ci il tarixli 994 №li Sərəncamına, 23 avqust 2017-ci il tarixdə dəyişiklik edilərək 1-1-ci hissə əlavə edilmiş, həmin hissəyə əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2017-ci il yanvarın 1dən keçirdiyi mərkəzləşdirilmiş müsabiqə yolu ilə dövlət ümumi təhsil müəssisələrinə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulurlar. “Qaydalar”ın 4.1-ci bəndinə əsasən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə ixtisaslı müəllim kadrlarının işə qəbulu Nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. Apellyasiya şikayətinin dəlillərinə ümimilikdə hüquqi qiymət verən kollegiya bildirir ki, həmin dəlillər əsassız olduğundan qətnamənin ləğvi üçün əsas ola bilməz. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyasının araşdırması zamanı tərəflərin izahatı və işin faktiki hallarından müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında müsabiqədən kənar müddətsiz əmək müqaviləsi bağlanmış, sonradan həmin müqaviləyə xitam verilsə də, Mingəçevir Şəhər Məhkəməsinin 27 avqust 2018-ci il tarixli, 2(051)-2237/2018 saylı qətnaməsi ilə sözügedən əmr etibarsız hesab edilərək, iddiaçı əvvəlki işinə bərpa olunmuşdur. Bu işin mübahisə olunmayan halıdır. Apellyasiya icraatı zamanı verilmiş sorğuya cavabdeh məktəb 15.04.2021-ci il tarixli, 12 nömrəli məktubla cavab olaraq bildirmişdir ki, “Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə ixtisaslı müəllim kadrlarının işə qəbulu nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. X4 müəllilmlərin işə qəbulu müsabiqəsindən kənar işə qəbul edildiyinə görə Təhsil Nazirliyi onu diaqnostik qiymətləndirməyə buraxmamışdır. Müəssisələrdə işləyən müəllimlər arasında dərs bölgüsü “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 16.01.2015-ci il tarixli994 nömrəli Sərəncamın, Azərbaycan Respublikası NK-nin dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” 11.07.2016-cı il tarixli 270 nömrəli qərarına, “Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin və ümumitəhsil fənlərini tədris edən digər pedoqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydalarının təsdiqi və diaqnostik qiymətləndirmənin keçirilməsi barədə” AR TN-nin 04.08.2017-ci il tarixli 236-1 nömrəli əmri ilə təsdiq edilmiş qaydalara uyğun aparılır. “Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılma qaydalarına” əsasən ümumi təhsil müəssisələrində dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmədə iştirak edərək hər hansı bölmə üzrə 10 faizdən aşağı nəticə göstərmiş, müxtəlif səbəblərdən diaqnostik qiymətləndirmədə iştirak etməmiş, həmçinin 10 baldan aşağı nəticə göstərmiş müəllimlər üçün minimum dərs yükü 6 saat müəyyənləşdirilir. Göründüyü kimi iddiaçı Pərvanə Hacıyeva əvvəlcə işə müəllimlərin işə qəbulu müsabiqəsindən kənar, yəni mərkəzləşdirilmiş müsabiqə yolu qəbul olunmamış, sonradan da məhkəmə qərarı ilə bərpa olunmuşdur. Bu səbəbdən də diaqnostik qiymətləndirmədən keçməmişdir. Beləliklə də iddiaçı mövcud “Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılma qaydalarına” əsasən diqnostik qiymətləndirmədə iştirak etmədiyindən təhsil müəssisəsində dərs bölgüsü zamanı minimum dərs yükü ilə (6 saat) təmin edilmişdir. Göründüyü kimi cavabdeh yuxarıda qeyd olunan qaydalara riayət etməkdə məsul şəxs kimi iddiaçını əvvəlki vəzifəsinə bərpa etməklə yanaşı, minumum dərs yükü ilə təmin etmiş və bu qaydalardan kənara çıxmağa ona əlavə səlahiyyət verilməmişdir. Sonda kollegiaya belə qənaətə gəlir ki, iddiaçının NK-nin 24.11.2010-cu il tarixli 215 nömrəli qərarında qeyd olunmuş 1 stavka (18 saat) dərs yükü ilə təmin olunması üçün diaqnostik qiymətlənmədən keçməsi zəruridir. Kollegiya bu qənaətə gələrkən onu da nəzərə alır ki, qanunvericilikdə dəlillərin qiymətləndirilməsi prosesində ayrı-ayrı sübutların həqiqiliyinə inamı artıran qaydalar nəzərdə tutmuşdur. Bu səbəbdən də, əksi sübut edilmədikcə, qeyd olunan qaydaların həqiqiliyi prezumpsiyası qəbul edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər . Qeyd olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2(051)-195/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-846/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-846/2021
01.06.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver